Super User

Super User

Bazar ertəsi, 06 Oktyabr 2025 14:04

Sən demə, təzədən sevmək olarmış

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Musiqimizdə Almaz Ələsgərova adı xeyli populyardır, amma onu həm də maqazin proqramlarından qayğıkeş ana obrazında görmüşük. Bugünsə müğənninin ad günüdür.

 

Azərbaycan Respublikasının əməkdar artisti Almaz Ələsgərova 1985–1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyoru" fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Karyerası boyunca oxuduğu populyar mahnılar arasında Alim Qasımov ilə duet "Səni axtara-axtara", "Qadasın alım", "Uçan quş", "Necə unudum səni", "Gözəlim", "İlk məhəbbətim", "Bu sevgi" (İlqar Muradov ilə duet), "Sevgilim" (Heydər Anatollu ilə duet), "Novruzum", "Yazığım gəlir sənə" və başqaları.

 Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktyorluq ilə də məşğuldur. 2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

 

Teatr səhnəsində ifa etdiyi rollar:

1. Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin)

2. Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev)

3. Cahan xala- "Arşın Mal Alan" (Üzeyir Hacıbəyov)

 

Albomları

- İlk Məhəbbət

- Taleyin Qisməti

 

Klipləri

1. Səni Axtara-Axtara ft. Alim Qasımov

2. Sən Demə, Təzədən Sevmək Olarmış

3. УнесенныеВетром

4. Sənsiz Də Xoşbəxtəm

5. Məleykə Salam feat. Anar Nağılbaz

6. Gecikmiş Məhəbbət

7. Bulud Yağmura Aşiq

 

Fəxri adları, mükafatlar, nailiyyətlər

- 1985-ci ildə A.Ələsgərova "Bakı payızı-85" estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb

- 1988-ci ildə "Bakı payızı-88" estrada artistləri müsabiqəsinin laureatı olub.

- 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən "Oştun azem tündörü" festivalının qalibi olub.

- 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Yaxşıların yaxşısı-2000" müstəqil musiqi mükafatı olan "İlin ən yaxşı qadın müğənnisi" adına layiq görülüb.

-  2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını alıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)


 

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

 

XƏYAL RZA

 

YOSUNLAR

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Bir qara qəpik

Bir qara daş da

İndi hər nə varsa

Göy üzündədi

Qanadlı balıq da

Qanadsız quş da

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Nə şeir, nə yazı, nə söz, nə söhbət

Bütün yetimlərə mərhaba...

Bir də...

Məhəbbət, məhəbbət, yenə məhəbbət!

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Mənim nəyim var ki,

Mənim kimim var?!

Yeyib-bitiriblər bütün dünyanı

Bircə mən qalmışam...

Və... Qarışqalar

 

Məndən bir şey qalmaz

Bu yer üzündə

Yosunlar ehsandı ayaq izimdə

Məndən heç nə qalmaz

Bu yer üzündə

Nə Allah özündə, nə göy özündə

Məndən heç nə qalmaz

Bu yer üzündə...

Yosunlar, yosunlar, yazıq yosunlar

Hər şey mənimlədir, Yerdən Göyədək

Bütün başlanğıclar və bütün sonlar

 

 

ZƏHRAM

 

Üzündə qan ləkəsi – Zəhra...

Dərdlərin ən yekəsi  - Zəhra...

Körpələr mələkdilər, Zəhra...

Sənə silah çəkdilər, Zəhra...

Mələyə qıyılarmı, Zəhra...

Göz yaşım quruyarmı, Zəhra...

Qanadların gözəldir, Zəhra...

Onlar sənə özəldir, Zəhra...

Uçub getdin göylərə, Zəhra...

Yerim fəryad eyləyər, Zəhra...

Bəndə Tanrı quludur, Zəhra...

Qulun haqqı uludur, Zəhra...

Dünya göz yaşı boyda, Zəhra...

Ömür başdaşın boyda, Zəhra...

Ürək boyda kəfəni – Zəhra...

İki yaşlı VƏTƏNİM – ZƏHRAM!

 

 

EVSİZ QAPI

 

Salam, yaşıl qapı

Salam, ağ qapı

Köhnə dəmirlərdən

Cağbacağ qapı

Hələ qırmızısı

Sarısı da var

Yarını gözləyən, yarısı da var

Sökülmüş, uçulmuş, köhnə evlərdə

Xəstə, əldən düşmüş qarısı da var...

Salam, evli qapı

Salam, dul qapı

Salam, ağa qapı

Salam, qul qapı

Atılsan kimsənin vecinə olmaz..

Satılsan, yox yerdən dolar pulqabı

Salam, həyət qapı

Salam, yol qapı

Salam, qabaq qapı

Salam, dal qapı

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

Salam, otuz doqquz

Salam, qırx qapı

Salam, söyülməkdən

Üzü tökülmüş

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli,

Ay qırıq qapı

Salam, yaxşı qapı

Salam, pis qapı

Salam, paslı qapı

Salam, his qapı

Salam, qızıl qapı,

Salam, mis qapı

Salam, qara qapı

Avara qapı

Salam, köçkün qapı...

Tər-təmiz qapı.

Salam, evsiz qapı

Ən əziz qapı!

 

 

QARA GÖZƏLƏ ELEGİYA

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin mavi göz yaşı

Şopenin ritmiylə dənizə damlar

 

Görüşüb, öpüşüb, qucaqlaşarlar

Dəniz damlaları özündən bilər

Bu qızın bu yaşda yaşadıqları

Gəlməzmi dünyanın gözündən, gələr

 

Gah günəş yandırar ümidlərini

Gah sazaq dondurar arzularını

Gözünü yumanda ölmüş körpələr

Gözünü açanda can verən qarı

 

Neçənci gündüzdür, neçənci gecə?..

Günlərin sayını salıb, itirər...

Qəribə bir dildə nəsə pıçıldar

Bir-bir barmağını sayıb, bitirər

 

Külək zəhrimar da başlayar yenə

Görünməz dünyanın azad ölkəsi

“Bəlkə aldadıblar, sağ qalan yoxdu”,

Boğular içində yetim həvəsi.

 

Keçər bu körfəzdən yekə bir gəmi

Gəmidə beş gəmi yazıq adamlar

Bir qara gözəlin... Körpə bədəni...

Bir də ki... buz kimi soyuq dalğalar...

 

 

MƏNİM DƏRDİM TƏKCƏ SƏNSƏN?

 

Sənin çəkdiyin dərd mənəm,

Çək sürü, başına dönüm.

Nə çəkim var, çətin gələm,

Tək sürü, başına dönüm!

 

Evin yolun itirmişəm,

Yolum haradı bimirəm...

Sağımda itlər ulaşır,

Solum haradı, bilmirəm.

 

Ürəyimdə "at yarışı",

Yuxum üzümə dirənib.

Varım yoxa çıxıb, vallah,

Yoxum üzümə dirənib.

 

Sınıq-sökük xatirələr,

İnan, ağladıb anamı.

Ana, sənə qurban olum,

Niyə doğdun bu adamı?!

 

Mənim dərdim təkcə sənsən?

Çəkərəm, başına dönüm!

İşimin adı nədi ki...

Bekaram, başına dönüm!

 

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2024)

 

Bazar ertəsi, 06 Oktyabr 2025 12:34

Azərbaycana böyük sevgisi olan norveçli

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu günə doğum günü təsadüg edən tanınmış norveçli səyyah Tur Xeyerdalın adı çoxumuza bəllidir, çünki bu şəxs azərbaycanımıza qarşı əsl sevgi nümayiş etdiribdir hər zaman. Bu gün onun doğum günüdür.

 

 Xeyerdal Norveçin cənubunda, kiçik Larvik şəhərciyində anadan olub. İlk ekspedisiyası 1937-1938-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olub. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçib. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir.

O, həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969-1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir. Tur Heyerdal həm də Pasxa, Qalapaqos və Kanar adalarında apardığı arxeoloji qazıntıları ilə də məşhurdur.

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlib. Qobustan arxeoloji ekspedisiyasının rəisi, arxeoloq, alim Cəfərqulu Rüstəmovun xatirələrindən: "Ayın 28-də o, Bakıya və 29-da Qobustana gəldi. O, əslində Azərbaycana Qobustandakı qayıq təsvirlərinə baxmağa gəlib. Özü də buraya gələnə kimi onun Qobustan qayıqları, onların dövrü haqda məlumatı olub

 Gəlməsində məqsəd isə Qobustan "Tiqris"lərinin qamışdan hazırlandıqlarını və onların dövrü haqdakı məlumatları yoxlamaq olub. Onun arzusu ilə gəzib baxa biləcəyimiz sahələrdəki qayıq təsvirlərini ona göstərdim və biz bu təsvirlər ilə əlaqədar fikir mübadiləsi etdik. Söhbətimiz çox coşğun keçirdi. Tərcüməçi — Heyerdalın kitablarını rus dilinə tərcümə etmiş, həm də onun dostu, Oslo Universitetində təhsil almış Lev Jdanov dediklərimizi elə tərcümə edirdi ki, elə bil tərcüməsiz danışırdıq.

T. Heyerdal qayıq təsvirlərinə baxdıqca I tip qayıqların ağacdan, ikincilərin qamışdan və qarğıdan düzəldildiyinə etiraz etmədiyini bildirdi. Bir də onu ən çox maraqlandıran günəşin qayığın burun hissəsində verilməsi oldu. Axı o, qədim Misir qayıqlarında günəş təsvirinin qayığın burnunda yox, ortasında — dor ağacında təsvir olunduğunu görüb. Özü də etiraf etdi, günəşin bu cür təsvirini birinci dəfədir, özü də Qobustanda görür. O, günəş təsvirinin günəşə sitayişlə əlaqədar olması fikri ilə razılaşdı.

Qonaqla əsas mübahisə Qobustan qayalarındakı qayıq təsvirlərinin tarixi barədə oldu. O, hələ Azərbaycana gələnə qədər Qobustan gəmilərinin e.ə. VII–VI minilliklərə aid edilməsini bilirdi və buna şübhə ilə yanaşırdı. Odur ki, o bildirdi ki, Şərq ölkələrində gəmi təsvirləri xeyli gec dövrlərə, cəmi 3500 il bundan əvvələ aid edilir. Bu, bizdən Qobustandakı gəmi təsvirlərinin qədimliyini əsaslandırmağı tələb etmək idi. Çünki o, Qobustanda qayıq təsvirlərinin tarixinin göstərdiyimiz qədər qədim olması ilə heç cür razılaşmaq istəmirdi.

