Super User

Super User

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Növbəti təqdimatım: Rumiyyə Orucova (ədəbi təxəllüsü Rumi Səid)  24 oktyabr 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunu bitirmişdir, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Ailəlidir, 2 övladı var.

 

Ədəbiyyata uşaq yaşlarından – 10 yaşından şeirlər yazmaqla başlamışdır. Çoxsaylı şeirlərin müəllifidir. Yaradıcılığında Vətən sevgisi, həyat eşqi, qadın gücü və məhəbbət mövzuları əsas yer tutur. 8 aprel 2026-cı ildə Azərbaycan Yazıçılar Birliyində Kitabçılar klubunun təşkilatçılığı ilə keçirilmiş "Şeirini təqdim et, imzanı tanıt" müsabiqəsində iştirak etmişdir. Hazırda öz şeir kitabı üzərində çalışır.

Şairin yaradıcılığında Vətən mövzusu xüsusi bir yerə malikdir. II Qarabağ müharibəsinə həsr olunmuş "Şuşam", "Laçın", "Əsgər anası", "Bir müəllimə cavab", "Zəfər bayrağı" kimi dəyərli şeirləri vardır. Bu Vətən və qəhrəmanlıq ruhlu əsərlər içərisində "Şamo" şeiri xüsusi və seçilən yer tutur.

 

ŞAMO

 

Çalışdığım məktəbin şagirdi, II Qarabağ müharibəsi şəhidi Məhərrəmov Şamoya həsr edilib

 

Şuşaya irəliləyir,

Azərbaycan ordusu.

Yoxdur bir azca belə,

Gözdə ölüm qorxusu.

 

Nə tank, nə top, nə barıt,

Nə zirehli texnika.

Ürəklərdə çox güclü,

Vətən eşqi, duyğusu.

 

Bir əsgər var burada,

Bir az cılız, bədənsiz.

Hamıdan öndə gedir,

Olacaqdan xəbərsiz.

 

Qırır erməniləri,

Vətən qisasın alır.

Bəzən elə bu anda,

Sanki xəyala dalır.

 

Anası, bacıları,

Durur gözü önündə.

Ömrünün ən son çağı,

Ömrünün son günündə.

 

Dırmaşır qayalara,

Çox cəld, çox da sürətli.

Bəlkə də, o hamıdan,

Cürətlidir, cürətli.

 

Düşmənlər yuxarıdan,

Güllələri yağdırır.

Bu güllələrdən biri,

Bədəninə sancılır.

 

Birdən yadına düşür,

Nə demişdi gələrkən?

Düşünmürdü həyatı,

Belə bitər çox erkən.

"Anam ağlayar deyə

qorxuram" - demişdi o.

Onu ağlatmamağa,

Axı söz vermişdi o...

 

Bu düşüncə içində,

Onu qan aparırdı.

Elə bil bədənində,

Fırtına qoparırdı.

 

 Yavaş-yavaş yumurdu,

O məsum gözlərini.

Tuta bilmədi axı,

Verdiyi sözlərini.

 

…Günlər gəlib keçirdi,

Xəbər gəlmirdi ondan.

Ana narahat idi,

Ana yaman nigaran.

 

Bir zəngin səsiylə o,

Lap diksindi yerindən.

Birdən ağır ah çıxdı,

Qəlbinin dərinindən.

 

Bu xəbəri eşidən,

Atanın əli əsdi.

Sanki bir anda kimsə,

Nəfəsini də kəsdi.

Oğlu şəhid olmuşdu...

 

Qarabağ Azərbaycandır,

Şuşa bizimdir, Şamo.

Bu qələbə, bu uğur,

Sizin, sizindir, Şamo.

 

Ömrü Vətən yolunda,

Şam kimi əritdi o.

Yaddaşlara yazıldı,

Bizim qəhrəman Şamo.

 

Tarixlərə yazıldı,

Bizim qəhrəman Şamo.

Qəlbimizə qazıldı,

Bizim qəhrəman Şamo.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Nəriman ata" pyesini tamaşaya Bakıdan dəvət olunmuş rejissor Tofiq Kazımov hazırlayır. İlk tamaşa 4 fevral 1967-ci ildə göstərilir. Cahangir bəy rolu İsmayıl Talıblının son səhnə obrazı olur. Xəstəliklə əlaqədar may ayından daha səhnəyə çıxmır...

 

Azərbaycan SSR xalq artisti İsmayıl Talıblı 21 mart 1898-ci ildə Bakıda sadə qulluqçu ailəsində doğulub. Adi ibtidai təhsil alıb. Ancaq taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyev ilə dostluq edib. Həmin yaxınlıq da İsmayılın həyatda sənət seçimi yolunu müəyyənləşdirib.

 

1919-cu ildə İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.

 

Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona birbirinin ardınca sanballı rollar tapşırılıb.

 

Aktyor yeni sənət ocağında Luis Sinkierin "Yüz faiz" (Mak Qurmik), Aleksey Tolstoyun romanı əsasında "Roma-novların son günləri" (Dmitri Pavloviç və General Alekseyev), Vasili Şkvarkinin "Casus" (Stradvorski), Vladimir Marqaretin "Fahişə" (Dormua), Cəlil Məmmədquluzadənin "Anamın kita-bı" (Mirzə Məhəmmədəli), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" (Hatəmxan ağa), Viktor Hüqonun "Notrdam kilsəsi" (Qvazimoda), Jan Batist Molyerdən təbdil olan "Cancur Səməd" (Nüsxəbənd Abbasəli), Cəfər Cabbarlının "Sevil" (Atakişi) pyeslərinin tamaşalarında maraqlı rollarda çıxış edib. İsmayıl Talıblı Gəncə teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb.

