Sizə elçi gələn gün, daş düşəydi başıma... Featured

“Ədəbiyyatvə incəsənətportalınınGülüş klubunda bu gün sizlərə ənənəvi lətifələr, duzlu-məzəli söhbətlər deyil, satirik çalarlı bir şeir təqdim ediləcək. Şeirin müəllifi Mehman Nəriman oğlu İmanovdur. O, 1992-ci ildə Naxçıvan MR Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. Həvəskar olaraq poeziyaya maraq göstərir. "Bəlkə də" "Bir qız vardı" şeir kitablarının müəllifidir.

 

 

MEHMAN İMANOV

“SİZƏ ELÇİ GƏLƏN GÜN”

 

Kaş çıxmazdın qarşıma,
Zəhər qatdın aşıma,
Daş düşəydi başıma,
Sizə elçi gələn gün. 

Pozulaydı sözlərim,
Kor olaydı gözlərim,
Tutulaydı dizlərim,
Sizə elçi gələn gün. 

İşığımız yanmadı,
Tək səbir dayanmadı,
Xoruzlar oyanmadı,
Sizə elçi gələn gün.

Kaş buludlar dolaydı,
Kaş yollar buz olaydı,
Məni maşın vuraydı,
Sizə elçi gələn gün.   

Boran oldun yayıma,
Hay vermədin hayıma,
Duz qataydın çayıma,
Sizə elçi gələn gün. 

Saçıma saldın dəni,
Mən necə sevdim səni?
Kaş it qapaydı məni,
Sizə elçi gələn gün. 

Alma yanaq, sürmə qaş,
Məni yaman saldı çaş,
Evdə olmazdınız kaş, 
Sizə elçi gələn gün.
 
Kaş halımı qataydım,
Xəstə olub yataydım,
Kaş korona tutaydım,
Sizə elçi gələn gün. 

Dama bayquş qonmuşdu,
Güzgü düşüb sınmışdı,
Məhlənizdə yoluma,
Qara pişik çıxmışdı,
Sizə elçi gələn gün.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.