Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Tanrı, məni bağışla.
Niyə – özün bilirsən,
Nəyə – özün bilirsən.
Məni bağışla, Tanrı.
Necə – özün bilirsən,
Uca özün bilirsən.
Tanrı, bağışla məni.
Harda – özün bilirsən;
Darda – mən də bilirəm,
Varda – özün bilirsən.
Sən bəndə ha deyilsən,
Sən hardasa deyilsən.
Şahdamardan yaxınım,
Məni bağışla, Tanrım!
Əkbər Qoşalı
Şair Əkbər Qoşalı öz sosial media hesabında yeni şeirini paylaşıb.
Yığcamlığı ilə diqqət çəkən bu şeirdə əsas poetik uğur, Tanrı ilə insan arasındakı münasibəti fəlsəfi mühakimələrlə ağırlaşdırmadan, səmimi etirafdan çıxış etməsindədir. Şeirin nüvəsi “özün bilirsən” təkrarında cəmlənir. Məncə, bu təkrar həm tövbə, həm təslimiyyət, həm də ilahi bilgiyə güvən hissi yaradır.
Şeir dua ilə şeir arasındakı sərhəddə dayanır; nə tam dua, nə də sırf poetik mətndir…
“Niyə – özün bilirsən,
Nəyə – özün bilirsən”
misralarında insanın özünü tam izah edə bilməməsi, lakin Tanrının hər şeyi bilməsi fikri yığcam şəkildə ifadə olunub.
Son bənddəki “Şahdamardan yaxınım” ifadəsi “Quran”ın “Biz insana şah damarından daha yaxınıq” məzmunlu ayəsinə incə bir göndərişdir və şeirin mənəvi yükünü artırır.
“Darda – mən də bilirəm,
Varda – özün bilirsən”
misrası xüsusilə maraqlı poetik tapıntıdır. İnsan öz dərdini bilir, amma varlığının, taleyinin, qismətinin həqiqi mənasını yalnız Tanrı bilir.
Diqqət çəkən başqa bir məqam –
sonuncu bənddə kiçik bir semantik gərginlik var:
Sən bəndə ha deyilsən,
Sən hardasa deyilsən,
Bu misralar ilahi transsendentliyi vurğulayır; lakin dərhal sonra gələn:
Şahdamardan yaxınım
ifadəsi Tanrının insanın içində, ona son dərəcə yaxın olduğunu bildirir. Əslində bu təzad qüsur deyil, klassik sufi düşüncəsində tez-tez rast gəlinən bir paradoksdur: Tanrı həm “heç yerdə deyil”, həm də “hər yerdədir”; həm əlçatmazdır, həm də insana şah damarından yaxındır.
Əgər müəllifin məqsədini mistik-fəlsəfi qat yaratmaq kimi dəyərləndirsək, bu təzad şeirin gücünə çevrilir.
Ümumən, şeir poetik texnikadan çox mənəvi səmimiyyəti ilə yadda qalır. Şeir oxucunu heyrətləndirməyə yox, içindəki səssiz tövbə duyğusunu (“tövbə” demədən!) oyatmağa çalışır. Elə buna görə də onun təsiri ilk oxunuşdan sonra gəlmir, bəlkə son misradan sonra yaranan sükutda duyulur…
Şairi yeni bənzərsiz şeirə görə qutlayıram!
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


