Super User

Super User

 

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fonduna müşahidəçi dövlət statusunda qoşulması ilə bağlı mühüm qərar qəbul edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

 

Qeyd etməliyik ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin təşəbbüsü və bütün Türk Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır.

Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının zəngin mədəniyyətinin və irsinin qorunub saxlanılması, öyrənilməsi və beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

Cümə axşamı, 09 Oktyabr 2025 15:05

Toxuna bilmədiyimiz anlar – ESSE

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Necə ki, bəzi həyatlar insanı naşükürlüyə sürükləyir, elə bəzi həyatlar da insana şükür etməyi öyrədir. Hər insan kimi, hər yaşam da fərqlidir. Bu fərqli yaşamın içində hər şey çox tez dəyişikliyə uğrayır. Dünən xəyalını qurduğun arzunu bu gün arzulamırsan. Bu gün xoşbəxtlik adlandırdığın sabah səni darıxdıran bir adətə çevrilə bilər.

 

İndi insan həyatlarını, onların yaşam döngüsünü görmək daha asandır. Bir zamanlar sadəcə yaşadığımız toplumun içindəki insan həyatlarından xəbərdar ikən, indi kütləvi şəkildə inkişaf edən sosial media platformaları dünyanın hər yanındakı yaşam şəklini əlimizin altına gətirib.

Bu görüntü bəzən şükür, bəzən də narazılıq doğurur. Bəzən əlimizdəkilərə möhkəm sarılmağımıza, bəzən isə əlimizdəkilərin ovucumuzdan süzülüb getməsinə səbəb olur. Hər ikisi bir seçimdir. Hər ikisi seçimlərimizin yaratdığı bir həyatdır.

Tezləşən zaman axınıyla bir yerdə insanların duyğuları, arzu və istəkləri də dəyişir. Bu sürətli yaşam bəzi anlara kölgə salır. Heç xəbərimiz olmadan, anidən əsən xəfif bir külək kimi önümüzdən keçir o anlar – toxuna bilmədən, dəyərini anlamadan.

Sonra isə geriyə dönüb baxanda anlayırıq ki, həmin külək əslində bizə xoşbəxtliyi hiss etdirən nəfəs imiş. Hər şey keçir, amma hər şey geri qayıtmır. Gec qaldığın şeylərə bir daha yetişə bilməzsən. Çünki bəzi şeylər bir dəfə yaşanır.

Nə o külək yenidən əsər, nə də sən əvvəlki sən olarsan. Hər şey vaxtında yaşananda yox, vaxtında dəyər görəndə gözəldir. Dəyərlərə sahib olmayan bir cəmiyyət bu dünyada nə üçün var olduğunu hiss etməz. Nə əsən küləyin, nə yerə düşən yarpağın, nə də səmada süzən buludların nə gətirdiyini heç zaman bilməz. İnsan yalnız o zaman xoşbəxtdir ki, həyatına dəyər qatır və o dəyərin toxumlarını getdiyi hər yerə səpir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Tarixdə 9 oktyabr günü hansı hadisələrlə yadda qalmışdır? Təqvimə nəzər yetirəndə xüsusi qeyd edilmiş bu hadisələr diqqətimi şəkdi:

 

Ümumdünya Poçt Günü və Azərbaycan poçt tarixi

9 oktyabr Ümumdünya Poçt Günü kimi beynəlxalq səviyyədə qeyd edilir.  Azərbaycan 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ) üzv olmuşdur və ölkədə bu gün poçt xidmətləri sahəsində peşə bayramı kimi qeyd edilir.

Hangul əlifbasının yaradılması (1446) — Koreya kralı Böyük Seconq tərəfindən Koreya dili üçün xüsusi əlifbanın (Hangul) hazırlanması elan edilmişdir.

Ugandanın müstəqilliyi (1962) — Bu gün Uganda Böyük Britaniyadan müstəqilliyini elan etmişdir.

Elektrik enerjisinin Boulder bəndindən Los-Ancelesə ötürülməsi (1936) — Hoover Dam (Boulder Dam) layihəsindən elektrik enerjisinin Los Anceles şəhərinə nəql edilməsinə başlanıb.

Çe Gevaranın edam edilməsi (1967) — Argentinalı-kubalı gerilla lideri Ernesto Şe Givara bu gündə Boliviya ordusu tərəfindən ələ keçirilərək edam edilmişdir.

“Washington Monument”ın ilk dəfə ictimaiyyətə açılması (1888) — ABŞ-da Vaşinqton abidəsi bu gündə ziyarətçilərə açılmışdır.

 

Bu gündə doğulan tanınmış şəxslər

Aşağıdakı şəxslər 9 oktyabrda doğulublar:

John Lennon — İngilis müğənni və bəstəkar, Beatles qrupu üzvü.

Guillermo del Toro — Meksikalı kinorejissor, fantastik və qorxu elementləri ilə tanınır.

Sharon Osbourne — İngiltərə/ABŞ televiziya fiquru, menecer, şou-biznes ailəsindən.

 
 

David Cameron — Böyük Britaniyanın keçmiş baş naziri.

 

Léopold Sédar Senghor — Seneqalin ilk prezidenti, şair və filosof.

