Həm ifaçı, həm konsertmeyster, həm pedaqoq... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

Ötən il bu vədələrdə - 75 illik yubileyi qeyd ediləndə Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılmışdı. Bütün ailə musiqiçilərdən ibarətdir, proqram zamanı tar ifaçısının oğlu Əli canlı oxudu.

Onun ifası zamanı Firuz Əliyev kövrəldi, gözləri yaşardı. Sənətçi bildirdi ki, hər dəfə oğlu ifa edəndə kövrəlir...

Əsl musiqiylə insan həqiqətən də yaşamalıdır...

 

Firuz Əliyev 1950-ci il iyunun 4-də Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinfi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib.

Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb.

1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb. Xalq artisti fəxri adını isə İlham Əliyevdən alıb.

Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada və s. yerlərdə qastrolda olmuşdur. Dəfələrlə beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edib. Laureat adına layiq görülüb. Xarici ölkələrdə muğamlarımızdan ibarət kompakt-diski buraxılıb. 

Moskva şəhər Azərbaycan Təhsil Mədəniyyət Mərkəzi və Ümum-Rusiya Azərbaycan Konqresinin Moskva regional Bölməsinin təşəbbüsü və rəhbərliyi ilə, kamança ustası Mirnazim Əsədullayevlə, eyni zamanda Qorxmaz Axundov və Zaur Teymurbəyovla birlikdə münsiflər heyətinin üzvü olub.

Bəli, bu gün sənətkarın 76 yaşı tamam olur. Səksənə doğru!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.