“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
13-CÜ DƏRC
Peşmanlıq keçmişlə üzləşmədir. Bağışlamaq isə bu üzləşməni gələcəyə daşıya bilmə cəsarətidir.
On üçüncü hissə
Evin qapısını açıb içəri girəndə, içimdə rahatlıq vardı. Bağışlamağın verdiyi yüngüllük hələ də, ürəyimi titrədirdi. Keçmişin yükünü çiyinlərimdən atmışdım. İllərdir içimdə yığılıb qalmış sualların cavabını tapmışdım. Artıq o suallar mənə əzab vermirdi.
Həyat yoldaşım mətbəxdə idi. Üzündəki yorğun ifadəyə baxmayaraq, məni görəndə gülümsədi. Gözlərində həmişəki kimi o doğmalıq, o istilik vardı. Ona yaxınlaşıb qucaqladım.
- Sənə bir şey demək istəyirəm. – pıçıldadım.
- Eşidirəm. – deyib, maraq dolu baxışlarla üzümə baxdı.
- Mən səni çox sevirəm… Və bilirəm ki, sən də məni sevirsən. Mənə verdiyin dəyəri, səbrini, sevgini indi daha yaxşı anlayıram. Sən mənim həyatımın ən doğru seçimisən.
O, əllərini üzümə qoydu, gözlərinin dərinliyində sanki bir işıq parladı.
- Mən bunu həmişə bilirdim, Humay. Sadəcə, sənin də bunu hiss etməyini gözləyirdim.
Həmin an başa düşdüm ki, əsl sevgi nə deməkdir. Sevmək, seçmək demək idi. Mən artıq seçmişdim. Və bu seçimimdən heç vaxt peşman olmayacaqdım. Bağışlamaq mənə azadlıq vermişdi, amma sevgi mənə bir ömür boyu davam edəcək xoşbəxtliyi bəxş edirdi.
Birdən həyat yoldaşım həyəcanlı bir şəkildə dedi:
- Əzizim, mən də sənə vacib bir söz deməliyəm. Amma əvvəlcədən qeyd edim ki, hələ onlara fikrimi bildirməmişəm. Sənin qərarını öyrənmədən, cavab vermək istəmədim.
Sözlərindəki gərginliyi hiss edərək maraq və narahatlıqla suallarımı yağdırdım:
- Nə xəbər? Hansı qərar?
O da diqqətlə üzümə baxaraq davam etdi:
- Mənə Türkiyədə işləmək üçün, yeni bir iş təklifi gəlib. Amma təbii ki, bu qərarı təkbaşına verə bilmərəm.
- Bəs sən özün bu təklifə razısan?
Əlimi tutdu və sakit bir səslə cavab verdi:
- Əzizim, mənim razı olub-olmamağım bir şeyi dəyişdirməz. Biz bir ailəyik. Hər ikimizin istəkləri önəmlidir. Həm sən buradakı işinə, mühitə öyrəşmisən. Sənə təzyiq göstərib “razılaş” deyə bilmərəm.
Onun bu incə düşüncəsi qəlbimi isidirdi.
- Çox düşüncəlisən, əzizim. Doğrudur, işimi sevirəm, evimizə, şəraitimizə öyrəşmişəm, amma bəzən həyatda riskə getmək lazımdır. Üstəlik, mənə görə sevdiklərim yanımda olduqdan sonra, harada yaşamağımın elə bir önəmi yoxdur. Necə ki, sən hər zaman mənim qərarlarımda yanımda olub dəstək olmusan, mən də səni hər qərarında dəstəkləyəcəyəm. İş məsələsinə gəlincə, darıxsam, orada da işləyə bilərəm. Bu, elə də böyük bir problem deyil.
Sözlərimi bitirəndə gözlərində minnətdarlıq hiss etdim. Biz birlikdə olduğumuz müddətcə hər şeyin öhdəsindən gələ biləcəyimizi bilirdik.
- Sənin bu anlayışın, mənə olan dəstəyin o qədər dəyərlidir ki… Amma bilmək istəyirəm, doğrudan da, bu qərar səni xoşbəxt edəcək? Yəni, hər şeyin dəyişməsi, yeni bir ölkəyə köçmək, iş mühiti, həyat tərzi… Bunlar sənin üçün çətin olmayacaq?