 
       

 

Bu gündə vəfat etmiş tanınmış şəxslər

Bir neçə önəmli şəxs 9 oktyabrda dünyasını dəyişmişdir:

OskarSchindler — çex-almaniş adamı, İkinciDünyaMüharibəsizamanı yəhudilərixilasetmişdir (Tarixdə məşhur Şindler siyahısının müəllifi).

Felix Wankel — alman mühəndis, Wankel mühərriklərinin ixtiraçısı

Clare Boothe Luce — Amerika dramaturq, siyasətçi.

 

 

9 oktyabr – Azərbaycanda tarixdə baş vermiş mühüm hadisələr

Hadrutun və ətraf kəndlərin azad edilməsi (2020)

2020-ci ilin 9 oktyabrında II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Xocavənd rayonunun Hadrut qəsəbəsi və ona bitişik kəndlər — Sur, Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər, Qışlaq, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı və Tərtər rayonunun Çaylı kəndi Ermənistan işğalından azad etmişdir

Bu uğur strateji və simvolik əhəmiyyət daşıyır; Azərbaycan rəhbərliyi bu günü “Hadrutun və Qarabağın yeni dövrünün başlanğıcı” kimi xarakterizə etmişdir.

Azad edilən ərazilərlə bağlı dövlət başçısının müraciətləri və xalqla görüşlər olmuşdur.

Milli Ordu Gününün əvvəlki illərdə qeyd olunması

Uzun illər ərzində 9 oktyabr Azərbaycanda “Milli Ordu günü” kimi qeyd olunurdu.

Lakin 1998-ci ildə prezident Heydər Əliyev fərmanla Silahlı Qüvvələr günü olaraq 26 iyun – Xalq Cümhuriyyəti Ordusunun yaranma tarixi – gününü müəyyən etmişdir, dolayısı ilə 9 oktyabr Ordu günü kimi qeyd edilmə statusunu itirmişdir.

 

Digər mühüm hadisələr

1992-ci ilin 9 oktyabrında Bakının Azadlıq meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib.

1997-ci ilin 9–10 oktyabrında Strasburqda keçirilən Avropa Şurası zirvə görüşü çərçivəsində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova prezidentləri arasında GUAM əməkdaşlıq platformasının yaradılması qərara alınmışdır.

2008-ci ilin 9 oktyabrında Bakı metrosunda yeni stansiya — “Nəsimi” stansiyası açılmışdır.

2013-cü ilin 9 oktyabrında Azərbaycanda prezident seçkiləri keçirilmiş, İlham Əliyev növbəti müddətə dövlət başçısı seçilmişdir.

 

Doğulan və vəfat edən şəxslər

Doğulanlar

1910-cu ildə -  Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov anadan olmuşdur.
 1958-ci ildə – Azərbaycanın Milli Qəhrəmanı Yunis Əsgər oğlu Əliyev 9 oktyabrda, Goranboy rayonunun Qızılhacılı kəndində dünyaya gəlmişdir.
 1946-cı ildə – azərbaycanlı kinoprodüser və kinooperator Kənan Məmmədov anadan olmuşdur.

Vəfat edənlər
 1944-cü ildə – general-mayor, şərqşünas alim, Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirinin müavini olmuş Məhəmməd Sadıq bəy Ağabəyzadə Lvovda vəfat etmişdir.
 1980-ci ildə – Azərbaycanın ilk qadın fəlsəfə elmləri doktoru, professor Şükufə Mirzəyeva bu gün dünyasını dəyişmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Cümə axşamı, 09 Oktyabr 2025 11:33

Dünya kino dahiləri – Federiko Fellini

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mənimçün ən böyük kino dahisi Federiko Fellinidir. Məşhur italyan rejissor. O rejissor ki, adını ilk dəfə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında görmüşəm. Orada Zaur Təhminənin dalınca Moskvaya gedəndə özünü ağıllı göstərmək üçün rejissor Muxtara deyir ki, Fellini barokkodan rokokkoya keçibdir…

 

Federiko Fellini (20 yanvar 1920 – 31 oktyabr 1993) XX əsr Avropa və dünya kinosunun ən tanınmış və nüfuzlu rejissorlarından biridir. Onun filmləri realist elementlərlə fantastik, simvolik və bəzən absurd səhnələri ustalıqla birləşdirir. Fellini kino tarixində özünəməxsus üslub yaratmış rejissorlardan biridir və onun adı artıq bir estetikaya çevrilmişdir – “felliniesque” (fellinivari).

Federiko Fellini 1920-ci ildə İtaliyanın Rimini şəhərində doğulub. Gəncliyində jurnalist və karikaturaçı kimi fəaliyyət göstərib. 1940-cı illərin əvvəllərində Roma şəhərinə köçüb və burada ssenari yazarı kimi film sənayesinə daxil olub.

Fellini ilk dəfə məşhur italyan rejissoru Roberto Rossellini ilə işləyərək “Roma, Açıq Şəhər” (1945) filminin ssenarisi üzərində çalışıb. Bu dövr onun neorealist kinematoqrafiyaya marağını artırıb, lakin sonradan öz şəxsi, daha simvolik və surrealyönlü tərzinə keçid alıb.

 

Ən Məşhur Filmləri

1. "La Strada" (1954)

Fellininin beynəlxalq şöhrət qazandığı ilk böyük filmi sayılır. Film sirk artisti Zampano ilə sadəlövh qız Gelsominanın kədərli hekayəsini izah edir. “La Strada” ilk “Ən Yaxşı Xarici Film” Oskarını qazanıb və Fellinini dünya kino arenasına çıxarıb.

