
Super User
Varisin Belçikanın Atunis Galaxy Poetry və Albaniyanın Albsprit saytlarına müsahibəsi
Bugünkü həmsöhbətimiz Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi, tanınmış yazıçı, jurnalist, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, Əməkdar jurnalist və bir sıra beynəlxalq mükafatların laureatı Varisdir.
— Varis bəy, xatirələrinizin hansı nöqtəsində qələm əlinizdə doğulub? Uşaqlıqda eşitdiyiniz hansı səs – ananın duası, xalqın nağılı, yoxsa susqun bir kölgənin pıçıltısı sizi yazıçı olmağa çağırdı?
—Mənim atam Musa Yolçu dövrünün tanınmış ədəbiyyatşünası olub, mən dünyaya gələn mənzildə nəhəng bir kitabxana vardı, evimizə gəlib gedən ən tanınmış yazıçı şairlər vardı, bitib-tükənməyən ədəbiyyt söhbətləri var idi. Üç min kitabın içində böyüyən uşaqda get-gedə kitab sevgisinin formalaşması, əlbəttə ki, qanuna uyğunluqdur.
Və birini də deyim. Azərbaycanda belə bir məsəl var, ot kökü üstündə bitər. Mənim ata yurdum Azərbaycanın Qərbi, Qazax mahalıdır, Qazaxın Yuxarı Salahlı kəndidir. Kiçik bir kənddir. Bu kiçik kənddən Azərbaycan klassik poeziyasının günəşi Molla Pənah Vaqif, Azərbaycan Sovet poeziyasının günəşi Səməd Vurğun və müstəqil Azərbaycan poeziyasının günəşi Vaqif Səmədoğlu kimi dahi şairlər çıxıblar. Bəlkə də ata yurdumun Yuxarı Salahlı olması idi məni yazıçı olmağa çağıran.
— Siz təkcə bir yazıçı deyil, həm də ədəbi prosesin təşkilatçısı, idarəedicisi, yol göstərəni olmusunuz. Ədəbiyyat Fonduna rəhbərlik etmək və eyni zamanda yazıçı ruhunu qoruyub yaşatmaq arasında necə bir vəhdət tapırsınız?
— Düzü, yazıçılıqla məmurluq əsla bir-biri ilə uyuşmayan şeylərdir. Hər bir sənəd, hər bir direktiv, hər bir tədbir ərsəyə gəlməyən bir hekayə, bir povest, bir roman deməkdir. Bununla belə, təsəlliverici odur ki, bu yolla da ədəbiyyata xidmət edirəm. Hansısa gənc yazarın kitabını çıxarırıqsa, hansısa istedadlı yazarı dünya arenasına təqdim ediriksə, bu bizim böyük ədəbiyyat qarşısında xidmətimizdir.
– Sizin yaradıcılığınız Azərbaycan ədəbi mühitini aşaraq, beynəlxalq aləmdə də öz yerini tapıb. Sizin üçün "milli ruh" və "qlobal missiya" anlayışları hansı poetik balansda birləşir?
— Dünya dəyişir, yeni İnformasiya Kommunikasiya Texnologiyaları çağdaş insanı dəyişir, süni intellekt fenomeni bütün əvvəlki qayda-qanunları alt-üst edir. Üçüncü minillikdə digital insan formalaşır ki, onun da milli-mental xüsusiyyətləri kölgədə qalır. Mənim romanlarımda dövrün trendinə uyğun olaraq milli hədəflər, missiyalar deyil, qlobal hədəflər və missiyalar qoyulur. Amma bu missiyanı icra edənlər isə milli ruha bağlanan insanlardır.
Mən düşünürəm ki, milli mədəniyyətləri boğmaq və ümumdünya mədəniyyəti formalaşdırmaq ideyası kökündən yanlış ideyadır, mədəniyyət bir ağacdırsa, hər bir xalqın yaratdığı milli mədəniyyət onun bir qolu, budağıdır.
– Hər böyük yazıçı ruhən kimlərinsə övladıdır. Sizi ruhən doğuran, ana bətniniz olan müəlliflər kimlərdir?
— Mənim ədəbiyyatda müəllimim, ustadım görkəmli Azərbaycan yazıçısı, “Dəli Kür” romanı ilə adını sovet ədəbiyyatının ən qızıl səhifələrinə yazan İsmayıl Şıxlıdır. Ən sevdiyim iki yazıçı isə Haruka Murakami və Orxan Pamukdur.
Amma birini də deyim, mən ədəbiyyata fərqli ampluada gəlmişəm – bədii nəsrlə publisistikanın, jurnalistikanın bir sintezini qurmuşam. Düşünmüşəm ki, 3-cü minilliyin oxucusunu internetdən qoparmaq üçün ona mütləq tərkibində bol informasiya və fakt olan, həm də düşündürən və həyəcanlandıran bədii ədəbiyyat təklif etmək olar. Sonradan 2016-cı ildə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları” kursunu alanda anladım ki, düşündüklərim, əslində, 3-cü minilliyin bestsellerinin incəlikləri imiş.
– Ədəbi təşkilatlara rəhbərlik etmək – yalnız status deyil, mənəvi bir yükdür. Siz bu yükü necə daşıyırsınız?
— Bu yükü daşımaq dedikcə çətindir. Hansı bir təşəbbüsə qoşulursansa, orada təbii ki, hər kəs təmsil oluna bilməz. Ən obyektiv seçimi etsən belə seçilməyənlər, qazanmayanlar səni topa-tüfəngə tutacaqlar. Subyektiv yazıçı baxışı “mən hamıdan üstünəm”, “mən yaxşı hər şeyə layiqəm” çəklində olarsa, ədəbiyyatın faciəsi başlayar.Bax belə bir şəraitdə qurub yaradırıq.
– Son zamanlar bəzi yazıçılar, xüsusilə sosial şəbəkələrdə, tənqidi və şəxsi münasibətləri qarışdırır. Sizcə, ədəbiyyat nə zaman zövq məsələsindən çıxıb savaş alətinə çevrilir?
— Sosial şəbəkələrin müsbət keyfiyyətləri çoxdur, amma ən mənfi keyfiyyəti odur ki, o, hər kəsə hücum etmək silahı veribdir. Bu silah savadsıza elm dərsi vermək, əxlaqsıza əxlaqdan danışmaq, qorxağa isə cəsurluq nümayiş etdirmək imkanı yaradır, nəticədə mizan-tərəzi itir.
