Super User

Super User

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

2017-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin açılışı oldu.

Abidənin müəllifləri Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev idilər. 2025-ci ilin 8 dekabrında ABŞ Prezidenti Donald Trampa FIFA Sülh mükafatı hədiyyə edildi. Bu sülh mükafatı Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin miniatür variantı idi.

Sizcə, bu adimi haldır?

 

Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olub. 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil alıb.

 1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləyib.

Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı)kompozisiyaları vardır.

 

Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir. Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.

2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilib. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

 

Mükafatları

1. "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı

2. "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

3. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mükafatı

4. "Zirvə" mükafatı

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

Fatimə Məmmədova,

"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi

 

Bakı DövlətUniversitetininKönüllülərTəşkilatı və Jurnalistikafakültəsininbirgə əməkdaşlığı ilə təşkilolunanMediaPulsetəcrübə proqramınınilkgörüşü keçirilib. Görüş çərçivəsində AzərTAcnredaksiyamüdiriRaminQurbanötəngünBakı DövlətUniversitetininJurnalistikafakültəsinintələbələriilə görüşüb.

 

Görüş  jurnalistikafakültəsinindekanmüviniSamirXalidoğlununaçılış nitqiilə başlayıb. Açılışdan sonra söz qonağa verilib.

Ramin Qurban çıxışında əvvəlcə təhsil həyatından bəhs edib, peşəkar fəaliyyət yoluna toxunub. O bildirib ki, 2023-cü ildən etibarən AzərTac-da fəaliyyət göstərir və müxtəlif layihələrdə, o cümlədən Qurban Qurbanov haqqında yubiley materialının hazırlanmasında iştirak edib.

Jurnalistikanın əsas prinsiplərindən danışan Ramin Qurban bu sahədə nəzəri biliklərin vacibliyini xüsusi vurğulayıb. O, həmçinin televiziya sahəsində mövcud vəziyyətə də toxunaraq qeyd edib ki, jurnalistikaya maraq və sevgi olmadan uğur qazanmaq mümkün deyil.

O, həmçinin, prezidentimiz İlham Əliyevin müsahibələrini oxumağı tövsiyə edib:

"Prezidentimizin müsahibələrini oxuyun, onlar kitabdır, kitab".

Qonaq tələbələrə ilkin mərhələdə sayt və qəzetlərdə işləməyi tövsiyə edib, jurnalist etikasının əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu prinsipləri bilməyən şəxslər jurnalistika sahəsində fəaliyyət göstərməməlidir.

Çıxış zamanı xarici dillərin öyrənilməsinin vacibliyinə də diqqət çəkən Ramin Qurban bildirib ki, müasir dövrdə bu bacarıq jurnalist üçün əsas şərtlərdən biridir. O, həmçinin keçmiş və indiki dövrü müqayisə edərək, bu gün informasiya əldə etməyin daha asan olduğunu qeyd edib.

Sonda kitab oxumağın əhəmiyyətindən danışan qonaq söz ehtiyatının zəngin olmasının jurnalist fəaliyyəti üçün mühüm rol oynadığını bildirib.

Görüş interaktiv şəkildə davam edib, tələbələr tərəfindən ünvanlanan suallar Ramin Qurban tərəfindən ətraflı cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

Şənbə, 11 Aprel 2026 15:02

Kələntər dayı, ürəyimdən vur...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Azərbaycanın sovet dövründə kult filmlərindən olan “Yeddi oğul istərəm”də Cəlal onu ayaqlarından güllələyərək əzab verə-verə öldürməyi düşünən Kələntərə deyir, “Kələntər dayı. Üsrəyimdən vur, ağrıdır axı”. Həmin o Kələntər obrazını yaradan İsmayıl Osmanlı rola o qədər ürək qoymuşdu ki, bu mənfi obraza görə insanlar ona həqiqətən nifrət bəsləyirdilər...

 

İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb.

