Super User
Valideynlər övladlarının yolunu müəyyənləşdirdilər
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yusif Səfərov tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri idi. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi.
Həyat yoldaşı Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik olub. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edib. O, Azərbaycan mahnılarını çox gözəl ifa edib. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının xatirinə səhnəni tərk etməyə məcbur olub.
Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayıblar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdüblər.
Və tale elə gətirdi ki bu sevgi daha çox qızları Elmiraya aşılanıb.
Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi Elmira Səfərova 16 sentyabr 1934-cü ildə Bakıda anadan olub.
Elmira böyüdükdən sonra özünə musiqi yolunu seçib. «Molodyoj Azerbaydjana» qəzetinə 30 Yanvar 1992-ci il müsahibəsində Elmira xanım özü bu haqda belə deyib: «… gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmayıb. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim.»
1942-ci ildə Elmira Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən 10-illik məktəbə, gözəl pedaqoq, Peterburq konservatoriyasının məzunu, məşhur pianoçu A.N.Yesipovanın şagirdi T.S.Qruşkonun sinfinə daxil olub. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında mühüm rolu Azərbaycanın görkəmli pedaqoqları K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.I.Siroviç da oynayıblar.
Məktəbi bitirdikdən sonra 1952-ci ildə Elmira xanım Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına – Azərbaycan fortepiano məktəbinin banilərindən biri olan Azərbaycanın xalq artisti, bir neçə pianoçu nəsli yetişdirən professor M.R.Brennerin məktəbinə daxil olub.
Qeyd etmək lazımdır ki, M.R.Brennerin məktəbi yüksək peşəkarlıq, gözəl səslənmə və müəllif mətninə son dərəcə diqqətli münasibətilə fərqlənib. Bütün bu keyfiyyətləri Elmira xanım müəllimindən mənimsəyib və sonralar öz pedaqoji təc-rübəsində tətbiq edib. Elmira Səfərova 11 yanvar 1997-ci ildə 62 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)
Sənətə və mənəviyyata xidmət
ÜZEYİR HACIBƏYLİ İRSİNİN TƏBLİĞİNDƏ BƏSTƏKARLAR İTTİFAQININ ROLU
Aysel Kərim,
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi.
“Ədəbiyyat və incəsənət”
Mədəniyyət tariximizin elə işıqlı səhifələri var ki, orada zamanın qarşısında yenilməyən dühalar və onların bünövrəsini qoyduğu müqəddəs ənənələr dayanır. Şərqdə ilk operanın, ilk musiqili komediyanın və peşəkar musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəyli təkcə musiqimizin dühası kimi deyil, bir millətin mənəvi intibahını yönləndirən mütəfəkkir kimi tariximizə həkk olunub.
Onun yaradıcılığı sadəcə dövrünün hadisəsi kimi qalmayıb, zamanın sınağından keçərək gələcək nəsillərin estetik dünyasını formalaşdıran canlı məktəbə çevrilib. Bu irs bizi tərbiyə edən, daxili dünyamızı zənginləşdirən, muğam dramaturgiyasının dərin qatlarına varmağı və aşıq sənətinin qüdrətini dərk etməyi öyrədən mənəvi xəzinədir.
Bu canlı məktəbin qorunması və gələcək nəsillərə bütöv halda çatdırılması isə Üzeyir bəyin təməlini qoyduğu Azərbaycan Bəstəkarlar İttifaqının, bu quruma rəhbərlik edən mənəvi varislərin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərinin bəhrəsidir.
Milli poliqrafiyamızın və elmi düşüncəmizin ən yüksək standartlarına cavab verən genişmiqyaslı təşəbbüslər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və qayğısı sayəsində gerçəkləşib.
Bu mənəvi dirçəliş yolunda xüsusi yer tutan "Üzeyir dünyası" layihəsi milli mədəniyyətimizin əsl dönüş nöqtəsinə çevrildi. Fondun dəstəyi ilə ərsəyə gələn bu fundamental nəşr silsiləsi dahi bəstəkarın irsini ilk dəfə bu qədər ətraflı, sistemli və akademik səviyyədə ictimaiyyətə təqdim etdi. 2008-ci ildə işıq üzü görən "Üzeyir dünyası" toplusu bəstəkarın həyat yolunu bütün təfərrüatı ilə əks etdirən "Ömür salnaməsi", onun zəngin irsini elmi müstəvidə ümumiləşdirən "Üzeyir Hacıbəyli ensiklopediyası" və puplisistik təfəkkürünü işıqlandıran "Bədii və publisistik əsərlər" kitabları daxil edildi. Bununla yanaşı, layihə çərçivəsində "Leyli və Məcnun" və "Koroğlu" operalarının, eləcə də "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyalarının klavirləri, librettoları və CD-ləri yüksək poliqrafik keyfiyyətlə yenidən çap olunaraq musiqi aləminə bəxş olundu.
1912-ci ildə premyerası böyük əks-səda doğuran və Üzeyir bəyi klassik opera zirvəsinə - "Koroğlu" ya aparan yolda vacib mərhələ olan "Əsli və Kərəm" muğam operası, süjetinin bəzi xüsusiyyətlərinə görə ötən əsrin 80-ci illərindən etibarən uzun müddət teatr repertuarlarından kənarda qalmışdı. İllər keçdikcə əsərin not materialları köhnələrək pərakəndə düşmüş, müəyyən hissələri itirilmişdi. Layihənin məsul redaktoru, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə başlanan mürəkkəb bərpa prosesinə ölkənin tanınmış musiqiçiləri, təcrübəli ifaçılar və dirijorlar cəlb olundu. Səhifə-səhifə, zərrə-zərrə toplanan notlar, orkestr partituraları, xor partiyaları və muğam epizodları yenidən quruldu, latın qrafikasına keçirildi və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə akademizm səviyyəsində bitkin partitura şəklində çap edildi.
Firəngiz xanım Əlizadə redaktoru olduğu bu möhtəşəm nəşr haqqında öz fikirlərini belə ifadə edib:
"Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur "Əsli və Kərəm" operasının ilk nəşridir... "Üzeyir dünyası" layihəsinin beynəlxalq miqyasını nəzərə alaraq, əsas məqsədimiz "Əsli və Kərəm"in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi."
Bərpadan sonra operanın Bəstəkarlar İttifaqının layihəsi olan "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı (bədii rəhbər – Firəngiz Əlizadə) çərçivəsində Bakıda "Şirvanşahlar Sarayı" kompleksində və Şəkinin ecazkar açıq hava məkanlarında nümayiş olunması böyük maraqla qarşılandı. "İpək Yolu" festivalının proqramında Üzeyir bəyin əsərlərinin təqdim olunması daha sonra ənənə halını aldı.
Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən böyük sənətkarların estafeti ilə addımlayır: Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və Firəngiz Əlizadə. İttifaqın binasında dahi bəstəkarın abidəsinin ucalması, portretinin asılması və Konsert Salonunun məhz Üzeyir Hacıbəylinin adını daşıması bu müqəddəs irsə sədaqətin göstəricisidir.
"Üzeyir dünyası" layihəsinin ərsəyə gəlməsində və bəstəkarın irsinin öyrənilməsində Bəstəkarlar İttifaqının üzvü olan musiqişünas alimlərin töhfəsi misilsizdir. Akademik Zemfira Səfərovanın silsilə monoqrafiyaları, sənətşünaslıq doktoru Fərəh Əliyevanın "Üzeyir Hacıbəyli – şəxsiyyət və cəmiyyət", sənətşünaslıq doktoru Kamillə Dadaşzadənin "Yüksəliş: Üzeyir Hacıbəyli və aşıq sənəti", sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadənin "Üzeyir Hacıbəyli və folklor" tədqiqatları, Ü. Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun "Üzeyir ışığında" nəşri və İttifaq tərəfindən buraxılan beynəlxalq festival konfranslarının elmi məqalələr kitabları bu zəngin xəzinənin elmi sütunlarını təşkil edir.
Dahi sənətkarın irsinə ehtiramın göstəricisi olaraq Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" Fəxri Medalının ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva medalı qəbul edərkən vurğulamışdı:
"Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir."
Mehriban xanım Əliyeva Firəngiz Əlizadəyə ünvanladığı təşəkkür məktubunda Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli irsinin qorunması, elmi cəhətdən öyrənilməsi və dünyada təbliğindəki müstəsna rolunu yüksək qiymətləndirmişdi.
Tarixi faktlar və aparılan elmi təhlillər bir daha sübut edir ki, Üzeyir Hacıbəyli irsi təkcə müəyyən bir dövrün salnaməsi deyil, milli musiqi mədəniyyətimizin aparıcı xəttini təşkil edən möhkəm bünövrədir. Sənətdə həqiqi dəyər ölçüsü illərin ardında qalan izlərlə müəyyən olunur - bu zəngin irs hər yeni təhlildə və hər yeni nəslin təfəkküründə yenidən doğulan əbədi bir sərvətdir.
Biz ulu ustadımız Üzeyir Hacıbəylini tarixin uca işığında, onun bizə əmanət etdiyi ölməz əsərlərində öyrəndik. Lakin bu gün şanslıyıq ki, o möhtəşəm məktəbin, sənət fədailiyinin və mənəvi ucalığın canlı mücəssəməsini - əyani şəkildə öyrənə biləcəyimiz müasir ustadımızı, Xalq artisti, professor Firəngiz Əlizadəni görürük. Firəngiz xanımın varlığı, onun hər bir notda, hər bir kəlmədə bərq vuran tükənməz enerjisi və sənətə olan sonsuz sevgisi Üzeyir bəy ocağının canlı məşəlidir. Dahi ustadların nəfəsini üzərində daşıyan bu mənəvi məbəddə çalışmaq, Üzeyir bəy dünyasının işığını cəmiyyətimizə çatdırmaq bizim üçün sözün əsl mənasında ilahi bir lütfdür. Milli Musiqi Günündə bir daha dərk edirik ki, milli musiqimiz bizim varlığımız, kimliyimiz və əbədi qürurumuzdur. Nə xoş ki, bu canlı dastan yazılmaqda davam edir və biz Ulu Ustadın nurunu addım-addım sabaha daşıyırıq.
Ruhumuzu ucaldan musiqimizin sədası, bu müqəddəs ocağın işığı və böyük sənətkarlarımızın əbədi mirası ölkəmizin üzərində həmişə bərraq bir səma kimi parlasın!