Psevdotənqidçi zümrəsi peyda olur ki, öz dəstəsindən olan ən axırıncı səviyyə cızmaqaraçıya dahi yazıçı adı qoyur, eyni zamanda ən populyar və tələb olunan yazıçını isə yıxıb-sürüyür.
Ədəbiyyat zövq məsələsidir, amma həm də tək zövqlülərə xidmət etməməlidir, zaman-zaman zövqsüzlərin belə zövqünə sığal çəkib onu formalaşdırmalıdır.
– Sizi mükafatlandıran ölkələrin, təşkilatların sayı çoxdur. Amma bu qədər fərqli coğrafiyada eyni nüfuzu qazanmaq – yalnız istedadla yox, həm də böyük bir "insanlıq dili" ilə mümkündür. Bu dili siz necə öyrəndiniz?
— Mən çox mütaliə edirəm. Məncə, müxtəlif ölkələrin tək bədii ədəbiyyat nümunələrini oxumaq işin hamısı deyil. Mütləq aparıcı xaricı ədəbiyyatşünaslıqdan da xəbərdar olmaq, dünya ədəbiyyatındakı prosesləri də izləmək lazımdır. Ədəbiyyatın dili bax budur. Bunu bildikdə, məhz tələb olunan janrı, mövzunu da ayırd edə biləcəksən.
Və bir də, sənin verdiyin mesaj da çox böyük önəm daşıyır. Hazırda dünya ədəbiyyatında və incəsənətində Şərin Xeyir üzərində qələbəsinin təntənəsi dəbi vardır. Bu, əsərini maraqlı etməyə cəhd edən sənətkarların insanlığa vurduqları köklü zərbədir. Mənim bütün əsərlərimdə Xeyir qələbə çalır. Mənim əsərlərim insanları ümidsizliyə yox, ümidli olmağa, inamsızlığa deyil, inama səsləyir.
– Bir çox yazıçının içində gizli bir dualıq olur – ya yazmaq, ya dəyişdirmək. Sizin iç dünyanızda qələm nəyi dəyişmək istəyir – insanı, cəmiyyəti, yoxsa özünüzü?
— Mən həqiqətən də insanlığa xidmət edən əsərlər yazmağa çalışıram. Sevindiricidir ki, onları oxuyan tək azərbaycanlılar deyil, əcnəbilər də təsirinə düşürlər, dəyişilirlər. Qarabağ müharibəsindən bəhs edən “Bir ovuc torpaq” romanımı oxuyan Mübariz İbrahimov adlı gənc əsərin qəhrəmanına bənzəyəcəyini izhar edir, cəhbədə şücaət göstərərək Azərbycanın milli qəhrəmanı olur. “Yetmiş yeddinci gün” romanını oxuyan onlarca türk gənci əsərin qəhrəmanından nümunə götürərək 77 gün dalbadal körfəzə gedib günəşi qarşılayırlar. Ögey atasının əlindən zinhara gəlib intihar etmək istəyən səmərqəndli özbək qız evin damında özünü asmaq istəyərkən yerdə “Sonuncu ölən ümidlərdir” romanını hissə-hissə dərc edən “Darakçı” qəzetinin parçalarını görür, onu oxuyur, intiharı təxirə salıb gedib kitabxanadan əvvəlki hissələri də tapıb oxuyur, sonrakı hissələrin də çıxmasını gözləyir. Və oxuduqca əsərin qəhrəmanı Nailəyə bənzəmək, haqsızlıqlara boyun əymək deyil, onlarla mübarizə aparmağa köklənir. İntihar fikrindən daşınıb həyatda qurduğu karyera ilə ögey atasından qisasını alır.
Belə misalların sayı çoxdur əlbəttə.
— Həm həyatınızda, həm də ədəbi yolunuzda sizə ən çox təsir edən bir kitab və ya bir insan varmı, onun təsirini bu gün də hiss edirsinizmi?
— Mənə ən çox təsir edən insan atam olub. Mən atamda tutduğu sənətə sədaqət və vəfa görmüşəm. Atam ədəbiyyatla nəfəs alırdı, heç vaxt ədəbiyyata dönük çıxmadı. Həyatımda elə dönəmlər olub ki, ədəbiyyatdan küsüb böyük biznesə qoşulmaq, vətəni tərk edib qürbətlərdə xanimanlar qurmaq şanslarım yaranıb. Bax onda atam gəlib durub gözümün qabağında.
— Bəllidir ki, yazıçılıq həm ilham, həm zəhmət tələb edir. İlham sizi tərk etdikdə nə edirsiniz?
— Düzü, əgər bir neçə ölkədə nəşriyyat hesabına kitabların çıxırsa, on minlərlə insan səndən yeni roman gözləyirsə, üstəlik, yaşadığın dövlət məhz sənə prioritet hesab etdiyi tarixi mövzuda roman sifarişi verirsə, demək ki, ilham səni tərk edə bilməz. Yazıçılıq bir missiyadır, minlərlə insandan yalnız birinə o missiyanı daşımaq həvalə edilir.
Demək, daşıyacaqsan.
— Yazmaq istəmədiyiniz bir şey sizi yazmağa məcbur edibmi?
— Bəzi mövzular var ki, onlar barədə susmaq istəyirsən, bu mövzunu utanc gətirici, bayağı, yaxud ədəbiyyata yad bir mövzu hesab edib qələmə almaq istəmirsən. Bir sözlə, bu mövzuları öz mövzun hesab etmirsən. Amma sonradan bu mövzunun fəsadlarını o qədər aşkar görürsən ki, yazmaq məcburiyyətində qalırsan. Bəzən sosial sifariş sənin istəyindən daha güclü olur.
—Sizə görə hansı daha güclüdür – sözün sehri, yoxsa sükutun fəlsəfəsi?
— Məncə sükutun fəlsəfəsi daha öncəki dövrlərə xas bir silah olubdur. Elə bir zamanlara ki, o zamanlarda insanlar daha çox susublar, başqalarını dinləmək etikasına riayət ediblər. Hazırda isə bu aktual deyil. Bu gün sözün sehri daha aktualdır. Bu gün yetən-yetməyən, hamı danışır. Bu gün söz bazarında müxtəlif qışqırtılar, bağırtılar, səsgücləndirici qurğulardan sui-istifadə apogey halına çatıb. Bu qarışıqlıqda sənin dediyin söz nə qədər dərin, məzmunlu, mistik, sehirli – bir sözlə cəlbedici, cazibədar olmalıdır ki, diqqəti özünə çəkə bilsin.
Biz istəsək də, istəməsək də insanlıq münasibətlərinin tam yeni bir dövrünə qədəm qoymuşuq.
