İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
2005-ci il fevralın 5-də bir qadın işdən evə gedərkən qəfildən ürəyini tutub küçədə yıxılır. Küçədəki insanlar onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmur.
Bu, aktrisa Xuraman Hacıyeva idi. O, beləcə, 59 yaşında vəfat edir...
Azərbaycan Respublikasının xalq artisti Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib.
1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb.
Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.
Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.
Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.
Xalq artisti Xuraman Hacıyeva barədə mediada zaman-zaman maraqlı faktları təqdim edilib:
Atası hüquqşünas, anası isə evdar qadın olub. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutub. Ailəsi aktrisa olmasına razı olmayıb. Kino ilə yanaşı teatr aktrisası olan Xuraman Hacıyeva səhnədə öz rolunu təbii ifa etməkdən çəkinməyib.
Aktyor dostu Tariyel Qasımovla bir-birlərinə qarşı isti münasibətləri olur. Tariyel Qasımov müsahibələrinin birində bu məsələyə belə aydınlıq gətirir:
Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”.
Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki ailədə söz-söhbət olur, küskünlük yaranır. Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalar alınmayacaqdı.
Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.
Deyilənə görə gözəl və cəlbedici aktrisa olduğu üçün teatrdakı bütün baş rollar ona verilirdi. Bu isə onun qadın həmkarlarının qıcığına, ona qarşı paxıllıq etmələrinə səbəb olub. Bu səbəbdən də aktrisa heç vaxt qadınlarla dost olmayıb. Onun dostlarının böyük əksəriyyəti güclü cinsin nümayəndələri olub.
Film çəkilişlərindən və səhnə qrimindən başqa aktrisa heç vaxt makiyaj etməyib, təbii gözəlliyə üstünlük verib. Aktrisa Gəncədə yaşayarkən bir nəfərlə vətəndaş nikahında olub. Onun bu nikahdan bir qız övladı dünyaya gəlib. Aktrisa qızını təkbaşına böyüdüb.
Xuraman Hacıyevanın ən sevimli məşğuliyyətlərindən biri krossvord həll etməkmiş. Yaxşı xörək bişirməyi, paltar tikib, məclis qurmağı bacarıb. Nə qədər pozitiv insan olsa da, həyatındakı çətinliklər onu qaraqabaq və qəmgin adama çevirib.
Aktrisa Məsumə Babayeva müsahibələrinin birində deyir:
“Tamaşalarda çox rol alırdı. Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da Xalq artisti adını aldı.
Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına yansıtmazdı. Yeganə qadın aktrisa idi ki, tamaşaçı üçün bir üzü gülürdü biri dərdindən ağlayırdı. Bu ağlayan üzünü də ancaq biz aktrisalar, yaxınları görə bilirdik”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(07.03.2026)