1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib. İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır:

Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev) və s.

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

 

Filmoqrafiya

1. Bakıda küləklər əsir

2. Bayquş gələndə

3. Bəxtiyar

4. Bir məhəllədən iki nəfər

5. Dəli Kür

6. Ənvər Həsənov. Yeddi oğuldan biri

7. Əsl dost

8. Əzim Əzimzadə

9. İntizar

10. İcazə

11. Kəndlilər

12. Su ərizəsi

13. Ulduzlar sönmür

14. Yeddi oğul istərəm

15. Səmt küləyi

 

Mükafatları

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "SSRİ xalq artisti" fəxri adı

4. "Əməkdə fərqlənməyə görə" medalı

5. "Şərəf nişanı" ordeni

6. "Qırmızı əmək bayrağı" ordeni

 

Aktyor haqqında mediada getmiş bəzi maraqlı faktlara diqqət edək.

 

1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları ətrafına toplayan dram dərnəyinə üzv yazılır. Möhsün Sənaninin Bakıdan Şəkiyə qastrola gəlməsi, kiçik dram dərnəyində aktyorluq edən İsmayıl Osmanlının onunla görüşüb Azərbaycanın rayonlarına birgə qastrola çıxması onun səhnəyə olan həvəsini daha da artırır.

İki ildən sonra Gəncəyə köçürlər və o, altı il buradakı həvəskarlar teatrında çalışır. 1928-ci ildə məşhur rejissor Kirmanşahlının təklifilə Tiflis-Azərbaycan teatrına dəvət edilir. Bir il sonra Azərbaycan Dövlət Dram Teatrı Osmanlını öz səhnəsinə dəvət edir. Şəmsəddin Abbasovun "Qələbə” pyesindəki traktorçu Bəhram rolu ilə fəaliyyətə başlayır. Və həyatının sonuna qədər bu teatrda işləyir.

İsmayıl Osmanlı bu haqda xatirələrində belə deyir:

"Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı”.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

“Yeddi oğul istərəm” filmində Cəlal obrazını yaradan aktyor Ənvər Həsənov nəql edir ki, “Yeddi oğul istərəm” filmində epizodların birində Kələntər dayı obrazını ifa edən İsmayıl Osmanlıya şillə vurmalı imiş. Lakin, həyəcandan və ağsaqqal aktyora qarşı olan hörmətdən bunu edə bilmirmiş.

Bir neçə dubldan sonra İsmayıl müəllim Ənvəri bir kənara çəkib ona deyir. “Ay Ənvər, bilirəm, məni çox istəyirsən, mənə məhəbbətin var, yaşlı adamam. Ancaq belə olmaz. Sən mənə o şilləni gərək elə çəkəsən ki, mən onu hiss edim. Biz burda kinoya çəilirik. Sən məni zəif vursan, mən də rolumu zəif ifa edəcəm”. Yalnız bundan sonra Ənvər ona möhkəm şillə vura bilir.

Lakin, sonradan Ənvərin və digər gənc aktyorların istəyi ilə rejissor Tofiq Tağızadə həmin kadrı filmdən çıxarır. İsmayıl Osmanlı bunu eşidəndə narazılığını bildirir. O kadrın çıxmarılması ilə Cəlalın ölüm səhnəsinin təsir gücünün azaldacağını deyir. İsmayıl Osmanlını sadə, istiqanlı, xüsusilə, gənclərə böyük hörmət bəsləyən duzlu yumoru olan insan olub. Gənclər də ona çox böyük hörmət edirmişlər. Və onu hər zaman İsmayıl dayı deyə çağırırmışlar.

Xalq artisti Rafiq Əzimovun sözlərinə görə bir dəfə teatrda olan zaman o, İsmayıl dayının öz qrim otağında bərk əsəbləşdiyini, öz-özünə deyindiyini eşidir. Bunun səbəbini xəbər alanda, İsmayı Osmanlı deyir ki, mənim başıma gör nə oyun açıblar. Kələntər dayı obrazına tamaşaçılar camaat mənə təhqir dolu məktublar yazırlar.