Bu dövrdə hər bir kəslə öz dili ilə danışmaq lazımdır.
Söhbətləşdi: Cahangir Namazov
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Azərbaycanın ilk xalq aristi Qurban Pirimovun anım günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarzəni, Azərbaycanın ilk xalq artist Qurban Pirimovu bu 29 avqust günündə anırıq. Axı bu gün onun anım günüdür.
Qurban Pirimov 1880-ci ilin oktyabrında Şuşa qəzasının Gülablı kəndində dünyaya gəlib. XVIII əsrdə Qarabağın məşhur aşığı olan Valehin nəticəsidir.
XIX əsrin sonlarında ifaçılıq etməyə başlayıb, həm solo, həm üçlükdə, həm də orkestrin tərkibində ifalar nümayiş etdirib. Belə ki, o,1905-ci ildən xalq müğənnisi Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradıb. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirib. Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.
15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürüb. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib.
Dramatik və musiqili səhnə əsərlərində tarda müşayiət edib. O, Üzeyir Hacıbəyovun 1908-ci ildə ilk dəfə tamaşaya qoyulan "Leyli və Məcnun" əsərində orkestrin solisti olub, tarda ifa edib
1920-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. O, Qliyerin "Şahsənəm" operasının tamaşaya qoyulmasında bilavasitə iştirak edib. Eyni zamanda 1934-cü ildə Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının olimpiadasında birinci yeri tutmuş, 1939-cu ildə Moskvada keçirilmiş musiqiçilərin ümumittifaq baxışının qalibi olub.
Filmoqrafiya
1. Neft və milyonlar səltənətində
2. Bakılılar
3. Üzeyir ömrü
4. Qızıl fonddan seçmələr
Mükafatları
1. "Azərbaycan SSR xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
3. "Qırmızı əmək bayrağı" ordeni
4. "Şərəf nişanı" ordeni
Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanıbmış. Görkəmli musiqişünas Şuşinski xatirələrində onu belə yad edirdi:
"Mən Qurban Primovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, "Rahab" çalırdı. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürək oxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən "Rahabı" 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni 3 dəfə səhnəyə dəvət etdilər”.
Qurban Pirimov 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Azərbaycanın ümumi sənaye məhsulunun 25 faizi təkcə Sumqayıtda istehsal edilir
İlhamə Məhəmmədqızı,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədr müavini. “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycanın inkişaf salnaməsində xüsusi yeri olan, dinamikliyi ilə seçilən Sumqayıt bu gün ikinci böyük sənaye və mədəniyyət şəhəri kimi ölkəmizin hazırkı simasının parlaq və nüfuzlu göstəricilərindəndir. Bakıdan cəmi 31 kilometr məsafədə, Xəzərin sahilində yerləşən bu əsrarəngiz şəhər qısa bir tarixi yol qət etməsinə baxmayaraq, müasir infrastruktur, zəngin sənaye potensialı və gənclik enerjisi ilə seçilir.
Hazırda əhalisi 427 min nəfərə yaxın olan Sumqayıt həm iqtisadi, həm də sosial həyatda strateji önəm daşıyan şəhərlərdən biridir.
Sənaye nəhəngi və iqtisadi qüdrətin ünvanı
Sumqayıtın təməli 1949-cu ildə qoyulmuş, qısa zamanda Azərbaycanın ən iri sənaye mərkəzlərindən birinə çevrilmişdir. İlk illərdə kimya sənayesinə əsaslanan şəhər, zamanla metallurgiya, maşınqayırma, energetika və digər sahələrdə də ölkənin aparıcı istehsal ocaqlarından olmuşdur.
Müasir dövrdə isə şəhərin iqtisadi gücü Sumqayıt Kimya Sənaye Parkı və Sumayıt Texnologiyalar Parkı (STP) ilə daha da möhkəmlənmişdir.
Kimya Sənaye Parkı 2011-ci ilin dekabrında yaradılmış, sahəsi 505 hektar olan bu böyük sənaye məkanı artıq onlarla rezident şirkəti özündə birləşdirir. Burada kimya, plastik, tikinti materialları, kənd təsərrüfatı və digər sahələr üzrə müasir müəssisələr fəaliyyət göstərir, minlərlə iş yeri açılmışdır.
Texnologiyalar Parkı isə kabel, transformator, günəş panelləri kimi yüksək texnologiyalı məhsullar istehsal edir. Bu məhsullar həm daxili bazarı təmin edir, həm də xarici ölkələrə ixrac olunur.
Statistikaya görə, hazırda Sumqayıt Azərbaycanın ümumi sənaye məhsulunun 25 faizini istehsal edir. Bu fakt özü-özlüyündə şəhərin milli iqtisadiyyatda tutduğu mövqeyini aydın göstərir.
Elm, təhsil və gənclik
Sumqayıt yalnız sənayesi ilə deyil, həm də gəncliyi ilə fərqlənir. Burada 60-dan çox orta məktəb, peşə liseyləri, kolleclər və ali məktəb fəaliyyət göstərir. Bu təhsil müəssisələri gənc nəslin bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır.
Xüsusilə Sumqayıt Dövlət Universiteti şəhərin elmi və intellektual həyatında mühüm rol oynayır. Burada təxminən 6000-dən çox tələbə təhsil alır, 6 fakültə və 18 kafedrada yüzlərlə müəllim, pedaqoq gənc mütəxəssilərin hazırlanmasına xidmət edir. Universitetin məzunları bu gün Azərbaycanın müxtəlif bölgələrində, eləcə də xaarici ölkələrdə nüfuzlu elmi və praktiki fəaliyyətlə məşğuldurlar.
Gənlər yalnız elm və təhsildə deyil, həm də idman və vətənpərvəlikdə fəaldırlar. Onların beynəlxalq yarışlarda əldə etdikləri uğurlar, xüsusən də İkinci Qarabağ müharibəsində göstərikləri qəhrəmanlıqlar Sumqayıtı “gənclər şəhəri” adına daha da layiq edib. Sumqayıtlı gənclər respublika və beynəlxalq miqyasda böyük uğurlar qazanırlar. Beynəlxalq olimpiadalarda, idman yarışlarında və yaradıcılıq müsabiqələrində onların əldə etdikləri medallar şəhərin adını ucaldır. 2020-ci ildə Vətən müharibəsi zamanı Sumqayıtın yüzlərlə gənci könüllü olaraq döyüşlərə yollanmış, onlardan çoxu qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Bu gün şəhərdə onların adını daşıyan məktəblər, küçələr, xatirə lövhələri var. Bu, gənclərin həm elm yolunda fədakarlığının, həm də vətənpərvərlik ruhunun bariz nümunəsidir.