2. "Nights of Cabiria" (1957)

Bu film Romada yaşayan fahişə qadın Kabiriyanın həyatını izləyir. Fellini yenə sosial mövzuya toxunaraq dərin emosional və humanist portret təqdim edir.

3. "La Dolce Vita" (1960)

Fellinini dünya miqyasında tanıdan filmlərdən biri. Roma həyatının parıltılı, lakin boş tərəflərini göstərir. “Paparazzi” termini də məhz bu filmdəki bir personajın adı ilə məşhurlaşmışdır.

4. "8½" (1963)

Bəlkə də Fellininin ən çox qiymətləndirilən əsəridir. Rejissor tıxacı yaşayan bir sənətkarın daxili dünyasını əks etdirir. Film özündə avtobioqrafik elementlər daşıyır və metakino, yəni, kino haqqında kino nümunəsidir.

5. "Amarcord" (1973)

Fellininin uşaqlıq illərinə qayıtdığı nostalji dolu bir filmdir. “Amarcord” dialektdə “mən xatırlayıram” deməkdir. Bu film Rimini şəhərindəki həyatın absurd, komik və nostaljik detallarını təqdim edir.

 

Federiko Fellini realizmlə fantastikanı birləşdirən rejissorlardan biridir. Onun filmlərində tez-tez yuxu səhnələri, simvollar, karnaval atmosferi və dərin psixoloji təhlil rast gəlinir. O, insan təbiətinin zəifliklərini, xəyallarını, qorxularını və arzularını unikal tərzdə göstərməyi bacarıb.

Onun filmlərində qadın obrazları xüsusilə diqqət çəkir – bəzən ilahə kimi təsvir olunan, bəzən isə sadəlövh və məsum görünən qadınlar Fellininin yaradıcılığında xüsusi yer tutur.

Fellini 4 dəfə “Ən Yaxşı Xarici Film” Oskarı qazanan yeganə rejissordur. 1993-cü ildə isə Amerika Kino Akademiyası ona “Həyat Nailiyyəti üçün” fəxri Oskar mükafatı verdi. Onun filmləri dünya kinosunun inkişafına güclü təsir göstərmiş və bir çox rejissor – Martin Scorsese, Pedro Almodóvar, David Lynch və digərləri – onun üslubundan ilham almışlar.

Federiko Fellini yalnız bir rejissor deyil, həm də kino dili ilə düşünən bir sənətkardır. Onun filmləri insana öz daxilinə baxmaq imkanı verir, yuxularla gerçəklik arasında incə sərhədləri yox edir.

Fellini kinematoqrafiyanın sərhədlərini genişləndirmiş və onu yüksək sənət səviyyəsinə qaldırmış rejissorlardan biridir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Cümə axşamı, 09 Oktyabr 2025 14:36

Qazaxıstanda Turan Akademiyası yaradıldı

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bizim ailəmiz türk ailəsidir. Və bu ailənin inteqrasiyası üzrə hər bir yenilik ürəkləri riqqətə gətirir. Növbəti turan dünyası ilə ilgili xəbəri Qazaxıstandan almışıq. 8 oktyabr 2025-ci il tarixində Qazaxıstanın Almatı şəhərində yerləşən “Turan” Universitetində Turan Akademiyasının təntənəli təsis konfransı keçirilib. Mərasimdə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və İrandan tanınmış alimlər, ictimai-mədəniyyət xadimləri, diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Turan Akademiyasının Azərbaycandan olan qurucu üzvü — Hədəf Şirkətlər Qrupunun qurucu-direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq də təsis konfransında iştirak edibdir. Biz Şəmil Sadiqdən konfransla bağlı bilgilər alaraq oxucularımızla bölüşürük.

Akademiyanın missiyası türk ölkələrinin alim və ictimai xadimlərini birləşdirərək ortaq elmi-mədəni məkan formalaşdırmaq, türk sivilizasiyasının zəngin irsinin tədqiq və təbliğini gücləndirmək, eləcə də gənc tədqiqatçıların elmi potensialını artırmaqdır.

Tədbirin moderatoru “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, PhD, dosent, Turan Akademiyasının vitse-prezidenti Gülcanat Yubatqanqızı Tayauova olub. Açılışı Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstanın Əməkdar xadimi Rahman Alşanov və Akademiyanın həmsədri, Türk Xalqları Şurasının sədri, ictimai xadim Mahmut Oral elan ediblər. Mərasim çərçivəsində Akademiyanın yeni üzvlərinə diplomlar təqdim olunub, iştirakçı ölkələrin rəsmi nümayəndələri, alimlər və ictimai xadimlər təbrik çıxışları ediblər.

Şəmil Sadiq mərasimdə çıxış edərək, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Azərbaycanda toplaşdığı bir vaxtda Qazaxıstanda, məhz “Turan” Universitetində Turan Akademiyasının təsisini önəmli hadisə hesab etdiyini vurğulayaraq və alqışladığını bildirib. O, Turan Akademiyasının nəzdində “Turan Uşaq Akademiyası”nın Azərbaycanda Hədəf Şirkətlər Qrupu tərəfindən qurulmasını təklif edib: məqsəd məktəbdən başlayaraq gənclər arasında elmi marağı gücləndirmək, şagirdlər arasında elmi əlaqələri və dostluqları genişləndirməkdir. Təklif Akademiya üzvləri tərəfindən müsbət qarşılanıb. Sonda Şəmil Sadiq böyük filosof-şair Hüseyn Cavidə həsr etdiyi “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” adlı monoqrafiyanı universitetin rektoruna təqdim edib.

