Xarici ədəbiyyat - Elizabetta Baglinin (İtaliya) şeirləri Featured

 

Elizabetta Bagli Azərbaycan oxucusu üçün yeni addır. Romada doğulub və Madriddə yaşayır. Şair-yazar, radio müxbiri, tərcüməçi, çox sayda beynəlxalq kültür dərnəklərinin təmsilçisidir. Roma və Latsio bölgələrinin mədəniyyətini tanıtmaq məqsədiylə qurulan LATİUM dərnəyinin rəhbəridir. Bir çox beynəlxalq mükafatlara layiq görülmüş şair və yazardır.

 

Bu gün Elizabetta Baglinin iki şeirini Dos.Dr. Həyat Şəminin tərcüməsində oxucularımıza təqdim edirik. Davamı olacaq…

 

 

MƏN KİMƏM?

 

Hərdən özümdən soruşuram:

Mən kiməm?

 

Bir çinar ağacının yarpağı kimiyəm

küləklərin arxasınca qaçan,

budaqlara tutunur qurtulmaq üçün əllərim,

Uçuş sevdası şəklində

acı çəkməkdə içim-çölüm...

Və istəmədən həvəssizcə düşürəm.

 

Bir yay buludu kimiyəm,

ağappaq, pambıq kimi və parlaq.

Küləyin mənim üçün cızdığı

yollar boyunca qaçıram...

Biçimlər icad edirəm,

işık və kölgə oyunları yaşayaraq,

sonra istəmədən dağım-dağım dağılıram.

 

Yer üzünün qoxusuyam,

fırtınadan sonrakı kəskin və güclü...

Yeni rənglərə bürünür,

yeni davalara girirəm,

Çıxarıram dadını üfüqlərin çiçək açmasının,

bilinməyən limanlarda yaşayıram,

başqa yaşamları hiss edirəm hər yerimdə,

özümü arayıram...

 

Mən kiməm?

 

Bitməmiş bir kitabam,

çoxdan yazılmış olanın başlanğıcıyam.

 

 

DİNLƏ!

 

Şeytanlıqda təlim görmüş insanların

saysız-hesabsız palitrasındakı

tullantı cənnətindən su içməyən,

susuzluqlarını qanlı göz yaşlarıyla doyuran

parçalanmış səslərin,

çiçəklərin ölkəsini dinlə!

 

Ağrı, çamur, aşağılanmalar arasında

Öz-özlərini mühakimə edənlərin

daşlarını dinlə,

gör necə nifrət edirlər,

gör nələr aşılayırlar

vücudlara, beyinlərə,

bütün kimliyi yox edib,

məhrum edənləri...

 

Savaş yolları boyunca

kinayəli yerişindən çıxan,

göz qamaşdıran qollarıyla

bu tozu dinlə!

Hirslə yuvaları yıxan,

evləri pərişan edən,

bu köhnə iştahı dinlə!

Onun ölümcül hirsi

bir mədəniyyəti basdırmada,

xəbərin olsun, adam!

 

Dinlə, ey insan!

Əllərin doğulandan

sülhü yaratmaq üçün,

niyə alovlara sərxoş olursan?

Niyə diktatorluqları və ölümləri

gözləməkdən xoşlanırsan?

Yaşamaq, sevmək üçün

azad olaraq doğulmuşkən...

Niyə?

 

Dinlə, ey insan!

Bu payızda yaşa

gözlənilən o canlı işık partlamalarını!

Ver bütün dünyaya

ümidi və sağlıqlı diləkləri.

Nə qədər sürəcəkdir,

Bir saat?

Bir gün?

Bir ay, yoxsa bir il?

 

Xeyr!

Sənin sonsuzluq istedadın var!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.