Super User
“Maraqlı söhbətlər”də Messinin insanpərvərliyi
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
2016-cı ildə Əfqanıstandan olan Murtaza Əhmədi adlı gənc oğlanın şəkli ağ-mavi plastik torbadan evdə hazırlanmış Argentina köynəyi geyindiyi zaman internetdə böyük populyarlıq qazandı. Ailəsi əsl formanı ala bilmədikləri üçün uşaq arxasına markerlə "Messi" və "10" rəqəmini yazmışdı.
Bu sadə jest onun heyran olduğu oyunçuya çatdı. Messi bu hekayədən çox təsirləndi və UNICEF-in köməyi ilə Murtazaya imzalı iki forma, biri Argentinadan, biri də Barselonadan, hər birində "Con mucho cariño, Leo" ("çox sevgi ilə, Leo") mesajı olan imzalı futbol topu göndərdi.
Həmin ilin sonlarında Murtazanın arzusu gerçəkləşdi, o, Barselonanın yoldaşlıq oyunundan əvvəl Messi ilə görüşməyə dəvət olundu, ikisi əl-ələ meydana çıxdı və Murtaza o qədər həyəcanlandı ki, oyun başlamazdan əvvəl Messini buraxmaqdan imtina etdi.
Bəzən ən kiçik heyranlıq hərəkətləri ən böyük anlar yaradır.
Bir neçə gün bundan əvvəl növbəti dünya çempionluğu qazanmaq şansını əldən verən və hazırda çox pəjmürdə olan Messinin bax bu cür insanpərvərliyi də var imiş.
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
“Şəbəkə”dən “Cavid ömrü”nədək
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Haqqında danışacağım aktrisanı mən “Cavid ömrü” filmindən tanımışam, ifasını bəyənmişəm. Azərbaycanın əməkdar artisti Həcər Ağayevadan danışıram. Bu 22 iyul günündə 40 yaşını- yubileyini qeyd edən aktrisa 1986-cı ildə anadan olub. Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini və S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.
2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb.
2004-cü ildən S.Vurğun adına Rus Dram teatrının aktrisasıdır. Rus Dram Teatrına gedən tamaşaçılar onun ifalarını xüsusən bəyənirlər, böyük izləyici ordusu vardır.
Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.
Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
- Bir dəfə Qafqazda
- Cavid ömrü
- Tanrıverdinin nağılı
- Laplandiyalı qonaq
- Sonuncu dərviş
- Aramızda qalsın
- Vəkil hanı?
- Şəbəkə
- Sirr
- Həyat, sən nə qəribəsən.
- 2 ömür
- Həddən artıq uyğunluq.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)
Tarixi romanlar yazan, Yunus peyğəmbərdən sonra üçüncü Yunus olan Yunus Oğuz
Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“- Qədeş, nə yaxşı şlyapan var?
- Yeri ala, sən yaxşı adam deyilsən.
- Hə, ürəyini yemə, iki manatını verəcəm də...
- Yekə oğlansan ala, mən pul adı çəkdim? İstəyirsən iki manat da verim. İş pulda deyil e, iş “vinimatelni” olmaqdadır. Adamlar gərək bir-birinə “vinimatelni” olsunlar. Sən mənə “vinimatelni” olarsan, mən də sənə...
- Davud, bir şeyi başa düşə bilmirəm, bu danışıq nəyə lazımdır?
- Ala, sən mənim dostumsan? Hə! Harda işləyirsən- ət kombinatında. Bir dəfə də olsun gəlib demisən ki- Davud, sənə kolbasa, sosiska gətirmişəm, al, vur bədənə...”
Söhbətimə nahaq yerə məşhur “Uşaqlığın son gecəsi” filmindəki Davudla Muradın dialoqundan başlamadım. Çünki bu dəfə sizə Davudun sözü olmasın, “vinimatelni” adamlardan birindən söhbət açmaq istəyirəm. Amma söhbətimə onun xarakter xüsusiyyətlərindən başlayacam: Ağıllı, ahəngdar, praktik, cəlbedici, təşəbbüskeş, səmimi, fədakar, qənaətcil, sosial insandır. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşır. Uğurlu adamdır, yenilməz gücə sahib olmaq arzusundadır. Necə deyərlər, həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. Və adətən qarşısına qoyduğu məqsədlərə çatır. İş həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır...
Müsahibələrindən birində deyir ki: - “Məndə qeyri-adi bacarıq var, amma bunu açıqlasam hamı üstümə tökülər. Tarixi roman yazılarkən bədii təxəyyülə çox cüzi yer ayrılır. Birincisi, əsərin yazılma məqsədi olmalıdır. İlk olaraq bunu aydınlaşdırmaq lazımdır. Niyə görə bu tarixi mövzuya müraciət olunur? İkincisi, xronoloji ardıcıllığın gözlənilməsidir. Şəxsiyyətə, dövrün hadisələrinə münaqişələrə, mübarizələrə müraciət olunarkən xronoloji ardıcıllıq o qədər mükəmməl olmalıdır ki, tarixin təhrif olunmasına tənqidçilər heç bir arqument tapa bilməsinlər. Əksinə, desinlər ki, hətta bizim bilmədiyimiz faktlar da əsərdə xronoloji ardıcıllıqla göstərilib. Əgər bunlar olmayacaqsa, tarixi roman yazmağa dəyməz...”
Hər şeydə lider olmağı xoşlayır və ətrafındakıları idarə etməyi bacarır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə çalışır. Çox iti ağıllıdır. Səyahət etməyi sevir və gördüyü hər yeri və obyekti əzbərləyir. Sevdiyi insanlarla vaxt keçirməkdən və onları xoşbəxt edəcək kiçik sürprizlər etməkdən xoşlanır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Heç vaxt tək qalmaq istəmir və həmişə izdihamlı yerlərdə olmağı üstün tutur. Ağayana davranışı ilə insanların könlünü fəth edə bilir...
