“Ədəbiyyat və incəsənət” portalının “Mütaliə saatı”nda yeni roman təqdim edilir. Bu, gənc yazar Bahar Bəxtiyarqızının “Əslində, mən kiməm?!” romanıdır.
Xoş mütaliələr.
12-Cİ DƏRC
Həqiqət gizlənmir, sadəcə biz onu görmək istəmədiyimiz yerdə dayanır
On ikinci hissə
İşdən çıxıb evə getdim. Evə çatan kimi, qapıya oğlum Mehdi qaçdı.
- Ana, nə yaxşı gəldin! Mən səni gözləyirdim!
Çantamı bir kənara qoyub, oğlumu qucaqladım və saçlarını sığalladım.
- Necəsən, oğlum? Bu gün məktəbdə günün necə keçdi?
- Ana, bilirsən, məktəbdə bir hadisə oldu… - deyib, həyəcanla sözünə davam etdi. – Bir uşaq başqa bir uşağı incidirdi. Mən baxırdım, amma heç nə etmədim. Düz elədim?
Ayaqqabılarımı çıxarıb, onu qarşıma aldım. Bu gün, Rüstəm bəylə danışdıqlarımı düşündüm və qəlbimdə qəribə bir hiss yarandı. Oğlumun verdiyi bu sual, mənim beynimdəki düşüncələri bir daha təsdiqləyirdi.
- Oğlum, səncə, birinin səhv etdiyini görəndə susmaq düzgündür?
Mehdi, başını aşağı saldı, barmaqlarını oynatmağa başladı.
- Bilmirəm… Mənə də nə isə edərlər deyə qorxdum.
Oğlumun bu sözləri, onun üçün hər şeyin nə qədər mürəkkəb olduğunu bir daha xatırlatdı. Ona, sadəcə fiziki güclə deyil, sözlə təsir etməyi də öyrətməli idim.
- Qorxmaq təbiidir, amma unutma, haqsızlığa göz yummaq daha böyük bir xətadır. Əgər, sən bir şeyin səhv olduğunu hiss edirsənsə, ona müdaxilə etmək, ya da ən azından bir böyüyə xəbər vermək lazımdır. Sənin düzgün davranışın başqalarına da örnək olar.
Mehdi, başı ilə təsdiqlədi, sonra otağa qaçdı. Gözümlə anamı axtardım. Anam qonaq otağında telefonla danışırdı. Onu narahat etməmək üçün, Mehdinin arxasınca yataq otağına getdim. Zəhramı qucağıma alıb, hər ikisi ilə mətbəxə keçdim.
Oğlumu düzgün tərbiyə etmək, həm də kiçik qızıma daha sağlam bir gələcək yaratmağın təminatı idi. Hər iki övladıma qarşı məsuliyyətimi daha dərindən hiss edirdim.
Mehdi, məni qucaqlayıb maraqla soruşdu.
- Ana, nə edirsən?
- Sənin üçün yemək hazırlayıram, oğlum.
- Mən səni çox istəyirəm, ana, – dedi sonra boyunun yetdiyi qədər məni qucaqladı.
Oğlumun bu sözlərinə gülümsəyərək cavab verdim:
- Mən də səni çox istəyirəm, əzizim.
Bir ananın övladlarına olan sevgisi və qayğısı, onun həyatını idarə edən ən mühüm gücdür. Zəhra və Mehdi ilə keçirdiyim hər an, həyatıma rəng qatırdı. Mən, yalnız ana və həyat yoldaşı vəzifələrini yerinə yetirməklə kifayətlənməyib, həm də özümü yaxşı bir insan, doğru bir tərbiyəçi kimi yetişdirmək istəyirdim. Hər gün bu məsuliyyəti daha da hiss edirdim, həm də qəlbimdə bir rahatlıq var idi – bu yolun sonunda övladlarımın doğru yolda gedəcəyinə inamım vardı.
Zəhra, qucağımda mənə gülümsəyərək baxırdı. Onun bu sevgi dolu baxışları mənə bir daha göstərdi ki, bu dünyada ən qiymətli şey ailədir. Ailəmin gücündən və sevgisindən aldığım enerji ilə, hər çətinliyin öhdəsindən gəlməyə hazır olduğumu hiss edirdim.Beləcə, günü ailəmlə birlikdə sonlandırdım.
***
Günlər bir-birini sürətlə əvəzləmiş, həftə sonuna yaxınlaşmışdı.
Bu gün də, kafeteriyadan qəhvə götürüb otağıma doğru irəliləyirdim ki, qarşıdan Surxay müəllimin sürətli addımlarla mənə doğru gəldiyini gördüm. Üzündə xoş bir təbəssüm vardı. Özümü qəribə hiss etdim. Bu sevinc nəyin əlaməti idi?
