Super User
Mədəniyyət və ailə: sosial davamlılığın elmi-metodik əsasları
Rəqsanə Babayeva,
"Ədəbiyyat və İncəsənət" portalının Beyləqan-İmişli təmsilçisi,
Mədəniyyət və ailə anlayışları insan cəmiyyətinin formalaşmasında və inkişafında əsas rol oynayan iki fundamental dayağı təşkil edir. Bu anlayışlar yalnız sosial institut kimi deyil, həm də fərdin şəxsiyyətinin, dünyagörüşünün və mənəvi dəyərlərinin formalaşmasının əsas mənbələri kimi çıxış edir. Ailə insanın dünyaya göz açdığı ilk mühitdir, mədəniyyət isə onun bu mühitdə qazandığı biliklərin, davranışların və dəyərlərin sistemli ifadəsidir. Bu baxımdan, mədəniyyət və ailə bir-birindən ayrılmaz, qarşılıqlı təsir və vəhdət təşkil edən anlayışlardır.
İnsan cəmiyyətində mədəniyyət anlayışı geniş və çoxşaxəli məna daşıyır. O, yalnız incəsənət və ədəbiyyatla məhdudlaşmır, eyni zamanda insanların gündəlik həyat tərzini, düşüncə sistemini, davranış normalarını və sosial münasibətlərini əhatə edir. Mədəniyyət nəsildən-nəslə ötürülən mənəvi irsdir və bu ötürülmə prosesində ailə mühüm vasitə rolunu oynayır. Uşaq ilk olaraq ailədə danışmağı, davranmağı, ünsiyyət qurmağı və sosial normalara uyğunlaşmağı öyrənir. Bu prosesdə valideynlərin rolu əvəzsizdir, çünki onlar həm müəllim, həm də nümunə funksiyasını yerinə yetirirlər.
Ailə mühitində formalaşan ilkin təsəvvürlər insanın gələcək həyatına birbaşa təsir göstərir. Uşağın eşitdiyi sözlər, gördüyü davranışlar və yaşadığı emosional təcrübələr onun şəxsiyyətinin əsasını təşkil edir. Bu baxımdan ailə yalnız bioloji deyil, həm də mədəni və mənəvi institut kimi qiymətləndirilməlidir. Ailədə formalaşan dəyərlər sistemi insanın cəmiyyətə inteqrasiyasını asanlaşdırır və onun sosial rolları mənimsəməsinə kömək edir.
Dil məsələsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dil mədəniyyətin əsas daşıyıcısıdır və ailə bu dilin öyrənildiyi ilk mühitdir. Uşağın nitqinin düzgün formalaşması üçün ailədə ədəbi dil normalarına riayət olunması vacibdir. Orfoqrafik, leksik və qrammatik qaydaların düzgün tətbiqi yalnız məktəbin deyil, həm də ailənin məsuliyyətindədir. Əgər ailədə dilə laqeyd münasibət varsa, bu, uşağın nitqində ciddi qüsurların yaranmasına səbəb ola bilər. Əksinə, zəngin və düzgün nitq mühiti uşağın intellektual inkişafını sürətləndirir və onun düşüncə qabiliyyətini genişləndirir.
Müasir dövrdə mədəniyyət və ailə münasibətlərində müəyyən dəyişikliklər müşahidə olunur. Qloballaşma prosesi müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini gücləndirmiş, lakin eyni zamanda milli dəyərlərin zəifləməsi riskini də artırmışdır. Xüsusilə gənc nəsil arasında xarici təsirlərin artması bəzi hallarda milli kimlik və mədəni özünüdərk məsələlərində problemlər yaradır. Bu şəraitdə ailənin rolu daha da aktuallaşır. Ailə milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əsas dayaq nöqtəsi kimi çıxış edir.
Texnologiyanın inkişafı da ailə və mədəniyyət münasibətlərinə təsirsiz ötüşməmişdir. Rəqəmsal mühitin genişlənməsi ünsiyyət formalarını dəyişdirmiş, ailədaxili münasibətlərə yeni çalarlar gətirmişdir. Bir tərəfdən informasiya əldə etmək imkanları genişlənmiş, digər tərəfdən isə canlı ünsiyyətin azalması kimi problemlər yaranmışdır. Ailə üzvləri arasında emosional əlaqələrin zəifləməsi mədəni dəyərlərin ötürülməsinə də mənfi təsir göstərə bilər. Buna görə də ailədə texnologiyadan düzgün və balanslı istifadə mədəni tərbiyənin mühüm tərkib hissəsinə çevrilməlidir.
Ailə institutunun dəyişməsi də müasir cəmiyyətin diqqət çəkən xüsusiyyətlərindən biridir. Ənənəvi geniş ailə modelindən nüvə ailə modelinə keçid, boşanma hallarının artması və fərdi həyat tərzinin yayılması ailənin sosial funksiyalarına təsir göstərmişdir. Bu dəyişikliklər bəzi hallarda ailənin tərbiyəvi rolunun zəifləməsinə səbəb olur. Lakin eyni zamanda yeni sosial reallıqlara uyğunlaşma imkanları da yaradır. Əsas məsələ bu dəyişikliklər fonunda ailənin əsas funksiyalarının qorunub saxlanılmasıdır.
Mədəniyyət və ailə münasibətlərinin möhkəmləndirilməsi üçün elmi-metodik yanaşmaların tətbiqi vacibdir. İlk növbədə təhsil sistemi bu prosesdə aktiv rol oynamalıdır. Məktəblərdə mədəniyyət və ailə mövzularına daha geniş yer verilməsi, şagirdlərin milli dəyərlər haqqında məlumatlandırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda valideynlərin maarifləndirilməsi də diqqətdən kənarda qalmamalıdır. Valideynlər üçün təşkil olunan seminarlar və təlimlər onların tərbiyəvi bacarıqlarının inkişafına kömək edə bilər.
Bundan əlavə, mədəni tədbirlərin təşkili ailə institutunun gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ailə üzvlərinin birlikdə iştirak etdiyi tədbirlər həm sosial əlaqələri möhkəmləndirir, həm də mədəni dəyərlərin praktiki şəkildə mənimsənilməsinə şərait yaradır. Teatr, ədəbiyyat, musiqi və digər incəsənət sahələri bu baxımdan mühüm vasitə kimi çıxış edir.
Dil siyasətinin gücləndirilməsi də mədəniyyət və ailə münasibətlərinin inkişafında mühüm rol oynayır. Milli dilin qorunması yalnız dövlətin deyil, həm də hər bir ailənin borcudur. Ailədə ana dilinə hörmətlə yanaşılması, onun düzgün və zəngin formada istifadə olunması uşaqlarda milli kimlik hissinin formalaşmasına kömək edir.