 

Turan Akademiyasının tam üzvləri seçilən şəxslər aşağıdakılardır:

 Raxman Alşanov – Turan Akademiyasının prezidenti, iqtisad elmləri doktoru, professor, “Turan” Universitetinin rektoru, Qazaxıstan Respublikasının Əməkdar xadimi;

Mahmut Oral – Turan Akademiyasının həmsədri, Türk Xalqları Şurasının Baş sədri (Türkiyə);

Güljanat Jubatqanqızı Tayauova – Turan Akademiyasının vitse-prezidenti, “Turan” Universitetinin beynəlxalq əlaqələr və doktorantura üzrə prorektoru, fəlsəfə üzrə PhD, dosent, Qazaxıstan Respublikası İqtisadi Elmlər Akademiyasının akademiki;

Ali Kılıç – yazıçı, jurnalist, ictimai və siyasi xadim, “Turan” Universitetinin Müşahidə Şurasının üzvü (Türkiyə);

Adil Axmetov – filologiya elmləri doktoru, professor, siyasətçi, diplomat, Qazaxıstanın Əməkdar xadimi;

Vedat Köle – Qədim Türk Akademiyasının prezidenti (Türkiyə);

Abdıldajan Akmataliev – filologiya elmləri doktoru, professor, Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki;

Şəmil Kamil oğlu Sadıqov – PhD, dosent, Hədəf  Şirkətlər Qrupunun qurucu direktoru (Azərbaycan);

Almasbek Maulenov – filologiya elmləri doktoru, professor, türkoloq, Jambıl adına Filoloji Tədqiqatlar Mərkəzinin direktoru (Qazaxıstan);

Asan Turabayev – akademik Ə. Kuatbekov adına Xalqlar Dostluğu Universitetinin professoru, Qazaxıstan Jurnalistlər İttifaqının üzvü, “Əməkdə fərqlənməyə görə” medalı laureatı (Qazaxıstan);

İlesbek Bayjanov – mühəndis, iqtisadçı, jurnalist, yazıçı, “Aqyqat – 1” İctimai Birliyinin sədri (Qazaxıstan);

Ulıqbek Yesdəulet – şair, ədəbiyyatşünas, publisist, Qazaxıstanın Əməkdar xadimi;

Yüksel Yalova – Türk-Fransız Mədəniyyət Cəmiyyətinin sədri, Okan Universitetinin Müşahidə Şurasının üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq sədr müavini (Türkiyə);

Semih Güneri – arxeoloq, professor, akademik, yazıçı (Türkiyə);

Sacid Turanlı – PhD, professor, Qazi Universitetinin Ortopediya və Travmatologiya kafedrasının sabiq müdiri (Türkiyə);

Osman Karatay – tarix elmləri professoru, akademik, Egey Universiteti (Türkiyə);

Nedjati Demir – filologiya elmləri professoru, türk dili və ədəbiyyatı üzrə mütəxəssis, Qazi Universitetinin kafedra müdiri (Türkiyə);

Hilmi Özden – tibb elmləri doktoru, professor, Eskişehir Osmangazi Universiteti Türk Dünyası Tədqiqat və Tətbiqetmə Mərkəzinin rəhbəri (Türkiyə);

 Ekrem Memiş – professor, tarixçi, tədqiqatçı və yazıçı, Türkiyə və Yaxın Şərq tarixi üzrə mütəxəssis (Türkiyə);

Berdi Sarıyev – filologiya elmləri doktoru, professor, Ankara Universitetinin Müasir Türk Dilləri kafedrasının müəllimi, Atatürkün “Nutuk” əsərini türkmən dilinə tərcümə edən alim (Türkmənistan);

Mehmet Ali Esmer – Trakya Universitetinin Memarlıq fakültəsinin professoru, Mimar Sinan Fondunun sədri (Türkiyə);

Babək Cavanshir – dosent, tarixçi, türkoloq, İran türklərinin tarixi və mədəniyyəti üzrə tədqiqatçı (İran);

Rasul Axmetov – Qazaxıstan Xalqları Assambleyası sədrinin müavini, İctimai Diplomatiya Fondunun prezidenti, “Ahıska” türk etnomədəni birliyinin sədr müavini (Qazaxıstan);

Feruza Cumaniazova – tarix elmləri doktoru, türkoloq, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi (Özbəkistan);

Nurettin Çakır – PhD, tarix və coğrafiya müəllimi, türk dili tədrisi və tərcümə sahəsi üzrə tədqiqatçı (Türkiyə).

 

Mərasimdə Akademiyanın loqotipi də təqdim olunub. Loqotipin İdeya müəllifi Raxman Alşanov, qrafik dizayneri Murat Çevikdir. Loqotipin bədii həlli qədim türk qayaüstü təsvirlərindən ilhamlanır və Turan coğrafiyasının sakral rəmzlərini əks etdirir.

