Super User

Super User

Çərşənbə, 08 Oktyabr 2025 17:45

Teatrın görkəmli rejissoru - Ağakişi Kazımov

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onun adı teatr tariximizdə mütləq qalacaq. Çünki quruluş verdiyi tamaşalar həmişə sevilib, tamaşaçı rəğbəti qazanıb.

 

Ağakişi Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib. 1960-cı ildə A. Kazımov Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib.

1964-cü ildə o, ikinci təhsilini alıb, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q. Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M. Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C. Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb.

1969–1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. A. Kazımovun quruluşları monumental səhnə həlli, milli ənənəyə sadiqliyi ilə səciyəvidir. Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N. Vəzirov), "Toy" (S. Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S. Dağlı), "Arşın mal alan" (Ü. Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ. Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ. Coşqun), "Məlik Məmməd" (Ə. Abbasov), "Hacı Qənbər" (N. Vəzirov), "Kiçik təpə" (N. Xəzri), "Büllur sarayda" (İ. Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar.

Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A. Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləyib. "Darıxma, ana!" (N. Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ. Əfəndiyev), "Mirzə Şəfi" (N. Xəzri), "Sehrli alma" (Y. Lada), "Çahargah fantaziyası" (K. Kərimov), "Od gəlini" (C. Cabbarlı), "Vaqif" (S. Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B. Vahabzadə).

 

Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.

 

Filmoqrafiya

- Afaqın məhəbbəti

- Yük

- Sonuncu dərviş

 

Ağakişi Kazımov 8 oktyabr 2021-ci ildə 85 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bugünkü mövzumuz Türk xalqlarında dövlət ideologiyasının formalaşmasında İslamın roludur.

 

Türk xalqlarının tarixi inkişafında İslam dini yalnız dini inanc sistemi kimi deyil, həm də siyasi və mədəni birləşdirici qüvvə kimi mühüm rol oynamışdır. VIII əsrdən etibarən İslamla tanış olan türklər bu dini qəbul etməklə, öz dövlətçilik ənənələrini yeni ideoloji əsas üzərində yenidən formalaşdırmış, İslam dəyərlərini türk dünyagörüşü ilə birləşdirərək unikal bir dövlət ideologiyası yaratmışlar. Bu proses həm siyasi idarəçilikdə, həm hüquq sistemində, həm də ictimai-mənəvi dəyərlərdə öz əksini tapmışdır.

 İslamın türklər arasında yayılması Qəznəvilər, Qaraxanilər və Səlcuqlar dövründə dövlət siyasətinin əsas dayağına çevrildi. Xüsusilə Qaraxani dövlətində İslam rəsmi din elan edildikdən sonra, dövlət idarəçiliyi Qurani-Kərim və Sünnə prinsipləri ilə uzlaşdırıldı. Bu dövrdə türklər arasında “ilahi ədalət”, “hökmdarın məsuliyyəti” və “xalqın rifahı” kimi anlayışlar dövlət ideologiyasının əsas prinsiplərinə çevrildi.

 Türk dövlətçilik ənənəsində qədimdən mövcud olan “Töre” (qanun və ədalət prinsipi) İslamın şəriət qaydaları ilə birləşərək yeni bir hüquqi-siyasi sistem formalaşdırdı. Bu sintez nəticəsində yaranan ideologiya həm ilahi legitimliyə, həm də milli dəyərlərə əsaslanırdı.

 Səlcuqlar dövründə İslam dövlət ideologiyasının əsas dayağına çevrilərək, həm mərkəzi hakimiyyətin möhkəmlənməsinə, həm də geniş coğrafiyada yaşayan türk tayfalarının bir ideya ətrafında birləşməsinə səbəb oldu. Böyük Vəzir Nizamülmülkün fəaliyyətində bu ideoloji sistemin əsas prinsipləri – ədalət, elm, dini tolerantlıq və siyasi sabitlik – açıq şəkildə görünür.
Səlcuqlar İslamı yalnız dini idarəetmə vasitəsi kimi deyil, həm də siyasi legitimlik mənbəyi kimi qəbul etdilər. Hökmdarlar “Tanrı tərəfindən seçilmiş” anlayışı ilə idarəçilikdə həm dini, həm milli bir müstəvidə çıxış edirdilər.