 

Onların daha sanballıları və yaradıcılıq baxımından daha zənginləri bunlardır:

1. Hacı Səməd ağa ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)

2. Jorj Danden ("Jorj Danden", Jan Batist Molyer)

3. Şeyx Nəsrulla ("Ölülər", Cəlil Məmmədquluzadə)

4. Yaqo ("Otello", Vilyam Şekspir)

5. Səttarxan ("Dumanlı Təbriz", Məmməd Səid Ordubadi)

6. Əbdüləli bəy, Aqşin, Hacı Əhməd, Rəhim xan, İmamyar, Balaxan ("Sevil", "Od gəlini", "A1maz", "Nəsrəddin şah", "Yaşar" və "Aydın", Cəfər Cabbarlı)

7. Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay Qoqol)

8. Azər baba, İbrahim xan ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun)

9. Süleyman ("Həyat", Mirzə İbrahimov)

 

Yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən şirələnib. Oynadığı çoxsaylı rollarının bədii xüsusiyyətlərini nəzərdən keçirəndə görürük ki, onun ifasında realist obrazlar daha çoxdur. Coşğun ehtirasa, daxili temperamentə, çoxçalarlı səsə malik olan aktyorun psixoloji ifadə vasitələri, oyun üslubu-nun fəlsəfi-estetik mahiyyəti realizmın güclü zəmininə əsaslanıb.

 

Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi "Onu bağışlamaq olarını?" filmində Mirzə Veysəl roludur. Teatrda işləməklə yanaşı, Gəncə alimlər evində dram dərnəyinin və sonralar xalq teatrının bədii rəhbəri kimi fəaliyyət göstərib. Neçə-neçə istedadlı gənc onun qayğıneşliyi ilə həvəskarlıqdan peşəkar səhnəyə ayaq açıb.

 

Filmoqrafiya

- Onu bağışlamaq olarmı?

- Telefonçu qız

 

Məşhur aktyor sənətdəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti və xalq artisti  fəxri adları ilə təltif olunub. İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb. Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

Cümə axşamı, 23 İyul 2026 08:33

Doğum gününüz mübarək, ölümsüzlər!

Səngərdə parlayan qoşa ulduz: Şəhid Kiçik Gizir Elşən Mehbalıyevin döyüş dastanı

 

Murad Vəlixanov,

"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi

 

Azərbaycan Silahlı Qüvvələrinin Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) kiçik giziri və 44 günlük Vətən Müharibəsinin əfsanəvi şəhidlərindəndir. O, cəbhənin şimal və mərkəz istiqamətində keçirilən ən mürəkkəb əməliyyatlarda nümayiş etdirdiyi şəxsi rəşadətə görə dövlət tərəfindən bir çox döyüş medalları ilə təltif edilmişdir.

 

Həyatı, ailəsi və hərbiyə gələn yol

Elşən Mehbalıyev 23 iyul 1994-cü ildə Bərdə rayonunun Otuzikilər kəndində sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Uşaqlıq illərindən mərdliyi, idmana olan həvəsi və yüksək vətənpərvərlik hissləri ilə həmyaşıdlarından hər zaman seçilmişdir.

Təhsili: Doğulduğu Bərdə rayonunun Otuzikilər kənd orta məktəbində təhsil almışdır.

Hərbi xidmətin başlaması: Orta məktəbi bitirdikdən sonra müddətli həqi hərbi xidmətə yollanmışdır. Daxilindəki vətən sevgisi və elit hərbi bölmələrə olan marağı onu xüsusi kurslara yönəltmişdir.

Elit kəşfiyyatçı fəaliyyəti: Kursları müvəffəqiyyətlə başa vurduqdan sonra "kiçik gizir" rütbəsi alaraq düz 4 il boyunca Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) heyətində kəşfiyyatçı-hərbçi kimi şərəflə xidmət etmişdir.

Ailə vəziyyəti: Ailə qurmaq ərəfəsində — nişanlı idi.

 

Qəhrəman qardaşların səngər igidliyi

Mehbalıyevlər ailəsinin hər iki oğlan övladı — həm Elşən, həm də ondan iki yaş kiçik qardaşı Elnur Mehbalıyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin peşəkar hərbçiləri olublar. 2020-ci il sentyabrın 27-də Vətən Müharibəsi başladığı ilk andan etibarən hər iki qardaş çiyin-çiyinə ön cəbhəyə atılmış, müxtəlif döyüş marşrutlarında erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşmuşlar. Qardaşı Elnur döyüş meydanında ağır yaralansa da, müalicəsini yarımçıq qoyaraq yenidən ön xəttə qayıtmış və qardaşının şəhadət xəbərini də məhz səngərdə, növbəti əməliyyat zamanı almışdır.

 

Vətən müharibəsi və misilsiz şücaəti

Kiçik gizir Elşən Mehbalıyev 44 günlük müharibə dövründə şimal və mərkəz cəbhəsinin ən qaynar nöqtələrində, düşmənin keçilməz hesab etdiyi müdafiə xətlərinin darmadağın edilməsində ön sırada yer almışdır.

Murovdağ Əməliyyatı: Müharibənin ilk saatlarında Murovdağ silsiləsindəki strateji yüksəkliklərin və düşmən postlarının ələ keçirilməsində fəal iştirak etmişdir.

Suqovuşan və Talış döyüşləri: Suqovuşan qəsəbəsinin və Talış kəndinin düşmən işğalından tamamilə təmizlənməsi uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. Döyüşlər zamanı iki dəfə yaralanmasına baxmayaraq, səngəri tərk etməyi rədd edərək sarğı ilə yenidən döyüş meydanına atılmışdır.

 

 

Şəhadət məqamı

Müharibənin sonlarına doğru Ağdərə istiqamətində döyüşlər kəskin xarakter almışdı. 4 noyabr 2020-ci il tarixində Suqovuşan-Ağdərə xəttində gedən ağır qarşıdurma zamanı Elşən Mehbalıyev şiddətli artilleriya atəşi altında bir neçə yaralı silahdaşını təhlükəsiz zonaya təxliyə etməyi bacarmışdır. Yaralı yoldaşlarını xilas etdikdən sonra dərhal yenidən ön xəttə, döyüşün içinə qayıdan cəsur gizir, yaxınlığına düşən düşmən mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şəhidimizin nəşi 6 noyabr 2020-ci ildə doğulduğu Bərdə rayonunun Otuzikilər kənd qəbiristanlığında böyük izdiham və hərbi ehtiramla torpağa tapşırılmışdır.