- Əzizim, həyat bir yerdə dayanmaq üçün deyil. Mən bilirəm ki, bu asan olmayacaq. Amma sənin yanında olmaq daha vacibdir. Biz birlikdə olduqdan sonra hər şeyin öhdəsindən gələ bilərik.
O, sevincini gizlədə bilmədi, məni qucaqladı. Qucağında sakitlik və güvən hiss edirdim. Artıq qərarımız verilmişdi.
- O zaman, mən bu təklifi qəbul edirəm! – deyə həyəcanla söylədi.
- Yeni bir həyat bizi gözləyir, əzizim, – dedim və başımı çiyninə qoydum.
O gecə biz, xəyallarımız haqqında danışaraq yatdıq. Yeni bir ölkə, yeni bir həyat, yeni ümidlər… Qarşımızda bilinməzliklə dolu bir yol vardı, amma ən önəmlisi, biz bu yolu birlikdə addımlayacaqdıq.
***
Səhər açıldı. Günəşin pəncərədən süzülən zəif işığı otağıma dolanda, artıq ayaq üstə idim. İşə hazırlaşaraq evdən çıxdım. Yol boyu fikrim dünən yoldaşımla etdiyimiz söhbətə ilişib qalmışdı. Həm də bu günün xüsusi bir gün olduğunu dərk edirdim. – Rüstəm bəylə son seansımız idi. İçimdə rahatlıq vardı. Onun həyatına toxuna bilmiş, onda dəyişikliklər yaratmışdım. Özü də bunu açıq şəkildə etiraf etmişdi – qısa zamanda həyatında çox şey dəyişmişdi. Bu gün isə onun bu dəyişiminin hara qədər irəlilədiyini görəcəyim gün idi.
Düşüncələrim arasında yolun necə keçdiyini hiss etmədim. Artıq iş yerimin qapısında idim. Otağıma keçəndə bir anlığa dayanıb ətrafa nəzər saldım. Bu otaq təkcə dörd divardan ibarət deyildi, burada yaşanmış hekayələr, səslənmiş etiraflar, göz yaşları və rahatlıq tapmış qəlblər vardı. Buradan ümidlə ayrılan insanları düşündükcə içimi fərqli bir duyğu bürüdü.
Bu gün mənim üçün bir önəmli məsələ daha var idi. Artıq verdiyimiz qərarı müdiriyyətlə bölüşməli, işdən ayrılacağımı bildirməli idim. Amma əvvəlcə pasiyentlərimlə son seanslarımı tamamlamalıydım.
Gün ərzində hər biri öz vaxtında gəldi. Onların üzlərindəki ifadələri, seans boyu söylədikləri sözləri yaddaşıma həkk etdim. Sonda isə ən çox gözlədiyim pasiyent – Rüstəm bəy qapını döyüb içəri keçdi.
- Salam, Humay xanım, necəsiz?
- Salam, Rüstəm bəy. Çox sağ olun, bəs siz özünüzü necə hiss edirsiniz?
- Təşəkkür edirəm, Humay xanım. Düzünü desəm, heç vaxt bu qədər azad və rahat hiss etməmişdim. Elə bil illərdir içimi sıxan, çiyinlərimə ağırlıq edən bir yükdən qurtulmuşam. Nəfəs almaq belə daha asan gəlir… Amma bir etiraf da edim ki, bəzən özümə qarşı qəzəb hiss edirdim. Özümü bir həbsxanada saxlamış, azadlığımı əlimdən almışdım. Bu hisslərdən tam qurtula bilməsəm də, indi bunun da öhdəsindən gələcəyimə inanıram.
- Aydındır, Rüstəm bəy. O anlarda qəzəbinizi azaltmaq üçün hansı üsullardan istifadə edirdiniz?
- Daha çox tək qalmağa üstünlük verirdim. Bəzən içimdəki gərginliyi çıxarmaq üçün nəyisə yumruqlayır, bəzən isə sadəcə qaçaraq bütün enerjimi sərf etməyə çalışırdım. Bu, məni bir qədər sakitləşdirirdi.
- Bəs sizin üçün bağışlanma nə deməkdir?