 Osmanlı imperiyası dövründə İslam dövlətin həm ideoloji, həm hüquqi, həm də mədəni əsasını təşkil etmişdir. “Sultan” anlayışı ilə “xəlifəlik” birləşərək, həm dini, həm də siyasi hakimiyyətin vəhdətini təmin etmişdir. Şəriət qanunları ilə yanaşı, “örf” (yəni sultan qanunları) tətbiq edilərək dövlət idarəçiliyində həm İslam prinsiplərinə, həm də türk dövlətçilik ənənələrinə uyğun bir sistem yaradılmışdır.
Osmanlılar dövründə İslam həm də imperiyanın çoxmillətli strukturunun ideoloji birləşdirici elementi olmuşdur. Fərqli etnik və dini icmalar “ümmet” anlayışı çərçivəsində idarə edilmiş və bu, sosial sabitliyə şərait yaratmışdır.

 İslamın qəbulundan sonra türk xalqlarının ədəbiyyatında, fəlsəfəsində və incəsənətində dərin mənəvi dəyişikliklər baş vermişdir. Orta əsr türk şairləri və alimləri – Yusif Balasaqunlu, Əhməd Yəsəvi, Məhəmməd Füzuli, Yunus Əmrə və digərləri – İslamın insan sevgisi, ədalət, təvazökarlıq və elmə çağırış prinsiplərini öz yaradıcılıqlarının əsas xəttinə çevirmişlər. Bu, İslamın yalnız siyasi ideologiya deyil, həm də mənəvi və mədəni bir həyat fəlsəfəsi kimi türklərin kimliyində yer almasına səbəb olmuşdur.

 Türk xalqlarında İslam, dövlət ideologiyasının formalaşmasında əsas təməl daşı olmuşdur. Qədim türk dövlətçilik ənənəsi ilə İslamın ilahi ədalət prinsiplərinin birləşməsi nəticəsində unikal bir ideoloji sistem meydana gəlmişdir. Bu sistem həm siyasi sabitliyi təmin etmiş, həm də mədəni inkişafın əsasını qoymuşdur.
 İslam sayəsində türk dövlətləri yalnız güclü imperiyalar qurmamış, həm də elm, mədəniyyət və mənəviyyat sahəsində dünya miqyasında iz qoyan bir sivilizasiya yaratmışlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

 

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Çox sevindirici haldır ki, bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

“Qarşı yatan Ala dağ” – hərəkətdə olan zamanla hərəkətsiz məkanın mifoloji təsəvvürdə birləşdirilməsi cəhdi.

 

2.

Hüseyn Cavid:

“Şübhədir hər həqiqətin anası,

 Şübhədir əhli-hikmətin atası

Şübhə etməkdə həqlidir insan...”

Qeyri-səlis düşüncə tərzi, əlbəttə ki, şübhə ilə başlayır

 

3.

“...Bu dənizin sularını balıqlarından başqa içən olmadı”

 

4.

Axundovun gənc bəyləri qaçaq mala (olduğu kimi desək - oğurluğa!) gedəndə gizlətmirdilər ki, hara və niyə gedirlər. Bunu bu gün təsəvvür etmək belə mümkün deyil, göydəki ulduzları saymaq kimidir.

 

5.

Qapısı olmayan otaqda heç bir şey görmürsənsə, bu o demək deyil ki, otaqda heç nə yoxdur. Biz bunu belə də deyə bilərik: otaqda heç nə var.

 

6.

“ - Qurban olum, axı mənəm.

Aç qapını, bax, mənəm.

Qayıtmışam sağ, mənəm,

 Əvvəlki mən deyildim.

 

Xəyal kimi gərilmisən,

 sən o xəyal deyilmisən?!

Yorulmusan, yol gəlmisən,

Keç içəri, dincini al.”

 

7.

Şah İsmayıl dövründə qoşuna adam yığmaq şüarı: “Əgər yataqda tərləyib ölmək istəmirsənsə, əlində qılınc şəhid olub cənnətin qapısına gəlib dayanmaq niyyətin varsa, qoşul bizə!”