Aktyor Ənvər Həsənov isə həmin məqamı belə xatırlayır: “İsmayıl dayı məni gördü. Ağlaya-ağlaya üstümə gəlib məni qucaqlayıb dedi: Ay Ənvər, sən məni öldürdün. Mən nə qələt elədim ki, o obrazı yaratdım. Mən tamaşaçıların əlindən küçəyə çıxa bilmirəm”.

Lakin, sonralar hər şey unudulur. Amma sənət aləmi və aktyorun özü də Kələntər obrazının kino tarixində özünəməxsus yeri olmasını anlayır. İsmayıl Osmanlının teatrda son işi Nodar Dumbadzenin "Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı olub.

Böyük aktyor 22 iyun 1978-ci ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

“2003-cü ildə Vidadi Paşayevin 60 yaşını “Lider” televiziyasında çəkdiyimiz sənədli filmlə qeyd elədim... Elə o filmin də adı “Tökülən yarpaqların qoxusu”du...

Havadan tökülən yarpaqların qoxusu gəlir yenə...”

(Nəriman Əbdülrəhmanlının "Vidadi Paşayev: Tökülən yarpaqların qoxusu" yazısınından)

 

Vidadi Abbas oğlu Paşayev məşhur “60-cılar” nəslinin sonbeşiyiydi... Ona görə də haqqında danışmağa dəyər. Bu gün axı həm də onun anım günüdür...

Yaşasaydı, indi 83 yaşını qeyd etməyə hazırlaşardı...

Amma yaşamadı. Cəmi 48 yaşında dünyanı tərk etdi. 60-cılar”ın sonbeşiyi elə 60-cılardan ilk dünyasını dəyişən oldu...

Vidadi Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С. А. Герасимова) təhsil alıb və pedaqoji fəaliyyət göstərib

Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktor, Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olub.

Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışıb. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərib. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanıb. Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə edib.

 

Filmoqrafiya

1. ATU və ya pa ATU nnan

2. Əhvalipürsanlıq, yaxud qəbiristanlıq

3. Nəticə

4. Uğurlu təyinat

5. Xəbərdarlıq

6. Damğa

7. Örtülü bazar

8. İbrət dərsi

9. Eksperiment

10. Alayarımçıq

11. Dad

12. Bais

13. Gözdən iraq

14. Daş yaddaş

15. Köç

16. Hava, od, su, torpaq

17. Səhhət

18. Bir səfərin izi ilə

19. Dairə

20. Himayədar

21. Metamarfoza

22. Sınaq

23. Sökmək asandır

24. Adsız su

25. Üzr istəyirəm

 

Qeyd etdim, Vidadi Paşayev 60-cı illərdə ədəbiyyata gələn dəstənin ən kiçiyi idi. Universitetin filologiya fakültəsində oxuyanda özündən beş-on yaş böyük olan Fikrət Qocayla, Anarla, İsi Məlikzadəylə, Əlisa Nicatla, aralarında bir neçə yaş fərq olan Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Əlixanlı, Tofiq Abdinlə... isinişmişdi.

Nəriman Əbdülrəhmanlının dediyi kimi, Vidadi Rzayev adaşı, yığval ortağı Vidadi Məmmədovla bir-birinə qoşulub Gəncədən Bakıya, bu üzü üzlər görmüş şəhəri fəth eləməyə gəlmişdilər. Amma əslində, onların bu şəhərin adamlarından öyrənə biləcəkləri bir şey yoxudu: cavanca yaşlarında dünyanın hər üzünü görmüşdülər, umduqları olsa-olsa, sənət havasıydı. Yazdıqlarını hamıdan gizlədir, “uşaqlar”ın talantını sınağa çəkir, dəqiq, məntiqli, sanballı fikirlər söyləyirdilər...