Mən onunla bir saata qədər mübahisə etməli oldum. Ən əvvəl qonağa qədim qayaüstü təsvirlər, o cümlədən, qayıq təsvirlərinin yarandığı dövrdə Qobustanda olmuş əlverişli təbii-coğrafi şəraitdən söhbət açdım. Sonra qonağa Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar, onların saxlanmış olduğu mədəni təbəqələr, buradan tapılan, üzərində gəmi şəkli çəkilən daşları göstərdim və lazımi məlumatları verdim.

Bundan sonra o bildirdi ki, Qobustanda aparılan yüksəksəviyyəli arxeoloji qazıntı və tədqiqat işlərinin nəticələri Qobustan qayıqlarının qədimliyinə onda şübhə qoymur. Sonra etiraf etdi ki, Qobustanda qədim mədəniyyət və ibtidai incəsənət abidələrinin bu qədər zəngin, onun köklərinin, xüsusilə, qayıq təsvirlərinin bu qədər qədim olmasını gözləmirmiş.

1 mart - 31 may 2012-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində dünya şöhrətli Norveç alimi, səyyahı Tur Heyerdala həsr olunan "Tur Heyerdal — Kon-Tiki adamı" ("Thor Heyerdahl – The Kon-Tiki Man") sərgisi fəaliyyət göstərib. Tədbirin təşkilatçıları Norveç Krallığının paytaxtı Oslo şəhərində yerləşən Kon-Tiki Muzeyi, Norveç Krallığının Azərbaycan Respublikasındakı Səfırliyi və Milli Azərbaycan Tarixi Muzeyi idi. Sərginin sponsoru Norveçin "Statoil" şirkəti idi. Sərgidə Tur Heyerdalın həyat və fəaliyyətini əks etdirən posterlərin, ekspedisiyalar zamanı istifadə olunan avadanlıq və qısametrajlı film nümayiş olunub.

 Bundan əlavə, Norveç-Azərbaycan mədəni əlaqələrinin inkişafında mühüm rol oynayan, 2006-cı ildə Norveçin Stavanger şəhərində keçirilən "Karvansara — Azərbaycan dünən və bu gün" sərgisinin foto və video görüntülərindən ibarət təqdimat nümayiş etdirilib. Sərgidə görkəmli alimin oğlu, İdarə Heyətinin sədri, kiçik Tur Heyerdal, Kon-Tiki Muzeyinin direktoru xanım Maja Bauge, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, ölkənin elmi ictimaiyyəti iştirak edib.

18 aprel 2002-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Həmidağa Hüseynzadə 

Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 2008-2012- ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb.

Ailəli idi. Bir qız övladı yadigar qaldı.

Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Məni qarşıla, qızım.

Şəhid olub gəlirəm.

Tabutum yol üstədir,

Lap az qalıb, gəlirəm.

 

Gəlirəm, gözüm nuru,

Qələbə, zəfər ilə.

De ki, atamdır gələn,

Anana xəbər elə.

 

Xəbər elə gəlirəm,

Bütün vətən boyunca.

Heyif ki, tabutumun,

Qolları yoxdur, qızım,

Yoxsa sənə son dəfə,

Sarılardım doyunca.

 

Doyunca saçlarını,

Əllərini öpərdim,

İki damla yaş kimi,

Yanağına bitərdim.

 

Yox, ağlama, ağlama.

Ölməmişəm mən, qızım.

Sevin zəfər gününə,

Alındı vətən, qızım.

 

Bir insan ömrü nədir?

Min illərin yanında.

Vətən mənim canımda,

Mən vətənin canında.

 

Bilirəm, yaşayacam,

Xatırla sən də məni.

Yəqin, heç kəs unutmaz,

Bütün vətəndə məni.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şəhriyar Məmmədzadənin iki debüt hekayəsi təqdim olunur.

 

                           

DEBÜT

Şəhriyar MƏMMƏDZADƏ      

Yusif Səmədoğlunun əziz xatirəsinə…

             

 YUXUNUZ ŞİRİN OLSUN, DİRİLƏR...

    

Qurban addım-addım, küçə-küçə gəldiyi yolda birdən başını qaldırdı və qarşısında bir darvaza gördü. İçəri nəzər salanda gördüyü əzəmətli heykəllər, möhtəşəm qəbir daşları fikrini yayındırdı. Qurban bura niyə gəldiyini bilmirdi, amma elə bil nəsə onu içəri çəkirdi. Qəbirlərin arası ilə astaca irəlilədi. Bura insana qəbiristanlıqdan çox parkı xatırladırdı. Burda yatanlar ölü deyildi – hər daşın altında bir tarix, yaddaş, bir dövr yatırdı. Qəbirlər sadəcə bir daş, bir abidə deyil, onlar bir ömürlük hekayənin sükutla yazılmış son cümləsidir.

Qurban yavaş-yavaş bir qəbrə yaxınlaşdı. Adını oxudu: SƏMƏD VURĞUN.

Dayandı, ağlına uşaqlıqdan əzbərlədiyi “Azərbaycan” şeiri gəldi. Ona elə gəldi ki, sanki Səməd Vurğun onu dinləyir.

Qəbirlərin arasında gəzəndə özünü kitab səhifələrinin arasında dolaşan bir oxucu kimi hiss edirdi. Hər məzar bir hekayə, bir roman kimi idi. Ətrafda nə danışıq, nə səs vardı amma bu sükut insanı qorxutmurdu, əksinə, onu düşündürürdü. Qurban birdən bir daşın qarşısında dayandı. Gözləri, nə üçünsə, başqa qəbirlərə bənzəməyən bir daşa sataşdı. Başdaşında yazılmışdı:

“Yuxunuz şirin olsun, dirilər. – YUSİF SƏMƏDOĞLU”

Qurban bir neçə dəqiqə qəbrin qarşısında dayanıb baxdı. Sanki heç nə anlamadı. Sanki bu yazı bir zarafat idi, ya da sadəcə, poetik bir təsadüf. Amma içindəki səssizlikdə bu söz yavaş-yavaş yerini aldı.

Geri döndü, yoluna davam etdi. Amma ürəyində qəribə bir sıxıntı vardı – adını qoya bilmədiyi bir hiss. Sanki çoxdan itirdiyi bir şeyi qəfil xatırlamışdı, ya da kiminsə səsini illər sonra yenidən eşitmişdi. Bu cümlə beynindən çıxmırdı, amma o bunu hələ özü də anlamırdı.

Evə çatanda paltosunu soyunmadı. Divara söykəndi. Pəncərədən çöldəki həyatı izləməyə başladı: Aşağıda küçədən keçən insanlar, mağazalara girib-çıxanlar, bir-birinə əsəbi baxış atanlar, telefona ilişib qalan uşaqlar…

Hər şey ona həmin cümləni xatırladırdı.

“Biz yaşadığımızı düşünürük,” – deyə fikirləşdi, – “amma əslində, ölülər qədər səssizik, cansızıq”.

Axşam düşdü. Qurban işıqları söndürdü. İçindəki səssizlik artıq səssiz deyildi – bir cümlə ürəyinin divarlarını döyürdü. Amma o heç nə demədi, sadəcə, uzandı və yavaşca gözlərini yumdu. Günün yorğunluğundan gözlərini yuman kimi yuxuya getdi.

Həmin cümlə sanki bir pərdəyə çevrilib onun bütün fikirlərinin və düşüncələrinin qarşısını kəsdi. Əvvəl qaranlıq oldu… sonra işıq. İşıq da yox – dumanlı bir şəfəq.

Qurban özünü tanımadığı bir məkanda gördü. Bir az addımlayıb bir yolayrıcına çatdı. Sol tərəfində içində olduğumuz və həyat adlandırdığımız bir dünya vardı. Küçələr, binalar, insanlar, marketlər, siqnal səsləri, telefon ekranlarına zillənmiş gözlər… Hamı bir yerə tələsirdi. Hər kəs bir şeyin arxasınca qaçırdı – amma nə üçün qaçdıqlarını özləri də bilmirdilər. Hamı danışırdı, amma heç kim bir-birini dinləmirdi. Hamı gülürdü, amma gözlərində dərin bir yorğunluq vardı. Hamı çalışırdı – təkcə özü üçün. Sanki böyük bir yarış idi. Amma qalibi olmayan. Kimi bir vəzifə, kimi pul, kimi şöhrət üçün çalışırdı. Qurban baxdıqca görürdü ki: insanlar bir-birinin ayağından dartır, bir-birinin üzünə gülənlər arxada bir-birinə quyu qazır, dostluqlar, sadəcə, zərif maskalardan ibarətdir. Cəmiyyət, sadəcə, insanlardan yox, onların içindəki boşluqlardan ibarətdir. O boşluqlar ki – onlar nə ilə doldurulacağını bilmədən böyüyür. Bir zamanlar kitablarla, sevgi ilə, düşüncə ilə dolmalı olan o boşluqlar indi yalanlarla, haqsızlıqlarla və vaxt itkisi olan sosial şəbəkələrlə doldurulurdu. Amma cəmiyyətin təlatümünün arasında hələ də ayaq üstə qalmağı bacaran, özünü unutmayan, doğru fikirləşən insanlar var. İş burasındadır ki, kimsə onları axtarmırdı. Çünki bu çağın insanı qızıl səsi deyil, səs-küyü seçirdi. Bu dövrün insanları səsini ucadan çıxaranı “ağıllı”, rəngli paltar geyinəni “mədəni”, şayiə danışanı isə “maraq doğuran” sanırdı. Cəmiyyətin ən böyük xəstəliyi isə hər kəsin hər şeyi bildiyini sanması, amma heç kimin heç nəyi dinləməməsi idi.

Lev Tolstoy bununla bağlı çox yaxşı deyib:

“Həyatını lazımınca qura bilməməyin başlıca səbəblərindən biri, hamının “həyatını lazımınca qurmaq” istəyib, ancaq heç kimin həyatın özünü “qurmaq” istəməməsiylə bağlıdır”.