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

  

Yəqin ki, aranızda xalq artisti Eyyub Yaqubovun ifasında məşhurlaşan "Əlvida, Cəmilə!" mahnısını eşitməyən adam çətin tapılar. Bax, bu dəfə sizə həmin mahnının sözlərinin müəllifi Rəsmiyyə Sabir haqqında danışmaq istəyirəm. Rəsmiyyə xanım 1973-cü il oktyabrın 5-də Masallı rayonunun Ərkivan kəndində anadan olub. 1990-cı ildə orada orta təhsilini bitirərək Bakıya gəlib. Beş il indiki Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsilə yiyələnib. Oranı "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisadçı-mühəndis kimi başa vurub. 1999-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 2008-ci ildən həmin institutda Elmi katib vəzifəsində çalışır. İqtisad elmləri doktorudur...

 

Deyir ki:- “Mənim şeirlərimə xeyli məşhur mahnılar bəstələnib: "Qələmin gözündən indi yaş gəlir", "Bağışlama bizi Vətən". "Sözümün üstündə durmuşam, Allah". Hələ mahnıları qoyuram bir kənara. Sadalasam çoxdur. Sosial şəbəkələrdə müxtəlif adamlar tərəfindən şeirlərimin tez-tez paylaşıldığının da şahidi oluram. Mənə çox qəribə gəlir, bəzən heç özüm bəyənmədiyim şeirləri daha çox bəyənirlər...”

 

Azərbaycanda və xaricdə rus, ingilis, türk dillərində çap olunmuş 110 elmi əsərin, 1 fərdi monaqrafiyanın, eləcə də 1 dərslik kitabının müəllifi, o cümlədən 6 müştərək monoqrafiyanın həmmüəllifidir. 

“Əlvida, Cəmilə” mahnısının sözlərini isə sifarişlə yazdığını dilə gətirir…

 

“Bu şeir bir oğlanın Cəmilə adlı bir qıza olan sevgisidir. Sifariş alıb yazmışam. Onun hisslərini özümdə ani olaraq təsəvvür edib, ayrılığı necə təsvir etmək olarsa, o cür də qələmə almışam. Mənim şeirlərim içərisində nə qədər özümə aid olmayan, başqalarının hekayətini əks etdirən şeirlərim, mahnı mətnlərim var. Mənim bir mahnı mətnim var ki, musiqisini Nadir Əzimov yazıb. Çox gözəl mahnı mətni idi, Rübabə Qarabağlı oxuyurdu. Sonradan o xanım deyəsən burdan köçüb getdi, məncə Türkiyədə yaşyır. Sənətdən də uzaqlaşıb. Sonrakı taleyin bilmirəm. Hətta ona klip də çəkdirib. “Get, mənim ömrümdən, birdəfəlik get”- bir evli oğlanla, subay qızın hekayətini anladırdı. Mənə bir xanım danışmışdı, çox duyğulanmışdım. Ona söz vermişdim ki, sənin sevgi hekayətini bir mahnıya döndərəcəm. Yazdım, Nadir müəllim bəyəndi və mahnı bəstələdi. Rübabə Qarabağlı da ona klip çəkdirib. Onu dinləyənlər elə bilirlər ki, mənim taleyimdir. Əsla, o mənim taleyim deyil.”- söyləyir.

 

 2000-ci ildə Türkiyədə keçirilən I Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb. "Həbs olunmuş sükut", "Rəngsiz göz yaşları", "Sonun başlanğıcı", İraqda nəşr edilən "Kölgəsiz dar ağacları", Türkiyədə işıq üzü görən “Unutdun məni”, "Sahilsiz adam” adlı şeir kitablarının müəllifidir. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunub. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının “Coomert Bekenbaev” adına medala və “Altın diplom”a layiq görülüb. 2015-ci ildə Özbəkistanda yayılan “Kitab dünyası” qəzeti tərəfindən Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin yaxşılaşdırılmasındakı xidmətlərinə görə Fəxri Diplomla və zaman-zaman müxtəlif fəxri fərmanlarla, o cümlədən təşəkkürnamə ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü olub. Bir sözlə, uğurları çoxdur, hamısını sadalasam xeyli vaxt aparar...