“Romanın məqsədi, məramı, ideyası öz yerində. Digər cəhət də odur ki, romanı müəllif hansı dildə yazır. Mən xarici dilləri nəzərdə tutmuram. Burda ədəbi-bədii dildən söhbət gedir. Bir var ki, dil çox çətin olur, bir-iki səhifə oxuyursan sonra oxumaq istəmirsən. Amma bir də görürsən ki, dil o qədər şirin olur ki, oxuduqca səni özünə çəkir və istəyirsən ki, axıracan oxuyub qurtarasan. Bu amil də əsasdır. Elə yazıçılar var ki, kifayət qədər sanballı yazır, ancaq dili ağır olduğu üçün cəmiyyət tərəfindən qəbul olunmur. Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər dövründən yazdığım romanda niyə o dövrün sözlükləri yoxdur? Mən o dövrün sözlərindən heç birini işlətmirəm. Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin insanları üçün yazmıram ki! Mən müasir insanlar üçün başa düşülən dildə yazıram. XV əsrin sözlüklərini yazsam gərək onun açıqlamasını da verəm. Açıqlamanı da verəndə, oxucularda yoruculuq yaradır. Müasir variantda niyə verilməsin ki?! Mənim bildiyimə görə, bəzi yazıçılar öz əsərlərinin ikinci nəşrində qaranlıq sözlərdən imtina edərək, onları yeni variantları ilə əvəzləyirlər. Mən də hiss edirəm ki, getdiyim yol daha oxunaqlıdır.”- söyləyir.
Soyuqqanlı münasibəti onun əslində bir müddət alışıb-yanan duyğularını gizlətdiyini göstərir. Yeyib içməyi, mədəni əylənməyi xoşlayır. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur. İncə yumor hissinə malik və mərhəməti ilə seçilən dost tipidir. Hər bir mövzuda danışmağı bacarır. Münasibətlərində sadiq və etibarlıdır. Bir sözlə, şən və gözəl sosial rəftarı ilə dostları arasında həmişə seçilir və bəyənilir. Sufizmin vurğunudur, xarakterində bir şamanlıq var...
Deyir ki:- “Sufizmin kökü şamanlıqdan gəlir. Orda Tanrı qəbulu var və bu çox normal bir şeydir. “Əmir Teymur” və “Şah arvadı və cadugər” romanlarını yazanda şaman rəqslərini öyrənmək üçün Yakutiyaya getmişdim. Bu çox normal bir şeydir. Mən Tyan-şana Tanrı dağına da gedirəm. Bunu internetdən də öyrənə bilərdim. Bir də var ki, reallığı, həqiqəti öz gözlərinlə canlı-canlı görürsən. Məhz bu zaman ordan aldığın enerjini ürəyində, başında gəzdirə bilirsən. Bu zaman daha effektli əsər yazmaq olar. Sevgimiz sufizmə, şamanizmə çox böyükdür. Bunlar birbaşa Tanrının verdiyi elmlərdi ki, hər kəsdə olmur...”
Evində yaratdığı rahatlıq və geniş mühit onun üçün hər şeydən önəmlidir. O, məişət xarakteri ilə diqqət çəkir və ailəyə önəm verir. Fərqli əşyalarla maraqlandığı üçün evində antik əşyalarla yanaşı, heyrətamiz dərəcədə dəbdəbəli və bahalı əşyalara da rast gələ bilərsiniz. Özünü təkmilləşdirməyi və hər zaman bir addım irəli getməyi hədəfləyir. Ona rəqib olmaq mümkün deyil. Fəal və aktiv insandır. İlk baxışdan çox ciddi görünə bilər, lakin onun qürurlu görünüşünün altında sürprizlərlə dolu bir xəzinə və tez düşünən zəka yatır...
Haqqında danışdığım yazıçı, jurnalist Yunus Oğuz 1960-cı ilin iyul ayının 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. Daha sonra Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. Ardınca iki il əsgəri xidmətdə olub. Üç ilə yaxın Şirvan şəhər pambıq təmizləmə zavodunda mülku müdafiə qərargahının rəisi vəzifəsində çalısıb. Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakültəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla AMEA-nın Fəlsəfə və hüquq institutuna göndərilib və burada bir müddət kiçik elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə Milli Azadlıq hərəkatına qoşularaq, hərəkatın aktiv üzvlərindən biri olub. 1990-cı ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə birlikdə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib. 1992-ci ildə AXC sədrinin müavini təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri təyin edilib. 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsini tərk edərək, Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və partiyanın sədri olub. 1997-ci ildə onun təşəbbüsü ilə ABUP və XAP birləşərək, Xalq Azadlıq Partiyası yaradılıb və sədrlik ona həvalə edilib. 1998-ci ildə isə XAP bölünəndə Yunus Oğuz və tərəfdarları partiyanın Vəhdət Partiyasına birləşdiyini elan ediblər və orada sədrinin birinci müavini seçilib. Çox keçmədən bu partiya da bölünüb və Yunus Oğuzun rəhbərliyi altında Milli Vəhdət Partiyası yaradıldığı elan edilib. Nəhayət, 2023-cü ildə Milli Vəhdət Partiyası da fəaliyyətini dayandırıb. Bütün bunlardan əlavə o, xeyli müddətdir ki, həm də jurnalistika ilə məşğul olur. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı, 1989-cu ildən 1991-ci ilədək "Azad söz" qəzetinin, həmçinin "Xüsusi bulleten"lərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1991-1992-ci illərdə "Ordu" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1995-ci ildən bu günə qədər "Olaylar" İnformasiya agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. “Tərəqqi” medallı “Əməkdar mədəniyyət işçisi”-dir...
Bəli, tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabiliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir. Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq, daha çox tanınacaq. Doğrudur, söylədikləri, yazdıqları Quran ayəsi olmasa da, haqqı arxasıyca çəkən kəlmələrdir. Düşünür və düşündürməyi də bacarır- müdrik adamdır və bu millətin qənimət övladlarından biridir. Adında mistika var, bu sehr onu əbədi yaşadacaq- Yunus peyğəmbərdən və Yunus İmrədən sonra yadda qalacaq üçüncü Yunus olacaq. "Oğuz" kəlməsi isə fərqlənməsi üçündür...