Təsadüfi deyil ki, Sumqayıt 2025-ci ilin “Gənclər paxtaxtı” seçilib.
Mədəniyyət, istirahət və şəhərin siması
Sumqayıt həm də mədəniyyət və incəsənət şəhəridir. Burada Dövlət Dram Teatrı, Poeziya Evi, mədəniyyət sarayları və kitabxanalar fəaliyyət göstərir. Müxtəlif ədəbi-bədii tədbirlər, konsertlər və sərgilər şəhərin ictimai-mədəni həyatını zənginləşdirir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-ci ildə istifadəyə verilən Sumqayıt Bulvarı şəhərin yeni simvoluna çevrilmişdir. Uzunluğu 4,2 km, sahəsi isə 106 hektar olan bu möhtəşəm kompleks təkcə şəhər sakinləri üçün deyil, həm də qonaqlar üçün rahat istirahət yeridir. Burada yaşıllıq zolaqları, idman meydançaları, uşaq əyləncə parkları və mədəniyyət məkanları salınmışdır.
İdman həyatı da diqqət mərkəzindədir. Mehdi Hüseynzadə adına stadion 9500 tamaşaçı tutumu ilə həm yerli idman oyunlarının keçirilməsinə, həm də gənclərin sağlam ruhda böyüməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın iri stadionlarından biri kimi Sumqayıt Futbol Klubunun oyunlarına ev sahibliyi edir və şəhərin idman həyatının mərkəzidir.
Gələcək perspektivlər
Sumqayıtın gələcək inkişafı yaşıl enerji və ekoloji layihələrin keçirilməsi ilə bağlıdır. Şəhərdə bərpa olunan enerji mənbələrinin istifadəsinin artırılması, ekoloji təmiz istehsal sahələrinin inkişafı və yaşıl sahələrin genişləndirilməsi planlaşdırılır. Bu addımlar şəhərin davamlı inkişafını təmin edəcək və gələcək nəsillərə yaşanabiləcək bir mühit yaradacaq.
Nəticə etibarilə, Sumqayıt bu gün özündə sənaye nəhəngliyini, gəncliyin enerjisini və mədəniyyətin zənginliyini birləşdirən şəhərdir. Burada sabahın alimi, mühəndisi, müəllimi, idmançısı formalaşır. Həmçinin ölkənin iqtisadi inkişafına xidmət edən iri müəssisələr fəaliyyət göstərir.
Sumqayıtlılar haqlı olaraq deyirlər: “Bizim şəhər sənayeylə nəfəs alır, gəncliklə yaşayır, mədəniyyətlə ucalır! ” Bu sözlər təkcə bir şüar deyil, Sumqayıtın gerçək portreti, onun bu günü və sabahıdır.
Bir sözlə, Sumqayıt bu gün Azərbaycanın sənayesi, gəncliyi, elmi və mədəniyyəti ilə vəhdət təşkil edən şəhərdir. Onun simasında keçmişin zəhməti, bugünün inkişafı və gələcəyin arzuları bir arada görünür. Bu şəhərin son on ildəki hekayəsi isə, elə indidən gələcəyin parlaq səhifələrini yazır.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Şəhla Rəvanın "Poeziya zirvəsində" adlı yeni kitabı təqdim olunub
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYBi-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Bu günlərdə Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, Cəlilabad rayonunda ədəbiyyat və təhsil sahəsinin tanınmış və elit ziyalısı, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan xanımın bədii ədəbiyyat sahəsində sayca beşinci kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları:
Kitabın adı: "Poeziya zirvəsində" (Azərbaycanın görkəmli şairləri, onların poeziya nümunələri və ədəbi təhlillər)
Müəllif: Şəhla Rəvan
Redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə
Naşir: "İmza" Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60x84 1/16
Səhifə sayı: 180 səhifə.
Kitab barədə:
Bu kitab ziyalı pedaqoq və dəyərli şair Şəhla Rəvan xanım tərəfindən Odlar Yurdu Azərbaycanın görkəmli şair və ədiblərindən bir neçəsinin həyat yolu, poeziya nümunəsi və təqdim edilən poeziya nümunələrinin ədəbi təhlilindən ibarətdir.
Kitaba yazdığım ön sözdə qeyd edildiyi kimi, Şəhla xanımın məlum kitabında Azərbaycan ədəbi mühitinin XII əsrdən XXI əsrə qədər dövr ərzində yaşayıb-yaratmış görkəmli və bəzən dünya şöhrətli nümayəndələrindən olan on səkkiz nəfər: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Əhməd Cavad, Əliağa Vahid, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Mikayıl Müşfiq, Rəsul Rza, Niğar Rəfibəyli, Mirvarid Dilbazi və Bəxtiyar Vahabzadə barədə söz açılmışdır.
Kitab gözəl tərtibat əsasında hazırlanmış, mənim ön sözüm və müəllifin təəssüratından sonra ilk öncə görkəmli şairlərdən hər biri barədə qısa bioqrafik məlumatlar təqdim edilərək onların təvəllüddən vəfata qədər olan həyat yolu və yaradıcılığından söz açılmış, ardınca bir poeziya örnəyi göstərilmiş, daha sonra isə təqdim edilən poeziya örnəyi xüsusi ustalıq və peşəkarlıqla ədəbi təhlil edilmişdir.
Burada fürsətdən yararlanıb əzizimiz və dəyərlimiz Şəhla Rəvan xanımı işıq üzü görən sayca beşinci kitabına görə səmimi qəlbdən təbrik edir, bu dəyərli kitabın oxucular, ədəbiyyat üzrə ali təhsil alan tələbələr və eləcə də şeir və poeziya həvəskarları üçün faydalı olacağını arzulayıram!
Bununla yanaşı mənə göstərdiyi etimada və sayğıya görə əzizimiz və dəyərlimiz, xanım-xatın müəllifə öz səmimi minnətdarlığımı bildirirəm!
Bu arada "İmza" nəşrlər evinin direktoru hörmətli Səbuhi müəllim Aslana, nəşriyyatın bacarıqlı əməkdaşlarına, xüsusilə də texniki redaktor və peşəkar dizayner Səbinə xanıma, həmçinin, Nigar xanım Sadıqovaya göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
9-cu muğam televiziya müsabiqəsi -STATİSTLƏR ÜÇÜN YEKUNLAR
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə ərsəyə gələn IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi Laçın şəhərində keçirilib. Özü də avqustun 26-da. Həm ölkənin Birinci vitse prezidenti Mehriban Əliyevanın ad günündə, həm Azərbaycan muğamı günüdə, həm də Laçın şəhər günündə.
