Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Pərvanə Məmmədova-Kəlağayının hekayəsi təqdim edilir. Öncə onunla tanış olaq:

                           

 

Şəkidə gözəl bir şair var, ədəbi imzası Kəlağayı. Şeirlərində Şəki də var, Azərbaycanımız da, dünya da. Nəsri də xülyalıdır, oxuduqca qədim Nuxanın küçələri boyunca sirri-tarixin izinə düşürsən sanki. Sətirlərdə özü var, misralarda səmalara pərvazlanan ruhu var.

      Məmmədova Pərvanə Şirəli qızı 1978-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı məktəbdə alıb. Ruhundakı incəlik onun 7 il fortepiano təhsili almağının səbəblərindən idi. Şəki Tibb Kollecini fərqlənmə diplomu ilə bitirən Pərvanə Məmmədova daha sonra Sumqayıt Dövlət Universitetinin Kompüter texnikası və texnologiyaları fakültəsində təhsil alıb.  Hazırda Şəki Tibb Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri vəzifəsində çalışır. “Hədiyyə” (2023, hekayələr və şeirlər), “Elin nəğməkar qızı” (2024, publisistika),  “Əsmaul-hüsna – Allahın gözəl  adları” (2024, poema) kitablarının müəllifi,  “Vətən məcnunları”  layihəsi çərçivəsində  nəşr olunan 4 kitabın ideya müəllifi və tərtibatçısıdır.

“Ulduz” oxucularına təqdim olunan “Xilaskar köpük” hekayəsi 10 oktyabr 2024-cü il  tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma DƏRNƏYİ) tərəfindən keçirilən beynəlxalq hekayə və şeir müsabiqəsində hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

 

 

XİLASKAR KÖPÜK

 

(6 fevral 2023-cü il tarixdə Türkiyədə zəlzələdən zərər

                          çəkmiş insanlara,  xilaskar itlərə ithaf olunur.)

 

         Göydələn... Bu sözü heç sevə bilmirdi Könül. İki il bundan əvvəl köçdükləri binaya hamı “Yaşıl qızılgül göydələni” deyirdi. Təkcə o, “bizim yaşıl binamız”  deyə əzizləyirdi...

         Və heç vaxt o binaya “göydələn” deməmişdi, deyə bilməmişdi. İnsan əhvalının ən gözəl güzgüsü olan göyü heç nə dələ bilməzdi. “Göydələn” sözü insan xislətindəki doymazlığın dildəki daha bir təzahürü idi, demək.

         Bina adını həyətindəki iki gül kolundan almışdı. Deyilənə görə, binanı inşa edən tikinti şirkətinin sahibi – çəliyindən mədəd uman qoca kişi bu qızılgül kollarını Çindən gətirmişdi. “Yaşıl qızılgül göydələni” deyərkən məğrurluqları boylarını ötən  bina sakinlərindən fərqli olaraq Könül bilirdi ki, yaşıl rəngdə qızılgül, ümumiyyətlə, mövcud deyil. Həyətlərindəki kollar isə Çində bitən başqa bir gülün mutasiyası idi. Hə... İki il əvvəl köçmüşdülər bu binaya-öz evlərinə, nəhayət ki.  Oğlu Ömərin 5 yaşı vardı, özünə oxşayan qızı dünyayla hələ salamlaşmamışdı onda... Və Könül bir səhər öz evinin  pəncərəsindən üfüqdəki mənzərəni seyr etmişdi. Günəş qırmızımtıl tellərini Aralıq dənizinin suyuna batırıb-çıxarır, sular sinələrinə çırpılan şüalarla “Horon” oynayırdı...

