“Ədəbiyyat və incəsənət” portalı və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə Sevinc Qəribin şeirləri təqdim edilir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
SEVİNC QƏRİB
SONRA...
Sonra kirpiklərim yükünü atdı,
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu...
Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
"çiçəyi çırtladı" ümidlərimin...
Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də, üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma.
Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri Günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
...sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb...
ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ
Bəzən tanımıram heç özümü də,
Ruhuma yad gəlir hissim, həvəsim.
Hərdən qınayıram bu dözümü də
Sıxdıqca köksümü ölüm nəfəsi.
Əynim iztirabın təzə donunda,
Kirpiyim yuyunur köhnə yağışda.
Bəlkə də, işıq var yolun sonunda,
Sönür ümidlərim yanlış naxışda.
Kimsə əl uzadır duama sarı,
Göy üzü doludu qırıq diləklə.
Bəxtim cadar üzlü zavallı qarı,
Özüm hələ körpə qızdı bələkdə.
Biçənək kimidi arzumun üzü,
Bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
Ömür də sığınıb Tanrı şeirinə.
ADINI PIÇILDAYIRAM...
Adını pıçıldayıram, duyursanmı?
Çatırmı bu həzin eşq nəğməsi qulaqlarına?
Ruhun titrəyirmi dodaqlarımın atəşindən?
Kəpənək duyğular sarırmı ürəyini?
Arayırsanmı mən adlı səadətini?
Yuva əllərini ciblərində gizlət, əzizim,
əllərim elə hey uçunur evinə sarı.
Yenə baxışlarım qovur darıxan kölgəmi,
nəm gözümdən sökülür həsrətinin divarı...
Külək haray çəkir pəncərəmin önündə,
bəlkə, ağacların ahını alır,
bəlkə, "ağacla" gəzənlərin günahını.
Bəlkə də, dərdini çırpır şəhərin küçələrinə,
mən də ortaq oluram küləyin sərsəriliyinə...
Adını pıçıldayıram dua kimi,
xəyalın keçir Tanrıyla aramda olan körpüdən.
Hasil olmuş dilək kimi isidirsən ürəyimi,
unuduram ayrılıq fəslinin soyuqluğunu,
atıram özümü havanın qollarına...
Adını pıçıldayıram...
Dəli külək qoparır adını dodaqlarımdan,
qonur pıçıltılarım küləyin qanadına,
uçur ruhumun kəşf etdiyi ünvana –
– dur, aç pəncərəni, səsim sənə qonaq gəlir...
Adını pıçıldayıram, duyursanmı?!
SƏN GƏL, DİRİ QALSIN SON SAATLARIM
Sən susduqca, mən özümə çəkildim.
içimdəki o tənha qız danışdı.
Sənsiz ömrün qəm üzünə büküldüm,
sükut adlı bu dərd mənə tanışdı.
Alışdıqca içimdəki söz odu,
ürəyimi nişan aldı ağrılar.
Vüsalın kəm, ayrılığın tez oldu,
həsrətimin səbri geniş, bağrı dar.
Niyə çəkim bu bədənin yükünü,
ruhumda ötürsə əcəl kəlməsi?!
Yandırsam da xeyri yoxdu "tükünü",
nağıl olar ta Sənimin gəlməsi...
Neçə dərdə qucaq açdı qollarım,
əskik qaldı bala sözü dilimdə.
İzə düşdüm sənə gəldi yollarım,
balam oldun, bala batdı dilim də...
Eşqin dua kimi yetdi könlümə,
ümid geydi ürəyimin çatları.
Qayıt, ömrüm, əzrayılı önləmə!
Sən gəl, diri qalsın son saatlarım...
DUALARIM NƏM…
İndi boşluq adlı ağrı
hakim kəsilib ruhuma,
içim də uçurum kimidi,
hər gün bir əsrlik
boşluğa yuvarlanıram.
Bilirsən, qaçmaq şansım yoxdu,
ayaqlarım beynimin əmrini dinləmir,
qollarım da asi çıxdı,
əllərimi utandırdı göylərdən...
Gözlərimdəki selin
dayanacaq yeridi qucağım.
Dualarım nəm, dilim titrək...
çatmır göyə dilədiklərim.
Bəlkə də, ölmüşəm,
sinəmdəki göynərti cəhənnəm odudu...
İndi tam uçurumun kənarındayam,
əlsiz-ayaqsız ümidimi asmışam andan,
ya uzat əlini,
qurtar məni qorxularımdan,
ya ölümə tərk elə...