Qurban qəfil başını sağ tərəfə çevirdi. Dünən baxdığı xiyabanın darvazasından içəri başqa cür görsənirdi. Orda nə ticarət vardı, nə yarış, nə saxta gülüşlər. Hər şey sakit, aydın və başqa cür gözəl idi. İnsanlar bir-birlərinə gülümsəyirdi, amma bu gülüşlərin arxasında saxtakarlıq yox, rahatlıq vardı. Söhbətlər sakit idi – sanki könüldən-könülə ip çəkilmişdi. Kimsə kimsəyə nəsihət vermirdi, çünki hamı həqiqəti eyni dərəcədə bilirdi. Burda nə şan-şöhrət, nə rütbə vardı. Nə də onlar uğrunda mübarizə. Burda ölülər yox, sanki əsl dirilər yaşayırdı. Onlar rahat idilər. Artıq “nə üçün yaşayırıq?” sualının cavabını tapmışdılar. Onlar bilirdi ki, sevgi, sədaqət, söz və vicdan həyatın yeganə mənasıdır. Heç kimin başqasının yerində gözü yox idi. Hamı öz yerini tapmışdı.

Qurban qəfildən eşitdiyi qəhqəhəli gülüşə hövlnak yuxudan ayıldı. Əlləri tərləmişdi. Başının altında yaş yastıq vardı. Bir neçə saniyə ətrafına baxdı. Otaq sükuta qərq olmuşdu, amma o sükut artıq o biri dünyanın sükutu deyildi.

Səhərin açılmağını gözlədi. Tezdən paltosunu götürüb yola düşdü. Xiyabana çatmağa səbirsizlənirdi. İçində sanki bir az da vicdan əzabı var idi. Çatdı. Dünən gecə yuxuda gördüyü sükutun, işığın, rahatlığın, həmçinin narahatlığın izlərini axtara-axtara axırda gəlib o tanış məzar daşının qarşısında dayandı. Qəbrin üzərindəki cümləni təkrar-təkrar oxudu:

“Yuxunuz şirin olsun, dirilər…”

Sanki bu cümlə məzar daşına deyil, bir güzgüyə həkk olunmuşdu və o güzgüdə Qurban özüylə və bütün bəşəriyyətlə üz-üzə gəlmişdi. O artıq qəbiristanlıqda yatanların deyil, əslində, şəhərdə gəzənlərin, yaşayanların yuxuda olduğunu anlamışdı. Həyat elədir ki, bəzən yaşamaq üçün ölmək, görmək üçün gözləri bağlamaq, oyana bilmək üçün isə yuxuya getmək lazımdır.

Yuxunuz şirin olsun, dirilər…

Çünki hələ də oyanmamısınız.

 

 

SONUNCU DOST

                                              

         Çətini qocalıqla dost olana kimidir, çünki o hər adamla dost olmur. Əgər bir insan qocalıqla tanış olubsa, deməli, özünə dünyanın ən sadiq və sonuncu dostunu qazanıb. Bəziləri onu düşmən kimi görür, bəziləri ondan gizlənməyə çalışır. Amma Əli kişi… o, qocalıqla çoxdan barışmışdı. Hər adamla dostlaşmayan qocalıq Əli kişi ilə çoxdan doğmalaşmışdı. Hər səhər güzgüyə baxanda bir az da dərinləşən qırışlarda, gözlərinin dərinliyində solğunlaşan işıqda bu səssiz qonağın izlərini görürdü. O izlər bir ağrı, bir kədər deyildi, artıq bir yaddaşın, bir hekayənin, bir ömrün şəklinə çevrilmişdi. Əli kişi anlamışdı ki, qocalıq bir dəfə insanla əl-ələ veribsə, bir daha onu tək buraxmır. Onlar birlikdə çay içirdilər, birlikdə səhərin sükutuna oyanırdılar, birlikdə gəzirdilər. Onun üçün qocalıq – insanın zamanla qurduğu dostluqların, itirdiyi sevinclərin sonuncu xatirəsi idi. Nədənsə qocalıqda hər şey insanın gözünə bir xatirə kimi görünür.

Uşaqlıq – o, fərqliydi. Onun ardınca qaçmaq faydasızdır. Cavanlıq isə daha qəddar davranmışdı. Elə bil heç olmamışdı, sanki bir səhər oyananda güzgüdə tanımadığı bir adamın üzünü görmüşdü – artıq gənc deyildi. Əli kişi həmişə deyərdi: “Uşaqlıqla cavanlıq ən etibarsız dostlardı. Gülürsən, ağlayırsan, xəyal qurursan… sonra bir də baxırsan ki, tək qalmısan. Onlar getdi, amma bu səssiz qocalıq qaldı. O getməyə tələsmədi. Nə ağrılarımda, nə səssizliyimdə məni buraxdı”.

Əli kişi hər gün saat 5-də oyanırdı. Artıq öyrəşmişdi nə vaxt durub nə vaxt yatmağa. Hər səhər oyananda ilk işi başını yuxarı qaldırmaq olurdu. Onun çarpayısının başında – divarın sol tərəfində üç şəkil asılmışdı. Onlara baxmadan günə başlamazdı. Sanki onlar olmadan zaman da başlamırdı.

Birinci şəkil Əli kişinin 6 yaşı olanda çəkilmişdi. Həmin şəkildə gözləri gündən qıyılmış bir uşaq var idi. İkinci şəkil Əli kişi hərbi xidmətdə olan vaxt çəkilmişdi. Üçüncü şəkil isə ən ağır olanı – həyat yoldaşı ilə birlikdə çəkdirdikləri son şəkil idi. Hər baxanda gözləri dolurdu. Bəzən özü-özünə pıçıldayırdı: Uşaq Əli də getdi, gənc Əli də getdi… bir sən qalmışdın, sən də getdin, ay Səkinə…

Günlərin bir günü Əli kişi evdə olanda birdən qapı döyüldü. Qapını açanda uzun boylu, əlində bəzi avadanlıqlar olan bir oğlanı gördü. Onların söhbətindən belə məlum olur ki, oğlan jurnalistdir, kənddəki yaşlı insanlardan müsahibələr götürür. Kənddə kimsə onu Əli kişigilə göndərib. O da gəlib ki, Əli kişidən müsahibə götürsün.

Əli kişi oğlanı evə dəvət etdi. Gözəl söhbətlər etdilər. Oğlan müxtəlif suallar verir, Əli kişi də onları müdrikliklə cavablandırırdı. Evdə olanından-olmazından gətirib, yığdı stolun üstünə, ardınca da bir gözəl çay gətirdi.

Əli kişi:

– Kasıb adamın verəsi çox olmur, bala. Amma ürəyindən keçəni verəndə o, ən dəyərli olur… götür, bu çay da o ürəyimdən keçib, nuş elə, – dedi.

Oğlan çayı götürüb yavaşca içdi və dedi:

– Allah həmişə süfrəni bol eləsin, ay baba. Baba, olar bir sual verim?

– Buyur.

– Tək yaşayırsınız? Oğul-uşaq yoxdur?

– Var, bala, var. Ömür-gün yoldaşım köçəndən sonra uşaqlar da gəlməz oldu. Hamısı şəhərdə olur. Yadlarına düşəndə ayda-ildə bir dəfə zəng edirlər. Təki onların canı sağ olsun. Zəng eləsələr də, eləməsələr də, nə dəyişəcək. Beş-üç gün ömrüm qalıb, onu da başa vurub çıxıb gedəcəm.

– Allah ömür versin sizə, ay baba.

– Allah hamıya şərəfli ömür versin, ay oğul. Allah bizi qocaldıqca alçaltmasın, qocaldıqca müdrikləşdirsin.

– Amin, ay baba.

Nə isə, xoş-beş, gözəl söhbətlər davam edirdi. Birdən oğlan Əli kişiyə dedi:

– Əli baba, heç bu dünyada yaxın dostlarınız olubmu?

– Olub, niyə olmayıb? Mənim yaxın dostlarım da olub, vəfasız dostlarım da. İstəyirsən, gəl göstərim.

Əli kişi çarpayısına tərəf getdi, əli ilə divardan asılmış üç şəkli göstərdi və dedi:

– Bax… Bu birinci şəkil — mənim uşaq vaxtım. Gözlərimdə hələ dünya qədər ümid var. Arzularla doluyam. Bu, mənim ilk dostumdur. Mən danışmağı onunla öyrəndim. Əvvəlcə kəkələyə-kəkələyə, sonra sərbəst… sonra şeir kimi. Mən ilk dəfə “ana” sözünü onunla dedim. İlk dəfə bir qıza “səni sevirəm” deməyi mən bu uşaqla öyrəndim. Qorxaraq, utanaraq, ürəyim ağzımda. O hissin saflığını bir də heç vaxt hiss eləmədim.

Mən onunla yazmağı öyrənmişəm. Hərfləri çarpaz, əyri yazırdım. Əllərim titrəyə-titrəyə köhnə dəftərin üstündə iz buraxırdı. O yazıda bir həyəcan vardı… bir sevinc var idi. O, mənə bu həyatda ilk iz qoymağı öyrətdi.

Bir anlıq susur. Oğlan sakitcə dinləyir. Əli kişi sanki həmin uşaqlığa səslənirmiş kimi davam edir:

– Oxumağı da onunla öyrəndim. Hər yeni söz bir yeni dünya açırdı. Oğlum, mən bu uşaqla kəndin üçotaqlı məktəbində dünyanı öyrəndim. Pəncərədən baxa-baxa kitab oxuyardım, sanki kəlmələrin arasından həyatı seyr edirdim. Bax, məni bu adam elədi.

Başını bir az yana əyir, gözləri dolur. Səsi titrəyir:

– Bu uşaq mənə hər şeyi öyrətdi, bala… Hər şeyin ilkini, hər şeyin ən həyəcanlı yerini. Yalnız getməyi öyrətmədi. O çıxıb getdi, amma mənə demədi, necə ayrılmaq lazımdır. Gedəndə ardınca nə etməli olduğumu öyrətmədi. Çox vəfasız dost oldu.

Əli kişi sonra barmağını ikinci şəklə yönəltdi.

– Bu da cavan Əli… yəni ikinci dostum. Elə bildim, bir ömür mənimlə qalacaq. Mən ona çox güvəndim. Amma bilirsən nə oldu, bala? Yavaş-yavaş, mənə bildirmədən getdi. Nə sağollaşdı, nə bir iz qoydu… təkcə yorğun bir bədən və yavaşlayan nəfəs qoyub getdi mənə. O da getdi. O da vəfasız çıxdı.

