Super User
“Bir şair, bir şeir” Saqif Qaratorpağın " Payız notları" ilə
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, dəyərli izləyicilərimiz, xoş gördük.
Əminəm ki, artıq payız havası qəlbinizdə yer alıb. Şairlər üçün payızın öz yeri var.
Elə bu gün də rubrikamızda payızla bağlı gözəl bir şeir yayımlanacaq.
Beləliklə, "Bir şair, bir şeir" rubrikasında sizə dəyərli şairimiz Saqif Qaratorpağın " Payız notları" şeirini təqdim edirik.
SAQİF QARATORPAQ
“PAYIZ NOTLARI”
Bir də qarşılaşmaq varmış qədərdə,
yağmurlu bir payız günü...
Çətirsiz çıxmışdın evdən,
unudub sinoptiklərin xəbərdarlığını.
Sözlər islanmışdı dodaqlarında,
Köhnə albomdan düşən
ağ-qara şəkildi bu görüş.
Yağış yuyub aparmışdı xatirələrin qarasını...
Keçmiş axıb getmişdi dənizə.
Yelkənsiz gəmiydik vaxtın sahilində,
Yad planetdən uçub düşmüşdük
adını bilmədiyimiz şəhərin
dolanbac küçəsinə...
Barmaqlarımızın
ucunda döyünən ürəyimizi
ovutmağa söz tapmırdıq o gün...
Kipriklərimizdən asmışdıq
göy qurşağını,
Gözlərimizdən
Işıq çəkmişdik sabaha.
Şəhər bələdiyyəsinin
unutduğu
antik heykəl kimiydik,
Yağış kəsəndə çıxıb gedəsiydik
miladdan əvvələ...
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
“Apardı sellər Saranı” əsərinin nəşr tarixindən
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Hörmətli oxucu! Söhbət xalq arasında geniş yayılmış bayatıdan və rəvayətdən getməyəcək. Azərbaycan Respublikasının xalq şairi X.R.Ulutürkdən və onun “Apardı sellər Saranı” əsərindən, onun nəşr tarixindən gedəcək.
O X.R.Ulutürkdən ki, Ümummilli liderimiz H.Əliyev şairin vəfatı ilə əlaqədar vida mərasimindəki çıxışında demişdir: “…O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir”.
B. Vahabzadə isə onu “millətimizin istiqlal mücahidi” adlandıraraq yazırdı ki, “onun zəngin və mərdanə poziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdır".
Azərbaycanın yorulmaz azadlıq mücahidi Xəlil Rza Ulutürkün Azərbaycan xalqının yaddaşında yaşayan məlum folklor motivindən qaynaqlanan “Apardı sellər Saranı” əsəri də Azərbaycan ədəbiyyatında xalq yaddaşı, tarixi hadisələr və insan taleyinin faciəsi ilə bağlı diqqətçəkən əsərlərdən biridir. Əsərin adı Azərbaycan folklorunda geniş yayılmış “Apardı sellər Saranı” ifadəsini xatırladır. Bu baxımdan poema xalqın yaddaşında yaşayan bir motivin bədii şəkildə yenidən işlənməsi təsiri bağışlayır.
Lakin Xəlil Rza bu əhvalatı olduğu kimi nəql etmir. O, folklor motivini tamamilə başqa, milli-tarixi məna ilə yükləyir. Şairin əsas poetik dönüşü budur: “Saranı sellər aparmadı” — Saranı yad qüvvələrin Azərbaycana uzanan əlləri apardı. Ədəbiyyatşünaslıq mənbələrində də qeyd olunur ki, şair qədim Arpaçay əfsanəsini deyil, Sara obrazının faciəsi fonunda Azərbaycanın faciəsini ifadə etmişdir. Şair üçün Sara bütöv Azərbaycandır. Saranın faciəsi Azərbaycanın faciəsidir. Günahkar isə Arpa çayı deyil, Azərbaycanın başına gələn bəlalara drijorluq edən “Şahənşah bağı” və “Qış sarayıdır”.
Yox, bunu görməyin Arpa çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından,
Yurduma uzanan əllər apardı.
Bu səbəbdən əsərin mövzusunu belə formalaşdırmaq daha doğru olar: folklordakı Sara faciəsi əsərin zahiri süjet mənbəyidir; əsas mövzu isə yad qüvvələr tərəfindən Azərbaycanın tarixi parçalanması, düşmən qüvvələrin işğalçılıq siyasəti və baş vermiş milli faciədir.
Əsərin əsas ideyasını isə belə ifadə etmək olar: xalqın milli yaddaşını qorumaq, tarixi faciələrdən nəticə çıxarmaq, soydaşlarımızı Azərbaycanın ərazi və mənəvi bütövlüyünə, azadlığına və müstəqilliyinə nail olmağa səsləmək.
Bu əsər B.Vahabzadənin 1959-cu ildə yazılmış “Gülüstan” poemasının məntiqi və məfkurə baxımdan davamı hesab olunur.
Mənbələrdə 1960-cı ildə yazılmış “Apardı sellər Saranı” əsərinin poema janrında olduğu, daha dəqiq desək, epik-lirik poema xarakteri daşıdığı qeyd olunur. Burada hadisələrin təsviri, tarixi motivlər və müəllifin emosional münasibəti birləşir.
Biz isə əsas diqqəti poemanın nəşr tarixinə cəlb etmək istərdik, Uzun müddət şapına icazə və imkan verilməyən əsərin dərc olunduğu tarix və mənbələr fərqli-fərqli göstərilir.
Məsələn, bir mənbədə əsərin ilk dəfə 1961-ci ildə “Azərbaycan” jurnalının 2-ci sayında dərc edildiyi qeyd olunur. (https://ali-shamil.tr.gg/Dissident-sora%26% 23287%3B%26%23305%3Bnda.htm?hl=ru-RU)
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi bibllioqrafiyada isə Xalq şairi X.R.Ülutürkün əsərləri, həyat və yaradıcılığı, içtimai-siyasi fəaliyyəti haqqında toplanmış materiallarda (Bakı-2017, səh: 143) isə əsərin ilk dəfə 1991-ci il noyabrın 7-də Bakıda “Bərəkət” qəzetində dərc olunduğu göstərilir. Burada çap olunmuş material həm də “Məftillərə sarınmış yaralar” poemasından bir parça kimi təqdim olunmuşdur.
Lakin “Şəki təqvimi” adlı facebook səhifəsində (Aze.wiki) 07 avqust 2026-cı il tarixdə yerləşdirilmiş tarixi fakt və arxiv fotosu isə başqa həqiqəti ortaya çıxarır. Oradan belə məlum olur ki, X.R.Ulutürkün “Apardı sellər Saranı” əsəri ilk dəfə 1960-cı ildə “Nuxa fəhləsi” qəzetinin (redaktoru M.Abbasov) 41-ci sayında, təxminən yaz aylarında dərc edilmişdir (https://www. facebook.com/share/p/18EiARkqmp/). Həm də B.Vahabzadənin “Gülüstan” poemasından 6 ay əvvəl.
Əgər “Gülüstan” əsərinin həmin qəzetin 23 oktyabr 1960-cı tarixli 127-ci sayında dərc olunduğunu nəzərə alsaq, onda belə məlum olur ki, “Apardı sellər Saranı” əsəri həmin ilin aprel ayında dərc olunmuşdur.
Sosial şəbəkədəki (Aze.wiki) vizual sübut da bunu təsdiqləyir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Atatürkün sevdiyi türk adları: Adların arxasındakı gizli məna
Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Mustafa Kamal Atatürkün türk dilinə və tarixinə verdiyi önəm yalnız siyasi və mədəni islahatlarla məhdudlaşmırdı. Onun ad və soyad seçimlərində də türk tarixindən, təbiətdən, mifologiyadan və milli düşüncədən gələn sözlərə xüsusi yer verdiyi görünür.
Bu adların hər birinin arxasında fərqli məna dayanır. Bəziləri güc və qəhrəmanlığı, bəziləri azadlığı və ucalığı, digərləri isə gələcəyə dair ideal və arzuları ifadə edir.
"Ədəbiyyat və İncəsənət" araşdırmasını təqdim edir:
Bozkurt – güc və yol göstərən simvol
Bozkurt və ya Azərbaycan dilində Bozqurd türk mədəniyyətində ən məşhur simvollardan biridir. “Boz” boz rəngi, “qurd” isə canavarı ifadə edir. Lakin sözün mədəni mənası bundan daha genişdir. Qədim türk dastanlarında bozqurd yol göstərən, çətin vəziyyətdən çıxış yolu tapan və xalqı yeni bir başlanğıca aparan obraz kimi təqdim olunur. Buna görə də Bozqurd adı güc, cəsarət, azadlıq və yolgöstəricilik anlayışları ilə əlaqələndirilir. Atatürkün Mahmud Esat bəyə “Bozkurt” soyadını verməsi də bu simvolik məna baxımından diqqət çəkir.