         ...Yenə dayanmışdı pəncərənin önündə. Bir fevral sazağı əllərini yelləyirdi yarpaqlarını, sadəcə, xatirələrində saxlayan qoşa palıd ağaclarının başı üstündə. Yetim budaqlar dərdlərini bir-birinin qulağına pıçıldamaq üçün baş-başa verir, sonra da “kimin dərdi çoxdur?” yarışında razılığa gələ bilmir, itələşirdilər. Və Könül bütün bunları 8-ci mərtəbədəki evinin qonaq otağındakı iri pəncərədən izləyirdi...

         Qulağına dəyən səsdən diksinmədi, əksinə, sanki bu zəngi gözləyirmiş kimi, aram-aram masaya yaxınlaşdı, telefonunu əlinə götürüb açdı:

         – Bəli, müəllimə. Necəsiniz?

         Xəttin o başından eşidilən qadın səsi təlaşla doluydu:

         – Bağışlayın, narahat edirəm, Könül xanım.  Narahat qaldığım bir məsələ var, onu aydınlaşdırmaq məcburiyyətindəyəm.

         – Buyurun, sizi dinləyirəm, – dedi Könül və bir anlıq düşündü: “Görəsən, Ömər nəsə etməyib ki?” 

           Neçə gündür, Ömər özünü qəribə aparır. Yemək fasiləsində heç nə yemir.  Əvvəl elə bildim, çantasında yeməyi yoxdur. Məktəbin yeməkxanasına aparmaq istədim, getmədi. Çantasını açdı, yemək qabını göstərdi. Dolu olduğunu gördüm. Amma yemədi. Soruşdum: “Niyə yemirsən?” Baxışlarını qaçıraraq cavab verdi ki, iştahım yoxdur. Amma 3 gün ard-arda eyni şeyi müşahidə edincə, sizinlə müzakirə etmək məcburiyyətində qaldım. Bu hal davam edərsə, dərslərinə də, sağlamlığına da sirayət edər deyə, narahatam. Lütfən, soruşmağımı nəzakətsizlik saymayın, evinizdə bir problem yoxdur ki?

         Könül eşitdiklərinə mat qalmışdı... Heç bilmədi, sözlərini müəllimə ünvanladı, yoxsa özünə:

         – Axı mən hər gün Ömərin yemək qabını boş tapıram. Həm... Keçən həftədən başlayaraq ona hər gün iki pay yemək qoyuram.

         – Ola bilər, çantaya yaxşı baxmamışam, amma mən bircə pay yemək görürəm hər gün, müəllim dedi.

         – Keçən həftə mənə dedi ki, bir dostu var, o, ac olur. Qıymadım, başladım dostuna da yemək qoymağa. Bəlkə?

         Müəllim onun nə demək istədiyini anlamışdı:

         – Əgər yaşda böyük olan hansısa uşaq hədə-qorxu ilə Ömərin əlindən yeməyini alırsa, əmin olun, bunu da araşdıracam. Sizinlə danışıb ürəyimi rahatladacaq bir cavab almaq istəyirdim. Belə başa düşdüm ki, evinizdə hər şey yolundadır.

         – Şükür... Lütfən... – deyə bildi Könül.

 

***

        

Ömər dərsdən gələn kimi, mətbəxdən gələn yemək ətrini burnuna çəkdi. Onun gömgöy gözlərinin həsrətlə mətbəx qapısına baxdığını görəndə Könülün ürəyi üzüldü. Amma dinmədi, oğlunun dəhliz divarına söykədiyi çantasını əlinə alarkən dedi:

         – Paltarını dəyiş, hamama keç. Əllərini üç dəfə sabunla, yaxşı-yaxşı yu!

Hər gün bu sözləri eşidən oğlan anasının dediyi kimi də etdi.  Sonra özünü mətbəxə saldı:

– Ana, acam!

Könül artıq süfrəni hazırlamış, oğlunun ən sevdiyi şorbadan bir kasa doldurub yanına yuxa qoymuşdu. Ömər iştahla şorbasını içdi, sonra öz otağına keçib dərslərini hazırlamağa başladı. Könül oğlunu kənardan izləyir, çantadan çıxardığı boş yemək qabına minilliklərin arxasından boylanan sirr kimi baxırdı...