Turan Akademiyası türk xalqlarının elmi və mədəni əməkdaşlığını dərinləşdirməyi hədəfləyən beynəlxalq platformadır. Açılış mərasimi gələcək birgə tədqiqat layihələri, konfranslar və gənclər üçün elmi proqramların həyata keçirilməsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Cümə axşamı, 09 Oktyabr 2025 12:00

Biri ikisində Şəlalə Camalın şeirləri ilə

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şəlalə Camalın şeirləri  təqdim edilir.

 

                                                                 

 

Həsrətdən buz kimiyəm,

Az qaldım ki, əriyəm.

Eşqindən lap dəliyəm,

Mən səni sevmirəm ki...

 

Yana-yana kül oldum,

Xəzan kimi sovruldum.

Sevincim də yarımdı,

Mən səni sevmirəm ki...

 

Qəlbimdə qəm bitirdim,

Gözümdə nəm yetirdim.

Bədənə ruh gətirdim,

Mən səni sevmirəm ki...

 

 

***

 

Demədim "yuxuma gəl gecə yarı",

Gördüyüm kabuslar çin olar birdən.

Mənim də, şairin dediyi kimi:

"Dəli bir ağlamaq keçir könlümdən".

 

Sənsizlik içimdə qopan fırtına,

Sənsizlik içimdə çökən sükutdur.

İnsan ürəyini daşa döndərən,

De, kimi qınayım, bu gedişdə mən?

 

İllər ovundurmur könlümü, bilsən,

Haçandır aparır məni dərd, fikir.

Xeyri yoxdu artıq nəsə edəsən,

Hər kəs öz dərdinin yükünü çəkir.

 

 

***

 

Mən də cavan idim,

Nə tez qocaldım,

Məni qocaldanlar utanmadımı?

Mən çiçək kimiydim, mən gül kimiydim,

Məni solduranlar utanmadımı?

Mən günəş kimiydim,

Şəfəq saçardım,

Mən bulud kimiydim, dolub qaçardım

Mən ulduz kimiydim, göyün üzünə

Gecə düşən kimi səpələnərdim,

Mən səma kimiydim, mavili-ağlı...

Mən necə gözəldim, necə ağıllı.

İçimdə bağ saldı qaranquşlar da,

İçimdə uçuşdu kəpənəklər də…

Qəlbimi buz edib soyuqlatdılar,

Məni daş edənlər utanmadımı?

İndi cavanlığım qalıb arxada,

Daha dalaşmadım, susdum axırda –

Barışdım taleyin oyunu ilə...

Ömürdü də...

Keçdi, getdi.

İndi geriyə baxanda

Yadıma düşür…

Gələcəyə ha boylansam,

Ümidlərim o vaxtdadı...

Bilirəm, qayıdan deyil

O yaz ətirli günlərim.

Mən ki bu dünyada doğan günəşdim,

Məni söndürənlər utanmadımı?

 

 

***

 

Sən mənim içimdə açan bir çiçək,

Mən sənin ömründə tufan, çiskinəm.

Sən mənim dünyama nur ələyərkən,

Mən hələ də səndən yaman küskünəm.

 

Sən ümid dünyama gün kimi doğan,

Mən sənin dünyanın qaranlığıyam.

Sən gülüş içində bahar çağıran,

Mən sənin qəlbində qarlı boranam.

 

Günəştək dünyama işıq saçanda

Mən o işığına kölgə olmuşam.

Bakı küləyitək o yan-bu yana

Daha mən əsməkdən çox yorulmuşam.

 

Gəl əl çək, bu sevda əbəsdir mənə,

Mən belə sevgidən pay götürmürəm.

Sənin gələcəyin ümidli sabah,

Mənim səhərlərim zülmət gecə tək.

 

 

***

 

Bağışla, kədərin içindən düşüb

Mən sənin yolundan aza bilmədim.

Sənə milyonlarla cızmaqaram var,

Mən öz hekayəmi yaza bilmədim.

 

Dərib gətirmişdin bənövşələri,

Mən də sanırdım ki, mənə də düşə.

Nə mən düşmən idim, nə mənə düşdü,

Mən öz oyunumu yoza bilmədim.

 

Uşaqtək gülürdüm eşqin üzünə,

Sanırdım cahan da, dünya da yazdır.

Ağlatdı üzümü gülən görənlər,

Mən belə dövranı sezə bilmədim...

 

 

GÜNƏŞ MƏNİM İÇİMDƏDİR

 

Gözlərimi yumuram,

Günəş öpür üzümdən

Nur doğulur içimdən,

Dünya gülüşümdən pay alır.

 

Mənəm –

Bütün güllərin rəngi,

Baharın nəfəsi,

Sevincin ən saf halı.

 

Mənəm –

Torpağın bərəkəti,

Səməni çiçəyi,

Cahanın ən xoşbəxt insanı.

 

Dodaqlarımda günəş gülür,

Kölgələr uzaqlaşır,

Mən varam,

İşıq mənim içimdədir.

 

Gözlərimi yumuram,

Dinləyirəm quşların səsini

İlıq bir meh kimi  içimdən keçir

İçimdə toz basan xatirələrim.

 

Təkcə səmada deyil,

Günəş qəlbimdə oyanır.

Bahar əllərimə toxunur,

Yaşıl xəyallarla bəzənir günüm.