Yaxınlaşanda, salam verdi, hal-əhval tutdu. Mən də nəzakətlə cavab verdim. Lakin o, gözlənilmədən əlini astaca çiynimə vurub dedi:
- Siz çox yaxşı insansınız, Humay xanım, həm də çox yaxşı psixoloqsunuz.
Sözləri məni bir qədər təəccübləndirdi. Başa düşmürdüm, nədən danışır? Nə baş verdiyini soruşmaq istəyirdim ki, özü izah etməyə başladı:
- Mən xəstə deyilmişəm. Sadəcə sənədlərdə səhv olub, ad qarışıb.
Bu sözləri eşidəndə sevincimdən gözlərim böyüdü, üzüm işıqlandı. Dərhal onu təbrik etdim. Təşəkkür edərək, əlavə etdi:
- Bəlkə də, Allah mənə bir dərs vermək istəyib. Ailəmə olan sevgimi, qayğımı, diqqətimi daha çox göstərməyim üçün bu bir sınaq oldu.
Onun bu düşüncələri məni duyğulandırdı. Dərhal soruşdum:
- İşdən çıxacaqsınız?
O, başını bulayaraq cavab verdi:
- Xeyir, amma iş saatlarımı azaltdım. Bu dəfə ailəm mənim üçün ön planda olacaq.
-Necə oldu ki, sənəd səhv düşdü? Bunu necə anladınız? – maraqla soruşdum.
-Demək, yeni bir işçi işə götürüblər, o da elektron sistemdə nəticələri daxil edərkən səhvə yol verib! Mənim analiz cavablarımı başqa bir xəstənin nəticələri ilə qarışdırıb! Bunu eşidəndə əsəbdən özümü zorla saxladım! Düşünün, günlərlə boş yerə stress keçirmişəm! Amma… Sonra düşündüm ki, hər kəs səhv edə bilər. Yeni işçi idi, təcrübəsiz idi. Həkimlər də üzrxahlıq etdilər, vəziyyəti izah etdilər.
-Doğrudan da, əsəbiləşməyə haqqınız var idi. Amma ən vacibi odur ki, indi hər şey qaydasındadır və siz tamamilə sağlam olduğunuzu bilirsiniz.
O, artıq daha sakit görünürdü.
- Bəli… Bunu bilmək elə böyük bir xoşbəxtlikdir ki!
Bu xoş xəbəri mənimlə bölüşdükdən sonra o, yoluna davam etdi. Mən isə öz otağıma keçdim. Elə xoşbəxt idim ki, öz-özümə gülümsəməyə başladım. Sanki üzərimdən bir yük götürülmüşdü.
Qapı döyüldü. Özümü ələ alıb “Buyurun” dedim. Rüstəm bəy içəri daxil oldu. Hərəkətlərində qəribə bir tələskənlik vardı. Elə bil, dərhal düşündüklərini ifadə edib buradan ayrılmaq istəyirdi.
Onun bu gərgin halı ağlımda suallar yaratdı. Nə baş vermişdi? Niyə bu qədər narahat görünürdü? Soruşmaq istədim, amma tərəddüd etdim. Bəlkə də sual verməklə onu daha da həyəcanlandırar, narahat edərdim. Əvəzində, söhbətə daha yüngül bir mövzudan, gündəlik həyatımızdan, adi şeylərdən başladım.
Onun özünü sərbəst hiss etməsinə imkan yaratmaq istəyirdim. Bir qədər söhbət etdikdən sonra o, yavaş-yavaş əsas məsələyə keçdi. Ötən seansımızda toxunduğumuz mövzunu davam etdirmək istədiyini deyəndə, mən bu dəfə fərqli bir yanaşma təklif etdim.
- Rüstəm bəy, gəlin bu dəfə daha da geriyə qayıdaq. Beləcə, sizə bir neçə sualım olacaq.
O, etiraz etmədən bu fikirlə razılaşdı, amma gözləmədiyim halda tam fərqli bir şey dedi:
- Bəlkə inanmayacaqsınız, mən sizin yanınıza gəldikdən sonra özümü çox aydınlanmış hiss edirəm. Düzdür, cəmi iki seans keçmişik, amma bu müddətdə düşüncələrimdə çox şey dəyişib.
Onun bu sözləri məni sevindirdi. Deməli, doğrudan da, onun dünyasında müəyyən dəyişikliklər baş verirdi. O, sözünə davam edərək məndən bir xahiş etdi:
- Mənim işim elədir ki, daim müxtəlif ölkələrə səfərlərdə oluram. Bu səbəbdən, əgər mümkün olarsa, bugünkü seansın vaxtını bir qədər uzadaq, sabah da, sonuncu seansımızı keçirək.