 

Ali dövlət təltifləri

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, işğal olunmuş torpaqların azad olunması zamanı döyüş tapşırıqlarını və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kiçik gizir Elşən Mehbalıyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı yüksək hərbi medallarla təltif olunmuşdur:

"Vətən uğrunda" medalı

"Cəsur döyüşçü" medalı

"Suqovuşanın azad olunmasına görə" medalı

"Kəlbəcərin azad olunmasına görə" medalı

"Qubadlının azad olunmasına görə" medalı

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

İnci Məmmədzadə,

 “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Qısa ömründə uzun-uzadı işlər görməyə müvəffəq olan bir kəs - ədəbiyyatşünas Abdulla Sur barədə danışmaq istəyirəm.

O, 1882-ci ilin bu günündə Gəncədə anadan olub. İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində alıb, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənib. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlayıb.

 

1906-cı ildə İstanbula gedib və İstanbul Universitetində təhsil alıb. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınıb.

İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-rus" qəzetində çap olunub. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyib. Onun yazıları qəzetin hər sayında yer alıb. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edib.

O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazıb. "Şərqi-rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirib, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazıb.

1906-cl ildə Abdulla Sur İstanbula gedib. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışıb. Türk qəzetlərində məqalələri çap olunub. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayıb. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirib. Əlyazma halındakı kitabın çox hissəsi itib, yalnız ayrı-ayrı parçaları qalıb.

İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirib. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlayıb.

1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığıda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

Ramiz Göyüş, yazıçı-publisist 

“Ədəbiyyat və incəsənət”                                                 

 

Bu günlərdə - iyul ayının 16-18 tarixlərində Şuşada 2020-ci il Vətən Müharibəsindəki Böyük Zəfərimizdən sonra növbəti-sayca altıncı “Vaqif Poeziya Günləri” keçirildi.

“Heydər Əliyev Fondu”nun himayəsi altında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən, bütün sənətsevətlər üçün əlamətdar bir hadisə olan bu poeziya bayramının təşkilində əziyyəti keçən hər  kəsə bir fərd olaraq təşəkkürlərimi bildirirəm. Tədbir haqqında məlumatlarla tanış olduqca, fikrimdən istər-istəməz onun yaranma tarixinə bir səyahət etmək istəyi keçdi. Bu yazı da həmin istəkdən yarandı.  

 

Bir daha vurğulayıram ki, bir şair kimi, dövlət xadimi və Qarabağ Xanlığının vəziri kimi Molla Pənah  Vaqif şəxsiyyətinə, onun fəaliyyətini və yaradıcılığını,  sağlığından başlayaraq bu günümüzə qədər öyrənən, araşdıran, tədqiq edən görkəmli tədqiqatçılar, tarixçilər, səlnaməçilər, ədəbiyyat adamları və dövlət xadimləri bütün dövrlərdə yüksək dəyər vermişlər. Onların sırasında Mirzə Fətəli Axundovun, Qarabağnamələrin müəllifləri- Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin,  Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin, Rzaqulu bəy Mirzə Camal oğlunun, Mirzə Rəhim Fənanın, Məhəmmədəli bəy Məxfinin,  Həsən İxfa Əlizadənin, Həsənəli xan Qaradağinin, eyni zamanda, Qasımbəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Araz Dadaşzadənin, Nizami Cəfərovun, Aqil Abbasın adlarını minnətdarlıqla xatılamaq istərdim. Bu sıradan Xalq şairi Səməd Vurğunun adını xüüsusilə qeyd etmək istəyirəm. Təkzibolunmaz faktdır ki, Səməd Vurğun yaratdığı ölməz “Vaqif” dramı ilə həm Molla Pənah Vaqifi onun dövründən təxminən 250 il sonra, Azərbaycan vətəndaşına böyük ustalıqla təqdim edə və sevdirə bilmiş, həm də yüz ilə yaxın bir müddətdir ki, hələ də milyonlarla azərbaycanlının dilində əzbər söylənən, uzun illər teatrlarımızın repertuarından düşməyən bu nadir sənət nümunəsi müəllifinə böyük şöhrət gətirmişdir. ” Vaqif” dramını əslində çəkinmədən Səməd Vurğun tərəfindən böyük şairə ucaldılmış əbədi ədəbi abidə adlandırmaq olar.

Molla Pənah Vaqifə ən yüksək dəyər verən şəxsiyyətlərdən biri də görkəmli dövlət xadimi, Ümumilli liderimiz Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və o, dağılmış məzarı ziyarət etmişdir. O zaman O, "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirmişdi. Bu fikirləri söyləyəndə hələ Ulu Öndər dövlətdə yüksək vəzifə tutsa da birinci şəxs deyildi. Bu hadisədən yalnız 15 il sonra, 1980–81-ci illərdə Ulu Öndərin göstərişi ilə Vaqifin məzarı üzərində abidə və türbə ucaldılmış, 1982-ci ilin yanvar ayında isə qarlı şaxtalı bir qış günündə, özünün  iştirakı ilə məqbərənin təntənəli açılışı olmuşdur.

Yazının bu yerində dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, olkəmizin hüdudlarında öz memarlıq üslubu və möhtəşəmliyi ilə göz oxşayan dörd türbə-məqbərə mövcuddur ki, (Möminəxatun türbəsi, Nİzami Gəncəvinin, Molla Pənah Vaqifin və Hüseyn Cavidin məqbərəsi) bunlardan üçü şairlərə ucaldılmışdır. Həm də xüsusilə qeyd edirəm ki, bu məqbərələrin ikisi Ulu öndər Heydər Əliyev tərəfindən ucaldılmışdır. Keçən əsrin 30-cu illərində Vaqifə ədəbi abidə ucaldan Böyük Səməd Vurğun inanırdı ki, bir gün gələcək şairin qranit abidəsi Qarabağda ucaldılacaqdır. Və Vaqifin Cıdır düzündə heykəlini məhz Ulu Öndər tərəfindən ucaldılması onun həm Vaqifə, həm də Səməd Vurğuna böyük ehtiramının təntənəsi idi.                  

