Hekayə saatı - Pərvanə Əliqızının “Axirət azuqəsi” hekayəsi Featured

                                  

“Ədəbiyyat və incəsənət” portalı “Hekayə saatı” rubrikasında bu gün sizlərə  Pərvanə Əliqızının  “Axirət azuqəsi” hekayəsini təqdim edir.

 

Uzun müddətdir səhər gəzintisini yadırğamışdım. Bu səhər yolumu parkdan saldım. Mən gəlməyəli buralar yaman dəyişmişdi. Yeni ağaclar əkilmiş, oyun meydançaları düzəldilmişdi. Quşların səsi səhəri daha da ecazkar edirdi. Təmiz havanı ciyərimə çəkib beynimi fikirlərdən azad etmək istəyirdim ki, söhbətgahdakı qadınların danışıqlarını  eşitdim.

Hündür səslə danışan qadının söhbət etdiyini demək günah olardı, — sanki mətbuat konfransı keçirirdi. Səlis nitqi adamı istər-istəməz dinləməyə vadar edirdi. Əl-qol hərəkəti ilə dediklərinə daha çox təsir verməyə çalışır, qarşısındakıların təsdiqləyən baxışları isə onu daha da ilhamlandırırdı.

Qadın alnını qırışdırıb, nazik qaşlarını yuxarı qaldıraraq danışırdı:

—Mən axirətini düşünən adamam. Hər axşam evi, mətbəxi hər yanı təmizləyib, səliqəyə salmasam, gözümə yuxu getməz. Heç gəlinimə də icazə vermərəm ki, təmizlik etmədən yatsın. Birdən gecəyarısı öldüm, camaat nə deyər?

Bunu deyib bir-bir hamının üzünə baxdı.

Rəfiqələri dərhal :—Əlbəttə, doğru deyirsən, — deyib onu təsdiqlədilər.

Baxışları o qədər kəskin idi ki,  mənə də elə baxsaydılar, yəqin özümü itirərdim.

Özündən razı halda davam etdi:

—Xəstə olsam, ağrıdan ölsəm də, şəxsi gigiyenamı diqqətdən kənar qoymuram. İndi gəlinim məndən də vasvası olub.

 Sinəsini qabağa verən qadın kəlmələri uzada-uzada əlavə etdi:

—Gəlin demişkən, qardaşım qızı gəlin köçəndə yüz nəfərdən çox qohum gəlmişdi, amma gözəgörünən bir nəmər atan olmadı. Camaatda insaf qalmayıb ha. Sonra da deyirlər, insaf dinin yarısıdır.

Söhbətin məcrasının qəfil dəyişməsi birinci danışana xoş gəlməsə də, susub qulaq asdı.

Başı ilə deyilənləri təsdiq edən kök qadın sözə bəndmiş kimi dilləndi:

—Çoxları elə bilir pul yığmağa çalışırıq. Toy bir yana qalsın, elə bilirsiniz yasa az xərc çəkilir?

Görkəmindən dalğınlıq yağan başqa biri əlavə etdi:

—Dünya malı dünyada qalacaq. Özümüzlə aparası deyilik ki... Nə qazansaq, övladlarımızındır. Bizim aparacağımız  əməllərimizdir.

Nisbətən cavan görünən qadın  ətrafa göz gəzdirib, yaxınlıqda əl-ələ gedən  gəncləri görəndə üz-gözünü turşudub  az qala çığırdı :

—Bir bunlara baxın! Biz bunların yaşında başımızı ev işindən qaldırmazdıq. Utanmırlar, böyük-kiçik tanımırlar.

Rəfiqələri yekdilliklə onu dəstəklədilər :

—Düz deyirsən, bacı.Dünya belə şeylərə görə dağılır!

Gənc oğlan onlara yaxınlaşıb, qınayıcı tərzdə dedi:

—Bacımdı,  bacım... Dərsə aparıram, ay xala.

Qadın bir anlıq duruxdu, sonra özünü toplayıb:

 — Düz edirsən, ay oğul. Zəmanə dəyişib, bacını gözündən qoyma—dedi.

Üzünü döndərəndə  yanındakıların  gözlərini  qaçırdıqlarını sezdi.

Yaranan pərtliyi aradan qaldırmaq üçün  çəkisi ilə  yoğun səsi uyğun gəlməyən biri, düşüncəli tərzdə danışmağa başladı:

  Ehh, ay bacılar, adam bilmir nəyin dərdini çəksin. Yəqin televizora baxırsınız? İsrailin və İranın vəziyyəti heç yaxşı deyil.  Yenə bizə şükür, vaxtında müharibəni qələbə ilə bitirdik.

Hamı bir ağızdan:—Sükür,—dedi.

Yerli - xarici xəbərlərin ardınca uşaq arabası  sürən gəlin diqqətlərini çəkdi. Mən də körpəyə baxıb gülümsündüm.

Söhbət yenə istiqamət dəyişdi.Bu dəfə mövzu valideynlər idi. Deyilənlərdən belə anladım ki, guya indiki analar uşaq tərbiyə etməyi bacarmırlar.

Eşitdiklərim canıma vəlvələ saldı. Kitabı qatlayıb fikrə getdim. O biri dünya nigaranlığı məni bürüdü. Çünki burada oturub camaatın söhbətinə qulaq asırdım. Üstəlik, yorğun olanda fincanı çirkli qoyub yatır, masanın üstündəki kitab-dəftəri yığışdırmırdım. Yəqin o dünyada sorğu-sualım ağır olacaq.

 Deyəsən, fikrim onlara da agah oldu. Məni başdan ayağa süzüb  dedilər:

—Bu  kitab oxuyur, yoxsa bizim söhbətimizə qulaq asır? Kitabı evində oxuya bilmir bəyəm?!

Çaşıb qaldım. Yaxınlaşıb nəsə soruşsaydılar, nə deyəcəyimi bilməzdim. Ən yaxşısı buradan uzaqlaşmaq idi . Ayağa qalxıb, guya onların dediklərinə məhəl qoymurmuşam kimi oradan aralandım.

Ürəyimdə onların gələcəklə bağlı ehtimallarının yalan olmasını arzulayırdım.Cənnətə getmək istəyən qadınların o biri dünyaya aparacaqları boğçaları gözümün önündə canlandı. Orada ev təmizliyindən, şəxsi gigiyenaya, dünya malından tutmuş, başqalarının  günahınadək hər şey vardı.

Təkcə axirət azuqəsindən başqa.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.