Bu təklif məndə qarışıq hisslər yaratdı. Əvvəlcə seanslar ona ağır gəldiyi üçün, digər psixoloqda olduğu kimi məndən də qaçmaq istədiyini düşündüm. Sonra başqa bir fikir ağlıma gəldi: Əgər elə olsaydı, bugünkü seansı uzatmaq yerinə daha tez bitirmək istəyərdi.
Başımla razılığımı bildirib dərhal Tavat xanıma, müvafiq təlimatlar verdim. Sonra isə Rüstəm bəyə tərəf dönərək dedim:
- Buyurun, sizi dinləyirəm.
- Siz buyurun, Humay xanım. Suallarınızı cavablandırmağa hazıram.
- Gəlin uşaqlığınızdan başlayaq. O vaxtı, xoş anlarınız, yoxsa çətinliklər daha çox idi?
- Xoş anlar uşaqlığımda daha çox olub. O vaxtın şirin xatirələri, dostlarımla keçirdiyim günlər, ailəmlə birlikdə olduğum məqamlar məni həmişə xoşbəxt edirdi. Amma çətin günlər də az olmayıb. Müharibə şəraitində böyümək asan deyildi. Qaz, işıq və istilik olmayanda belə, soyuq qış səhərlərində məktəbə getməyə davam edirdik. Həmin dövrdə küçələrdə avara və narkomanlar da çox idi. Bu cür bir mühitdə oxumaq, özünü inkişaf etdirmək, həyatın axarını dəyişmək istəyən biri olmaq heç də asan deyildi. Bütün bu çətinliklərə baxmayaraq, insan əgər məqsədinə inanırsa, qarşısına çıxan maneələri aşa bilər. Mən də oxumağa, gələcəyimi qaranlıqdan işığa çıxarmağa çalışırdım.
- Bu cür çətinliklər qarşısında belə, öz məqsədinizə inanmaq, o yolda irəliləmək böyük bir güc tələb edir. Özünüzü inkişaf etdirərək, yaşadığınız mühitin çətinliklərinə qarşı durmaq, sizin daxili qüvvətinizi və iradənizi göstərir. Həmin dövrdə qarşılaşdığınız mübarizələr, sizi daha da gücləndirib. Belə şəraitdə böyüyən insanlar daha çevik olurlar. Bu inamı qorumaq çox vacibdir. Bəs həyatınızda ilk güvəndiyiniz insan kim olub?
- Atamdır. Uşaqlıq illərimdə qorxu hiss edəndə ona sığınardım. Elə bil ki, onun qolları mənim üçün dünyanın ən təhlükəsiz yeri idi. Bəzən gecələr yuxudan oyanıb hər şeyin yox olacağından, dünyanın dağılacağından qorxardım. Onda qaçıb atamın yanına gedərdim. O məni qucaqlayanda, bütün qorxularım yox olardı. Onun səsi, nəfəsi, hətta ürək döyüntüsü belə mənə rahatlıq verərdi. Sanki nə olursa-olsun, atam yanımdadırsa, hər şey yaxşı olacaq. Atam mənim üçün güvən deməkdir.
Bu yaxınlarda gənc şairimiz Elvin İlqaroğlunun bir şeirini oxumuşdum. Orda belə deyirdi:
Mən uşaq olanda elə bilirdim,
Adam yıxılanda ağlayır ancaq.
Sanırdım dünyanı mənim atamın,
Çəçələ barmağı saxlayır ancaq.
- Atanızın dəstəyi, sizə özünüzü təhlükəsiz hiss etdirməklə yanaşı, gələcək həyatınızda münasibətlərinizin və stresslə mübarizənizin formalaşmasına kömək edib. Bəs indi necə?
- İnsanları tanıdıqca, başqalarına olan güvənim getdikcə azaldı. Yalnız özümə güvənməyə başladım. Bu dəyişiklik, mənə müstəqil bir fərd olaraq ayaqlarımın üstündə durmağı öyrətdi. Həyatın çətinliklərinə qarşı daha güclü dayanmağa başladım.
- Bəzən, insanın özünü tapması sağlam və balanslı əlaqələr qurmağı öyrənməyə kömək edə bilər. Bəs həqiqətən özünüzə güvənmək sizə rahatlıq gətirir, yoxsa tək hiss etməyinizə səbəb olur?
- Özümə güvənmək mənə həqiqətən böyük güc verdi. Artıq başqalarına bel bağlamadan, öz ayaqlarım üstündə dayana bilirəm. Amma bəzən düşünürəm ki, insan yalnız özünə güvənməklə tam mənada rahat ola bilmir. Çünki etibar edəcək birinin olmamağı, zaman-zaman insana təkliyini daha çox hiss etdirir. Bunun balansını tapmaq isə, bəlkə də, hələ öyrənməyə davam etdiyim bir prosesdir.