Bu gün – Milli Mətbuat Günündə - iyulun 22-də Yunus Oğuzun 66 yaşı tamam olur. Ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
“Tələbə yaradıcılığı”nda Rəqsanə Həsənlinin şeiri
“Ədəbiyyat və incəsənət” portalının “Tələbə yaradıcılığı” rubrikasında bu gün sizlərlə Rəqsanə Həsənli öz “Atadır” adlı şeiri ilədir.
NDU-nun Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Rəqsanə Həsənli bədii yaradıcılığa maraq göstərir və müxtəlif janrlara müraciət edir.
Dünyanın nurunu bizə bəxş edən
Daim zəhmətiylə bizi böyüdən
Özünü bu yolda şamtək əridən
Ömrümüzə bəzək, zinət atadır
İbrətdir hər sözü bu gündə yenə
Hamıdan, hər kəsdən, əzizdir mənə
Ömür dəftərimin ən saf yerinə
Ən gözəl naxışım, misram atadır.
Qurantək müqəddəs nəsihətləri
Qızıltək qiymətli hər cümlələri
Saçında olsada ağ dənələri
İnsana ən böyük dayaq atadır.
Ən ülvi sevgidir onun sevgisi
Taleyin vergisi, dürü, incisi
Çətin anlarımın qayğıkeş səsi
Şükrümə ən böyük səbəb atadır.
Soruşsan əgər ki atanın səncə,
Haqqını nə ilə necə ödəyək.
Bir onu bilirəm dünyada məncə
Haqqı ödənməyən insan atadır.
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
“Biri ikisində” Mübariz Cəfərlinin 3 hekayəsindən üçüncüsü ilə
“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu gündən etibarən 3 gün ardıcıl sizlərə Mübariz Cəfərlinin 3 hekayəsi təqdim ediləcək.
İkinci hekayə “Xaltalılar” adlanır.
Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.
MÜBARİZ CƏFƏRLİ
XALTALILAR
İtlərə
...Bircə şeyə mat-məəttəl qalmışam ki, sənin həyətindəki it-pişiklər necə, nədən bir-biri ilə rahat, sakit dolanır, dolanmaq azdı, fikir vermişəm, bir-birləri ilə işləri yoxdu, hələ bir-birlərinin arxasında da durur, itlər sizin həyətdəki pişiklərə təsadüfən daş atan adamı tutsa, basmarlamamış əl çəkməz, itlərə sataşanlarısa pişiklər yığışıb cırmaq-cırmaq eləyər. Yemək, yal üstündə da davalaşıb boğuşan, cırmaqlaşan, qaçan-qovan görəməmişəm o heyvanları. Boş yerə səsləri çıxmır, heç biz öz həyətimizdə də hiss eləmrik ki, çəpər qonşumuz bir dəstə it-pişik saxlayır. Sənə inanmayana lənət, xudaya, adamlar aranı qatıb-qarışdırmasa, qurd quzu ilə yola gedər. Sahibinin əşyasını min adamın pal-paltarının arasından iyindəncə seçib tanıyana necə yuxarıdan aşağı baxmaq olar? Həqiqətən, binayi-qədimdən nankor olub insan. Ona ifrat sədaqətli, sadiq olana “murdar”, deyib. Burası var ki, gözüyumulu, özxoşuna sədaqət köləlikdən betərdi. Öz boynuna köləlik zənciri keçirib müti qul kimi başıaşağı gəzənə nəyə görə hörmət qoyasan, dəyər verəsən? O zənciri, o xaltanı boyunlarından çıxarıb azad olmaq istəmirlər, çünki azad olsalar, ölərlər, başlarının üstündə əli çomaqlı bir ağa, sahib, yiyə olmasa, yaşaya bilməzlər, əbədi köləlik boyunlarına biçilib...
Mən müqəddəs kitablarda itlərin murdar olması fikrinə rast gəlməmişəm. Baxma ki, yüz faiz o kitabları da insan övladı özünəsərfəli şəkildə, yəni yumşaq desəm, birtərəfli yazıya alıb. Allah yaradanın murdarı olmaz. Əti haram sayılan heyvana da murdar demək ədalətsizlikdi. Həlbət ki, onların müqəddəs yerlərə girməyi düzgün sayılmır. Fəqət murdarlıqlarına görə deyil, qanmadan, bilmədən, məscidi, digər müqəddəs yerləri batırmasınlar deyə... Daxili təmizlik qat-qat əfzəl, üstün sayılsa da, yəqin ki, Allah evinin təsadüfən belə, çirkaba batırılması o seçilmiş yerlərə hörmətsizlikdi, bir də ibadət eləyənlərin fikrinin yayınması... Yoxsa itin-küçüyün yol azıb məscidə girməsində, qışın soyuğunda, yayın istisində ora sığınmasında bir qəbahət görmürəm. Peyğəmbərimiz də səhih hədislərində heyvanlara qarşı mərhəmətli olmağı dəfələrlə vurğulayıb. Hər gün məscidə heyvan xislətli o qədər adam gəlir ki, get-gedə mənim də dördayaqlılara rəğbətim artır. Elə mən də sənin tayın olmuşam yavaş-yavaş. Biri heyvanları incidəndə mən özümə yer tapa bilmirəm. Yaxşı deyiblər ki, taylı tayını tapar...
