“Maraqlı söhbətlər”də Qalatasaray litseyindəki eşşək məsəli Featured

Nemət Tahir,

“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Osmanlının məşhur tarixçisi Əbdürrəhman Şərəf bəy Qalatasaray litseyində tarix dərsi keçirmiş. Bir dəfə sinifdə hamının yanında dərs oxumayan cahil və mədəniyyətsiz bir məmurun oğluna:

- Adam ol, atan kimi eşşək olma!-deyir.

Uşaq müəllimin bu sözünü dərhal atasına çatdırır. Məmur bərk hirslənir. Müəllimə həddini bildirmək üçün məktəbə gedir. Müəllimi müdirin otağına çağırırlar. Məmur hiddətlə:

- Hoca əfəndi, mən paşayam. Mənə eşşək deməyə nə haqqınız var? Bu nə cəsarətdir?!, - söyləyir.

Əbdürrəhman Şərəf bəy aramla cavab verir:

- Mən sizi heç tanımıram. Belə bir şey də deməmişəm.

Paşa:

- Bəli, demisiniz. Tələbəniz olan oğluma "Adam ol, atan kimi eşşək olma" demisiniz.

Əbdürrəhman Şərəf bəy heç nə olmamış kimi davam edir:

- Həəə... Bəli. Oğlunuz dərsdə nadinc və çalışmadığı üçün onu danldım. Lakin sözlərimlə sizi təhqir etməmişəm. Əksinə, sizi nümunə göstərdim. Mən ona "Adam ol, atan kimi eşşək olma" yox, "Adam ol atan kimi, eşşək olma" demişəm.

Bunu eşidən məmur duruxub qalır. Bir söz tapa bilmir. Sonda müəllimə təşəkkür edərək məktəbdən uzaqlaşır.

Bir vergülün hikmətinə baxın!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.