Beləcə, axşamın alatoranı özünü yetirdi. Ömər otağından çıxdığı kimi özünü balkona yetirdi. Balaca qollarını məhəccərə dayadı, bir xeyli aşağıya göz gəzdirdi. Sonra əllərini ciblərinə saldı. Könül onun bir cibindən kiçik əl fənəri, o biri cibindən  balaca, plastik fit çıxardığını gördü. Sezdirmədən  balkonun açıq qapısına bir az da yaxınlaşdı və oğlunun nə edəcəyini səbirsizliklə gözlədi. Ömər fənərini yandırdı, işığını aşağıya göndərdi. Sonra da fiti dodaqlarının arasına qoyub uzun-uzun fit çaldı. Saniyələr keçir, Könül baş verənləri anlamağa çalışırdı. Ömər fənərinin işığını havada yelləyə-yelləyə başını yana çevirdi, sanki sağ qulağıyla aşağıdan yuxarı gələn hansısa səsi yaxalamaq istəyirdi. Uşaq səsləri, it hürüşü, avtomobil uğultusu gəlirdi həyətdən. Və Könül bilmədi ki, oğlu bu səslərdən hansını basdı ruhunun bağrına. Bir onu gördü ki, oğlu sevincindən atılıb-düşür.

    Yaxınlaşdı oğluna, soruşdu:

– Nə olub?

Ömər əli ilə həyətdən onların pəncərəsinə baxan balaca iti göstərib dedi:

– Dostum mənə cavab verdi!

Könül çöhrəsinə yayılan təbəssümün qürurdan, fərəhdən qaynaqlandığını bilirdi, amma gözlərinə dolan yaşların yanağına yayılmasına da əngəl olmaq istəmirdi. Dilində şükrü, ovuclarında duası vardı: “Tanrım, oğlumun ürəyindəki mərhəmətdən dünyaya bir daha çilə...”

 

***

 

Uşaqları yatmağa göndərmişdilər. Ər-arvad qonaq otağındakı divanda oturub fevral soyuğunda eşikdə üşüyən  balaca küçüyü müzakirə edirdilər.

– Adını da Köpük qoyub, – dedi kişi, – deyir, məktəbdən gələndə rastlaşıb onunla. Görüb ki, hansısa uşağın əlindən yerə düşən peçenye qırıqlarını yeyir. Başlayıb evdən ona da yemək aparmağa.

– Və ən qəribəsi odur ki, mənə yalan danışmayıb. “Dostum acdır, ona yemək qoy” deyib. Mən soruşmamışam ki, dostun kimdir, nəçidir? Amma kənardan baxanda bunu uşağın yalanı kimi dəyərləndirənlər də var.

Kişi şəfqətlə ömrünü-gününü bağladığı qadının düşüncələr içində  çatılan qaşlarına baxdı, dedi:

– Bu mövzunu da bir gün müzakirə edərik. İndi isə Ömərin dərd çəkməsinə səbəb olan problemi həll etməliyik. Məsələn, mən sabah marketdən it yeməyi alacam.  Bundan sonra hərəsi öz yeməyini yeyər....

Könül qımışdı:

– Hə... Yoxsa ki qoyduğum iki pay yeməyin birini səhər yedirdir  Köpüyə, birini də günorta. Evə də ac gəlir.

– İkincisi, Köpüyə bir balaca dam düzəltməliyəm. Özün gördün, oğlumuz necə israr edirdi küçüyü evə gətirmək üçün. Körpə uşaq olmasa, bəlkə də, razı olardım... Amma  əvvəlcə uşaqların heyvan tükünə qarşı allergiyası olub-olmadığını yoxlatmalıyıq. Hələ Köpüyü də veterinara aparmalı, onun da sağlamlığına əmin olmalıyıq.

