Konservatoriyanın Muğam sinfinin ilk tələbəsi Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mənulu öndərinimzası ilə Yevlaxdanseçilib, Bakıyagətirilən, musiqitəhsiliverilənvə konservatoriyatarixində ilkdəfə açılanmuğamsinfininilktələbəsiyəm. Onagörə bir ömürulu öndərə Heydər Əliyevə minnətdaram”.

Belə deyir populyar müğənni Gülüstan Əliyeva.

 

O, 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb edib, Pionerlər evində musiqi ilə məğul olmağa başlayıb, musiqi məktəbində bunu davam etdirib.

 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olub və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olub. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olub.

 Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olub.

Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olub. 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduqdan sonra məcburi köçkün kimi Bakiya gəlib. 1994-cü ildə Sabunçu rayonunun 170 saylı orta məktəbdə müəllim kimi işləyib.

 1994–1995 illərdə eyni zamanda Muğam Teatrında işləyib. 1995-ci ildən isə Opera müğənnisi kimi Opera və Balet Teatrında işə başlayıb və bu günə qədər Opera və Balet Teatrında yüksək dərəcəli solist kimi çalışıb.

 

2003-cü ildən Azərbaycan Milli Konservatoriyanın muğam kafedrasının müəllimi, 2015-ci ildən baş müəllimi, 2017-ci ildən kafedranın dosenti, 2022-ci ildən isə sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Dissertasiya "Azərbaycan Bəstəkarların Opera Yaradıcılıqında Qadın Obrazlarının Musiqili Drammaturji Həlli"

1995-ci ildən Akademik Opera və Balet teatrının solistidir. İlk dəfə "Leyli və Məcnun" operasında Məcnunun anası rolunu oynayıb. "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "O olmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarını yaradıb.

Gülüstan Əliyeva konsert fəaliyyəti ilə də məşğul olub. Müxtəlif televiziya kanallarında xalq və bətəkar mahnılarını, muğamları böyük ustalığla ifa edib. Müğənni həmçinin dövlət konsertlərində tədbirlərdə də müvəffəqiyyətlə çıxış edərək ona göstərilən etimadı daim doğruldur. Azərbaycan Milli musiqisini və muğam sənətini dünyanın bir sıra ölkələrində — Türkiyə, İran, Moldova, Rusiya, Avstriya, İsveç və s. ləyaqətlə təmsil edib.

1997-ci ildə Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Neft Konsorsiumu çərçivəsində keçirilən tədbirdə iştirak edib. 1994-cü ildə Fizuli İli ilə əlaqədar Beynəlxalq simpoziumda iştirak edib.

28 oktyabr Gülüstan Əliyeva Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Payız Sevgisi" solo-konserti ilə çıxış edib. Konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub və Gülüstan Əliyevanın 20 illik opera səhnəsində yaradıcılığına həsr olunub.

Konsert proqramı Xalq Çalğı Alətləri Ansamblı (bədii rəhbəri əməkdar artist Ələkbər Ələkbərov) və Estrada orkestrinin (bədii rəhbəri əməkdar artist Vüqar Camalzadə) müşayiəti ilə məşhur və yeni kompozisiyaları, xalq mahnıları, muğam və klassik əsərləri nümayiş olunub. 2010-cu 31 may ilin tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva konsert proqramı ilə çıxış edib.

Konsert proqramında milli xalq mahnılarımız və muğam əsərləri səslənib. Konsertdə müşaiət edib — Milli İnstrumental Ansambl Azrbaycanın Xalq Artisti Ağacəbrail Abbasəliyevin rəhbərliyi altında. 2018-ci ildə Türkiyənin TRT Telekanalının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş konsertində iştirak edib.

 

Solo konsertləri

- Opera Teatrı

- "Yar Olsaydı"

-  "Salam olsun şövketize, elize"

- "Ya Rəb bəlayı eşq ilə qıl aşına məni" (Beynəlxalq Muğam Mərkəzi)

 Milli Konservatoriya

- "Solo Payız Sevgisi"

 

Filmoqrafiya

1. Qız qalası (film, 2000)

2. Müəmmalı yubiley (film, 2007)

3. Oyunçu (film, 2008)

4. Gürzə (film, 2008)

 

Kliplər

- Bayatılar

- Kimsən Sən

- Unut bir anlıq

- Bəlkə də

- Cəbrayılım

- Köçüm gərək bu şəhərdən

- Yar Olsaydı

- Yar qasidi film konsert

- Təşəkkür

- Sevdiyim Adam

 

2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına, 2021-ci ildə Xarı Bülbül Best Awards mükafatına, 2022-ci ildə İlin Adamı mükafatına layiq görülüb.