Müsabiqənin final mərhələsində gənc xanəndələr Rəis Niftəliyev, Kənan Novruzov, Nərmin Mirzəyeva, Əli Rəşidi, Aycan Şükürlü, Yusif Cəfərbəyli, Aytac Bəybabayeva və azyaşlı ifaçılar Əhəd Ağayev, Kənan Tağızadə, Yusif Mustafayev, Mətləb Əhmədzadə, Murad Nəbizadənin çıxışları dinlənilib. Müsabiqəyə Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi münsiflik edib.
Münsiflər heyətinin məşvərətindən sonra qaliblərin adı elan olunub.
Yeniyetmə ifaçılar arasında:
-birinci yerə Əhəd Ağayev,
-ikinci yerə Murad Nəbizadə,
-üçüncü yerə isə Kənan Tağızadə layiq görülüblər.
Gənc xanəndələr arasında isə:
- birinci yeri Aytac Bəybalayeva,
-ikinci yeri Nərmin Mirzəyeva
-və üçüncü yeri Rəis Niftəliyev tutublar.
Yeniyetmə və gənclər arasında ilk üç yerin qaliblərinə Heydər Əliyev Fondunun mükafatları və diplomlar təqdim olunub.
Müsabiqənin digər iştirakçılarına da diplomlar verilib.
Tamaşaçılar qala gecədə Əməkdar artist Ehtiram Hüseynovun ifasını dinləyiblər. Sonra qaliblərin ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
Qeyd edək ki, “Muğam” Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildən keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Respublika Gənclər Kitabxanasında yazıçı Əlibala Hacızadənin xatirəsi anılıb
Poeziya və publisistika sahəsində özünəməxsus mövqeyi olan görkəmli yazıçı, şair və tərcüməçi Əlibala Hacızadənin anadan olmasından 90 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bu münasibətlə biblioqrafik icmal hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, vəsaitdə yazıçı Əlibala Hacızadənin həyat və yaradıcılığı, layiq görüldüyü mükafatlar, müəllifi olduğu əsərlər haqqında məlumat verilir. İcmalda yer alan rəsmi sənədlər hissəsində “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nın, tənqidçi Vaqif Yusiflinin “Sevməsən, sevilməzsən” və yazıçı Camal Zeynaloğlunun “Özünə əbədi ədəbi abidə ucaltmış insan” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda bir sıra görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, Əlibala Hacızadənin müəllifi olduğu, redaktə və tərcümə etdiyi “Seçilmiş əsərləri”nin cildləri, “Məhəbbət olmayan evdə”, “Sonuncu mahnı”, “Saib Təbrizi və farsdilli poeziyada Hind üslubu”, “Xəstəlik düşüncədən başlayır: satirik hekayələr, şerlər və detektiv”, “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi” kimi 20-dən çox kitabın biblioqrafik təsviri, qısa icmalı, müəllifi olduğu və haqqında yazılan dövrü mətbuat nümunələrinin siyahısı sərgilənir. “Əlibala Hacızadə - 90” adlı biblioqrafik icmal kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.
Tərtib edilən biblioqrafik icmal təkcə ədəbiyyatşünaslar və tədqiqatçılar üçün deyil, həmçinin Əlibala Hacızadə irsi ilə yaxından tanış olmaq istəyən geniş oxucu kütləsi üçün də faydalı olacaqdır. Müəllifin əsərlərinin ideya-bədii dəyəri, milli ədəbiyyatın inkişafına verdiyi töhfələr və milli ədəbiyyatımızın inkişafındakı rolu gələcək tədqiqatlar üçün də zəngin material verir.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – Azərbaycan Prezidentinin kitaba münasibəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
-Cəmi 6 dəqiqə kitab oxumaq stressin səviyyəsini 30 %-ə qədər azalda bilir ki, bu da musiqi terapiyasından və ya gəzintidən daha səmərəlidir.
-Həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir.
-Tədqiqat zamanı zəngin süjet xəttinə malik romanların beş gün ərzində oxucunun beyin hüceyrələrini dəyişdiyi sübut edilib.
Sizləri cəlb edə bildik, elədirmi? Onda hər gün mütaliə mədəniyyəti barədə oxuyun və özünüzdə mütaliə vərdişləri aşılayın.
5
AZƏRBAYCAN PREZİDENTİNİN KİTABA MÜNASİBƏTİ
Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqına Qarabağ zəfərini yaşatmış İlham Əliyevi biz kitabla, elmlə bağlı olan ən müxtəlif tədbirlərdə görməyə alışmışıq. Bir neçə dildə mütaliə edən Azərbaycan Prezidenti təsadüfi deyil ki, söyləyib: “Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır”.
Təbii ki, İlham Əliyevdəki kitab sevgisinin təməlini atasının, Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin kitablara olan münasibəti qoymuşdur. Uşaqlıqdan kitabların əhatəsində yaşamaq və dünyanın bütün müşküllərindən baş çıxaran dahi bir liderin övladı olmaq İlham Əliyevin kitaba, biliklərə doğru yolunun yönəldicisi olub.
Hələ Moskva Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi ikən Britaniyanın siyasi tarixşünaslığı ilə maraqlanan İlham Əliyev bununla əlaqədar tez-tez İnstitutun xüsusi fondunda saxlanan xarici nəşrləri, beynəlxalq elmi jurnalları, dövri mətbuatı oxuyurdu. Bu barədə İnstitut kitabxanasının Dövri nəşrlər şöbəsinin müdiri Raisa Polevoy bir müsahibəsində qeyd edib. O bilidirib ki, İlham Əliyev hər gün xüsusi fondda saxlanılan ABŞ və Britaniya nəşrlərini oxumaq üçün kitabxanaya gəlir və vaxtının böyük hissəsini kitabxanada keçirirdi. Onun müsahibəsində liderin təkcə Britaniya ilə bağlı 50-yə yaxın kitab oxuduğu da qeyd edilir.
