Ekspress-sorğu - Biz zamana uduzuruqmu? Featured

Ülviyyə Əbülfəzqızı,

 “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli "Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.

Bu dəfə də ekspress sorğumuza "Vətənə Xidmət" İB -nin üzvləri müxtəlif cavablar verdilər.

Sual isə belə idi:

Biz zamana uduzuruqmu, yoxsa heç zaman yoxdur, onu biz uydururuq?

 

1.

Əziz İsmayılov,

"Vətənə Xidmət" İctimai Birliyinin sədri.

Nə gözəl və düşündürücü bir mövzu təqdim etmisiniz. Bu sual hər birimizi bir anlıq dayanıb düşünməyə vadar edir. İnanıram ki, hər kəs bu suala öz yaşadıqlarından, qazandıqlarından və itirdiklərindən çıxış edərək cavab verəcək.

Mən isə bu suala cavab olaraq belə düşünürəm: Məncə, biz zamanı itiririk, zaman isə bizi qazanır. Biz özümüzü müxtəlif bəhanələrlə təsəlli etdiyimiz halda, zaman dayanıb gözləmir, öz yoluna davam edir. Biz susuruq, amma zaman danışır. Biz gözləyirik, amma zaman işləyir.

Diqqət etsək görərik ki, bizə verilən ömrün də bir zamanı var. Zaman ömrümüzdən pay aparır, hər keçən gün bizi son nöqtəyə bir addım da yaxınlaşdırır. Buna görə də zamanın qədrini bilməli, hər anımızı dəyərləndirməliyik.

Unutmayaq ki, zamanında itirdiyimiz insanları sonradan zamanla geri qazana bilmərik. Ona görə də sevdiklərimizə vaxtında dəyər verək, xoş sözümüzü, sevgimizi və qayğımızı sabaha saxlamayaq. “Vaxtı gələndə edərəm” düşüncəsi bəzən ən böyük peşmanlıqlara səbəb olur. Çünki çox vaxt gözlədiyimiz zaman gəlir, amma biz onu görmürük. Bəzən bəsirət gözümüz bağlı olur, dəyərlərin fərqinə yalnız onları itirdikdən sonra varırıq.

Gəlin zamanın arxasınca qaçmaq əvəzinə, onun dəyərini anlayaq. Çünki həyatın ən böyük sərvəti nə puldur, nə də vəzifə. Həyatın ən böyük sərvəti geri qaytara bilmədiyimiz zamandır.

 

2

İlahə Absalamova, birliyin üzvü, tarix müəllimi.

Zaman və məkan anlayışı nisbidir, zaman insanın dəyişimə verdiyi addır, əslində zaman durub biz gedirik, zaman bizimlə savaşmır biz yaratdığımız bir zamanla vuruşuruq qaçırıq qovuruq, sonucda düşünürəm ki, biz zamanı zehnimizdə uydurmuşuq, milyonlarla km uzaqlıqda zaman və məkan anlayışı tamam başqadır, əgər vahid bir zaman olsaydı bu bütün kainat üçün eyni olardı

 

3.

Xatirə Qəhrəmanova, birliyin üzvü

Biz zamana uduzuruqmu?  - desək cavab "Bəli".

İnsanlar qocalır, hadisələr dəyişir, həyat isə davam edir öz axarı ilə. Bu mənada zamanın qarşısı alınmazdı.

Daha fəlsəfi yanaşsaq, Bəlkə də, uduzmuruq zamana. Zamanın içərisində yaşayırlq, Zaman özü ya kainatın böyük gerçəkliyi ya daki, insan ağlının ixtirasıdır.

 

4.

Rüstəm Həsənov, birliyin üzvü

Zaman çox sürətlə keçir. Bu gün xalqımızın yanında olmaq, onun etimadını doğrultmaq hər birimizin mənəvi borcudur. Xalqımız hər zaman vətəninə, dövlətinə və milli dəyərlərinə sahib çıxıb. Biz də bu etimada layiq olmalı, fəaliyyətimizlə cəmiyyətə fayda verməliyik.

Vaxtı düzgün dəyərləndirərək birliyimizin daha da güclənməsi üçün çalışmalı, Vətənimizə layiqli xidmət göstərməliyik. Eyni zamanda Türk dünyasının birliyinə və həmrəyliyinə öz töhfəmizi verməli, ortaq dəyərlərimizin qorunması və inkişafı naminə birlik içində fəaliyyət göstərməliyik.