 

Kölgələr unudulmuş bir nağıl,

keçmiş uzaq bir səsdir indi.

Mən varam,

Mən işığam,

işıq mənin içimdədir.

 

 

***

 

Güvəndiyim dağlara,

Qar olmaq imiş arzum.

De, indi hansı dağa

Söykənim mən, əzizim?

 

Söndürdün ocağımı,

Boş qoydun qucağımı,

Aldım alacağımı,

Daha nə var, əzizim?

 

Tutunduğum budaqlar

Qırıldı bir-bir, bax gör.

Sən əsən soyuq yeltək

Sovrulub getdin, nə qor?

 

 

***

 

"Həyat necə xoşdu" – dedim,

"Bu nə cavan yaşdı" – dedim,

Sənə "qəlbim boşdu" – dedim,

Demədim, gir ürəyimə,

Demədim, qır ürəyimi.

 

Tale məni sənə yazdı,

Ömrüm sənsiz yarım qaldı,

Sönən ümid külə döndü,

Demədim, yan ürəyimə,

Demədim, sar ürəyimi.

 

Ürək sənsiz boş divardı,

Gözlərimdə payız vardı,

Qış da gəldi, hər yer qardı,

Demədim, don ürəyimə,

Demədim, al ürəyimi.

 

Bir nisgildi həyat yolum,

Bağlanıbdı əlim-qolum.

Yaşa, nolar, qurban olum,

Demədim, öl ürəyimə,

Demədim, böl ürəyimi.

 

 

***

 

Mən darıxan adamam,

Baxma ki, üzüm gülür.

Sanki zamana yadam,

Vaxt adamı öldürür.

 

Mən darıxan adamam,

Sükut çöküb ömrümə,

Hər şey içimdə ölür,

Həyat məni güldürür.

 

Mən darıxan adamam,

Xəyallarım solub tək.

Keçmiş mənə əl edir,

Gələcək susur, demək.

 

Mən darıxan adamam,

Dünyam qaranlıq, soyuq.

Ümidlərim bir kölgə,

Arzularımsa yorğun.

 

Mən darıxan adamam,

Ümidlərim qırılır...

Üzümü güldürənlər

Qəlbimdə ağrı qurur.

 

 

***

 

Allah, ürəyim darıxır,

Yer tapmıram özümə.

Allah, saçım ağarır,

Baxmıram üz-gözümə.

 

Görəsən, illər məni,

Qocaldıb hara gedir?

Nə ölüdən ölüdü,

Nə də diridən diri.

 

Gözlərimin sevinci

Qalıb körpə çağımda.

Kədərimin gülüşü

Həkk olub yanağımda.

 

Körpə çağım uzaqda,

Əl çatmayan yerdədi.

Gülüşümün kölgəsi

İndi qara pərdədi.

 

Allah, ürəyim darıxır,

Bu yaş, bu baş ürküdür.

Nə olar, gəl söhbət edək,

Hava da çox bürküdür.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

XI BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ ÇƏRÇİVƏSİNDƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU TƏRƏFİNDƏN BURAXILMIŞ ELÇİN ƏHMƏDOVUN “ŞUŞA – TARİXİ-MƏDƏNİ İRS” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Növbəti kitablı günlər mərhələsi də arxada qaldı. Bakı Expo Mərkəzi XI Beynəlxalq Bakı Kitab Sərgisinə evsahibliyi etdi. Bir neçə gün ərzində kitabsevərlər çox maraqlı tədbirləri öz hafizələrinə yazdılar, xatirələrinə düzdülər. Mənsə sizə səegi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi barədə danışmaq istəyirəm.

 

Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd etdi ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirdi ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Təqdimatın açılışında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, telejurnalist, rejissor, əməkdar artist Rafiq Həşimov çıxış edərək kitabın nəşrini yüksək qiymətləndirdilər. Onlar qeyd etdilər ki, əsərin işıq üzü görməsi təkcə Şuşanın tarixi və mədəni irsinin öyrənilməsi baxımından deyil, həm də bu irsin gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda çıxış edən kitabın müəllifi, siyasi elmlər doktoru, professor Elçin Əhmədov “Şuşa – Tarixi-Mədəni İrs” əsərinin yazılma prosesindən, araşdırmalarda istifadə olunan elmi mənbələrdən və Şuşa şəhərinin tarixindəki əhəmiyyətli məqamların işıqlandırılmasından bəhs etdi. Professor Əhmədov, əsərin nəşrinə göstərilən dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü ifadə elədi.

Sonda qonaqlara “Şuşa – Tarixi-Mədəni İrs” nüsxələri hədiyyə olundu, xatirə fotosu çəkildi.

Şuşanın Azərbaycan mədəniyəytinə qayıdışı yeni tarix deyil, qırılmış tarixin bərpasıdır. Tarix isə bütöv olanda daha gözəl görünür.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu gün sizlərlə Türk xalqlarında qonaqpərvərlik və etik davranış kodeksi barədə danışacağıq.