- Bağışlanma hər insan üçün fərqli mənalar daşıyır. Bəzən elə insanlar olur ki, onların səhvlərini asanlıqla bağışlaya bilirsən, çünki ya onlara olan sevgin, ya da başa düşmək istəyin daha güclüdür.
- Bəs özünüzü bağışlaya bilmisiniz?
- Düzünü desəm, hələ ki yox. Çünki insan başqalarını bağışlasa da, bəzən öz içindəki günahkarlıq hissindən qurtula bilmir. Amma anladım ki, daim keçmişi düşünərək yaşamaq, özümü ittiham etmək yalnız məni geri çəkir. Yavaş-yavaş qəbul etməyə başladım ki, hər kəs səhv edə bilər və ən vacibi, bu səhvlərdən nəticə çıxarmaqdır. İndi isə deyə bilərəm ki, özümü tam bağışlamasam da, ən azından buna hazır olduğumu hiss edirəm…
- Bu, çox vacib bir məqamdır, Rüstəm bəy. Keçmişinizi bir yük kimi yox, bir dərs kimi görmək, onunla barışmaq, həqiqi sağalmağın ən mühüm mərhələlərindən biridir. İnsan özünü bağışlamağa başladıqca, içindəki qəzəb, peşmanlıq, günahkarlıq hissi azalır, yerini isə daxili sakitlik və qəbul etmə hissi alır.
- Amma bəzən elə olur ki, keçmişdən tam qopa bilmirəm. Həmin hisslər yenidən qayıdır…
- Bu, tamamilə normaldır. Keçmişdən qopmaq, onu unutmaq demək deyil. Əksinə, əsas məsələ odur ki, keçmişinizin sizi idarə etməsinə imkan verməyəsiniz. Keçmişdə etdikləriniz bugünkü sizi formalaşdırıb, amma bu
o demək deyil ki, siz həmin səhvlərin içində ilişib qalmalısınız. Siz artıq onları qəbul edib, nəticə çıxarmısınız.
- Bəs tam olaraq necə bilə bilərəm ki, özümü həqiqətən bağışlamışam?
- O an, keçmişiniz haqqında düşünəndə içinizdə qəzəb, və ya günahkarlıq yox, sakitlik hiss edirsiniz. Həmin vaxt biləcəksiniz ki, özünüzü bağışlamısınız. Mən inanıram ki, siz bu yolda çox böyük addımlar atmısınız… Daxili rahatlıq tapmağa hələ də ehtiyac duyursunuz, yoxsa artıq özünüzü tam sakit hiss edirsiniz?
- Hələ də tam rahatlıq tapdığımı deyə bilmərəm. Bəzən elə anlar olur ki, boşluq hiss edirəm. Sanki keçmişdən qopan xatirələr yenidən qayıdır. Amma fərqi ondadır ki, indi bu hisslərin içində itib batmıram. Onları qəbul edirəm, anlamağa çalışıram və bilirəm ki, bu da bir prosesdir. Yəni, tam rahat olmasam da, artıq doğru yolda olduğumu hiss edirəm.
-Sizcə, o daxili rahatlığı tapmaq üçün nələrə ehtiyacınız var?
- Düşünürəm ki, ilk növbədə özümlə tam səmimi olmağa və keçmişimlə bağlı qalan suallara cavab tapmağa ehtiyacım var. Hərdən elə bilirəm ki, keçmişi arxada qoymuşam. Əslində isə onu görməzdən gəlirəm. Hələ tam qurtulmadığım bəzi hisslərimlə üzləşməliyəm. Bundan başqa, özümə daha çox vaxt ayırmalı, həyatımı keçmişin kölgəsində yox, indinin içində yaşamağı öyrənməliyəm. Ən əsası isə, özümə qarşı daha mərhəmətli olmağı bacarmalıyam…
Bu rahatlığı tapmaq üçün bəzən fərqli şeylər etməyə ehtiyac duyuram. Futbol oynamaq, dostlarımla vaxt keçirmək, səyahət etmək… Amma ən çox özümlə baş-başa qalmaq mənə yaxşı təsir edir. Həyatın bütün səs-küyündən uzaqlaşıb düşüncələrimi dinləmək. Və bir də… Məni mühakimə etmədən dinləyəcək, başımı rahatca dizinə qoyub susa biləcəyim bir dosta, hər zaman ehtiyacım olub. O adamın yoldaşım olmasını çox istəmişəm, hətta əvvəlki görüşümüzdə də bu barədə danışmışdıq. Lakin etiraflarımın ardından rahatlıq tapmaq bir yana, vəziyyətin daha da pisləşəcəyini düşünürəm. Çünki, keçmişimi danışanda onu bir daha yaşayıram. Bəzən elə gəlir ki, hər şey yenidən baş verir. Ən pisi odur ki, nə qədər izah etsəm də qarşımdakı insan tam olaraq nə hiss etdiyimi anlamayacaq. Bəlkə də, bu məni daha da tək hiss etdirəcək. Yəni, mən danışdıqca yüngülləşmək əvəzinə, daha çox yorulacağam.