Birlik, həmrəylik və vətənpərvərlik bizim ən böyük gücümüzdür.

 

6.

Aysel Yusifova, birliyin üzvü, AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşı

Zaman anlayışını biz insanlar yaratmışıq. Zaman ona nə anlam yükləməyimizdən aslı olaraq bizim üçün dəyişir. Harasa gecikiriksə zaman çox sürətlidir. Xoşbəxtiksə zaman çox qısadır. Bəzən bir dəqiqə bir ömürə bərabərdir. Bəzən isə illərin belə necə keçdiyini anlamarıq. Zaman keçib gedən ömürdür. Hər birinizə keçən ömrünüzü gözəl xatırlamağı arzu edirəm.

 

7.

Arzu Musayeva, birliyin Qadınlar Şurasının sədri

Zaman bizim ömrümüzdən  gedir. Hansısa bir uğurlu addımımızı atmağı gecikdiririksə , zaman itirməklə uduzuruq. Çünki, zaman bizim qərarları gözləmir, o öz axarında gedir. Əgər hər hansı özümüzə və başqalarına  zərər verməyən işimizdə qətiyyətli olarıqsa ,  onda zamana qalib gəlmiş oluruq. Bəzən elə məsələlər olur ki,  zamanın bizə nə bəxş edəcəyin gözləyirik. Belə olduqda isə, bir mahnıda deyildiyi kimi uduzan kim  oldu , udan kim oldu ?!

 

8.

Cavanşir Rzazadə, birliyin sədr müavini

Zaman ona bizm münasibətimizdən asılı olmayaraq hərəkətdədir. Əgər dəyərləndirib nə isə ediriksə, bu bizim əldə etdiyimiz qazancdır. Təsəvvür edin bir çay qırağında oturmusunuz ətraf çəmənlik, gül, çiçəklik. Çayda isə sizin arzular, xəyallar, yaradıcılıq düşüncələrimiz axır. Siz əgər dəyərləndirib tutabilirsinizsə sizin qazancınızdır. Yox əgər üzünü çevirib çəmənə, gülı,çiçəyə başın qarışırsa bir zaman baxırsan əlin boşda qalıb. Zamanı vaxtında və yerində dəyərləndirmək lazımdır. Zaman çoxların yola salb, yolasalır, yolasalacaq.

 

9.

Məmmədov Rövşən, birliyin üzvü, pedaqoq

Zaman, Allahın insanların imtahan olunması üçün yaratdığı bir vaxt ölçüsüdür. Zaman var. Çünki bu barədə uca Allah öz müqəddəs kitabında zaman haqqında bir çox sözler deyib. Hətta zamana and içib.

Hz Əlinin zaman barəsində məşhur bir cümləsi var. O deyir:  Zaman kəskin bir qılıncdır. Kim ondan lazımı qədər, səmərəli istifadə etməsə, o qılınc o adamı kəsəcək.

Burdakı səmərəli istifadə Allaha ibadət ve itaət etmek deyə bildirilir. İbadət sözü isə geniş anlamlı bir mehfumdur.

Odur ki, zaman var və onun idarə olunması da Allahın əlindədir.

 

10.

Cabbarlı Leyla, birliyin üzvü, fortepiano ixtisası üzrə müəllim

Salam Ülviyyə xanım, yenə öz üslubunuzdasınız, gözəl sual ünvanlamısınız. Mən düşünürəm ki uduzmuruq. Pis və ya yaxşı bütün yaşanılanlar təcrübədir. Bu təcrübələrdən nəticə çıxarmalıyıq.

 

11.

Xuraman Məmmədova, birliyin üzvü, ibtidai sinif müəllimi

Zaman anlayışı hər zaman olub, olacaq. Dönüb arxaya baxanda başa vurduğumuz illərin  bir zaman kəsiyində çox tez keçdiyini görürük. İnsan kiçik yaşlarında olanda zamanın tez keçməyini arzulayır, sonrakı illərdə tam əksini arzulayır. Arxada qalan illərimizə nəzər salanda onu yaddaqalan, fədakar,səmərəli  yaşayıb, cəmiyyətə zərrə qədər olsa da xeyrimiz dəyişə, nə xoş bizə!! Bugünkü gənclərimizə zamanın qədrini bilməyi, onu səmərəli keçirtməyi arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.