Gökçen – göylərə və səmalara aid olan
Gökçen adı “gök” sözündən yaranır. Türk dilində “gök” səma, göy və mavi rəng mənalarını daşıyır. “Gökçen” isə ümumi mənada göylə, səma ilə bağlı olan, səmavi və uca anlayışlarını ifadə edir. Atatürkün mənəvi qızı, Türkiyənin ilk qadın pilotlarından Sabiha xanıma bu soyadı verməsi xüsusilə maraqlıdır. Çünki Sabiha Gökçen sonradan təyyarəçi kimi göylərlə bağlı bir həyatın simvollarından birinə çevrildi.
Okyar – mehriban və yaxşı xasiyyətli
Okyar soyadı da köhnə türk söz ehtiyatından gələn və müsbət xüsusiyyət ifadə edən adlardan biridir. “Okyar” üçün “xoş xasiyyətli”, “mehriban”, “səmimi və yaxşı davranışlı” kimi mənalar verilir. Atatürkün yaxın dostu Fethi bəyə bu soyadı təklif etməsi onun müsbət xarakter xüsusiyyətlərini vurğulayan seçim kimi qiymətləndirilir.
Korutürk – qoruyan türk
Korutürk daha diqqətçəkən soyadlardan biridir. Söz quruluşunda “qoru” və “türk” anlayışları birləşir. Sadə şəkildə desək, “türkü qoruyan”, “Türkiyəni qoruyan” və ya “türk millətini müdafiə edən” mənasında simvolik məna daşıyır. Atatürkün sonrakı illərdə Türkiyənin 6-cı prezidenti olacaq Fahri Sabit bəyə bu soyadı verməsi də soyadın daşıdığı milli məna baxımından diqqət çəkir.
Ülkü – insanın çatmaq istədiyi ideal
Ülkü bu siyahıdakı ən mənalı sözlərdən biridir. Türk dilində “ülkü” insanın qarşısına qoyduğu böyük məqsəd, ideal, arzu və çatmaq istədiyi yüksək məram deməkdir. Yəni “Ülkü” sadəcə bir ad deyil, “insanın uğrunda çalışdığı böyük məqsəd” mənasını daşıyır. Atatürkün mənəvi qızına bu adı seçməsi də sözün mənası baxımından xüsusi maraq doğurur.
Teoman – qədim türk hökmdarı
Teoman adı qədim türk tarixinin ən erkən tanınan hökmdarlarından biri ilə bağlıdır. Teoman Asiya Hun dövlətinin hökmdarı və Mete xanın atası kimi tanınır.Bu səbəbdən Teoman adı qədim türk dövlətçilik ənənəsini, hökmdarlığı və tarixi kökləri xatırladır.
Mete – böyük türk hökmdarı
Mete isə türk tarixinin ən məşhur hökmdar adlarından biridir. Söhbət Asiya Hun dövlətinin hökmdarı Mete Handan gedir. Mete Hanın adı hərbi təşkilatlanma və dövlət idarəçiliyi ilə bağlı tarixi hadisələrlə əlaqələndirilir. Buna görə də Mete adı türk tarixində güc, liderlik və dövlətçilik anlayışlarını çağrışdırır. Atatürkün Kazım Özalpın oğullarına Teoman və Mete adlarını təklif etməsi onun qədim türk tarixinə verdiyi əhəmiyyəti göstərən nümunələrdən biri kimi təqdim olunur.
Umay – qədim türk inancında ana və qoruyucu obraz
Umay adı xüsusilə qədim türk mədəniyyəti baxımından maraqlıdır. Umay qədim türk inanclarında qadın, ana, uşaq və ailəni qoruyan müqəddəs obrazla əlaqələndirilir. Xüsusilə uşaqların və anaların himayəçisi kimi təsvir olunur. Bu səbəbdən Umay adı qoruyuculuq, analıq, bərəkət və həyat anlayışları ilə əlaqələndirilir.
Altay – türklərin qədim coğrafi yaddaşı
Altay həm coğrafi, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıyan addır.
Altay dağları Mərkəzi Asiyada yerləşir və türk xalqlarının tarixi ilə bağlı müzakirələrdə tez-tez xatırlanır. Buna görə “Altay” adı türk dünyasının qədim coğrafiyası, dağlar, təbiət və tarixi köklərlə assosiasiya olunur.
Doruk – zirvə, ən yüksək nöqtə
Doruk sözü türk dilində dağın və ya yüksəkliyin ən yüksək nöqtəsi, zirvəsi deməkdir. Məcazi mənada isə “ən yüksək səviyyə”, “uğurun zirvəsi” və “ən üstün nöqtə” anlamında işlənə bilər. Bu səbəbdən Doruk adı məqsədə çatmaq, yüksəlmək və zirvəyə doğru getmək kimi müsbət məna yaradır.
Yıldıray – ay işığı və parıltı
Yıldıray adı “yıldır” və “ay” sözlərinin birləşməsi ilə formalaşan türk mənşəli adlardan biri kimi təqdim olunur. Adın ümumi çağrışımı parıltı, işıq və ayla bağlıdır. Buna görə Yıldıray poetik baxımdan “ay kimi parlayan”, “işıq saçan” anlayışlarını xatırladır.
Özalp – özündə alp ruhunu daşıyan
Özalp adında “öz” və “alp” sözləri diqqət çəkir. “Alp” qədim türk dilində qəhrəman, igid, cəsur döyüşçü mənasında işlənib. Buna görə Özalp adı ümumi şəkildə “özündə igidlik daşıyan”, “cəsur və qəhrəman” anlayışlarını ifadə edən ad kimi başa düşülə bilər.
Atalay – hörmət və tanınmışlıq çağrışımı
Atalay türk mənşəli adlardan biri kimi işlənir və “atalı”, “hörmətli”, “tanınmış” kimi müsbət çağrışımlara malikdir. Adın tərkibindəki “ata” sözü isə türk mədəniyyətində yalnız bioloji ata mənasında deyil, böyüyə, ağsaqqala və keçmiş nəsillərə hörmət anlayışı ilə də bağlıdır.
Kıraç – quru və məhsuldarlığı az olan torpaq
Kıraç sözü türk dilində əsasən susuz, quru və məhsuldarlığı aşağı olan torpaq mənasında işlənir. Digər adlardan fərqli olaraq, bu söz birbaşa müsbət məna daşımır. Lakin soyad kimi təbiətlə, torpaqla və coğrafiya ilə bağlı türk sözlərinin necə istifadə edildiyini göstərən maraqlı nümunədir.
Bozok – qədim türk tayfa adı
Bozok türk tarixində mühüm yer tutan qədim tayfa və boy adlarından biridir. Xüsusilə Oğuzların tarixi ilə əlaqələndirilir. “Bozok” adı bu baxımdan sadəcə bir soyad deyil, qədim türk-oğuz tarixini xatırladan tarixi addır.
Gürer və Ergüven – güc və etibar
Gürer adında “gür” sözü güclü, gur, qüvvətli mənalarını verir. Bu səbəbdən ad güc və qüvvə anlayışını çağrışdırır. Ergüven isə “ər” və “güvən” sözlərinin birləşməsi kimi anlaşılır. “Ər” qədim türk dilində igid, kişi, döyüşçü mənalarında işlənib. “Güvən” isə etibar və inam deməkdir. Beləliklə, adın ümumi çağrışımı “etibarlı və igid insan” şəklində izah edilə bilər.
Bu ad və soyadlara birlikdə baxdıqda maraqlı bir mənzərə ortaya çıxır. Bozqurd gücü və yol göstərməyi, Ülkü böyük idealı, Umay qoruyuculuğu, Mete və Teoman qədim türk dövlətçiliyini, Doruk zirvəni, Altay isə tarixi coğrafiyanı xatırladır. Başqa sözlə, bu adların hər biri bir söz olmaqdan daha artıq məna daşıyır. Onların arxasında türk tarixindən, mifologiyasından, təbiətindən və milli düşüncəsindən gələn simvollar dayanır. Məhz buna görə həmin adların bir çoxu aradan uzun illər keçməsinə baxmayaraq bu gün də işlədilir və türk mədəni yaddaşında öz yerini qoruyur.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Bu gün Venesiya kinofestivalı başa çatır: ƏSAS FAVORİTLƏR
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan Venesiya Beynəlxalq Film Festivalı bu gün tarixə qovuşacaq. Sentyabrın 2-də başlayan və 12-dək davam edən 83-cü festivalda dünya kinosunun tanınmış rejissorları, aktyorları və prodüserləri bir araya gəlib. Əsas müsabiqədə “Qızıl Şir” uğrunda 21 film mübarizə aparır. Münsiflər heyətinə amerikalı aktrisa və rejissor Meggi Gyllenhaal rəhbərlik edir.