 

Türk xalqlarının mədəniyyətində qonaqpərvərlik, sosial münasibətlərin və mənəvi dəyərlərin ən mühüm göstəricilərindən biridir. Bu anlayış sadəcə bir adət və ya sosial norma deyil, həm də minilliklər boyunca formalaşmış dünya görüşünün, dini-əxlaqi düşüncənin və kollektiv kimliyin ayrılmaz tərkib hissəsidir. Türk xalqları üçün qonaq, Tanrı qonağı sayılır; qonağı qəbul etmək, ona hörmət göstərmək və ehtiyaclarını ödəmək müqəddəs borc kimi qəbul olunur.

Türk xalqlarında qonaqpərvərlik ənənəsinin kökləri qədim dövrlərə, hələ göytürklər və hunlar dövrünə qədər gedib çıxır. Köçəri həyat tərzi keçirən türklər üçün qonağın gəlişi təkcə sosial hadisə deyil, həm də mənəvi bir sınaq sayılırdı. Çünki sərt iqlim şəraitində, geniş bozqırlarda yaşayan insanlar bir-birinə yardım və sığınacaq verməklə həm öz varlıqlarını, həm də mənəvi bütövlüklərini qoruyurdular. Bu baxımdan qonaqpərvərlik həm sosial həmrəylik, həm də insanlıq borcu kimi qəbul edilirdi.

Türk mifologiyasında və dastanlarında qonaqpərvərliklə bağlı çoxsaylı nümunələrə rast gəlinir. “Kitabi-Dədə Qorqud” dastanında hər bir bəylik evinin açıq qapılı olması, qonağın kimliyindən asılı olmayaraq hörmətlə qarşılanması türk etik davranış kodeksinin əsasını təşkil edir. Bu, yalnız cəsarət və səxavət simvolu deyil, həm də Tanrıya və insana hörmətin təzahürüdür.

İslamın qəbulundan sonra qonaqpərvərlik anlayışı dini-əxlaqi çalarlarla daha da dərinləşdi. Qurani-Kərimdə və Həzrət Məhəmmədin (s.ə.s.) hədislərində qonağa hörmət, onun ehtiyacını qarşılamaq və yaxşı davranmaq mühüm əxlaqi vəzifə kimi təqdim olunur. Türk-İslam dünyasında bu anlayış “ikram”, “xidmət” və “insanlıq borcu” prinsipləri ilə zənginləşərək etik davranışın ayrılmaz hissəsinə çevrildi.
Beləliklə, qonaqpərvərlik həm milli, həm dini, həm də mənəvi dəyər kimi türklərin həyat fəlsəfəsində mərkəzi yer tutdu.

Türk xalqlarında etik davranış kodeksi, cəmiyyətin sosial nizamını qoruyan və fərdlər arasında qarşılıqlı hörməti təmin edən dəyərlər toplusudur. Bu kodeksin əsas prinsipləri aşağıdakılardır:

  • Hörmət: Yaşlılara, qonaqlara və qadınlara hörmət türk etik davranışının əsasıdır.
  • Səxavət: Əlindəkini paylaşmaq, ehtiyacı olana yardım etmək insanlıq borcu sayılır.
  • Ədalət: İctimai münasibətlərdə haqqa riayət və başqasının haqqına girməmək əsas etik qaydadır.
  • Sözə sədaqət: Türk mədəniyyətində “söz” müqəddəs sayılır, verilən vəd pozulmaz.
  • Qonağa xidmət: Qonaq gələndə ev sahibi onun qarşısında təvazökarlıqla dayanmalı, yemək-içmək və rahatlıq təmin olunmalıdır.

Bu prinsiplər əsrlər boyu həm ailə tərbiyəsində, həm də ictimai münasibətlərdə nəsildən-nəslə ötürülmüş, türklərin mədəni davranış normasını formalaşdırmışdır.

Qonaqpərvərlik türk xalqlarında yalnız mənəvi dəyər deyil, həm də sosial əlaqələrin möhkəmləndirilməsi vasitəsidir. Qonaq qəbul etmək, qarşılıqlı hörmət və etimad münasibətlərini gücləndirir. Hər bir evin açıq olması, “qonaq evin bərəkətidir” düşüncəsi həm ailə, həm kənd, həm də tayfa səviyyəsində sosial həmrəyliyi təmin edir.
Bu xüsusiyyətlər təkcə köçəri dövrdə deyil, şəhər mədəniyyətinin formalaşdığı orta əsrlər dövründə də qorunub saxlanmış, məclis, toy, yas və dini mərasimlərdə özünü göstərmişdir.

Türk xalqlarında qonaqpərvərlik və etik davranış kodeksi yalnız adət-ənənə deyil, həm də mənəvi və ictimai nizamın əsas dayağıdır. Qonaqpərvərlik türklərin Tanrı, insan və təbiət arasında qurduğu harmoniyanın ifadəsidir. O, həm qədim köçəri mədəniyyətin, həm də İslam mənəviyyatının sintezindən yaranmışdır.
Bu dəyərlər sayəsində türklər tarix boyu öz kollektiv kimliyini, sosial həmrəyliyini və mənəvi bütövlüyünü qorumuş, qonaqpərvərlik mədəniyyətini insanlığa nümunə səviyyəsinə yüksəltmişlər.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

Cümə axşamı, 09 Oktyabr 2025 15:34

Almaz İldırımı o tanıtdı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çox zəhmətkeş, cəfakeş bir ziyalı, Maarif Teymur. Bu gün anım günüdür, vəfatından tam 9 il keçir.