 

Deyir ki:- “Mən kitablarıma heç vaxt maddi vəsait xərcləmirəm, xaricdə çap olunan kitablarım isə mükafatlar çərçivəsində işıq üzü görüb. Amma bu gün çoxu özü nəşriyyata vəsait ödəyir ki, mənim kitabımı dərc elə. Sözlərimə, yaradıcılığıma dəyər verənlər sağ olsunlar, mənim kitablarımı pulsuz çap edirlər. Satıb nəsə qazanırlarsa, onların işidir, mən maraqlanmıram.

Cəmiyyətdə qonorar olmalıdır. Mən Türkiyədə keçirilən şeir festivalından qonorar almışdım. Qardaş ölkədəki ənənə burada da olmalıdır. 

Kimsə kitablarını az-çox satır, o da tanışlıqla olur. Kimin çox tanışı varsa, onun da çox kitabı satılır. Bizim ən çox tanınan gənc yazarlarımızdan biri Kəramət Böyükçöldür. Mən həmişə görürəm ki, parklarda kitablarını özü satır. Bazar iqtisadiyyatı ilə çalışan sistemdə bu olmamalıdır. İqtisadçı olduğumdan bilirəm. Nəşriyyat o işləri öhdəsinə götürməli, icra etməlidir. Yazar daha böyük işlərlə məşğul olmalıdır. Fundamental işdən ötrü xırda-para işlərlə məşğul olmalı deyilsən. Azərbaycanda biz bunu görmürük. Nə zaman formalaşacaq, onu da konkret deyə bilmərəm...”

 

...Sakit təbiətli xanımdır, mübahisə etməkdən xoşu gəlmir. Məntiqlə hərəkət etməyi xoşlayır. Əzmkardır, məqsədinə çatana qədər çalışmağa davam edir və qələbə qazanmasa dayanmır. Daxil olduğu mühiti təfərrüatı ilə araşdırıb insanlar haqqında özündə təəssürat yaradır. Onun zehnində gözəl bir tarazlıq var. Nəyin doğru, nəyin yanlış olduğunu yaxşı bilir və ona uyğun hərəkət edir. Məzmunlu adamdır, hər yerdə bu xüsusiyyətini qoruyub saxlamağı bacarır. Verdiyi hər bir qərarda israrlıdır. Xoş və enerjili rəftarı ilə seçilir və ətrafdakı insanların diqqətini çəkir. Bu da onu cazibədar və cəlbedici göstərir. Mübahisə etməyi xoşlamasa da, mübarizədən- öz hüquqlarını müdafiə etməkdən çəkinmir. Olduqca harmonik xasiyyətə malikdir...

 

Düşünürəm ki, bu söhbətimlə sizə alim, şair Rəsmiyyə Sabir haqqında az da olsa məlumat çatdıra bildim. Oktyabrın 5-i Rəsmiyyə xanımın növbəti ad gününü qeyd etdi. Yeni yaşlara yeni uğurlarla!!!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Yalçın Türkaydır.

Şüirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

 

Yalçın Türkay

Təbriz

 

  

GÜNƏŞ BATARKƏN – YALNIZLAŞAN YAŞAM

 

Axşam bürküsündə yalnız qaldıqda

Sonsuz macəralar həndəvərində

Keçir yüz illiyin xatirələri

Ayağın altından addım ataraq.

 

Duymazsan qədrini, gecikər ömür,

“Yalnızlıq” ansızın anlam taparaq.

 

Günəş up-uzaqda bir daha batar,

Şübhə ilə,

Kölgəndən uzaqlaşarsan!

Buludsuz göylərin (indiki “anı”)

Dibindən ahəstə-ahəstə keçər!

 

Günəş up-uzaqda bir daha batar,

Sən isə bir daha yalnızlaşarsan!

Sən isə bir daha yalnız yaşarsan!!...

 

 

 “Ədəbiyyat  və incəsənət”

(08.10.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməsini davam edir. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.

Arzu edək ki qədim türk torpağı olan, qardaş krım tatarlarının yaşadığı bu bölgəyə tezliklə sülh gəlsin.