“Uşaqlar”ın “Paşa” çağırdıqları Vidadi bir müddət Xalq təsərrüfatı institutunda oxumuşdu. Qəfildən də “yağlı yeri” atıb o vaxt dabdə olan universitetin filologiya fakültəsinə, axşam şöbəsinə daxil olmuş, əsgərlikdən yayınıb radionun incəsənət şöbəsində işə düzəlmişdi.

“Uşaqların sonbeşiyi” olan Vidadi şöbənin də sonbeşiyiydi, şöbə müdiri Anarın, artıq tanınmış şair olan Fikrət Qocanın qəbul elədiyi adamıydı. Tükənməz enerjisi, təşkilatçılıq qabiliyyəti, ötkəmliyi, səmimiliyiylə yanaşı, gözəl redaktor-tərcüməçiydi.

Anar ezamiyyətə gedəndə şöbənin yükünü çəkir, verilişlərin maraqlı olması üçün orijinal yollar fikirləşirdi. Üstəlik də hamının dilini tapmaqda, qəlbinə girməkdə ustaydı: kiminlə beş-on kəlmə kəsirdisə, həmin adam Vidadisiz darıxmağa başlayırdı...

Amma radiodan gedəsi oldu, “Qobustan” qanının arasına girdi...

O vaxt ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Rauf İsmayılov idi, özü də Vidadinin xətrini çox istəyirdi, fürsət düşəndə yeyib-içməyə birgə gedirdilər. Vidadi hazırladığı radio-jurnal üçün tez-tez tərcümələr eləyirdi. Dünya poeziyasından, görkəmli sənətçlərdən söz açır, bununla yanaşı da çox oxuyur, oxuduğunu özününküləşdirə, dinləyiciyə çatdıra bilirdi.

 Bu səbəbdən də qələmdaşları Vidadinin sənət söhbətləri üçün əldən-ayaqdan gerdirdilər... Amma Vidadi həm də özünə güvənən, “qabağından yeməz”, ötkəmliydi. Günlərin birində R.İsmayılov nəyə görəsə Vidadinin verilişini proqramdan çıxarır, o da qeyzə gəlib gedir komitə sədri Ənvər Əlibəylinin yanına.

 

Sədr baş redaktoru çağırtdırır, yüngülcə məzəmmət eləsə də, təbii ki, arxasını yerə vermir. Vidadi də başını aşağı salıb işləsəydi, ta Vidadi olmazdı ki... İki ayağını bir başmağa dirəyib keçir uşaq şöbəsinə. Burda da görür ki, şöbənin müdiri Mailə Muradxanlı hər ay baş redaktorun adından veriliş hazırlayır, o da qonorarını halal malı kimi alıb qoyur cibinə, ümumiyyətlə, radiodan getməyi qərarlaşdırır...

Elə bu vaxt da yuxarılar “Qobustan” sənət toplusunun nəşrinə xeyir-dua verirlər. Anarın yığdığı kollektivdə Vidadi Paşayevin olmaması çox təəccüblü görünərdi: yükün bir tərəfi də məhz toplunun məsul katibi kimi onun çiyinlərinə düşmüşdü.

Vidadi də texniki işlə kifayətlənmir, tərcümələr eləyir, sənət adamları haqqında yazır, hər yazısı da dil, üslub, təfəkkür baxımından diqqəti çəkirdi.

Həmin vaxtlar o, yaradıcılıq sarıdan ən yaxşı günlərini yaşayırdı: cəmi-cümlətanı iyirmi beş yaşı vardı, xətrini istəyir, yazılarını bəyənir, gələcəyinə inanırdılar.

Kim bilərdi ki, onu belə tez itirəcəklər.

Vidadi Paşayev 11 aprel 1991-ci ildə Bakıda vəfat etdi və Gəncədə dəfn edildi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Aprelin 9-da “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib. Tədbir çərçivəsində şəhidlərimiz dərin ehtiram və qürur hissi ilə yad edilib.