- Bəs özünüzü ailənizin bir hissəsi kimi hiss etmisiniz?
- Bəli, hiss etmişəm. Ailəm mənim üçün həmişə vacib olub. Onlarla birlikdə sevincli və çətin günləri paylaşmışıq. Amma hərdən elə bilirdim ki, bu dünyadan deyiləm. Fərqli bir ritmdə yaşayıram.
- Başa düşürəm. Bir çox insan həyatının müəyyən dövrlərində buna bənzər duyğular yaşayır. Bəlkə də, bu, sizin daxili dünyanızla, ətrafınızdakı reallıq arasındakı fərqdən qaynaqlanır. Bəzən, insan fərqli düşüncələrə sahib olanda, özünü bu dünyaya aid olmayan biri kimi hiss edə bilir. Bu fərqli baxış tərziniz sizə yadlıq hissi verir. Bu barədə daha çox danışmaq istərdim. Birlikdə bu hissin kökünə enərək, sizi daha yaxından tanıyaq?
- Bu hissi lap uşaqlıqdan xatırlayıram. Onda bunu izah edə bilmirdim. Hamı eyni qaydalarla yaşayır, eyni şeyləri normal qəbul edirdi, amma mən onların bir parçası olsam da, tam uyğunlaşa bilmirdim. Onları sevirəm, onlar da məni sevir, amma daxilən başqayam. Ən çox da insanlarla ünsiyyətdə olanda bu hiss artır. Onlar danışır, gülür, hisslərini bölüşürlər, amma mən onları səssizcə izləyir, sanki eyni filmdə, fərqli səhnələrdə oynayıram. Bilmək istəyirəm, bu adi bir hissdir, yoxsa bunun arxasında fərqli bir səbəb ola bilər?
- Sizin təxmin etdiyinizdən daha çox insan, bu cür duyğular yaşayır. Bəzi insanlar ətraf mühitlə asanlıqla uyğunlaşır; digərləri isə dünyaya daha fərqli baxırlar. Siz görünür, ikinci qrupdansınız. Yəni hər şeyi daha çox müşahidə edən, analiz edən birisiniz. Sizin “sanki başqa bir dünyaya aidəm” – deməyiniz, sizin həqiqətən yad olduğunuz mənasına gəlmir. Sadəcə olaraq, dünyanı qavrama tərziniz və duyğularınız digərlərindən fərqlidir. Yəqin ki, bu hisslərinizi gücləndirən konkret hadisələr olub. Bu hissin ilk dəfə ortaya çıxdığı, daha da gücləndiyi müəyyən bir an varmı?
- Bəlkə də, bu hiss sadəcə düşüncə tərzimlə bağlıdır.
Sizcə bu normaldır, yoxsa həqiqətən də, insanlar məni başa düşmür?
- Əslində çox vaxt yaradıcı, həssas və analitik insanlarda bu cür hisslər müşahidə olunur. Amma bu, mütləq mənada “problem” deyil. Bu cür çətinliklərlə münasibətlərinizdə də qarşılaşmısınız?
- Bu, münasibətdən asılı olaraq dəyişir, amma ən çox çətinlik çəkdiyim məqam, ilk addımı atmağa cəsarət etməməyim olub. Xüsusilə də, zorakılıq yaşadığım hadisədən sonra bu daha da çətinləşib. Güvən hissimi itirdiyim üçün insanlara yaxınlaşmaq, yeni bir münasibətə başlamaq qorxulu görünürdü. Sanki bir addım atsaydım, eyni ağrını yenidən yaşamaq təhlükəsi vardı. Bu səbəbdən çox vaxt özümü geri çəkmişəm. Münasibətlərin təbii axarına imkan vermək əvəzinə, qoruyucu bir divar arxasında gizlənmişəm.
- Bu qorxunun yaranması tamamilə başa düşüləndir. Çünki, zorakılıq insanın güvənini zəiflədir, gələcək münasibətlərdə ehtiyatlı olmağa məcbur edir. Unutmayın ki, hər insan eyni deyil. Keçmişdə yaşadıqlarınız indiki və gələcək münasibətlərinizi müəyyənləşdirməməlidir. Siz artıq o ağrını yaşadığınız üçün, zehniniz sizi qorumağa çalışaraq müdafiə mexanizmləri yaradır. Eyni zamanda bu divarlar, sizi yalnızlıqla üz-üzə qoyur. Özünüzə sual verin – bu qorxu sizi qoruyur, yoxsa xoşbəxt olmaqdan saxlayır? İlk addımı atmaq çətindir, amma bəlkə də, bu dəfə nəticə tamamilə fərqli olacaq? Bəlkə də qarşı tərəf sizə güvən, anlayış və qayğı bəxş edəcək? Əsas məsələ, bu qorxunun həyatınızı idarə etməsinə imkan verməməkdir.