Mütaliə etdiyi, araşdırdığı kitablar, dövri nəşrlər sayəsində İlham Əliyev 1985-ci ildə Böyük Britaniyanın Liberal partiyası (“Антивоенное движение в Великобритании на современном этапе и отношение к нему политических партий”) ilə bağlı dissertasiya işini uğurla müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini alıb. Sonra İnstitutda elmi fəaliyyətini davam etdirərək müəllim kimi çalışmağa başlayıb. Dissertasiya işində istifadə olunmuş ədəbiyyat siyahısına nəzər salsaq, görərik ki, burada 1931-ci ildə çap edilmiş nəşrlərdən tutmuş, 1985-ci il də daxil olmaqla 239 adda rus və ingilis dilində müxtəlif ölkələrdə nəşr edilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, tarix, daxili və xarici siyasət, iqtisadiyyat, partiyaların fəaliyyəti barədə kitablar, “Вопросы истории”, “Международная жизнь”, “Мировая экономика и международные отношения”, “Daily Mirror”, “Europa-Archiv”, “Government and Opposition”, “Labour Research” və başqa nüfuzlu dövri nəşrlər yer alıb. Bu mənbələr də uzaqgörən liderin geniş və əhatəli mütaliə dairəsindən xəbər verir.
Xatırladaq ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ölkə başçısı 30-a yaxın xarici KİV-ə xarici dillərdə müsahibələr verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Bu müsahibələrin mətni ilə tanışlıq, verilən “sifarişli”, bəzi ittiham xarakterli suallara prezident İlham Əliyevin tutarlı və əsaslı cavabları onun beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bilməsinin göstəricisi, hərtərəfli biliyinin, oxuduğu çoxsaylı kitabların hesabına formalaşan geniş mütaliə dairəsinin bariz nümunəsi idi. Bu müsahibələr, silsilə bəyanatlar, müxtəlif beynəlxalq görüşlərdə liderlik mövqeyi Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.
Xüsusi olaraq qeyd edək ki, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılması, nəsildən-nəslə ötürülməsi və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi, fondların yeni nəşrlərlə zənginləşdirilməsi, virtual kitabxanaların yaradılması, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutmaqdadır.
Və biz xüsusən vurğulamaq istəyirik ki, 44 günlük zəfər savaşından sonra prezident İlham Əliyev yazıçılara müraciət edərək söylədi ki, biz öz haqq işimizi başa vurduq, indi söz sizindir, siz bu qalibiyyəti bədii əsərlərə gətirməklə tarixin yaddaşına köçürməlisiniz.
Növbəti: 6.Mədəniyyət Nazirliyinin yorulmaz fəaliyyəti
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Bu gün Çingiz Mustafayevin günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Milli Qəhramanı Çingiz Mustafayev – bu ad uşaqdan böyüyə hamıya tanışdır. Birinci Qarabağ müharibəsinin qəhrəmanı, mərdlik təcəssümü.
Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Əslən Şəkidəndir. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alıb. O, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib.
Özünü islahatçı-novator görən Ç. Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradıb. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Mustafayev təyinatla Şabran rayonunda üç il həkim işləyib. Tibb İnstitutunu bitirdikdən sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. Həmin müddət vaxtı Çingiz Mustafayev Bakıda "Sevinc" adlı kiçik kafe açıb. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanıb. Birlik Sovet İttifaqında başlanan yenidənqurma prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü olub.
1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.
1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edib.
Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı olub.
"Birinci Qarabağ müharibəsində iştirakı"
Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb. Teletənqidçi Elşad Quliyev Çingiz Mustafayevi "Görüş yerini dəyişmək olmaz" filmindəki Jeqlov obrazı ilə müqayisə etmişdi:
"Çingizdə öz həssaslığı və romantizmi ilə əsl azərbaycanlı xarakteri var idi. O, həmişə haqlı olsa da, heç vaxt öz həqiqəti uğrunda döyüşməyib. O, həmişə qorxaqlara, satqınlara qarşı amansız olub. Bununla belə o, yoldaşı ilə axırıncı çörək tikəsini də bölməyə hazır idi. Ən əsası – Çingiz Mustafayev Vətəni təmənnasız olaraq sevirdi."
"Xocalı faciəsi"
Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. Çingiz Mustafayev isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bilib. Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa öz çəkdiyi kadrlar əsasında "Xocalı əsrin faciəsi" adlı film hazırlayıb. Bu Xocalı soyqırımı hadisə haqqında ilk film olub.
1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkdi. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanıb, onun sağ ayağının bud sümüyündən arterial damarı zədələnib və o, sürətli qan axmasından döyüş meydanında dünyasını dəyişib. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edib.
2015-ci ildə Qarabağ qazisi Bakir Behbudovun verdiyi müsahibədən:
"Bircə onu deyim, Çingiz Mustafayev heç nədən öldü. Boş söhbətdir ki, guya onu bizimkilər vurub. Çünki döyüş zamanı hamıdan arxada dayanmışdı. Onu ermənilər vurub. Güllə ona təsadüfən, "rekaşetlə" dəyib."
2017-ci ildə Çingiz Mustafayev yoldaşı və bəstəkar Rasim Müzəffərlinin verdiyi müsahibədən:
"Təəssüf ki, hələ də Çingizin arxadan, özümüzünkülər tərəfindən vurulduğunu iddia edənlər var. Azərbaycan zabitinə, əsgərinə bu boyda şər atmaq vicdansızlıqdan başqa bir şey deyil. Orada Çingizin yanında olan adamlar onu öz bədəni ilə qoruyanlardır. Burada faktlar da var. Mən çox təəssüflənirəm ki, bəzi detalları açıb deməyə məcbur oluram. Amma demək lazımdır. Çingizin cənazəsi yuyularkən orada olan insanardan biri kimi mən onun yarasını da görmüşəm, yarasının öndən olduğunu da, yarasının böyük dəlik olmasını da. Böyük dəlik o deməkdir ki, yəni güllə deyil, qəlpədir. Yaxından atılmış olsa, qəlpə öndən deşib arxadan çıxmalı idi, amma o çıxmamışdı. Şah damarından tutmuşdu. O da nəyə görə, əlini qaldırıb çəkiliş etdiyi üçün bronjileti yuxarı qalxmışdı. Çingizin ailəsindən və onu sevənlərdən dönə-dönə üzr istəyirəm, ancaq bu sözləri demək məcburiyyətində oldum."
Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın sabiq, ehtiyatda olan hərbi həkimi Ali Qurbanlının 2024-cü ildə verdiyi müsahibədən:
"Çingiz Mustafayev hospitala gətiriləndə biz bütün hazırlıq işlərini görmüşdük. Ancaq o, bizim yanımıza çatdırılana qədər aldığı güllə yarasından həyatını itirmişdi - şəhid olmuşdu. İlkin baxışdan güllə yarasına oxşayırdı. Ancaq biz onu həm artıq həyatın itirdiyi üçün, həm də yaralılar çox olduğu üçün tam müayinə edə bilmədik. Böyük ehtimalla Çingiz Mustafayev qanaxmadan həyatını itirmişdi. Çünki onun yarası qarnının aşağı ətrafının üçdə bir hissəsində idi. Mənim yaddaşımda qalan bir güllə yarası almışdı."