Əli kişi asta, sanki nəfəsi kəsilə-kəsilə:

– Və bu… Üçüncü şəklim. Bu da mənim üçüncü vəfasız dostum, ömür-gün yoldaşım Səkinə. O da getdi, mən də qaldım yetim. – Bunu görürsən? (öz şəklini göstərərək) Bu… mənim indi olduğum adamdır. Qocalıq şəkilim. Bəziləri qocalıq şəklinə baxanda “ah, yaşlanmışam” deyir. Mən isə baxanda düşünürəm: “Axır ki, mənimlə qalmağa razı olan bir dost tapdım”. Qocalıq mənim ən səssiz, amma ən sədaqətli dostumdur, bala. Ağrılarımda da yanımda o var. Bəzən gecə dururam, dizim sızıldayır, ya ürəyim sıxılır… o yenə də yanımdadır. Mənimlə bir yerdə nəfəs alır. Elə adamlar var ki, qocalıq onlara qənim kəsilir, amma mən onunla dost olmağı bacardım.

Oğlan sakitcə qalxdı. Gözləri divardakı üç şəklə bir də baxdı. Uşaqlıq getmişdi. Gənclik sönmüşdü. Amma qocalıq… divarda yox, elə bu evin hər bucağında nəfəs alırdı. Onun üçün artıq bu şəkillər keçmişin deyil, həyatın mərhələləri idi.

Əli kişi oğlana baxdı. Gülümsədi. Yavaş-yavaş ona tərəf gəldi. Əlini oğlanın çiyninə qoydu.

Əli kişi:

– Yaxşı ki, gəldin, bala… Bir insanı dinləmək – ona həyat verməkdir. Sən bu gün mənə bir az da həyat verdin. Get, amma bu dediklərimi heç vaxt unutma. Ömrünün hər anını şərəfli, mənalı yaşa ki, geriyə baxanda, “o illəri mənalı yaşamadım” deyə heyifslənməyəsən.

Oğlan addım-addım qapıya doğru yönəldi. Ayaqqabılarını geyindi. Qapıdan çıxmazdan əvvəl bir də dönüb baxdı.

– Əlvida, əziz baba, yaxşı ki, səninlə görüşmək mənə qismət oldu…

Jurnalist çıxıb getdi. Əli kişi yenə ən yaxın dostu ilə baş-başa qaldı. Pəncərədən süzülən günəş işığı onun ağ saçlarına düşdü. Görünür, qocalıq onu yenə tək buraxmamışdı.

 

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatı və Əli Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə yazıçı-publisist, jurnalist Rəna Təbəssümün “Azadlıq yollarında” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Təqdimatda şəhid ailələrinin üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin nümayəndələri, müəllifin qələm dostları, doğmaları və oxucular iştirak ediblər.

Tədbirdə çıxış edənlər - AYB Sumqayıt bölməsinin rəhbəri Gülnarə Cəmaləddin, AJB Sumqayıt təşkilatının sədri Rafiq Oday, kitabın redaktoru, tanınmış şair, publisist, esseist Rəsul Rza mükafatı laureatı Rəfail Tağızadə, Mədəniyyət Nazirliyinin “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Sumqayıt Şəhər İcra Hakimiyyəti aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, I Qarabağ müharibəsi qazisi Tərlan Hacızadə, Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Qafaroğlu, şəhid ailələrinin üzvləri, eləcə də tanınmış şairlər Səidə Əşrəfqızı, Gülnarə Məhəmmədqızı, Sevinc Qərib və başqaları müəllifin yaradıcılığı barədə fikirlərini bölüşüblər. Çıxışlarda Rəna Təbəssümün ədəbi fəaliyyətində vətənpərvərlik mövzusuna xüsusi yer ayırdığı vurğulanıb.

Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Tərəqqi” medallı şair Səyyarə Şükürovanın məzmunlu çıxışı və həmin məktəbin şagirdlərinin Rəna Təbəssümün şəhidlərə həsr olunmuş şeirlərini səsləndirməsi tədbirə duyğusal və mənalı çalarlar qatıb.

Qeyd olunub ki, “Azadlıq yollarında” kitabı torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin həyat və döyüş yolundan bəhs edir. Əsər gənc nəslin vətənə sevgi və qəhrəmanlıq ruhunda tərbiyə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ədəbi cameədə Rəna Təbəssüm imzası ilə tanınan Rəna Şirin qızı İmanova 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. O, “Eşqin gücü varsa”, “Qayıt”, “Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar”, “Qaranlıq izlər”, “Mənəviyyat məbədi”, “Corat: Qloballaşan dünyanın daş yaddaşı” və digər bədii və publisistik əsərlərin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü olan Rəna Təbəssüm “Qızıl Qələm” Media mükafatına layiq görülüb. 2023-cü ildə Türkiyədə keçirilən Avrasiya Yazarlar Birliyinin hekayə müsabiqəsində “Körpənin arzuları” adlı hekayəsi ilə mükafata layiq görülüb.

Tədbirin sonunda müəllif çıxış edərək “Azadlıq yollarında” kitabı barədə ətraflı məlumat verib, əsərin gənclər üçün vətənpərvərlik nümunəsi kimi əhəmiyyətindən danışıb. O bildirib ki, bu kitab yalnız tarix deyil, həm də gələcək nəsillər üçün bir yaddaşdır, vətənin azadlığı uğrunda canından keçənlərin izlərini yaşadan bir mənəvi mirasdır.

Tədbir müğənni Arzu Məmmədovanın ifasında səsləndirilən “Azərbaycanım” mahnısı ilə başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

 

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Əziz dostum, bilirsən, sən bu sözləri oxuyanda yalnız ekrana, sətirlərə baxmırsan. Burada danışılan, həyatın özü, baxışların dəyişdiyi anlar və ruhun içində yavaş-yavaş yanan işıqlardır. Həyat bir məktəbdir və hər gün onun içində yeni dərslərlə qarşılaşırsan. Bəzi dərslər açıq olur, sanki lövhədə yazılıb, bəziləri isə sükutda, baxışlarda, gözlərin önündə görünməz bir işıq kimi sənə yol göstərir.

 

Sənə bir sirr deyim?! Hər insan müəllim ola bilər. Bəli, hər insan. Bir baxışın dərinliyi, bir sözün səmimiyyəti, bir hərəkətinin nümunəsi, bunlar həyatını dəyişə bilər. Amma hər savadlı insan dərs deyə bilməz. Dərs sadəcə biliyi çatdırmaq deyildir, dərs ruhu oyatmaq, düşüncələri genişləndirmək, baxışını dəyişmək, həyatın özünü göstərməkdir.

Bəzən sən müəllimi görməzsən, amma təsirini hiss edərsən. Onun sözləri qulağına deyil, qəlbinə çatır. Onun nümunəsi hər gündə öz əksini tapır. Onun baxışı isə sənin ruhunu işıqlandırır. Sən bunu dərhal anlamaya bilərsən, amma bir gün dönüb geriyə baxanda görəcəksən ki, bütün həyatını dəyişdirən o kiçik anlar, o kiçik dərslər olmuşdur.. Dostum, sən bilməlisən ki, müəllimlik müqəddəsdir. Müəllim yalnız dərs deyən deyil.. Müəllim ruhun işığını açan, qəlblərə toxunan, baxışları genişləndirən, həyatın mənasını göstərən bir işıqdır. Sözlər yalnız söz deyil, onlar qəlbin dərinliynə toxunur, baxışına istiqamət verir, ruhunu isladır. Hər bir dərs, hər nümunə, hər söhbət, sənə birbaşa həyatın özündəndanışır. Və sən bilməlisən ki, müəllimlər yalnız sinifdə dərs deyənlər deyil. Onlar həyatın hər anında yanındadır, səssizcə öyrədir, baxışını genişləndirir, ruhunu işıqlandırır. Sözləri ilə, nümunəsi ilə, varlığı ilə sənə yol göstərir. Sən bəlkə bunu dərhal hiss etmirsən, amma bir gün dönüb baxanda görəcəksən ki, həyatını dəyişən o kiçik anlar, o görünməz işıqlar müəllimlərin verdiyi ən böyük dərslərdir.

 İnsan ömrü qəribə bir səhnədir. Bu səhnədə hər kəs sanki rolunu axtarır, hər kəs bilmədən tamaşanın içindədir, amma ssenarini kimsə əvvəlcədən bilmir. Uşaqlıq dövründə ilk dəfə gözlərini açan körpə, heç nəyi anlamadan, amma hər şeyi hiss edərək dünyaya baxır. O baxışda təəccüb var, qorxu var, eyni zamanda gizli bir sual var. "Mən kiməm? Mən hara düşdüm?" Və bu sual insanın taleyini müəyyənləşdirən ilk qaranlıqdır. Həmin qaranlığın içində işıq yandıran bir varlıq peyda olur, müəllim. Bəzən o, sadəcə bir kəlmə ilə uşağın ruhuna toxunur, bəzən isə ömür boyu davam edən bir yol göstərir. Amma müəllimin kim olduğunu anlamaq üçün, əvvəlcə onun mahiyyətinə enmək lazımdır. Müəllim, yalnız məktəb otaqlarında lövhənin qarşısında dayanan insan deyil. Müəllim, insanın taleyində, həyat yolunun dönüş nöqtələrində qəfil üzə çıxan bir işıq daşıyandır. Bəli, işıq. Bu söz çox sadədir, amma onun yükü ağırdır. Çünki işıq həmişə qaranlığa qarşı var olur. Qaranlıq olmasa, işığın varlığı da hiss edilməzdi. İnsan ömrünün qaranlıq dəhlizlərində irəlilədikcə qarşısına çıxan müəllimlər, məhz bu işığın təcəssümüdür. Lakin paradoks ondadır ki, o işıq çox zaman öz sahibini yandıraraq başqasına yol göstərir. Şam öz-özünü əridərək başqasına işıq verdiyi kimi, müəllim də öz ömrünü əridərək başqasının ruhunu aydınladır. Müəllimlik, əslində, bir növ fədakarlıqdır. Amma bu fədakarlıq sakit, səs-küysüz bir fədakarlıqdır. Müəllim qəhrəmandır, amma qəhrəmanlığını hayqırmaz. O, döyüş meydanında qılınc qaldırmır, amma hər gün görünməz bir müharibənin içindədir, cahilliyə, tənbəlliyə, həqiqəti görmək istəməyən gözlərə qarşı mübarizə aparır. Və çox vaxt bu müharibədə tək qalır. İnsanlar müəllimi çox vaxt sadələşdirirlər, "dərs deyən adam", "məktəbdə işləyən şəxs". Halbuki, müəllimlik, insanın vicdanı qarşısında məsuliyyətdir. O məsuliyyət ki, hər gün şagirdlərin zehnində yeni bir toxum əkmək, hər toxumun da sabah hansı ağaca çevriləcəyini əvvəlcədən bilmədən, ümidlə gözləməkdir. Müəllim bilmir, onun dediyi bir cümlə sabah hansı insanın taleyini dəyişəcək. Amma o, hər gün danışır. Sanki taleyə meydan oxuyur, "Bəlkə bu sözüm kiminsə yolunu işıqlandıracaq".