Bəs bu gecəki mükafatlandırmaya əsas namizəd hansı filmlərdir?
Bəli. Hazırkı tənqidçi qiymətləndirmələrinə əsasən, “Qızıl Şir” üçün ən ciddi favoritlər arasında xüsusilə Wild Horse Nine, Possible Love, Primetime və Look Back önə çıxır. Tənqidçi reytinqlərində Wild Horse Nine hazırda birinci, Primetime ikinci, Possible Love üçüncü, Look Back isə yüksək yerlərdən birindədir.
“Qızıl Şir uğrunda əsas beşlik”
1. “Wild Horse Nine” — “Doqquz vəhşi at”
Rejissor: Martin Makdona
Baş rollarda: Con Malkoviç, Sem Rokvell, Stiv Buşemi
Hazırda festivalın ən güclü favoritlərindən biri hesab olunur. Filmin hadisələri 1973-cü ildə Çilidə hərbi çevriliş ərəfəsində baş verir. İki MKİ agenti – Kris və Li – Santyaqodan Pasxa adasına göndərilir. Adadakı missiya zamanı onların keçmişi, törətdikləri əməllərlə bağlı günahkarlıq hissləri və aralarındakı münasibət üzə çıxmağa başlayır. Krisin iki üsyankar gənclə yaxınlaşması isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Film həm siyasi dram, həm də qara yumor üzərində qurulub. Venesiyada ekran nümayişindən sonra 13 dəqiqəlik ayaqüstü alqış alması onun festivaldakı güclü qəbulunun göstəricilərindən biridir.
2. “Possible Love” — “Mümkün məhəbbət”
Rejissor: Li Çanq-donq
Baş rollarda: Çon Do-yon, Sol Kyonq-qu, Ço İn-son
Cənubi Koreya kinosunun məşhur rejissoru Li Çanq-donqun səkkiz ildən sonra çəkdiyi ilk filmidir. Əsərin mərkəzində iki evli cütlük dayanır: işini itirmiş fəhlə və onun həyat yoldaşı, eləcə də əmək problemləri haqqında sənədli film çəkmək istəyən rejissor və onun əri.
İki ailənin yolları kəsişdikcə onların sosial statusları, arzuları və gizli münasibətləri üzə çıxır. Film sinfi fərqlər, əmək münasibətləri, istismar, sevgi və insanın azadlıq arzusu mövzularını araşdırır.
Tənqidçilər filmi intellektual, çoxqatlı və incə psixoloji müşahidələri ilə seçilən ekran əsəri kimi qiymətləndirirlər.
3. “Primetime” — “Əsas efir vaxtı”
Rejissor: Lens Oppenhaym
Baş rolda: Robert Pattinson
Filmin süjeti 2006-cı ildə keçir. Televiziya aparıcısı Kris Hansen “To Catch a Predator” adlı məşhur verilişlə televiziya tarixində iz qoymağa çalışır. Robert Pattinsonun da rol aldığı film əslində yalnız bir televiziya proqramından bəhs etmir.
Ekran əsəri reallıq televiziyasının necə qurulduğunu, tamaşaçı marağı naminə mənəvi sərhədlərin necə aşındığını və televiziya şousunun iştirakçılarına necə təsir etdiyini araşdırır. Rejissor real hadisələrə əsaslanan verilişi həm jurnalistika, həm də əyləncə sənayesi baxımından təhlil edir.
Hazırkı tənqidçi reytinqlərində film Wild Horse Ninedan sonra ikinci yerdədir.
4. “Look Back” — “Geriyə bax”
Rejissor: Hirokazu Kore-eda
Baş rollarda: Natsuki Dequçi, Aju Makita
Yapon rejissor Hirokazu Kore-edanın filmi iki yeniyetmə qızın hekayəsidir. Fucinonun öz istedadına böyük inamı var və o, manqa rəssamı olmaq istəyir. Qapalı həyat sürən Kyomoto isə demək olar ki, evdən çıxmır və bütün vaxtını rəsm çəkməyə sərf edir.
Onları manqaya olan sevgiləri birləşdirir. Dostluq münasibətləri illər ərzində davam edir və film onların yaradıcılıq arzularını, rəqabətini, dostluğunu və həyatın gözlənilməz sınaqlarını izləyir. Hadisələr təxminən 13 illik dövrü əhatə edir.
Film hazırkı tənqidçi siyahısında da yüksək nəticə göstərir.
5. “Bunker” — “Bunker” / “Sığınacaq”
Rejissor: Florian Zeller
Baş rollarda: Penelopa Kruz, Xavyer Bardem, Pol Dano, Stiven Qrehem
Bu filmin əsas qəhrəmanı milyarder texnologiya sahibinin sifarişi ilə apokalipsis vəziyyətində yaşamaq üçün yeraltı bunker tikməyi qəbul edən memardır. Lakin bu qərar onun 17 illik evliliyini ciddi sınağa çəkir. Həyat yoldaşı ərinin gördüyü işin mənəvi tərəfini və zənginlərin dünyadan təcrid olunmaq istəyini şübhə altına alır.
Beləliklə, bunker təkcə fiziki sığınacaq deyil, filmdə qorxu, sosial bərabərsizlik, ekoloji təhlükə, fərdiyyətçilik və ailə münasibətlərinin dağılması üçün metaforaya çevrilir.
Penelopa Kruz və Xavyer Bardemin real həyatda da ər-arvad olması filmin emosional tərəfinə xüsusi maraq qatır. Festivalda nümayişindən sonra film həm aktyor oyunu, həm də mövzusu ilə geniş müzakirə olunub.
Hazırkı mənzərə
Tənqidçi reytinqlərinə baxdıqda, “Wild Horse Nine” açıq şəkildə lider görünür. Ardınca “Primetime” və “Possible Love” gəlir. “Look Back” da yüksək qiymətləndirilən filmlərdəndir.
Şəkildə: “Doqquz vəhşi at” filmindən kadr
“Ədəbiyyat və incəsənət”
(12.09.2026)
Venesiya kinofestivalı davam edir: “Qızıl Şir” uğrunda son yarış
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Dünyanın ən nüfuzlu kino tədbirlərindən biri olan Venesiya Beynəlxalq Film Festivalı bu günlərdə özünün ən qızğın mərhələsini yaşayır. Sentyabrın 2-də başlayan və 12-dək davam edəcək 83-cü festivalda dünya kinosunun tanınmış rejissorları, aktyorları və prodüserləri bir araya gəlib. Əsas müsabiqədə “Qızıl Şir” uğrunda 21 film mübarizə aparır. Münsiflər heyətinə amerikalı aktrisa və rejissor Meggi Gyllenhaal rəhbərlik edir.
Venesiya festivalı ənənəvi olaraq yalnız sənət filmlərinin deyil, böyük ulduzların da diqqət mərkəzində olduğu platformadır. Bu il proqramda Penelopa Krus və Xavyer Bardemin baş rollarda çəkildiyi “Bunker”, Keysi Afflekin “Company” filmi, Martin Makdonanın “Wild Horse Nine”, Hirokazu Kore-edanın “Look Back” və digər diqqətçəkən ekran əsərləri yer alır.
Florian Zellerin rejissoru olduğu “Bunker” ekoloji narahatlıq, sağ qalmaq instinkti və ailə münasibətlərini ön plana çıxarır. Penelopa Krus və Xavyer Bardemin ekran cütlüyü festivalın ən çox diqqət çəkən aktyor tandemi kimi də gündəmə gəlib. Film “Qızıl Şir” uğrunda yarışan əsərlər sırasındadır.
Yapon rejissoru Hirokazu Kore-edanın “Look Back” filmi isə rəsm çəkməyə böyük həvəs göstərən iki qızın dostluğu və yaradıcılıq dünyasına münasibətindən bəhs edir. Film artıq festivalın diqqət çəkən ekran işlərindən biri kimi qiymətləndirilir.
Venesiya müsabiqəsinin ən çox müzakirə olunan filmlərindən biri isə İlya Xrjanovskinin uzun illər üzərində işlədiyi “DAU” ekran əsəridir.