Üzeyir bəyin 141 illik əbədi yaşarlığı və bu il 18-ci dəfə dünyanı Bakıda eyni ahəngə kökləyən Beynəlxalq Musiqi Festivalı bir daha sübut edir ki, zaman onun səsini qocaltmır, əksinə, hər ötən il bu dahi ruhun sədası xalqımızın mənəvi xəzinəsinin ən uca zirvəsində daha əzəmətlə əks-səda verir. Və nə qədər ki, bu torpaqda ustad nəfəsinin hərarəti var, dahi sənətkarın bəşəri irsi əbədiyyət qübbəsində zəfər marşı kimi səslənəcəkdir!
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
İnsan taleyindən qaça bilərmi?
”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Bəzən həyatımızda elə hadisələr baş verir ki, onların qarşısında dayanıb yalnız bir sual veririk: “Bunun belə olması yazılmışdı?” İnsan başına gələnləri izah etməkdə çətinlik çəkəndə taleyə sığınır. Çünki bəzi hadisələrin səbəbini tapmaq asan deyil. Nə qədər düşünürsən, nə qədər geriyə qayıdır, “kaş”larla dolu cümlələr qurursan, yenə də cavabsız qalan bir sual olur. Bəlkə də insanın ən böyük mübarizələrindən biri başına gələnləri anlamaq yox, qəbul etməkdir.
Taleyə inanmaqla taleyin qarşısında aciz qalmaq isə eyni şey deyil. Bəzən deyirik: “Deməli, qismət belə imiş.” Amma görəsən, insanın etdiyi seçimlərin, verdiyi qərarların, getdiyi yolların taleyində heç bir payı yoxdurmu? Əgər hər şey əvvəlcədən yazılıbsa, onda seçimlərimizin mənası nədir? Əgər heç nə yazılmayıbsa, onda niyə bəzi hadisələr sanki bizi illər boyu izləyir? Bəlkə də həyatın ən böyük sirri məhz bu iki sualın arasında gizlənir.
İnsan taleyindən qaçmağa çalışır. Bəzən şəhərini dəyişir, insanlardan uzaqlaşır, keçmişini arxada qoyur, yeni həyata başlayır. Elə bilir ki, yer dəyişməklə həyat da dəyişəcək. Amma bir müddət sonra anlayır ki, insan özündən qaça bilmir. Çünki insan hara gedirsə, özü də ora gedir. Keçmişini özü ilə aparır. Qorxularını, xatirələrini, yaralarını, peşmanlıqlarını, yarımçıq qalmış sözlərini də özü ilə götürür. Başqa bir şəhərdə, başqa bir küçədə yeriyə bilər, amma içindəki ağrını geridə qoymaya bilər.
Bəzən insanın qaçdığı şey taleyi deyil, özüdür. Özünün verdiyi yanlış qərarlardan, bağışlaya bilmədiyi insanlardan, qəbul etmək istəmədiyi həqiqətlərdən, keçmişdə etdiyi səhvlərdən qaçır. Amma qaçdıqca həmin şeylər daha çox arxasınca gəlir. Çünki bəzi qapılar arxamızda bağlansa da, içimizdə açıq qalır.
İnsan taleyini dəyişə bilərmi? Bəlkə də tamamilə yox. Amma ona münasibətini dəyişə bilər. Bəlkə taleyin ən böyük gücü bizim başımıza gələnlərdə deyil, başımıza gələnlərdən sonra nə etdiyimizdədir.
Eyni hadisə iki insanın həyatına fərqli təsir edə bilər. Biri itkidən sonra həyata küsməyi seçər, digəri isə itkinin ona həyatın qiymətini öyrətdiyini düşünər. Biri uğursuzluqdan sonra bir daha cəhd etməz, digəri isə həmin uğursuzluğu yolunun bir hissəsi kimi qəbul edib yenidən başlayar. Deməli, insanın taleyində hadisələr qədər seçimlər də var.
Bəzən həyat qarşımıza bir yol qoyur, amma o yolda necə addımlayacağımıza biz qərar veririk.
Hər insanın həyatında “kaş” dediyi bir məqam olur: Kaş o gün getməzdim. Kaş o sözü deməzdim. Kaş ona inanmazdım. Kaş bir az daha gözləyərdim. Kaş vaxtında başa düşərdim... Bu “kaş”lar insanın keçmişlə apardığı ən uzun söhbətlərdir. Amma keçmiş cavab vermir. Nə qədər geri qayıtmaq istəsək də, yaşanmış bir günü dəyişə bilmirik.
Bəlkə də insanın taleyini dəyişə bilmədiyi ən böyük yer elə keçmişdir. Amma gələcəyə hələ toxunmaq mümkündür. Bu gün verdiyimiz qərar sabahımızın bir hissəsinə çevrilir. Ona görə də insan keçmişin qarşısında aciz, gələcəyin qarşısında isə tamamilə gücsüz deyil.
Bəzən taleyimiz sandığımız şey əslində seçimlərimizin nəticəsidir. Yanlış insanı seçirik, sonra onun bizə yaşatdığı ağrını tale adlandırırıq. Özümüzə inanmayıb bir fürsətdən vaz keçirik, sonra “qismət olmadı” deyirik. Qorxduğumuz üçün addım atmırıq, illər sonra isə “deməli, belə olmalı imiş” söyləyirik. Halbuki bəzən qismət adlandırdığımız şey bizim qorxularımızın nəticəsidir.
Amma hər şeyi də insanın seçimi ilə izah etmək olmaz. Elə hadisələr var ki, insanın iradəsindən kənarda baş verir. Gözləmədiyimiz itkilər, xəstəliklər, ayrılıqlar, qəfil dəyişən həyat şərtləri... İnsan bütün bunların qarşısında bəzən nə qədər güclü olsa da, hər şeyi idarə edə bilmir.
Bəlkə də taleyin mənası bir az da burada başlayır. İnsan hər şeyi seçə bilməz. Amma yaşadıqlarına necə cavab verəcəyini müəyyən qədər seçə bilər.
Ən ağır dərd belə insanın bütün həyatını müəyyən etməli deyil. İnsan itirə bilər, amma itkisindən ibarət deyil. Yıxıla bilər, amma yıxıldığı yerdə qalmağa məcbur deyil. Yanıla bilər, amma səhvi onun bütün ömrünün adı deyil. Bir qapı bağlana bilər, amma bütün yollar bağlanmır.
Bəlkə də taledən qaçmaq deyil məsələ. Məsələ taleyin qarşımıza çıxardığı yolda özümüzü itirməməkdir.
Bəzən insan illərlə bir şeyin baş verməməsi üçün mübarizə aparır. Sonra həmin hadisə baş verir və insan düşünür: “Mən bunu niyə dəyişə bilmədim?” Amma illər sonra geriyə baxanda görür ki, həmin hadisə onu tamam başqa bir insana çevirib.
Bəzi ağrılar bizi istəmədiyimiz halda böyüdür. Bəzi ayrılıqlar bizə özümüzü tanıdır. Bəzi itkilər həyatın qiymətini öyrədir. Bəzi uğursuzluqlar isə bizi özümüz üçün doğru olan yola qaytarır.
Bu o demək deyil ki, ağrı mütləq yaxşıdır. Xeyr. Ağrı ağrıdır. İtki itkidir. Ayrılıq ayrılıqdır. İnsanın yaşadığı heç bir acını romantikləşdirməyə ehtiyac yoxdur. Sadəcə bəzən insan yaşadığı ağrının içindən keçərkən özündə əvvəllər bilmədiyi bir güc tapır. Və həmin güc də onun taleyinin bir hissəsinə çevrilir.
Bəlkə insan taleyindən qaça bilmir. Amma taleyinin qarşısında necə dayanacağını öyrənə bilər. Bəzən susar, bəzən mübarizə aparar, bəzən geri çəkilər, bəzən yenidən başlayar. Bəzən isə illərlə axtardığı cavabın heç vaxt gəlməyəcəyini qəbul edər.
Çünki hər sualın cavabı olmur. Bəzi şeyləri yalnız yaşamaq olur. Bəzi hadisələrin mənasını isə insan həmin anda deyil, illər sonra anlayır.
Həyatın qəribəliyi də budur: Bəzən ən böyük dönüş nöqtəmiz həmin anda uğursuzluq hesab etdiyimiz hadisə olur. O vaxt ağlayırıq. Sonra zaman keçir. Bir gün sakitcə geriyə baxırıq və deyirik: “Yaxşı ki, belə oldu.”
Bəlkə də tale bizə hər zaman istədiyimizi vermir. Bəzən bizi istəmədiyimiz yollardan keçirir. Amma həmin yolların sonunda kim olduğumuzu özümüz müəyyənləşdiririk.
İnsan taleyindən qaça bilərmi?
Bəlkə bəzi şeylərdən yox. Amma öz taleyinin içində itməkdən qaça bilər. Özünü başqasının qərarlarına təslim etməkdən qaça bilər. Qorxularının həyatını idarə etməsinə mane ola bilər. Keçmişin gələcəyini müəyyən etməsinə icazə verməyə bilər.
Və ən əsası, başına gələn hər şeyi “Tale belə istədi” deyib kənara çəkilmək məcburiyyətində deyil.
Çünki insanın əlində həmişə bir şey qalır: seçim.
Bəlkə taleyi dəyişdirən də elə budur.
Həyat qarşımıza hansı yolu çıxarırsa çıxarsın, o yolda necə insan olaraq qalacağımız bizim seçimimizdir. Bəlkə də insan taleyindən qaça bilmir. Amma taleyin içində öz yolunu tapa bilər.
Və bəzən insanın taleyinə qalib gəlməsi onu dəyişdirmək deyil. Onunla barışıb, yenə də öz həyatını yaşamağı bacarmaqdır.
“Ədəbiyyat və incəsənət”
(16.09.2026)
31 yaşında vəfat etdi, ədəbi irsini dağıtdılar
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan ədəbiyyatını güneyli quzeyli təbliğ etmək bizim missiyamızdır, məncə bütün sahələrdə, nədən danışırıqsa, əsla Güney Azərbaycan unudulmamalıdır.
Azərbaycan şairi Mirzə Tağıxan Rafət Təbrizi 1890-cu ildə Təbrizdə anadan olub. Müasir İran poeziyasının birinci şairi kimi tanınır. O Azərbaycan dilində, fars və fransız dillərində poemalar yazırdı. O "Azadıstan"' qəzetinin baş redaktoru olub və "Təcaddüd "(Müasirlik) qəzetində sosial və ədəbi sahədə məqalələr nəşr etdirib.
Həbib Sahir, Əhməd Xürrəm, Yəhya Mirzə Daneş və başqa şairlərin və yazıçıların ardıcılları olduqları "Rafət Məktəbi" adlandırılan ədəbi məktəbin yaradıcısı olub. Trabzonda (Türkiyə) Naseri məktəbinin rəhbəri olub və həmçinin orada fransız məktəbində müəllim olub. Paris qəzetlərində ədəbi və siyasi məqalələr ilə çıxış edib. Trabzonda fransız konsulluğu tərəfindən fransız hökuməti tərəfindən göndərilən fəxri medal ilə təltif edilib.