Şüursuz hesab elədiyimiz itlərdə də az yoxdu. Məgər adamlar dəyərmi itlərin sədaqətinə? Sadiq olanda da gərək nalayiqin yox, dəyərlinin yolunda ölümə gedəsən. Bəlkə də, burasını heyvanların gözü ilə anlamağa kəramətimiz çatmır, biz onların nə, necə fikirləşdiyini, nəyə görə bizə ağlasığmaz görsənən hərəkətlər elədiyini qanmaq üçün gərək, heç olmasa, bircə gün onlar kimi yaşaya bilək. Onların cildində qiyafəsində yox a, tam onlara dönək. Düzdü, heyvanlardan, ələlxüsus itlərdən, çoxlu kitablar yazılıb, kinolar çəkilib, amma burda da elə o dünya, axirət deyimləri kimi qərarı, hökmü yazanlar, çəkənlər, yəni insanlar çıxardıb. Allah, axirət qeyb aləmi ilə nahaq müqayisə eləmədim mən. O şeyləri ki, dirilər bilmirlər, di gəl, gecə-gündüz elə bilmədikləri şeylərdən danışırlar. Allah, qeyb aləmi, axirət, yəqin ki, ölülərə, bu dünyadan köçənlərə agahdı, onlar da ki, danışa bilmir. Əgər ölülər danışa bilsəydi, dirilərə xəbərdarlıq eləyə bilsəydi, axirətin, qeyb aləminin sirri onlara da açılmazdı. Mən öz ağlımla fikirləşirəm ki, gərək heyvanlar məşhər günündə dil açmağı gözləməyə, elə üzü bəridə yığışıb adamlara hücum eləyə, onların payını verə, axırına çıxa... Amma nə bilmək olar, görünür, burda da bir hikmət var, hər halda, mən heyvanların səbrinə heyranam. Adamların tayı deyil dördayaqlılar, sədaqəti tək səbri də hüdudsuzdu. Yoxsa necə dözərdilər ovçu Atamalı kimi bir nadanın, əbləhin, qaniçənin gülləsinə? Yadındadı da, bələdiyyədən tapşırılmışdı ona ki, kənddəki yiyəsiz itləri güllələsin. Vurulan itin hər biri üçün beş manat verirdilər ona. O əclaf da gecə-gündüz bilmirdi, partapart salıb kənddəki yiyəsiz, sahibsiz itlərin, küçüklərin axırına çıxırdı. Hərdən camaatın itinə də güllə atırdı. Axırda pula görə öz itini də güllələdi ki, onsuz da qocalmışdı, bu gün-sabah öləcəkdi, day havayı niyə ölsün? Yaxşı ki, xarici ölkədən kəndimizə gələn turistlər təsadüfən bunu gördü – bizim kəndə qədim mağaralar var axı, özün bilirsən ki, xaricilər tez-tez gəlir buralara, bura paytaxtın iki addımlığında olduğundan gediş-gəliş də asandı – məsələ şişib böyüdü, xarici ölkələrdəki heyvansevərlər səslərini çıxartdı, aləm qarışdı bir-birinə, ovçu Atamalının gülləsinin sədası paytaxtacan gedib çıxdı, o allahsızın şəklini çəkib paytaxtdakı qəzetə də vurdular, xaricilərə nə var, Atamalının əli tüfəngli şəklini məsum, balaca küçükləri güllələdiyi məqamda da çəkə bilmişdilər, deyirlər, bəzi xarici telekanallarda da Atamalının vəhşiliyini göstərirlərmiş. Anan ölsün, ay Atamalı, göz qırpımında dünyaca məşhur olmuşdu, ancaq bu məşurluq ona baha başa gəldi, paytaxtdan yekə bir yoxlama heyəti tökülüşdü buralara, rayondakı polis, prokuror dəydi bir-birinə, bələdiyədəkilərə də yaxşıca qulaqburması verdilər, onlar da axırda hər şeyi yıxdılar Atamalının boynuna ki, bizim xəbərimiz yoxdu, bu kişi dəli olub, başlayıb özbaşına küçə itlərini güllələməyə. Atamalının da tüfəngini aldılar, özünü də yaxşıca cərimələdilər ki, bəs ağılsız adamın əlində tüfəng çox təhlükəlidi, bu gün dilsiz-ağızsız heyvanlara güllə atan sabah arvad-uşağı hədəfə alar. Yəqin, iş lap qəlizləşmişdi ki, tüfəngini almaq, cərimələmək azmış kimi, özünü də saldılar dəlixanaya, düz bir ay yazıq Atamalını saxladılar orda. Yazıq deməyə də dili gəlmir e, adamın, mən həmişə demişəm ki, hər kəs elədiyi günahların bədəlini elə bu dünyada ödəyəcək. Axirətdən qabaq, elə üzü bəridə...
Deyəsən, dəlixanada iynə-zad vurub əməlli-başlı dəli eləmişdilər Atamalı, qayıdandan sonra az yaşadı, özü də əvvəlki kimi deyib gülən adam deyildi, qaradinməz olmuşdu, dindirməsən danışmazdı. Son vaxtlar tez-tez məscidə gələrdi, sakitcə bardaş qurub oturardı bir küncdə, fikirli-fikirli hündür, oymalı tavana baxardı. Amma elə bil ətrafdan xəbəri yoxdu, xəyalı lap yuxarıda, ərşi-əlada idi.
Bir gün məsciddə elə ikimiz idik. Hava da çiskin, cansıxıcı idi, neçə gündü narın yağış kəsmədiyindən camaat evdən bayıra az-az çıxırdı. Məscidə də gələn azalmışdı, adamlar Rəhimin çayxanası kimi isti yerə yığışıb ordan-burdan qeybət eləməyi Allahın evində soyuqdan büzüşüb mürgü vurmaqdan üstün tuturdular. Bikarçılıqdanmı, ya həqiqətən, darıxdığımdanmı bilmirəm, yaxına gəlib döşəkçənin üstündə onunla üzbəsurət bardaş qurdum. Hənirtiyə xəyaldan ayrılıb key-key üzümə baxdı. “Necəsən, ay Atamalı? – xəbər aldım pıçıltı ilə, sanki içəridəki, aramızdakı gözəgörünməz haləni pozmaq istəmirdim.
