Rəqqas, rejissor, məmur... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Haqqında danışacağım şəxs çox istedadlı, erudisiyalı olub. Məhz buna görə də ən müxtəlif peşələrdə uğurla çalışıb, ortaya nəticə qoymağı bacarıb.

Bu gün onun anım günüdür.

 

Faiq Zöhrabov 1939-cu il iyul ayının 16-da Bakı şəhərində anadan olub. 1957–1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəqqas kimi fəaliyyət göstərib. 1963–1968-ci illərdə o, Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1965–1972-ci illlərdə F. Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləyib. 1972–1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975–1977-ci illərdə Səyyahçılar və ekskursiya bürosunun direktoru işləyib.

1968–1985-ci illərdə F. Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib. 1985–88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışıb.

Bu dövrdə rejissor A. P. Çexovun "Elçilik", A. Şirvanzadənin "Nakam qız", Q. Lezqinsovun "Dağlar oğlu", N. Hikmətin "Bayramın birinci günü", Ü. Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə quruluş verib.

1988-ci ildən F. Zöhrabov ADMİU-nun "Səda" Tədris Teatrının direktoru və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr" kafedrasının dosenti olub. 2000-ci ilə kimi pedaqoq kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox rejissorların, aktyorların yetişməsində müstəsna xidmətləri olub.

 

1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib. Burada F. Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı tamaşalar hazırlayıb.

 

Filmoqrafiya

- Beşmərtəbəli evin altıncı mərtəbəsi

 

Faiq Zöhrabov 5 iyun2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.