O, Modernistlərin Bəyənatını nəşr edib: "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etməliyik.
Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətlərdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri eralar ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyin yararsızı ola bilər. Aydındir ki, intellektual və perseptual müasirlik ədəbi müasirliyi tələb edir".
Mirzə Tağı xan Rafət Təbrizi çox az yaşayıbdır, 15 sentyabr 1920-ci ildə 31 yaşında Təbrizdə vəfat edibdir. O vaxtların siyasi vəziyyətinin altında, onun poetik işlərinin çoxu dağıdılıb və onun indi əldə çox məhdudlaşdırılan işləri vardır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
Respublika Uşaq Kitabxanasında yeni e-resurslar istifadəçilərə təqdim edilib
F. Köçərli adına Respublika Uşaq Kitabxanası virtual oxucuların istifadəsi üçün Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi və tarixi-mədəni dəyərləri əhatə edən yeni elektron resurslar hazırlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib.
Kitabxananın müxtəlif struktur bölmələri tərəfindən hazırlanan e-resurslar oxuculara zəngin məlumat bazalarından, virtual sərgilərdən, veblioqrafiyalardan və slayd materiallarından istifadə imkanı yaradır.
Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi tərəfindən görkəmli Azərbaycan memarı, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə “Dahi memar Əcəmi Naxçıvani” adlı virtual sərgi hazırlanıb.
Altı bölmədən ibarət virtual sərgidə Əcəmi Naxçıvaninin həyat və fəaliyyəti, yubileyi ilə bağlı rəsmi sənədlər, memar haqqında kitab və dövri mətbuat materialları təqdim olunur. Sərgidə, həmçinin görkəmli memarın sənət irsi və yaradıcılığı barədə məlumatlar, eləcə də fotoqalereya yer alır.
Şöbənin digər elektron resursu “Tariximizin qərb qapısı” adlı məlumat bazasıdır. Resursda mövzu ilə bağlı ümumi məlumatlarla yanaşı, rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin fikirləri, kitab və dövri mətbuatda dərc olunmuş məqalələr təqdim edilir. Tarixi və mədəni irsin əyani şəkildə tanıdılmasına xidmət edən fotoqalereya da məlumat bazasının tərkib hissəsidir. Sonda istifadə olunmuş mənbələrin siyahısı təqdim edilir.
Məlumat-biblioqrafiya şöbəsi tərəfindən isə “Saza və sözə ömür verən ustad Aşıq Ələsgər – 205” adlı veblioqrafiya hazırlanaraq virtual oxucuların istifadəsinə verilib. E-resursda Aşıq Ələsgərin həyat və yaradıcılığı, şəxsiyyəti və sənəti haqqında dəyərli fikirlər, rəssamların yaratdığı portretlər, xatirəsinin əbədiləşdirilməsi, sözlərinə bəstələnmiş musiqilər və əsərləri haqqında məlumatlar əksini tapıb. Veblioqrafiyada, həmçinin Aşıq Ələsgərin əsərləri, onun haqqında yazılmış kitablar və dövri mətbuat materialları təqdim olunur.
Bununla yanaşı, virtual istifadəçilərin diqqətinə “Milli memarlıq irsi və müasir şəhərsalma” adlı slayd elektron resursu da təqdim edilib. Resursda “Şəhərsalma və memarlıq ili” ilə bağlı geniş məlumatlarla yanaşı, “Milli memarlıq irsinin qorunması”, “Memarlıqda müasir inteqrasiya” və “Azad ərazilərdə böyük quruculuq” bölmələri yer alır. Elektron resurs hazırlanarkən kitab və dövri mətbuat materiallarından istifadə olunub.
Yeni elektron resursların hazırlanmasında əsas məqsəd virtual oxucuların Azərbaycan ədəbiyyatı, milli mədəniyyət, memarlıq irsi, eləcə də Naxçıvanın zəngin tarixi-mədəni irsi haqqında biliklərinin genişləndirilməsi, milli-mədəni dəyərlərin təbliği və onların gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
Hazırlanan materiallar ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
https://clb.az/elektron/QerbiAzerbaycan/index.htm
https://www.clb.az/multi-medi-a/virtual-sergi/dahi-memar-c-mi-naxcivani
“Ədəbiyyat və incəsənət”
(15.03.2026)
“Biri ikisində” bu dəfə Şəfəq Sahiblinin şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri Şəfəq Sahiblinin şeirləri ilə tanış edəcəyik.
Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.
Uzaqlarda üşüyür
boynumu qucaqlamaq
həsrətilə
düyün düşən qolların...
Gözləri doluxsunub
sənə gələn yolların...
Əllərimin həniri
yaralı göyərçintək
hələ də çırpınır ovcunda.
Adın qəzaya düşdü
XATİRƏ
Xəbərin varmı?
Könlümün xatirə
mövsümüdür...
Barmaqlarım səni soruşur
Ovcuma tökülən göz
yaşlarımdan.
XƏFİF- XƏFİF
Baharda kol dibində
Xəfif-xəfif
Gülümsəyən bənövşə kimi
Sevdim səni...
Səni elə sevdim,
“Sevgi” sözünün dodağı
çatladı...
Səni elə sevdim,
Həsrət utandı
özündən...
Qağayılar
qırçın-qırçın dalğalar kimi
səpələnir dənizə.
Bir qız dayanıb sahildə
qayalarla göz-gözə.
Bir gəmi ayrılır
uzaq limandan.
Bir ürək qopmaq istəyir
küləkdən, yağışdan, tufandan.
Bu mənəm, sahildə tək.
Gələcək o gəmi,
o yağış, o külək,
bir də...
İçimdə bir dəniz ölüb,
Duzlu suların yuxusu
ləpələnir xatirələrimdə...
Yaşıl-yaşıl
yosun qoxusu gəlir
kirpiklərimdən...
Üzür göz yaşlarımda
ölü balıqların səsi.
Bu ölü dənizin sahilində
səbrim
havalı-havalı gəzir.
...İçimdə ölən dəniz,
Əvvəlimmi, sonrammı?
...Ölmək-ölməkdir...
Ölmək - Tanrı səbrinin
sahilinə gəlməkdir...
Mən sənin sahilinəm,
İçimdə ölən dəniz.
ŞƏHİDLƏR
Bir sehrli qaranlığın
Köynəyindən keçib gəldik.
Alnımızın yazısını
Boyumuza biçib gəldik.
Ömrü güllə darağıtək
Boşaltdıq vaxtın köksünə.
Son nəfəsi güzgü kimi
Tutduq dünyanın üzünə.
Yoxmuş cavabsız bir sual,
Ölüm də bir cavab imiş.
Ölüm sevməzlər içində
Ölmək də bir savab imiş.
TORPAĞA DÖNÜRƏM,
VƏTƏNLƏŞİRƏM
Burda gəncliyimi salıb itirdim –
Mərmilər şumlayan torpağın üstə.
Mən öz ürəyimin arzularını
Sərmişəm üçrəngli bayrağın üstə.
O qızın gözləri hələ yol çəkir,
Ağarmış telindən xəbəri yoxdur.
Hər gecə səngərin səssizliyində
Mənim duyğularım muğam oxudu.
Gah qarın üstündə, gah yağış altda
Onun xəyalıyla isinir ürək.
Hərdənbir qoxlayıb yuxularımda,
Xatirə-xatirə diksinir ürək.
Söykənib bəxtimin divarlarına,
Sönmüş bir ocağın közün eşirəm.
Səngərin çiyninə qoyub başımı,
Torpağa dönürəm, Vətənləşirəm.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
Uğur qazandıran kitablar - Qay Kavasaki, “Startap”
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Uğur qazandıran kitablar” rubrikasında xoş gördük. Bu gün sizlərə məşhur kouç Qay Kavasakinin “Startap” kitabı barədə damışacağam.
Bu kitabın adının alt başlığı belədir: Apple-in eks-yevangelisti, Çaxmaq daşı vadisinin ən cəsarətli kapitalistindən 11 master-klass.
Qay Kavasaki adı əminəm ki, çoxlarınıza tanışdır. Onun istedadı və peşəkarlığı sayəsində Macintosh kompaniyası adını qızıl hərflərlə tarixə yazdırıb, Apple kompaniyası isə müasir dövrümüzün ən tanınmış brendlərindən birinə çevrilib.
Qiymətli, qızıl məsləhətlərlə bol olan, oxucunun əlindən tutaraq onu biznesdə uğur qazanmağın daşlı-kəsəkli yolları ilə apararaq əsl bələdçilik edən bu kitab təsadüfi deyil ki, ən böyük iş adamlarının stolüstü kitabıdır.
«Əgər sənin devizin «Daha boşboğazlıq və çərənçilik yetər, mənə de ki, mən nə iş görməliyəm» - dirsə, demək sən düzgün ünvanı tapmısan», – söyləyir yapon əsilli havaylı öz kitabı barədə.
O yazır:
- Hər bir işdə ən vacib olanı başlamaqdır. Unutmayın: hələ heç kəs yalnız planlaşdırma ilə uğur qazanmağa müvəffəq olmayıb.
- Sizə və sizin kompaniyaya xeyir gətirməklə bütün cəmiyyətə ziyan gətirən fəaliyyətin heç bir dəyəri yoxdur.
- Özünüzün istənilən hərəkətinizə elə yanaşın ki, sanki onu bütün publika görəcək, sanki o, hər yerdə əks-səda verəcək. Unutmayın, siz nə iş görürsünüzsə, sizin «əl izləriniz» həmişə və hər kəs tərəfindən görünəcək.
- Hər şey həyata keçməyincə mümkünsüz görünür. Sahibkarlıq fəaliyyəti məhz budur – sən başqalarının qeyri-mümkün hesab etdiyini eləyirsən.
- Yaponlarda belə bir məsəl var, deyirlər axmaqlar iki yerə bölünür. Birincilər heç vaxt Fudzi dağının zirvəsinə qalxmayanlardır ki, ətrafın gözəl mənzərəsindən zövq ala bilmirlər. İkincilər isə həmin zirvəyə iki dəfə qalxanlardır.
Oxucularıma onu da söyləyim ki, Qay Kavasaki həm də biznesdə yevangelizm təliminin banisidir. Bir baxın, bu insanın təlimi müştəriyə satdığı məhsulun ən yaxşı olması barədə elə bir inam aşılamaqdır ki, müştəri heç bir təlimat olmadan, könüllü şəkildə ətrafdaki insanlara məhz bu məhsulu almağı tövsiyyə etsin!