Çingiz Mustafayevin təxliyyə olunduğu, o dövr üçün Ağdam rayon Mahrızlı kənd orta məktəbinin binasında fəaliyyət göstərən hərbi hospitalın mühafizə taqımının komandiri vəzifəsində xidmət edən İntiqam Əsədovun 2024-cü ildə verdiyi müsahibədən:
"Vəziyyət gərgin olsa da biz təxliyə əməliyyatlarını dayandırmırdıq. Çingiz çox ağır şəraitdə - atəş pərdəsi altında götürüldü. Məsafə və yaranın güclü qanaxma yaşama ehtimalını sıfıra endirirdi. Mən sonradan Çingizin gətirildiyi qanlı xərəyi götürüb kənd ərazisində yerləşən Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində eksponat kimi saxladım. Çingiz Mustafayevi tibb xidmət mənsubları Elmidar Vəliyev və Gültəkin Əsgərova təxliyə etmişdilər"
Elmidar Vəliyev və Gültəkin Əsgərova isə cəmi bir gün sonra, Naxçıvanlı kəndində qarşı tərəfin atdığı minaatan mərmisinin partlayışı nəticəsində həlak olublar. Gültəkin Əsgərova ölümündən sonra göstərdiyi xüsusi şücaətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına, Elmidar Vəliyev isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunublar.
Çingiz Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, "Palmali" şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.
2010-cu il avqustun 28-də ABŞ-nin CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb.Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilən vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub. 2011-ci il 31 avqustda Almaniyada 3 min nüsxə ilə Mustafayevin təsviri olan poçt markası buraxılıb. 2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olub.
"Çingiz zirvəsi"
"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.
"Çingiz Mustafayev adına Fond"
1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Atası Fuad Mustafayev fondun prezidentidir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.
"Musiqidə"
1996-cı ildə Dəyirmanın sayca 2-ci olan "Qurd" albomundan olan "Ya Qarabağ, Ya Ölüm" mahnısı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub. 2004-cü ildə repçi Hüseyn Dərya "Oyan bəxtim" albomundan olan "Çingiz Mustafayev" mahnısını jurnalistə həsr edib.
"Filmoqrafiya"
1. Adam cinsi arasında cins adam
2. Azərbaycana namus və sevgiylə
3. Bəd xəbər gətirən qəribə insanlar-2
4. Bəd xəbərlər gətirən qəribə adamlar
5. Özgə ömür
6. Payızın 17 anı
7. Yaramaz
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
Zeynəb Gəncəliyeva "Qələm tutan incə əllər"də...
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Bu dəfə növbədə Cəlilabad ədəbi mühitinin gənc nümayəndələrindən olan pedaqoq və şair Zeynəb Gəncəliyevadır.
Qısa təqdimat:
Gəncəliyeva Zeynəb Həmidağa qızı: 1990-cı il 25 oktyabrda Şirvan şəhərində dünyaya göz açıb. Ata-anası Cəlilabad rayonunun qədim və sirli tarixə malik olan Şatırlı kəndindəndir. 1997-ci ildə Şirvan şəhər M.İsrailov adına 18 nömrəli tam orta məktəbdə birinci sinifə getmiş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirərək orta təhsil haqqında Attestatını almışdır. Həmin il Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialının Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuş, 2012-ci ildə isə ali təhsilini bitirərək Diplomunu almışdır.
2013-cü ildə ailə quraraq Biləsuvar rayonuna köçmüşdür. Bu evlilik həyatından 2014-cü il təvəllüdlü Seymur adlı bir oğlu var. Hal-hazırda 5-ci sinif şagirdidir.
Zeynəb Gəncəliyeva 2014-cü ildə Müəllimlərin İşə Qəbulu imtahanından uğurla keçərək Cəlilabad rayon Kürdlər kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 2015-ci ildə isə yerdəyişmə yolu ilə Biləsuvar rayon Ə.Almasov adına Səmədabad kənd tam orta ümumtəhsil məktəbində müəllimlik fəaliyyətini davam etmişdir. Onun müqəddəs müəllimlik sahəsində 12 illik səmərəli pedaqoji fəaliyyəti var. 2016-cı ildə Müəllimlərin Diaqnostik Qiymətləndirməsində 55 bal, 2023-cü ildə isə Təhsilverənlərin Sertifikatlaşdırılması imtahanından 52 bal toplamışdır.
Zeybəb xanımın ədəbiyyat, şeir və poeziya sahəsinə gəlişi tələbəlik illərinə təsadüf edir. O, 20 yaşından etibarən şeir yazmağa başlamış, 2022-ci ildə isə vətən və vətənpərvərlik, təbiət, sevgi və s. mövzuları əhatə edən 50 gözəl şeiri "Həyat yolu" adlı kitabında işıq üzü görmüşdür.
2025-ci ildə Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ilk dəfə olaraq yazılıb işıq üzü görmüş "Qələm tutan incə əllər" kitabında onun həyat yolu və poeziya nümunələrindən danışılmış, Cəlilabad ədəbi mühitini layiqincə təmsil etdiyinə görə, "Həməşəra" Fəxri Diplomuna layiq görülmüşdür.
Bədii ədəbiyyat nümunəsi:
"Yollar"
Bu dünyada çoxlu yol var,
Haramı var, halalı var.
Düzgün yol gedə bilməyən,
Bilsən neçə yaralı var!
Düz yolu var, əyrisi var,
Yanlışı var, doğrusu var.
Yaxşıları yoldan edən,
Bu yolların oğrusu var.
Yaxşı yolu, pis yolu var,
Dumanlı, sisli yolu var.
Aydınlıqdan qaçanların,
Qapqara hisli yolu var.
Son olaraq doğma elimizin dəyərli şairi və ziyalı pedaqoqu Zeynəb xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)
EMİN ŞIXƏLİYEV: Azərbaycanın diplomatik strateji yanaşmaları: rejional və beynəlxalq perspektiv
“Ədəbiyyat və incəsənət” portalının Tribuna rubrikasında sizlərə Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Emin Şıxəliyevin məqaləsi təqdim edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin avqust ayında “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə ölkənin regional və beynəlxalq siyasətindəki mövqeyini, strateji prioritetlərini və geosiyasi yanaşmalarını ətraflı şəkildə əks etdirir.