Film Nobel mükafatlı sovet fiziki Lev Landau haqqında nəhəng kino layihəsinin yekun hissəsi kimi təqdim olunur. Layihənin çəkilişləri 2008–2011-ci illərdə Ukraynada yaradılmış böyük dekorasiya kompleksində aparılıb və illər ərzində çoxsaylı aktyor, alim və sənətçiləri özündə birləşdirib.
“DAU”nun Venesiyada nümayişi siyasi mübahisələrə də səbəb olub. Ukrayna hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi davam etdiyi bir vaxtda rusdilli filmin festival proqramında yer almasına etiraz edib. Rejissor isə müharibəyə qarşı mövqeyini və Ukraynanın qələbəsini dəstəklədiyini bildirib.
Festivalın ən yaddaqalan simalarından biri də 93 yaşlı amerikalı aktrisa Ellen Börstindir. Kino və teatr sənətində 150-dən artıq rola imza atan aktrisa bu il Venesiyada “Flesh Impact” adlı 17 dəqiqəlik qısametrajlı filmlə tamaşaçı qarşısına çıxıb.
Maggie Gyllenhaalın rejissoru olduğu filmdə Börstin 100 yaşlı Merilin Monronu canlandırır. Aktrisa festival çərçivəsində fəxri “Qızıl Şir” mükafatına da layiq görülüb.
Bu il Venesiya proqramında müharibə mövzusu da xüsusi yer tutur. Yapon rejissoru Şinya Tsukamotonun “Mr. Nelson, Did You Kill People?” filmi Vyetnam müharibəsi veteranı Allen Nelsonun həyat hekayəsi əsasında çəkilib.
Film müharibənin insan psixologiyasında yaratdığı ağır izləri, günahkarlıq hissini və sonradan sülh axtarışını araşdırır. Ekran əsəri də “Qızıl Şir” uğrunda mübarizə aparan 21 filmdən biridir.
Yaxşı, bəs “Qızıl Şir”ə kim daha yaxındır?
Festivalın başa çatmasına az qaldıqca kino tənqidçiləri arasında favoritlərin adı daha çox hallanır. Hazırkı müzakirələrdə Martin Makdonanın “Wild Horse Nine”, Li Çanq-donqun “Possible Love”, Florian Zellerin “Bunker”, Hirokazu Kore-edanın “Look Back” və May əl-Toukhyinin “Kvinde Ukendt” (“Woman Unknown”) filmlərinin adı ön sıralarda çəkilir. Lakin tənqidçilərin rəğbəti hələ mükafatın təminatı deyil: son qərarı Meggi Gyllenhaalın rəhbərlik etdiyi münsiflər heyəti verəcək.
Festivalın “Qızıl Şir” mükafatının təqdimetmə mərasimi sentyabrın 12-də keçiriləcək. Beləliklə, Venesiya kinofestivalında əsas sual artıq yalnız hansı filmlərin daha çox bəyənildiyi deyil, builki kino mövsümünün ən böyük mükafatlarından birinə kimin sahib çıxacağıdır.
Venesiya bir neçə gün ərzində yenə dünya kinosunun diqqət mərkəzində qalacaq. Lido adasında qırmızı xalça, premyeralar və kino müzakirələri davam edir – “Qızıl Şir”in sahibinin adı isə sentyabrın 12-də məlum olacaq.
Şəkildə: Penelopa Krus və Xavyer Bardemin baş rollarda çəkildiyi “Bunker” filminin afişası
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
“Apara” və Turan eşqinə” ilə BİR CÜT ŞEİR
Fariz Süleymanoğlu,
“Ədəbiyyat və incəsənət”
APARA
Bu səhər dupduru, gur yağış yağa,
Bir hüzur ələnə şəhərə, dağa,
Bütün qəm-qüssəni suyunda boğa,
Qatıb qabağına yuyub apara.
Doya susuz qalan haralar ki var,
Yüz rəngə boyana qaralar ki var.
Ürəkdə nə qədər yaralar ki var,
Bu yağış qazıya, oyub apara.
Yağa, çəkə gözəl iz pəncərəyə,
Dinləyək söykəyib üz pəncərəyə,
Toplayaq dərd-səri düz pəncərəyə,
Asta tıqqıldadıb, döyüb apara.
Yağa, selə dönə, daş ala gedə,
Gedər-gəlməzlərə baş ala gedə.
Bir dərin məcraya boşala gedə.
Bütün qayğıları soyub apara.
Ardınca səpsərin bir külək əsə,
Yarpaqlar rəqs edə nəfəs-nəfəsə
Sərçələr sevinclə verə səs-səsə,
Duyğumu ünvana duyub apara.
Və sonra qırmızı bir günəş doğa,
Təbəssüm eyləyə təbiət-doğa,
Gülüb, qığıldaya südəmər çağa,
Babası da, "hay can!" - deyib apar…
TURAN EŞQİNƏ
Şanlı, müqəddəsdir soy-əcdadımız!
Tarixə ziynətdir bu Türk adımız!
Haqqadır sevdamız, etiqadımız!
Sevdan mübarəkdi, yolun mübarək!
Haydı, Türk dünyası, birləşmək gərək!
Birləşək bizim bu saf qan eşqinə!
Tanrımız eşqinə, Quran eşqinə!
Bütöv dövlətimiz Turan eşqinə!
Biz bir vücud olaq, bir can, bir ürək!
Ey ulu Türk soyu, birləşmək gərək!
Bizi bu birliyə el, yurd çağırır!
Oğuz xan çağırır, Bozqurd çağırır!
And verib o Dədəm Qorqud çağırır!
Silaha, çörəyə, duza and içək!
Haydı, Türk dünyası, birləşmək gərək!
Qalx ki, səni zəif görən titrəsin!
Qorxudan uzaqdan hürən titrəsin!
Yarsın qəlblərini nə'rən, titrəsin!
Xəlvətə dürtülsün yenə tülkü tək!
Haydı, Türk dünyası, birləşmək gərək!
Orxonda yazılı daş-qaya Sənsən!
Sibirdən Xəzərə, Dunaya Sənsən!
Tanrı dağlarından Altaya Sənsən!
Masmavi bayrağı zirvələrə çək!
Ey ulu Türk soyu, birləşmək gərək!
Milli dəyərlərim, törəm canımız!
Dilimiz ruhumuz, qaynar qanımız!
Türklük varlığımız, şöhrət-şanımız!
Düşmənə sitəmsən, dostlara örnək!
Haydı, Türk elləri, birləşmək gərək!
Farizin bu yolu, davası haqdır!
Diləyi müqəddəs, sevdası haqdır!
Bu Turan dövləti qurulacaqdır!
Haqq bilər! Mən görməm, gənclər görəcək!
Ey Şanlı Millətim, birləşmək gərək!
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Hələ də axtaran Kamran Həsənli
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Daim axtarışdadır. Heç nədən şou yaratmağı, gəlir əldə etməyi gözəl bacarır. Məsələn, space telekanalında guya iki toy müğənnisini yarışdırıb qalibi müəyyən etmək istəyir. Qalib isə sənətkarlığına görə deyil, dost-tanışdan, qohum-əqrəbadan və varsa da əgər, pərəstişkarlarından daha çox sms toplayan olacaq. Və əlbəttə ki, sms də pul ilədir. Bəzən burada qalib gəlmək amacında olan müğənnilər bank krediti götürüb on-on beş min manat ətraflarına paylayırlar ki, on asəs versinlər.
Bax, Kamran Həsənli belə Kamran Həsənlidir.
Aktyor, şoumen Kamran Həsənli 11 sentyabr, 1963-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına musiqi məktəbində alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. İlk peşə fəaliyyətinə Naxçıvan Musiqi Kollecində müəllim kimi başlayıb. Şoumenlik, teleaparıcılıq, sonra da siyasət!
6 mart 2023-cü il tarixində Azərbaycan Yüksəliş Partiyası Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub. Partiya buraxılanadək bu postu tutub.
2000-ci ildən etibarən televiziya aparıcısı kimi Musiqili meydan, Sizin saat kimi bir çox layihələrdə iştirak edib. Həmçinin, ANS televiziyasında da bir çox maraqlı layihələrin aparıcısı olub. Toylar kralı‚ Bağlama, Şənbə Kamran Həsənli ilə, Günəbaxan, Bazar səhəri verlişlərində aparıcı kimi tamaşaçıların görüşünə gəlib. Eyni zamanda ANS TV-də Axşam-Axşam verlişinin aparıcısı olub.
Təzəlikcə YouTube platformasında siyasi yönlü bir neçə müsahibəsinə baxdım. Düzü, siyasətə şou yapışmadığını aşkarca sezdim.