Nəticə etibarilə, mədəniyyət və ailə bir-birini tamamlayan və qarşılıqlı şəkildə formalaşdıran iki əsas sosial sütundur. Onların harmonik inkişafı cəmiyyətin ümumi rifahı və davamlılığı üçün vacib şərtdir. Müasir dövrdə baş verən dəyişikliklər bu münasibətləri yeni sınaqlarla üz-üzə qoysa da, eyni zamanda yeni imkanlar da yaradır. Əsas məsələ bu imkanlardan düzgün istifadə etmək, milli dəyərləri qorumaq və gələcək nəsillərə sağlam mədəni mühit ötürməkdir.
Bu baxımdan, ailə yalnız sosial institut deyil, həm də mədəniyyətin canlı daşıyıcısıdır. Onun qorunması və inkişaf etdirilməsi isə hər bir cəmiyyətin strateji vəzifəsi kimi qəbul olunmalıdır.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Rəhmət oxunmayan ad- Zori Balayan
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
Bu həyatda hər kəsə rəhmət düşür — ölüyə də, diriyə də. Amma bir sual var: məzlumun qanına girənə, məsum insanların fəryadını eşitməzliyə vuranlara, körpələrin göz yaşını görməzdən gələnlərə rəhmət düşürmü? Yox. Tarix bəzi adları bağışlamır. Onları nə zaman, nə də torpaq yuyub aparır.
Bu gün o rəhmətə layiq olmayanlardan biri haqqında danışmaq yerinə düşür. Əllərində minlərlə günahsız insanın qanı olan, xüsusilə də Xocalı faciəsi ilə bağlı adı nifrətlə çəkilən bu şəxs artıq həyatda deyil. İki gün əvvəl dünyasını dəyişdi. Amma ölüm bəzən insanı unutdurmur — əksinə, törətdiyi cinayətləri bir daha xatırladır.
Onun haqqında xoş xatirə danışan tapılmadı. Əksinə, minlərlə azərbaycanlının qəlbində eyni fikir dolaşdı: “Kaş ki, sağlığında ədalət qarşısına çıxarılaydı.” Çünki ədalət bəzən gecikir, amma xalqın yaddaşı gecikmir. O yaddaşda yanan kəndlər, ağlayan analar, donmuş körpələr və susdurulmuş qocalar var.
Onun ölümü ilə nə anaların göz yaşı qurudu, nə də torpağa hopmuş qan unuduldu. Çünki tarixdə elə adlar var ki, onların həyat yolu yalnız nifrət və faciə ilə xatırlanır. O, təkcə siyasi mövqeyi ilə yox, yazdıqları, söylədikləri və müdafiə etdiyi ideyalarla da Azərbaycan xalqının yaddaşında qara səhifə kimi qaldı.
Xocalı yalnız bir şəhərin adı deyil — bu, dondurucu fevral gecəsində körpələrin, qadınların, qocaların güllə səsi altında qaldığı bir yaddaşdır. O gecə insanlıq sınağa çəkildi və bu sınaqdan keçə bilməyənlər tarixdə öz yerini aldı. Balayan kimi fiqurların ən böyük “cəzalarından” biri bəlkə də budur: onların arxasınca rəhmət yox, lənət xatırlanır. İnsan ömrü sona çatır, amma əməllər yaşayır.
Tarix bizə öyrədir ki, ədalət yalnız məhkəmə zalında deyil, xalqın yaddaşında da qurulur. Bu yaddaş isə uzunömürlüdür. Bu gün onun ölümü xəbər kimi yayıldı, sabah isə o, yalnız qara xatirə kimi qalacaq. Amma Xocalının acısı qalacaq, şəhidlərin xatirəsi qalacaq, ədalət çağırışı qalacaq.
Bəzən ölüm insanı yüngülləşdirir, bəzən isə daha da ağırlaşdırır. Çünki torpaq hər şeyi qəbul etsə də, tarix hər şeyi bağışlamır. Xocalının ruhu isə unudulmur — o, hər fevralda yenidən danışır, hər yaddaşda yenidən dirilir və bir həqiqəti xatırladır:
Zaman keçir, amma zülmün izi silinmir.
Unudanlar deyil, xatırlayanlar tarix yazır.
Atəşin bol, cəhənnəmin dar olsun!
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Konservatoriyanın Muğam sinfinin ilk tələbəsi
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Mənulu öndərinimzası ilə Yevlaxdanseçilib, Bakıyagətirilən, musiqitəhsiliverilənvə konservatoriyatarixində ilkdəfə açılanmuğamsinfininilktələbəsiyəm. Onagörə bir ömürulu öndərə Heydər Əliyevə minnətdaram”.
Belə deyir populyar müğənni Gülüstan Əliyeva.
O, 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb edib, Pionerlər evində musiqi ilə məğul olmağa başlayıb, musiqi məktəbində bunu davam etdirib.
1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olub. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olub.
Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olub.
Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olub. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya gəlib. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləyib.
1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləyib. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlayıb və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışıb.
2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiya "Azərbaycan Bəstəkarların Opera Yaradıcılıqında Qadın Obrazlarının Musiqili Drammaturji Həlli"
1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb.
Gülüstan Əliyeva konsert fəaliyyəti ilə də məşğul olub. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edib. Müğənni həmçinin dövlət konsertlərində tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib.
1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib. 1994-cü ildə Fizuli İli ilə əlaqədar Beynəlxalq simpoziumda iştirak edib.
28 oktyabr Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Payız Sevgisi" solo-konserti ilə çıxış edib. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub və Gülüstan Əliyevanın 20 illik opera səhnəsində yaradıcılığına həsr olunub.
Konsert proqramı Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunub. 2010-cu 31 may ilin tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva konsert proqramı ilə çıxış edib.
Konsert proqramında milli xalq mahnılarımız və muğam əsərləri səslənib. Konsertdə müşaiət edib — Milli İnstrumental Ansambl Azrbaycanın Xalq Artisti Ağacəbrail Abbasəliyevin rəhbərliyi altında. 2018-ci ildə Türkiyənin TRT Telekanalının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş konsertində iştirak edib.
