Super User

Super User

Bazar ertəsi, 14 Sentyabr 2026 15:14

Fortepiano üçün 12 prelüd

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Klassik musiqiyə hamı meyl salmaz. Əksəriyyət yalnız musiqi deyərkən pop musiqini qavraya bilir. Odur ki, klassik musiqini seçənlər seçilmişlərdir.

 

Lalə Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. Ailədə bir musiqi sevgisi duyub uşaqlığından. Bu səbəbdən də ilk musiqi təhsilini Bakı şəhəri Rauf Hacıyev adına 15 saylı uşaq musiqi məktəbi Alla Timofeyevna-Mustafayevanın fortepiano sinfində alıb. Orta musiqi təhsilini isə 1982–1986-cı illərdə Bakı Musiqi Kollecində Həbib Həbibovun fortepiano sinfində başa vurub.

Bakı Musiqi Kollecini bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, fortepiano fakültəsində 1986–1988-ci illərdə Validə Muradovanın və 1988–1991-ci illərdə professor Oqtay Abasquliyev sinfində təhsilini davam etdirib, fortepiano sinfini fərqlənmə diplomu ilə bitirib.  Daha sonra 1993-cü ildə professor Arif Məlikovun bəstəkarlıq sinfinin 2-ci kursuna qəbul olunaraq, təhsilini davam etdirib.

1997-ci ildə diplom işi kimi, ilk iri həcmli əsərini — fortepiano və simfonik orkestr üçün konsertini təqdim edərək bəstəkarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1999-cu ildə Arif Məlikovun sinfində bəstəkarlıq ixtisası üzrə aspirant-stajorluğu bitirərk, elə həmin ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunub. 1992-ci ildən Bakı Musiqi Akademiyasında pedaqoq kimi əmək fəaliyyətinə başlayıb.

2007-ci il 14 noyabrda "A. Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və Azərbaycan Respublikası yanında AAK-nın 2008-ci il tarixli 20/k saylı protokol qərarına əsasən sənətşünaslıq namizədi diplomunu alıb. 2012-ci il 10 yanvar tarixli (protokol № 16-K) nəfəs ve zərb alətləri kafedrası üzrə, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasi tərəfindən Dosent elmi adı verilib.

23 – 23 aprel 1991-ci ildə "Musiqi pedaqogikası və ifaçılıq məsələləri" adlı Ümumittifaq elmi-praktik konfransında "Aşıq ifaçılığının uşaqların musiqi tərbiyəsində rolu" mövzusu ilə çıxış edib. 17 – 19 dekabr 1991-ci ildə Birinci Respublika elmi konfransında "Şərq musiqisinin dünya musiqi mədəniyyəti tarixində yeri" mövzusu ilə çıxışı edib. Hər iki materialın tezisləri nəşr olunub.

 

Lalə Cəfərova bəstəkar kimi fəaliyyətə başlayandan bir çox müəllif konsertləri verib. İlk müəllif konserti 31 mart 1994-cü il Asəf Zeynallı adına Bakı Musiqi Kollecində baş tutub. Burada müəllifin fortepiano üçün prelüdləri və 3 hissəli sonatası, 1997-ci ildə Bəstəkarlar İttifaqının plenumunda 4 hissəli simli kvarteti səslənib.

2000-ci ildə Bəstəkarlar İttifaqının plenumunda Fortepiano və simfonik orkestr üçün konsert № 2 əsəri Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə səslənib. Bəstəkar bu əsərini atasının əziz xatirəsinə ithaf edib və solist kim səhnə alıb.

2002-ci ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi gənc bəstəkarların əsərlərindən ibarət konsertdə "Tar və Fortepiano üçün rəqslər"ləri ilə çıxış edib. 2003-cü ilin dekabrında professor Tofiq Aslanova həsr etdiyi, viola üçün solo "Xatirə" poemasını bəstələnib. Kapellhauzda Tofiq Aslanovun ifasında tamaşaçılara təqdim olunub. (ilk ifa)

2004-cü ildə oktyabrda "Tar və simfonik orkestr üçün rəqslər"i və simfonik orkestr üçün "Bu gecə" romansı Azad Əliyevin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Simfonik orkestrinin ifasında lentə yazılıb. 2004-cü ildə "Qız Qalası" və ya digər adıyla "Məbədin ürəyi" sənədli filmi üçün əsərlər yazıb. Bəstəkar bu sənədli filmdə qədim musiqi alətləri ilə elektron musiqini sintez edib.

2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 70 illik yubileyinə həsr olunmuş kamera musiqi festivalında kamera əsərləri səslənib. 20 may 2005-ci ildə "A. Məlikovun məhəbbət əfsanəsi baletində rəqs nömrələrində tembr və faktura xüsusiyyətləri təvsirində" adlı metodik tövsiyələr yazıb. Həmən il 15 sentyabrda "Nəfəs və zərb alətləri" kafedrasının bakalavr pilləsi üçün "Partitura qiraəti" fənni üzrə proqram hazırlayıb.

13 iyun 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında "Bir Xəzər Əfsanəsi" balet süitasından nömrələr (Adagio və döyüş səhnəsi) ifa olunub. 24 iyul 2014-cü ildə Qəbələ VI Beynəlxalq Musiqi Festivalında fortepiano və simfonik orkestr üçün bəstələdiyi 2 saylı konserti, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənib. Bəstəkar solist kimi səhnə alıb.

5 noyabr 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş Musiqi Festivalında, simfonik orkestr üçün bəstələdiyi "Marş" və "Daimi hərəkət" əsərlərini Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində səslənib. 22 dekabr 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əlyarova, Lalə Cəfərovanın bəstələdiyi "Fortepiano Prelüdləri"ni, Azərbaycan Dövlət Filarmoniyasınıı Kamera və Orqan Musiqi zalında dinləyicilərə təqdim edib.