                                            Qalxacaq şairin bir gün heykəli,

                                            Bizim Qarabağın Cıdır düzündə,

                                            Vaqif canlanacaq onun özündə.

 

Ulu Öndərimiz Böyük şairin məzarı üzərində təkcə abidə və məqbərə tikdirməklə kifayətlənmədi. O, həm də 1982-ci ildən başlayaraq hər il “Vaqif Poeziya Günləri“ keçirilməsi barədə tapşərəq verdi...

İstər-istəməz belə bir sual yaranır: XVIII əsrdə yaşayıb-yaratmış bir sənətkarın, bir xanlığın vəzirinin xarakterində, yaradıcılığında, fəaliyyətində vəşəxsiyyətində nə hikmət vardı ki, Heydər Əliyev kimi nəhəng dövlət adamının, ictimai-siyasi xadimin diqqətini bu qədər özünə cəlb etmişdi? Düşünürəm ki, bu sualın cavabını bir neçə məqamlarda axtarmaq lazımdır.İlk əvvəl onu qeyd etməkistəyirəm ki. Ulu Öndərdə Vaqif şəxsiyyətinə rəğbət hələ Onun orta məktəbdə oxuduğu illərdə, Səməd Vurğunun “Vaqif” dramı vasitəsi ilə yaranmışdı, Ümumilli liderin həyatından məlumatlarda göstərilir ki, orta məktəbin son siniflərində oxuduğu illərdə, məktəbdə hazırlanan tamaşalarda O, “Vaqif” dramında Vaqif rolunu oynamışdı. İkincisi. Azərbaycan tarixini və ədəbiyyatını mükəmməl bilən Heydər Əliyev yaxşı bilirdi ki, Vaqifə qədər Azərbaycan Ədəbiyyatı tarixində nə qədər görkəmli simalar olsa da, Vaqif milli şeirimizin və ədəbi dilimizin banisidir. Həmçinin Heydər Əliyev həm də Vaqifin Qarabağ xanlığının vəziri kimi çox mürəkkəb. ictimai-siyasi və tragik bir dövrdə müdriklik və uzaqgörənlik nümayiş etdirdiyini yaqxşı bilirdi. Təbii ki, bu sevgi heç şübhəsiz həm də keçən əsrin 30-cu illərindən üzü bəri  Vaqifi Azərbaycan xalqına tanıdan müəllifə - Səməd Vurğuna olan rəğbət və məhəbbətdən irəli gəlirdi.

Bununla yanaşı düşünürəm ki, bu sualın ən mükəmməl cavabını, eyni zamanda Azərbaycan tarixi üçün, eləcə də Azərbaycan poeziyası üçün müstəsna əhəmiyyət kəsb edən bu hadisənin əhəmiyyətinin miqyasını Prezidentimiz  Cənab İlham Əliyev dəqiqliklə aşağıdakı kimi ifadə etmişdir: “Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”.

Azərbaycan tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman  Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. 2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikasının Mədəniyyət nazirini təyinatı ilə əlaqədar qəbul edərkən bir sıra tövsiyyə və tapşırıqlar, eyni zamanda cəmiyyətə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq təyyarə limanının tikilməsi, Azərbaycan dilinin qorunması, UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin inkişafı, bu il Şuşada “Xarı Bülbül” festivalının və digər məsələlər barədə önəmli mesajlar verdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev: “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il “Vaqif ili” elan ediləndə də, 2021-ci  ildən başlayaraq, hər il Şuşada Vaqif Poeziya Günləri”nin keçirilnməsi barədə göstəriş verdi.  

 Azərbaycanımızın Mədəniyyət Paytaxtı Şuşa bu gün tarixinin ən şərəfli bir dövrünü yaşayır.    “...xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır”...deyən Prezidentimiz İlham Əliyev Ümummilli liderimiz tərəfindən başlanılmış, lakin tamamlanmamış işləri sədaqətlə, mərdliklə, qətiyyətlə və uğurla başa çatdırmaqdadır. Saymaqla qurtarmayan bu möhtəşəm işlərin sırasında  Molla Pənah Vaqifin adı ilə bağlı işlər də vardır. Bir vaxtlar Ümummilli liderimiz Heydər Əliyevin: “Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla  Pənah  Vaqifin məqbərəsi də öz xalqına qayıdacaq “ arzusu da Cənab Prezidentimiz tərəfindən yerinə yetirildi. Belə ki, Şuşa işğaldan azad edildikdən sonra 2021-ci il avqustun 29-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şuşada Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra təntənəli şəkildə açılışı keçirildi, bir gün sonra – avqustun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şairin işğaldan azad edilmiş doğma şəhərində Vaqif Poeziya Günləri 30 illik fasilədən sonra yenidən təşkil olundu, Azərbaycan Prezidenti İlham Əliyevin, birinci vitse-prezident Mehriban Əliyevanın, Azərbaycanın görkəmli söz və sənət adamlarının da iştirak etdiyi bu tədbir, möhtəşəm sənət və mədəniyyət hadisəsi kimi Azərbaycanımızın müasir tarixinə qızıl hərflərlə həkk olundu.

Təbii ki, Prezidentimizin gördüyü çoxsaylı misilsiz işlərin fonunda  hər il Vaqifin vətəni Qazaxdan başlayaraq , mədəiyyət paytaxtımız, Vaqifin ikinci vətəni Şuşada davam etdirilən “Vaqif  Poeziya  Günləri”nin keçirilməsi kiçik görünə bilər. Lakin bu işlər də Qarabağda, Şərqi Zəngəzurda və Şuşada başlanmış nəhəng quruculuq və bərpa işlərinin bir issəsi olmaqla, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dövlətçiliyi  tarixində mühüm hadisədir, Cənab İlham Əliyevin adı ilə tariximizə həkk olunubdur. Bütün bu işlər insanda qürur hissləri yaratmaqla, Prezident İlham Əliyevə ümumxalq sevgisi və məhəbbəti qazandırır. 

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

 

Cümə axşamı, 23 İyul 2026 10:26

Basketbol, musiqi, kino – hamısı birində

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım şəxs - Sürəyya Qasımova çox universal bir şəxs olub. Fərqli sahələrdə gücünü sınayıb, hamısında da parlayıb.