– Deyəsən, sən də mənim kimi darıxırsan?” “Hə, darıxıram... – cavab verdi yavaşca. – Allah baisin evini yıxsın, ay molla, gül kimi işim-gücüm var idi, itləri vurub yaxşıca pul qazanırdım. Bir itə görə beş manat... Düzdü, bir manatımı kəsirdilər pul verənlər. Ancaq lap iki manata da it vurmaq sərf eləyərdi. Rahat, gəlirli iş idi. Hayıf...” “Bəs canlını öldürməkdən qorxmursan? İtləri də Allah yaradıb axı...” – heyrətə bürünən öləzik hirsimi boğub xəbər aldım. Etinasızlıqla, vecsiz-vecsiz çiyinlərini çəkib üzümə baxdı: “Nədən qorxacam, mən o heyvanları allahsızların arasında zülüm çəkə-çəkə it kimi yaşamaq əzabından xilas eləyirdim. İt kimi yaşamaqdansa, elə birdəfəlik ölüb canını qurtarmaq yaxşıdı... – dərindən köksünü ötürüb təkrarən heyfsiləndi. – Hayıf, day nə mənim tüfəngim var, nə də it öldürənə pul verən...” – yorğun-yorğun gözlərini yumdu. Bir xeyli donub qaldım, boğazımı arıtladım, neçə məclis yola versəm də, deməyə söz tapmadım, sonra sanki ağzım-dilim öz-özünə açıldı, fəqət elə bil mənim əvəzimə başqası danışdı, çünki səsim də xırıltılı gəldi, qulağım dilim deyənə yox, səsimə inanmırdı, öz səsimə qətiyyən bənzəmirdi dodaqlarımın arasından süzülən: “Bəndə nəkarədi ki, hökm eləyə, kim bu ixtiyarı verib məxluqa?” – kəlmələrə. O dəm lapdan ağlıma gəlmişdi ki, heç kəs yerin-göyün küllü-ixtiyarını verməyib Adəm törəmələrinə, adamlar şəraitdən istifadə eləyib hökmranlığı ələ keçiriblər, sonra da başlayıblar özlərinə bənzəməyən bütün canlılara qan uddurmağa, divan tutmağa... Atamalı isə dediklərimin, səsimin başqa cür çıxmağının fərqinə varmadı, deyəsən, heç eşitməmişdi sözlərimi, elə sakitçə gözlərini yumub oturmağında idi, başını da əymişdi çiyninə...
Bir həftədən sonra Atamalı köhnə tövlədə özünü asdı. Evdə adam olmamışdı, ya nədənsə, üç gün heç kəs xəbər tutmamışdı bundan. Atamalı da, lap düzünəsi, Atamalının meyiti də üç gün qalmışdı kəndirdən sallana-sallana...
Belə... Bu dolanbac həyat acı ilə şirinin qarışığıdı. Turşaşirindi... Nə isə, Atamalını yadıma saldım, kefim pozuldu. Day mən gedim, yəqin, boş-boş danışa-danışa sənin də qanını qaraldıram... Hələlik... Ötürmə məni, çevrə qapanmağa yaxındı, mən qocaldıqca uşağa dönürəm, hərdən, qəfil öz-özünə qəhər yumurlanıb gəlib durur hülqumumda...Nə aşağı gedir, nə yuxarı qalxır. Ağzımı güclə açıram belə məqamda, səsim titrədiyindən danışa bilmirəm. İndi də istəmirəm ki, yaşımın-başımın bu çağında mənim kövrəlməyimin şahidi olasan...
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
Ömrünü musiqimizə fəda edən xanəndə
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Xalq artisti, xanəndəƏlibaba Məmmədov Sabir Mirzəyevi muğamın klassik ənənələrinə sadiq sənətkar kimi qiymətləndirirdi. O, xüsusilə Mirzəyevin "Çahargah" muğamını böyük ustalıqla ifa etdiyini, səsinin qüdrəti və zəngulələrinin təmizliyi ilə seçildiyini qeyd etmişdi. Hər iki sənətkar Seyid Şuşinski məktəbinin davamçıları hesab olunurdu və eyni sənət mühitində fəaliyyət göstərirdilər.
Sabir Mirzəyev Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biri, özünəməxsus ifa tərzi ilə seçilən xanəndə idi. O, xüsusilə "Çahargah" muğamının ən güclü ifaçılarından biri kimi tanınır və Azərbaycan muğam məktəbinin görkəmli davamçılarından hesab olunur.
Həyatı
- Doğum tarixi: 14 noyabr 1943-cü il.
- Doğulduğu yer: Cəlilabad rayonu, Bayxanlı kəndi.
- Uşaqlıqdan musiqiyə maraq göstərmiş, ilk muğam dərslərini atası Nüsrət kişidən almışdır.
- Sonralar görkəmli xanəndə Seyid Şuşinskinin məktəbində muğamın sirlərini öyrənmiş, Asəf Zeynallı adına Musiqi Kollecində təhsil almışdır.
Yaradıcılığı
Sabir Mirzəyev 1960-cı ildən peşəkar səhnə fəaliyyətinə başlamışdır. Uzun illər:
- Azərbaycan Dövlət Filarmoniyasında,
- "Azərkonsert" Birliyində,
- Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində fəaliyyət göstərmişdir.
Onun ifasında səslənən bir çox xalq mahnıları və muğamlar Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılır. Ən məşhur ifaları bunlardır:
- "Qarabağın maralı"
- "Şuşanın dağları"
- "Nazlana-nazlana"
- "Gülə-gülə"
- "Aşiqəm"
- "Rast" muğamı
- "Çahargah" muğamı.
Fəxri adı
2007-ci ildə Azərbaycan muğam sənətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülmüş, eyni zamanda Prezident təqaüdçüsü olmuşdur.
İfa üslubu
Sabir Mirzəyev yüksək diapazonlu səsi, uzun nəfəsi, mürəkkəb zəngulələri və emosional ifa tərzi ilə fərqlənirdi. Xüsusilə "Çahargah" muğamının dramatik və coşqun təqdimatı onun yaradıcılığının zirvəsi hesab olunur. Musiqişünaslar və sənətsevərlər onu bu muğamın ən parlaq ifaçılarından biri kimi qiymətləndirirlər.
Vəfatı
Sabir Mirzəyev uzun sürən ürək-damar xəstəliyindən əziyyət çəkirdi. Müalicə üçün Təbrizdə olarkən 23 iyul 2011-ci ildə vəfat etmiş, cənazəsi Bakıya gətirilərək dəfn olunmuşdur.