 Lalə Cəfərova, Qara Qarayevin "Yeddi Gözəl" baletindən "Adagio" və "Vals" musiqi nömrələrini, fortepiano və kamera orkestri üçün işləyib.  Bu əsərlər 6 fevral 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin xatirəsinə həsr olunmuş konsertdə, Xalq artisti Teymur Göyçəyevin dirijorluğu və Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə, Respublikanın Əmakdar artisti Nərgiz Əlyarovanın ifasında tamaşaçılara təqdim olunub.

29 may 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan" əsərinin klip təqdimatı Azərbaycan Milli Konservatoriyasının konsert zalında keçirilib. Klipi rejissoru Məzahir Haşımovdur. 25 dekabr 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyasında bəstəkarın "Bəstəkar Lalə Cəfərovanın əsərlərindən ibarət müəllif konserti" adlı konserti keçirilib.

5 mart 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Azərbaycan bəstəkarlarının Xalq Çalğı Alətləri orkestri üçün yazdığı əsərlərdən ibarət konsert"də bəstəkarın Ramiq Muxtarın sözlərinə yazdığı "Əbədiyaşar Heydər" əsəri, Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Respublikasının xalq artistləri Gülnaz İsmayılova və Fəxri Kazım-Nicatın ifasında təqdim olunub.

19 aprel 2019-cu ildə YARAT Müasir İncəsənət Məkanınında bəstəkarın "Musiqinin sehri" adlı konserti baş tutub. 2019-cu ildə dodekafoniya sistemi ilə sonata janrında əsər yazıb. 25 oktyabr 2019-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalında simfonik orkestr üçün yazdığı "Adagio "və "Rəqs" əsərlərini Mustafa Mehmandarov dirijorluğu ilə, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycan Dövlət Filarmoniyasında səslənib.

9 may 2020-ci ildə "Evdə qal, evdə yarat" təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında "Böyük Vətən müharibəsi"ndə qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsində Ramiq Muxtarın sözlərinə bəstələdiyi "Qələbə Bayramı" marşına görə, qaliblərdən biri olub. 2020-ci ilin avqust ayında "Qafqazın bu üzündə" sənədli filminə musiqi bəstələyib. Filmin 25 dekabr 2021-ci ildə təqdimatı keçirilib.

 

Kitabları

- "Bakalavr pilləsi üçün Nəfəs alətləri orkestrinin "Partitura qiraəti" fənni üzrə proqram"

- "Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri".(Dərs vəsaiti)

- "Orkestrləşdirmə" fənni üzrə proqram

- "Alətşünaslıq" fənni üzrə proqram

- "Fortepiano və simfonik orkestr üçün konsert № 2"

- "Fortepiano prelüdləri və sonatasının ifaçılıq problemlərinə dair"

- "Kamera instrumental əsərləri və onların ifa xüsusiyyətləri" (Dərs Vəsaiti)

 

Əsərləri

- Fortepiano üçün 12 prelüd

- Fortepiano üçün 3 hissəli sonata

- 4 hissəli simli kvartet

- Simfonik orkestr üçün "Süita"

- Fortepiano və simfonik orkestr üçün konsert № 1

- Fortepiano və simfonik orkestr üçün konsert № 2

- "Ata" mahnısı (sözləri:Sərvər Şahbəyli)

 

Mükafatları

- 2001-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə keçirdiyi müsabiqədə "Kiçik həcmli simfonik əsər" nominasiyası üzrə "Gənclər mükafatına" layiq görülərək "İlin bəstəkarı" adını qazanıb.

- 2 avqust 2002-ci ildə 2 avqust Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə keçirilən "Azərbaycan Sərhəd qoşunları bu gün" adlı müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün "Sərhədçi" marşına görə diplom və mükafata layiq görülüb (dirijor Xalq artisti, professor, general-mayor Yusif Axundzadə)

- 2005-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı və Azərenerji ASC-nin birgə keçirdiyi müsabiqəyə təqdim etdiyim "İşıqçılar" (sözləri: Ramiq Muxtar) mahnısına görə laureat olaraq mükafat və diplomla təltif olunub.

- 17 sentyabr 2021-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

- 21 mart 2023-cü ildə Türkiyənin İğdır universitetində keçirilən "Həmrəyli Konserti"nin təşkilatçısı kimi universitetin rektoru professor Mehmet Hakkı Alma tərəfindən təşəkkür sertifikatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 10:36

Hər bir dərddən olur, yaman ayrılıq...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Müstəqillik hərəkatı başlayanda – 80-lərin sonu, 90-ların əvvəlində o “Ayrılıq” mahnısını oxudu, bir mahnı ilə ruhən ikiyə bölünmüş xalqı birləşdirdi, quzeydə güney tüzgarları əsdirdi...

 

Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub.

11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa edib.

Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edib. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət ediblər.

 Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlayıb, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib.

İran İslam İnqilabı 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olub. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülüb.

Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək olub.

Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkilən sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlib.

Başı min-bir bəlalar çəkən Azərbaycanın 200 il əvvəl (1813-cü ildə) rus və fars şovinistləri tərəfindən "Gülüstan" müqaviləsi üzrə qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən "Ayrılıq" mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirib və respublika televiziyasında yayımlanmasına nail olub.

Yaqub Zurufçunun o taylı — bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi "Ayrılıq" mahnısı qısa bir zamanda çox sevilərək, dillər əzbəri olub və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilib.

1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü və "Vətən" Cəmiyyətinin dəvəti ilə Vətən eşqli, Vətən həsrətli Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlib. Həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanaraq, kükrəyib-coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu azadlıq eşqli doğma xalqımızı tribunadan böyük sevgi və ehtiramla salamlayıb.

Sonra da izdiham qarşısında diz çöküb, "Ayrılığ"ı oxuyub, birlik, həmrəylik çağırışı kimi səslənən bu mahnını Azərbaycanın azadlıq hərəkatında bir inqilabi "Marselyoza"ya, müstəqillik yolunda sönməz bir məşələ çevirərək, hamını kövrəldib. O vaxt Yaqub bəy çox cavan bir oğlan olub, cəmi 33 yaşı olub, ancaq artıq bütün Azərbaycan onu "Ayrılıq" və digər vətən eşqli mahnıları ilə tanıyıb və sevib.

