Danışan baxışlar Featured

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

O, hər gün gəlirdi. Hər səhər yuxulu-yuxulu, bəzən səssiz, bəzən gülərüz. Amma baxışları heç zaman dəyişmirdi. Çox məsum və gerçək idi. Özünü sevdirmək üçün bir səbəb verməmişdi. Lakin gerçək olan bu idi :sevmək üçün hər zaman bir səbəbə ehtiyac yoxdur. Nə bir ehtimal vardı, nə də bir gözlənti.Onu niyə sevdiyimi özümə belə izah edə bilmirdim. Bəlkə də bəzi hisslərin səbəbi olmur.

 

Yollarımız çox zaman bir kəsişərdi. Bir - birimizi baxışlarda salamlayaraq günə başlardıq. Gün sonunda isə yenə həmin baxışlarla ayrılardıq.

Bu səhər o yenə gəldi, amma bu dəfə yad bir səslə,yad bir baxışla. Bədənim titrədi. Nə olduğunu anlamamışdım. Onu heç vaxt belə görməmişdim. Bu dəfəki gəliş hər zamankı kimi deyildi. Sakitcə yanına yaxınlaşdım. Əlini tutdum. Sakitləşmək istəmirdi. Gözlərində kədər vardı. Hər gün məsum görünən o baxışlar indi yaşla dolmuşdu. İncinmişdi. Kimdən, nədən bilmədim. Amma ilk dəfə idi ki onu qoruma istəyi sevməkdən güclü idi. Onu sakitləşdirmək üçün əlimdən gələni etməyə çalışdım. Amma çox çətin idi. Otaqda əlinə keçən hər şeyi yerə atırdı. Sanki içində yığılanları sındırmaq istəyirdi. Biraz sonra hər şey susdu. O daha ağlamırdı. Amma bu susqunluq baxışlarda sözə çevrilə bilməyən bir sirr kimi qalmışdı. Çünki o, hələ uşaq idi — və bəzən uşaqlar ən çox susanda ağlayır.

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.