Solo konsertləri
- Opera Teatrı
- "Yar Olsaydı"
- "Salam olsun şövketize, elize"
- "Ya Rəb bəlayı eşq ilə qıl aşına məni" (Beynəlxalq Muğam Mərkəzi)
Milli Konservatoriya
- "Solo Payız Sevgisi"
Filmoqrafiya
1. Qız qalası (film, 2000)
2. Müəmmalı yubiley (film, 2007)
3. Oyunçu (film, 2008)
4. Gürzə (film, 2008)
Kliplər
- Bayatılar
- Kimsən Sən
- Unut bir anlıq
- Bəlkə də
- Cəbrayılım
- Köçüm gərək bu şəhərdən
- Yar Olsaydı
- Yar qasidi film konsert
- Təşəkkür
- Sevdiyim Adam
2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına, 2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına, 2022-ci ildə İlin Adamı mükafatına layiq görülüb.
Bu isə onun tale hekayətidir:
“Cəbrayıl ermənilər tərəfindən işğal edilənə qədər orada yaşamışdıq, 1993-cü ilə qədər. Həyat yoldaşım Zahid Əhmədov 1991-ci ildə şəhid oldu. 44 günlük Vətən müharibəsindən sonra həyat yoldaşımın məzarını tapdım və məzar daşını bərpa etdirdim.
Son dəfə həyat yoldaşımın məzarında 1993-cü ilin yanvarında olmuşdum. Mənə deyəndə ki, filan tarixdə Cəbrayıla gedəcəyik, orada hərbi hissədə konsert verəcəyik, bilmirdim sevinim, yoxsa ağlayım. Çox qarışıq hisslər keçirirdim. O xəbəri alanda həyat yoldaşım gecə yuxuma girdi. Bir daha əmin oldum ki, ruhlar heç vaxt ölmür, daim yaşayır və bizi izləyir. O bildi ki, mən məzarına gəlmişəm...
Hələ o zaman, toyumuzdan əvvəl Hacı Qaraman ocağına getmişdik. Bizim müqəddəslərimiz orada yatır. Həyat yoldaşım mənə əzizlərinin qəbirlərini göstərirdi. Biz onun nənəsinin məzarının önündə dayandıq və dedi ki, “nənəmin qəbrinin üstünü götürmək lazımdır, onun ayağı altından mənə yer edərsiniz”.
Aramızda belə bir söhbət oldu, pərt oldum və bilmədim ona nə cavab verim. Sonra düşündüm ki, zarafat edir. O da sözü yarızarafat demişdi. Amma 11 ay keçdi, biz onu orada dəfn elədik, dediyi yerdə... Cəbrayıla gedəndə iki dəfə qəbri axtarmağa cəhd elədik. Düşündük ki, qəbiristanlığı və oraya gedən yolu tapaq. Xatırlayırdım ki, həyat yoldaşım nənəsinin məzarının aşağı hissəsində dəfn olunmuşdu. Nənəsinə yaşıl mərmərdən məzar daşı düzəldilmişdi.
Ermənilər qəbiristanlıqda tanınan insanların məzarını dağıtmışdılar, qəbirlərin altını-üstünə çevirmişdilər. Həyat yoldaşımın məzarını tamamilə dağıtmışdılar ki, tanınmasın. Qəbiristanlıqda onun məzar daşından böyüyü yox idi. Əslində həyat yoldaşımı düşmənlərimiz də tanıyırdılar, bölgədə çox önəmli bir adam idi. Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləmişdi. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşdü.
Qəhrəmanlığı ilə ermənilərə qan uddururdu. Təbii ki, ona görə də məzarını dağıtmışdılar. Düşündüm ki, nənəsinin məzarı heç kimə lazım olmayan qəbirdir, yəqin diqqət çəkməz və onu dağıtmazlar. O istiqaməti götürüb, məzarı taparam. Elə də oldu. Nənənin məzarını da dağıtmışdılar, amma başdaşı yerində idi. Yoldaşımın məzar daşından yaşıl rəngdə parça qalmışdı. Bundan tanıdım.
Ziyarətdən bir neçə gün sonra məzar daşı düzəltdirib göndərdim. Düşündüm ki, müvəqqəti də olsa məzar daşı olsun. Rayona köçəndə layiqli formada düzəltdirərik. Həyat yoldaşımın məzarı başına onun yaxın dostunun oğlu ilə getdik, o da polisdir. O torpaqlardan hələ də qan iyi, şəhid iyi gəlirdi. Hərbi hissədən, Dostluq bulağından, hər yerdən onların qoxusu gəlirdi.
Cəbrayıla gedərkən həyat yoldaşımın çox yaxın dostunu gördüm, o da müharibədə yaralanmışdı. Əlil arabasında idi. Çox qəribə adam idi, bu günə qədər heç kimdən yardım istəməmişdi. Orada çinarın altında həmişə oturar və həyat yoldaşımla söhbət edərdilər, görüşərdilər. Həmin çinar da orada idi, Dostluq bulağından bir az aşağıda...
Həyat yoldaşım ixtisasca hüquqşünas idi. Tələbə vaxtı tanış olmuşduq. Onun əmisi qızı Şəhla ilə həm tələbə yoldaşıydıq, həm də kirayədə bir otaqda qalırdıq. O isə Şəhlanın qardaşı Novruzla bir otaqda kirayədə qalırdı. Novruz tez-tez bacısına baş çəkirdi, həyat yoldaşım da ona qoşulub gəlirdi. Məni o zaman gördü və tanışlığımız belə başladı.
Bir gün məni “Zabitlər bağı”na çağırdı və öz hissini bildirdi. Yaşca məndən böyük idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Biz 1987-ci ildə tanış olmuşduq. Universiteti bitirdikdən sonra Nijni-Novqorodda altı ay təhsil aldı. Kirayə qaldığım evdə telefon vardı, hərdənbir zəng vururdu, danışırdıq, məktublaşırdıq. Məktublarını hələ də saxlamışam.
Sevgi üçün sevdiyinin yanında olması şərt deyil, əsas odur, qəlbində qalır. Zahidin təyinatını Bakıya verirdilər. Başqa şəhər və rayonlara göndərilmək ehtimalı da vardı. Çünki çox savadlı insan idi. O, öz torpağını çox sevirdi və çətinliklə də olsa, təyinatını Cəbrayıla ala bildi.
Müharibə dövrü idi, rayona gedəndən od-alovun içində idi. Cəbrayıla təyinatı 1988-ci ildə almışdı. O vaxt nizami ordumuz, hərbi gücümüz yox idi. Sərhədləri polislər qoruyurdular. Yüksəkliklərdə postlar qurmuşdular, 30 nəfər gecədən səhərə qədər növbədə olurdu.
Silahları növbəti dəstəyə təhvil verib geri qayıdırdılar. Gündəlik silah təhvilini həyat yoldaşım aparırdı. Həmin günlərin birində Cəbrayılda öz avtomobilində minaya düşdü. Sürücüsü, digər polis işçiləri, sahə inspektorları da avtomobildə idi.
