İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İnsanınsəsionunregionalmənsubiyyətiilə bağlıdır, bunu mən demirəm, mütəxəssislər deyir. Baxın, musiqimizin beşiyi Qarabağdır, deyilmi? Sonra isə Şirvan gəlir. Yəni bu regionlardakı insanların səsləri gur, vokal imkanlı, gözəl olur.
Bəs Quba? Deyəsəksiniz ki, oradan məşhur müğənni çıxa bilməz?
Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olub. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərib. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya gedib və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa edib. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb edib
Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaradıb. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya köçüb. Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlayıb.
Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub və geniş konsert proqramları ilə çıxış edib. 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa edib.
Mehrəliyeva, həmçinin Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olub, lakin həmin ifanın lent yazısı qazanıb. Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb.
Elə bu şöhrət sayəsində lirik soprano səsə malik olan müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilib. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayıb.
Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsusi yeri olub. Belə ki, musiqişünas alim, professor Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb.
Bundan başqa, "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və s. kimi xalq və bəstəkar mahnlarını oxuyan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.
Filmoqrafiya
- Arşın mal alan
- Üzeyir ömrü
Mükafatları
Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.
Fatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə vəfat edib
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