 

Tədbirdə rəsmi qonaqlar, şəhid ailələri, qazilər, media nümayəndələri, eləcə də Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyəti iştirak edib. Bu geniş iştirak tədbirin əhəmiyyətini və ictimai dəyərini bir daha nümayiş etdirib.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova, millət vəkili Rizvan Nəbiyev, yazıçı və universitetin Humanitar elmlər şöbəsinin müdiri Həbib Mirzəyev, Aprel şəhidlərinə həsr olunmuş “Qalibiyyət” kitabının müəllifi Aida Eyvazlı, 34 saylı tam orta məktəbin direktoru, şəhid Sənan Axundovun xanımı Nəcibə xanım Axundova, eləcə də Xüsusi təyinatlı qüvvələrin mənsubu, Aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu Elvin Orucov çıxış ediblər.

Natiqlər Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən bəhs edərək onların xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar.

Çıxış edənlər Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş universitetin dörd məzunu – Əbdülməcid Axundov, Müşfiq Orucov, Elvin Mirzəyev və Mahir Quliyevin, eləcə də onlarla birlikdə şəhidlik zirvəsinə ucalmış digər igidlərimizin həyat yolunun gənclər üçün örnək olduğunu qeyd ediblər.

Tədbir universitetin yaradıcı tələbələri və məzunlarının hazırladıqları bədii kompozisiyalar və musiqi ifaları ilə yekunlaşıb. Bu çıxışlar tədbirə xüsusi emosional çalar qataraq iştirakçılarda dərin təsir bağışlayıb.

Azərbaycan Texniki Universitetində keçirilən “Zəfərə gedən yol” adlı tədbir bir daha sübut edib ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur və gələcək nəsillərə ötürür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

 

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Ağdam Heydər Əliyev Mərkəzində "CareerLAB" şəbəkəsi baş tutub.

 

Təhsil idarəçiliyində psixoloji yanaşmalar və effektiv metodlar” mövzusunda keçirilən panel müzakirəsində panelistlər qismində Dövlət İmtahan Mərkəzi Bərdə Regional Bölmənin müdiri Vüsal Cəfərov, Ağdam Dövlət Peşə Təhsil Mərkəzi PHŞ-nin direktoru Xanım Əliyeva və Psixoloq, Psixi Sağlamlıq təlimçisi Nəsimi Qiyasov iştirak edib.  

                                                                                                                                                         

Panel müzakirəsində “Gənclərin inkişafında təhsil sisteminin rolu”, “Təhsil metodikasında innovativ modellər və praktiki tətbiq mexanizmləri”, “Təhsildə emosional tənzimləmə və effektiv qərarvermə” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib.

 

Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb. Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.

 

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

O, bütöv bir milli arfa məktəbi yaradıb. Tanınmış musiqiçi Bakı Musiqi Akademiyasında 50-dən artıq peşəkar mütəxəssis yetişdirib. Onun yetirmələri hazırda ölkəmizin hüdudlarından kənarda öz müəllimlərinin ənənələrini layiqincə davam etdiriblər…

 

Aida Abdullayeva 1922-ci il aprelin 13-də Bakı şəhərində anadan olub. O, 1940-cı ildə onillik orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən ali musiqi təhsili almaq üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. 1941-ci ildə müharibənin başlaması ilə əlaqədar Aidə Abdullayeva Bakıya qayıdıb.

Opera və Balet Teatrının orkestrində işə qəbul olunub. 1942-ci ilin payızında ailəsi ilə birlikdə repressiyaya məruz qalaraq Qazaxıstana sürgün edilib. 1943-cü ildə Üzeyir Hacıbəyovun vəsadəti əsasında o, Azərbaycana qaytarılıb Bakı Dövlət Konservatoriyasına bərpa olunub və Radiokomitənin Simfonik orkestrində işləməyə göndərilib.