Təsəvvür edirsiniz, yüz minlərlə müştərilər brendin könüllü təbliğatçısına çevrilirlər, Qay Kavasakinin dühalığı məhz bundadır.
O, inandırmağı gözəl bacarır. Oxucularım, sizi əmin edirəm ki, «Startap»ı oxusanız Qay Kavasaki özünün uğura doğru getmək qaydalarına və şərtlərinə sizləri mütləq inandıracaq.
“Ədəbiyyat və incəsənət”
(15.03.2026)
20 sentyabr günü münasibətilə neftçi nəğmələri
Coşqun Xəliloğlu,
Azərbaycan Yazıçılar Birlyinin üzvü, SOCAR-ın Fəxri neftçisi, Əmək veteranı.
“Ədəbiyyat və incəsənət”
AZƏRBAYCAN NEFTÇİSİ
20-sentyabr – neftçilərin peşə bayramı münasibəti ilə
Neft qiymətli inci, “Qara qızıl,” gövhərdir
Yerin dərin qatından neft çıxarmaq hünərdir,
Dənizdə şəhər salmaq möcüzədir, zəfərdir,
Zəfərlərin, xalqımın səadəti deməkdir.
Ucalırsan günbəgün öz halal zəhmətinlə.
Uğurlar qazanırsan səyinlə, qüdrətinlə.
Fəxr etməyə haqqın var şanınla, şöhrətinlə,
Şan-şöhrətin, xalqımın şan –şöhrəti deməkdir.
Doxsan dördüncü ildə ucaldı haqqın səsi,
Xoş gündə imzalandı “Əsrin müqaviləsi,”
“Bakı-Tbilisi-Ceyhan” əməyin təntənəsi,
Dəyanətin, xalqımın dəyanəti deməkdir.
Üzün eldə-obada həmişə olubdur ağ,
Məharətlə açmısan neçə məhsuldar yataq:
-Bulla, Ümid, Günəşli, Bahar, Azəri, Çıraq,
Məharətin, xalqımın məharəti deməkdir.
Vətən doğma anatək dayaqdır övladına,
Günəş nurunu saçsın, hər zaman həyatına,
Nə yazım, nə söyləyim, layiq olsun adına,
Ləyaqətin xalqımın ləyaqəti deməkdir.
Vətənin övladısan – gül açsın arzu-kamın,
Qoy heç zaman sönməsin haqdan nur alan şamın,
Azərbaycan neftçisi, mübarəkdir bayramın,
Əzəmətin, xalqımın əzəməti deməkdir!
2007-ci il.
NEFT DAŞLARI
Cəsurların əməyiylə yaranıb,
Al günəşin şəfəqiylə boyanıb,
Dörd yanında buruqlar sıralanıb,
Salamlayır vüqar ilə Xəzəri –
Neft Daşları – möcüzələr şəhəri.
Dalğalar ayağın yuyur həvəslə,
Sular pıçıldayır həzin bir səslə,
Dəzgahlar quyular qazır ahəstə,
Adamlar göstərir burda hünəri,
Neft Daşları – möcüzələr şəhəri.
İnsan zəkasının xoş bəhrəsidir,
Əməyin sevinci, təntənəsidir,
Odlar diyarının haqlı səsidir,
Elin mərdliyidir, xalqın zəfəri -
Neft Daşları – möcüzələr şəhəri.
Nə qədər qəhrəman yetişib burda,
Nə qədər sərvətlər verilib yurda,
Dəniz ortasında şəhər var harda,
Hələ qarşıdadır gözəl səhəri,
Neft Daşları – möcüzələr şəhəri.
Xəzər dənizinin altı qızıldı,
Burda gör nə qədər quyu qazıldı,
Neftçi əməyindən dastan yazıldı,
Neftdir– neftçinin ən şah əsəri,
Neft Daşları – möcüzələr şəhəri.
Bakımın sevimli balasıdır o,
Hələ çox qələbə çalasıdır o,
Dünyamız durduqca qalasıdır o,
Yola salacaqdır neçə illəri
Neft Daşları – möcüzələr şəhəri.
\
QAZMAÇIYAM
Gecə-gündüz süxurları qazıram,
Torpağın köksünə nəğmə yazıram,
Nə qədər çətinlik olsa hazıram,
Var gərəkli peşəm, mən qazmaçıyam.
İlləri uğurla yola salıram,
Doğma vətənimdən ilham alıram,
Quyular qazdıqca hey ucalıram,
Ucalıq rəmziyəm, mən qazmaçıyam.
İşləyirəm istidə, sərt tufanda,
Məni qorxutmayır olsa boran da,
De, sənətin nədir, – məndən soranda,
Fəxrlə deyirəm, – mən qazmaçıyam.
Bilirəm, ölkəmə gərəkdir işim,
Torpağa sözümü deməkdir işim,
Sülhə, qələbəyə köməkdir işim,
Zəfər əzmliyəm, mən qazmaçıyam.
1982-ci il
NEFTÇIXARAN
“Qara qızıl” çıxarmaq
Mənə olubdur qismət,
Çıxardığım neft, qaz
Gətirib xətir-hörmət.
Bəzən anlamır bunu,
Başa düşmür çoxusu,
Məni cavan saxlayır,
Mazut, neft qoxusu.
“Qara qızıl” həm gücdür,
Həm də tükənməz qüvvət,
“Qara qızıl” xoş sabah,
Hünər, qələbə, qüdrət.
Taleyimə necə də
Gözəl bir iş düşübdür,
Ömrümə bol-bol sevinc,
Bir yüksəliş düşübdür.
Mədəndə, buruqlarda
Silinməz bir izim var,
Eldə alnım açıqdır,
Xoş çöhrəm, xoş üzüm var.
Qapaq şəklində: "Neftçilər". Rəssam Tofiq Cavadovun 1956-cı ildə çəkdiyi rəsm.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
"Oxucu yaradıcılığı" Fatimə Turanla
Fatimə Turan,
“Ədəbiyyat və incəsənət”
ÖZÜM HAQDA
25 avqust 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimliyi ixtisası üzrə ali təhsil almış və universiteti fərqlənmə diplomu ilə başa vurmuşam. Pedaqoji fəaliyyətimlə yanaşı, uzun illərdir bədii yaradıcılıqla məşğulam. Ədəbiyyata olan marağım tələbəlik illərindən etibarən qələmə aldığım hekayə və məqalələr vasitəsilə daha da formalaşıb. Yazdığım hekayələr müxtəlif qəzet və jurnallarda dərc olunub, məqalələrim isə “Filoloq” qəzetində işıq üzü görüb. Bədii yaradıcılıqla yanaşı, bədii qiraət də həyatımda xüsusi yer tutur. Müxtəlif tədbirlərdə və bədii qiraət müsabiqələrində iştirak etmiş, bir sıra müsabiqələrdə müxtəlif yer və kateqoriyalar üzrə fərqlənmişəm. Sözün yalnız yazılmadığına, həm də duyularaq səsləndirildiyinə inanıram.
Ədəbiyyat mənim üçün sadəcə yazmaq deyil; hiss etdiklərimi, düşündüklərimi və yaşadığım duyğuları söz vasitəsilə oxucuya çatdırmaqdır. Hər yazdığım əsərdə oxucunun özündən bir parça tapmasını, bir anlıq dayanıb düşünməsini və ən əsası, həmin sətirlərdə bir duyğu yaşamasını arzulayıram.
Bu dəfə isə sizi “Bahar Çiçəyim” adlı hekayəmlə baş-başa qoyuram. Ümid edirəm ki, hekayənin hər sətri baharın ilk nəfəsi, hər duyğusu isə yeni açan bir çiçək qədər təravətli və yaddaqalan olacaq.
“BAHAR ÇİÇƏYİM”
Birinci hissə
30 yaşıma qədəm qoyduğumdan özümü həyati sorğuya çəkib “ 30 il ərzində nələrə yiyələndim ? “ sualını verdim. Məncə çox şeyə ... özümə görə bu böyük olsa da başqalarına adi görünə bilər, elə olur axı bizim böyütdüyümüz şeylər başqalarına kiçilmiş gəlir. 18 yaşından Latviyada iqtisadiyyat ixtisası üzrə təhsil aldım, sonra dayanmayıb İspaniyada eyni ixtisas üzrə magistr təhsilimi davam etdirdim. Əvvəllər çox eqolu, özündən razı idim, düşünürdüm məndən idealı yoxdu: klassik ədəbiyyat nümunələrinin xəstəsi, karate üzrə qara kəmər ustası və s. və i.a. Gənclik dövrümün başlanğıc vaxtları – qanımın qaynayan vaxtları idi. Adımı “ akademik Səlim “ qoymuşdular, özümü o qədər çox sevirdim ki sevgim yerə göyə sığmırdı. Öz dərdimdən ölürdüm, aynada özümə baxanda deyirdim, mən “səkkizinci dünya möcüzəsiyəm”. Kristina ilə qarşılaşana qədər. Azərbaycanda böyük ticarət sektorunun rəhbərlərindən biri İbrahim Əfəndizadənin eqoist, çoxbilmiş oğlu idimsə Latviyada qarşıma Kristina adlı xanım rast çıxandan sonra quzuya dönmüşdüm. Onun baxışları, günəş kimi sarı saçları, okean kimi mavi xamilyon gözləri, Eyfel qülləsinə bənzəyən düz burnu vardı. İspaniyaya gedənə qədər Kristina məni 180° dərəcə dəyişdirib A Səlimdən -Z Səlimə çevirdi. Bu gün belə səmimi, eqosuz, dürüst insan olmağımı ona borcluyam, məni aldatmasına rəğmən.