Həmişə doğma Azərbaycanda, onun yanında olmağı, xalqımızın ağır günlərində ona kömək durmağı, onun qayğıları ilə yaşamağı arzulayan Yaqub Zurufçu 1989-cu ilin dərdli-həyəcanlı günlərində təşkil edilən konsertlərindən yığılan böyük həcmdə vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan — Qərbi Azərbaycandan və Qarabağdan qovulan, didərgin salınan evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülüb — Yaqub Zurufçunun xahişi, öz təşəbbüsü ilə!..

Təsadüfi deyildi ki, həmin günlərdə Xalq hərəkatına rəhbərlik edən Əbülfəz Elçibəy fars əlifbası ilə ona təşəkkür məktubu yazıb.

 Xalqımızın unudulmaz, dahi sənətkarı Rəşid Behbudov hələ 1985-ci ildə Almaniyada konserti zamanı Gülağa Məmmədovun təklifi ilə söz verilən 29 yaşlı Yaqub Zurufçunun "Ayrılıq" mahnısına heyranlıqla qulaq asaraq, 29 yaşlı gənc müğənnini elə səhnədəcə, tamaşaçıların gurultulu alqışları altında bağrına basıb, öpərək fəxrlə, qürurla deyib:

"daha arxayınam ki, məndən sonra davamçım var!".

 

Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daim uca tutan Yaqub Zurufçu 2015-ci ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə öz sanballı töhfəsini verib.

O, əbədiyaşar musiqi korifeyimizin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət maraqlı mahnı albomu hazırlayıb və respublikanın musiqi ictimaiyyətinin iştirakı ilə dahi bəstəkarın Ev-muzeyində onun təqdimatını keçirərək, klassik Azərbaycan mahnılarını böyük sənətkarlıqla, məftunluqla ifa edib.

Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı olub. Xalqımızın unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkərək, o böyük şəxsiyyətin sevdiyi mahnıları pianinoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi dahi rəhbərin çox xoşuna gəlib. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edərkən ona olan rəğbətini, sevgisini dilə gətirərək deyib:

"Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!"

Doğma Odlar Yurdunu bütün varlığı ilə sevən Yaqub Zurufçu uzun illər xaricdə yaşadığına baxmayaraq, Azərbaycan musiqisini dünyada ən çox təbliğ edən bir sənətkar olub. Onun Almaniyada, ABŞ-də, Kanadada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü görüb.

Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə respublikada ilk professional səsyazma studiyası yaradıb. Xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğunun adını verdiyi həmin səsyazma studiyası bir-neçə il uğurla fəaliyyət göstərib, tanınan musiqi sənətkarlarının böyük tirajla mahnı albomlarının buraxılmasına nail olub.

Hələ gənclik illərindən Bakının həsrətini çəkən görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini verib.

Son 20–25 il ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə 35-ə qədər hərbi hissədə geniş konsert proqramı ilə çıxış edib. Azərbayacanı bütün varlığı ilə sevən Yaqub Zurufçu Qarabağımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən şəhidlərini daim ehtiramla yad edib.

Bakıda, Mingəçevirdə, Masallıda və digər rayonlarımızda Şəhidlər xiyabanlarına gedərək, torpaqlarımıza azadlıq bəxş edən igid oğulların müqəddəs məzarlarını ziyarət edib, şəhid ailələrinə yardım göstərib.

 

Ölməz qəhrəmanlarımızın ruhuna onların şərəfli adına layiq çox təsirli və kövrək duyğulu "Ağlama, anam, mənə…" mahnı-elegiyasını bəstələyib və qəlb ağrısıyla ifa edib. Bununla o, Vətənə böyük Qələbə sevincini bəxş edən oğul və qızlarımıza öz sənətkar minnətdarlığını ifadə edib, sanki onlarla qəlbən vidalaşıb.

Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olunub.

Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilən musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq son, vida konserti olub

Yaqub bəy 2021-ci ilin iyun ayında xalqımızın Bütöv Azərbaycan həsrətinə — Güney və Quzey Azərbaycanın 200 illik birləşmə arzusuna həsr etdiyi, Xalq şairi Söhrab Tahirin "Daha" şeirinin motivləri əsasında iki hissəli klipin layihəsi üzərində işləyib.

Klipin 30 il əvvəl Arazın o tayından tikanlı məftillər arxasından milyonlarla ürəkləri alovlandıran "Ayrılıq" mahnısının təkrarsız ifası ilə çəkilən ilk klipə "cavab" olaraq Arazın bu tayından, bir zamanlar hələ parçalanmayan Azərbaycanın Xudafərin körpüsü üzərindən xalqımızın azad, sərbəst el-oba gediş-gəlişinin yenidən bərpasını, Vətənin iki sahilinin birləşməsini tərənnüm edəcək maraqlı bir klip ssenarisi hazırlayıb.

Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlikdən sonra vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 09:03

Xalq şairi Hüseyn Arifin anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim,
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə…

Durub-durub anardım,
Gizli-gizli yanardım.
Neçə dostun içində
Özümü tək sanardım.
Sən dərsə gəlməyəndə…

Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masanda.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə…

Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti,
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə…

 

Bu gözəl lirik şeir Xalq şairi Hüseyn Arifin dillər əzbəri olmuş şeiridir.

Bu gün şairin anım günüdür.

Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində, ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirib. Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor işləyib.

"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayıb. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub.

1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Mahnılarına musiqi bəstələnib. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olub.