 

Təkcə  krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin  tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid  yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində  Krım Muxtar  Vilayəti  kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu.

 

Krım yarımadasını gəzmək üçün əslində bütün yollar  paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin  dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).

Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər.  İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən  Yaltaya trolleybusla  40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları  ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə  yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə  ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik  Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir.

Yaltaya gələn insanlar daha çox  dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi:

-Yaltada  qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən  “Qaranquş yuvası”ının indi 103 yaşı var.  Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən  Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü  Albert Tobin  Qayaya sahiblənir, burada taxtadan  ev tikir.  Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar.  Məlum olmayan səbəblərə görə, Tobin  qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi  kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli  baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı  “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid  Şervudu dəvət edir. Şervuddan  qəsri qotik üslubunda tikməsini  xahiş edir.  Şervud öz növbəsində  Fransada məşhur memar  Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də,  fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur.  Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə  qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan  baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə  alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik  rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır.

1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır.  Qaranquş yuvasının qarşısındakı bağ uçulub  Qara dənizə tökülür.  Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val”  rəsm əsərini bu tufandan sonra çəkir.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

 

Rəqsanə Babayeva

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Dövlətlər arasında münasibətlərin ən həssas, amma eyni zamanda ən incə vasitəsi hərbi güc, iqtisadi maraqlar və ya sərt siyasi çıxışlar deyil – mədəniyyətdir. Çünki mədəniyyət sərhəd tanımır, millətlərin ruhunu bir-birinə yaxınlaşdırır, insanların düşüncə və qəlb dünyasına təsir göstərir. Diplomatiyanın sərt, çox vaxt quru dildən ibarət olan üslubuna qarşı, incəsənət və ədəbiyyat insanların qəlbinə işləyən yumşaq gücdür. Məhz buna görə də müasir dövrdə “mədəni diplomatiya” anlayışı dövlətlərin beynəlxalq münasibətlərdə ən təsirli alətlərindən birinə çevrilmişdir.

Azərbaycanın bu sahədə təcrübəsi xüsusilə diqqətəlayiqdir. Çünki əsrlərlə zəngin irsə malik bir xalq üçün mədəniyyət sadəcə estetik zövq deyil, həm də milli kimliyin qorunması və dünyaya tanıdılması vasitəsidir. Muğamdan miniatür sənətinə, aşıq yaradıcılığından caz musiqisinə qədər bizim hər bir incəsənət nümunəmiz diplomatiyada vizit kartı rolunu oynayır.

 

Mədəniyyət – millətin pasportu

 

Dövlətlər özünü dünyaya necə tanıdır? Əlbəttə ki, siyasətçilərin imzaladığı sənədlərlə, iqtisadi güclə, amma bunların hamısı məhdud auditoriyaya təsir edir. Bir xalqın pasportu onun mədəniyyətidir. UNESCO siyahısına daxil edilmiş muğamımız, Xocalı abidələrində əks olunmuş qədim tariximiz, Şuşada bərpa edilən məclislər və teatrlar bizi dünyada sözlə yox, sənətlə tanıdır.

Bu gün Parisdə bir azərbaycanlı musiqiçinin ifa etdiyi muğam, Tokioda nümayiş olunan xalça sənətimiz və ya Berlin festivalında göstərilən filmimiz, rəsmi bəyanatlardan daha çox təsir gücünə malikdir. Çünki sənət səmimidir, o təbliğatdan çox, həqiqəti göstərir.

 

Yumşaq gücün sərt nəticələri

 

Bəzən “yumşaq güc” anlayışı zəiflik kimi qəbul olunur. Halbuki tarix göstərir ki, musiqi, ədəbiyyat və teatr bəzən toplardan daha güclü ola bilir. XX əsrin ortalarında caz musiqisi ABŞ-ın dünyada nüfuz qazanmasında necə rol oynadısa, bu gün də Azərbaycan cazı beynəlxalq arenada ölkəmizi müasir, açıq fikirli bir dövlət kimi tanıdır.

