İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzi və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Erkən orta əsrlərdə Şimal-Qərbi Azərbaycanda şəhərsalma və memarlığın inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının və AMEA Rəyasət Heyətinin müvafiq qərarlarının icrası çərçivəsində təşkil olunub.
Konfransı giriş sözü ilə Şəki Regional Elmi Mərkəzinin direktor vəzifəsini icra edən, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov açaraq tədbirin məqsəd və əhəmiyyətindən danışıb. O bildirib ki, Şimal-Qərbi Azərbaycanın tarixi şəhərsalma ənənələrinin və memarlıq irsinin öyrənilməsi elmi baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması xalqımızın zəngin memarlıq irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin davamıdır. O vurğulayıb ki, bu mühüm qərar şəhərsalma ənənələrinin tədqiqi üçün də yeni imkanlar yaradır.
Aliyə Osmanova çıxışında bildirib ki, Azərbaycan qədim şəhərsalma mədəniyyətinə və zəngin memarlıq irsinə malik ölkələrdən biridir. Tarix boyu ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Şimal-Qərb bölgəsində formalaşmış yaşayış məskənləri, müdafiə qurğuları, dini və ictimai tikililər xalqımızın yüksək mədəniyyətinin, mühəndislik və memarlıq düşüncəsinin parlaq nümunələridir. Bu baxımdan Oğuz rayonu da öz tarixi abidələri, qədim yaşayış məskənləri və zəngin mədəni irsi ilə xüsusi əhəmiyyət daşıyır.
Konfrans çərçivəsində müxtəlif mövzularda məruzələr dinlənilib. Məruzələrdə erkən orta əsrlərdə Oğuz rayonu ərazisində şəhərsalma və memarlıq ənənələri, Şəki–Oğuz bölgəsinin alban memarlıq abidələri, yazılı mənbələrdə Şəkinin şəhər tarixi, eləcə də son illərdə Oğuz rayonunda aparılan tikinti-quruculuq işləri və şəhərsalma prosesləri barədə elmi təhlillər təqdim olunub. Həmçinin şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar, eləcə də mediasiya proseslərinin rolu müzakirə edilib.
Məruzəçilər sırasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı Yusif Rzayev, Oğuz Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin əməkdaşı Nərmin Yəhyayeva, Şəki Regional Elmi Mərkəzinin Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri Elşən Abdurahmanov, Tarix və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov, eləcə də Qəbələ Mediasiya Təşkilatının direktoru Ədalət Əliyev yer alıblar.
Sonda konfrans iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, Şimal-Qərbi Azərbaycanın şəhərsalma və memarlıq irsinin tədqiqinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