Müəllimlik həm də iztirabdır. Çünki insan öz qaranlığı ilə çarpışmaqda acizdir, amma müəllim başqa insanların qaranlığı ilə də mübarizə aparır. Uşaqların qorxuları, gənclərin tənbəlliyi, cəmiyyətin laqeydliyi, bütün bunlar onun qarşısında dağ kimi dayanır. Amma müəllim geri çəkilmir. Hər səhər sinif otağına girir, lövhənin qarşısında dayanır və yenidən başlayır. Çünki o bilir, susmaq, onun varlığına xəyanət olardı. Dostoyevskinin qəhrəmanları kimi müəllim də çox vaxt görünməz, anlaşılmayan, iztirablı bir qəhrəmandır. O, öz həyatını çox zaman başqalarının yoluna sərf edir. Və çox zaman dəyərləndirilmədən yaşlanır. Amma müəllimin böyüklüyü də elə bundadır. O, təltif üçün yox, minnətdarlıq üçün yox, sadəcə həqiqət naminə danışır. Çünki, reallığı nəzərə alsaq, normal əməkhaqları yoxdur və indiki dövr, keçən əsrin sonlarına bu əsrin əvvəllərinə bənzəmir. Valideyn daha "əti sənin sümüyü mənim" demir. Həqiqətin özü isə heç vaxt asan olmur. Tarixə baxsaq, görərik ki, bütün böyük mədəniyyətlərin mərkəzində müəllim anlayışı dayanır. Qədim yunan filosofları, Sokrat, Platon, Aristotel sadəcə filosof deyildilər, həm də müəllim idilər. Onların şagirdləri əsrlər boyu düşüncənin istiqamətini dəyişdi. İslam dünyasında isə müəllim anlayışı daha da müqəddəsdir. Çünki elm öyrədən, insana haqq yolunu göstərən insan Peyğəmbərin varisi sayılır. "Alimlərin mürəkkəbi şəhidlərin qanından üstündür" deyiləndə, əslində, müəllimlik məqamı tərif olunur. Çünki müəllim, elmin daşıyıcısıdır, elmi isə Allahın nurundan bir parıltıdır. Bütün bunları düşündükcə, müəllim obrazı sadəcə sosial bir peşə olmaqdan çıxır. O, metafizik bir varlığa çevrilir. Müəllim, insanın varlığında ikinci dəfə doğulmasına səbəb olan şəxsdir. Birincidə insan dünyaya fiziki olaraq doğulur, ikincidə isə müəllimin sözü ilə ruhi doğuluş yaşayır. Bu səbəbdən müəllim, əslində, ikinci doğumun vasitəçisidir. Amma insan təbiətinin nankorluğu da buradadır. Biz çox vaxt öz müəllimlərimizi unuduruq. Uşaqlıqda hər gün üzünə baxdığımız, hər sözünü dinlədiyimiz müəllim, illər sonra yadımıza belə düşmür. Və bu unudulmuşluq müəllimin taleyini daha da faciəvi edir. Çünki onun bütün zəhməti, bütün əməyi çox zaman görünməz qalır. Müəllimlər gününü təqvimdə qeyd etmək asandır. Amma müəllimin həyatdakı yerini dərk etmək çətindir. Çünki müəllim insanın ruhuna o qədər dərindən nüfuz edir ki, çox vaxt biz onun təsirini hiss etmədən yaşayırıq. Yalnız illər sonra, bir qərar anında, bir çətinlik qarşısında müəllimin bir vaxt dediyi bir cümlə beynimizdə səslənir. Və həmin an anlayırıq. "Bəli, o mənim həyatımın gedişini dəyişərdi" deyirik..

 Müəllim, həm də körpüdür. O, bizi cahillikdən biliyə, qaranlıqdan işığa aparan körpüdür. Körpü isə hər zaman üstündən keçilən, amma özü geridə qalan bir varlıqdır. İnsan körpüdən keçir, yoluna davam edir, amma körpünün özünü çox vaxt xatırlamır. Müəllimin faciəsi də bundadır. Amma eyni zamanda, onun böyüklüyü də. Çünki körpü öz varlığını xatırlatmaq üçün deyil, yol göstərmək üçün qurulub. Bütün bunların fonunda müəllim obrazı bizə həm qəhrəman, həm də qurban kimi görünür. Qəhrəmandır, çünki işıq daşıyır. Qurbandır, çünki o işığın alovu əvvəlcə onu yandırır. Amma müəllim buna boyun əyir, çünki bilir..  İnsan yalnız müəllimin kölgəsində böyüyə bilər.

 Beləliklə, bu məqalə müəllimin mahiyyətinə bir baxışdır. Bu yazı, müəllim obrazını yalnız bir günün təntənəsinə sığışdırmaq istəmir. Çünki müəllim bayramı, təqvimin deyil, insanın vicdanının bayramıdır. Onun təsiri bir günlə məhdudlaşmaz. O, ömür boyu insanın içində gizlənən bir səs kimi yaşayır. Hər kəsin həyatında bir müəllim var ki, onun dediyi bir söz illər sonra vicdanın qaranlıq dəhlizində işıq kimi peyda olur. Müəllimlik budur, susqun qəhrəmanlıq, gizli işıq, görünməz körpü. Və bu işıq heç vaxt sönməz, çünki hər şagirdin qəlbində yenidən alışar.

Bilirsən dostum?! İnsan ömrü hər şeydən əvvəl bir məktəbdir. Biz doğulduğumuz andan etibarən öyrənməyə məhkumuq. Və hər öyrənmənin arxasında bir müəllim dayanır. Bəzən biz bunu hiss edirik, bəzən də fərqinə varmadan yaşayırıq. Amma bütün müəllimlərin içində iki varlıq var ki, onların adı heç vaxt unudulmur, heç vaxt silinmir onlar, ata və anadır. Onlar insanın ilk müəllimləridir. Bəli, məktəb başlamadan əvvəl, kitab açılmadan, lövhə qarşısında ilk dəfə təbaşir tutulmadan əvvəl insanın həyatında ən böyük dərslər baş verir, evin içində. Körpə uşaq ilk dəfə anasının üzünə baxır, onun gözlərində isti bir işıq görür. O işıq, ömrü boyu heç bir müəllimin verə bilməyəcəyi dərsdir.. Mərhəməti, sevgini hiss etməyin, insanı insan edən ən təməl duyğuların dərsi.

 Ana, insanın ilk kitabıdır. Onun hər baxışı, hər hərəkəti, hər sözü körpənin ruhuna yazılır. İnsan öz ilk sözlərini anadan öyrənir. Amma bu sadəcə dil deyil, ana insana yaşamağı öyrədir. Qucağında verdiyi sakitliklə öyrədir, gecənin yarısında körpəsinin ağlamasına qalxaraq göstərdiyi səbrlə öyrədir. Ana, öyrətməyin ən sakit, ən gizli, amma ən güclü yoludur. Onun müəllimliyi sükutun içindədir. İslamın ən dərin həqiqətlərindən biri də budur. İnsanın valideynə borcu heç vaxt ödənmir. Qurani-Kərimdə dəfələrlə "ata-anaya itaət"dən danışılır. Və hədislərdə Peyğəmbərin (s.ə.s.) "Ananın haqqı üç dəfə atanın haqqından üstündür" buyurması, əslində, bu həqiqəti təsdiqləyir. Ana övladın ilk müəllimidir, həyatının ilk dərslərini onun ruhuna yazan varlıqdır. Onun öyrətdiyi dərslər bəzən sözlə olmur, bəzən sadəcə susaraq, sadəcə baxaraq, sadəcə nəfəs alaraq insanın varlığına hopur.

Amma ata da müəllimdir. Əgər ana insanın ruhuna mərhəmət və sevgi öyrədibsə, ata ona məsuliyyət və intizam öyrədir. Atanın baxışında bir sərtlik var, amma bu sərtlik qəlbin dərinliyindəki sevgidən gəlir. O, övladını həyatda qorumaq, onu sabaha hazırlamaq üçün bəzən sükutla, bəzən qəzəblə, bəzən də sakit bir nəsihətlə öyrədir. Ata, insanın ilk intizam müəllimidir. Onun hərəkətləri ilə verdiyi dərs çox zaman sözlərdən daha güclü olur. Mənim üçün də ilk müəllimlər, atam və anamdır. Onların hər biri həyatımın ən mühüm məqamlarında mənə bir söz, bir baxış, bir hərəkət ilə dərs verdilər. Və mən indi geriyə baxanda anlayıram ki, məktəb müəllimlərinin, universitet professorlarının dedikləri dərslər bəlkə zamanla unudulur, amma atanın və ananın öyrətdikləri heç vaxt silinmir. Çünki o dərslər kitabın səhifələrində yazılmır, onlar ruhun dərinliyinə yazılır. Ana, Allahın insana mərhəmət üzündən verdiyi ən böyük nemətdir. Hər bir insan anasının qarnında doqquz ay yaşayır, onun qanı ilə qidalanır, sonra onun əllərində böyüyür. Və bu müddətdə ana öz varlığını unudur, övladının varlığına çevrilir. Onun müəllimliyi həm də fədakarlığı ilə ölçülür. Heç bir müəllim şagirdinə öz canından bu qədər pay vermir. Ananın müəllimliyi, insanı insan edən ilkin mərhələnin özüdür. Ata isə evin dirəyi, ailənin qoruyucusu olaraq insanın taleyində başqa bir müəllimlik rolu oynayır. O, övladına həyatı çətinlikləri ilə öyrədir. Bəzən atasız böyüyən insan öz taleyində böyük bir boşluq hiss edir, çünki onun həyatında məsuliyyət və intizamı öyrədən müəllim olmayıb. Atanın varlığı, uşağın ilk dəfə üzləşdiyi qanun kimidir. Onun dediyi "olmaz"lar, "gərək"lər,  sabah insanın həyat yolunu müəyyən edən qaydalar olur. İslam ənənəsində valideynə hörmətin bu qədər uca tutulmasının səbəbi də budur. Çünki valideyn, sadəcə ailənin üzvü deyil, həm də müəllimdir. Ata və ana, insanın ilk müəllimləri olaraq, həyat boyu unutmayacağı dərslər verirlər. Ona görə də ata-ananın haqqı heç vaxt ödənməz deyilir. Onlar insana sadəcə yaşamağı öyrətmirlər, insan olmağı öyrədirlər. Müəllim anlayışının mahiyyətinə baxanda görürük ki, bütün sonrakı müəllimlər, məktəbdə, universitetdə, həyatda qarşılaşdığımız hər kəs, əslində, ata və ananın qoyduğu təməl üzərində qurulur. Əgər ana uşağın ruhuna mərhəmət toxumu əkməsəydi, müəllim dediyi heç bir dərs onun qəlbində cücərməzdi. Əgər ata uşağın içində məsuliyyət və intizam hissini yaratmasaydı, müəllim öyrətdiyi heç bir qaydanı ona aşılaya bilməzdi. Ata və ana, insanın həyat kitabının ilk səhifələridir. Və bu səhifələr necə yazılırsa, bütün kitabın gedişi də ona uyğun olur. Kiminsə həyatında sevgi və mərhəmət azdırsa, bilin ki, o, bu dərsi anasından ala bilməyib. Kiminsə məsuliyyətsiz, qaydasız yaşadığını görürsünüzsə, bilin ki, onun atası ona bu dərsi verə bilməyib. Ona görə də ata-ana müəllimliyi, insanın bütün həyatını müəyyən edən başlanğıcdır.