Muğam festivalları, beynəlxalq sərgilər və kino festivallarında iştirak təkcə mədəniyyət hadisəsi deyil, həm də diplomatik uğurdur. Çünki bu tədbirlərdə Azərbaycan yalnız sənətini göstərmir, eyni zamanda öz dəyərlərini, sülh və birgəyaşayış fəlsəfəsini təqdim edir.

 

Qarabağ həqiqətlərinin mədəni dildə ifadəsi

 

Uzun illər işğal altında qalan Qarabağ torpaqları bu gün mədəniyyətin bərpası ilə yenidən həyat tapır. Şuşada keçirilən “Xarıbülbül” festivalı sadəcə musiqi bayramı deyil, həm də dünyaya bir mesajdır: Azərbaycan mədəniyyətlə yaradır, dağıntılardan sonra qurur, barış və sənət gətirir.Qarabağ mövzusunun teatr tamaşalarında, filmlərdə və rəsm əsərlərində işlənməsi həm xalqın yaddaşını möhkəmləndirir, həm də beynəlxalq ictimaiyyətə incəsənətin dili ilə həqiqətləri çatdırır. Sərt siyasi bəyanatlar bəzən qulaq ardına vurulur, amma bir film kadrı, bir muğam sədası yaddaşlardan silinmir.

 

Ədəbiyyatın diplomatik missiyası

 

Ədəbiyyat tərcümələr vasitəsilə sərhədləri aşır. Nizami Gəncəvi, Füzuli və Nəsimi əsrlər boyu Şərq və Qərb arasında körpü rolunu oynayıb. Bu gün müasir yazıçılarımızın əsərləri də müxtəlif dillərə çevrilərək Azərbaycan haqqında təsəvvür yaradır.

Bir roman diplomatik müstəvidə ölkəni daha dərindən tanıdır: insanlar siyasətçilərin çıxışlarına deyil, yazıçıların hekayələrinə inanır. Bu mənada, dövlətin yazıçı və tərcüməçilərə verdiyi dəstək, milli ədəbiyyatın dünyaya çıxışı üçün əvəzsizdir.

 

Teatr və kino – səhnədə diplomatiya

 

Teatr tamaşası bir millətin ruhunu göstərir. Azərbaycan teatrı uzun illərdir ki, beynəlxalq festivallarda çıxış edir və bu çıxışlar dövlətlərin mədəni dialoquna çevrilir.

Kino isə müasir dövrdə ən güclü mədəniyyət diplomatiyası vasitəsidir. Bir filmin beynəlxalq festivalda göstərilməsi minlərlə tamaşaçıya, yüzlərlə tənqidçiyə və jurnalistə birbaşa mesajdır. Qarabağ, multikulturalizm və milli irs mövzularında çəkilən filmlər Azərbaycanı dünyaya tanıtmaqda mühüm rol oynayır.

 

Gənc nəslin rolu

 

Mədəni diplomatiyanın gələcəyi gənc sənətçilərin əlindədir. Onlar sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə ölkəmizi daha geniş auditoriyalara tanıda bilirlər. Bu gün Londonda caz ifa edən bir azərbaycanlı gənc musiqiçi, Parisdə rəsm sərgisi açan bir tələbə rəssam və ya Berlində qısa film nümayiş etdirən bir gənc rejissor əslində diplomatik missiyanı yerinə yetirir.

Dövlətin bu gənclərə yaratdığı imkanlar, onların beynəlxalq səviyyədə dəstəklənməsi Azərbaycanın gələcək mədəni diplomatiyasını daha güclü edəcək.

 

Mədəniyyət və diplomatiya bir-birindən ayrılmazdır. Diplomatiya xalqları yaxınlaşdırmaq üçün çox vaxt mədəniyyətin dilinə möhtac qalır. Azərbaycan bu sahədə zəngin irsi və güclü yaradıcı potensialı ilə dünyada öz yerini möhkəmləndirir.

İncəsənət hər zaman sülhün, anlaşmanın və birgəyaşayışın vasitəsi olub. Azərbaycan da bu prinsiplə dünyaya özünü təqdim edir: biz müharibədən sonra belə yaradırıq, dağıntılardan sonra sənətlə qururuq, düşmənçiliyi yox, harmoniyanı tanıdırıq.