Filmoqrafiya
1. Qış nağılı 1
2. Qış nağılı 2
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Lənkəran ləhcəli, yeni nəsil komedik aktyorların ən populyarlarından biri
Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, xüsusən cənub bölgəsinin, talışların ləhçəsiylə parodiyalar edib seyrçini güldürməkdə pərgardır. Əksər müasir komediyalarda, telelayihələrdə bir qayda olaraq iştirak edir. Hərdən rejissorluğa, prodüsserliyə də baş vurur.
Söhbət bu gün doğum günü qeyd edilən Müşfiqdən gedir!
Komediya aktyoru, rejissor Müşfiq Şahverdiyev 11 sentyabr 1983-cü ildə Lənkəranda anadan olub. Bəxt sarıdan heç də gileyli deyil. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanıb.
"My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır.
Xatırladım ki, komediya filmi 2014-cü ilin 28 noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşüb və rekordu təzələyib.
Filmoqrafiya
1. Yanmış körpülər
2. Niyə?
3. Niyə? 2
4. Ağ Tük
5. Miras
6. My name is İntiqam
7. Qayınanamız
8. My name is İntiqam 2
9. Gizlənpaç
10. O başdannan
11. Komedixana
12. Qara Qura İşlər
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)
Orta əsr türk ordusunda qadın döyüşçülər (Amazon motivləri ilə müqayisə)
Nigar Xanəliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə maraqlı bir mövzuda yazı təqdim edilir - orta əsr türk ordusunda qadın döyüşçülər.
Türk xalqlarının tarixi yalnız kişi qəhrəmanlarla deyil, həm də qadın döyüşçülərlə zəngindir. Orta əsrlərdə türk cəmiyyətində qadın yalnız ailə daxilində deyil, həm də ictimai-siyasi və hərbi sahələrdə mühüm mövqeyə malik olmuşdur. Qədim mənbələr, dastanlar və arxeoloji tapıntılar türk qadınlarının döyüş meydanında iştirakını təsdiqləyir. Bu fenomen dünya mifologiyasındakı Amazon döyüşçüləri motivi ilə paralel aparıldıqda, maraqlı oxşarlıqlar və fərqlər ortaya çıxır.
Türk ordusunda qadınların iştirakı təsadüfi hadisə deyil, sosial-mədəni ənənələrin nəticəsi idi. Hun, Göytürk, Uyğur və daha sonrakı dövlətlərdə qadınlar həm ailəni, həm də torpağı qorumaq üçün silaha sarılırdılar. Qədim Çin salnamələrində türklərin “atlı qadınları”ndan bəhs edilir. Onların cəsarəti, ox atma bacarığı və süvari kimi döyüş təcrübəsi xüsusi qeyd olunur. Dastanlarda isə qadın qəhrəmanlar — Banuçiçək, Burla xatun, Gürcü qızı Nigar və s. igidlikləri ilə kişilərdən geri qalmırdılar.
Qədim yunan mifologiyasında Amazon qadınları müstəqil döyüşçü qəbiləsi kimi təsvir edilir. Onlar kişilərdən ayrı yaşayır, özlərinə məxsus silah və idarəetmə sistemi qururdular. Türk qadın döyüşçüləri isə fərqli idi: onlar kişilərdən ayrılmır, ailə və dövlət strukturlarının tərkib hissəsi kimi fəaliyyət göstərirdilər. Əgər Amazanlarda qadın-kişi qarşıdurması motivi ön plandadırsa, türk ənənəsində qadın döyüşçülər kişilərlə bərabər, yan-yana vuruşurdu. Bu, türk cəmiyyətində qadın-kişi münasibətlərinin daha balanslı olduğunu göstərir.
Arxeoloji qazıntılarda qadın skeletləri ilə birlikdə silahların tapılması (ox, qılınc, nizə) onların döyüşdə iştirakını təsdiqləyir. Orta əsr mənbələrində qadınların dövlət idarəçiliyində və diplomatik fəaliyyətlərdə də rol aldığı qeyd olunur. “Kitabi-Dədə Qorqud” dastanında qadın obrazları döyüşkən, müstəqil və şərəfli surətlər kimi təqdim edilir. Bu obrazlar Amazonlarla müqayisədə daha realist və sosial həyatla bağlıdır.
Orta əsr türk ordusunda qadın döyüşçülərin varlığı türk cəmiyyətində qadının yüksək sosial statusunu nümayiş etdirir. Onlar yalnız ailə və məişətdə deyil, həm də döyüş meydanında xalqın, torpağın qoruyucusu olmuşlar. Amazon motivləri ilə müqayisədə, türk qadın döyüşçülərinin fərqli cəhəti onların müstəqil qəbilə kimi deyil, dövlət və ailə strukturlarının ayrılmaz parçası kimi fəaliyyət göstərməsidir. Bu fakt türk xalqlarının sosial-mədəni inkişafında qadın-kişi münasibətlərinin qarşılıqlı əməkdaşlıq üzərində qurulduğunu sübut edir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)
Dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir -ESSE
Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Yazmaq istəyirəm. Yəni istəmək də deyil, yazmalıyam. Çünki yazmaq, psixoloqa getməyin ən ucuz, amma ən keyfiyyətli variantıdır. Yazmamaq passiv ölüm kimidir. Səni fiziki olaraq görmürlər amma canlı-cansız arası bir yerdə sürünürsən.
Hamı yazır. Kimisi gündəliyinə, kimisi qeydlərinə, kimisi "tərbiyəsiz sözlər yazmaq olmaz" filtiri keçməyən sosial mediaya. Amma yazır. Çünki yazmaq, susmağın estetik versiyasıdır. Mən də yazmalıyam. Mövzu axtarıram. Olmazmı, sadəcə oturum, nəsə deyim? Xeyr. Gərək "mesaj" olsun. Gərək "ictimai rezonans" doğursun. Gərək "oxucuya bir şey ötürəsən."
Nə ötürüm, axı? Mən özümü belə daşıya bilmirəm. Mövzu tapa bilmirəm. İnsanın başına bu qədər iş gəlib, amma hələ də yazı çıxmırsa demək ya həyat çox mənasız yaşanıb, ya da adam yazmaq istəmir. Mən ikisini də yaşayıram. Uşaq vaxtı həyətdə daşları qaldırıb qurd yığırdım. İndi isə buna "ekzistensial böhran" deyirlər. Atamla dalaşırdım, anamsa döyürdü. İndi onlara "toksik şəxsiyyətlər" deyirlər. Məktəbdə müəllim acıqlanırdı, mən susurdum, indi buna "emosional dissosiasiya" deyirlər. Yəni nə baş veribsə, sonradan adına termin çıxıb. Amma bu terminlərdən hələ bircə cümləlik yazı da düzəldə bilməmişəm.
Sən deyəcəksən, dostum "Mövzu yoxdursa, yazma da!". Doğrudur. Amma sən "musiqi" dinlədiyin üçün musiqiçi olmursansa, "kitab" oxuduğun üçün yazıçı deyilsənsə, niyə "mövzu" tapmadığın üçün yazmamalısan? Mövzu olmamaq da bəlkə bir mövzudur? Bəlkə də bu yazı yazılmamalı idi. Digər bütün yazılar kimi.. Bəlkə də bu yazını oxumağa vaxt ayıran sən, daha faydalı bir iş görməli idin. Amma artıq gecdir. Mən başladım, sən davam elədin. İndi ikimiz də bu absurda ortaq olmuşuq. Və bu absurda ortaq olmaq, insan olmağın yeganə təsdiqidir..
Bəs nə qədər "mövzusuzluq" yaşamalıyam dostum?
Ailəmi yazsam, deyəcəklər ki, "Dram axtarır."
Özümü yazsam, deyəcəklər ki, "Narsistdir."
Cəmiyyətə girsəm, deyəcəklər ki, "Bir də bu çıxdı ortaya."
Heç nə yazmasam, deyəcəklər ki, "Susmaq da mövqe deyil."
Yəni hər halım şərhlikdir. Sonda bir şey aydın olur, sən nə edirsən et, sən yoxsan. Sənin yazdığın haqqında fikir var. Sən isə, sadəcə, baş verən hadisəsən. Mövzu tapmamaq bir növ depressiyanın yazılı formasıdır. Qarşında boş vərəq var, onu da seyr edirsən, sanki sənə nəsə deyəcək. Boş ekrana baxmaq üçün gözümün işığını verirəm, amma ağlıma bir cümlə gəlmir. Sanki beynimdə fikir yoxdur, sadəcə arxivdə səhvən saxlanmış xatirələr var, onların da heç biri yazılacaq qədər maraqlı deyil. Sanki mən varam, amma mənə aid deyiləm.
Yaxşı, bəs bu yazı niyə var?