Həyat yoldaşım dünyasını dəyişəndə oğlumuz Rüfətin qırx günü bir həftə idi çıxmışdı. Valideyn kimi onun da arzuları vardı. Gecə saat 3-də, 4-də, bəzən səhərə yaxın evə gəlirdi. Gecə nə vaxt gəlsə oğlumuzu yuxudan oyatmalı, danışdırmalı idi. Rüfəti qoxulayıb işə gedirdi. Axırıncı gedişində məni həyətdən çağırdı. İkinci mərtəbədə yaşayırdıq. İndi də qonşularımız onu xatırlayırlar, həmişə danışırlar. Məni adımla yox, “Dilbər” deyə çağırırdı. Deyirdim ki, niyə Dilbər? Cavab verirdi ki, sən mənim Dilbərimsən. Çox həssas, musiqi duyumu dərin olan insan idi.
Məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evdə qalıb. Papağını eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə gətirdim, bir az dayandı, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu. Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi. Bu da bizim nakam sevgi hekayəmiz...
Hekayəmiz qısa olsa da bir ömrə bəs elədi, 317 gün...
İllər nəyisə dəyişir, sevgi isə qalır. Yaşa dolduqca sevgi hissi də fərqli forma alır. Kökdə qalan isə sevgidir...”
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Ölü doğulan və siqaret tüstüsünə ağlayan körpə - Pablo Pikasso
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Kubizm cərəyanının banilərindən biri Pablo Pikassonu hər ilin 8 aprelində dünyanın əksər yerində anırlar. Axı bu gün onun vəfatı günüdür.
Böyük ispan rəssamı Pikasso 25 oktyabr 1881-ci ildə dünyaya göz açıb. Pikasso rəssamlığa çox erkən yaşlarında başlayıb. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən alıb və tezliklə bu sənətə mükəmməl yiyələnib. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"u yaradıb və bunu bütün ömrü boyu özü ilə saxlayıb.
Pikasso 1894–1895-ci illərdə La-Korunyada incəsənət məktəbində təhsil alıb. 1895-ci ildə Barselona incəsənət məktəbinə daxil olub. İlk əvvəl atasının adı — Ruiz Blasko adı ilə işləyib, lakin sonradan anasının soyadını — Pikassonu seçib. 1897-ci ilin sentyabr ayında Madridə yollanan Pikasso San-Fernand akademiyasına daxil olub.
Pikasso Barselonaya 1898-ci ilin iynunda dönüb və burada "Els Quatre Gats" kafesində fəaliyyət göstərən rəssamlar cəmiyyətinə üzv yazılıb. Onun ilk rəsm sərgisi məhz bu kafedə nümayiş etdirilib. O, Barselonada yaxın dostları olan Karlos Kasagemas və Jaim Sabarteslə tanış olub.
1900-cü ildə Pikasso dostu Kasagemasla Parisə yollanıb. Pablo Pikasso məhz burada impressionistlərin yaradıcılığı ilə tanış olub. Ömrünün bu illəri müxtəlif çətinliklərlə müşayiət olunub, dostu Kasagemasın intiharı isə gənc rəssamı dərindən sarsıdır. Məhz bu şəraitdə 1902-ci ilin əvvəllərində sonralar "mavi dövr" adlandırılacaq üslubda əsərlər işləməyə başlayıb.
Pikasso bu üslubu 1903–1904-cü illərdə Barselonaya dönüşündən sonra işləyib. Bu dövrə aid əsərlərində yoxsulluq, melanxoliyanın və kədərin xarakterik obrazları olan qocalıq və ölüm kimi mövzular açıq-aydın ifadə olunub, insanların hərəkətləri də çox yavaşıyıb ("Absent həvəskarı", 1901; "Görüş", 1902, "Gənc və Dilənçi qoca", 1903).
Çünki, Pikassoya görə dərdli adam daha səmimi olub. Rəssamın palitrasında mavi çalarlar üstünlük təşkil edib. İnsan iztirablarını əks etdirən Pikasso bu dövr əsərlərində korlar, dilənçilər, əyyaşlar və fahişələri canlandırıb. Onların bir qədər uzunsov bədənləri ispan rəssamı El Qrekonun əsərlərini xatırladıb.
Məşhur "Şar üzərində qızcığaz" əsəri "mavi" və "çəhrayı" dövrlər arasındakı keçid mərhələsinə aiddir. Pikasso 1904-cü ildə Parisdə məskunlaşıb. "Çəhrayı dövr" adlandırılacaq yeni mərhələ açılıb. Bu illərdə "mavi dövrün" qəm və kədəri teatr və sirkin daha canlı obrazları ilə əvəzlənib.
Rəssam əsərlərində çəhrayı-qırmızımtıl və çəhrayı-bozumtul çalarlara üstünlük verib. Əsərlərin personajlarına gəldikdə bunlar bir qayda olaraq sərsəri komediantlar, rəqqaslar və akrobatlar olublar. Bu dövr əsərləri sərsəri komediantların romantikadan məhrum olan faciəvi tənha həyatlarını əks etdirib ("Akrobat ailəsi meymunla", 1905).
Rənglərlə eksperimentlərdən və əhval-ruhiyyənin ötürülməsindən formaların analizinə keçən Pikasso Sezanın birtərəfli interpretasiyası və Afrika heykəltaraşlığını yeni janra çevirib. 1907-ci ildə Jorj Brakla görüşən Pikasso naturalizm və incəsənətin təsviri-idrak funksiyasını inkar edən bədii cərəyan olan kubizmin əsasını qoyub.
Pikasso formaların həndəsi bloklara çevrilməsinə xüsusi diqqət ayırıb (Horta de Ebroda fabrik, 1909), həcmləri artırır və sındırıb (Fernand Olivyenin porteri, 1909), onları müstəvi və səthlərə bölərək fəza boyu uzadıb (Kanveylerin portreti, 1910). Pikassonun rəsmlərində perspektiv itib, palitra monoxromluğa meyil edib.
Kubizmin ilkin məqsədi ənənəvi üsullardan fərqli olaraq məkan və kütlənin ağırlıq hissini ifadə etmək olsa da, Pikassonun rəsmləri tez-tez anlaşılmaz müəmmalara aparıb çıxarıb. Reallıqla əlaqəyə qaytımaq üçün isə Pikasso və Brak əsərlərinə tipoqrafik şriftlər daxil edir, divar kağızı, qəzet parçaları, kibrit qutuları kimi elementlərdən istifadə ediblər
Onların əsərlərində bir qayda olaraq musiqi alətləri, tütün tənbəkisi və qutusu, notlar, araqla dolu şüşələr və bu kimi əsrin əvvəllərində bohemaların həyat tərzinə xas olan atributlar üstünlük təşkil etməyə başlayıb. Kompozisiyalarda "kubistik kriptoqrafiya" — şifrələnmiş telefon nömrələri, evlər, sevgililərin adı, küçə adları yazılmış kağız parçaları, qəlyanaltılar meydana gəlib.