Bundan başqa, özümü həmişə güclü göstərməyə çalışmışam. Kiminsə qarşısında açılmaq, zəif tərəflərimi göstərmək mənim üçün asan deyil. Əgər mənə təsəlli vermək əvəzinə, vəziyyəti analiz edib, düzəltməyə çalışsalar və ya məsləhət verməyə başlasalar, bu mənə daha da ağır gələ bilər. Mən sadəcə mühakimə olunmadan dinlənilmək istəyirəm. Ancaq bunun mümkün olub-olmadığını bilmirəm…
- Sizin hiss etdikləriniz çox məntiqlidir. Keçmişi danışarkən onu yenidən yaşamaq, onun ağrısını təzədən hiss etmək təbiidir. Çünki sizin üçün bu sadəcə bir xatirə deyil, bir zamanlar varlığınızı, düşüncələrinizi, hətta bəlkə də kimliyinizi formalaşdıran hadisələrdir. Tam olaraq nə hiss etdiyinizi başqalarının anlaya bilməyəcəyindən narahat olmaqda çox haqlısınız. Çünki heç kim sizin yaşadıqlarınızı sizin qədər hiss edə bilməz. Amma bilməlisiniz ki, anlayış və empatiya fərqli şeylərdir. İnsanlar bəzən eyni ağrını hiss etməzlər. Amma sizi dinləmək, sizi qəbul etmək və yanınızda olmaq üçün, mütləq hər şeyi tam başa düşməyə ehtiyac yoxdur. Güclü görünmək məsələsinə gəldikdə isə…
Biz güclü olmaq üçün hər şeyi içimizdə saxlamağa çalışırıq. Güc həmişə səssiz dayanmaq və hissləri boğmaq deyil. Bəzən güc, özünə səmimi olmaq, ehtiyac duyanda dəstək istəməkdir. Öz zəif tərəflərinizi göstərmək insanı zəif etmir. Əksinə, bu sizin özünüz ilə barışmaq yolunda atdığınız cəsarətli bir addımdır. Daha çox yorulmaqdan qorxursunuzsa, bəlkə də, danışmaq üçün doğru insanı tapmamısınız. Belə bir insan tapdıqda, sizi qınayacağını düşünməyəcəksiniz.
- Əslində qorxuram ki, səmimi olduqdan sonra, ya uzaqlaşacam, ya da uzaqlaşdırılacam. Düşünürəm ki, güvənmək, açılmaq böyük riskdir. Çünki bir dəfə açılanda artıq geri dönüş olmur. Sən, o insanın gözündə həmişə belə qalacaqsan. Bu isə məni narahat edir. Birdən bir gün o insan dəyişsə? Birdən indi mənə anlayışla yanaşan biri, sabah bu səmimiyyətimə görə məni zəif saysa? Ya da bir gün lazım olsa, sözlərimi mənə qarşı istifadə etsə? Bəlkə də, tək olmaq daha təhlükəsizdir. Amma tək qalmaq istəmirəm…
- Siz çox incə və dərin məqamlara toxunursunuz. Güvən həqiqətən də bir riskdir. Çünki qarşımızdakı insanın necə davranacağını tam bilmək mümkün deyil. İnsanlar dəyişir, münasibətlər dəyişir, amma bu, o demək deyil ki, heç vaxt kiməsə güvənməməliyik. Deyirsiniz ki, səmimiyyətinizdən sonra artıq geri dönüş olmur, çünki həmişə o insanın gözündə zəif biri kimi qalacaqsınız. Bəlkə də, sual belə olmalıdır: – Bu, həqiqətən də pis bir şeydirmi? Sizi olduğunuz kimi qəbul edən biri üçün bu, problem olmaz. Hətta bu, daha dərin və sağlam bir bağ yarada bilər. Ancaq burada önəmli bir məqam var; güvən və açılmaq təkcə qarşı tərəflə bağlı deyil, özünüzlə də bağlıdır. Öz hisslərinizə, öz seçimlərinizə güvənmədikcə, qarşınızdakı insanın münasibətindən asılı qalmaq daha qorxulu görünəcək. Bəlkə də, məsələ o insanın sizə necə yanaşacağı deyil, sizin özünü necə gördüyünüzdür. Siz tək olmaq istəmədiyinizi dediniz. O zaman sual belədir: – Tək qalmamaq üçün başsqalarına açılmağı seçmək daha doğrudur, yoxsa əvvəlcə özünüzü, hisslərinizi tam qəbul edərək, sonra bu güvəni paylaşmaq? Özünüzü daha rahat hiss edəcəyiniz yol hansıdır?