1944-cü ildə Aida Abdullayeva yenidən Moskva Konservatoriyasında professor K.Erdelinin sinfində təhsilini davam etdirib. Bu təhsil ocağını 1949-cu ildə bitirdikdən sonra Aida Abdullayeva o vaxtlar Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuş Qara Qarayevin rəyi əsasında Konservatoriyada müəllimlik fəaliyyətinə başlayaraq arfa sinfinə rəhbərlik etməyə başlayıb.

 Burada işlədiyi onilliklər ərzində o, respublikamızda, eləcə də xaricdə fəaliyyət göstərən simfonik orkestrlər üçün bir çox arfa ifaçıları hazırlayıb. Onun təşəbbüsü ilə Asəf Zeynallı adına musiqi məktəbində, Sumqayıt musiqi məktəbində arfa sinfi açılıb.

Ömrünü Azərbaycanda professional arfa sənətinin inkişafına həsr etmiş A.Abdullayeva musiqi mədəniyyətimizin tərəqqisində mühüm rol oynayıb. Onun fəaliyyəti sayəsində arfa Azərbaycan musiqi mədəniyyətində geniş yayılıb, tədris müəssisələrində ixtisas fənləri sırasına daxil edilib, istedadlı bəstəkarlarımızın marağına səbəb olub.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Kseniya Erdelinin yetirməsi olan A.Abdullayeva musiqi sənətində öz yolunu tapa bilib.

O, geniş pedaqoji və ifaçılıq fəaliyyəti ilə yeni səhifə açıb, arfa ixtisası üzrə təhsilin bütün mərhələləri üçün proqram və dərsliklər üzərində işləyib, Azərbaycan bəstəkarlarının əsərlərinin bu musiqi aləti üçün köçürmə və transkripsiyalarını yaradıb.

Dəhşətli repressiya dalğası ondan da yan keçməyib. Ailəsi ilə birlikdə 1942-ci ilin payızında Qazaxıstana sürgün edilib. Lakin dahi bəstəkarımız Ü.Hacıbəylinin köməyi ilə Bakıya qayıdan A.Abdullayeva həyata inamını itirməyib, ömrünü musiqi sənətinə həsr edib.

Çöhrəsindəki xeyirxah təbəssümü, cəzbedici məlahəti, zövqlə seçilmiş geyimi ilə hamını heyran edən, dövrünün kübar qadınlığının rəmzi olan A.Abdullayeva onu tanıyanların, tələbə və həmkarlarının xatirində öz sənətinin vurğunu, iradəli xanım kimi yaşayır.

O, 11 aprel 2009-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

 

İmran Verdiyev,

 “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi. Azərbaycan Respublikasının Əməkdar müəllimi.

 

 

 Oğuz şəhərindəki “Cümə” məscidində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin, Oğuz Rayon İcra Hakimiyyətinin və QMİ-nin bölgə qazılığının birgə təşkilatçılığı ilə “Azərbaycan: dini tolerantlıq və birgəyaşayış nümunəsi!” mövzusunda tədbir keçirilib.

 

Tədbirdən öncə Vətənimizin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsini yad etmək üçün Oğuz şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib.

Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşı Samir Salehov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ayaz Ağayev, QMİ-nin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət və birgəyaşayış şəraitində, bir ailənin üzvləri kimi yaşayıblar.

Vurğulanıb ki, müxtəlif mədəniyyətlərə və dinlərə mənsub etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda islamın mənəvi prinsipləri müstəsna rol oynayıb. Ölkəmizin əlverişli coğrafi mövqeyi və əhalisinin etnik müxtəlifliyi qədim dövrlərdən burada fərqli dinlərin mövcud olması üçün zəmin yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

 

 

                                                                                          

 

 

8 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər naziri Yermek Koşarbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.