 

Kitabları:

- Yeni həyat yollarında (şerlər)

- Mən sülhə səs verirəm

- Rus dili müəlliməsi (şerlər)

- Məhəbbət nəğmələri

- Dostluq telləri (şerlər)

- Yolda (poema)

- Ömür çeşməsi

- Sibir töhfələri (şerlər)

- Torpaq eşqi

- Yollar və xatirələr

 

Məqalələri

- Mən Alını axtarıram

- Hüseyn Hüseynzadə. // Aşıq Alı

 

Mükafatları

- 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

- Azərbaycan SSR xalq şairi

- Azərbaycan SSR əməkdar incəsənət xadimi

- Azərbaycan SSR Dövlət mükafatı

 

Hüseyn Arif  34 il bundan əvvəl - 1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib, doğulduğu kənddə dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Adilə Nəzər,

filologiya üzrə fəlsəfə doktoru,

şair-publisist

“Ədəbiyyat və incəsənət”

 

Əkbər Qoşalının "Dərvişə sual" poeması klassik Şərq təsəvvüf fəlsəfəsi ilə çağdaş fəlsəfi-kulturoloji düşüncənin özünəxas poetik kəsişməsidir.

Şeir sərbəst vəznin dinamikasından bəhrələnsə də, daxili ritmi və qafiyə ahəngini itirmir. Müəllif folklor elementlərindən – məsələn, saqqalın yorğanın üstünə, yoxsa altına qoyulması haqqında məşhur lətifə-məsəldən və Aşıq Veysəlin “Uzun incə bir yoldayam” poetik-fəlsəfi motivindən assosiasiya yaradaraq, mətni folklor yaddaşına bağlayır.

​Dialoq quruluşu – sual verən lirik qəhrəman ilə hikmət sahibi Dərviş arasındakı təzadlı və tamamlayıcı nitq mətni dramatik poetik monoloq-dialoqa çevirir.

Şeirin ən orijinal leksik və məna tapıntılarından biri dərvişə “dərdiş” deyə müraciət edilməsidir. Şeir kontekstində “dərdiş” sözü “dərd” və “dərviş” arasında yaranan səs və məna yaxınlığını xüsusilə aktuallaşdırır.

“Dərdiş" semantik bütövlük kimi gəldi mənə. ("Dərdiş" ən çox Tovuz-Qazax bölgəsində işlənsə də, artıq çoxumuza tanış və doğmadır. Onun orfoqrafik sözlüyə düşməsini təklif edərdim.) Şair mövcud dialektal (şivə) sözünü yeni poetik-semantik yükdə işlədib.

 

Bəlli olduğu kimi, irfan fəlsəfəsində dərd adi kədər olmaqdan çıxaraq, Həqiqətə olan ilahi həsrət, axtarış və ehtiyacdır. Müəllif “dərdiş”lə dərvişliyin, belə demək mümkünsə, sadəcə xirqə (zahir) hadisəsi olmadığını, daxili bir "dərd" halı olduğunu göstərir. Eyni zamanda, bu ifadə irfan əhli arasındakı doğmalığı, dərdortaqlığını da vurğulayır; lirik qəhrəmanla dərviş arasındakı rəsmi, uzaq məsafəni qaldıraraq onları eyni mənəvi səfərin səmimi yol yoldaşlarına çevirir.

​Şeirdə irəli sürülən hər bir sual və dərvişin verdiyi cavab insan varlığının fərqli tərəflərinə işıq tutur.

Örnək verək:

-Lirik qəhrəmanın məişət səviyyəsində göründüyü "saqqal yorğanın üstündə, yoxsa altında?" sualına Dərviş cismani yox, zaman baxımından cavab verir: “Mən onu qoymuşam illərin üstə...” Burada saqqal yaşlanmağın yox, qazanılmış təcrübənin simvoludur.

-“Atı tərsinə nallayan hara getsə, izi başqa səmtə çəkər...” obrazı öz həqiqətindən qaçan və özünü başqa cür göstərməyə çalışan insan tipajıdır. Dərvişin “Yol ayağı tanıyar” cavabı isə aldadıcı izlərin qarşısında mütləq həqiqətin və mahiyyətin qalib gələcəyini vurğulayır.

-Oğruluq və doğruluq anlayışı fiziki və mənəvi baxımdan ayrılır. Qapı qırıb könül sındıran – oğrudur, amma öz arzusu ilə açılan ürəyə daxil olmaq – oğruluq sayılmır. “Kilidi iç üzdədi” ifadəsi irfan ədəbiyyatında qəlbin yalnız insanın öz iradəsi və sevgisi ilə açıla biləcəyinə işarədir.

-Gül və Su ayrı-ayrılıqda iki müstəqil varlıqdır - biri ətri, biri təmizliyi təcəlli, tərənnüm edir. Onların bir araya gəlib "Gül suyu"na çevrilməsi təsəvvüfdəki fəna (özündən keçmə) və vəhdət (birolma) anlayışları ilə yozula bilər: “Birisi özündən keçib, o birisi özgə qatıb özünə…”

-Fiziki məsafə ilə ruhani məsafənin təzadı burada çox dəqiq qoyulur. Yanında olub uzaq olanlarla, aralarında dənizlər, böyük çöllər olub hər addımda nəfəsi duyulanlar – insanın maddi dünyadan daha çox ruhi aləmdə yaşadığının göstəricisidir.

​Şeirin ən pik, fəlsəfi cəhətdən ən dərin nöqtəsi Dərvişin son sözləridir:

​“...düz cavabı axtaranlar bir gün əlbət dayanar.

Düz sualı axtaransa ömrü boyu yol gedər…”

Burada "Yol" anlayışı təsəvvüfün özüdür – seyri-sülukdür. Cavab tapan insan dayanır, çünki axtarışı bitir; amma doğru sualı axtaran insan daim mənəvi hərəkətdə, təkamüldədir.

Təsəvvüfdə seyri-süluk nəfsin tərbiyəsi və qəlbin təmizlənməsi yolu ilə mənəvi kamilliyə doğru daxili yolçuluqdur. Bu baxımdan şeirin “yol”u insanın öz içinə və Həqiqətə doğru bitməyən səfəridir...