Bu isə onun tale hekayətidir:

“Cəbrayıl ermənilər tərəfindən işğal edilənə qədər orada yaşamışdıq, 1993-cü ilə qədər. Həyat yoldaşım Zahid Əhmədov 1991-ci ildə şəhid oldu. 44 günlük Vətən müharibəsindən sonra həyat yoldaşımın məzarını tapdım və məzar daşını bərpa etdirdim.

Son dəfə həyat yoldaşımın məzarında 1993-cü ilin yanvarında olmuşdum. Mənə deyəndə ki, filan tarixdə Cəbrayıla gedəcəyik, orada hərbi hissədə konsert verəcəyik, bilmirdim sevinim, yoxsa ağlayım. Çox qarışıq hisslər keçirirdim. O xəbəri alanda həyat yoldaşım gecə yuxuma girdi. Bir daha əmin oldum ki, ruhlar heç vaxt ölmür, daim yaşayır və bizi izləyir. O bildi ki, mən məzarına gəlmişəm...

Hələ o zaman, toyumuzdan əvvəl Hacı Qaraman ocağına getmişdik. Bizim müqəddəslərimiz orada yatır. Həyat yoldaşım mənə əzizlərinin qəbirlərini göstərirdi. Biz onun nənəsinin məzarının önündə dayandıq və dedi ki, “nənəmin qəbrinin üstünü götürmək lazımdır, onun ayağı altından mənə yer edərsiniz”.

Aramızda belə bir söhbət oldu, pərt oldum və bilmədim ona nə cavab verim. Sonra düşündüm ki, zarafat edir. O da sözü yarızarafat demişdi. Amma 11 ay keçdi, biz onu orada dəfn elədik, dediyi yerdə... Cəbrayıla gedəndə iki dəfə qəbri axtarmağa cəhd elədik. Düşündük ki, qəbiristanlığı və oraya gedən yolu tapaq. Xatırlayırdım ki, həyat yoldaşım nənəsinin məzarının aşağı hissəsində dəfn olunmuşdu. Nənəsinə yaşıl mərmərdən məzar daşı düzəldilmişdi.

Ermənilər qəbiristanlıqda tanınan insanların məzarını dağıtmışdılar, qəbirlərin altını-üstünə çevirmişdilər. Həyat yoldaşımın məzarını tamamilə dağıtmışdılar ki, tanınmasın. Qəbiristanlıqda onun məzar daşından böyüyü yox idi. Əslində həyat yoldaşımı düşmənlərimiz də tanıyırdılar, bölgədə çox önəmli bir adam idi. Cəbrayıl rayonu Polis İdarəsində əvvəlcə əməliyyat müvəkkili, sonra bölmə rəisi işləmişdi. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşdü.

Qəhrəmanlığı ilə ermənilərə qan uddururdu. Təbii ki, ona görə də məzarını dağıtmışdılar. Düşündüm ki, nənəsinin məzarı heç kimə lazım olmayan qəbirdir, yəqin diqqət çəkməz və onu dağıtmazlar. O istiqaməti götürüb, məzarı taparam. Elə də oldu. Nənənin məzarını da dağıtmışdılar, amma başdaşı yerində idi. Yoldaşımın məzar daşından yaşıl rəngdə parça qalmışdı. Bundan tanıdım.

Ziyarətdən bir neçə gün sonra məzar daşı düzəltdirib göndərdim. Düşündüm ki, müvəqqəti də olsa məzar daşı olsun. Rayona köçəndə layiqli formada düzəltdirərik. Həyat yoldaşımın məzarı başına onun yaxın dostunun oğlu ilə getdik, o da polisdir. O torpaqlardan hələ də qan iyi, şəhid iyi gəlirdi. Hərbi hissədən, Dostluq bulağından, hər yerdən onların qoxusu gəlirdi.

