Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Ağ Evdən göndərilən məktubda Bakı ilə Vaşinqton arasında enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyəti vurğulanır, həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair mesajlar yer alır. Sənəddə iyun ayında keçiriləcək sülh müzakirələrinin əhəmiyyəti qeyd olunaraq, bu danışıqların regionda sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ olacağı bildirilir.
"Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.
Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram".
Sözügedən məktubla bağlı politoloq Oktay Qasimov "Ədəbiyyat və İncəsənət" portalına fikirlərini bildirib:
“Trampın prezidentimizə göndərdiyi məktubda bir neçə məqam xüsusi diqqət çəkir. Belə ki, bu məktubla Tramp Amerikanın Cənubi Qafqaza verdiyi önəmi nümayiş etdirir. Digər tərəfdən, sənəd ötən il 8 avqustda Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş və əldə olunan razılaşmalara ABŞ-nin sadiqliyini də ifadə edir. Eyni zamanda gələcəyə yönəlik mesajlar da ehtiva olunur. Həmin razılaşmalarda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin edilməsi xüsusi məqam kimi qeyd olunub. Bu məktubda da iyun ayında sülh və müzakirələrin davam etdirilməsi vurğulanır. Yəni mesaj ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkilərdə Paşinyanın qələbə qazanacağı və sülh tərəfdarlarının hakimiyyətdə qalacağı təqdirdə Azərbaycanla münasibətlərin daha da dərinləşməsi istiqamətində konkret addımlar davam etdiriləcək. Bunun müqabilində, Paşinyanın qələbəsi halında referendumun keçirilməsi, müvafiq dəstəyin əldə olunması və daha sonra sülh müqaviləsinin imzalanması nəzərdə tutulur”.
Politoloq bildirib ki, Trampın sülh məsələsinə həssas yanaşması məlumdur və o, hakimiyyətə gələrkən də sülh vədləri ilə çıxış edib:
“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Trampın daxili siyasi maraqlarına da uyğundur. Çünki gələcək aralıq seçkilərdə bu, vacib təbliğat tezisi kimi seçicilərə təqdim oluna bilər. Bundan başqa, enerji sahəsində əməkdaşlıq və onun sülh prosesinə təsiri də xüsusi əhəmiyyət daşıyır. Gələn aydan etibarən Zəngəzur dəhlizi və ‘Tramp marşrutu’ ilə bağlı real işlərin başlanması gözlənilir. Bu layihələrin həyata keçirilməsi Ermənistanın blokadadan çıxmasına şərait yarada bilər. Eyni zamanda həmin dəhlizlərdən keçəcək enerji xətlərinin Ermənistan tərəfindən istifadəsi mümkün olacaq ki, bu da sülh prosesinə ciddi töhfə verəcək”.
O.Qasımovun fikrincə, əməkdaşlıq, qarşılıqlı iqtisadi əlaqələr və sabitliyin bölgədə sülhə töhfə kimi qiymətləndirilməsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır:
“ABŞ administrasiyası bu istiqamətdə müəyyən addımlar atmaqda maraqlıdır və xüsusilə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasını diqqətdə saxlayır”.
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