 

***

 

Həftə sonu Ömərin nənəsiylə babası qonaq gəlmişdi deyə, Köpüyə dam düzəltmək planı təxirə salındı. Birinci gün  Ömər yuxudan duranda anası dəhliz qapısının arxasındakı iki böyük torbanı ona göstərib dedi:

– Bax, oğlum. Atan  Köpüyə yemək alıb. Daha öz yeməyini ona verməzsən, gündə 3 dəfə  üstündə it şəkli olan torbadan  bir kasa yemək götürərsən, apararsan dostuna. O biri torabadakı isə inşaat  mallarıdı. Atan bu gün işdən icazə alacaq, sabah evdə qalıb Köpüyə dam düzəldəcək. Həm də onu veterinara aparmaq fikrindədir.

– İt həkiminə? – Ömərin balaca üzü kölgələndi.

– Hə. Onun  xəstəliyi olub-olmamasını bilməliyik axı.

– Onda mən bu gün Köpüyə deyərəm ki,  həkim iynə vuranda qorxmasın. Deyəcəm ki, qorxma, bir damcı ağrıdır. 

Könül oğlunun başını tumarladı, sonra aşağı əyildi, gözlərinin içinə baxaraq dedi:

– Sən hələlik əlini ona vurma, olarmı? Sabah veterinardan gəlsin, sonra  yuyundurarıq, təmizləyərik, arada düşüb onunla oynayarsan.

Ömər başını salladı:

– Bilirəm, bilirəm, atam dedi ki, yuyunmasa, biti olar. Bit də sonra  evimizə gələr. Hamımızı xəstə edər.

– Ay mənim ağıllı balam! – Könül oğlunun üzündən öpdü.

 

***

 

– Ana! Ata!

Oğlunun həyəcanlı səsini eşidəndə gözlərini açdı. Yarıaçıq qapının ağzından düz üzünə vuran sarı işıq gözlərini qamaşdırdı. Yuxulu-yuxulu mızıldandı:

– Hə, Ömər? Qorxulu yuxu görmüsən?

– Yox! Yox, ana! Qalxın! Qalxın!

Elə bu dəm oyanmış həyat yoldaşı əlini uzadıb gecə lampasını yandırdı. Ömər gecə paltarının üstündən anasının mətbəxdəki stulun başına keçirdiyi jaketini geymişdi. Dizlərindən aşağı sallanan jaketin düymələri də düz bağlanmamışdı. Oğlunun bu halı başqa vaxt Könülü güldürərdi, bəlkə də, amma indi o, balasının baxışlarındakı təlaşı görmüş, səsindəki həyəcanı duymuşdu. Ana ürəyinə bir ovuc qor atılmışdı...

    ...Beşcə dəqiqə keçməmiş bütün ailə qalın-qalın geyinmiş halda qapıdan çıxmışdı. Köpüyün əndişəli səsi aləmi başına götürmüşdü.  Könül güman eləməzdi ki, bu balaca, sısqa, tüklərinin uclarından palçıq daman küçük belə inadla hürə bilər. Oğlunu sakitləşdirmək, Köpüyün yaxşı olduğunu demək istəmişdi, amma haradansa uşaqlıqda nənəsindən eşitdiyi bir cümlə gəlib düşmüşdü yadına: “İnsan özünü hər şeyin önünə qoyduqca kainatla arasındakı bağ da nazilir, lakin  digər canlılar hələ də kainatın dərinindəki  şəri, xeyiri duya bilir.”  Qalın yorğançaya bükdüyü  3 aylıq qızını sinəsinə sıxan Könül liftin güzgülü divarına söykənmişdi, düşünürdü: “Təki Köpüyün hürüşü xeyrə yozulsun... Təki...” Ömər isə gah atasının əlindəki iri torbaya baxır, gah səbirsizliklə liftin qapısına baxır, hərdən-hərdən deyirdi:

– Yazıq Köpük soyuqdan hürür, bilirəm. Üşüyüb də... Görün necə soyuqdur. Damı olsa, daha üşüməz.