- Açığı, mən də bilmirəm… İnsan tək qalmamaq üçün paylaşmağa məcburdur. Problem ondadır ki, mən özümü tam qəbul edə bilmirəm. Çünki əgər tam qəbul etsəydim, başqalarının məni necə görəcəyindən bu qədər narahat olmazdım, elə deyil? Bilmək istədiyim budur: – İnsan həm özünü qoruyub, həm də başqalarına güvənməyi necə bacara bilər?
- Bir münasibətdə həqiqi yaxınlıq və sağalma yalnız dürüstlük üzərində qurula bilər. Elə buna görə də, sizin üçün ən doğru insan yoldaşınızdır. Sağalma və güvən tək başına yaşanan proses deyil. Özünüzü gizlətmək əvəzinə, olduğunuz kimi qəbul olunmağı seçmək sizə daha çox sakitlik və inam verəcək. Bəs, sizcə, bu dəyişimi etmək üçün ilk addımı necə ata bilərsiniz?
- Əslində, danışmaq istəyirəm. Əgər danışsam məni başa düşməsə və ya məni bağışlamasa? Çünki dəyişdiyimi sübut etməli olduğumu deyirsiniz, amma insan necə sübut edər ki? Sözlə? Davranışla? Zamanla?.. Mən doğru yolu seçdiyimdən əmin olmaq istəyirəm. Daha öncə ona nələrisə deməyə çalışmışam, amma ya sözlərimi tam ifadə edə bilməmişəm, ya da o an üçün, mənim nə hiss etdiyimi tam başa düşməyib. Bu dəfə fərqli olsun istəyirəm. Amma necə başlayacağımı, necə danışacağımı bilmirəm… Bəs, bu söhbətə necə başlamalıyam? Onun məni başa düşməsi və mənim də özümü tam ifadə edə bilməyim üçün nə etməliyəm?
- Tərəddüdlərinizi anlayıram. Dəyişdiyinizi sübut etmək isə təkcə sözlə deyil, eyni zamanda davranışlarınızla da mümkündür. Zamanla göstərdiyiniz sabitlik, yanaşmalarınızdakı dürüstlük və özünüzü ifadə etmə tərziniz ən böyük sübut olacaq.
Bəzən insanlar ani şəkildə “Mən dəyişdim” – deyərək qarşı tərəfi inandırmağa çalışırlar, amma bu uzun bir prosesdir. Vacib olan dəyişiminə sədaqətli qalmaq, bunu gündəlik davranışlarında əks etdirməkdir.