Sizcə, o zorakılığı həyat yoldaşınıza etiraf etsəniz, sizi qınayar? Bəs xəyanətləriniz barədə desəniz, sizi bağışlayar? Onun reaksiyası sizin gözlədiyiniz kimi olar, yoxsa fərqli bir nəticə ilə qarşılaşa bilərsiniz? Bəzən qorxularımız bizi həqiqətləri bölüşməkdən saxlayır. Bəlkə də bu etiraf, sizin üçün bir yükdən azad olmaq deməkdir? Əsas sual budur – bu həqiqətləri paylaşmaq sizi daha güclü edəcək, yoxsa münasibətinizə daha çox zərər vuracaq?
- Mənim üçün bu çox çətindir. Etiraf etsəm, hər iki məsələyə görə qınanacağımı düşünürəm. Zorakılığı və xəyanətləri danışsam, onun məni necə qəbul edəcəyini bilmirəm. Əgər keçmişimi paylaşsam, bəlkə də məni zəif, etibarsız biri kimi görər. Həqiqəti söyləmək məni yüngülləşdirər, yoxsa münasibətimizə daha çox zərər verər, müəmmalıdır. Hər halda bu yükü daşımaq çox ağırdır. Hiss edirəm ki, mənim üçün ən böyük çətinlik, onun məni anlamağa çalışıb-çalışmayacağını bilməməkdir.
- Bu, çox təbii bir hissdir. Etiraf etmək bir növ özünüzü azad etməyiniz deməkdir. Həqiqətləri bölüşmək sizi zəif göstərməz, əksinə, bu, gücünüzü və dürüstlüyünüzü ortaya qoyar. Əgər yoldaşınız sizi başa düşsə və dəstək olsa, bu, münasibəti daha sağlam bir səviyyəyə qaldıra bilər. Əgər o sizi qınayarsa, bu, o şəxsin sizin keçmişinizə və yaşadıqlarınıza necə yanaşdığını göstərir. Hər halda, bu yolda tək olmadığınızı, öz hisslərinizi bölüşməkdə haqlı olduğunuzu unutmamalısınız. Nə baş verəcəyini dəqiq bilmək çətindir. Bəzən ən böyük addım, içindəki qorxuları aşmaqdır. Həm özünüzü, həm də münasibətinizi qorumağa çalışmaqdır.
- Mənə elə gəlir ki, əgər etiraf etsəm, onu və uşaqlarımın gözündə ideal ata obrazını itirəcəyəm. Onlara qarşı necə bir insan olduğumu, başqa bir şəkildə görəcəklər. Bu qorxu məni çox narahat edir. Onlar məni sevirlər, mənimlə fəxr edirlər. Mənim əlimdən tutan, özünü mənimlə güclü hiss edən ailəm, məni başqa cür qəbul edəcək. Həmçinin, mənim bu qorxularım onlara zərər verə bilər. Həqiqətləri paylaşmaqla paylaşmamaq arasında çox böyük bir çəkişmə içindəyəm: bir tərəfdən azad olmaq istəyirəm, digər tərəfdən sevdiklərimi itirmək qorxusu, mənim hər addımımı məhdudlaşdırır.
- Anladığım qədərilə, sizin üçün ən böyük qorxu uşaqlarınızın sizi ideal bir ata kimi görmələri və bu imicin sarsılmasıdır. Çünki uşaqların gözündəki təsəvvür çox dəyərlidir. Ancaq, uşaqlar öz valideynlərini daha çox onların dürüstlüyü və səmimiyyətləri ilə qiymətləndirirlər.
Bu etiraf sizi, uşaqlarınızın gözündə zəif və ya pis ata etməyəcək. Əksinə, həqiqətləri qəbul edib, onlarla üzləşmə gücünüzü görə bilərlər. Əgər siz etiraf edərək, onlara keçmişinizdən dərslər çıxarmağı, səhvlərinizi düzəltməyi aşılasanız, bu onların sizinlə daha çox əlaqə qurmasına və sizə daha çox güvənmələrinə səbəb ola bilər. Münasibətlərdə dürüstlük və etibar çox vacibdir. Həqiqətləri bölüşmək, həm özünüzə, həm də uşaqlarınıza qarşı daha çox səmimi olmaq deməkdir. Əlbəttə, bu yol asan deyil, çətinliklər olacaq. Lakin bu qərarı verərkən, özünüzə və ailənizə olan hörmətinizi göz önündə tutmalısınız. Əgər siz öz keçmişinizlə barışa bilsəniz, ailəniz də bununla barışacaq, bu sizin münasibətlərinizə müsbət təsir göstərəcək.