Əkbər Qoşalının bu şeiri sadə dildə yazılmış, lakin dərin irfani, fəlsəfi və insani qatları olan kamil bir poetik mətndir. Şeirdəki səmimiyyət, obrazların oynaqlığı və fikrin dərinliyi oxucunu mənəvi bir “yola çıxmağ”a və özünün Dərvişə (məncə, özünə!..) suallarını verməyə təhrik edir…

Bəlkə də şeirin ən gizli dialoqu elə buradadır: lirik qəhrəman Dərvişə üz tutur, amma verdiyi hər sualın əks-sədası öz içinə qayıdır. Beləcə, Dərviş ayrıca bir obraz olmaqla yanaşı, insanın öz içindəki sorğu, vicdan və hikmət səsinə çevrilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

 

Aytac Quliyeva,

NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi

 

Biz dünyaya gələndə heç nəyi özümüz seçmirik.Nə adımızı,nə ailəmizi,nə də bizə bəxş edilən həyatı.Sonra böyüyürük və seçim etməyi öyrəndiyimizi düşünürük. Lakin qəribə olan budur ki,seçimlərin çoxu artıq bizə "qəlib"olaraq gəlmişdir. Bizə necə yaşamalı olduğumuzu deyirlər.Nəyi günah,nəyi savab hesab edəcəyimizi,nə vaxt sevməli,nə vaxt evlənməli olduğumuzu,nəyin normal,nəyin "anormal" olduğunu.Sonra bütün bunlara bir ad verirlər:

"AZADLIQ"

 

Guya "biz azad dünyada yaşayırıq" deyirlər.

Lakin insanın seçimi başqaları üçün qəbuledilməzdirsə, həmin seçim həqiqətən azad sayıla bilərmi? Niyə insan mütləq bir qəlibə sığmalıdır? Niyə hər kəs kor-koranə bir kütlənin arxasınca getməlidir?

Bir insanın sakitliyi başqasının səs-küyüdür. Birinin arzuladığı həyat digərinin qaçmaq istədiyi həyat ola bilər. Azadlıq hamının eyni yolu seçməsi deyil. Azadlıq öz seçdiyin həyat üçün yalnız özünə cavabdeh olmaqdır.

İnsanın qərarları bəzən onu yanıldır, bəzən heç kimə izah edə bilmədiyi bir yolu seçir. Bunun üçün üzr istəməli deyil. Çünki həyat bizdən qüsursuz seçimlər tələb etmir. Biz yaşayırıq, seçirik, itiririk, yenidən başlayırıq. Və bütün bunlar yalnız bizim həyatımızdır.

Bəzən bir insanın ömrü başqasının həyatında qoyduğu kiçik bir izdən ibarət olur. Bir ömrün mənası onun sahibinə yox,toxunduğu insanlara məlum olur. Ona görə həyatın məqsədinin arxasınca qaçmadan öncə onu yaşamaq lazımdır. Başqasının yazdığı cümlələri əzbərləmədən,başqasının sərhədlərini öz həbsxanamıza çevirmədən, "belə yaşamalısan" deyən səslərin arasından öz səsini eşidərək.

Həə, bir də hələ də bitmək bilməyən günah-savab mübarizəsi var..

Doğulmamışdan əvvəl belə hansı əməlin günah, hansı əməlin savab olduğunu deyiblər. Biz isə onları sorğulamadan mənimsəmişik. Çünki insanoğlu əvvəlcə inanır, inandığı yerdən qırılandan sonra şübhə edir.

Amma günah həqiqətən nədir?

Şablonlarmı var nəyin günah, nəyin savab olduğu barədə?

Əgər günah insanın etdiyi hərəkətdirsə, onda onu günah edən nədir-niyyət ,nəticə, yoxsa əvvəlcədən müəyyən olunmuş "qaydalar"?

Məgər bir insanın niyyəti yaxşı, etdiyi hərəkətin nəticəsi pisdirsə,o günahkardırmı?

Günah insanın azadlığı ilə məsuliyyəti arasındakı ziddiyyətdir. İnsanın ən böyük günahı özünü seçməməkdir. Kim olacağını, nə edəcəyini, necə davranacağını seçməmək...

Və insanı bu günah savab anlayışıyla yaşamağa alışdırırlar.

Ölüm qapını döyəndə insanın əlində tonlarla günah və savab yox,bütün ömrü boyu qaçdığı həqiqət qalır.

Ölümü eşidəndə qorxuruq. Çünki onu son kimi qəbul edirik. Amma doğulanda nə ilə qarşılaşacağımızı bilmirdik. Qorxduğumuz ölüm deyil, nə olduğunu bilməməkdir. Və bilinməyən hər şey qorxunc olmaq məcburiyyətində deyil.

Ona görə yaşamaq yalnız ölməmək deyil. Yaşamaq öz həyatına sahib çıxmaqdır. Heç kimin müdaxiləsi olmadan sadəcə öz həyatına sahib çıxmaq.

Qorxulu olan ölüm deyil.

Qorxulu olan dünyanın qəlibləri içində özünü unutmaqdır.

Qorxulu olan yaşamaq üçün verilmiş ömrü sadəcə mövcud olaraq başa vurmaqdır.

Ölüm son deyil.

Sadəcə bilmədiyimiz qapıdır.

Amma bir şey dəqiqdir: o qapıya çatana qədər,bu tərəfdə həqiqətən, qəlibləri sındıraraq yaşamaq lazımdır.

Həyatınızı doya-doya yaşayın. Kim olacağınızı, necə davranacağınızı, nə istədiyinizi özünüz seçin.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Təqvim rubrikamızda istirahət gününə düşməsi səbəbindən bir yazını bu günə saxladım. Bu yazı elə bir qələm əhli nümayəndəsindən gedir ki, cəmi bir kitabla yatanları oyadıb, beyinləri duruldub, milyonlarla insana keçmişini xatırladıb, acı və qürurlu tarixdən olduğu kimi bəhs edib. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” – bu kitabı tanımayan varmı?

Şənbə günü onun anım günü idi.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirib, sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent, institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirib.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olublar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.

 

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur. Romanları, povestləri, ssenariləri oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki 2-ci elmi siyahısında rəsmiləşdirilib.