Dövlətin diplomatiyası sərt çıxışlarla deyil, incə muğam sədaları, xalçaların naxış dili, kinonun parlaq kadrları ilə daha güclü olur. Bu, Azərbaycanın həm gücü, həm də üstünlüyüdür.

Çünki tarix sübut edib: mədəniyyət unudulmur, incəsənət silinmir, ədəbiyyat həmişə qalır.

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

Çərşənbə, 08 Oktyabr 2025 14:04

ANAR, “Yağış şeiri”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

YAĞIŞ ŞEİRİ

 

Yağış tikir yeri göyə,

Ağacları, adamları,

yastı-yapalaq damları

Vura-vura, döyə-döyə,

İynə-iynə, lülə-lülə,

İlgə-ilgə, gilə-gilə.

Yağış göyü yerə tikir.

Torpağa damlalar əkir,

Göy – yaş, yer – yaş,

Yağış yağır yavaş-yavaş,

Xəlbirdən süzülür yağış,

Göylərdən üzülür yağış,

Quru yer yox bircə qarış,

Hər yer nəmdi, hər yer yaşdı,

Hovuz, ləyən aşdı-daşdı,

Yağır dağa, daşa yağış,

Yaş üstünə yaşa yağış,

Var ol, yağış, yaşa, yağış,

Bircə sənsən mənə tanış.

                     19 oktyabr 2004

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“İtkin gəlin və “Əfsanəsiz illər”... Sovet dönəmində tirajı 100 minə çıxan bu kitabları oxumayan əsla qalmamışdı. Təkrar nəşrlər sıralanır, kitab əllərdən düşmürdü...

Amma indi bu yazıçı unudulubdur, daha kitabları da çıxmır...

Bu il avqust ayında 90 illiyi də izsiz keçdi...

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əfqanıstanda mütərcimlik edib.

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2003-2008-ci illərdə VHP Ali Məclisinin üzvü olub. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..

1980-ci illərin ikinci yarısında Ə. Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunan monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.

 

Kitabları

1. Heykəl gülür (hekayələr)

2. Unutmaq olmur (povest)

3. Məhəbbət olmayan evdə (povestlər)

4. Fərruxi Yəzdinin poeziyası

5. Cehiz (hekayələr)

6. Pəhləvan (hekayələr)

7. Təyyarə kölgəsi (roman)

 

Əsərləri

1. Möcüzə

2. Yandırılmış Adam

3. Əlibala Hacızadə

4. Dünyanı Tanı

5. Vəfalım Mənim

6. Əfsanəsiz İllər

7. İtkin Gəlin

8. İnam

 

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

8 oktyabr 2009-cu ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

 

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.

Azərbaycan Ədəbiyyat Fondu@

 

POEZİYA

 

FƏRİD HÜSEYN

 

DAŞ QAZAN

 

Yanmış kibrit çöplərinə baxıram:

başından kül olmağın kədəri bürüyür könlümü...

Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı -

eynən kibrit çöpləri kimi...

 

Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,

Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?

Oğlumun gözlərindən başqa

sürətim hər yerdə kiçilir.

 

Ölüm ayağındaymışam kimi

itirib bütün mənasını sirlərim.

Qəlbimin daşlığında boğuldu

tumar çəkməyə həsrət əllərim.

 

Könlümdə qiyama qalxıblar

dilimdəki qullar...

Sizə ölüm yoxdur, ey unutmadıqlarım...

Daş qazandır yaddaşım - gec qızar, gec soyuyar.

 

 

TALE YORĞUNU

 

Çoxumuz yorulduq taleyimizdən,

çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.

Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş

insanlara necə kömək əli uzadasan?

Qaralmış üzlərə baxmaqdan

qançır olmuş bəbəklərin əllərindən

matəm yaylıqlarını hansı haqla alasan?

 

Axar sular surətlərimizi

korların qabağına tökdü,

heç kəs tanımadı bizi, dünya!

Özünü də itirdin, bizi də...

 

Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.

Qiyamət günə qurulmuş saatlar yatdı.

Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?

Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?

On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?

Ananın qocalmasıyla barışmaq üçün

onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?