Sabir Mirzəyevin vəfatı zamanı Azərbaycan musiqi ictimaiyyəti onu milli muğam sənətinin görkəmli nümayəndələrindən biri kimi yad etmiş, ifa etdiyi "Çahargah", "Rast" muğamları və xalq mahnılarının uzun illər muğamsevərlərin yaddaşında yaşayacağını qeyd etmişdir
Haqqında
Sabir Mirzəyev haqqında sənət adamlarının fikirləri mətbuatda geniş şəkildə toplanmasa da, onun yaradıcılığı barədə müxtəlif müsahibələrdə və xatirələrdə yüksək qiymətləndirmələr yer alıb.
Muğamsevərlərin və musiqişünasların ümumi qiymətləndirməsi
Sabir Mirzəyev haqqında yazılarda onun:
- "Çahargah" muğamının ən güclü ifaçılarından biri olduğu;
- klassik xanəndəlik ənənəsini qoruyub saxladığı;
- geniş diapazonlu səsə və uzun nəfəsə malik olduğu;
- muğamın dramatizmini dinləyiciyə çatdırmaq bacarığı ilə seçildiyi vurğulanır. Onun ifalarının əhəmiyyətli hissəsi Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılır.
.
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
Qarabağ bülbüllərindən biri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qarabağ – musiqinin Məkkəsi...
Bu günə doğum günü təsadüf edən xanəndə Sabir Novruzov da əslən Qarabağlıdır.
O, 22 iyul 1944-cü ildə Ağcabədidə dünyaya gəlib.
Sabir Novruzov Xan Şuşinskini, Seyid Şuşinskini, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu özünün müəllimləri sayıb. Aqibətindən danışan S. Novruzov bu sənətə bağlanmağının səbəbi barədə bunları deyib: "Orta məktəbdə oxuyarkən "Pionerlər evi"nə gedərdim. Qarmon dərsi almışam. O gözəl günlər indi də yadımdan çıxmır. Toylarda Əlif kişiyə, Yaqub Məmmədova qulaq kəsilirdim, daim öyrənirdim. Zahid Novruzov vardı, o da gözəl oxuyan idi.
1956-cı ildə bizi Bakıya gətirdilər, "Neftçilər klubu"nda çıxış etdik. Oxuyan zaman bir nəfər səhnəyə çıxdı, dedi ki, bu oğlanın gələcəyi var. "Qarabağ şikəstəsi" oxuyanda heyrətləndilər, apardılar səsimi fondda yazdılar. Yadımdadır, 1957-ci il idi, Şuşadakı istirahət evində gizlində oxuyurdum. Sən demə, direktor mənə göz qoyurmuş, oxuyan kimi məni apardı kluba. Sonra bildim ki, bu, məşhur tarzən Qurban Pirimovdur. Dedi ki, Qurban əmi, bir uşaq gətirmişəm, buna qulaq as.
Ağsaç kişiydi, soruşdu ki, oğlum, nə oxuyacaqsan? Dedim "Bəyənmir məni"ni oxuyacağam. Dedi xalq mahnılarından nə bilirsən? "Bəh-bəh", "Arazbarı" oxudum, bəyəndi. O zaman Şuşanın ən gözəl, dinc vaxtları idi. Oxuyandan sonra həlim səslə dedi ki, canım, sən mənə Cabbarı xatırlatdın. İnanın ki, artıq söz danışmıram. Dedi həddi-büluğa çatanda oxuma, bir az gözlə.
Elə həmin axşam Qurban əmi məni Şuşadakı şeir-sənət məclislərindən birinə apardı. Seyid əmini başında ağ papaqla gözəl xatırlayıram. Cürət edib ona yaxın gedə bilməzdim. Soruşdu ay Qurban, bu uşaq kimdir? Dedi ağa, yaxşı səsi var. Onun "Çahargah"ı indi də qulaqlarımdadır".
Sabir Novruzov belə sənətkarlardan görüb-götürdüyünə görə özünü xoşbəxt sayıb: "O zamanlar radio vardı, gecə-gündüz ona qulaq asardıq. İndiki gənclər televizorun qabağından çəkilmirlər, özü də ruhumuza yad olan verilişlərə daha çox baxırlar. Zülfü əminin mahnıları ruhuma keçib. Tanınmış xanəndələrin plastinkalarına qulaq asmaqdan doymazdım. O vaxtlar indiki kimi maqnitofon yox idi. Xan Şuşinskini, Seyid Şuşinskini, Cabbar Qaryağdıoğlunu, Yaqub Məmmədovu, Zülfü Adıgözəlovu müəllimlərim hesab edirəm.
Mən peşəkar musiqi təhsili almamışam. Amma musiqiyə bu dərəcədə bağlanmağım görünür ki, aqibətdən imiş. Radionun "Qızıl Fondu"nda, televiziyada xeyli ifalarım qorunur. 1956-cı ildə televiziya açılan zaman orada canlı oxumuşam. Keçmiş SSRİ-nin çox yerlərində qastrollarda olmuşam. Səsim əvvəlki kimi yerindədir. Azərbaycanda dövlət səviyyəsində muğama qayğı var. Bu, məni çox sevindirir. Heç bir oxuyanı qınamaq fikrində deyiləm. Mən istəyirəm ki, qədimlərimizdən gələn ənənə itməsin.
Gərək xanəndə həmişə öz halında qalsın. Xanəndə halında israrlı olarsa, toydakılar onun inadının qarşısında dura bilməz. Xalq mahnılarımızdan, muğamlarımızdan əbədi hansı qüdrət var? Muğam bir auditoriya, xanəndə bir müəllim rolundadır burada, o, sözün həqiqi mənasında dərs deməlidir. Muğamlarımız insanı ruhən, mənən təmizləyir, həyata, yaşamağa-yaratmağa inamını artırır. Bu, bəşər tarixin də tayı-bərabəri olmayan ilahi bir musiqidir".
Muğamatda insan ömrünün bütün mərhələləri musiqinin ecazkar diliylə ifadə olunur. Xanəndə inanırdı ki, oxuyurdu: "Mən muğam ifaçılığında özünəməxsusluğu, bənzərsizliyi əsas sayıram. Məsələn, "Mirzə Hüseyn Segahı"nı dəfələrlə tamamilə fərqli şəkildə oxumuşam. İnsanın səsi, nəfəsi başqasınkına qətiyyən oxşamır. Gərək insanın böyüklüyünü muğamatda ifadə etməyi bacarasan.