 

Əsərləri

1. Yerin sirri

2. Fırtına

3. Dalğalar qoynunda

4. Zirvələrdə

5. Eşitdiklərim, oxuduqlarım, gördüklərim

6. Neft milyonçusu (sənədli roman)

7. Şagirdlik illərim

8. Son bahara çatdıq

 

Tərcümələri

- Ana heykəli

- Ernest Heminquey, Qoca və dəniz

 

Təltifləri

1. "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı

3. Hacı Zeynalabdin Tağıyev adına xatirə medalı

 

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 12:37

Bəlkə ... – ESSE

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

Bu gün evdə illərdir dibçəkdə saxladığım kaktus çiçək açdı. İllərdir eyni yerdə dayanırdı. Mən onun böyüdüyünü görmüşdüm, tikanlarını görmüşdüm, bəzən yeni pöhrələr verdiyini də görmüşdüm. Amma çiçək açmasını heç vaxt görməmişdim. Bəlkə də ona görə bu gün o balaca çiçək mənə çox böyük göründü. Sadəcə bir çiçək deyildi sanki... Uzun bir sükutun cavabı idi.

 

İllərdir çiçək açmayan bir kaktusun birdən-birə çiçək açması mənə qəribə bir şəkildə özümü xatırlatdı. Çünki insanın da həyatında elə dövrlər olur ki, zahirən hər şey yerindədir. Yaşayırsan, işləyirsən, danışırsan, insanlarla görüşürsən, gündəlik həyatını davam etdirirsən. Amma içində nəsə çoxdan susub. Heç kim bunu görmür. Heç kim bilmir ki, gülüşünün arxasında nə qədər yorğunluq var. Heç kim bilmir ki, bəzən insan sadəcə yaşadığı üçün güclü görünür.

Mən də bəzən özümə baxıb düşünmüşəm: Görəsən, mənim həyatımda nə vaxtsa başqa cür olacaqmı? Nə vaxtsa gözləməkdən yorulmadan bir şeyə çata biləcəyəmmi? Nə vaxtsa ürəyim “artıq rahatam” deyə biləcəkmi? Bəzən elə gəlir ki, həyat bəzi insanlara asanlıqla verdiyi şeyləri məndən həmişə bir az uzaqda saxlayır. Mən yaxınlaşdıqca məsafə artır. Ümid etdikcə zaman keçir. Gözlədikcə insanın içində başqa bir səs yaranır: “Bəlkə olmayacaq?”

Ən ağır sual da budur. Çünki insan hər şeydən əvvəl ümidini itirəndə yorulur.

Amma bu gün kaktusum çiçək açdı. Və mən düşündüm ki, bəlkə həyat mənə çox kiçik bir şeylə böyük bir həqiqəti xatırladır: Bəlkə hər şeyin vaxtı var. Bəlkə illərdir baş verməyən şeylər heç vaxt olmayacaq demək deyil. Bəlkə mən sadəcə öz çiçəklənmə vaxtımı başqalarının vaxtı ilə müqayisə etmişəm.

Kiminsə həyatı iyirmi yaşında açılıb, kiminsə otuzunda. Kiminsə yolu çox erkən aydınlaşıb, kiminsə isə uzun illər qaranlıqda qalıb. Bəs bunun nə fərqi var? Çiçəyin gözəlliyini onun nə vaxt açması müəyyən etmir. Əsas odur ki, açdığı gün hələ də həyat var.

Kaktusum illərlə çiçək açmadı. Amma o illərdə ölməmişdi. Sadəcə mən onun içində gedənləri görə bilmirdim. Bəlkə insan da belədir. Bəzən həyatımızda heç nə baş vermirmiş kimi görünür. Əslində isə içimizdə görünməyən bir hazırlıq gedir. Biz dəyişirik, böyüyürük, ağrılardan keçirik, insanları tanıyırıq, bəzi şeyləri itiririk, bəzi həqiqətləri anlayırıq.

Sonra bir gün çiçək açırıq.

Və geriyə baxanda anlayırıq ki, o uzun illər boşuna deyilmiş.

Bəlkə mənim də keçdiyim yolların hamısının bir mənası var. Bəlkə itirdiklərim məni daha həssas etmək üçün idi. Bəlkə aldığım yaralar məni başqasının ağrısını daha yaxşı anlamağa öyrətdi. Bəlkə gözlədiklərim məni səbrə hazırladı. Bəlkə tək qaldığım vaxtlar özümlə danışmağı öyrətdi. Bəlkə bütün “niyə?”lərimin cavabı hələ qarşıdadır.

Bunu bilmirəm. Amma bu gün ilk dəfə uzun müddətdən sonra bir şeyə baxıb “bəlkə” sözünü ümidsizliklə yox, ümidlə dedim.

Bəlkə mənim də vaxtım çatır.

Bəlkə mənim həyatımda da çoxdan bağlı qalan bir qapı açılacaq. Bəlkə illərdir ürəyimdə saxladığım hansısa arzu öz yolunu tapacaq. Bəlkə bir gün mən də arxaya baxıb deyəcəyəm: “Deməli, bütün bunlar bunun üçün imiş.”

İnsan bəzən möcüzəni böyük hadisələrdə axtarır. Göydən gələn bir işarə, həyatını bir anda dəyişdirəcək xəbər, gözlənilməz bir dönüş... Amma bəzən möcüzə pəncərənin qarşısındakı balaca bir dibçəkdə açır. Səssizcə. Heç kimə xəbər vermədən. Heç kimin alqışını gözləmədən.

Bu gün mənim evimdə bir kaktus çiçək açdı. Bəlkə onun bundan xəbəri belə yoxdur ki, mən bu çiçəkdə öz həyatımı gördüm.