 

O, 1934-cü ilin 28 sentyabrında qədim Tbilisi şəhərində anadan olub. Atası Məcid Qasım oğlu İbrahimov Borçalı nümayəndəliyinin Sarvan kəndindən olub. Anası Məleykə Fərəməz qızı Qasımova da əslən Sarvandan olub, varlı və imkanlı adamlardan birinin Fərəməz kişinin qızıdır.

Sürəyya birinci sinfə bir il heç getməsinə baxmayaraq, 1953-cü ildə 49 nömrəli Tbilisi qadın rus orta məktəbini əla qiymətlərlə bitirib elə həmin ildə də Azərbaycan Xarici Dillər İnstitutunun alman dili fakultəsinə daxil olub. Dörd il əla qiymətlərlə oxuyan Sürəyya həm də güclü idmançı və təşkilatçı olub

Oxuduğu illərdə Bakı şəhərində keçirilən bir sıra elmi-praktik konfranslarda yaxından iştirak edib, alman və Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi haqqında məruzələrlə çıxış edib. Sürayya hələ Tbilisidə orta məktəbdə oxuduğu vaxt 5 ilə yaxın Gürcüstan SSR-in gənclərdən ibarət yığma basketbol komandasının ən fəal oyunçusu, sonra isə kapitanı olub.

Onu bütün azərkeşlər "tatar balası" deyə çağırıblar. Sürəyya xanım idmanın bu növü ilə institut illərində də məşğul olub. Respublikanın tələbələrdən ibarət yığma komandası tərkibində Sürəyya Qasımova Moskva, Sankt-Peterburq, Tbilisi, Bakı, Gəncə və s. şəhərlərdə oynayıb. Onun haqqında, özünün söylədiyi kimi, unudulmaz anlar olub.

Sürəyyaya həm də gözəl səsə malik olub. O, ən çox xalq mahnılarını və seygahları ifa edib. 1956-1957-ci illərdə Bakıda keçirilən olimpiadada onun məlahətli ifası haqqında dahi müğənnimiz SSRİ xalq artisti Bülbül belə deyib: Sürəyya "balaca Şövkətdir". Bundan bir il sonra o, Moskvada VI Ümumdünya Mahnı və Rəqs Olimpiadasında uğurla çıxış edib.

Sürəyya bu olimpiadaya bir solist kimi dəvət olunub. Sürəyya başda olmaqla Azərbaycan mahnı və rəqs ansablının Moskvadakı çıxışları Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və deş nişanlı ordeni ilə təltif edilib. Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxıb.

Bu muvəffəqiyyətlərlə yanaşı, Sürəyyanın bir səhnə artisti kimi də istedada malik olması meydana çıxıb. İnstitutun III kursunda imtahandan əla qiymət alıb çıxanda, özünü rəfiqələrinin üstünə ataraq əla qiymət aldığını bildirib. Bunu görən bir qadın yaxınlaşıb soruşub: "Qızım! Sən kinoya çəkilmək istəyirsənmi?" Sürəyyanın əvəzinə rəfiqələri birağızdan "əlbəttə-əlbəttə çəkilmək istəyir"-deyə cavab veriblər.

Sürəyya öz razılığını bildirib. Bu qadın Bakı kinostudiyasının rejissoru L.D.Berla olub. Ertəsi gün Sürəyya filmin quruluşçu rejissoru Lətif Səfərovla görüşüb, çəkiliş haqqında söhbət ediblər. Müəyyən çəkilişdən sonra Həsən Seyidbəyli debyut haqqında belə dedi: "Bu ki anadan-gəlmə Gülpəridir."

Bu, Sürəyyanın ilk filmi olub. 1957-ci ildə "Aygün" (Şəfiqə rolu), "Kölgələr sürünür" (Afət), "Yeni il gecəsi" və s. filmlərdə baş rollarda çəkilib. 1958-ci ildə Sürəyya institutu əla qiymətlərlə bitirib burada laborant vəzifəsində işə başlayıb. Bir müddətdən sonra onu həmin kafedrada alman dilinin qrammatikası və leksikası üzrə müəllim təyin ediblər.

Sürəyya xanım 23 iyul 2005-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Flora Kərimova – bu ad 7-dən 77-yə kimə tanış deyil ki?

Musiqi xəzinəmizə öz təkrarsız səsi ilə ən gözəl incilər bəxş etmiş Flora xanımın -  Azərbaycan Respublikasının Xalq artisti Flora Kərimovanın bu gün doğum günüdür. Yubileyi, 85 illiyidir.

 

Xüsusən 80-ci illərdə Flora xanım öz məşhurluğunun pikini yaşayıb. İnternetsiz, mobil telefonsuz, cəmi 2 telekanalı olan milyonlarla gəncin sevə-sevə izlədiyi “Səni axtarıram” trilogiyasında ifa etdiyi “Səndən xəbərsiz”, “Bağışla” və “Ağlamasın salxım söyüd” mahnıları dillər əzbəri oldu.

 

Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" rəqs ansamblında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

 

1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirib, həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib.

 

Yaradıcılığında klassik opera (nümunə üçün "Qaynana" filmində Sevil operasından Dilbərin Ariyası), milli opera (1965-ci ildə Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).

 

İlk bəstəkarı şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov) çıxış edib,  "Qanun naminə" bədii filmində çəkilib.

Flora Kərimova səsi dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir.

Flora Kərimova nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı , hətta bu yüksək notlarda oxuya da bilir. Onun səsi 4 oktavanı bütövlükdə əhatə edir (Kontraalt, Mezzo-soprano, Soprano, Koloratur soprano) və bundan əlavə o, həmçinin, muğam ifa edib.

"Qızıl Fond"-da ən çox sayda əsərlər Flora Kərimovanın adı ilə bağlıdır.

 

1960-cı illərin sonunda Süleyman Rəhimovun Saçlı romanı radio-tamaşaya qoyulub və tamaşanın mahnılarını Fikrət Əmirov Flora Kərimovaya həvalə edib. Daha sonra, 1962-ci ildə Böyük dayaq (film) filmində Pərişanın mahnısı, 1963-cu ildə Mehdi Hüseynin "Cavanşir" piesinə "gözləri yolda qalan yar" (Mən səni araram) nəğməsini Flora Kərimovaya həvalə edib.