Məlum olduğu kimi, Azərbaycanın xarici siyasəti milli maraqların qorunması və regional sabitliyin təmin olunması prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini, bu addımın ölkənin suverenliyini və ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynadığını qeyd etmişdir. Bu yanaşma strateji müstəqilliyini və regionda lider mövqeyini gücləndirir. Sülh prosesinin uğurla həyata keçirilməsi Azərbaycan üçün həm daxili, həm də beynəlxalq sabitliyin təmin olunmasına xidmət edir. Cənab Prezident müsahibəsində Rusiya ilə münasibətlərə də toxunmuş, aralarındakı gərgin məsələlərin münasibətlərə təsirini vurğulamış, son illərin ən ciddi böhran məqamlarına işıq salmışdır. Bu müsahibəsində ölkə başçısı tarixi dərinliklərə enərək və real faktlara söykənərək keçmişdə Azərbaycanın necə parçalandığını izah etdi, bu parçalanmanın günümüzə ağır təsirinə diqqət çəkmişdir. Problemin qoyuluşu və beynəlxalq miqyasda gündəmə gətirilməsi sözün həqiqi mənasında diqqətəşayan idi. Prezidentin də qeyd etdiyi kimi, Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi 1920-ci ildə sovet hakimiyyəti tərəfindən həyata keçirilib və bu, əslində, Azərbaycanın süni şəkildə iki yerə bölünməsi idi. Qərbi Zəngəzurun Ermənistana verilməsi Azərbaycana qarşı böyük tarixi cinayət idi. Ermənistanın Azərbaycana qarşı təcavüzə başlaması ilə bu yol bağlandı və Naxçıvanla əlaqə yalnız hava nəqliyyatı, İran və ya digər ölkələrin əraziləri vasitəsilə mümkün oldu. Bu vəziyyət iqtisadi və strateji baxımdan ciddi problemlər yaradır. Bundan başqa, Prezident İlham Əliyevin Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasəti dəyərləndirərək, təyyarə faciəsindən tutmuş Rusiyada azərbaycanlılara qarşı törədilən qətl hadisəsi və işgəncələrlə müşaiyət olunan zorakılıq hadisələrinə dair açıq mövqe ortaya qoydu və Azərbaycan tərəfinin müəyyən təxribatçılıq addımlara qarşı konstruktiv və hüquqi çərçivədə adekvat cavabların olacağını bildirdi. Bu reaksiya rəsmi Bakının öz milli maraqlarını qorumaqda qətiyyətli və hüquqa əsaslanan siyasət yeritdiyinin bariz nümunəsidir. Şübhəsiz ki, münasibətlərdə ciddi böhran müşahidə olunur və bu böhran Rusiya üçün Cənubi Qafqazda nüfuzunun zəifləməsinin kifayət qədər ciddi əlamətlərindəndir.
Cənab Prezident İlham Əliyevin İran Prezidenti cənab Pezeşkianla bağlı dedikləri isə müsahibənin ən dərin məqamlarından biri hesab oluna bilər. Məsələ ilə bağlı səsləndirilən fikirlər, İranla münasibətlər, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar regionun geosiyasi mənzərəsini dərk etmək baxımından da xüsusilə önəmlidir. Cənab Prezident İran Prezidenti ilə əlaqələri yüksək qiymətləndirərək, onunla qan və dil birliyini önə çəkməsi, öz söhbətlərində tərcüməçiyə heç bir ehtiyacın olmadığını bildirərək dərin strateji mesajlar verməsi isə ən önəmli xüsuslardan biridir. Cənab Prezidentin “biz siyasətimizi rəsmi mövqeyə əsasən qururuq” bəyanatı Azərbaycanın yalnız legitim instansiyaların mövqeyinə önəm verməsinin, keçmiş rəsmilərin və təxribatçı kəsimlərin təxribatçı bəyanatlarına və yalançı rəvayətlərinə məhəl qoymamasının və önəmsiz saymasının bariz nümunəsidir.
Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin, yalnız Şərq-Qərb nəqliyyat xətti üzrə deyil, həm də Şimal-Cənub marşrutunun tamamlayıcı marşrutuna çevriləcəyi ilə bağlı verilən izahdır. Prezidentin müsahibəsində əsas mesaj ondan ibarətdir ki, dəhlizlər rəqabət yox, əməkdaşlıq üçün imkan yaradır. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, regional əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetidir və bu layihələr heç bir ölkə üçün təhlükə deyil. Məhz bu çərçivədən çıxış edərək Prezident İlham Əliyev öz müsahibəsində Zəngəzur dəhlizi məsələsinin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun strateji maraqlarına cavab verdiyini vurğuladı və dəhliz konsepsiyasının yalnız milli layihə deyil, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin ayrılmaz hissəsi kimi çıxış etdiyini diqqətə çatdırdı. Bu bir həqiqətdir ki, Azərbaycan artıq özünü regional güc mərkəzi kimi təsdiqləyib və bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirir. Yeni əməkdaşlıq platformaları Ermənistanı da təcrid və dalan vəziyyətindən çıxarar və onun inkişafını təmin edə bilər.
Prezident Əliyev ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, münasibətlərin müasir mərhələdə yüksələn xətt üzrə dinamik inkişafını və xüsusilə ABŞ Prezidenti Donald Trampın münasibətlərə yeni hava qatdığını, onun vasitəçiliyi ilə Ermənistanla sülh müqaviləsinin əhəmiyyətini qeyd etmişdir. Bu cəhdlər ABŞ-nin regionda təsirini artıqmaqla yanaşı, Azərbaycanın da beynəlxalq mövqeyini gücləndirir. Şübhəsiz ki, Vaşinqtonda imzalanan 8 avqust 2025-ci il tarixli bəyannamə tərəflər arasında sülhün təmin olunmasında başlıca addımdır. Ermənistanın bu bəyannaməyə sadiqliyi daxili siyasi vəziyyət və konstitusiyada nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Bu müsahibədə Prezident Əliyev Ermənistanın konstitusiyasındakı dəyişikliklərin həyata keçirilməsinin sülh müqaviləsinin tam qüvvəyə minməsi üçün vacib olduğunu qeyd etdi.
Ölkə başçısının Ərəb dünyasına ünvanladığı mesaj isə bundan ibarətdir ki, Azərbaycan İslam həmrəyliyi çərçivəsində əməkdaşlığa sadiqdir və regionda sabitlik təşəbbüslərində fəal iştirakık edir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini və regional strateji layihələrin həyata keçirilməsini ətraflı şəkildə əks etdirir. Bu yanşma Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirir və regional sabitliyin təmin olunmasına xidmət edir.
“Ədəbiyyat və incəsənət”
(29.08.2025)