Aramızda 2 yaş fərq vardı, məndən böyük idi, universitetin kitabxanasında tanış olmuşduq. Onu görən kimi, necə deyərlər, məni elektrik vurmuşdu, filmlərdə olduğu kimi gözlərimdən ürək fışqırırdı. Məni sadəcə yaraşıqlı olduğuma görə sevirdi, yəni dost kimi, nə bilim e, insan kimi mənə yaxın idi, amma daxilən onun adamı deyildim. Ancaq onun səsi, xoş aurası məni məndən almışdı. Amann Allahım, mən necə də ona aşiq olmuşdum. Deməli mən özümdən başqasına da vurula bilərdim. Bunu Kristina öz gözəlliyi ilə bacara bilmişdi. Avropaya getmişdimsə şərq kişilərinə məxsus davranışlarım dəyişməmişdi, elə indi də. Mən kirli-paslı biri idimsə Kristina məni yuyub tər-təmiz elədi. Məni fərqli insan mədəniyyəti ilə tanış elədi, dostcanlı olmağı, vicdanlı insan necə olmalıdır, onu öyrətdi. Sadəlik gözəllik imiş mən bunun fərqinə varmışdım. Təbii ki, qanımın qaynayan vaxtları idi, içimdəki lovğalıq məni içdən içə bitirmişdi. Buna görə ona həyati təşəkkürümü əsirgəmirəm. Bacısının dostu ilə hislərimlə oynayıb məni ona dəyişdi. Əslində hisslərimlə oynadı deməzdim, o zamanlar belə düşünürdüm. Mən heç ona sevgimi etiraf etməmişdim, gözləyirdim o mənə desin öz hisslərini. Əslində onun üçün üzülmədim, sızıldayıb qürurumu sındırmadım. Bəzən bitən münasibətlərdə deyilir ki, kaşki olmayaydı, qarşıma çıxmayaydı, amma mən deyirəm ki nə yaxşı oldu, onu tanıdım, özümü yeni insanla tanış elədim. Əslində o məni sevməmişdi, mən onun davranışlarını görüb bunu “sevgi münasibəti” hesab edirdim. Axı mən elə bir şey yaşamamışdım. Daha doğrusu hər şeyə sevgi ilə yanaşan insanı ilk dəfə idi görürdüm. Nə edim, bu da mənim “travmam” olsun. Lakin bunu neqativə bağlamadan pozitiv şəkildə həyatıma davam etməyə çalışıram.
İspaniyada isə mənim üçün başqa macəralar oldu . Yeni insanlar tanıdım, çoxlu dostlar, yeni həyatlar, münasibətlər gördüm. Azərbaycana qayıdanda sanki Avropadan Şərqə keçən körpüyə gəldim. Burada atamın şirkətində çalışmağa başladım, amma atamın şirkəti mənə cansıxıcı gəlirdi, qohumlarla işləmək mənə çətin gəlirdi. Əmrlər, lazımsız danlamalar, yersiz şikayətlər, düzgün olmayan haqq-hesablar ...daha nələr nələr... Bilirdim ki orada işləyən qohumlar atamın ardından işlər çevirirlər. Mən bir ofis açıb xarici dil öyrənmək istəyən şəxslər üçün dərslər təşkil etməyə başladım. Məndən 5 yaş balaca olan qardaşım Yusif isə atamla işləməyə məhkum idi, ali təhsili olmasa da təcrübəsi vardı, mənə görə insana təhsil deyil təcrübə lazımdır, o qədər savadlı, təhsilli amma işləməyə göndərsən heç nəyə lazım olmayan adam görmüşəm ki... Yusif bacımla məndən fərqli olaraq uşaqlıqdan sadə, işləyən, eqosuz birisi idi. Kristinadan əvvəl Yusifin kasıb işçilərlə səmimi, dostcanlı söhbətləri məni özümdən çıxarırdı elə buna görə də onunla dalaşırdım, anladım ki səhv eləmişəm, vaxtilə qardaşımın qəlbini qırmışam yekabaşlığım ucbatından.
Sadəlövh qardaşım şirkətin idərəedənlərindən biri idi. 30 yaşıma qədəm qoyandan sonra anamın mənimlə bağlı xəyalları dilə gəldi. Halal süd əmmiş qız tapıb məni evləndirmək istəyirdi, bax mən elə bundan qorxurdum. Camaatın qızlarına baxıb mənə yaraşdırırdı, Allah eləməmiş harada universitetdə oxuyan qız görürdüsə avtomatik olaraq beynində o qızı mənimlə yan yana qoyurdu. Mənsə evlənmək istəmirdim, qurduğum karyeraya davam etmək mənim hədəfim idi və evlənsəydim düşünürdüm ki, ailə məsuliyyətini daşımaq mənə çətin gələr, çünki mən rahatlığa öyrənmişdim. Hər dəfə evdə çay içəndə ya da yemək yeyəndə anamın ailə haqqında danışdığı mühazirəyə qulaq asmalı olurdum. Bu dəfə isə:
- Səlim, a bala, day mən də gəlin üçün xonça düzəltmək istəyirəmş
- Ay ana, düzəlt də sənə kimdi mane olan?
- Sən.
- Məndən başqa oğlun yoxdu ? Yusifə qız tap.
- O tapar, mən səndən nigaranam, mənim ilkimsən, bilirsən də bizim adətimizdə evin böyük övladı evlənər, sonra digərləri.
- Ay ana, hansı zamanədə qalmışıq ? İndi Yusif ya da Nuranə evlənmək istəsə məni gözləməlidilər ki mən evlənim sonra onlar evlənsin ? Əcəb şeydiye...
- Hə, qulaq as, isçimiz Dilarə vardıya bax onun qızı təhsilli, qəşəng, ağıllı qızdı kim bizə qızını verməz ? Özü də səndən də yaşca kiçikdi, sənə də uyğundur.
- Qıraqdan ağıllı görünə bilər, sən onun daxilinə bax
- Bura bax az danış, bu dəfə bax qız.
Sabah mağazanın açılışına gələcək, özü də Novruz bayramı ərəfəsidi, adam çox olacaq o da yəqin anasına kömək edəcək, baxarsan qıza
- Qız əşyadı bəyəm ?
- Sözümün qabağına söz qoyma, dedim bax demirəm istə, sonra deyərsən, nəzər yetir, fikir ver
- Ay Allah, mənə səbir ver ...
- Səbri mən eləmişəm e, ay bala evlən də biz də nəvə üzü görək, özün də ali təhsilli yaraşıqlı oğlansan, camaat bir həmlə gözləyir ki biz onların qapısına gedək, eşitdin məni ?
Mağazanın açılış günündə Ayseli görən kimi ürəyimə bir sızıltı gəldi, elə bil içimdə 7-8bal gücündə zəlzələ baş verdi. Bu nə gözəllik , bu nə sadəlik, bu nə məsumluq !!! Anamın sözləri beynimdə error verirdi. “ Gəlin xonçası, gəlin xonçası “. Həqiqətən bu dəfə Ayseli öz yanıma yaraşdıra bilmişdim. Anasının yanından ayrılmayan qızcığaz sanki sıxılırdı, anasının kölgəsində sığınırdı, içimdən onu qorumaq gəlirdi. Mənə elə gəlirdi Aysel kimisə görmək istəyir, gözləri utanaraq ətrafa baxırdı, sanki axtardığını görsə ürəyi gedər. Anası neçə ilin işçisi idi, qızını uşaq olanda görmüşəm, amma vecimə almamışdım onu maraqsız gəlirdi mənə kasıb təbəqənin adamları. İndi anlayıram ki, mən o vaxtı kasıb olmuşam özü lap səfil vəziyyətində olanından. Qıraqdan ac pişik ətə baxan kimi qıza göz qoyurdum, Yusif də gərgin halda yanımda dayanıb mən baxan tərəfə baxırdı, elə bil qardaşımı elektrik cərəyanı vurmuşdu, yazıq özünü itirib baxırdı. Yəqin yorğunluqdan idi. Aysel anidən dönüb bizə baxanda sanki vahimə görüb gözlərini yumub aşağı baxırdı. Nə baş verirdi ? Bəlkə mənim baxışlarım onu qorxutdu? Görməmiş kimi qıza baxanda elə olarda ... Görən bu qızı nə zaman görəcəm? Bəlkə sevdiyi var idi? Bir dəfə baxmaqla adam tanımaq olmur ki, o dəqiqə fikir bildirmək olmazdı. Anama da o dəqiqə elçi get deyə bilməzdim axı.Bəlkə belə tədbirləri tez – tez təşkil etmək lazım idi ? Novruz Məmmədov vaxtı adam çox olurdu yəqin ki tez – tez gələcəkdi. Görərdim onu tanış olardıq. Elə bu fikirlə neçə gün idi ki gəzirdim ki rəhbəri olduğum xarici dil kursunda Aysellə qarşılaşdım. İş üçün gəlmişdi, sən demə ingilis dili müəllimi imiş, məni görəndə birinci qaşlarını çatdı sonra səmimi gülüşlə danışmağa başladı. O an sevincimdən necə uçduğumu deyə bilərəm, çoxdandır belə sevinmirdim. Çalışırdım ofisə “ çiçəyimin “ gəldiyi vaxtlarda gəlim, daha çox ünsiyyət qurum, daha çox ona yaxın olum.
- Dilarə xanım necədi?
- Yaxşıdı, mağazada görmürsüz?
- Çox getmirəm ora, qardaşım idarə edir mağazanı
- ....Həə ....çox gözəl, o vaxt yadımdadı mən beşinci sinifdə oxuyurdum, hamı danışırdıki, Səlimağa xaricə gedib oxumağa
- Səlim ( gülür ) hə evdə Səlimağa deyirlər
- Təhsil necədir ? Hansı ölkədə təhsil almısız ?
- Təhsil Azərbaycandakından tamamən fərqlidir, Latviyada bakalavr, İspaniyada magistratura təhsili aldım iqtisadiyyat üzrə, gənc idim atamın varına güvənib xarici seçdim ehh nəsə...
- Hə yadımdadı, heç kimlə çox ünsiyyət qurmazdız
- Hə indi dəyişmişəm, gələcək planlar nədi ?
- Məndə xaricdə magistratura fikirləşirəm, amma imkana görə qalmışam
- Mən hər cür dəstək dura bilərəm, nə lazım olsa de hə bir də mənimlə “ siz “ lə danışma, nə də olsa uşaqlıqdan tanışıq
- Yaxşı ( gülür).
- Nə lazım olsa mən burdayam hər zaman köməklik etməyə hazıram. Xaricdə təhsil almağına da kömək edərəm. Lap dövlət hesabına da gedə bilərsən. Müəyyən proqramlara müraciət edib getmək olar. Xaricdə çoxlu dostlarım var
- Hələki dəqiq bilinmir bəlkə burda oxudum bilmirəm, təşəkkürlər dəstəyin üçün
- O nə demək çox xoşdu. Hər zaman burdayam, bircə kəlmə Səlim də qulluğunda durum..