HƏLƏ
Hələ yağışlardan səs-soraq yoxdu,
hələ toz uduruq quru havadan.
Hələ dalğalar da öz rəngindədi,
qayalar sağ çıxır sulu davadan.
Hələ meh darayır güllərin telin,
hələ küləklərin boyu gödəkdi.
Günəş geniş açıb pay verən əlin,
hələ şəfəqlər də dolu yedəkdi...
Hələ ürəyimin yanğısı sönük,
hələ qollarımda sızlamır ağrı.
Hələ dərd verməyir bir üzüdönük,
hələ öz eşqinə yuvadı bağrım.
Hələ düz yeriyir ayaqlarım da,
hələ əsalara bağlıdı yollar.
Durur kürəyimdə dayaqlarım da,
hələ qucaqlayır məni o qollar.
Özümü görürəm hələ güzgüdə,
Hələ əllərimin sahibi mənəm.
Hələ ögeyləşmir ruhum özgədə,
Hələ vətəniməm, hələ ölkəməm.
***
Bomboş küçə kimidi
ruhumda avazıyan şəkillər,
nə ağac var söykənəcək,
nə divar var yapışacaq.
Ümidsizdi səhra tənhalığına
uzanan yollar,
gedilmədikdən sonra
nə anlamı var...
Uzaqların isti cazibəsi
daha çox təsəllidir.
YUXUDA GÖRDÜM Kİ…
Yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
gözümdəki sevincin
balaları doğulur üzümə
gülüş şəklində...
ruhum bədənimi çəkir
göydəki doğma evinə.
– ay ana, bax, mən uçuram,
uçuram, ana, vallah, uçuram...
bax qollarım necə açılıb,
gör havanı necə qucuram.
İlahi, o necə sevinc idi,
o necə gülüş idi,
mələk idi, ya mən idim
qanadı eşq geyinən.
tut ağacının gülüşü
ağappaq çiçək açmışdı.
yuxuma Tanrının gəlişin
görüb dərd hara qaçmışdı?!
uçdum boyu boyunca
budaq-budaq ucaldım.
tellərimi doyunca
sığalladı göy üzü...
güzgü oldu gözlərim
qanadlanan könlümə.
yuxuda gördüm ki, uçuram
həm də sevinə-sevinə...
BOŞA ÇIXIR TANRININ ƏLLƏRİ
Qollarım ağlamaqdan yorulsaydı,
dizlərimi təsəlli edərdi,
hasar olardı köksümdəki ağrılara,
qucaqlayardı tənhalığımı...
Ehh... yanmaq alova sarılmaqdı,
kül olmaq közdən ayrılmaq.
Arzuların sürükləndiyi edam kötüyü
kiminsə hegomonluq taxtıdı,
kiminsə ölüm vaxtı.
İşıq qaranlığı boğa bilmir,
yenilir zülmətin çirkin xislətinə.
Çarmıxa çəkilir həyat,
insanlıq öldürülür,
dualara qəsd edilir bu məmləkətdə..,
boşa çıxır Tanrının əlləri.
Yerdəki "allahlar" dünyanı qamarlayıb,
quru çörəyə boyun əydirir bəndələri.
Şeytana könül verənlərin qulağı kar,
iblisə tapınanların gözü kor...
Aclığa ibadət edir könüllər,
nədisə yox olur mərhəmət,
göy uzaqlaşır yerdən,
dərin quyulara qərq olur sevgilər,
hissiz doğulur ürəklər.
Bətni boş qalır buludların,
yananların üstünə qaçır yağışlar...
***
Adam barmağından yıxıla bilər,
sürüşər ovcunun doğmalığından.
Adam barmağından asar özünü,
üşüsə üzüyü yad barmağında.
Sınar ümidlərin göy bağlılığı,
uzanar əllərin ətəyin boyu.
Ötürər köksünü çarəsiz ürək,
çalınar o tayda "yadının" toyu.
Donar xatirələr bir şəkil üstə,
ötüşər yuxundan dünənin izi.
Yozarsan min yerə çıxılmazları,
su yuyub aparar gözün dənizi.
Çökər dizi üstə xəyalların da,
Qəminə bulaşar saçının teli.
Nəm çəkər duan da, susdura bilməz,
dərdin əsdirdiyi o dəli yeli.
Atarsan özünü mən zirvəsindən,
yıxılar içindən o böyük adam.
Budaqlar əl çalar eniş müjdənə,
quru yarpaq olar "dadına çatan".
“Ədəbiyyat və incəsənət”
(05.06.2026)