Kollaj texnikası kubistik prizmaların kənarlarını daha böyük müstəvilərdə birləşdirir (Gitara və skipka, 1913) və ya çox rahat və yumoristik tərzdə tapıntını büruzə verib(Qızın portreti, 1914).
"Sintetik" dövrdə təmkinli kompozisiyalarla koloritin harmonizasiyasına cəhd edilib. Pikassonun yaradıcılığında kubistik dövr onu Jorj Brakdan ayıracaq Birinci Dünya müharibəsinin başlanmasından az sonra bitib. Lakin buna baxmayaraq Pikasso bir çox əsələrində bu üsluba yendən müraciət edib (Üç musiqiçi, 1921).
Pablo Pikassoya məxsus fikirlər:
1) Allah da başqa rəssamlar kimi rəssamdır.
2) Cavan rəssamı az adam başa düşür, yaşlı rəssamı ondan da azı.
3) Bədii cərəyanlar mağaza vitrinlərini öz silahı kimi işlədəndə qalib gəlirlər.
4) İnsanlar arasında da kopiya orijinaldan daha çoxdur.
5) Rəngkarlıq korlar üçündür. Rəssam gördüyünü yox, duyduğunu çəkir.
6) Hər bir uşaq dahi rəssamdır. Çətinlik ondadır ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın.
7) Müharibə millətlər və xalqlar arasında elə bir dəhşətli mühakimə üsuludur ki, həm mühakimə edəni, həm də mühakimə ediləni məhv edir.
8) İncəsənət bizə həqiqəti anlamağa kömək edən yalandır.
Pikasso 8 aprel 1973-cü ildə vəfat edib.
Xaçpərəstə belə demək düzgündürmü, bilmirəm. Allah rəhmət eləsin.
“Ədəbiyyat və incəsənət”
(08. 04.2026)
Oğuzda Ümumdünya Sağlamlıq Günü münasibətilə tədbir keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaranması ilə əlaqədar təsis olunan Ümumdünya Sağlamlıq Günü hər il geniş şəkildə qeyd olunur.
Bu münasibətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasında maarifləndirici tədbir keçirilib.
Tədbirdə müəssisənin direktoru Anar Əzizov, Oğuz Rayon İcra Hakimiyyəti Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektoru müdiri Ayaz Ağayev eləcə də xəstəxananın həkim və tibb işçiləri iştirak ediblər.
Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, ictimai sağlamlığın qorunması və əhalinin bu istiqamətdə maarifləndirilməsi olub.
İlk olaraq müəssisənin direktoru Anar Əzizov çıxış edərək bildirib ki, Ümumdünya Sağlamlıq Günü cəmiyyətin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. A.Əzizov qeyd edib ki, səhiyyə işçilərinin əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmət göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliğinə dəstək olmaqdır. Direktor kollektivə göstərdikləri fədakar əməyə görə təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Oğuz Rayon İcra Hakimiyyəti Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektoru müdiri Ayaz Ağayev çıxış edərək belə tədbirlərin əhalinin sağlamlıq mövzusunda maariflənməsində mühüm rol oynadığını vurğulayıb. A.Ağayev sağlam cəmiyyətin formalaşmasında səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib.
Ardınca İlkin səhiyyə xidmətinin şöbə müdiri Şəlalə Tahirova çıxış edərək sağlamlıq anlayışı, onun fiziki, psixoloji və sosial rifahın vəhdəti kimi əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sonda tibb işçisi Səmra Məhərrəmova çıxış edərək sağlam həyat tərzinin qorunmasının vacibliyindən danışıb, düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və profilaktik müayinələrin əhəmiyyətini vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
“Ayrılıq” oxudu, ikiyə bölünmüş xalqı ağlatdı
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Xalqımızın unudulmaz, dahi sənətkarı Rəşid Behbudov hələ 1985-ci ildə Almaniyada konserti zamanı Gülağa Məmmədovun təklifi ilə söz verilən 29 yaşlı Yaqub Zurufçunun "Ayrılıq" mahnısına heyranlıqla qulaq asaraq, 29 yaşlı gənc müğənnini elə səhnədəcə, tamaşaçıların gurultulu alqışları altında bağrına basıb, öpərək fəxrlə, qürurla deyib: "Daha arxayınam ki, məndən sonra davamçım var!".
Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olub.
11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa edib.
Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edib. Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət ediblər.
Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlayıb, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirib.
İran İslam İnqilabı 1979-cu ildə İranda Xalq İnqilabından 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olub. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq görülüb.
Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək olub.
Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkilən sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlib.
Başı min-bir bəlalar çəkən Azərbaycanın 200 il əvvəl (1813-cü ildə) rus və fars şovinistləri tərəfindən "Gülüstan" müqaviləsi üzrə qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən "Ayrılıq" mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirib və respublika televiziyasında yayımlanmasına nail olub.
Yaqub Zurufçunun o taylı — bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi "Ayrılıq" mahnısı qısa bir zamanda çox sevilərək, dillər əzbəri olub və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilib.
1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü və "Vətən" Cəmiyyətinin dəvəti ilə Vətən eşqli, Vətən həsrətli Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlib. Həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanaraq, kükrəyib-coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu azadlıq eşqli doğma xalqımızı tribunadan böyük sevgi və ehtiramla salamlayıb.
Sonra da izdiham qarşısında diz çöküb, "Ayrılığ"ı oxuyub, birlik, həmrəylik çağırışı kimi səslənən bu mahnını Azərbaycanın azadlıq hərəkatında bir inqilabi "Marselyoza"ya, müstəqillik yolunda sönməz bir məşələ çevirərək, hamını kövrəldib. O vaxt Yaqub bəy çox cavan bir oğlan olub, cəmi 33 yaşı olub, ancaq artıq bütün Azərbaycan onu "Ayrılıq" və digər vətən eşqli mahnıları ilə tanıyıb və sevib.
Həmişə doğma Azərbaycanda, onun yanında olmağı, xalqımızın ağır günlərində ona kömək durmağı, onun qayğıları ilə yaşamağı arzulayan Yaqub Zurufçu 1989-cu ilin dərdli-həyəcanlı günlərində təşkil edilən konsertlərindən yığılan böyük həcmdə vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan — Qərbi Azərbaycandan və Qarabağdan qovulan, didərgin salınan evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülüb — Yaqub Zurufçunun xahişi, öz təşəbbüsü ilə!..