 

Görüş zamanı Fondun prezidenti, professor xanım Aktotı Raimkulova qonağa təşkilatın türk dünyasının mədəni-mənəvi dəyərlərinin qorunması, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Ziyarət çərçivəsində nümayəndə heyəti türk dünyasının zəngin mədəni irsini əks etdirən nadir eksponatların, nəşrlərin və arxiv materiallarının təqdim olunduğu Fondun kitabxanası və muzeyi ilə tanış olub.

Cənab nazir Yermek Koşarbayev öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqları arasında inteqrasiyanın gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib. Nazir qeyd edib ki, ortaq tarixi köklərə malik olan qardaş ölkələr arasındakı mədəni diplomatiya siyasi və iqtisadi əlaqələrin də sarsılmaz təməlini təşkil edir.

Tərəflər gələcəkdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi və türk dövlətləri arasındakı mədəni bağların yeni mərhələyə qaldırılması barədə razılığa gəliblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

 

 

 

 

 

Nigar Həsənzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

9 aprel tarixində Azərbaycanın görkəmli jurnalisti, tanınmış ictimai xadim, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunan "Professor Nəsir İmanquliyev dərsləri" layihəsinin açılış mərasimi keçirildi.

 

CAHANGİR MƏMMƏDLİ

Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli bildirdi: “Nəsir İmanquliyev Azərbaycanda böyük peşəkar jurnalistlər nəslinin müəllimi, ötən əsrin ikinci yarısı üçün Azərbaycan mətbuatında xüsusi tipoloji xarakter daşımış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktorudur: “Azərbaycanda yeni dönəm jurnalistikasında ətbiq olunan müasir xəbər tipləri Nəsir İmanquliyev imzası ilə bağlıdır. Tale elə gətirib ki, mən həm Nəsir müəllimi bu məktəbin yaradıcısı kimi, həm də Universiteti bitirərək Jurnalistika fakültəsində çalışdığım illərdən bələd olduğum ciddi bir nəzəriyyəçi kimi izləyə bilmişəm. Bu mənada mən Nəsir İmanquliyevin həm praktik jurnalist kimi, həm də alim kimi yaradıcılığından danışmağa haqqı olanlardan biriyəm. Nəsir müəllim nə az, nə çox, düz 51 il bu fakültədə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışıb. Bu gün Yeni media və kommunikasiya nəzəriyyəsi adlanan həmin kafedranın qapısı önündəki dəhliz divarında yaradıcı jurnalist simasının barelyefi var. Gələcəyin jurnalistləri-tələbələr bugünkü müəllimlərinin xatirələrindən və qoyub getdiyi əsərlərindən tanıdıqları bu insanın barelyefi önündən keçəndə onu böyük ehtiramla yad edirlər. İndi isə böyük müəllimimizin xatirəsinə həsr olunmuş “Professor Nəsir İmanquliyev dərsləri”ndə onun məktəbinin məzunları Nəsir müəllimli təəssüratların davamı kimi yeni yolun başlanğıcını qoyur”.

 

AKİF RÜSTƏMOV

BDU, Yeni Media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov çıxışında bu layihəni yüksək qiymətləndirdi. O bildirdi ki, Nəsir müəllim mətbuatın klassikidir:

"Nəsir müəllim hər zaman yaxşı tələbələrə dəstək olub. Nəsir müəllim fakültədə tələbə ilə müəllim arasında yaxşı münasibətin təməlini qoyan pedaqoq olub. O, hər zaman tələbələrlə maraqlanırdı. Xüsusən, maddi durumu yaxşı olmayan tələbələrə şərait yaradırdı ki, yazı yazıb kirayələrini verə bilsinlər".

Sonda professor Akif Rüstəmov bildirdi ki, digər müəllimlərimiz, professorlarımız üçün də bu layihələrin təşkili vacibdir.

