“Ədəbiyyat və incəsənət” portalının “İsti-isti” rubrikasında mürəkkəbi qurumayan şeirlərin dərcini davam etməkdəyik. Bu gün sizlərə Adilə Nəzərin “Şuşanın azadlığı” şeiri təqdim edilir. Şeirin yazılma tarixi 25.11.2025-dir.
Adilə Nəzər
ŞUŞANIN AZADLIĞI
I
Gün doğarkən səmanın çəkildi göy pərdəsi,
Açıldı boz dumandan uca Kirsin zirvəsi.
Sıldırım qayaların qoynunda sübh oyandı,
Şuşa bir çələng kimi rəngdən-rəngə boyandı.
Hava bir az mülayim gül ətirli yaz kimi,
Ötdü gur şəlalələr hərəsi bir saz kimi.
Köhnə qala divarı don vurmuş bir ürəklə,
Baxdı Cıdır düzünə gümüşü bir küləklə.
Ətdən divar hörülüb düşmən gələn tərəfə,
Qaranquş qanadı tək əsgərlər durub səfə.
Köhnə evlərin üstə gülümsəyir daş izlər,
Nəfəsimizdən duyur bizi meşələr, düzlər.
Qızılı səhər şehi, dağdan axan işıqlar,
Bir vaxt dastan deyərdi bu yerlərdə aşıqlar...
Bu torpaq yuxu kimi illərlə əsir qalmış,
Həsrətin dərinliyi indi tamam azalmış.
Oldu, bəli, otuz il yurdum düşdü dumana,
Kölgəsiz günəş yoxdur gecəni tanıyana...
Şuşanın qəlbi atır indi şəfəq qatında,
Xarıbülbül titrəyir təzə qarın altında.
II
Noyabrın nəfəsi, azadlığın havası,
Şuşa susqun dayanıb, ürəyində yarası.
Hər ev bir yuxu kimi, hər pəncərə hikmətli,
Hər daşında tarix var, hər sükutu xəlvətli.
Düşmən qorxu içində, yuxusunda sayıqlar,
Qarabağ oğulları yuxu bilməz – ayıqlar.
Səngərlərdə pıçıltı: “Bu gün çətindən çətin!”
“– Türk gəlir… bu sükut da gələn o fəlakətin!”
Bütün Qarabağ boyu dalğalanır bir nəfəs,
Qan rəngi alıb torpaq, təravətli bir həvəs...
Sıldırım qayalarda əsgər hazır dayanmış,
Şuşa azad olacaq – xalq zəfərə oyanmış!
III
Yurdu cəngə səsləyir atların kişnəməsi,
İgid döşü titrəyir, dağlara dəyir səsi!
Dumanları yararaq şimşək kimi axanlar,
Bayrağı qucaqlamış zirvəyə şığıyanlar!
Köpüklü nəfəs kimi qarışır torpaq daşa,
Addım-addım qayıdır azadlığına Şuşa.
Güllə səsi, atəş var, tüstü, odlar-alovlar,
Hər addımda bir tarix ölər, biri doğular.
Hər qayada iz açır mərdlərin polad əli,
Xocalının alınır on qatdan çox bədəli...
Şuşa özü vuruşur elə bil igidlərlə,
Əl-ələ verib qalxır min illik təpə, dərə.
Düşmənin son ümidi son dəfə dəyir daşa,
“Duma”nın binasından asır bayrağı Yaşar![1]
Bayraqım dalğalanır, zirvələrdə ucalır...
Mavi, qırmızı, yaşıl... - Vətən burdan güc alr.
Dağlara düşür nida: “Şuşa azaddır!”- deyir,
Bu çığlıqla oyanır yuxusundan Üzeyir...
Gurlar səs: “Qarabağ Azərbaycandır, nida!”,
Ali Baş Komandanın səsi verir əks-səda...
IV
Ey zirvəsi buludla baş-başa duran şəhər,
Sənə doğur bu günəş, sənə açılır səhər!
Ey igidlər, Şəhidlər, Qarabağ ulduzları,
Şəhidliyizdən keçdi bu xalqın arzuları.
Düşmənin qabağında dayandınız mərd, mətin,
Möhtəşəm dastanını siz yazdız ədalətin.
Ey Şuşa, ərənlərin alınmaz qalan olsun!
Səni qoruyan ruha əbədi salam olsun!
Hər qarış torpağında Xarıbülbül boy atsın!
Qəhrəmanlar adıyla nəsil artsın, soy artsın!
Qarabağın incisi, nurdan taclı sirdaşı,
Türkün gözəl Şuşası – qız-gəlinin göz yaşı.
Artıq səni islatmaz – yağmaz üstünə tamah,
Səni sevir azadlıq, səni qoruyur sabah!
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)