Yalana şeir donu biçənlərin parçasının pambığı

ölü dillərin kəfəni deyildimi?

Səni tanıyandan sonra,

kitabların üz qabığının hasarından

həqiqət çökəkliyinə yıxılmağa alışdıq.

Yarlı-yaralı su içdik, dünya! -

Özünü də öldürdün, bizi də!

 

 

“VƏFA” SÖZÜNÜ İLK DƏFƏ EŞİDƏRKƏN...

 

Eşitdim qovulmusan yer üzündən,

amma çox qala bilməzsən getdiyin yerdə

qayıdacaqsan qəlbinin ardıyca.

Qayıt, yer tap özünə öz ömründə...

 

Dilindən "Allah" sözü düşməyən bir riyakarı

bir topa pulu sayarkən görmüşdüm.

Əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.

Orda Allahdan əsər-əlamət yox idi.

 

Sən ki, "vəfa" sözünü eşidəndə

qulaqlarını tutub qaçan adamsan...

Yerini yaxşı bilirəm.

Pul sayanların əllərinin sürəti ilə

gözlərinin ehtirasının toqquşduğu yerdəsən.

Ən doğma günlərin dərdinə arxa çevirmisən,

yox olmusan,

gücünü arsızlıqdan alan zamana yoluxmusan...

 

 

CƏSARƏT GİLEYİ

 

Bu dəfə bircə sən yox idin həmişəki görüşdə

və hər şeyin əvvəlki kimi olması

yaman üzdü məni,

sanki qorxaqcasına

səni unutmağımızı bayram edirdi işıqlar,

sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.

 

Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,

kimsə gəlməyəydi,

birimizin halı pisləşəydi,

amma olmadı.

Dostlar şərab süzdü

və hər şeyin əvvəlki kimi olması

məni yaman üzdü.

 

Sənin baş qəhrəmanı olduğun

lətifəni danışdılar adını çəkmədən,

arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.

Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə

və mənim bağrımın başı göynədi

hər şey əvvəlkitək davam etdiyinə görə.

 

Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –

dağılışdıq evə.

Mənsə üzümü qaranlığa tutub pıçıldadım:

xatirələrini halal elə.

 

 

GÖZƏL XANIMLARIN QOCALMASI

 

Nədənsə heç qəbul edə bilmirəm
gözəl xanımların qocalmasını.
Boynunun altında şırım qırışı
dəbli şallar ilə sarımasını.

 

Qabaran damarlar əlin üstündə
sanki qocalığın xəritəsidir.
Alaca gözlərin altında tuluq –
“Geriyə yol yoxdur” – işarəsidir.

 

Enib dik dabanın göydələnindən
yastı dabanların zirzəmisinə.
Sözlərə işvəylə zinət vurmurlar,
əda od ələmir səs zəmisinə.

 

Kənar baxışları sezmirlər daha
itir duyumları, itir hissləri.
Hamımız bir bezin qırağıyıqmış, –
daha ayırmırlar yaxşı-pisləri.

 

Boyasız dırnaqlar qalınlaşaraq
hamısı qayıdıb öz rənglərinə.
Min cür saç rəngindən qisas almaqçün
yaxşı fürsət düşüb ağın əlinə.

 

Çoxdan xəyal kimi çəkilibdirlər
bir vaxt hər görüşə gül gətirənlər.
Qocalar evində nərd oynayırlar
masaya haçansa ləçək səpənlər.

 

Hərdən cavanlığı salaraq yada,
şaqqanaq çəkirlər yenə ucadan.
Ürəkdən gəlməyən gülüş tez sönür
sanki sısqa tüstü çıxır bacadan.

 

Töküb şəkilləri qarşılarına
bəzən özlərinə çəkirlər həsəd.
İtmiş gözəlliyi kim xatırlasın?
Qocada yaddaş yox, cavan nabələd.

 

Qocalıq azadlıq verir onlara.
gözəllik məhbəsmiş, gözəllər məhbus.
Bugünkü ağ saçlı qadına baxsan
dünənini düşün! Əfsus, səd-əfsus...

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

 

33 -dən səhifə 2502

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.