Muğamat başdan-ayağa sirrdir, sehrdir. Xan əmi heç yadımdan çıxmır. 1976-cı ildə Filarmoniyada məşq edirdik. Dedi ki, Sabir, bala, məşqdən sonra məni gözləyərsən, sənə sözüm var. O zaman onun mənə dediyi söz indiki kimi qulaqlarımdadır. Dedi ki, oğlum, bəxtinə belə səs düşüb, aqibətinə xəyanət eləmə. Mən onun məsləhətinə əməl etdim, səsimi qorudum. Dilimə içki vurmuram, soyuqdan-istidən qoruyuram. Gərək səs bulaq kimi çağlaya, heç vaxt qurumaya, boğulmaya".
Xanəndənin muğam oxuyarkən hansı şairlərin qəzəllərindən və necə istifadə etməsi məsələsi son dərəcə vacib amildir. Görürsən, hazırda bəzi xanəndələrin repertuarında daha çox Əliağa Vahiddən oxumaq dəbdədir. Amma Füzulidən oxuyanlar çox olsa da, nədənsə Nəsimidən oxuyanlar azdır. Füzuli ilahi aşiqlik rəmzidir, Nəsimidə insana sevgi aşiqliklə, cəngavərliklə birləşir. S. Novruzov daha çox Füzulidən, Nəbatidən, Sabirdən, Vahiddən və başqalarından oxuyub:
"Əruz vəznində yazılanları oxumaq həmişə ürəyimcə olub. Əkrəm Cəfər kimi tanınmış əruzşünasla söhbətlərimizi yaxşı xatırlayıram. Orta məktəb illərində həmişə Seyid Əzim Şirvaninin kitabı qoltuğumda olardı. Xalqımız çox incə qəlblidir. Bu, onun həyatın, mədəniyyətin bütün sahələrində dediyi böyük sözlə bağlıdır".
Xanəndə Güney Azərbaycanda da konsertlər verib: "Tehranda Yaqub Məmmədovla verdiyimiz konsertlər indi də xatirimdən çıxmır. Təbrizdə toyda iştirak etmişəm, orada həmçinin ustad şairimiz Şəhriyarın oğlu ilə tanış olmuşam, xeyli söhbətləşmişəm. Güneydə yaşayan soydaşlarımız Azərbaycan milli musiqisinin, muğamlarımızın vurğunudurlar.
Orada Savalan adlı tanınmış şairlə görüşdüm, şairlər məclisində iştirak etdim. Orada gözəl səsi olan xanəndələrimiz var. Belə məqamları görəndə çox sevindim. Ana sazımızın Güney Azərbaycanda bu gün də əvvəlki möhtəşəmliyi ilə yaşaması məni həddən artıq sevindirdi".
Muğamat bütün Şərqdə geniş yayılıb. Bu, danılmazdır ki, muğamları ən yaxşı şəkildə Azərbaycan türkləri qoruyub, saxlayıblar. Təbiidir ki, farslarda da muğamat gözəl ifadə olunur, hər birinin özünəməxsus xüsusiyyətləri mövcuddur: "Azərbaycanda muğam ifaçılığının zəngin ənənələri var. Bəli, digər tərəfdən də hər bir xalq muğama öz ruhunun tələbinə uyğun yanaşır. Elə muğamlar var ki, İranda çox, bizdə isə az oxunur. Məsələn, "Humayun", "Orta Mahur", "Bayatı-Qacar" bu qəbildəndir".
Qarabağdan olan xanəndələr etiraf edirlər ki, indi əvvəlki dövrlərdəki kimi səslər yoxdur. Bunun da səbəbini o torpaqlarda doğulan uşaqların didərginliyində görürlər. Sabir müəllim deyirdi ki, bu amillər danılmazdır:
"Hərçəndi ki, yurd itirmək ağır dərddir, bu, heç bir sözə, ifadəyə sığmır; amma mən inanıram ki, bütün itkilərimizə baxmayaraq heç vaxt bu səslər xalqımızdan əskik olmayacaq. Çünki bu xalqın halında o imkan var. Uşaq həmin səsi ananın bətnindəcə alır, doğulandan sonra anasının laylasını eşidir, deməli, xalqın ruhu yaşayır, ölmür. Səs ölmür, itmir, həmişəlikdir. Necə oldu ki, Seyiddən, Xandan sonra bu qədər yeni səslər əmələ gəldi? Bu o deməkdir ki, nə qədər dünya durur, muğamat xalqımızın ruhunda qalacaq".
Sənətkar 2007-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. 7 yanvar 2009-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
“Baladadaşın ilk məhəbbəti”ndə yaddaqalan obraz yaratmışdı…
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2002-ciilinnoyabrayının 7 də Bakı Bələdiyyə Teatrının 10 illiyiilə əlaqədarPrezidentHeydər Əliyevinfərmanı ilə aktyor YusifMuxtarova «Xalqartisti» fəxriadı verildi. Sonradan etiraf edirdi ki bu, ömrünün ən xoşbəxt günüdür.
Yusif Muxtarov 22 iyul 1941-ci ildə Sabirabad rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb.
1994-cü ilə kimi orada diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona Azərbaycan SSR Əməkdar artisti fəxri adı verilib. 1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub.
Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin «Qəribə adam», M.Y. Lermontovun «İki qardaş», Səməd Vurğunun «Vaqif», Nazim Hikmətin «Bayramın ilk günü», Çingiz Aytmatovun «Qırmızı yaylıqlı qovağım mənim», İlyas Əfəndiyevin «On iki manatlıq lüstr», «Söyüdlü arx», televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən «Baladadaşın ilk məhəbbəti», «Gecə qatarında qətl» filmlərində yaddaqalan obrazlar ifa edib.
Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur. Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olub.
Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatına layiq görülüb. 1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib.
