Coşqun Xəliloğlu,
Azərbaycan Yazıçılar Birlyinin üzvü, SOCAR-ın Fəxri neftçisi, Əmək veteranı.
“Ədəbiyyat və incəsənət”
AZƏRBAYCAN NEFTÇİSİ
20-sentyabr – neftçilərin peşə bayramı münasibəti ilə
Neft qiymətli inci, “Qara qızıl,” gövhərdir
Yerin dərin qatından neft çıxarmaq hünərdir,
Dənizdə şəhər salmaq möcüzədir, zəfərdir,
Zəfərlərin, xalqımın səadəti deməkdir.
Ucalırsan günbəgün öz halal zəhmətinlə.
Uğurlar qazanırsan səyinlə, qüdrətinlə.
Fəxr etməyə haqqın var şanınla, şöhrətinlə,
Şan-şöhrətin, xalqımın şan –şöhrəti deməkdir.
Doxsan dördüncü ildə ucaldı haqqın səsi,
Xoş gündə imzalandı “Əsrin müqaviləsi,”
“Bakı-Tbilisi-Ceyhan” əməyin təntənəsi,
Dəyanətin, xalqımın dəyanəti deməkdir.
Üzün eldə-obada həmişə olubdur ağ,
Məharətlə açmısan neçə məhsuldar yataq:
-Bulla, Ümid, Günəşli, Bahar, Azəri, Çıraq,
Məharətin, xalqımın məharəti deməkdir.
Vətən doğma anatək dayaqdır övladına,
Günəş nurunu saçsın, hər zaman həyatına,
Nə yazım, nə söyləyim, layiq olsun adına,
Ləyaqətin xalqımın ləyaqəti deməkdir.
Vətənin övladısan – gül açsın arzu-kamın,
Qoy heç zaman sönməsin haqdan nur alan şamın,
Azərbaycan neftçisi, mübarəkdir bayramın,
Əzəmətin, xalqımın əzəməti deməkdir!
2007-ci il.
NEFT DAŞLARI
Cəsurların əməyiylə yaranıb,
Al günəşin şəfəqiylə boyanıb,
Dörd yanında buruqlar sıralanıb,
Salamlayır vüqar ilə Xəzəri –
Neft Daşları – möcüzələr şəhəri.
Dalğalar ayağın yuyur həvəslə,
Sular pıçıldayır həzin bir səslə,
Dəzgahlar quyular qazır ahəstə,
Adamlar göstərir burda hünəri,
Neft Daşları – möcüzələr şəhəri.
İnsan zəkasının xoş bəhrəsidir,
Əməyin sevinci, təntənəsidir,
Odlar diyarının haqlı səsidir,
Elin mərdliyidir, xalqın zəfəri -
Neft Daşları – möcüzələr şəhəri.
Nə qədər qəhrəman yetişib burda,
Nə qədər sərvətlər verilib yurda,
Dəniz ortasında şəhər var harda,
Hələ qarşıdadır gözəl səhəri,
Neft Daşları – möcüzələr şəhəri.
Xəzər dənizinin altı qızıldı,
Burda gör nə qədər quyu qazıldı,
Neftçi əməyindən dastan yazıldı,
Neftdir– neftçinin ən şah əsəri,
Neft Daşları – möcüzələr şəhəri.
Bakımın sevimli balasıdır o,
Hələ çox qələbə çalasıdır o,
Dünyamız durduqca qalasıdır o,
Yola salacaqdır neçə illəri
Neft Daşları – möcüzələr şəhəri.
\
QAZMAÇIYAM
Gecə-gündüz süxurları qazıram,
Torpağın köksünə nəğmə yazıram,
Nə qədər çətinlik olsa hazıram,
Var gərəkli peşəm, mən qazmaçıyam.
İlləri uğurla yola salıram,
Doğma vətənimdən ilham alıram,
Quyular qazdıqca hey ucalıram,
Ucalıq rəmziyəm, mən qazmaçıyam.
İşləyirəm istidə, sərt tufanda,
Məni qorxutmayır olsa boran da,
De, sənətin nədir, – məndən soranda,
Fəxrlə deyirəm, – mən qazmaçıyam.
Bilirəm, ölkəmə gərəkdir işim,
Torpağa sözümü deməkdir işim,
Sülhə, qələbəyə köməkdir işim,
Zəfər əzmliyəm, mən qazmaçıyam.
1982-ci il
NEFTÇIXARAN
“Qara qızıl” çıxarmaq
Mənə olubdur qismət,
Çıxardığım neft, qaz
Gətirib xətir-hörmət.
Bəzən anlamır bunu,
Başa düşmür çoxusu,
Məni cavan saxlayır,
Mazut, neft qoxusu.
“Qara qızıl” həm gücdür,
Həm də tükənməz qüvvət,
“Qara qızıl” xoş sabah,
Hünər, qələbə, qüdrət.
Taleyimə necə də
Gözəl bir iş düşübdür,
Ömrümə bol-bol sevinc,
Bir yüksəliş düşübdür.
Mədəndə, buruqlarda
Silinməz bir izim var,
Eldə alnım açıqdır,
Xoş çöhrəm, xoş üzüm var.
Qapaq şəklində: "Neftçilər". Rəssam Tofiq Cavadovun 1956-cı ildə çəkdiyi rəsm.
“Ədəbiyyat və incəsənət”
(15.09.2026)