Söhbətə necə başlamaq məsələsinə gəldikdə… İlk növbədə, bunu sakit və uyğun bir anda etməyə çalışın. Hisslərinizi, düşüncələrinizi öncədən beyninizdə hazırlamağa çalışmaq faydalı ola bilər, amma hər şeyi planlaşdırmaq da lazım deyil. Sadəcə, səmimi olun. Keçmişdə etdikləriniz üçün peşman olduğunuzu, amma indi hər şeyi daha yaxşı anladığınızı deyin. Onun hisslərini dinləməyə və anlamağa hazır olduğunuzu göstərin. Ən əsası, təkcə danışmaq üçün deyil, onu həqiqətən dinləmək üçün də hazır olmalısınız. Onun cavabı, reaksiyası sizin gözlədiyiniz kimi olmasa belə, bu sizin səmimiyyətinizi dəyişdirməməlidir. Əgər sizi başa düşməsini istəyirsinizsə, eyni zamanda, siz də onun hisslərini başa düşməyə çalışmalısınız. Əgər lazımdırsa, onun yanında olduğunuzu hiss etdirmək üçün səbr edin, hətta bəzən qürurunuzu bir kənara qoyub, özünüzü daha açıq şəkildə ifadə edin. Yeri gəlsə, onun qapısında gözləyin, yorulmayın, əl çəkməyin. Əgər kövrəlsəniz, bunu gizlətməyə çalışmayın. Hisslərinizi olduğu kimi yaşayın, çünki insan həqiqi olduğu zaman daha inandırıcı olur.
Bağışlanmaq zaman alır. Yoldaşınız ilk anda sizi bağışlamasa da, bu, onun heç vaxt bağışlamayacağı mənasına gəlmir. Asan olmayacaqs, amma əgər ürəkdən istəyirsinizsə, inanıram ki o, sizi anlayacaq və bağışlayacaq. Əsas odur ki, siz də öz niyyətinizə sadiq qalın.
Beləcə, söhbətimiz get-gedə daha da dərinləşirdi. Ancaq seansın vaxtının bitdiyini Rüstəm bəyə xatırlatmalı oldum.
- Söhbətimizi bölmək istəməzdim amma iş saatımız artıq bitib. Üstəlik, bu sizə ayrılan seansların sonuncusudur.
Daha sonra onun üz ifadəsi dəyişdi, baxışlarında bir az kədər, bir az da minnətdarlıq sezildi. Sonra sözünə davam etdi:
- Hər kəsin öz missiyası, öz öyrətdiyi bir dərs var. Bu görüşlər mənim üçün böyük bir dönüş nöqtəsi oldu. Həyatıma fərqli bir pəncərədən baxmağı öyrəndim. Ümid edirəm ki, yoldaşımla edəcəyim etiraflardan sonra hər şey daha yaxşı olacaq.
- Rüstəm bəy, ilk növbədə bunu qeyd etmək istəyirəm ki, həyatınıza müsbət mənada toxuna bildiyimi eşitmək məni çox sevindirir. Düzdür, bu peşədə çalışarkən bir çox pasiyentimin həyatında dəyişiklik yaratmağın sevincini yaşamışam. İlk görüşümüzdən etibarən anlayırdım ki, keçmişinizdə sizi yaralayan hadisələr olub. O ağrının nə qədər dərin olduğunu hiss edirdim. Lakin bir gün birdən-birə dəniz kənarına gəlməməyiniz, məni məyus etmişdi. Sizə kömək edə bilmədiyimi düşündüyüm üçün, içdən-içə narahat olurdum. Amma sonra, yenidən görüşməyimiz və sizin dəyişiminizi görmək mənə ikiqat sevinc bəxş etdi. Hə, bir də… Bu yalnız sizin üçün son seans deyil. Bir neçə gün sonra mənim də bu işdə sonuncu günüm olacaq…
Sözlərim Rüstəm bəyi açıq-aşkar təəccübləndirdi. Narahatlıq dolu bir səslə suallar verməyə başladı:
- Son iş günü? Niyə? Ümid edirəm ki, hər şey qaydasındadır…
Onun narahatlığını hiss edib, sakitcə başımla təsdiqlədim:
- Narahat olmağa əsas yoxdur. Hər şey yolundadır. Sadəcə, yoldaşıma başqa bir ölkədən iş təklifi gəldi. Biz də bu fürsəti dəyərləndirmək qərarına gəldik.
- Çox gözəl! Sizin üçün ən xeyirlisi olsun, Humay xanım. Siz bir çox insanın həyatına işıq saçmısınız. Əminəm ki, harada olsanız, orada da öz nurunuzu yaymağa davam edəcəksiniz. Sizə, uğurlar arzulayıram!
Bu sözlər məni həm duyğulandırdı. İkimiz də susub gözlərimizlə danışdıq. Bu, vidalaşmaq üçün deyil, yeni başlanğıclar üçün bir baxış idi…
(İyunun 8-də sizlərə romanın epiloqu təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(05.06.2026)


