İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Unutmuşam, kiminsə sözləridir – 37-ci il repressiyasından sonra – 30-ların sonlarında dünyaya çox istedadlı insanlar gəlirdi. Anarın və Vaqif Səmədoğlunun timsalında belə istedadlılardan bəhs edən müəllif daha 10-larca ad da çəkirdi.
Dəhşət saçan 37-ci ildən sonra dünyaya gələnlərdən biri də Solmaz Qurbanova idi...
Solmaz Qurbanova 1939-cu il 13 noyabrda Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş Solmaz Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.
O, Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir) rolları ilə tanınırdı.
Maraqlıdır, deyilmi? Bu mürəkkəb rolları oynamağa gənc oğlan tapılmırdı, gənc qızsa bu işin öhtəsindən məharətlə gəlirdi.
Solma xanımın Kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün də yaddaşlardadır.
Azərbaycan Respublikasının xalq artisti adını Solmaz xanım əlbəttə ki, haqq edibdir.
Yaşlaşanda belə aktrisa səhnədən ayrılmaq istəmir, özünə, yaşına uyğun obrazlar canlandırırdı. Həvəsi və çğvqü əvvəlki kimi idi. Amma 74 yaş na “dayan” dedi. Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat etdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.06.2026)