 

Şəfiqə Axundovanın Cəfər Cabbarlının "Aydın" əsərinə (1965-ci il premyerası) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün yazdığı mahnın ifaçısı da Flora Kərimova olunub.

1972-ci ildə Şəfiqə Axundova yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə muğam-opera janrında Gəlin qayası operasını yazmaqla şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşüb. Adı gedən operanın ilk radio-tamaşası qoyulduqda ilk ifaçısı Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" rollarında iştirak ediblər.

Opera səhnəyə qoyulduğu (premyerası 1974-cü il) zaman isə Flora Kərimovaya oxumağa icazə verilməyib. Ümumən, başı çox çəkib Flora xanımın. Taleyinə mühacirətə getmək. Müxalifətçi olmaq kimi dönəmlər də yazılıb.

 

Mahnı ifa etdiyi filmlər

 

- Böyük dayaq

- Payız konserti

- Qanun naminə

- Azərbaycan elmi

- Mənim universitetim

- İntizar

- Toyda görüş

- Abşeron ritmləri

 

Çəkildiyi filmlər

 

- Qanun naminə

- Toyda görüş

- Həyat bizi sınayır

- Yollar görüşəndə...

- Arşın mal alan

- Qayınana

 

- Payız konserti

- Abşeron ritmləri

- Toyda görüş

- Konsert proqramı

- Mahnı qanadlarında

- Payız melodiyaları

- Nəğməkar torpaq

 

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 

Cümə axşamı, 23 İyul 2026 09:11

Maral Rəhmanzadənin 110 illik yubileyidir

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Əsərləri xarici ölkələrdəki incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada, Kubada və İranda fərdi sərgiləri göstərilib.

Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.  "Azərbaycan neft ölkəsidir", "Bizim Xəzərdə" və "Avtoportret" tabloları rəssamın ən məşhur əsərləridir.

 

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olub, O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkib. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Rəhmanzadə tanınan heykəltəraş və Qazaxıstan Rəssamlıq Akademiyasının fəxri üzvü Vaqif Rəhmanovun böyük bacısıdır. 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalıb, onu xalq düşməni elan ediblər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edib. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olub.

Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanıb. "Mənim bacılarım"da, "Bizim qızlar"da Azərbaycanın bütün qadınlarının obraz payları var. "Doğma Vətənim", "Azərbaycan" tabloları ölkəmizi ibtidaidən aliyə doğru nüansbanüans vəsf etməkdədir. O, Böyük Vətən Müharibəsi zamanı vətənpərvərlik mövzusunda bir sıra əsərlər yaradıb.

 

Müharibə illərində sovet qadınlarına həsr etdiyi silsiləyə “Xalq könüllüləri”, “Cəbhədə qadınlar”, “Partizan qızı” və “Rabitəçi” daxildir. Digər bir 19 çapdan ibarət silsilə isə cəbhəarxası əmək fəaliyyətinə həsr olunub: “Təsərrüfatda iş”, “İctimai fəallar” və “Cəbhəçilər üçün çıxış edən aktyorlar”. “Arvadlar ərlərini əvəz edir” adlı əsərində zavodlarda çalışan qadınları təsvir edib. Bu rəsmlər əsasən kömür vurgulu qara akvarellə işlənib.

Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində də ("Azərbaycan qadını keçmişdə və indi", 1940, "Qadınlar müharibə illərində", 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapıb. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur ("Bizim qızlar", "Mənim bacılarım", "Doğma vətənim", "Azərbaycan" və s. (1965–1975)).

1940-cı illərdə Rəhmanzadə bədii ədəbiyyat əsərlərinə illüstrasiyalar çəkib. 1945-ci ildə Xətainin “Dəhnamə” və Zöhrabbəyovun “Odlar yurdu” kitablarını təsvir edib. Xüsusilə “Dəhnamə”də qadın obrazlarının poetik təqdimatına nail olub. O, Xətaini iki illüstrasiyada canlandırıb : biri onun profildən portreti, digəri isə gecə atmosferində qələm tutmuş vəziyyətdə təsviridir.

Eyni illərdə Rəhmanzadə Cəfər Cabbarlının “Qız qalası” və “Gülzar” əsərlərinin də illüstrasiyalarını yaradıb. Müharibədən sonrakı dövrdə isə rəssamlıq sahəsində intensiv fəaliyyət göstərib. 1947-ci ildə neft sənayesinə həsr olunan 10 əsərdən ibarət “Neft” adlı avtolitoqrafiya silsiləsini ilk dəfə sərgiləyib. Bu seriya “Odapərəstlər” ilə başlayaraq neftin çıxarılma tarixinə həsr olunub.

Digər əsərlər arasında “Yeni müəssisə”, “Neft buruğunda”, “Vintli nasos” və “Borulara vurulan fontan” yer alıb. 1948-ci ildə Rəhmanzadə 10 əsərdən ibarət “Sosialist Bakı” silsiləsini tamamlayıb. Bu silsiləyə sənaye və şəhər mənzərələri, həmçinin “Növbə dəyişikliyi”, “Növbə günü” və “Yeni binanın inşasında” kimi əsərlər daxildir. O, neft mədənlərində işləyən ilk rəssam olub, neftçilərin gündəlik həyatını və Xəzər dənizindəki neft yataqlarını təsvir edib.

“Xəzər dənizində” adlı avtolitoqrafiya seriyası yaradıb və 15 rəngli litoqrafiyadan ibarət albom Moskvada nəşr olunub. 1950-ci ildə Rəhmanzadə Cəfər Cabbarlının iki cildlik şeir toplusuna illüstrasiyalar çəkib. “Sevil”, “Almaz” və “Solğun çiçəklər” əsərlərinin personajlarını təsvir edib. Həmin il Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” adlı tarixi pyesinin illüstrasiyalarını da hazırlayıb.