Cəbrayıla gedərkən həyat yoldaşımın çox yaxın dostunu gördüm, o da müharibədə yaralanmışdı. Əlil arabasında idi. Çox qəribə adam idi, bu günə qədər heç kimdən yardım istəməmişdi. Orada çinarın altında həmişə oturar və həyat yoldaşımla söhbət edərdilər, görüşərdilər. Həmin çinar da orada idi, Dostluq bulağından bir az aşağıda...

Həyat yoldaşım ixtisasca hüquqşünas idi. Tələbə vaxtı tanış olmuşduq. Onun əmisi qızı Şəhla ilə həm tələbə yoldaşıydıq, həm də kirayədə bir otaqda qalırdıq. O isə Şəhlanın qardaşı Novruzla bir otaqda kirayədə qalırdı. Novruz tez-tez bacısına baş çəkirdi, həyat yoldaşım da ona qoşulub gəlirdi. Məni o zaman gördü və tanışlığımız belə başladı.

Bir gün məni “Zabitlər bağı”na çağırdı və öz hissini bildirdi. Yaşca məndən böyük idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırdı. Universiteti fərqlənmə diplomu ilə bitirdi. Biz 1987-ci ildə tanış olmuşduq. Universiteti bitirdikdən sonra Nijni-Novqorodda altı ay təhsil aldı. Kirayə qaldığım evdə telefon vardı, hərdənbir zəng vururdu, danışırdıq, məktublaşırdıq. Məktublarını hələ də saxlamışam.

Sevgi üçün sevdiyinin yanında olması şərt deyil, əsas odur, qəlbində qalır. Zahidin təyinatını Bakıya verirdilər. Başqa şəhər və rayonlara göndərilmək ehtimalı da vardı. Çünki çox savadlı insan idi. O, öz torpağını çox sevirdi və çətinliklə də olsa, təyinatını Cəbrayıla ala bildi.

Müharibə dövrü idi, rayona gedəndən od-alovun içində idi. Cəbrayıla təyinatı 1988-ci ildə almışdı. O vaxt nizami ordumuz, hərbi gücümüz yox idi. Sərhədləri polislər qoruyurdular. Yüksəkliklərdə postlar qurmuşdular, 30 nəfər gecədən səhərə qədər növbədə olurdu.

Silahları növbəti dəstəyə təhvil verib geri qayıdırdılar. Gündəlik silah təhvilini həyat yoldaşım aparırdı. Həmin günlərin birində Cəbrayılda öz avtomobilində minaya düşdü. Sürücüsü, digər polis işçiləri, sahə inspektorları da avtomobildə idi.

Həyat yoldaşım dünyasını dəyişəndə oğlumuz Rüfətin qırx günü bir həftə idi çıxmışdı. Valideyn kimi onun da arzuları vardı. Gecə saat 3-də, 4-də, bəzən səhərə yaxın evə gəlirdi. Gecə nə vaxt gəlsə oğlumuzu yuxudan oyatmalı, danışdırmalı idi. Rüfəti qoxulayıb işə gedirdi. Axırıncı gedişində məni həyətdən çağırdı. İkinci mərtəbədə yaşayırdıq. İndi də qonşularımız onu xatırlayırlar, həmişə danışırlar. Məni adımla yox, “Dilbər” deyə çağırırdı. Deyirdim ki, niyə Dilbər? Cavab verirdi ki, sən mənim Dilbərimsən. Çox həssas, musiqi duyumu dərin olan insan idi.

Məni çağırdı, pəncərənin qarşısına çıxdım. Dedi, papağım evdə qalıb. Papağını eyvandan verdim. Sonra dedi, uşağı gətir, görüm. Uşağı pəncərənin önünə gətirdim, bir az dayandı, düşündü və getdi. Bu, onun sonuncu gedişi oldu. Minaya düşdü, sonra xəstəxanaya gətirdilər. Üç gün sonra dünyasını dəyişdi. Bu da bizim nakam sevgi hekayəmiz...

Hekayəmiz qısa olsa da bir ömrə bəs elədi, 317 gün...

İllər nəyisə dəyişir, sevgi isə qalır. Yaşa dolduqca sevgi hissi də fərqli forma alır. Kökdə qalan isə sevgidir...”

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.