- Sizin sözlərinizdə həqiqət var. Mən də istərdim ki, bu vəziyyəti düzgün şəkildə həll edə bilim. Həm özümə, həm də ailəmə, daha sağlam bir şəkildə yaxınlaşa bilim. Amma hələ də qərar verməkdə çətinlik çəkirəm.
- Hər bir dəyişiklik müəyyən bir təzyiq və narahatlıq gətirir. Bu dəyişikliklər, həm də inkişaf və şəxsiyyətin böyüməsi deməkdir. Təbii ki, bu zaman alacaq. Müsbət dəyişikliklər dərhal baş verməyə bilər, amma bu sizin üçün böyük bir addım olacaq. Bu qərarı verərkən, özünüzə qarşı mərhəmətli olun. Hər kəs səhv edə bilər, amma bu səhvlərdən dərs çıxarmaq və irəliləmək sizi daha güclü edər. Özünüzü necə qəbul etdiyiniz, önəmlidir.
Sözlərimi yenicə tamamlamışdım ki, Rüstəm bəyin telefonuna zəng gəldi. O, üzrxahlıq edərək zəngi cavabladı. Dəstəyin o biri başındakı səsə diqqətlə qulaq asdı və az sonra gözlərində sevinc işığı parladı. Gülümsəyərək, həyəcanla dedi:
- Afərin, mənim ağıllı qızım! Mən inanırdım ki, sən bu yüksək nəticəni əldə edəcəksən. Demişdim axı, heç bir zəhmət bəhrəsiz qalmır!
Sonra sevinclə, “Yaxşı, qızım, yaxşı, indi gəlirəm” deyərək dəstəyi asdı.
Onun bu qədər sevinc dolu halı məni kövrəltdi. Övladına duyduğu qürur, səsindəki isti və səmimi ton məndə dərin təsir buraxdı. Rüstəm bəy sevinclə mənə baxaraq dedi:
- Humay xanım, qızım olimpiadada yüksək bal toplayıb! Bunun sayəsində bir neçə arzuladığı universitetə imtahansız qəbul olma şansı qazanıb. Sevincini mənimlə bölüşmək üçün zəng etmişdi. Əgər icazə versəniz, bugünkü seansımızı burada bitirək, qızımın yanına getmək istəyirəm.
Mən gülümsəyib başımla təsdiqlədim:
- Əlbəttə, Rüstəm bəy. Amma icazə verin, bir neçə söz deyim.
O, maraqla başını tərpətdi:
- Buyurun, Humay xanım.
- Qızınıza olan münasibətiniz, onun təhsilindəki dəstəyiniz məni heyran etdi. Düşünürəm ki, onun uğur qazanmasının əsas səbəbi, sizin ona verdiyiniz inam və dayaqdır. Belə atalar olduğu müddətcə, heç bir qız həyatda məğlub olmaz.
Rüstəm bəyin gözləri qürurla parladı:
- Təşəkkür edirəm, Humay xanım. Qızlar atalarına xüsusi sevgi, rəğbət bəsləyir. Bunu öz övladımda da görmüşəm. Mən də onun bu sevgisinin qarşılığında ona bol-bol sevgi bəxş edib, dəyərli olduğunu hiss etdirmək istəmişəm. Həmçinin düşünürəm ki, hər bir qız oxumalı, ayaqları üstündə möhkəm dayanmalıdır. Əgər gözəl gələcək istəyiriksə, ilk növbədə övladlarımıza düzgün tərbiyə və keyfiyyətli təhsil verməliyik. Xüsusilə də qızlarımıza…
Onun sözləri məni daha da təsirləndirdi. Gülümsəyərək dedim:
- Tamamilə haqlısınız, Rüstəm bəy. Bir daha sizi təbrik edirəm. Hər zaman belə xoş xəbərlər alasınız.
O minnətdarlıqla başını əydi, təşəkkür etdi və otaqdan çıxdı.
Mən digər pasiyentlərlə olan seanslarımı bitirib, nəhayət hazırlaşıb işdən çıxdım. Evə getmək üçün taksiyə mindim. Bir az yol qət etmişdik ki, yolun ortasında taksi qəfil dayandı. Sürücü narahat halda maşından düşdü və bir neçə dəqiqədən sonra maşına yaxınlaşıb, mənə maşında problem yarandığını dedi. Mən də pəncərədən küçəyə baxarkən yaxınlıqda bir nəfərin yerdə titrədiyini gördüm. Sanki epilepsiya tutması keçirirdi. Ətrafdakı insanlar isə ya qorxudan, ya da nə edəcəklərini bilmədikləri üçün ona yaxınlaşmırdılar.