Tikanların arasında açan bir çiçək... Məncə, bunun özündə böyük bir həyat hekayəsi var. Çünki mən də həyatda həmişə yumşaq yerlərdən keçməmişəm. Mənim də tikanlarım olub. Məni qoruyan, amma bəzən özümü də insanlardan uzaqlaşdıran tikanlarım... Amma bütün tikanların arasında insanın içində bir yer həmişə çiçək olaraq qalır. O yeri qorumaq lazımdır. Çünki həyat nə qədər sərt olsa da, insanın içində ümid öldüsə, ən gözəl çiçək belə mənasını itirir.

Bu gün kaktusuma baxıb öz-özümə bir söz verdim: Daha heç nə üçün “mənim üçün gecdir” deməyəcəyəm. Çünki gecikmək başqa şeydir, bitmək başqa. Bəzən həyat bizi sadəcə gözlədir. Bizi hazırlayır. Səbrimizi yoxlayır. Sonra bir səhər, heç gözləmədiyimiz anda, tikanların arasından bir çiçək çıxır.

Və biz anlayırıq: Bəlkə də həyat məni unutmayıb. Bəlkə mən sadəcə öz vaxtımı gözləyirmişəm.

Bu gün evimdə bir kaktus çiçək açdı. Mən isə içimdə çoxdan susan bir ümidə yenidən baxdım. Və ilk dəfə ona “gecikmisən” demədim. Sadəcə pıçıldadım: “Gəl. Mən hələ buradayam.”

 

“Ədəbiyyat və incəsənət”

 

(14.09.2026)

Bazar ertəsi, 14 Sentyabr 2026 13:42

Tanış olaq: Buker mükafatçısı Maykl Ondatje

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“Tanış olaq” rubrikamızda bu gün sizlərə kanadalı yazıçı, Buker mükafatçısı Maykl Ondatje barədə danışacağam. Əslində, yetərincə məşhur yazıçıdır. Amma bizdə elə də təbliğ olunmayıb və oxunmayıb.

 

Michael Ondaatje — həm yazıçı, şair, həm esseist və kino ssenaristidir, müasir ingilisdilli ədəbiyyatın ən tanınmış simalarından biridir. O, xüsusilə “The English Patient” (“İngilis pasienti”) romanı ilə dünya şöhrəti qazanıb. Əsər 1992-ci ildə Booker Prize mükafatına layiq görülüb və sonradan məşhur filmə uyğunlaşdırılıb. Filmə isə yəqin ki baxmısınız. Baxmayanlar isə YouTube vasitəsilə mütləq baxsınlar, Oskar almış bu unikal filmə baxmamaq günahdır.

Michael Ondaatje 12 sentyabr 1943-cü ildə Şri-Lankanın Kolombo şəhərində anadan olub. Tam adı Philip Michael Ondaatjedir. O, Şri-Lankada (həmin dövrdə Seylon) böyüyüb. Uşaqlıq illəri onun sonrakı yaradıcılığına ciddi təsir göstərib. Şri-Lankanın təbiəti, tarixi, müxtəlif mədəniyyətlərin qarşılaşması, ailə münasibətləri və uşaqlıq xatirələri onun əsərlərində tez-tez görünür.

1952-ci ildə, təxminən doqquz yaşında olarkən İngiltərəyə köçüb və burada təhsil alıb. Daha sonra Kanadaya gedərək ali təhsilini davam etdirib.

O, Bishop's University və University of Torontoda təhsil alıb, daha sonra Queen's Universitydə magistr dərəcəsi əldə edib. Ondaatje əvvəlcə daha çox şair kimi tanınıb. İlk şeir kitabı “The Dainty Monsters” 1967-ci ildə nəşr olunub.

 Sonrakı illərdə poeziya ilə yanaşı roman, nəsr, esse və kino ssenariləri də yazmağa başlayıb. Onun yaradıcılığında poeziya ilə nəsr arasında güclü əlaqə var. Romanlarında belə dili çox vaxt poetik, obrazlı və musiqili olur. Ondaatjenin dünya şöhrətinin əsas səbəbi “The English Patient” romanıdır.

Qeyd etdiyim kimi, əsər 1992-ci ildə nəşr olunub və həmin il Booker Prize qazanan əsər olub. Roman İkinci Dünya müharibəsinin sonlarına yaxın İtaliyada yerləşən tərk edilmiş bir villada yaşayan bir neçə insanın taleyindən bəhs edir.

 

Əsas personajlar:

 

- ağır yanıq xəsarətləri almış sirli bir kişi

- gənc tibb bacısı Hana

- kanadalı oğru və kəşfiyyatçı David Caravaggio

- hindistanlı mina təmizləyicisi Kip

 

Onların hər birinin müharibə ilə bağlı travmaları və gizli keçmişi var. Romanın maraqlı tərəfi odur ki, hadisələr yalnız indiki zamanda baş vermir. Personajların xatirələri, keçmişi və yaddaşları əsərin mühüm hissəsini təşkil edir. Roman 1996-cı ildə rejissor Anthony Minghella tərəfindən filmə uyğunlaşdırılıb.

 

Baş rollarda:

Ralph Fiennes

Juliette Binoche

Willem Dafoe

Kristin Scott Thomas

oynadılar. Film böyük uğur qazandı və 9 Oskar mükafatı aldı. Bunların arasında Ən yaxşı film və Ən yaxşı rejissor mükafatları da var. Beləliklə, Ondaatjenin romanı həm ədəbiyyatda, həm də kinoda böyük iz buraxdı.

 

“In the Skin of a Lion”

1987-ci ildə nəşr olunan bu roman Kanadanın Toronto şəhərinin inkişafı fonunda müxtəlif insanların həyatlarından bəhs edir.

Əsərdə immiqrantların, fəhlələrin və cəmiyyətin kənarında qalan insanların taleyi mühüm yer tutur.

Bu əsər sonradan “The English Patient” ilə də əlaqələndirilib.

 

“Coming Through Slaughter”

 

1976-cı ildə nəşr olunmuş romandır. Əsər caz musiqiçisi Buddy Boldenin həyatından ilhamlanıb. Ondaatje burada musiqi, yaradıcılıq, azadlıq və insanın daxili dünyasını araşdırıb.