 Amma paradoks ondadır ki, uşaqlar böyüdükcə bu müəllimliyi çox zaman unudurlar. İnsan böyüyür, məktəblər dəyişir, müəllimlər artır, amma ata-ana müəllimliyini çox vaxt sadə bir "valideynlik" kimi qəbul edirik. Halbuki, insanın ömründə ən fundamental müəllimlik elə burada baş verir. Və çox zaman biz bunu yalnız itirəndə anlayırıq. Valideynin yoxluğuz insanın ömründə qopmuş bir səhifə kimidir. Atasını itirən uşaq bir gün içində böyüyür, çünki artıq öz məsuliyyətini özü daşımalı olur. Anasını itirən isə bir ömür boyu mərhəmət və şəfqət susuzluğu çəkir. Bu acı gerçəklikdə bir dərsdir. Amma bu dərs müəllimin yoxluğu ilə öyrədilir. Mən inanıram ki, ata və ana müəllimliyini dərk etməyən insan, heç vaxt məktəb müəllimlərinin də dəyərini anlaya bilməz. Çünki insan öyrənməyi elə valideynindən öyrənir. Valideyn insana öyrənməyin ilk zövqünü verir. Əgər ana uşağına "oxu" sözünü sevgi ilə öyrədibsə, o uşaq ömrü boyu kitabdan qorxmaz. Əgər ata uşağına "məsuliyyət" hissini sevgi ilə öyrədibsə, o insan ömrü boyu qaydalardan qaçmaz. Ata və ana, insanın ömründəki ilk müəllimlərdir. Onların dərsləri kitablarla yazılmır, amma ömürlə yazılır. Onların müəllimliyi çox vaxt sözlə deyil, hərəkətlə olur. Amma bu hərəkətlər insanın bütün taleyini müəyyən edir. Və insan böyüyüb kim olursa olsun, içində həmişə ata və ana müəllimliyinin izi yaşayır.

 İnsanın həyatında bəzi adamlar da var ki, onlar nə gündəlik təqvimə yazılır, nə də rəsmi sənədlərdə adları çəkilir. Amma yaddaşın və qəlbin gizli küncündə onların izi həkk olunur. Həmin adamlar insana mütləq dərs verirlər, amma o dərs nə sinif otağında yazı lövhəsində yazılır, nə də imtahan sualında soruşulur. O dərs həyatın öz dilində, insanın ruhuna toxunan kəlmələrlə öyrədilir. Mənim üçün belə insanlardan biri Abgül müəllimdir. O mənə birbaşa müəllimlik etməyib. Mənim qarşısına oturub gündəlik dərs dinlədiyim, imtahan verdiyim müəllim olmayıb. Amma bəzən insanı ən çox dəyişdirən də elə bu cür adamlar olur,  rəsmi müəllimik deyillər, amma həyatın öz dərsliyini sənin üçün açırlar. Abgül müəllim mənim üçün məhz belə bir obrazdır. O, sanki tarixlə dinin qovşağında dayanmış bir bələdçidir. Onun söhbətlərində insan özünü həm qədim zamanların qoynunda, həm də əbədi həqiqətlərin qarşısında hiss edir. Abgül müəllim danışanda bir qəribəlik olur nəsə.. O, tarixi hadisələri sadəcə fakt kimi danışmazdı. Bir şəxsiyyətin həyatını çəkib göstərəndə sanki onun gözləri ilə baxırdın. O, tarixin arxasındakı mənanı açırdı. Misal üçün, bir döyüşdən danışanda, sadəcə kim qalib gəldi, kim məğlub oldu demirdi. O, insanın niyyətini, Allah qarşısındakı mövqeyini göstərirdi. Sanki hər hadisənin altında bir imtahan vardı, insanın imanı, iradəsi, vicdanı sınanırdı. Onun İslamdan danışığı isə ayrıca bir aləm idi. Abgül müəllim Qurandan ayə gətirəndə, Peyğəmbərin (s.ə.s.) hədisini söyləyəndə sanki söz öz yerini tapırdı. Çünki o, həmin kəlmələri kitabdan oxuyub sadəcə çatdırmırdı, yaşayaraq danışırdı. Hər sözü həyatla yoğrulmuşdu. Mən onun yanında hiss edirdim ki, İslam sadəcə namaz və oruc qaydaları deyil, İslam, həyatın mənasının açarıdır. Və bu açarı sənə müəllimlər yox, bəzən elə belə, həyatın ortasında rastlaşdığın insanlar verir. Abgül müəllim mənim üçün sadəcə öyrədən deyil, həm də əzizimdir. Çünki hər insanın içində bir gizli ehtiyac olur. Kiminsə sözündə özünü tapmaq, kiminsə baxışında öz yolunu görmək. Mən bunu onun yanında hiss etmişəm. Bəlkə də heç özü də fərqinə varmadan, sadəcə bir söhbət, bir fikir mənim ruhumda dərin iz buraxıb. Bu, adi bir müəllimin işi deyil, bu, insanın insanla olan qismətidir. Onun yanında çox düşündüyüm bir həqiqət var. Bəzən insanın müəllimi onun dərsini keçmədiyi adam olur. Çünki sənin rəsmi müəllimin sənə məlumat verir, amma qeyri-rəsmi müəllimin sənə yön verir. Abgül müəllim mənim yoluma işıq tutanlardan oldu. Onun yanında olan bir başqa insan isə Musa müəllimdir. Mən Musa müəllimi yaxından tanımıram. Onun dərsini dinləməmişəm, onun səsini çox eşitməmişəm. Amma bir şeyi bilirəm. Dost dostun güzgüsüdür. Əgər Abgül müəllim mənim üçün bu qədər əziz və dəyərli idisə, onun dostu Musa müəllim də mənim üçün hörmətə layiqdir. Musa müəllim sanki səssiz bir güc idi. Mən onu az gördüm, az tanıdım, amma hər dəfə Abgül müəllimlə birgə görəndə anladım ki, onların dostluğu təsadüfi deyil. İnsanın kimliyi bir az da dostunun simasında görünərmiş. Əgər Abgül müəllim sözün və düşüncənin adamı idisə, Musa müəllim o sözləri sükutla tamamlayan bir güzgü kimidir sənki. Mən bəzən düşünürəm ki, müəllimlik sadəcə bilik ötürmək deyil, həm də münasibətlər öyrətməkdir. Abgül müəllim tarixdən, İslamdan danışırdı, Musa müəllim isə onun yanında dayanaraq bir başqa dərs verirdi. Şagirdlərinə dilimizin mexanikasını, ədəbiyyatımızın dərinliyini, mənə isə Abgül müəllimin timsalındq dostluq dərsini. Onların yaxınlığı mənə göstərdi ki, insan təkbaşına nə qədər güclü olsa da, dostsuz yol gedə bilmir. Dost, insanın ruhunun güzgüsüdür. Musa müəllim barədə çox danışa bilmirəm, çünki çox tanımıram. Amma bəzən az bilmək kifayətdir. Onun Abgül müəllimlə olan dostluğu, onun yanında olması artıq hər şeyi danışır. Mənim üçün Musa müəllim, sanki Abgül müəllimin başqa tərəfini göstərən bir günəşdir. Əgər Abgül müəllim tarixin dərinliyindən gələn işıq idisə, Musa müəllim o işığın əksini göstərən ədəbi bir güzgü idi. İndi geriyə baxanda görürəm ki, Abgül və Musa müəllimlərin həyatımda yeri rəsmi müəllimlərdən fərqli olub. Onlar mənim qarşıma lövhə ilə yox, həyatın öz dili ilə çıxıblar. Və bu, daha təsirli olub. Çünki həyatın dərsi heç vaxt unudulmur. Mən Abgül müəllimi həmişə əzizim kimi xatırlayacağam. Onun sözləri mənim içimdə sönməyən bir çıraq kimi yanır. Musa müəllimi isə dostluğun sükutunda yadda saxlayacağam. Onların hər ikisi mənim həyat kitabımın görünməyən səhifələrindədir. Və bəlkə də mənim üçün müəllimlik anlayışının ən saf nümunəsi də elə buradadır. Müəllim, sənə rəsmi dərs deyən deyil, ruhuna toxunan, yoluna işıq tutandır.