Dərhal maşından düşüb həmin şəxsə yaxınlaşdım. Tutmanın nə qədər davam etdiyini öyrənmək, düzgün müdaxilə etmək üçün insanlardan məlumat almağa çalışdım. Lakin kimsə dəqiq vaxtı bilmədiyi üçün, riskə getmədən Təcili Yardım çağırdım. Eyni zamanda onun dilini dişləməməsi üçün ilkin tibbi yardım göstərdim. Hadisə yerinə gələn tibb işçiləri, mənə düzgün müdaxiləmə görə təşəkkür etdilər. Mən isə həkimlərdən bu cür hallarda daha effektiv nə etmək lazım olduğunu soruşdum. Çünki gələcəkdə bir daha belə bir hadisə ilə qarşılaşacağım təqdirdə daha yaxşı yardım edə bilmək istəyirdim.
Bu hadisə məni bir daha insan psixologiyasının yalnız daxili dünyaya deyil, fiziki hallara da necə təsir etdiyini düşünməyə vadar etdi.
Təcili Yardım xəstəni götürüb yeni tərpənmişdi ki, başqa bir avtomobil sürətlə gəlib hadisə yerində dayandı. İçindən tələsik bir oğlan düşdü. Başını sağa-sola çevirib həyəcanla kimisə axtarırdı. Baxışlarımız toqquşanda, sanki yerimdə donub qaldım. Onun ətrafa narahatlıq dolu baxışları az öncə Təcili Yardımın apardığı xanımı axtardığını göstərirdi. Mən ona “apardılar” demək istəyirdim, amma dilim söz tutmadı.
Bu qarşılaşma illər əvvəl yaşadığım travmanın səbəbkarı ilə məni üz-üzə qoymuşdu. O da, məni görüb çaşqınlıqla gözlərimə baxdı. Nə isə soruşmaq istədi, amma onun da, dili söz tutmadı. Kəkələyirdi… Axı nə baş verirdi? Az öncə həyatını xilas etməyə çalışdığım qadının kimi idi? Yoldaşı? Sevgilisi? Yoxsa qohumu? Amma bu sualların cavablarını bilmək mənim nəyimə lazım idi ki?!
Ayağa qalxıb dizlərimə yapışan torpağı çırpdım. Başımı çevirib getmək istəyəndə arxadan səs eşitdim:
- Humay?
Eşitməmiş kimi davam etdim. Amma o yenə səsləndi:
- Humay, doğrudan bu sənsən?
Tanımamış kimi davrandım. Bir an dayanıb arxaya döndüm və ciddi bir səslə dedim:
- Əgər bayaqkı xanımı soruşursunuzsa, narahat olmayın. Həkimlər ilkin müdaxiləni etdilər. Çox güman ki, indi yaxşıdır.
O, kinayəli bir təbəssümlə gözlərimin içinə baxıb dedi:
- Yəqin ki, səni tanımayacağımı düşünmürsən… Və ya bu baxışları unudacağımı? Humay, yadındadır, sən deyirdin ki, həyatda heç nə təsadüfi deyil. İndi bax, illər sonra yenə qarşılaşdıq. Və bu da təsadüf deyil… İcazə ver, səninlə bir az danışım. Söz verirəm, çox vaxtını almayacağam. Amma xahiş edirəm, məni dinləmədən getmə…
Getmək istəyirdim… Ağlım “get” deyirdi, amma ürəyim “qal, dinlə” pıçıldayırdı.
Səssiz qaldım. Sadəcə baxışlarımla onu dinlədiyimi bildirdim. O, gözlərini gözlərimdən çəkmədən bir addım da yaxınlaşdı. Mən isə yerimdə qaldım, nə geri çəkildim, nə də irəli getdim. Aramızda nə illər, nə də keçmişin ağrıları vardı – sadəcə cavabsız qalmış suallar…
- Humay, bilmirəm haradan başlayım, amma…
Sözlərini tapmağa çalışırdı. Dərindən nəfəs aldı.
- Səni burada görəcəyimi heç düşünməzdim.
- Elə mən də... – soyuq səslə cavab verdim.
Bir anlıq sakitlik çökdü. Ətrafda maşın səsləri, insanların qaçaqaçları vardı, amma bizim üçün zaman dayanmış kimi idi.
-O, mənim həyat yoldaşımdır… – nəhayət, sükutu pozdu. – Həkimlərin əlindən gələn hər şeyi edəcəyinə inanıram. Amma indi tək onun üçün yox, həm də sənin üçün narahatam, Humay.
- Mənim üçün narahat olmağa heç bir səbəb yoxdur, – deyib baxışlarımı ondan yayındırdım. – Sənin həyatında hər şey yolunda gedirmiş. Buna görə sevinməliyəm, elə deyil?
O isə gözlərini çəkmədən, bir anlıq tərəddüdlə dedi:
- Hər şey yolunda deyildi, Humay… Sən gedəndən sonra heç nə yolunda olmadı.