Yəqin tək səbəb budur ki, yazmaq, həyatda hələ də təslim olmadığının sübutudur. Susmaq isə sadəcə yavaş-yavaş yoxa çıxmaqdır. Mövzu yoxdursa da yazı var. Çünki bu dünyada hər şeylə barışmaq olar. Bir tək, ifadə edə bilməməklə yox. Bu yazı da bir mövzunun yoxluğuna yazılmış ağıdır. Yəni, yazının özü də yazılmağa layiq deyil. Amma yenə də buradadır. Əslində bu sualın cavabı çoxdan verilib, yazmalısan. Çünki yazmırsansa, deməli satılmısan. Bəs kimə? Ən azı düşmənə. Bəlkə də Amerika səfirliyinə. Ən pis halda vicdanına. Halbuki mən sadəcə mövzu tapa bilmirəm. Amma mövzu tapa bilməmək indi "satqınlıq əlaməti" sayılır. Əgər gündə bir dəfə "Vətən sağ olsun" demirsənsə, bu xalqın ölüsünə hörmətsizlik etmiş olursan. Nə olsun ki, özün diri deyilsən.
Vətən… kimə görə? Birinci sual budur, "Vətən kimindir?" Həmişə cavab da hazırdır, "Hamımızındır." Amma bu hamıya mən düşmürəm nədənsə.
Vətəndə işləmək istəyirəm, diplomuma baxmadan deyirlər ki, "təcrübən azdı."
Vətəndə yaşamaq istəyirəm, kirayələr elə bil NASA-nın maaşı ilə ölçülür.
Vətəndə susmaq istəyirəm, deyirlər ki, "niyə susursan, sən də danış."
Danışıram, deyirlər ki, "yaxşısı sus."
Bəlkə də vətən təkcə torpaq deyil. O həm də daxilində nə desən, səhv çıxacağın məkandır. Sən vətəni sevsən də, vətən səni bəyənməyə bilər. Əsgər olsan, qürur. Əsgərlikdən qorxsan, biabırçılıq. Əsgərlikdə ölsən, şəhid. Amma sağ qalsan, soruşurlar, "Nə xeyrin dəydi?"
Bayrağı da sevməlisən. İndi bayraq artıq sadəcə bayraq deyil, testdir. Sevirsənsə, düzgün insansan. Sevmirsənsə, yoxlama gələcək. Amma bəlkə də mən bu sevgini içimdə yaşayıram, çöldə musiqi fonunda "Bayrağım, sənə qurban" deyə hekayə atmıram. Demək, sevgi yetərli deyil. Sevgini performans şəklində göstərməlisən. Yoxsa sayılmır. "Vətən sağ olsun", amma kim üçün? Bax, bu ən ironik yerdir. Hamı deyir, "Vətən sağ olsun." Amma kimin sağlam qalacağı heç də dəqiq deyil. Şəhid ailəsi olursan, 40 kamera qabağında "göz yaşını tutma, ana, biz səninləyik" deyirlər. Sonra? Sonra sən tək qalırsan. Sonra sən bəzi insanlar üçün "əlaqəsi kəsilən dosye"yə çevrilirsən. QR kodun belə yoxdur. Vətəni sevirsən, amma onun səni sevməsi üçün nəyisə sübut etməlisən.
– Nəyi sübüt etməlisən?
+ Onlar deyəcək.
– Nə vaxt?
+Bilinmir.
– Nə qədər?
+ Son nəfəsə qədər.
Vətən mövzusuna toxunan kimi iki cür reaksiya alırsan:
1. "Caaan, qurban olum bu uşağa, necə vətənpərvərdi."
2. "Bunun ünvanını tapın, bu xəyanətkardı."
Ortası yoxdur. Vətəni sevirsənsə, ağlamağını çəkməlisən. Yoxsa təbliğat yetərli sayılmır. Yəni içindən yox, kamerasından sevməlisən. Bəlkə də vətən sadəcə bir yer deyil. Bir fikirdir. Bəlkə də vətən, heç vaxt sənə aid olmayan, amma uğrunda bütün həyatı boşa verdiyin ilğım kimidir. Sən ona can verirsən, o sənə sms belə atmır. Sən onun üçün ölməyə hazırsan, o sənin üçün iş yeri tapmır. Sən onun üçün göz yaşları tökürsən, o sənə "niyə ağlayırsan, bəlkə sənsən problem?" deyir. Və nəticədə... Vətən haqqında yazmaq, ya çox təhlükəlidir, ya çox gülüncdür. Hər iki halda sən uduzursan. Ona görə də yazmıram. Yaxud bəlkə yazıram. Yəni yazıram ki, yazmadığımı izah edim. Ən azı bu, emosional şantajdan azad bir ifadədir. Heç olmasa "Vətən sağ olsun" demədən yazı yaza bilirəm. Bu da bir irəliləyişdir.
Bəlkə Millətdən yazım? Yəni "millət olaraq belə birik" tiplilərin milləti. O cür paylaşımlarda sanki hamımız eyni filmin personajlarıyıq. "Zəhmətkeşik.""Qonaqpərvərik." "Tariximiz şanlıdır." "İrəliyə gedirik." "Birliyimiz tükənməzdir."
Əslində isə biri maşın sürür, biri söyür, biri qarşıdakı adamın cinsinə, yaşına, dininə, hətta nəfəsinə belə dözmür. Və bütün bu xaosun içində biz özümüzə "millət" deyirik. Bəlkə də bu elə Stokholm sindromunun kollektiv versiyasıdır. "Birlikdə güclüyük", amma Zoom-da belə birləşə bilmirik. Biz ancaq şüar səviyyəsində birlikdəyik. Konkret həyatda isə..
Toyda biri yer tutubsa, artıq düşmən sayılır. Taksidə 2 manat artıq alırlarsa, bu artıq xalqa "xəyanətdir". Kassada növbəyə girmədən qabağa keçən adam "tülkülük" edir. Səhvini deyənə "sən özün kimsən axı?" deyirik. Biz birlik deyilik. Biz sadəcə tək-tək qalanların kütləsiyik. Yan-yana düşmüş, amma heç vaxt eyni yerdə olmayan varlıqlar. Yaxşı bəs, millət necə tanınır? Ən çox reaksiya verdiyi şeylə. Bizim millət də linçlə tanınır. Kiminsə bir sözünü kontekstdən çıxarıb, linç eləməkdə ustayıq. O adam pis olsun, ya olmasın, biz onsuz da çoxdan onun qəlbindəki taxtı yandırmışıq.
Bir qadın açıq geyinibsə, "şərəfimizə ləkə"
Bir kişi ağlayıbsa, "əə bu nədi, kişiyə yaraşır?"
Bir uşaq nəyisə soruşursa, "sus, böyüyün sözün kəsmə"
Kimsə susursa, "bu da yuxarıdan danışır."
Yəni səssizliyin də, səsin də, mövqenin də, mövqesizliyin də cəzası var. Millətin gözü qarşısında yaşamaq üçün ya təsdiq qazanmalısan, ya da təslim olmalısan.
"Xalq nə desə, odur?", çox gülməlisən dostum.
Çünki xalq nə desə, o olmur. Xalq hər gün sosial mediada kimisə "bitirir", sonra həmin adam TV-də veriliş aparır. Xalq hər il eyni mahnıya səs verir, sonra həmin mahnını söyür. Xalq şikayət edir, amma özünün də niyə şikayət etdiyini bilmir. Bir gün birinə heykəl qoyuruq, ertəsi gün heykəlini söyürük, sonra da deyirik ki, "gör bir bu millət nə qəribə millətdi." Sanki kənardan kimsə danışır. Halbuki o cümləni deyən, o millətin özüdür.
Bəs millət deyəndə nəyi nəzərdə tuturuq?
Yəqin ki, müharibə başlayanda cəbhəyə gedən, qələbə olanda bəyənmələrdə birinci dayanan, oğlunu şəhid verib, amma oğlunun borcuna görə bankdan zəng alan, Ədəbiyyat oxumayan, amma "bizim klassiklər" deyə fəxrlə danışan, öz dilində danışıb, öz dilinə hörmət etməyən....
Qəribədir. Hamımız bir-birimizə oxşayırıq, amma heç kim bir-birini bəyənmir. Niyə? Çünki özümüzü də bəyənmirik. Millət olmaq, hiss yox, KİV materialıdır. Millət anlayışı reklam çarxlarına düşəndən bəri hiss yox, brend olub.
Milli kimlik, mövsümlük məhsuldur.
Milli qürur, tədbirdən tədbirə aktivləşir.
Milli birlik, ancaq başqasına nifrət etməyə gələndə ortaya çıxır.