Onun saf gülüşü necə də gözəl idi, fotoqraf olsaydım onu ancaq gülərkən şəkillərini çəkərdim çünki, çox yaraşırdı. Amma onun yanına kim yaraşırdı ? Bax o mənə çox maraqlı gəlirdi. Qardaşım ofisin yanından keçəndə mənə baş çəkməyə gəldi. Ofisin foyesindəki kresloda oturub çay içirdik, ayaqqabı səsindən bildim ki , “ çiçəyim “ gəlir , ürəyimdə dup – dup edir. Qarşımıza keçəndə Yusif içdiyi çayı “ pufff “ edib öskürməyə başladı, Ayselin də gözləri bərələ qaldı. Alınan mənzərədən özüm də tutuldum, nə oldu axı ? Bunlara nə oldu ? Yox.. yox.. Anlamalı idim. Onlar sevirdilər, hər nə də olsa Yusif onu məndən çox tanımalı idi, onların arasında sevgi ola bilərdi, ikisi də özünü həyəcandan itirib, bu aydın məsələdi sevirlər amma bir – birilərinə demirlər. Ayselin yanında mən yox qardaşım olmalı idi, həqiqətən bir – birilərinə çox yaraşırdılar, deyə bilərəm ki ,tamamlanırdılar .
İkinci hissə
-... Aysel xanım
- Bəli, Yusif bəy
- Dayanın, ....necəsiz?
- Çox sağol olun, yaxşıyam.
- Burda işləyirsiz?
- Bəli.
- Nə yaxşı, sevindim ... Sizi ötürə bilərəm ...Evə gedirsiz ?
- Bəl, çox sağol olun, amma özüm gedərəm ...
- Hhhhh... Ananız necədi ?
- Görmürsüz mağazada ?
- Görürəm, bu gün səhər görmüşəm
- Onda mən sizdən soruşmalıyam anam necədi ?Onu məndən çox görən sizsiz ...
- Hə elədi...
- Mən gedə bilərəm ? İcazənizlə ?
- Hə ( çaşqın ) hə ... Əlbəttə
- Sağolun ...
- Hə sağolun .... Dayanın ... Aysel ... Aysel xanım ...Aysel
- Bəli
- Dayan mən ... Mən itirmişəm özümü ...
- Niyə ?
- Yaxşı daa, özün bilmirsən ?
- Nəyi ?
- Səni ... Səni ... Sevdiyimi ...
- Bəsdi, eşidən olar mən işdəyəm belə danışma
- Mənə bax nə olar, nə vaxta kimi belə özümüzü yoracayıq ? Vallah mən yorulmuşam.. Gör nə vaxtdıye ...
- ( Aysel ürəyində ) 10 il...
- ....
- Hə, Aysel?
- Mən evə getməliyəm ...
- Sonra gedərsən, söhbət açılıb bilirəm , bilirəm sən də məni sevirsən , mən özümü inandırmışam ki məni sevirsən elədi ?
- Başqa vaxt danışarıq ..
- Yox , de , de ... Artıq mən dözə bilmirəm, yuxumda belə sənə həsrətlə baxıram, həyatda da ...başa düşürsən bacarmıram artıq ... Sevirsən ?
- Hə ...amma
- Nə amma ?
- Güvənmirəm...
- Necə yəni ?
- Mən də sənin hislərini yaşayıram, amma sənə güvənə bilmirəm, iş yerindəki qızların sənə olan hisslərini bilirəm, xüsusilə də Zümrüdün, sən də arada onunla yaxın olursan
- Hardan bilirsən ? Mənə sən lazımsan, onlar yox, mən sənə necə ildi aşiqəm, onlar isə mənim işçilərimdi, niyə başa düşmürsən axı
- Nəysə ..
- Aysel, nə olar mənə qulaq as, illərdi sənə demək istəmişəm amma bacarmamışam, fürsət olmayıb şans ver xahiş edirəm
- Yusif ... Qardaşın gəlir ...
- Həə ,uşaqlıq tanışları, nə edirsiz ?
-....
- ....
- Yusif, gəl Aysel xanımı yola salaq maşınla day avtobusla getməsin
- Getmirəm, Səlim bəy, həm də başqa yerə gedəcəm işim var
- Onda getdiyin başqa yerə qoyaq səni
- Yaxşı
Maşına minəndə ikisinin də üzü solmuşdu, mənim isə hisslərim. Yusif mənə bu qız haqqında heçnə danışmayıb bir kəlmə belə olsun, bəlkə utanırlar bir – birindən özümə təsəlli verirəm ki aralarında heçnə yoxdur, amma özümü aldadıram . Ümumiyyətlə mən niyə bu maşınla onlarla gedirəm ? Artığam burda. Yusif maşının “ 28 May “ Metrostansiyasının yaxınlığında saxladı, “ çiçəyim “ sağollaşıb düşdü, yox o daha mənim “ çiçəyim “ deyildi, mən səhv “ çiçək “ dərmişəm . Qardaşımdan soruşmaq istəsəm belə ürək edib öyrənə bilmədim, sadəcə eşitmək istəmirdim. Səhəri gün Aysel mənə işə gəlməyəcəyini dedi, mən açığı desəm təəccüblənmədim , gözləyirdim bunu sonra eşitdim ki, neçə il atamın şirkətində çalışan Dilarə xanım da işdən ayrılıb. Yusifə görə ? Nəyə lazım idi? Ara yerdə mənim hisslərim soldu. Neçə ildən sonra birinə aşiq oldum o da belə oldu, həqiqətən Aysel kimi qız görməmişdim, fikirləşirəm ki Aysel xəzinədi. Daxili aləminin gözəlliyi xarici gözəlliyinə ayrı fərqlilik qatmışdı .
Üçüncü hissə
Həyatımı yenə monoton olaraq davam etməyə qərar verdim, fikrimi yenə işimə , karyerama yönləndirdim .Yusif də mənim kimi ticarət, alış – veriş,firmalarla çənə döyüb ömrünü çürüdürdü.
Yusif Ayselə öz sevgisini illərdi gizlədirdi, Aysel ali təhsilli müəllim, Yusif isə atasının yolu ilə gedən orta məktəb attestatlı ticarətçi idi. Onun qorxusu bu idi, Aysel uşaq vaxtlarından dərslərini yaxşı oxuyub, həmişə onu nümunə kimi çəkiblər, o da ona yaxınlaşmaqdan qorxub ki birdən onu bəyənməz. Əslində yalnış düşüncədə idi. Axı nə fərqi var idi, təhsilli yaxud təhsilsiz. Əsas olan o idi ki, sevən qəlblər birləşsin səadət tapsın. Yusif isə bu səadətini öz təhsilinə görə qurban verməli olmuşdu.
Noutbukumu götürüb işlərimi görmək üçün bir kofeşop – da əyləşdim. Başım o qədər qarışmışdı ki ətrafımdan xəbərim yox idi. Birdən bir uzunsaçlı, qara pencək ki xanım başımın üstündə durmuşdu. Aman o idi . Aysel ! Necə də dəyişmişdi, gözlərindən tanıdım onu arıqlamış daha da gözəlləşmişdi. Əsl şərq qadınlarına bənzəyirdi. Salamlaşıb onu kofe içməyə dəvət etdim, təklifi qəbul edib əyləşdi. Danimarkada magistratura təhsili almışdı.Dəyişmişdi çoox . Məndən, Yusifdən tez tərpənib evlənmişdi ... Hhhhh.. İşə bax.! Xoşbəxt görünürdü, mənə də nə lazımdır? Onu xoşbəxt görmək, onu mən xoşbəxt etməsəm belə, çünki layiqdi buna.Əsl kişi sevdiyi xanımı xoşbəxt görmək istəyər. Fərqi yoxdu kiminlə ya özü ya başqası ilə. Əsas odu qadın xoşbəxtdir, könül istərdi onun xoşbəxtliyinin səbəbi olum amma nə etmək olardı ? Yaxşı, bu qız qardaşımla bağlı nəsə hissi var idisə niyə başqası ilə ailə həyatı qururdu ? Pula görə?Pul desəm bizdə də var, sevgi desəm o da var, bəs nə ? Dözməyib ondan soruşdum
- Həyat yoldaşın necə biridi ? Ailə qurmaq kiçik dövlət qurmaq kimidi, sənin kimi ağıllı qız kiminlə ailə, dövlət qurub ?
- Güvəndiyimlə ...
- Çox sevirsən yoldaşını?
- Sevgidən çox güvənirəm, mənim üçün birinci yerdə güvən,ikinci hörmət , üçüncü isə sevgi və dəyərdi. Birinci olmayan yerdə məndə heçnə alnımaz. Həddindən çox sevə bilərəm,amma güvənmirəmsə mənə lazım deyil.
- Səni harada gördü ?
- Həyat yoldaşımla evə Danimarkada tanış olduq, o da azərbaycanlı idi mənə nə qədər dəstək oldu, onu çox sınadım və sınaqlardan çıxdı ona güvənməyən başladım, güvən isə aramızdakı sevgiyə çevrildi.
- Maraqlıdır, bəs Dilarə xanım necədi ? Hardadı ?
- Anam yaxşıdı, mən Danimarkada oxuyanda dövlət hesabına qəbul olduğum üçün aldığım təqaüdü anama göndərirdim, dedim daha işləməyinə ehtiyac yoxdur, təqaüdün bir hissəsini götürürdüm qalanını anam üçün göndərirdim.
- Gedişin ani oldu...
- Hə, əslində necə deyim ...
- Necə rahatdırsa elə də danış
- Yusiflə qarşılaşandan sonra o artıq hisslərini mənə açdı, amma mən onun haqqında başqa şeylər eşitmişdim, işçilərdən biri onunla sevgi münasibətindədi, çox pis olmuşdum, dedi mənə ki o sadəcə mənim işçimdir, nə bilim çox qısqanmışdım, həmişə ondan mənə qarşı hiss etdiklərini deməsini istəmişəm amma bir yandan da qorxmuşam
- Nədən ?
- Nə bilim, elə şeylər var ki onlar deyilmədən yaşanılmalıdı, amma elə şeylər də var ki mütləq etiraf etməlisən. Yusif mənim uşaqlıq xatirəmdi, mən bunu inkar edə bilmərəm. O mənə baxanda həm sevinirdim, həm də utanırdım.
- Yusif qardaşım olsa da bunu deməliyəm ki, onun hər hansısa işçi ilə münasibət qurması yalnız işə görə ola bilər, amma mənə də sənin haqqında heçnə danışmayıb, lakin hərəkətindən anladım ki sənə qarşı boş deyil
- Artıq mən ailəliyəm, çox yaxşı həyat yoldaşım var, onunla çox xoşbəxtəm, düzdü, əvvəl sevdiyim insanın olduğunu bilir amma biz onunla rəsmi münasibət qurmışdıq o da bunu platonik sevgi hesab etdiyindən heç bir probelim yoxdu, artıq burda da yaxşı bir işim var həyat yoldaşımla eyni holdingdə çalışırıq.
- Nə gözəl, Aysel, çox sevindim, xoşbəxtliyin əbədi olsun
- Təşəkkür edirəm, Səlim, mən getməliyəm, kofe qonaqlığı üçün çox sağol, özündən muğayat ol.