Bu sözləri eşitmək istəmir, amma eşidirdim.
- Mən getmədim… – Gözlərimi yenidən ona çevirdim. – Sən məni itirdin.
O, bir addım geri çəkildi. Nə deyəcəyini bilmirdi. Gözlərində həm peşmanlıq, həm də itirilmiş illərin ağırlığı vardı.
- Mən səni heç vaxt unutmadım, Humay…
Ürəyim sıxıldı. Keçmişin kölgələri üzərimə çökürdü. Amma mən artıq o kölgələrdən qurtulmaq istəyirdim.
- Bəlkə də unutmamağın lazım idi… – dedim. Sonra bir addım geri çəkildim. Əlavə heç bir söz demədən arxamı çevirib getdim.
O, məni saxlamaq üçün bir şey demək istədi, amma mən artıq eşitmək istəmirdim. Keçmişi geridə qoyub getmək bəlkə də ən çətin şey idi, amma bəzən ən doğru seçim də elə bu olar düşündüm. Hər kəsə keçmişi ilə üzləşməyi, travmalarından azad olmağı tövsiyə etmişəm. Amma özüm bunu bacarmırdım. Bəlkə də qorxurdum… Amma nəhayət, o üzləşmə bu gün olmalı idi.
O, yenidən arxadan səsləndi:
- Humay, inan mənə, mən səni heç kimə dəyişmədim. Sadəcə… anam xəstə idi. Onun son istəyini yerinə yetirmək üçün, qohumumuzla evlənməyə məcbur oldum.
Bu sözlərdən sonra geriyə dönüb ona baxdım. O isə danışmağa davam edirdi:
- Mən anamı o vəziyyətdə incidə bilməzdim… Buna görə də bilərəkdən, səni itirməyin yolunu seçdim. O oyunu oynadım, guya sənə xəyanət etmişəm, səni artıq sevmirəm… Çünki düşündüm ki, əgər mənə nifrət etsən, məni unudub həyatına davam edərsən.
Bu sözlər məni həm incitdi, həm də qəribə bir rahatlıq verdi. Bir qadın üçün sevdiyi insan tərəfindən başqasına dəyişilmək, ən ağır duyğulardan biridir. Mən də illərdir bu ağrını içimdə gəzdirirdim. Amma indi bildim ki, bu, heç vaxt gerçək olmamışdı. O, məni dəyişməmişdi… Məni itirmək öz seçimi idi.
-Humay, xahiş edirəm, susma… Bir söz de. – dedi, titrək səslə.
- Mən evliyəm. Həyat yoldaşımı da çox sevirəm. Vicdanın rahat olsun, səni bağışladım. İndi isə, həyat yoldaşının yanına get. Onun, sənə ehtiyacı var. Mənim isə yox…
Bu sözlər ona ağır bir zərbə oldu. Baxışları bir anda sərtləşdi. İçindəki qısqanclıq açıq-aşkar hiss olunurdu. Amma bu uzun çəkmədi. Elə bil, nə isə düşünüb, yenidən sakitləşdi. Sonra başını yüngülcə yelləyib, gülümsədi.
- Çox sağ ol, Humay… Məni bağışladığını bilmək inan ki, illərdir daşıdığım yükü üzərimdən götürdü. Allahın qarşıma səni çıxarmasına şükür edirəm. Nəhayət, vicdan əzabından azad oldum. Və sən… sən həqiqətən xoşbəxt olmağa layiqsən.
Gözləri dolmuşdu. Bir an daha dayandı, sonra üzünü çevirib iri addımlarla maşınına doğru getdi. Avtomobilə minib uzaqlaşdı. Mən isə hələ də yerimdə dayanmışdım… Birdən arxadan bir səs eşitdim:
- Xanım, gəlmirsiniz?
Bu, taksi sürücüsü idi. Özümə gəlib, yaxınlaşıb maşına mindim.
Yol boyunca tək bir şeyi düşünürdüm. Nə yaxşı ki, keçmişimlə üzləşdim. Nə yaxşı ki, bağışladım. Bağışlamaq insana elə bir rahatlıq verir ki, yenidən doğulmuş kimi hiss edirdim. Artıq keçmişdəki ağrılar yox olmuşdu. Mən azad idim. Evə tez çatmaq, həyat yoldaşımı qucaqlamaq, ona yenidən sevgimi etiraf etmək istəyirdim. Çünki bu gün bir daha anladım ki, mənim ona olan duyğularım həqiqi sevgidir. Keçmişdə yaşadıqlarım isə sadəcə bir gənclik xəyali, ötəri bir hiss imiş.
Əsl sevgi başqadır…
(İyunun 5-də sizlərə 13-cü hissə təqdim ediləcək)
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