Yəni biz birləşirik… amma qarşı çıxdığımız şey ətrafında. Sevdiyimiz şey ətrafında yox. Və nəticədə ortaya "millət" deyil, onlayn klaviatura ordusu çıxır. Son olaraq... Millətdən yazmaq da çətindir. Çünki ya yaltaqlanırsan, ya da "xalq düşməni" elan edilirsən. Amma mən yazıram. Çünki yazmasam, sanki bu yerdə şəriksiz qalmış olacağam. Və deyim sənə dostum, ən tək qalmaq, millətin içində ola-ola təklik hiss etməkdir. Bax, bu hiss millət sevgisini doğurmur. Sadəcə... boğur.
Bəlkə? Bəlkə tarixi dəyişən şəxslərdən nə isə yazım?
Bəli, dəyişiblər. Hamısı. Amma məsələ burasındadır, hansı tarixi?
Mənim yaşadığım tarixi yox. Sənin gündə bir şikayət etdiyin, axşam "şükür elə!!" deyə bitirdiyin günü yox. Mənzil növbəsinə düşməyən, kreditə keçməyən, avtobusa minməyən tarix.
Bax, o tarixi dəyişiblər. Onlar dəyişdilər, biz qaldıq. Napoleon Avropanı dəyişdi. Çingizxan yarım qitəni. Qarabağda igidlər tarix yazdı. Mən isə evdə oturub düşünürəm. "Əgər bu qədər adam tarixi dəyişibsə, niyə hələ də eyni ayın sonunda maaşım çatmır?" Bəlkə də tarix dəyişib, sadəcə biz tarixin kontakt siyahısında blokdayıq. "Dahi" anlayışının instaqram versiyası, əvvəllər dahi olmaq üçün 40 il yazmalıydın. İndi isə 40 saniyəlik video bəs edir. Əvvəllər biri tarixə düşürdü. İndi biri "reels"lərə düşür. Eyni prinsipdir, görüntü var, real təsir yoxdur. Səncə, Sokrat TikTok-da yaşasaydı, susardı? Yoxsa "Qısa fəlsəfə videoları. part 3"çəkərdi?
Tarixi şəxsiyyətləri sevirik... çünki onları şəxsən tanımırıq. Kiminsə heykəlini sevirsən, çünki onun səsini eşitməmisən. O sənə "bəsdir ağladın", "özünü qurban eləmə", "nəylə məşğulsan?" deməyib. Tarixi şəxsiyyətlər, romantik, məsuliyyətsiz sevgilər kimidirlər. Xəyali və ideallaşdırılmış. Amma o adamlar indi yaşasaydı, bəlkə də uyğun olunmamışdılar. Biri "diktator" deyərdi onlara, biri "seksist." Biri "qətliam etdi" yazardı, biri "əslində yaxşı idi, amma çox sərt idi" deyib, arada qalardı. Bizim dövrün tarixi yaddaşsız bir ekrandır. Tarix bizə tarix kimi yox, məzmun kimi təqdim olunur.
"Bu gün filankəsin doğum günüdür.""Bu gün filan savaş oldu." "Bu gün filankəs belə dedi." Amma bizə nə? O tarix bizim yataqxanamızı isitməyib. O şəxsiyyət bizim sənədlərimizi imzalamayıb. O qəhrəman bizim üçün şəhid olub, amma biz adını bilmirik. Tarix, paylaşım üçün maraqlı, amma yaşamaq üçün həddindən artıq uzaqdır.
Qəhrəmanlıq, KİV-dən əvvəl mövcud idi. İndi qəhrəman olmaq üçün kimisə xilas etməyə ehtiyac yoxdur. Sadəcə düzgün musiqi fonunda videonu montaj elə. Uzaqdan birinə bax, sonra əlini uzat, kamera səndə qalsın "insanlıq ölmədi" yaz. Budur, sən də tarix oldun. Əsl qəhrəmanlar? Onlar bu cür montajları görsə, bəlkə də şəhid olduqlarına peşman olardılar. “Tarixi dəyişənlər” və mən. Onlar dünyanı dəyişdi. Mən isə bu gün marketdən "yanlışlıqla" alınmış vaxtı keçmiś məhsulun pulunu geri ala bilmədim.
Tarix öz axarı ilə gedir, mən isə vaxtı keçmiş məhsulun içində həyatın mənasını axtarıram. Onlar "manifest" yazdı. Mən "reklam blok et" düyməsinə basıram. Onlar "xalqı oyatdı." Mən isə mürgülə düyməsinə basdım. Və nəticə... Tarixi dəyişən insanlardan yazmaq? Bəlkə. Amma dəyişdirilmiş bir tarixdə, dəyişməmiş insanların içində yazmaq çox çətindir. Bu günün qəhrəmanı susur. Çünki qəhrəmanlıq indi alınmayan kreditlə yaşamaqdır. Və onu heç kim tarixə yazmayacaq.
Efirdən də yazmaq olar əslində. Efir açılır. Studiyada süni işıq. Par-par parlayan bir masa. Bir aparıcı, sifətində dəhşətli miqdarda botoks, daha dəhşətli miqdarda saxta kədər.
Deyir ki, "Canım qardaşım, sənə Allah kömək olsun." Yanında skripka səsi. Arxa planda zümzümə qoxulu bir dua musiqisi. Ağlayan bir qadın. Gülən bir operator. Rejissor pıçıltı ilə deyir, "Keçdi 30 min baxışı."
Xoşqədəm, Zaur, Elgiz və s... Bunlar göz yaşı satışı üzrə ixtisaslaşmış efir dırnaqarası qəhrəmanlarıdır.
Kimsə itkin düşüb? Onlar üçün kontentdir.
Kimsə evdən qaçıb? Elə bil serialın yeni sezonudur.
Ər arvadını döyür? Mövzu çox aktualdır.
Uşaq anasını tanımır? Bu həftənin finalıdır.
Efirdə tək bir prinsip var, "Məzlum varsa, kontent var." İnsan dramı, onların produksiyasıdır. Dərd satışı, onların reytinq silahıdır. Empatiya? O, montaj otağında əlavə olunur..
"Canım, sən danış, biz sənə dəstəyik" Yox, əslində dəstək-filan yox. Sadəcə kameraya baxıb ağlayan adam görmək istəyirlər. Studiyadakı "qurban" danışır, aparıcı sözünü kəsir, deyir:
– Deməli... sən bu kişini 3 dəfə bağışladın?
Qadın göz yaşı içində cavab verir. Tamaşaçı baxır və "nə qədər axmaqdı bu qadın" deyir. Reytinq qalxır. Sistem qazanır. Qadın isə növbəti həftə yenə oradadır. Onlar üçün insan, ətdir. Sadəcə kamera üçün doğulmuş ətdir.
Kimsə başına şal atıb ağlayır? Kadrı zoom elə.
Uşaq əsəbi şəkildə danışır? Səsini bir az ver.
Tanınmış musiqiçi kiminsə üstünə “balta” atıb? Bu artıq xəbər deyil, reytinqdir.
Tamaşaçı ekranda öz evində olanı görür, amma bir fərqlə, burda musiqi var, işıq var, bir də "analiz edən" aparıcı. Halbuki aparıcının öz həyatında bu analizlərin 3-ü də sınıqdır. Amma yenə də studiyada hislər üstündür. Aparıcılar, məncə akademik Diplomlu Dram Tüpürənlərdir. Onların CV-si belə ola bilərdi:
Adı: Zaur və ya Xoşqədəm və ya Elgiz
İxtisas: Kamera qarşısında empatiya performansı
İş təcrübəsi: 15 il efirdə ağlayanlarla selfi
Bacarıqlar: danışanın sözünü kəsmək, ağlayanın göz yaşına sponsor tapmaq, "Allah özü bilən olar" deyib məsuliyyətdən yayınmaq
Hobbi: real problemi şouya çevirmək
Tamaşaçı da şərikdir. Bəli, təkcə efir deyil. Tamaşaçı da bu sirkə bilet alır. Oturub deyir:
– Ay yazıq qadın.
– Ay Allah, o kişinin bəlasını versin.
Sonra kanal dəyişir. Növbəti gün efirdə yenə başqa yazıq var. Serial davam edir. Reytinq od kimi. Efir hal hazırda, real həyatın tik-tok versiyasıdır. Real problem 3D-dirsə, efirdə bu 1D göstərilir. Sadəcə drama. Çünki sistem ağlamağı sevir. Qışqırığı sevir. Bir də... reklam arasından sonra davam etməyi. Əslində isə... Əslində isə o qadının evinə dönmək üçün pulu yoxdur. O kişi studiyadan çıxanda yenə zor tətbiq edəcək. O uşaq böyüyəndə yenə "problemlərin məhsulu" olacaq. Aparıcı isə instaqramda yazacaq:
– Çox ağır bir gün idi... amma haqq yerini tapdı.