 

“Anil's Ghost”

2000-ci ildə nəşr olunan roman Şri-Lankadakı siyasi zorakılıq və müharibə fonunda yazılıb. Əsərin baş qəhrəmanı Anil adlı hüquq-məhkəmə antropoloqudur. O, ölkəsinə qayıdaraq insan qalıqlarının kimliyini müəyyənləşdirməyə çalışır. Romanın əsas mövzularından biri həqiqəti üzə çıxarmaq və yaddaşın qorunmasıdır.

 

“Divisadero”

2007-ci ildə nəşr olunan romandır. Ailə, sevgi, travma, ayrılıq və yaddaş mövzularını araşdırır.

 

“Warlight”

2018-ci ildə nəşr olunan bu roman İkinci Dünya müharibəsindən sonrakı London mühitində yaşayan iki bacı-qardaşın hekayəsindən bəhs edir. Əsərdə uşaqlıq xatirələri ilə sonradan öyrənilən həqiqətlər arasında ziddiyyət yaradılır.

 

Qeyd etdim, Ondaatje yalnız roman yazıçısı deyil, həm də ciddi şəkildə şairdir. Onun məşhur şeir kitablarından bəziləri:

1. The Dainty Monsters

2. The Collected Works of Billy the Kid

3. Elimination Dance

4. There’s a Trick with a Knife I’m Learning to Do

 

Xüsusilə “The Collected Works of Billy the Kid” əsəri onun poeziyada tanınmasına böyük təsir göstərib. Bu əsərdə tarix, əfsanə və bədii təxəyyül birləşdirilib.

Michael Ondaatje müxtəlif mühüm ədəbi mükafatlara layiq görülüb. Ən mühüm uğurlarından biri isə əlbəttə ki başlığa çıxardığım uğurudur:

 

1992 — Booker Prize — “The English Patient”

 

Bundan başqa, onun poeziyası və digər romanları da müxtəlif Kanada və beynəlxalq ədəbi mükafatlarla təltif olunub. 2016-cı ildə Golden Man Booker üçün “The English Patient” 50 illik Booker Prize tarixinin ən yaxşı romanı seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

Litvanın paytaxtı Vilnüsdəki Bernardinlər bağında “Vilnius Is My City 2026” beynəlxalq icma festivalı keçirilib. Müxtəlif ölkələrin nümayəndələrini, mədəniyyət və qastronomiya xadimlərini bir araya gətirən tədbirdə ölkəmiz təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən veriləm məlumata görə, Azərbaycanın festivaldakı iştirakı Baltikyanı Ölkələrdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə koordinatoru Nərmin Əliyevanın təşəbbüsü ilə baş tutub.

 

Xalqlar arasında mədəni dialoqu və qarşılıqlı ünsiyyəti təşviq etmək məqsədilə təşkil edilən festival çərçivəsində 100 metr uzunluğunda ortaq masa qurulub. Qonaqlar müxtəlif xalqların milli mətbəx nümunələrini dadmaqla yanaşı, onların zəngin mədəniyyəti və adət-ənənələri ilə də tanış olublar.

Azərbaycan stendində ölkəmizin zəngin milli-mədəni irsi, ənənəvi ornamentlər və xalçaçılıq sənətinə aid nümunələr nümayiş olunub, ziyarətçilərə milli ornamentlərin və xalça naxışlarının rəmzi mənaları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Azərbaycan mətbəxinin ləziz təamları və milli şirniyyatları qonaqların böyük marağına səbəb olub.

Festival çərçivəsində keçirilən “Vilnius Is My City Awards” mükafatlandırma mərasimində “Mədəni Vilnüs naminə” nominasiyasında Nərmin Əliyevanın təmsil etdiyi “SPEAK Lithuania” təşkilatı qalib elan edilib.

Azərbaycan icmasının “Vilnius Is My City 2026” festivalında fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin Litvada tanıdılması, Azərbaycan mədəniyyətinə marağın artırılmasına töhfə verib. Tədbir həmçinin Litvada yaşayan azərbaycanlıların ölkənin ictimai və multikultural həyatında fəal iştirakını nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2026)

 

ABŞ-də yaşayan azərbaycanlı alim və təhsil mütəxəssisi Sevinc Məmmədova Corc Vaşinqton Universitetinin prorektoru təyin olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 15 ildən artıq təhsil, beynəlxalq inkişaf və tədqiqat sahəsində təcrübəyə malik olan Sevinc Məmmədova bu təyinatadək universitetdə dekan müavini vəzifəsində çalışıb. O, Texas-Arlinqton Universitetində magistr, Corc Vaşinqton Universitetində isə Təhsil Administrasiyası və Siyasəti üzrə doktorluq təhsili alıb. 

 

Professor Sevinc Məmmədova Azərbaycan və ABŞ universitetləri arasında akademik əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Onun təşəbbüsü ilə Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında yaradılan magistr proqramı çərçivəsində 2020-ci ildə ilk tələbə qəbulu həyata keçirilib. O həmçinin 2025-ci ildə Corc Vaşinqton Universiteti ilə Bakı Dövlət Universiteti arasında elmi-tədqiqat, akademik mübadilə və ikili diplom proqramları üzrə əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib. Soydaşımız ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alim və tədqiqatçıları bir araya gətirən Amerika Azərbaycanlı Akademiklər Şəbəkəsinin təsisçilərindəndir. Şəbəkə çərçivəsində Stanford, Berkli Kaliforniya və Corc Vaşinqton universitetləri də daxil olmaqla, ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrində elmi forum və konfranslar təşkil olunub. Sevinc Məmmədova, eyni zamanda Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvüdür.

Onun fəaliyyəti Azərbaycan alimlərinin beynəlxalq akademik mühitdə təmsilçiliyinin gücləndirilməsinə, Azərbaycan və ABŞ ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinə, eləcə də diaspor alimlərinin vahid akademik şəbəkə ətrafında birləşdirilməsinə xidmət edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2026)

 

16 -dən səhifə 3100

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.