Bir də, dostum, hər birimizin həyatı yalnız yaxın və əziz müəllimlərlə tamamlanmır. Universitet illəri gəlir və burada bizə yalnız texniki bilik deyil, həm də dünyagörüşü, baxış bucağı və həyat dərsləri verən müəllimlər var. Gəl indi onların yanına gedək və onların verdiyi işığı hiss edək

İnsanın həyatında universitet illəri xüsusi bir mərhələdir. Orada insan yalnız bilik öyrənmir. İnsan özü ilə, dünyayla, baxışları ilə üzləşir. Hər dərs otağı bir sınaq, hər müəllim isə sənin ruhuna işıq tutan bir çıraqdır. Mənim üçün bu çıraqlardan bir neçəsi xüsusi parlaqdır.. Onlar sadəcə bilik verən deyil, həm də insanın dünyagörüşünü, baxışını, duyğularını dəyişdirən bələdçilər oldular.

Gəl Allahverdi müəllimlə başlayaq. O, sadəcə "Avtomobil yolları" fənnini öyrətmirdi. O, həyatın özünü öyrədirdi. Onun ən böyük dərsi insanın baxış tərzini dəyişmək idi. Allahverdi müəllim deyirdi ki, hər şey insanlara görə fərqli görünür, hər hadisə, hər görüntü fərqli gözlərlə fərqli anlam daşıyır. Onun bir misalını heç vaxt unutmaram. Dayanacaqda dayanan gənc bir cütlüyü görən qoca cütlük öz keçmişini xatırlayır, xatirələrin istisi ilə titrəyir, təravətli keçmişlərinə baxırlar sanki. Avtobus sürücüsü isə onları yalnız iki gediş haqqı kimi görür. Eyni mənzərə, amma fərqli baxışlar. Allahverdi müəllim bizə öyrətdi ki, həyat sadəcə bir fakt deyil. Həyat, baxışın, düşüncənin və duyğuların məhsuludur. Onun sözləri mənim demək olar dünyagörüşümü dəyişdi.  İnsanı sadəcə obyekt kimi deyil, hər anı fərqli anlamlar daşıyan bir varlıq kimi görməyə başladım.

Hələ Ziyafət müəllimdən deyim sənə.. Texnikanın sirrlərini açarkən bizi yaradılışın möcüzələri ilə tanış etdi. O, bizə deyirdi ki, bütün ixtiralar canlılara baxaraq yaradılıb, amma ən möhtəşəmi Allahın yaratdıqlarıdır. Məsələn, mühərrik, insan bədəni kimi işləyir, karbürator qidanı, porşen və silindirlər həzm prosesini təqlid edir, sürətlər qutusu isə insanın qidasının enerji sisteminə bənzəyir. Ziyafət müəllimin dərsi sadəcə texnologiyanı öyrətmək deyildi. O, bizə öyrədirdi ki, hər bir yaradılışın arxasında bir məqsəd, bir məna var və insan yalnız bunları dərk edəndə əsl ixtiraçı ola bilər. Onun hər izahı mənim düşüncələrimi genişləndirirdi, hər müqayisəsi, yaradılışın heyrətamiz harmoniyasını göstərirdi.

Bir də gənc Nofəl müəllimiz vardı. Mənə ekoloji şüuru aşıladı. "Yaşıl enerji" dərslərində o, sadəcə texnologiya öyrətmirdi. Təbiəti sevməyi, qorumağı, insana qarşı səmimiyyətlə yanaşmağı öyrədirdi. Nofəl müəllim deyirdi ki, insan təbiətin bir hissəsidir və onu incitmək, özü ilə, ruhu ilə ziddiyyətə girmək deməkdir. Onun dərsləri yalnız fakt və formulalarla bitmirdi. Hər dərs bir həyat dərsi idi. Mən onun yanında öyrəndim ki, hər ağac, hər çiçək, hər canlı insana Allahın bir hədiyyəsidir və onları qorumaq, əsl mənəviyyatın təcəssümüdür.

Qoşqar müəllim isə özünü ixtisasın çərçivəsində məhdudlaşdırmırdı. "Maşın hissələri və konstruksiya etmənin əsasları" dərslərindən sonra o, istirahət vaxtını bizə ayırır, ixtisasdan kənar, həyati suallar verirdi. Bəzən bu suallar sərt görünürdü amma hər biri həyatın öz dərsi idi. Qoşqar müəllim deyirdi, "Mühəndis yalnız maşını bilməklə kifayətlənməməlidir. O, həyatı, insanı, məsuliyyəti bilməlidir." Onun bu yanaşması bizə göstərdi ki, bilik yalnız texnika ilə bitmir. Bilik həm də insanı, cəmiyyəti, dünyanı anlamaq deməkdir. Bu dörd müəllimin hər biri mənim üçün fərqli bir işıq idi. Allahverdi müəllim dünyaya baxışımı genişləndirdi, Ziyafət müəllim yaradılışın möcüzəsini göstərdi, Nofəl müəllim ekoloji şüuru və səmimiyyəti aşıladı, Qoşqar müəllim isə həyatı və insanı anlamağı öyrətdi. Hər bir dərs yalnız fənn öyrətmirdi; hər bir dərs mənim ruhuma toxunurdu, düşüncəmi dəyişdirirdi, baxışımı formalaşdırırdı. Mən indi geriyə baxanda görürəm ki, universitet illəri yalnız kağız üzərində keçmiş imtahanlardan ibarət deyildi. Onlar mənim ruhumun, dünyagörüşümün, baxış tərzimin formalaşdığı illər idi. Bu müəllimlərin hər biri sadəcə bilik verən yox, həm də həyatın özünü öyrədən bələdçi idi. Onlardan öyrəndiklərim və öyrənəcəklərim sadəcə texnika, mühəndislik və ekoloji bilik deyil. Onlar mənə insan olmağı, dünyaya, həyata və başqalarına baxmağı öyrətdilər.

Və hər dəfə həmin müəllimləri görəndə hiss edirəm ki, bilikdən daha böyük bir hədiyyə var. Müəllimin ruhu. Onlar yalnız kitabdan öyrətmirdilər. Onlar bizə baxış tərzini, düşüncəni, həyatı öyrədirdilər. Mənim üçün universitet müəllimləri, yalnız audiotoriyada deyil, ruhumun dərslərində də iz buraxan insanlar oldular. Onların hər biri mənim ömrümün dərin və daimi işıqlarıdır.

  Müəllim, sadəcə lövhədə yazı yazan, dərs planını izah edən şəxs deyil. Müəllim, ruhun yolunu işıqlandıran, baxışları dəyişdirən, insanı öz iç dünyasına və xarici aləmə baxmağa vadar edən müqəddəs bir varlıqdır. Hər insan müəllim ola bilər. Həyatın hər anında bir söz, bir davranış, bir nümunə ilə başqasına dərs vermək mümkündür. Amma hər savadlı insan müəllim ola bilməz. Çünki dərs vermək yalnız biliyi çatdırmaq deyil. Dərs vermək, insanın ruhuna toxunmaq, onun düşüncəsini, baxışını, hisslərini zənginləşdirməkdir.

 Ata və ana, bizə həyatı öyrədən ilk müəllimlərdir. Onların qayğısı və sevgisi sadəcə uşaqlığımıza istiqamət vermir. Onlar ruhumuzun, vicdanımızın təməlini qoyurlar. Abgül müəllim və Musa müəllim, həyatın öz dərsini verən bələdçilərdir. Onlar mənə göstərdilər ki, müəllimlik yalnız auditoriyada deyil, insanın həyatında, onun düşüncəsində də davam edir. Universitet müəllimlərim isə mənim baxışımı, dünyagörüşümü, yaradıcı və etik düşüncələrimi formalaşdırdılar. Onlar öyrətdilər ki, bilik sadəcə faktlar və formullardan ibarət deyil. Bilik düşüncədir, məsuliyyətdir, həyatın özünü dərk etməkdir. Müəllimlik müqəddəsdir, çünki müəllim insan ruhunu toxunur, gələcəyi formalaşdırır, ümid və işıq verir. Bir müəllim bir anlıq sözü ilə, bir nümunəsi ilə, bir baxışı ilə insanın həyatını dəyişə bilər. Hər bir dərs, hər bir təlim sadəcə keçici məlumat deyil. O, insanın iç dünyasında sarsılmaz bir iz buraxır.

Buna görə də hər 5 Oktyabrda, Müəllimlər Günündə, biz yalnız rəsmi müəllimləri deyil, həyatımızda iz qoyan hər bir bələdçini, hər bir işıq saçanı xatırlamalıyıq. Çünki müəllimlik, sadəcə peşə deyil. Bu, insanın ruhunu böyütmək, ona doğru yolu göstərmək, həyatın mənasını dərk etdirməkdir. Müəllimlər olmasa, dünya yalnız bilik yığınından ibarət olar amma insanlıq, vicdan, baxış və ruh qaranlıqda qalardı. Müəllim, insanın qaranlığında yanan işıq, yolunu aydınladan bələdçidir. Onlar sayəsində biz təkcə öyrənmirik, biz düşünürük, hiss edirik, həyatımızı dərk edirik. Hər insan müəllim ola bilər, amma hər savadlı insan dərs deyə bilməz. Dərs vermək, ruhun işığını paylaşmaq, baxışını dəyişmək, qəlbinə toxunmaqdır. Buna görə müəllim müqəddəsdir. Ona qarşı hörmət, minnətdarlıq və sevgi heç vaxt kifayət etməz. Və mən şükür edirəm ki, həyatım bu müqəddəs işıqlarla doludur.  Atam və anam, Abgül və Musa müəllim, universitet müəllimlərim. Eləcə də hamınızın tanıdığı Varis müəllim.. Onlar mənim həyatımın işığıdır. Həyatın ən qiymətli dərslərindən biri budur ki, müəllimlik yalnız bilik vermək deyil, insan ruhuna toxunmaqdır. Hər insan müəllim ola bilər. Bir söz, bir nümunə, bir davranışla başqasının həyatına istiqamət vermək mümkündür. Amma hər savadlı adam dərs deyə bilməz. Dərs vermək yalnız faktları çatdırmaq deyil. Dərs vermək ruhu öyrətməkdir, baxışları genişləndirməkdir, həyatın mənasını göstərməkdir. Bu baxımdan müəllim müqəddəsdir.  Onlar mənim üçün yalnız bilik mənbəyi deyil, həm də ruhun yolunu işıqlandıran bələdçilərdir. Onların sözləri, davranışları, baxışları həyatımın hər dönəmində mənə yol göstərib. Onların verdiyi dərs yalnız texnika, tarix və ya bilik deyildi. Onlar, insanlığı, məsuliyyəti, düşüncəni və dünyaya olan münasibəti öyrədən dərslərdir.