Təsadüfi deyildi ki, həmin günlərdə Xalq hərəkatına rəhbərlik edən Əbülfəz Elçibəy fars əlifbası ilə ona təşəkkür məktubu yazıb.
Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilib.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daim uca tutan Yaqub Zurufçu 2015-ci ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə öz sanballı töhfəsini verib.
O, əbədiyaşar musiqi korifeyimizin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət maraqlı mahnı albomu hazırlayıb və respublikanın musiqi ictimaiyyətinin iştirakı ilə dahi bəstəkarın Ev-muzeyində onun təqdimatını keçirərək, klassik Azərbaycan mahnılarını böyük sənətkarlıqla, məftunluqla ifa edib.
Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı olub. Xalqımızın unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkərək, o böyük şəxsiyyətin sevdiyi mahnıları pianinoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi dahi rəhbərin çox xoşuna gəlib. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edərkən ona olan rəğbətini, sevgisini dilə gətirərək deyib:
"Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan!"
Doğma Odlar Yurdunu bütün varlığı ilə sevən Yaqub Zurufçu uzun illər xaricdə yaşadığına baxmayaraq, Azərbaycan musiqisini dünyada ən çox təbliğ edən bir sənətkar olub. Onun Almaniyada, ABŞ-də, Kanadada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü görüb.
Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə respublikada ilk professional səsyazma studiyası yaradıb. Xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğunun adını verdiyi həmin səsyazma studiyası bir-neçə il uğurla fəaliyyət göstərib, tanınan musiqi sənətkarlarının böyük tirajla mahnı albomlarının buraxılmasına nail olub.
Hələ gənclik illərindən Bakının həsrətini çəkən görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini verib.
Son 20–25 il ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə 35-ə qədər hərbi hissədə geniş konsert proqramı ilə çıxış edib. Azərbayacanı bütün varlığı ilə sevən Yaqub Zurufçu Qarabağımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən şəhidlərini daim ehtiramla yad edib.
Bakıda, Mingəçevirdə, Masallıda və digər rayonlarımızda Şəhidlər xiyabanlarına gedərək, torpaqlarımıza azadlıq bəxş edən igid oğulların müqəddəs məzarlarını ziyarət edib, şəhid ailələrinə yardım göstərib.
Ölməz qəhrəmanlarımızın ruhuna onların şərəfli adına layiq çox təsirli və kövrək duyğulu "Ağlama, anam, mənə…" mahnı-elegiyasını bəstələyib və qəlb ağrısıyla ifa edib. Bununla o, Vətənə böyük Qələbə sevincini bəxş edən oğul və qızlarımıza öz sənətkar minnətdarlığını ifadə edib, sanki onlarla qəlbən vidalaşıb.
Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olunub.
Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilən musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq son, vida konserti olub
Yaqub bəy 2021-ci ilin iyun ayında xalqımızın Bütöv Azərbaycan həsrətinə — Güney və Quzey Azərbaycanın 200 illik birləşmə arzusuna həsr etdiyi, Xalq şairi Söhrab Tahirin "Daha" şeirinin motivləri əsasında iki hissəli klipin layihəsi üzərində işləyib.
Klipin 30 il əvvəl Arazın o tayından tikanlı məftillər arxasından milyonlarla ürəkləri alovlandıran "Ayrılıq" mahnısının təkrarsız ifası ilə çəkilən ilk klipə "cavab" olaraq Arazın bu tayından, bir zamanlar hələ parçalanmayan Azərbaycanın Xudafərin körpüsü üzərindən xalqımızın azad, sərbəst el-oba gediş-gəlişinin yenidən bərpasını, Vətənin iki sahilinin birləşməsini tərənnüm edəcək maraqlı bir klip ssenarisi hazırlayıb.
Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlikdən sonra vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Sumqayıt teatrında yaradıcılıq axtarışları
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu ilə həmsöhbət olduq. Öyrəndik ki, bu mədəniyyət ocağı 2026-cı ilin ilk aylarında sənətsevərləri bir-birindən fərqli, məzmun və janr baxımından zəngin iki yeni səhnə əsəri ilə sevindirərək teatr həyatına yeni nəfəs gətirib.
Repertuarın yenilənməsi istiqamətində atılan bu addımlar həm klassik, həm də müasir dramaturgiyanın uğurlu sintezini nümayiş etdirməklə yanaşı, tamaşaçı zövqünün inkişafına da xidmət edir.
Martın 1-də təqdim olunan “Gəlinlərin savaşı” tamaşası görkəmli yazıçı Mirzəağa Atəşin “Şərəfin sandığı” pyesi əsasında hazırlanıb. Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi bu səhnə əsəri ailə münasibətlərinə yumor prizmasından yanaşaraq gündəlik həyatda tez-tez rast gəlinən sosial problemləri komediya dili ilə təqdim edir. Tamaşanın süjet xətti üç gəlinlə qayınana arasında baş verən qarşıdurma üzərində qurulub. Bu qarşıdurma yalnız məişət səviyyəsində deyil, eyni zamanda dəyərlər, nəsillərarası fərqlər və ailədaxili balansın qorunması kimi daha geniş məna daşıyan məsələləri əhatə edir. Tamaşa boyunca gülüş doğuran situasiyalar vasitəsilə ailə harmoniyasının bərpasının vacibliyi incə şəkildə tamaşaçıya çatdırılır.
Martın 10-da isə teatr Milli Teatr Günü münasibətilə növbəti premyerasını - “Sonuncu qonaq” tamaşasını təqdim edib. Tanınmış tatar dramaturqu Taufiq Minullinin əsəri əsasında hazırlanan bu səhnə işi Xalq artisti Valeh Kərimovun quruluşunda tamaşaçıların ixtiyarına verilib. Dərin fəlsəfi məzmunu ilə seçilən tamaşa həyatın mənası, zamanın keçiciliyi, sevgi, ölüm və insan iradəsi kimi əbədi mövzulara toxunur. Əsərin mərkəzində dayanan 91 yaşlı Əlməndər obrazı vasitəsilə insanın həyat yoluna, seçimlərinə və sonluq qarşısında göstərdiyi mövqeyə bədii və düşündürücü yanaşma sərgilənir. Dramatik qarşıdurmalar və incə yumor elementləri tamaşaya xüsusi rəng qataraq onun emosional təsir gücünü artırır.