Haqq? Tapmadı. Sadəcə reytinq yerini tapdı. Nəticədə isə, efir emosiyaların qəssabxanasıdır. Orda hisslər doğulmur. Sadəcə kəsilir. Sən ağlayırsan, onlar gülür. Sən zülm çəkirsən, onlar montaj edirlər. Sən həll axtarırsan, onlar ssenari yazır. Amma nə olsun? Sonda deyirlər:
– Allah hamının köməyi olsun.
Ən universal yalan budur. Studiyada deyilir, amma heç bir kamerada görünmür.
Yazım cinayətdən? Yox e, ayıbdır. Axı "xəbərlər" onu onsuz da şirin paketdə verir.
– 18 yaşından kiçik qıza yaxınlıq edən şəxs saxlanılıb.
Yaxınlıq? Yəni yanına oturub çay içib? Yoxsa “cinayəti sən demə, romantik jest kimi” təqdim etmək daha çox klik gətirir? Adını demirlər. Üzünü göstərmirlər. Bir tək qurban bütün kameralara açıqdır.
Ənənəvi resept budur, cinayət, musiqi fonu, efirdə müzakirə, reklam və verliś bitdi. Amma pedofil hələ də küçədədir. Ona "psixoloji problemləri var" deyirlər. Yəni bu ölkədə kiminsə əxlaqsızlığı məhrumiyyət yox, diaqnoz sayılır. "Bu mövzuları danışmaq olmaz, ayıbdır” Amma yaşamaq olar. Qarşındakı uşaq məhv olur, amma sən deyirsən:
– Qonşu danışmasın deyə bir şey eləmədik.
– Onsuz da polis heç nə etmir.
– Ailə məsələsidir, qarışmaq olmaz.
İnsan canavar olanda, cəmiyyət onu gizlətməyə çalışır. Niyə? Çünki “ayıb olar.” Ayıb. Ayıb. Ayıb. Əxlaqsızlıq bu qədər “əxlaqlı” olar, Pedofil gizlənmir. Sadəcə cəmiyyət gözünü yumur. Məktəbdə müəllim, Qohum içində bir “dayı”, Qonşunun tərbiyəli oğlu və ya öz atan, əmin, böyük qardaşın, Hamı tanıyır. Heç kim demir. Niyə? Çünki ailə parçalanar. Yəni bir uşaq məhv olar, amma "ailə" qalsın. Bu məntiq səni də, ailəni də çoxdan çürüdüb. Xəbərin yoxdu, ay bədbəxt.
Bəlkə polisə getsinlər? Polis?
Sübut var? Uşaq danışır. Deyirlər, "uşaqdır, nə danışdığını bilmir." Cinayətkar danışır. Deyirlər, "Sakitdir, peşman olub." Peşmanlıq bu ölkədə zamin kimidir. Uşağın həyatı çökür, pedofilin qohumları xahişə gəlir. Və deyirlər:
– Bağışlayaq, bu da bir insandır.
Hə, insandır. Sadəcə insanlığın dibində sürünən forması.
Efir? Efir belə şeyləri ya musiqi ilə yumşaldır, ya da xəbərdən sonra hava proqnozu ilə keçir. Sanki bir can yanır, söndürməyə yağış yağacaq. Bir dəfə belə bir anons eşidə bilərsən, "6 yaşlı qız zorlandı... sabah 25 dərəcə isti olacaq." Buyur burdan yandır içini. Yandır, amma çox yox, çünki gündəm dəyişəcək. Kiminsə nişanlısı, kiminsə əri başqa qadınla tutular. Cinayət "kontent deyil" deyə unudular. Cəmiyyətin əli qanda deyil, amma qanlı əli gizlədir Hamı bilir. Amma sən susursan. Susduqca o böyüyür. Əvvəl qohumunu qoruyursan, sonra ailəni, sonra kəndini, sonra bütöv ölkəni. Nə uğrunda? Şərəfsizliyin reputasiyasını qorumaq uğrunda. "Sosial şəbəkədə paylaşdım, ürəyim boşaldı" Yəni sən hashtag atdın ki, #uşaqlarımızıqoruyaq. Ertəsi gün sən də bir yetim uşağa “qulağının dibinə birini ilişdirdin.” Sosial şəbəkə vicdanı yuyur, real həyatda əxlaqı itiririk. Çünki burda qorumaq yox, görünmək daha vacibdir. Və nəticə, dostum? Cinəyət və pedofiliya haqqında yazmaq çətindir. Çünki bu cəmiyyətin əsas qorxusu, qurbanın səsi deyil, cinayətkarın adı çıxmasıdır. Amma yenə də yazıram. Çünki yazmaq, susmaqdan yeganə fərqli şeydir bu ölkədə. Qalan hər şey, "ayə biabır olarsan" qorxusunun içində çürüyür.
Bəs sadəcə içini yazmaq?
Onsuz da Hər Şey Yazılıb, Nəyə Lazım?
Dostoyevski yazıb. Tolstoy bitirib. Kamyu içindəki boşluğa izah verib. Nitşe isə "Allah ölüb" deyib, təpəsini örtdü. Və indi mən gəlirəm. Çayım soyuq, fikrim dağınıq, mövzum yox. Və soruşuram: Mən niyə yazmalıyam axı? Yazmaq istəyirəm, amma... yazılacaq nə qalıb?
Hər kəlmə sanki artıq haradasa işlənib.
Varoluş? Sartre yazdı.
Absurdluq? Kamyu dartan kimi ortaya atdı.
Ruhun zibilxanası? Dostoyevski ora 5 mərtəbə bina tikdi.
Tanrının sükutu? Kierkegaard eşitdi, Heidegger dərinləşdirdi.
Mən? Mən sadəcə susuram. Və susduğumu yazıram. Yazmaq istəyirəm, amma... kim oxuyacaq? Məqaləni qoyuram, 4-5nəfər oxuyur:
Biri Varis bəydir (çünki o sadəcə qeyd şərtsiz oxuyur)
Biri portalın redaktorlarıdır (onların işi budur məncə)
Biri sevgilimdir (çünki məcburdur)
Biri də mən özüməm (çünki gərək göstərim ki, "nəysə alınır")
Qalanlar Zaurun verilişində ərindən şikayət edən qadının videosunu izləyir. Və deyirlər:
– Ədəbi yazılar oxunmur axı.
Ədəbi? Bəlkə də ədəbsiz bir dünyanın içinə ədəb qatmağa çalışıram. Yazmaq istəyirəm, amma... bəlkə bu da travma kapitalizmidir? Hər yazı, travmanın satışıdı? Duyğu çörəyə çevrilib?
Bəlkə mən də ağrımı monetizasiya edirəm? Mən də yazıb, içimi bölüşüb, izlənmə istəyirəm? Onda nə fərqim qaldı efirdə ağlayan "qonaq"dan? Heç nə. Fərq sadəcə budur, onlar kamera üçün ağlayır, mən ölməmək üçün.
Yazmaq istəyirəm, amma... yazsam da dəyişməyəcək.. Cinayət yenə olacaq. Pedofil yenə evdə oturacaq. Zaur yenə qadını efirdə ağladacaq. "Millət olaraq birlikdəyik" hekayəsi yenə sosial şəbəkələrə düşəcək. Vətənpərvərlik "səs tonu"yla ölçüləcək. Mən isə bir cümlə yazacam. "Bəzən yazmaq, susmaqdan daha gurultusuz olur." Heç kim eşitməyəcək. Amma özüm eşidəcəm. Bəs bəlkə bu yetər?
Yazmaq, bəlkə də dua deyil, söyüşdür Sənə heç cavab gəlməyəcək. Amma ürəyindəki bataqlıqdan bir az palçıq çıxacaq. O palçıqla cəmiyyətin üzünə yazacaqsan ki, "Mən sizə bənzəmədim." Bəziləri oxuyacaq, bəziləri yazını report edəcək. Amma sən biləcəksən ki, yazdın. Və bu ölkədə bəzən yazmaq, əsl müqavimətdir. Nəticədə isə, mən yazmıram, çünki deyəcək sözüm yoxdur. Mən yazıram, çünki söz deyilməyəndə içim çürüyür.
Bu yazı, digərləri kimi heç bir dərdi sağaltmadı. Heç bir pedofiliya dayanmadı. Heç bir aparıcı efirdən getmədi. Heç bir millət dəyişmədi. Vətən məni qucaqlamadı.
Amma sən oxudun.
Və bu, hər şeyin əvvəlidir.
“Ədəbiyyat və incəsənət”
(10.09.2026)