- Dilarə xanıma çoxlu salam de, xudafiz!
Ayselin üzünə baxanda içimdə bir istilik hiss etdim və özümdə bunu kəşf etdim. Mən kimisə daha çox sevə bilərəm, lakin güvəni qazanmaq daha çox sevməkdən üstündür. Bəlkə də mən sadəcə olaraq sevən bir insanam güvənəcək qədər güvəniləcək münasibət yaradacaq deyildim. Aşiq olmaq hörmət, güvən, inam qazanmaq demək deyil.
Aysel mənim həyatımın bahar fəslində qəlbimə açılan çiçək idi yalan nə deyim ? Çox sevmişdim onu. Güvənmişdim ona ? Bilmirəm, demək bir gün sevgi hissim, həvəsim məni aldada bilərdi.Ancaq onu xoş insan kimi anacam, yaxşı ki onu tanıdım, yeni bir şey öyrədim ondan ... Güvənməyi, güvənərək sevməyi ... Əslində sevmək çox gözəl hissdir, xüsusən də qəlbinə ağlına hakim olan insanı. Bir də aşiq ola bilərəm ? Bilmirəm, zamanın işidi. Əslində aşiq olmaq iradə ilə deyil, qəlbin sənə verdiyi mesajla duyulur, göz görür, ağıl düşünür ağıl isə estafeti ürəyə ötürür. Ağıldan birtəhər silib ata bilərsən amma ürək əsla unutmur. Ömür bizə yetdiyi qədərdi, sevmək planla deyil, amma həyat planının bir hissəsidi. Həyatımda çox qızlarla rastlaşmışam amma Aysel qədəri ilə yox. Aysel mənim üçün bahar fəslində nadir rast gəlinən çiçək kimi idi. Amma özümdən çox qardaşıma üzülmüşdüm. Yazıq onsuz uşaqlıqdan bu həyatı yaşamağa məhkumdu, o sadəcə qorxurdu, amma nədən onu bilmirəm, valideyinlərimiz eyni olsa da düşüncə və hisslərimiz fərqlidi. İllərdi sevdiyi qıza hisslərini açmaqda çətinlik çəkdiyi üçün bu gün o çiçəyin sadəcə yanından ötən quru ot parçasıdır. Bəzən ona ürəyim ağrıyır, hər şeyə sadəcə kənardan baxaraq böyüyüb varlıq içində yoxluq yaşayıb. Onun uşaqlıqdan bəri kasıb işçilərlə birlikdə olmaq səbəbi onun qorxusu idi. Çünki böyük, pafoslu insanlar onu əzə bilərdilər, eqolu deyildi, amma güclü də deyildi. İnsan güclü olmalıdır ki istəyinə sahib ola bilsin. Əşşi nə bilim... Hər bir insan dərsdi ya dərd. Hər bir şeydən dərs ya dərd çıxarmaq insan övladının seçimidir. Nəysə...Ofisdən çıxıb maşına minib fikrimi dağıtmaq radionu işə saldım, Lamiyənin ifa etdiyi gənclik vaxtı dinləyərək xarici ölkədə doğmalıq, rahatlıq tapdığım mahnının sədaları altında yoluma davam etdim;
Bilirəm gələn deyilsən
Yenə səni mən gözləyirəm.
Gözləyirəm.
Özgənin olsan da
Tanrı çox görməsin mənə.
Səni yenə yenə mən gözləyirəm.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)
Bu, ruhun səssizcə acından ölməsidir - ESSE
Harun Soltanov,
“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi
Yenə də tavana baxdığım gecələrdən biridir. Otaq səssiz, hava tərpənmir, köhnə divar saatı fırlana-fırlana zamanı öldürür. Həyat isə tək bir sualın ətrafında fırlanır.. Bura niyə gəldim? Mən demirəm haraya, sadəcə bura. Həyat deyilən yerə, bu coğrafiyaya, bu zamana, bu toplumun arasına...
Heç kim məndən soruşmadı, gəlmək istəyirsənmi deyə. Mən bu sistemə yazılmadım. Qəbul imtahanı vermədim. Amma artıq buradayam. Və bu "burada olmaq" hissi bir tək oturub nəfəs almaq deyil. Bu, sanki bir gözəgörünməz miqyasa salınmaqdır, ölçülürəm, çəkilirəm, uyğun gəlib-gəlmədiyimə baxılır. Bəzən hiss edirəm, bu dünya mənə dar deyil, sadəcə mən bu dünyanın əlinə yatmıram.
Yaxşı bəs, nə üçün varam? Bu sualı soruşmaq sadəcə bir intellektual məşq deyil. Bu sual nəfəs almaq kimidir, alınmasa, içimdə bir şey yavaşca boğulmağa başlayır. Yuxudan oyanırsan, gedirsən bir işin arxasınca, qayıdırsan, yeyirsən, yatırsan. Sabah yenə təkrar. Bir az gülürsən, bir az yazırsan, bir az göz gəzdirirsən. Amma içində elə bir səssizlik var ki, heç bir səs onu batıra bilmir. Mənə deyirlər, həyat elə budur. Mən isə içimdən soruşuram, bəs o zaman nəyə görə bu qədər narahatam? Mən artıq yaşamaq deyil, hiss etmək istəyirəm Çox adam yaşamaqdan danışır. Amma onların dediyi yaşamaq, sanki bir növ proqramdır, oxu, işlə, ailə qur, pul qazan, yaşa. Amma mən bu proqramda deyiləm. Mən yaşamaq deyil, hiss etmək istəyirəm. Hər şeyi. Özümü, səmanı, torpağı, onun səsini, gözəlliyini, mənanı.. Amma bəzən hiss etdikcə daha çox əzilirəm, çünki bu hisslərin qarşısında boşluq var. Heç nə cavab vermir. Və bu vaxt başa düşürəm ki, boşluq əslində qaranlıq deyil, cavabsızlıqdır.
Bəzən küçədə dayanan bir gənc görürəm. Sakitdir, telefona baxır. Heç nə demir. Amma mən onun içində öz sualımı hiss edirəm. O da bilir, bu sistemin quruluşu onun içinə toxunmur. O da gözləyir, bir səs, bir işarə, bir mənzərə... nə olursa olsun, sadəcə bir şey olsun ki, ona desin: "Sənin burda olmağın boşuna deyil." Çünki insan varlığını doğrultmaq üçün yalnız yaşamalı deyil, tanınmalı, görünməli, hiss edilməlidir. Əks halda yaşamaqla yox olmaq arasında fərq qalmaz.
Və ən dəhşətlisi nədir bilirsən? Həm var olmaq, həm olmamaq. Gündəlik həyatla axıb gedirsən, amma içində hər şey dondurulub. Qəlbinin bir yerində sanki kimsə hələ də səni oyatmağa çalışır, amma sən çoxdan yorulmusan. Niyə oyanaq ki, dünya yenə eyni olacaq. Mən tavanın çatlarını saydıqca bu düşüncə də çat verir, ya bu varlığın içində özümü tapmalıyam, ya da bu varlığın heç biri mənim deyil. İnsan buraya niyə gəlir bilmir, amma buradan necə gedəcəyini sorğulamağa başlayanda artıq var olmaq deyil, varlığı aşmaq istəyir. Mən hələ burdayam. Gözləyirəm ki, bu tavandan nə vaxtsa bir səs düşəcək... və deyəcək, "gəl, indi sən başlayırsan."
Bu səhər çay içərkən pəncərədən baxdım. Birisi lüks maşında siqaret çəkirdi, digəri zibil qutusunu eşələyirdi. Eyni küçədə. Eyni havada. Eyni dildə danışan, eyni ölkədə doğulan iki insan. Amma biri üçün həyat seçimdir, digəri üçün isə məcburiyyət. Və içimdə sual qalxır. Hansı ədalət bu qədər fərqə izn verib? Əgər hər şey bu qədər təsadüfi və zalımdırsa, onda niyə bizə doğruluq öyrədilir? Niyə məktəbdə "yaxşı insan olun" deyirlər, sonra isə yaxşı olanlar arxa sırada qalır? Bəzən elə gəlir ki, bu düzümdə vicdan ayaq altında qalan bir səhv düymədir.
Burda bir oyun var. Hamı oynayır. Bəziləri qaydalara əməl edir, digərləri isə qaydaları yazır. Ədalət, bir çox hallarda zəiflər üçün nəzərdə tutulub. Güclülər üçün isə alternativ yollar var. Bu o qədər gözəgirəndir ki, artıq gənclər ədalətə inanmır. Onlar uzaqdan izləyir, başını aşağı salır, ya da qəzəblə susur. Sual budur ki, əgər doğru olmaqla heç nə qazanmayacağıqsa, niyə doğru olaq? Və bu sual verilməyə başlayıbsa, cəmiyyət artıq ruhunu itirib deməkdir. Bəzən gecə oturub oxuyursan, çalışırsan, zəhmət çəkirsən. Amma sabah birisi gəlir, heç nə etmədən səndən qabağa keçir. Ya onun tanışı var, ya pulu, ya da sadəcə şansı. Əziyyətin nəticə ilə əlaqəsi itəndə, insanın içindəki səbəb nəticə hissi ölür. Həmin an artıq nə məqsəd qalır, nə motivasiya. Sadəcə yorğunluq qalır. Və səssiz bir sual.
"Bütün bunlar niyə idi?" Ən qəribəsi budur ki, bu oyunu oynamaq istəməyənlər bu torpağı tərk etmək istəyir. Deyirlər, "burda yaşamaq olmur."Amma bəlkə də problem yaşamaqda deyil, problem yaşamağın bu qədər ləyaqətsiz formada təqdim olunmasındadır. Bəzən mən də fikirləşirəm. Getmək, bu qədər bəsit olmamalıdır. Amma bəzən qalmaq da özünə qarşı zorakılıq kimidir. Düşünürsən ki, bəlkə başqa yerdə həyat səninlə danışar, sənin əziyyətini tanıyar.
Bir çox adam sakitdir. Küçədə, sosial şəbəkədə, ailədə. Sakit görünür. Amma bu sükut məmnunluqdan yox, öyrəşməkdəndir. Hamı düzümün belə olduğunu qəbul edib. Və heç kim dəyişməyə çalışmır, çünki dəyişmək istəyənlər artıq dəyişib və getmişdir. Ədalət olmayanda, insanlar bir nöqtədən sonra öz kiçik dünyalarında öz şəxsi qanunlarını yaradır. Və bu cəmiyyət, çoxlu kiçik qapalı "mən"lərdən ibarət xaotik bir yerə çevrilir. Əgər yaxşılıq artıq nəticə vermirsə, biz yaxşı qalmağı necə bacaraq? Əgər səbr axırda yox olmaqla nəticələnirsə, səbr fəzilət olmur, sadəcə susdurma üsuluna çevrilir.