Hər iki premyera bir daha sübut edir ki, Sumqayıt Dövlət Dram Teatrı yaradıcı axtarışlarını davam etdirən, müasir səhnə həllərinə açıq olan və aktual mövzuları tamaşaçıya peşəkar şəkildə çatdırmağı bacaran sənət ocağıdır. Səhnə quruluşları, aktyor oyunu və rejissor yanaşması baxımından seçilən bu tamaşalar şəhər ictimaiyyəti, teatr xadimləri və media nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Bir sözlə, teatrın yeni repertuarı həm əyləncəli, həm də düşündürücü məzmunu ilə tamaşaçıları cəlb etməyi bacarır və milli teatr ənənələrinin müasir ədəbi yaradıcılıqda uğurla davam etdirildiyini nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Onun məhkum heyvan obrazları sanki "ağrıdan" qışqırırlar
İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
O, olduqca mehriban, istiqanlı və nikbin adam idi, hər bir kəsi özünə vurğun edə bilib. Doğma şəhərində Telman Cəfərov təkcə rəssam kimi tanınmayıb. Özündən əvvəlki rəssamlara həsr olunan tarixi — analitik məqalələri ilə mütəmadi çıxış edib. Rübai və bayatı formasında şeirlər yazıb.
Bunları yerli qazetlər böyük həvəslə dərc ediblər...
Dərin savada malik bu insan Nizami və Mirzə Şəfi Vazeh poeziyasının böyük bilicisi olub. Telman Cəfərovun qrafik işlərinin böyük qismi bu dahi Azərbaycan şairlərinin yaradıcılığına həsr olunub. Telman Cəfərov üsyankar olmayıb. O, müəllimlərinə sədaqətli şagird olub....
Cəfərov Telman İsmayıl oğlu 1939-cu ildə aprelin 8-də Gəncədə anadan olub. Orta təhsilini Gəncə şəhərində başa vurub, 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil olub və 1963-cü ildə "Rəsm və rəsmxət müəllimi" ixtisası üzrə tam kursu bitirmiş və eyni zamanda SSSri rəssamlar ittifaqına üzv olub.
1964-cü ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1969-cu ildə "Pedoqogika və ibtidai təhsil metodikası" ixtisası üzrə tam kursu bitirib. Əmək fəaliyyətinə orta məktəbdə rəsm müəllimi kimi başlayıb, uşaq rəssamlıq məktəbində müəllim, direktor vəzifəsində işləyib.
Eyni zamanda Gəncə Dövlət Pedoqoji institunda "Təsviri incəsənət" fənnindən dərs deyib. 1982-ci ildən ömrünün sonuna qədər Gəncə Dövlət Rəsm Qalareyasının direktoru vəzifəsində işləyib. Telman Cəfərovun yaradıcılıq yolu 1960-cı illərin sonu 1970-ci illərin əvvəlindən başlayıb.
Lakin ənənəvi təsviri sənət sistemində o, maksimum ifadəliliyə can ataraq özünün rəngkarlıq əsərlərini "səsləndirə" bilib. Həyatda, ətrafında görmək istədiyi harmoniya və gözəllik, sevgi və mərhəmət onun sənət dünyasında yanaşı yaşayıb. Qüsursuz intuisiyaya malik gözəl kolorist və estet olan sənətkar gündəlik həyatın sadə və kobud sözlərindən qaçmayıb.
Onun çoxsaylı natürmortları və məhkum heyvan obrazları sanki "ağrıdan" qışqırıbar. Sağlığında Telman Cəfərovun xeyli sərgisi olub. Onun işlərinə çox adam tamaşa edib. Lakin stereotipləri və şablon təfəkkürün hökm sürdüyü həmin dövrdə çətin ki kimsə onun həyat və yaradıcılığındakı dramatizmi sona qədər anlaya bilib.
Ömrünün sonunadək Gəncədə, respublikanın mədəni həyatının mərkəzindən kənarda yaşayan Telman Cəfərov heç vaxt əyalət adamı olmayıb. Onun güclü, parlaq və faciəvi sənəti bu gün də öz keyfiyyətini itirməyib.
O, "aralıq" yaş qrupuna aiddir: "sərt uslubun" idealları artıq öz işini bitirib, gələcək "yetmişincilərin" yaradıcılıq proqramı isə hələ rüşeym halındadır. Sənətkar 1960-cı illərin sonunda, artıq yetkin yaşında institutu bitirib.
Bəlkə də bu amil onun yaradıcılıq manerasının formalaşmasında öz rolunu oynayıb. Yolayrıcında olan sənətkar özündə nə isə pozitiv və onun özünün nöqteyi – nəzərincə maraq kəsb edən istənilən bədii prinsiplərə açıq olub. Tamamilə fərdi şəkildə və heç bir qəbul edilən qaydalara fikir vermədən o, yalnız özünün daxili seçiminə və yaradıcılıq inersiyasına arxalanıb.
Bununda bərabər, təbii və tam rahat şəkildə keçdiyi "məktəbin" çərçivəsində qala bilib. Sıx şəkildə qurulan kompozisiyalar, dolğun rəng formaların fəal plastik düzümü, relyefli parlaq faktura — bütün bunlar eyni dərəcədə bir çox azərbaycanlı rəssamlaq üçün seçiyyəvidir. Telman Cəfərov onlardan prinsipial olaraq bir cəhətlə, fərqlənib: əsərlərinin aşkar dramatik ovqatı ilə.
Bu dərəcədə kəskin ifadə tərzi, obrazların çılpaq tragizmi indi də bizi təəcübləndirib. Onun karyerasına çoxları qibtə edə bilərdi. Telman Cəfərov on ildən artıq Uşaq İncəsənət məktəbinə, sonra isə ömrünün sonunadək Gəncə rəssamlıq qalereyasına rəhbərlik edib. Eyni zamanda, bütün bu illər ərzində H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda dərs deyib.
Rəssam 11 oktyabr 1994-cü ildə xəstəlik səbəbilə bu həyata gözlərini yumub.
Sənətkar bu gün də gündəmdədir, çünki ömrü boyu tapındığı və öz əsərlərində təsbit etdiyi dəyərlər zamanın hökmündən kənardadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Tamahın sərhədi – Paxomun qaçışı və insanın son dayanacağı
Murad Vəlixanov,
"Ədəbiyyat və incəsənət" portalının İncəsənət şöbəsi
“Kitab bələdçisi” rubrikasındayıq.
Böyük rus yazıçısı Lev Tolstoyun “İnsana çoxmu torpaq gərəkdir?” hekayəsi insan tamahını ən sadə süjet xətti ilə, lakin son dərəcə sarsıdıcı bir sonluqla təqdim edən fəlsəfi əsərlərdən biridir. Bu hekayədə hadisələr sadə kəndli Paxom ilə geniş çöllərdə yaşayan başqırd tayfası arasında baş verir və məhz bu qarşılaşma onun taleyini dəyişir.