Atasının yarıyuxulu baxışlarından Ömərin başı üstünə mərhəmət və qürur axırdı...

 

***

 

Liftdən çıxan kimi Ömər atasını tələsdirdi:

– Ata, sən qaç! Qaç Köpüyün yanına. Qoy görsün ki, sən gecənin bu vaxtı ona dam düzəltməyə gəlmisən, sevinsin! Anamla bacımı mən gətirərəm asta-asta.

Atası gecənin bu vaxtı qəhqəhə çəkib gülməkdən özünü güclə saxladı. Könülün də dodaqları gərildi, “qonşulardan ayıb olar” deyə düşünməsə,  qəşş edərdi...

Kişi binadan çıxıb sağa buruldu, Köpük o tərəfdə idi. Ömər  fənərini sağ əlindən sol əlinə keçirdi və sağ əliylə anasının  dəri gödəkcəsinin ətəyini qamarladı:

– Mənim arxamca ehtiyatla düş pillələri, ana. Unutma, qucağında körpə var!

Könül daha özünü saxlaya bilmədi:

– Ha-ha-ha... Ay mənim ağıl...

Sözünü bitirə bilmədi. Elə bil gecənin qaranlığının içindən bir əl çıxdı, hiddətlə onların ayaq qoyduğu pillələri tərsinə çevirdi. Xarıltı taqqıltıya qarışdı... Könülün  dişlərinin ucunda kədər göynədi... Ağzında toz dadı hiss etdi... Bir də onu duydu ki, bu anlaşılmaz, qorxunc səslərin içərisindən qulağına bir körpə “inqə”si gəlir. Haradaydı? Uşaq ağlayırdı? Yoxsa bağrı yarılan, astarı üzünə çıxan dünya əlacsızlığını körpə “inqə”siylə anlatmağa çalışırdı?

İstədi əlləriylə başını tutsun. Amma əlləri boş deyildi... Bayaqdan gözlərini açıq bilirdi, indi qəfildən göz qapaqlarının üstündəki  ağırlıqdan xilas oldu və gözlərini açıb əllərinə baxdı. Bükülü yorğançanın arasından ona baxan iki balaca, muncuq kimi göz parıldayırdı. Və səsini dünyanın fəryadı sandığı körpə onun qucağında ağlayırdı... Və bu körpə onun qızıydı...

– Ana...

– Ömər...Ömərim... – deyə pıçıldaya bildi dişlərinin arasında xırçıldayan torpağı udmamağa çalışaraq.

– Ana...

İşığın gəldiyi yerə baxdı. Ömər təxminən, 2 metr uzağındaydı. Bir əlində fənəri, bir əli cibində dayanmışdı. Ağlamırdı, heç qorxana da oxşamırdı.  Yan tərəfdən sızan mavi işığın altında belə, üzündəki  marağın dərinliyi  insanı heyrətə salırdı. İşığın sızan yerindən gələn qarma-qarışıq səslər içərisində aydın eşidilə bilən tək kəlmə bu idi: “Zəlzələ!”

 

***

 

Kişi dəliyə dönmüşdü...  Köpüyün yanına çatar-çatmaz o dəhşətli səsi eşitmiş, yerindəcə donub qalmışdı. Geriyə qanrılmağa macal tapmamış elə bil kimsə onu  “hop” götürmüş, sonra da binanın 20 metrliyindəki yaşıllığa çırpmışdı. Ayağa qalxanda yaşadıqları binanın öz içinə çökdüyünü görmüşdü. Mənzərə gözündən çox tez itmişdi: həyətdəki işıq dirəkləri də boyunlarını bükmüş,  ardınca da yan yatmışdılar.

Qaranlığın içindəki bütün səslər ona yad idi... Qaranlığın içindəki boşluqda dolu-dolu yaşamaq ümidiylə sarıldığı həyatı axtarırdı. “Həyat” dediyini mənalandıranları-sevdiyi qadın və iki balası qara bir boşluğun o biri üzündə qalmışdı...