Bu məqalə vasitəsilə mən bir daha adını çəkdiyim, çəkmədim bütün müəllimlərimi eləcə sə Varis bəy Yolçuyev və bütün redaksiyanı təbrik edirəm. Siz yalnız məlumat vermirsiniz; siz oxucuların ruhuna toxunursunuz, onların baxışlarını genişləndirirsiniz, düşüncələrini zənginləşdirirsiniz. Sizin hər birinizin işi bir müəllim kimi müqəddəsdir, çünki siz insanlara yol göstərirsiniz, onları düşündürürsünüz, gələcək üçün zəmin hazırlayırsınız. Sizin zəhmətiniz, səmimiyyətiniz və bələdçiliyiniz hər bir oxucunun ruhunda iz buraxır.

Müəllimlər! Sizin hər biriniz bir işıqsınız. Bu işıq sadəcə bilik vermir, o, insanın qaranlığında yol göstərir, ruhunu işıqlanrır, düşüncəsini genişləndirir. Müəllimlərin verdiyi dərs yalnız kitabdan öyrənilən faktlar deyil, dərs  elə məhz həyatın özüdür. Hər birinizin sözündə, hər baxışında, hər nümunəsində həyat dərsi var. Hər biriniz mənim üçün müqəddəssiniz. Bu müqəddəsliyi biz hər gün hiss etməliyik. Hər öyrənən insan bilməlidir ki, müəllimlərin təsiri yalnız sinifdə bitmir. O, insanın iç dünyasında, düşüncəsində və baxışında davam edir. Müəllimlərin sözləri və nümunələri ruhumuzun torpağında dərin kök salır. Onlar bizə göstərirlər ki, həyat yalnız bilik yığınından ibarət deyil. Həyat həm də dəyərlər, məsuliyyət, sevgi və insanlıqdır. Mən şükür edirəm ki, həyatım bu müqəddəs işıqlarla doludur. Onlar , o müəllimlər ki, mənim yolumu işıqlandırdılar, düşüncəmi böyütdülər, baxışımı genişləndirdilər. Onlar mənim üçün yalnız müəllim deyil, həm də dost, həm də bələdçi və həm də ruhun işığıdır.

Bir gün üstündən ötsə belə, 5 Oktyabr Müəllimlər Günü münasibətilə mən bütün müəllimləri - rəsmi və qeyri-rəsmi, yaxın və uzaq - ürəkdən təbrik edirəm. Sizə səadət, ruhani zənginlik, işıq dolu ömür arzulayıram. Hər birinizin sözləri, hər birinizin nümunəsi bu dünyada sarsılmaz iz qoyur. Hər birinizin verdiyi dərs gələcək nəsillərə yol göstərir və insanlığı yaşadır. Müəllimlər! Sizə minnətdaram. Sizin işiniz müqəddəsdir. Sizin sözünüz, baxışınız, sevginiz və sədaqətiniz həyatın özü qədər dəyərlidir. Bu gün sizin gününüzdür, sizə təşəkkür edir, hörmət və ehtiramımı bildirirəm. Dünyanın hər guşəsində müəllimlər olmasa, həyat yalnız məlumat yığınından ibarət olardı, bəlkə də heç dünya olmazdı.  Amma sizin sayənizdə həyatın özü, insanlıq, sevgi və işıq var.

Hər birinizə sonsuz təşəkkürlər və hörmətlə!

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

“Yubileylər silsiləsi” layihəsi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında, A.Şaiq adına 2№-li  kitabxana filialında dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq, XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olan Süleyman Sani Axundovun 150 illik yubileyi qeyd olundu.

 

“Ədəbiyyat və incəsənət” portalına Mərkəzi Kitabxanadan verilən məlumata görə, kitabxanada hazırlanan videoçarxda S.S.Axundovun həyat və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, Süleyman Sani Axundov bir sıra mühüm vəzifələrdə işləmiş, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak etmişdir. Bildirilir ki, yazıçı Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra rus-tatar məktəbində müəllim təyin edilmişdir və ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında da iştirak etmişdir. Videoçarxda S.S.Axundovun xatirəsinin əbədiləşdirilməsi haqqında da məlumat verilir.

2 №-li kitabxana filialında “Qaraca qız” əsərinin müzakirəsi keçirilmişdir. Tədbirdə S.S.Axundovun milli maarifçiliyə verdiyi töhfələr, uşaq ədəbiyyatındakı yeri, tərbiyəvi əsərləri və xüsusilə “Qaraca qız” hekayəsi təhlil olunmuşdur. Müzakirə zamanı oxucular fikirləri ilə bölüşdülər, əsərin aktual və tərbiyəvi məqamlarından danışdılar.

Videoçarxlar kitabxananın YouTube kanalında yerləşdirilmişdir: https://www.youtube.com/watch?v=nvXODGAgSi0

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

Bazar ertəsi, 06 Oktyabr 2025 11:04

Oktyabrın 6-sı Beynəlxalq Həkimlər Günüdür

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Professor Mübariz Əliyev alayı adamdır, heç kimə bənzəmir. Onu tanıyanadək, zəruriyyət yaranarkən hansı cərraha müraciət etməkdə həmişə tərəddüt hissi keçirirdim. Qorxurdum ki, təsadüfi, naşı cərrahın əlinə düşüb ömürlük zəlil qalaram. Axı, cərrahiyyə elə bir peşədir ki, adətən cərrahlar xəstələri öldürə-öldürə bu sənəti dərindən öyrənirlər. Arada qanın da batır. Necə deyərlər, sən o dünyalıq olursan, əvəzində yeni cərrah yetişir...

 

Bəzən mənə elə gəlir ki, professor Mübariz Əliyev məhz cərrah olmaq üçün doğulub. Uğurlu cərrahdır, necə deyərlər, əlləri şəfalıdır, elə bil, Allah onu yer üzünə olümü yubatmaq, ömrü uzatmaq üçün göndərib. Necə deyərlər, o harada göründüsə, ölüm ünvanı dəyişməyə məcbur olur...

 

Kübardır, əslzadəlik ona qandan gəlir...

Mehribandır- haradan gəlib, harada olduğunu və sonda haraya gedəcəyini bilənlərin adətidir…

Təvazökardır- insanı sevdirən bu ali xüsusiyyətdən onda da var…

Baməzə adamdır, incə zarafatları ilə dodaq qaçırır...

 

Gözütox həkimdir- əməliyyatları az qala təmənnasız edir. Ödəniş məsələsində xəstəyə yardım etməkdən zövq alır. Necə deyərlər, çalışır ki, peşəsinin zəkatını ödəsin. Bəli, məzəli söhbətləri ilə ürəkləri fəth edən tibb elmləri doktoru, professor Mübariz Əliyev Azərbaycan səhiyyəsində qənimət cərrahlardandır. Elə bil həzrət İsanın keçmişdən bu günə çatan nümunəsidir. Lap elə nağıllardakı kimi. Onun cazibəsinə düşdünsə, sehirlənəcəksən. Onun əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb. Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o, başlayıb və ənənəyə çevirib…

 

...Mübariz Əliyev 16 aprel 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində Yaqub kişinin ailəsində dünyaya gəlib. 1976-cı ildə Sumqayıt şəhəri 16 nömrəli orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə qəbul olunub. Tibb universitetində cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə təhsilini tamamlayan Mübariz Əliyev, 1986-cı ilə qədər Sumqayıt şəhərində Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib. 1986-1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil alaraq həmin dövrdə Moskva şəhərinin 52 nömrəli xəstəxanasının məsul cərrahı olub. 1989-cu ilin iyun ayında namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adı alıb. Elmi təhsilini bitirdikdən sonra SSRİ-i Səhiyyə Naziri Y.İ.Çazovun əmri ilə Azərbaycan Dövlət Tibb İnstitutuna göndərilib. 1989-cu ildən etibarən Azərbaycan Tibb Universitetində assistent, dosent və Musa Nağıyev adına xəstəxanada məsul cərrah vəzifələrində çalışıb, eləcə də bir sıra özəl klinikalarda cərrahlıq edib. 2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. O, Azərbaycandan əlavə Amerika Birləşmiş Ştatları, Sinqapur, Almaniya, Rusiya və Belarusiyada da sənəti üzrə təhsil alıb. Hal-hazırda həm Tibb universitetin professoru və həm də Dövlət Sərhəd Xidməti Hospitalında cərrahlıq xidməti rəisidir...

 

Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan əməliyyat olunduğu nahiyəyə baxarkən bu səliqəni tikişdən də görür. Bu kimi xüsusiyyətləri sayəsində professor, cərrah Mübariz Əliyev ölkəmizdə kifayət qədər tanınır, ictimai çəkisi olan həkimlərdəndir…

 

...Bildiyiniz kimi Beynəlxalq Həkimlər Günü hər il oktyabrın ilk bazar ertəsi qeyd olunur. Bu dəfə bu bayram oktyabrın 6-na düşür. Professor Mübariz Əliyevi və o cümlədən bütün həkimləri bu bayram münasibətilə təbrik edirəm!..

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

 

 

Oxford Universitetinin Blavatnik İdarəçilik Məktəbinin bloqunda ölkəmizin “ASAN xidmət” təcrübəsinə həsr olunmuş məqalə dərc olunub.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, sözügedən məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universiteti arasında qurulmuş əməkdaşlıq çərçivəsində “ASAN xidmət”də təşkil olunmuş Yay Təcrübə Proqramında iştirak etmiş Oksford Universitetinin tələbəsi tərəfindən hazırlanıb.

Məqalədə  qeyd olunur ki, “ASAN xidmət” mərkəzləri müxtəlif dövlət qurumlarının xidmətlərini bir araya toplayaraq vahid məkan prinsipi əsasında vətəndaşların dövlət xidmətlərinə rahat çıxışını təmin edir. Eyni zamanda məqalədə ASAN təcrübəsinin ölkədə dövlət xidmətlərində innovativ həllərin tətbiqini genişləndirdiyi, eləcə də müvafiq sahə üzrə  şəffaflığı təmin etdiyi bildirilir. Bununla yanaşı bu model dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirmək baxımından da əhəmiyyətli təcrübə kimi dəyərləndirilir.

Məqaləyə keçid: https://www.bsg.ox.ac.uk/blog/can-govtech-handle-africas-fragmented-governance

 

“Ədəbiyyat və incəsənət”

(06.10.2025)

39 -dən səhifə 2503

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.