Filmoqrafiya
- Baladadaşın İlk Məhəbbəti (1974)
- Onun bəlalı sevgisi (film, 1980)
- Gecə qatarında qətl (film, 1990)-Paxan
O, 26 aprel 2010-cu ildə ürək çatışmazlığından vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
Uşaq Filarmoniyasının qayğıkeş rəhbəri
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Dövlət Uşaq Filarmoniyası mədəniyyətimiz tarixində xüsusi yerə malikdir. Bu günsə biz Filarmoniyadan yox, ona rəhbərlik etmiş xanımdan danışacağıq.
Dilarə Əliyeva 22 iyul 1954-cü ildə Bakı şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirib.
1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb. 15 nömrəli musiqi məktəbində çalışıb. Lenin adına Azərbaycan Pedaqoji Universitetində müəllim kimi fəaliyyət göstərib. 1994–2012-ci illərdə – Bülbül adına orta ixtisas musiqi məktəbində xor-dirijorluq şöbəsində müəllim işləyib 1997-ci ildə – "Qız qalası" xorunun yaradaraq bədii rəhbəri olub.
2000-ci ildən isə "Qız qalası" xoru Azərbaycan Dövlət Xor Kapellasının tərkibində fəaliyyətini davam etdirərək "Uşaq xoru" adlanır. O, Dövlət Uşaq Filarmoniyasına direktor vəzifəsinə təyin olunub (bu günə qədər direktor vəzifəsində çalışır). 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında tələbə xorunun rəhbəri-müəllim kimi fəaliyyət göstərib. O, Əməkdar İncəsənət Xadimi adına və 4 dəfə Prezident təqaüdünə layiq görülüb.
Filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini,xalq rəqslərini, mahnılarını,muğamın incəliklərini itirməmək və bəstəkarlarımızın,şairlərimizin əsərlərini gənc nəsilllər tərəfindən qoruyub,saxlamaq Filarmoniyanın əsas məqsədidir.
Uşaq konsert təşkilatı olaraq geniş konsert və maarifçilik fəaliyyəti aparılır, uşaq auditoriyasını milli mənəvi sərvətlərə yaxınlaşdıraraq uşaqların arasından istedadlar aşkar edilir. İl ərzində Uşaq Filarmoniyasında 4 yaşından 18 yaşınadək 500-dən artıq uşaq fəaliyyət göstərir. Uşaqlarla Respublikanın tanınmış sənətkarları, xalq artistləri, incəsənət xadimləri tədris aparırlar.
İstedadlı uşaqlar Beynəlxalq, Respublika festival və müsabiqələrində iştirak edib, laureat adlarını qazanıblar. Dünyanın müxtəlif ölkələrinin, habelə, Fransa, Şotlandiya, İngiltərə, Avstriya, Türkiyə, Rusiya, Latviya, Moldova, Qırğızıstan, Qazaxıstan, Gürcüstan kimi dövlətlərin möhtəşəm konsert salonlarında öz məharətlərini yüksək səviyyədə göstəriblər
Eyni zamanda Dövlət tədbirlərinin daimi iştirakçısıdırlar. Belə ki, Bakı 2015 Birinci Avropa Oyunlarında, 2016ci il Formula 1 Azərbaycan Qran prisinin açılış mərasimi, 2107-ci ildə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Filarmoniyanın xor kollektivi iştirak etmişdir.
Yüzlərlə uşaq özlərinə sənət seçib,teatr, konsert və musiqi təşkilatlarında çalışır, bir çoxları Musiqi Akademiyasının, Milli Konservatoriyanın, İncəsənət Akademiyasının tələbəsidirlər. Bu gün böyük səhnələrdə çalışan bir çox incəsənət nümayəndələri Dövlət Uşaq Filarmoniyasının yetirmələridir.
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)
Doğum gününüz mübarək, ölümsüzlər!
Ön cəbhədə düşmən istehkamlarını yaran igid: Şəhid Rəcəb Məmmədov
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən, 44 günlük Vətən Müharibəsinin cəsur döyüşçülərindən biri də sıravi əsgər Rəcəb Məmmədovdur. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən etibarən könüllü olaraq ön cəbhəyə atılan Rəcəb, döyüş meydanında nümayiş etdirdiyi şəxsi mərdlik və rəşadətlə adını Azərbaycanın müasir hərb tarixinə şərəflə yazdırmışdır.
Həyatı, təhsili və ilk hərbi xidməti
Doğum tarixi: 22 iyul 1995-ci il.
Doğum yeri: Ucar rayonu.
İlk hərbi xidməti: 2014-cü ildə müddətli həqi hərbi xidmətə çağırılmış və ordu sıralarında xidmətini uğurla başa vurmuşdur.
Vətən müharibəsi və səngər şücaəti
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarının qarşısını almaq və işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə başlayan Vətən Müharibəsi Rəcəbin qəlbindəki vətən sevgisini yenidən alovlandırdı. O, müharibənin ilk günündən etibarən Səfərbərlik xətti ilə könüllü şəkildə döyüş bölgəsinə yola düşdü.
Rəcəb Məmmədov müharibənin ən strateji və gərgin döyüşlərinin getdiyi cənub cəbhəsində — Füzuli rayonu istiqamətindəki əməliyyatlarda fəal iştirak etdi. Ön xətdə birbaşa hücum əməliyyatlarına qatılaraq düşmən mövqelərinin və istehkamlarının darmadağın edilməsində fərqləndi. Gözüqorxmazlığı ilə seçilən qəhrəmanımız, üzbəüz döyüşlərdə mənfur düşmənin bir neçə canlı qüvvəsini şəxsən məhv edərək silahdaşlarına böyük ruh yüksəkliyi bəxş etdi.
Şəhadət zirvəsi
Füzuli rayonunun kəndlərinin işğaldan təmizlənməsi uğrunda gedən həlledici və ağır döyüşlərdən birində Rəcəb Məmmədov yenidən ön sırada hücuma keçdi. 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Şəhidimizin nəşi böyük izdiham və hərbi ehtiramla Ucar rayonunun Qulabənd kənd qəbiristanlığında əbədiyyətə uğurlanmışdır.
Ali dövlət təltifləri
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyi, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra aşağıdakı medallarla təltif olunmuşdur:
"Vətən uğrunda" medalı
"Füzulinin azad olunmasına görə" medalı
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(22.07.2026)