 

Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olub. Burada on bir illik orta məktəbi bitirib. Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlayıb. Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil alıb. Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirib. Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəisi, elmi işlər üzrə direktor müavini və direktor olub. İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış edib.

Ədəbiyyatımızın və tariximizin açılmayan səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunub. 600-dən çox sənətkarın şəxsi arxiv fondunun yaradılmasında fəal iştirak edib. "Mədəni maarif işi" jurnalının və "Güzgü" qəzetinin redaksiya heyətinin üzvüdür. Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə, M.Məhərrəmzadə, Məhəmməd Əmin Rəsulzadə, A.İldırım, Ə.Yusif, E.Qurtulan və digər istiqlal mücahidləri haqqında tapıntı və məlumatlarını dövri mətbuatda müntəzəm dərc etdirib. Onlar barədə televiziya və radio verilişləri hazırlayıb, sərgi və xatirə gecələri təşkil edib. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantıdır.

Almas İldırımın şeirlərini toplamış, tərtib və nəşr etdirib, bununla yanaşı onun haqqında tədqiqat əsəri yazıb. Moskvada Beynəlxalq arxivlər şurasının ədəbiyyat və İncəsənət komitəsinin elmi sessiyasında "Ədəbiyyat və incəsənət xadimlərinin arxiv sənədlərindən istifadə qaydalarının elmi şərhi" mövzusunda məruzə ilə çıxış edib (1987). Bakıda "Azərbaycan mühacirət ədəbiyyatı" adlı beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış edib.

 

Moskvada Xalq nailiyyətləri sərgisində təşkil edilən "Orijinal sənədlərin sərgisi"ndə fəal iştirakına görə sərginin bürünc medalı ilə təltif olunub (1994). Fəxri fərmanlara layiq görülüb, "Vətən" mükafatı laureatıdır (2000). Onun tərtibi və müqəddiməsi ilə "Unudulmaz səhnə ustaları" (bioqrafik oçerklər) Ə.Şərifin "Tapıntılar", C.Zeynaloğlunun "Müxtəsər Azərbaycan tarixi", Mirzə Mahmud Şirvaninin "Nəsihəti-loğman", Y.V.Çəmənzəminlinin "Tarixi, coğrafi və iqtisadi Azərbaycan", A.İldınmın "Qara dastan", "Şərq rəvayətləri", İ.Salehin "Sənə dediklərim", Məhəmməd Ağanın "Baradigahım mənim", "Soltan gülür", Z.Əfəndiyevin "Zabit təxəllüslü bir şair", "Məşəl kimi yanan ürək", M.A.Dağlının "Dədə Qorqud", "Səslərəm səni" və s. kitabları kütləvi tirajla çap olunub.

 "Almas İldırımın həyatı və yaradıcılıq yolu" monoqrafiyasını nəşriyyata təqdim edib. Ankarada, İstanbulda olub, Türkiyənin Milli kitabxanasında arxiv işi quruculuğu sahəsində çalışıb. Bakı sovetinin deputatı olub. Maarif Teymurov 10 oktyabr 2016-cı ildə doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsində uzun çəkən xəstəlikdən vəfat edib.

 

Filmoqrafiya

- Almas İldırım

- Çinarlı şəhərin generalları. Birinci film

- Almas Yıldırım

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

Cümə axşamı, 09 Oktyabr 2025 08:03

Qəribə taleyi olan rejissor

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Rejissorluğu və bəstəkarlığı bir araya gətirməklə bütün karyerası boyu da onlrı ayırmayıbdır.

 

Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Musiqi əsərləri arasında "Quyu" tamaşasına musiqi, "Qızıl oğlan" musiqili nağıl xüsusi yer tutur.

 

Filmoqrafiya

1. Reportaj haqqında reportaj

2. Daha iki nəfər

3. Danışan işıqlar

4. Qızıl gül olmayaydı...

5. Bu, Səttar Bəhlulzadədir

6. Oxuyur Şövkət Ələkbərova

7. Dəmir ağac

8. İlham

9. Göyçək Fatma

10. Günəşlə dolu dünya

11. Badamlı

12. Abşeronun istirahət ocaqları

13. Astara

14. Fəhlə vüqarı

15. İki Xəzər

16. Rəşid Behbudov

17. Uğurlu yol!

18. Bizi dağlarda axtarın

19. Bizim müasir qadınlar

20. Kirov Azərbaycanda

21. Pəncə... Qulaq... Palaz... Tikan...

22. Səhhət

23. Kirovabad

24. Startlar

25. Möcüzələr adası

26. Sənə sevinc bağışlayım

27. Bir az da Bahar bayramı

28. Dvorjakın melodiyası

29. Xalq nəğməkarı

30. Qızılağac

31. Yayın bir günündə

32. Yollar görüşəndə...

33. Astara

34. Bulaq başında

35. Buta

36. Ömrün yolları

37. Poladın mahnıları

38. Asif, Vasif, Ağasif

39. Bir dəfə görmək...

40. Habil Kaman

41. Qəribə əjdaha

42. Həsir

43. Aşkarsızlıq şəraitində...

 

Mükafatları

- "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

 

Qəribə tale yaşayıb. Ruhəngiz xanım. Qızı Honkonqda yaşayırdı. Onu yoluxmağa gediv, 9 oktyabr 2022-ci ildə orada da vəfat edib. Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

31 -dən səhifə 2502

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.