O, həmçinin A.S. Puşkinin “Yevgeni Onegin” və M.Y. Lermontovun “Zamanımızın qəhrəmanı” kimi tərcümə olunmuş nəşrlərin illüstrasiyaları üzərində işləyib. 1950-ci illərin sonunda o, “Bakı” adlı rəngli avtolitoqrafiya seriyası hazırlayıb. Burada şəhər parkları, dənizkənarı neft sahələrinin panoramaları təsvir olunub. “Bakı” silsiləsi 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənətinin onilliyinə həsr olunan sərgidə nümayiş etdirilib.

Sonrakı illərdə Rəhmanzadə linogravüra texnikasında çalışıb. Onun ilk əsərləri Sumqayıt və Rustavi şəhərlərindəki sənaye və şəhər mənzərələrinə həsr olunub. 1960-cı illərdə Azərbaycanın ucqar bölgələrinə səyahət edib və nəticədə “Vətənim” və “Azərbaycan” adlı rəngli linogravüra silsilələri yaranıb. Bu əsərlərdə Naxçıvanın təbiət mənzərələri xüsusi yer tutub.

1956-cı ildə Məhəmməd Səid Ordubadinin “Qılınc və qələm” adlı tarixi romanı üçün illüstrasiyalar hazırlayıb. 1963-cü ildə “Azərbaycan nağılları” kitabı üçün elmi nəşr illüstrasiyalarını yaradıb. Noyabr 2016-cı ildə Azərbaycan Milli İncəsənət Muzeyində Rəhmanzadənin rəsmləri, litoqrafiyaları, linogravyuraları, qrafik əsərləri və kitab illüstrasiyalarına həsr olunan sərgi keçirilib.

Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat edib və Mərdəkan qəbiristanlığında dəfn olunub.

 

Mükafatları

- "Azərbaycan SSR Xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR Əməkdar incəsənət xadimi" fəxri adı

- Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı

- "Şöhrət" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

- "Şərəf nişanı" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Cümə axşamı, 23 İyul 2026 08:19

Həm jurnalistikada, həm bədii ədəbiyyatda

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sumqayıtın qələm əhli arasında Rafiq Oday fərqlənir, çünki o, həm jurnalistikada, həm də bədii ədəbiyyatda qələmini sınamaqdadır. Bu gün onun doğum günüdür, 66 yaşı tamam olur.

 

Rafiq Oday 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurub. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunub.

"Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunub. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olub. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaradıb, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplayıb.

Onları mütəmadi olaraq rayon qəzetində dərc etdirib, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirib. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılan "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilib, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görüb.

1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınıb, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir. 1990-cı ilin əvvəllərindən başlayan Sədərək döyüşlərinin fəal iştirakçısı olub. 1991-ci ildə Şərur rayon Sovetinə deputat seçilib.

1991-ci ildə Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbinə direktor təyin olunub. 1997-ci ildə Sumqayıt şəhər "Cırtdan" uşaq kino-teatrının direktoru təyin olunmuş, eyni zamanda "Dünyanın səsi" qəzetində redaktor kimi fəaliyyətini davam etdirib. "Gəncliyin səsi" qəzetində məsul katib, "Dəlidağ" qəzetində baş redaktor işləyib.

 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilib. Bu gün də bu vəzifəni icra edir. 2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər "Şaman" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktoru olub

2008-ci ilin əvvəllərindən bu günə qədər "Möhtəşəm Azərbaycan" ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur. 2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda "Azərikimya" Dövlət Şirkətinin mətbu orqanı olan "Azərbaycan kimyaçısı" qəzetinin baş redaktoru işləyib.

Respublika Prezidentinin müvafiq Sərəncamı ilə "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini "Azərikimya" İstehsalat Birliyinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.

Bir yol başlamışam", "Gecələr içimə göyüzü yağar", "Ömür gedir öz köçündə", "Şərur folkloru – Rafiq Odayın təqdimatında", "Qarabağ şikəstəsi", "Xatirələr işığında", "3 Aprel günəşi", "Əlli min də qayğısı var əllimin", "Ədəbi-tənqidi məqalələr", "Həyatın yaşama düsturu" və "Qərib ruhların nəğməsi" kitabları işıq üzü görüb.

Həsən Bəy Zərdabi, "Qafqaz - Media" və "Qızıl qələm" mükafatları laureatıdır. 20 kitabın tərtibçisi, 200-dən artıq kitabın redaktoru olub. 100-ə yaxın kitaba ön söz yazıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamilə "Respublikanın Əməkdar Jurnalisti" fəxri adına layiq görülüb.

 

Əsərləri

- Bir yol başlamışam (şerlər)

- Gecələr içimə göyüzü yağar (şerlər)

- Ömür gedir öz köçündə (şerlər, nəsr, ədəbi tənqid, publisistika, yubiley nəşri)

- Əsrlərdən gələn səslər (folklor nümunələri)

- Ruhum məni tərk edir (şerlər və poemalar)

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

Cümə axşamı, 23 İyul 2026 12:06

“Biri ikisində” İradə Aytelin şeirləri ilə

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” jurnalının Biri ikisində layihəsində bu günİradə Aytelin şeirləritəqdim ediləcək.

Layihə ən gözəl ədəbi nümunələrin təbliğinə hesablanıb.

 

 

İradə AYTEL

 

***

Aman Allah, bu gecə

Çarmıxa çəkilirəm!

Çölümə ilmə düşüb,

İçimnən sökülürəm!

 

Bircə ağ gün dərmədən,

Yazım qışa girmədən,

Payızım bar vermədən,

Torpağa tökülürəm!

 

Arzular oyuq-oyuq,

Adamsız evim soyuq!

Kəfən biçənim də yox,

Dərdimə bükülürəm!

 

***

 

Günah işləyəsən xirtdəyə qədər,

Tutunub çıxmağa yer də qalmaya!

Bütləri sındırıb, qan eyliyəsən,

Arzu bağlamağa pir də qalmaya!

 

Mələklər hər yana salalar soraq,

Savab axtaralar əllərdə çıraq.

Göy yerə tökülə, hey varaq-varaq,

Nə “Quran”, nə “Zəbur” sir də qalmaya!