Paxom əvvəlcə kiçik torpaq sahibi olan, zəhmətkeş, lakin narahat bir kəndlidir. O düşünür ki, daha çox torpağı olsa, həyatını rahat quracaq, heç kimdən asılı olmayacaq. Amma hər yeni torpaq sahəsi onun içindəki istəyi söndürmək əvəzinə daha da alovlandırır. O artıq sakit yaşamaq deyil, daha çox sahib olmaq ehtirası ilə yaşayır.
Bir gün Pahom eşidir ki, başqırdların yaşadığı geniş çöllərdə torpaq demək olar ki, pulsuz paylanır. O, bu xəbərin arxasınca yola düşür. Başqırd tayfasının ağsaqqalı onu mehribanlıqla qarşılayır və qəribə bir şərt irəli sürür: gün doğandan gün batana qədər piyada dolaşıb çevrə çəkdiyi bütün torpaq Paxomun olacaq. Yeganə şərt odur ki, gün batmamış başladığı yerə qayıtsın.
Bu təklif Paxom üçün sanki sonsuz imkan demək idi. Səhər günəş doğan kimi o yola çıxır. Əvvəlcə ehtiyatla addımlayır, lakin az sonra düşünür ki, bir az da irəli getsə daha çox torpaq əldə edər. Bu “bir az da” fikri onu getdikcə uzaqlara aparır. Günorta keçir, günəş qızdırır, ayaqları ağırlaşır, amma o dayanmaq istəmir. Tamahı yorğunluq hissini üstələyir.
Axşamüstü o anlayır ki, çox uzağa gedib. Geri qayıtmaq üçün qaçmağa başlayır. Başqırdlar təpənin üstündə onu izləyirlər. Günəş üfüqə yaxınlaşdıqca Pa,omun nəfəsi daralır, gözləri qaralır. Son gücü ilə təpəyə qalxır və başlanğıc nöqtəsinə çatır. Başqırd ağsaqqalı gülümsəyir, amma həmin an Pahom yerə yıxılır. Onun ürəyi bu qaçışa tab gətirmir.
Sonda nökəri onun üçün qəbir qazır. Qazılan torpaq isə başdan ayağa qədər uzanan bir insan boyu olur. Tolstoyun sualının cavabı da bu səhnədə açılır: insana lazım olan torpaq cəmi bu qədərdir.
Bu hekayə təkcə Paxomun deyil, bütün insanların həyatına bənzəyir. Biz də bəzən daha çox qazanmaq, daha geniş imkanlara sahib olmaq üçün dayanmadan qaçırıq. Lakin Tolstoyun mesajı aydındır: tamahın sonu yoxdur, amma insan ömrünün sonu var.
Sonda insanın qazandığı nə torpaq, nə sərvət olur. Onun payına düşən yalnız bir qəbirlik yerdir. Və bəlkə də bu hekayənin ən böyük dərsi budur: xoşbəxtlik torpağın çoxluğunda deyil, insanın ürəyinin rahatlığındadır.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)
Redaksiyanın poçtundan – Əsgər məktubu
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyasının poçtundakı növbəti məktubla sizləri tanış edirik. Məktub müəllifi Sadıqov Musa Mehman oğlu 27 noyabr 2001 ci ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olub. Gənc yaşlarından ədəbiyyata sevgisi olub və on beş yaşından şeir və hekayələr yazmağa başlayıb. O, ilk olaraq 2023 cü ildə "Mənim hekayəm" kitabının müəllifi olub. Daha sonra "Əbədi səmalarda" şəhid kitabı, "Qovuşmasaq da ayrılmayaq" romanı, "Mən də sevdim" şeir və esselərdən ibarət kitablarını oxucularına təqdim edib.
Musa Sadıqov tezlikdə "Kaş ayrılıq ölüm olsa" romanını oxucularına təqdim edəcək. Bu onun 5-ci kitabı olacaq. Musa Sadıqov hal- hazırda Azərbaycanın ordu sıralarında xidmət edir. Bu şeirlərini də bizə elə əsgəri xidmətdən göndərib.
"Vallah bu dünyaya bir də gələrdim"
Nüsrət Kəsəmənlinin "Bir də bu dünyaya gətirmə məni" şeirindən ilhamlanaraq...
Önümdə çiçəkli bağ görəcəmsə,
Eybi yox, keçilməz dağ görəcəmsə,
Atamı-anamı sağ görəcəmsə,
Vallah bu dünyaya bir də gələrdim.
Mənə pis çalsa da həyat zəngini,
Yenə də dözərəm versə dərdini,
Sevdiyim nigardan görsəm sevgini,
Vallah bu dünyaya bir də gələrdim.
Nuranə təbəssüm açsa üzümdə,
Günəş tək bir sevinc saçsa üzündən,
Kədər də, baş alıb qaçsa üzümdən,
Vallah bu dünyaya bir də gələrdim.
Gözəl keçirərdim bahar, yazımı,
Min şükür deyərdim, çoxa, azıma,
Xoşbəxt görəcəmsə, oğul, qızımı,
Vallah bu dünyaya bir də gələrdim.
"Əlvida"
Söylə ki, gedirəm ötürüm səni,
Arxanca su belə atmayacağam.
Getdiyin yerədək götürüm səni,
Dönüb arxanca da, baxmayacağam.
Getmək istəyirsən? Qapı açıqdır,
Bütün xatirəni yığıb gedərsən.
Mənlə qazandığın bu səadətə,
Son dəfə dayanıb, baxıb gedərsən.
Getsən vecimə deyil, qəm yemərəm mən,
Qoyduğun o, yerdə sanma qalaram.
Getmək istəyənə qal demərəm mən,
Qapını açaram, yola salaram.
Bizim eşq yolunuz bura qədərdir,
Gözündən yaş olub axıb gedəndə.
"Əlvida" deyənlər görüşmür bir də.
"Əlvida" deyərsən çıxıb gedəndə.
“Bağışla”
Dedilər ki, sevgi ölməz heç zaman,
Mən o eşqi dəfn elədim bağışla.
İndi ürəyimə necə deyim ki?
Qatilini əhv elədim, bağışla.
Dərd üstə dərd gəlir bu yazıq cana,
Bir nəfər olmadı halıma yana,
Məni tanımasan nə olar, ana,
Oğlunu da məhv elədim, bağışla.
Dilim öyrənibdir çəkdiyim aha,
Sevgi günahdırsa, batdım günaha,
Mən hər zaman yalvarıram Allaha,
Onu sevib səhv elədim, bağışla.
“Ədəbiyyat və incəsənət”
(08.04.2026)