Bu gecə də bir pəncərə arxasında düşünürəm, bəlkə də, bu sistemdə ədalət yoxdu, sadəcə ümid saxlayanlara "ədalət" adı verilmiş bir illüziya var. Bəzən elə hiss edirəm ki, bu torpaq məni sevmir. Bunu demək təkəbbür deyil. Sadəcə... burda bir şey qırılıb. Sanki bu yerin ruhu ilə mənim ruhum arasında ünsiyyət pozulub. Nə o danışır, nə mən eşidirəm. Hiss etmədiyim bir torpaqda necə kök sala bilərəm? Çöldə dayanıram. Səssiz bir küçə, boş bir baxış və mən.. Bir yerdə olub, oraya aid olmayan bir varlıq.
Onlar deyir: "bura sənin vətənindir, torpağındır, anandı..."Amma bu torpaqla münasibət yalnız coğrafi olmamalıdır. Bir yerin sənə doğma olması üçün o da səni qəbul etməlidir. Yolunda gedərkən əzilməməlisən, sənə "get" deyən baxışlarla qarşılaşmamalısan. Bura doğrudursa, niyə bu qədər yad hiss edirəm? Əgər doğulduğum yer mənim yerim deyilsə, onda yerim hardadır?
Biz nə kəndin uşaqlarıyıq, nə də şəhərin. Kənd bizə "unutdun bizi" deyir, şəhər isə "sən bizdən deyilsən." Arada qalmışıq. Ən təhlükəli yer, ikisi arasında, heç birinə aid olmadan yaşamaqdır. Bu hiss, köksüzlükdən daha ağırdır. Çünki sən bilirsən, hər yer var, amma sənin yerin yoxdur. Yatmağa yastıq var, dayanmağa yer yox. Bəzən bir kəndə gedirəm. Uzaqda. Çaylar axır, ağaclar titrəyir, səssizlik doludur. Amma o səssizlik illərlə unutmağa məcbur edilmiş nələrinsə susqunluğudur. Bu torpaqda bir zamanlar danışan çox şey vardı. İndi isə danışmaqdan yorulmuş kimi görünür. Bu torpağın özü belə susubsa, gənc insan burada necə danışsın?
Gedirik, çünki... Bəziləri deyir, gənclər niyə gedir? Cavab sadədir, çünki çağırılmırlar. Bu torpaq "qal" demir. Burda qalmaq təkcə fiziki mövcudluq deyil, qalmaq üçün ruhun da yer tapmalıdır. Əgər sənə lazım olan məktəb yoxdursa, sənət yoxdursa, söz yoxdursa, insan bir gün yorulur. Və yavaşca gözlərini sərhədlərə dikir. Bəzən qürbət bir yerdə doğma hiss edirsən. Sadəcə ona görə yox ki, səni anlayırlar. Ona görə ki, orada kim olduğunla maraqlanırlar. Burda isə çox vaxt kim olduğun önəmli deyil, sən sadəcə bir rol oynamalısan. Ailənin gözündə nə olmalısansa, dövlətin gözündə kim görünməlisənsə, məhəllənin gözündə necə davranmalısansa... Bu yer mənə deyir ki, "olma". Mən isə içimdən pıçıldayıram, amma mən artıq olmuşam...
Bəzən insan bir torpaqda doğular, amma onun ağacına çevrilə bilməz. Sular onu sulamaz, küləklər onu oxşamaz, insanlar onu sezməz. Belə torpaqda qalmaq, sadəcə fiziki olaraq mövcud olmaqdır. Və mövcud olmaqla yaşamaq arasında, bəzən ölmək qədər fərq var. Bu gün bir yerdə səsimi qaldırdım, heç kim eşitmədi. Bəlkə də eşitdilər, sadəcə qulaq asmaq istəmədilər. Çünki bu cür səslər çoxalanda düzümün balansı pozulur. Və düzüm yalnız bir şeyi sevir, səssizliyi. Ancaq içimdəki səssizliklə çöldəki səssizlik eyni deyil. Mənim içimdəki, qışqırığın boğulduğu bir boşluqdur. O səslə bir yeri dəyişmək istəyirsən. Amma bilirsən ki, səsin divara dəyib geri qayıdacaq.
İnsan elə-belə üsyan etmir dostum. Əgər bir gənc sükutu dağıdırsa, demək ki, əvvəl çox uzun müddət susub. Bu qəzəb, sadəcə qəzəb deyil, tanınmaq istəyidir, dəyər görmək istəyidir, aid olmaq istəyidir. Yəni içində qaranlıq yox, əslində işıq axtarışı var. Amma sən bu qəzəbi ifadə etdikcə, insanlar susdurmaq üçün ya səni lağa qoyur, ya da "səbr elə"deyirlər. Əgər səbr sonsuzdursa, insan özü yox olur. Və bu yoxluğun içindən... başqa biri doğulur.
Bir yerdə oturursan. Gözlərin ekranda, qulaqların musiqidə, əlin telefonda. Amma özün hardasan? Sənin içində iki nəfər var, biri bu qaydaları qəbul edən, digəri isə hər şeyi yandırmaq istəyən. Biri susur, digəri qışqırır. Biri təhlüklədir, digəri qorxaq. Biri uyğunlaşır, digəri gizlincə içindən qaçır. Bəzən hiss edirəm, içimdə nə qədər çox adam yaşayırsa, mən bir o qədər təkəm.
Dəyişmək istəyirəm. Hər şeyi. Özümü, ətrafımı, düzümü, dili, mövqe anlayışını. Amma hara gedəcəyimi bilmirəm. Bu bir labirintdir, çıxış olduğunu hiss edirsən, amma heç bir divarın arxasında yol yoxdur. Və sən bu boşluqda ayaqda qalmağa çalışırsan. Yıxılmamaq üçün hərəkət edirsən, amma hara gedirsən bilmir, sadəcə yerində dövr edirsən. Bunu görənlər sənə "cəld fırlanırsan" deyir, amma sən bilirsən, çevrəndəki torpaq hələ də eyni yerdədir.
İçimdə bu qədər enerji var. Yandırmaq, qurmaq, uçurmaq, yaratmaq, qoparmaq, dəyişdirmək.. Amma yön yoxdur. Və insan yönsüz gücə sahib olanda ya özü partlayır, ya da ətrafını dağıdır. Bu şəhərdə hər gün içində partlayan, lakin səssizcə yoluna davam edən neçə nəfər var görəsən? Hərəsi bir gün bir qığılcımla ya ucalacaq, ya da tam yanacaq. Bəzən hiss edirəm, içimdəki qəzəb, bir gün məni öz yerimdən qoparıb atacaq. O gün ya özüm olacam, ya da heç kim. Çünki bu qədər üsyan, bu qədər qaranlıq, bu qədər sorğu boşluqda qalmaz. Ya birinə çevrilər, ya da hamını dağıdar. Mən sadəcə istəyirəm ki, bu dağıntının içindən bir yol açılsın. Yolun haraya getdiyini bilmirəm, amma getmək istəyirəm. Çünki artıq burda qalmaq qaranlığa çevrilib. İnsan yalnız çörəklə yaşamazmış.
Səhər yeməyi yeyirəm, amma doymuram. Nə yeməyə, nə içməyə, nə də istirahətə ehtiyacım vardı o saat. İçimdə fərqli bir aclıq var, sözlərlə ifadə olunmayan, amma daim sızlayan bir hiss. Sanki nəsə çatışmır. Əlimdə olan hər şey tamamdır, amma həyatın özü natamamdır. Boşqab doludur, ruh isə boş. Bax budur bu dövrün aclığı.
İnsanın aclığı bəzən mədəsində olmur ki. Bəzən bir cümləyə acırsan, bir baxışa, bir anlayışa, bir mənzərəyə. Bəzən tək bir sual var içində, "bütün bunların mənası nədir?" Əgər səhər oyanırsansa, gün boyu işləyirsənsə, axşam isə yatağa girib növbəti günü gözləyirsənsə və bütün bu dövrə bir cümləlik izah tapmırsansa, bu, sadəcə yorğunluq deyil. Bu, ruhun səssizcə acından ölməsidir.
Bu günlərdə ümumiyyətlə çox danışırıq. Hər yerdə səs var, amma eşidiləcək söz yoxdur. Təhsil var, amma məna yox. Mədəniyyət var, amma ruh yox. Sistem var, amma məqsəd yox. Texnologiya var, amma niyə yaşadığımız bilinmir. İnsanlar canlıdır, amma sanki içlərində nəsə ölüb. Bir vaxtlar şeir yazırdıq, indi bloq. Bir vaxtlar sorğu vardı, indi "trendlər". Bir vaxtlar ruh danışırdı, indi sosial şəbəkə bağırır. Qurtuluşsa yalnız mənada var. Əgər həyatın mənası yoxdursa, zənginlik də, vəzifə də, münasibət də, mükafat da sadəcə üstü bəzədilmiş boşluqdur. Ruh yalnız öz yerində olarkən doyur. O yer isə, nə rəsmi kürsüdür, nə də diplom kağızı. O yer, səni sən edən şeyin yaşadığı məkandır. Əgər sən bu həyatda iz qoymaq istəmirsənsə, demək ki, artıq içindəki nəsə sönüb. İstəmək, ruhun sağ qalmasıdır.
İstəmək, mənaya toxunmaq istəyidir.
Bu torpaqda bəziləri tarix tərəfindən unudulub. Amma daha qorxulusu odur ki, bəziləri özünü özü unutmaq məcburiyyətində qalıb. Çünki bu sistemdə mənanı axtarmaq çox vaxt "bədbəxtlik" sayılır. Sənə deyirlər ki, "çox düşünmə, özünü yorma, başını aşağı sal." Amma başını aşağı saldıqca, ruh da aşağı enir.
Ruhum acdır. Çünki bu həyat təkcə yeməklə, içməklə, çalışmaqla dolmur. İnsan nəsə gözləyir. Təsdiq, ilham, sevilmək, görülmək, hiss edilmək… Amma ən çox, mənanı hiss etmək istəyir. O mənanı tapmadıqca, bu yer ona tanış olmur. Tanımadığın yerdə isə insan həmişə qonaq kimi yaşayar. Bəzən bir sual, bir musiqi, bir cümlə yetər… Yetər ki, ruh öz evini tanısın.
O zaman, bəlkə də... qalmaq istəyə bilərik.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)