 

Öləsən, bir əsgər qoşunnan çıxa,

Əməl qul Əcəlin huşunnan çıxa,

Allahın tüstüsü başınnan çıxa,

Qanın bu qadalı yerdə qalmaya!

 

***

 

Savabdan huzur edən,

Günah boyda diriyəm.

Elə ağlat, İlahi,

Ağlat, bəlkə, kiriyəm.

 

Dövrəmdən mövlam uzaq,

Hücrəmdən laylam uzaq,

Cənnətdən xeylam uzaq,

Cəhənnəmdən bəriyəm!

 

Sinəm Məhəmməd dağı,

Əməlim Sur tufağı,

Dirilərin qınağı,

Ölülərin sirriyəm!

 

***

 

Elə gözəl yandırırsan adamı,

Ürək canda gülə-gülə qovrulur.

Sözlərini  şərbət bilib içdikcə

Baxışların gözlərimdə qıvrılır.

 

Taleyimdən qopub düşən bahardın,

Nə gəlmədin, nə getmədin, nə durdun...

Bir ocağa sığışsaydıq nə vardı?

Küt gedəcək, bu xəmir kəm yoğrulur.

 

Qalib Allah, hər payınnan yarıdım,

Nənnin, dənnin hamsı mənnən geridi.

Alnım yerə, əlim sənə sarıdı,

Uralandım,  yerim göyə sovrulur.

 

***

 

İlk dəfə,

Lap körpəliyimdə

               barmağım əziləndə ağlamışdım,

Sonra məktəbdə ağladım,

İlk müəllimim bizi tərk edəndə.

Sonra kəndimizdən,

Daha sonra

           sevdiyimdən ayrılanda ağladım…

Sən demə, onların heç biri

                   ağlamaq deyilmiş…

 

Balam öləndə ağladım,

Atam öləndə ağladım,

Anam öləndə isə

Ağlamadım,

                     susdum…

İndi bilirəm ki,

             ağlamaq elə susmaqmış…

 

***

 

Və...

Sənsiz darıxmaq varıymış…

Həzin-həzin,

Gizlin-gizlin…

Ürəyimin altından dilimin ucuna qədər

Odla püskürən ahla yaşamaq,

Hər gecə

Saçlarına toxunan hənirdə üşümək,

Adını  oğurlayıb xəyallarda gizlətmək,

Beləcə

Bir ömür günahla yaşamaq

varıymış...

 

 

CANNAN DA BEZİR ADAM

 

A, Zəlimxan, elə kövrək olmuşam,

Səhər-səhər meh də dəyir xətrimə!”

Bəhmən V.

 

Əzəl əyri gələndə

Sonnan da bezir adam.

Damarda dövr eləyən

Qannan da bezir adam.

 

Qara saça düşür dən,

Haraya çatmır bədən,

Elə bilmə özgədən,

“O”nnan da bezir adam!

 

Damaq ayrılır daddan,

Can qorğanır hər oddan,

Şan-şöhrətdən, lap addan -

Sannan da bezir adam.

 

Özülsüzsə tikilən,

Cücərmirsə əkilən,

Obaşdannan sökülən

Dannan da bezir adam.

 

Səbir ərşə çəkilir,

Dil dodağa tikilir,

Gözdən ölüm tökülür,

Cannan da bezir adam.

 

***

 

Yaylaq sanıb çıxdığın

Bir ananın qəlbinə çəkilən dağdır, bala,

Ayaqlama o dağı!

 

Şəhid qanı rəngində

Torpaqdan haray uman yaylıqlar ağdır, bala,

Ayaqlama yaylığı!

 

Mən al rəngli bayrağam!

Məni göylərdə tutan bu Vətən sağdır, bala,

Ayaqlama torpağı!

 

***

Aman Allah, bu boyda

Dünya mənə dar gəlir.

Gözümdən yaş əvəzi

Sanıram ki, qor gəlir.

 

A yığvalı talanlar,

Məni çoxunuz anlar.

Xalxa[1] ədat olanlar

Mənə sarı kor gəlir.

 

Tanrım, yolun başında,

Duracağam qarşında.

Üzün necə gələcək

Deməyə: – Aytel, əcəl

Qapındadır, dur, gəlir.

 

Elimə sülh gətirdin,

Çölümdə gül bitirdin,

Vətənimin çiynindən,

Ağır yükü götürdün,

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Yağıya verməz aman!

Dünya orduma heyran!

Yalnız “İrəli” dedi

Dəmir yumruq komandan!

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

Müsəlləh əsgərinəm,

Qolunda təpərinəm!

Səmalarda bayrağın,

Sərhəddə sipərinəm.

Sən qələbəm, hünərim!

Noyabrım, zəfərim!

 

***

Akif Səmədə

 

Haqdan gələn halal yolla

Şuşaya gedirik, Paşam!

Bilirsənmi necə abad,

Necə azadədir Şuşam!

 

Sərkərdəm əlində qılınc,

Oğulları sıraladı.

Yağı düşmən göz açmamış

Ordusunu uraladıq.

 

Hələ tarix belə birlik,

Belə döyüş görməmişdi.

İndiyəcən düşmən belə

Öz qınına girməmişdi

 

Gözsüz qalan Qarabağa

Göz oldular igidlərim.

Haldan düşmüş Kəlbəcərə

Diz oldular igidlərim.

 

Susuz qalan torpaqlarım,

Suvarıldı al-qan ilə.

Hasarlandı sərhədlərim,

Hasarlandı min can ilə.

 

Türkəm, tatam, talışam mən,

Oğlun sağ olsun, ay Vətən!

Zirvə-zirvə ucalasan,

Təpən dağ olsun, ay Vətən!

 

Laçınlar uçan oylağın

Barlı bağ olsun, ay Vətən!

Sən qaliblər qalibisən,

Üzün ağ olsun, ay Vətən!

 

Şuşaya gedirik, Paşam,

“Vətən bağı al-əlvandı”.

Yol üstündə xarıbülbül,

“Zəfər yolu” çıraqbandı,

Şuşaya gedirik, Paşam!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2026)

 



[1] Özgəyə

14 -dən səhifə 3014

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.