 

QULU MƏHƏRRƏMLİ

BDU, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli də həmkarlarının fikrinə dəstək olaraq söylədi ki, Nəsir müəllim hamımız üçün əzizdir, o, ilk növbədə şəxsiyyət nümunəsi idi:

"Jurnalist səlahiyyətini, statusunu Nəsir müəllimdən görmüşəm. Qədir bilmək incə məsələdir. Biz bütün müəllimlərimizə dəyər verməliyik. Nəsir müəllim üçün dürüstlük, mənəviyyat prinsip idi. Onun redaktoru olduğu "Bakı" qəzetində materiallar çıxan gün növbə olurdu. Orada çıxan felyetonlar qəzetin, jurnalistikanın, mətbuatın nüfuzunu artırırdı. "Bakı" qəzeti ideologiyaların içində olsa belə, həmin dövrdəki vəziyyəti tənqid edərək cəmiyyətə mesaj verirdi. Unutmamalıyıq ki, qərəzsiz tənqidlərin hesabına bu cəmiyyəti inkişaf etdirmək mümkündür. Nəsir müəllim bunun ən yaxşı nümunəsi idi. Nəsir müəllim kadr seçimini çox yaxşı edirdi, həm də o, tələbələrlə münasibətində xüsusi cizgi, sərhəd qoyurdu ki, bu da pedaqoji ustalıq idi.

Türkiyədə onunla bağlı çox material nəşr edilib. Bizim borcumuzdur hər zaman Nəsir müəllimi xatırlayaq, çünki dəyərin üstündə dayanmaq dəyərləri davam etdirməkdədir".

 

XATİRƏ HÜSEYNOVA

BDU, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova bildirdi ki, onların keçdiyi dönəm ağır dövr idi:

"Ancaq biz çox xoşbəxt nəsil olduq ki, bu cür müəllimlərdən dərs aldıq. Nəsir müəllim bizə baba nəvazişi ilə yanaşırdı. Mövzuları elə gözəl başa salırdı ki, terminologiyadan, çətin üslubdan uzaq idi. Həmçinin mən çox qürur duyuram ki, Nəsir müəllimin 51 il işlədiyi kafedranın rəhbərliyində təmsil olunuram".

 

Sonda Xatirə Hüseynova gənc jurnalistlərə müraciət etdi: "Qəzetçiliyi sevin, çünki qəzetçilikdə bizim müəllimlərimizin zəhməti var".

 

VÜQAR ƏLİYEV

BDU Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Əliyev söylədi ki, bu layihənin hər bir görüşü yadda qalacaq:

"Çünki bu layihə həsr olunan Nəsir müəllim əsl müəllim etalonu, milli kişi, milli ziyalı obrazı idi. Həmçinin Nəsir müəllim üçün Güney Azərbaycan mövzusu da çox vacib, maraqlı idi".

 

QƏRƏNFİL DÜNYAMİNQIZI

BDU, Milli mətbuat tarixi kafedrasının dosenti, əməkdar jurnalist Qərənfil Dünyaminqızı isə bildirdi ki, Nəsir müəllim tələbələrinə jurnalistika ilə yanaşı, haqq, ədalət anlayışını, yaxşı insan olmağı da öyrədib.

 

Sonda Nəsir İmanquliyevə həsr olunan qısametrajlı film nümayiş edildi.

Qeyd edək ki, Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor Nəsir İmanquliyevin zəngin elmi-pedaqoji irsinin sistemli şəkildə öyrənilməsi, təhlili və gənc jurnalistlər arasında təbliği məqsədilə keçirilən layihə aprel və may aylarında həftədə bir dəfə olmaqla təşkil ediləcək. Yekunda layihə iştirakçılarının professor Nəsir İmanquliyevlə bağlı mediada dərc olunan yazıları üzrə “Professor Nəsir İmanquliyev dərsləri - yazı müsabiqəsi” keçiriləcək və qaliblər təltif ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(10.04.2026)

 

 

37 -dən səhifə 2850

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.