“Bu ağır günləri mən nəzmə salıb, hey yazaram...” Featured

Nail Zeyniyev,

“Ədəbiyyat və İncəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bir müddət əvvəl sizinlə gənc şairimiz Mustafa Məhərrəmovu və onun ilk kitabı "Zərrə"ni tanış etmişdim. Bu gün isə Mustafanın qələmindən süzülən şeirləri birbaşa sizə çatdırmaq istəyirəm.

 

Mustafanın şeirlərinə nəzər salanda ilk hiss olunan şey budur: bu misralar yaşanmış duyğuların qəlbdən kağıza axmasıdır. O, bir tərəfdən klassik qəzəl ənənəsinə sadiq qalaraq sözün sehriylə dost sədaqəti, vəfa, zamanın qədribilməzliyi kimi əbədi mövzulara toxunur. Digər tərəfdən isə şairin özünün iç dünyası — sənətə olan bağlılığı, ilhamın ilahi bir vergi olduğuna inamı, aldatmış dostlara duyduğu kədər misraların arasından açıq oxunur.

Xüsusilə diqqət çəkən odur ki, Mustafa hələ çox gənc yaşda olmasına baxmayaraq, həm forma, həm də məzmun baxımından yetkin bir səs ortaya qoyur. Şeirlərindəki ağrı süni deyil yaşanmış, hiss edilmiş və sözə dönüşmüş bir ağrıdır.

Oxuyun, duyun:

 

* * *

İlahi vergidir gəlib düşüb damarda qanıma,

Nə cür yazıb yaratmayım bu söz hopubsa, canıma?

 

Könül büsatı, saqiya, sözün meyiylə şənlənər,

İçib şərabı dəmbədəm dəyər verim zamanıma.

 

Dəyər taparsa, sözlərim qanadlanıb uçar göyə,

Gələrsə, qorxu sözlərim qaçar yəqin nihanıma.

 

Nihani aləmim mənim tamami sirdi incitək,

Bu inci sirri gör nədir nəzər salıb süxanıma.

 

Bu şad günümdə dost tanış gəlib gedər məkanıma,

Vəfalı yar odur gəlib yaman günümdə yanıma.

 

Yazar, daşımda söz yazın qoyun mənim məzarıma,

Gələndə siz də söyləyin şeir mənim məkanıma.

 

* * *

Göz yaşım qan dolu dəryaya dönüb, ağlamışam,

Dost gülüb halıma, hərdəm məni məyus eləyib.

Açmışam sirrimi mən, sözlə ürək dağlamışam,

O da gülməkdə davam etdisə, məxsus eləyib.

 

Dəyişib cümlə cahan, qanmaz olubdur, ay aman,

Və cəhalət dənizi içrə olub halı yaman.

Onları məhv eləyib, şairi sıxmaqda zaman,

Çəkərək qəm-kədərə, şairi məhbus eləyib.

 

Bir zaman "dost" dediyim hörməti qoymuş kənara,

Bu gedişlə, nə bilim, çatmalıdır sonda hara?!

Dost olan düşmən özü pak adıma saldı qara,

Mən günah etməz ikən, dost isə əfsus eləyib.

 

Mən gözəl günlərə həsrət gəzən aciz Yazaram,

Bu ağır günləri mən nəzmə salıb, hey yazaram.

Düşmənim sandı: asan yolla mən haqdan azaram,

Sanmasın aciz adam röyamı kabus eləyib.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.