Gecə öz yaxasının düymələrini açıb günəşin ilk şüalarını dünyaya sızdıranda kişi  hələ də binanın girişi güman elədiyi yeri əlləriylə eşir,  dodaqlarından içəri dolan göz yaşlarını diliylə yalaya-yalaya pıçıldayırdı:

– Könülüm... Oğlum... Qızım...

Köpük isə yanından əl çəkmir, o inadkar hürüşünə bir az da kədər qataraq atılıb-düşür, gah da yerə yatır, qabaq ayaqlarıyla üzünü örtürdü. Oğlunun əl vurmasına ürək eləmədiyi bu çirkli, palçıqlı küçüyü sığallamaq indi kişinin yeganə təsəllisi idi. Hələ yanğılı-yanğılı, dərdini bölürmüş kimi, bir “Köpüyüm” deməyi vardı ki, eşidən olsa, ürəyi dağlanardı...

 

***

 

Könülün gümanı işıq sızan yerəydi. Ömərin kiçik fənəri bütün gecəni yanmışdı, sönməsi an məsələsiydi. Qızının bükülü yorğançasını Ömərin yanına qoyub dəfələrlə yarığa yaxınlaşmış,  var gücüylə:

– Burdayıq!  Pilləkən boşluğunda qalmışıq! Kömək edin! Burdayıq! –deyə bağırmışdı.

Səsini duyan olmamışdı... Ümidsizlik anbaan onu ağuşuna sıxır, nəfəsini kəsməyə çalışırdı. Gecə boyunca qızını 2-3 dəfə əmizdirmişdi. Bəs sonra? Körpə yenə acacaqdı... Oğlu tanıdığı, bildiyi dünyanın harada olduğunu soruşacaqdı. Özü... Özü isə gözlərinin önündə iki körpəsinin  can çəkdiyinin şahidi olacaqdı... Olacaqdımı? Aman!

Bir dəfə də yarıqdan eşiyə bağırıb-bağırıb geri qayıdanda oğlunun üzündə  təbəssüm gördü. Ağzını açıb nəsə soruşmaq istədisə də, gücü çatmadı. Diqqətlə oğlunu süzdü. Ömər gecə boyunca cibindən çıxarmadığı əlini indi çıxarmış, qarnının üstünə qoymuşdu. Balaca yumruğunu bərk-bərk sıxmışdı. Onun yumruğunu irəli uzatması, açması, ovcundakı balaca fiti anasına göstərib gülümsəməsi bağrı sökülmüş dünyaya ən gözəl təsəlli idi... Lakin Könül hələ bu təsəllini anlayacaq halda deyildi. O, oğlunun fiti ağzına apardığını, üzünü yuxarı tutub var gücüylə üflədiyini görəndə də heç nəyi kəsdirəmmirdi.

Ta ki yarıq tərəfdən o inadkar hürüşü eşitdi... Və ardınca həyat yoldaşının bağırtısını:

– Könülüm! Ömərim! Qızımmm! Xilasedicilər sizi qurtaracaq. Bir az da dözün!

    Səslər daha yaxından eşidildi. Açılmış keçiddə qaraltını görən Ömərin səsində çılğın bir sevinc də vardı:

– Köpük!

– Bizim Köpüyümüz! – deyə bağırdı Könül qızını qucağına alıb, oğlunun əlindən yapışdı.

 

***

 

“Zəlzələdən sonra...” Yer üzünün bu güşəsinə çəkilmiş kədər rəsmi məhz bu cür adlanırdı. Ah-nalə edən insanlar, paramparça olmuş ailələr, itirilmiş doğmalarının göynəyi ilə dünyadan küsənlər bu rəsmin personajları idilər. Onlar bu rəsmin harasında olduqlarını dərk etməsələr belə, tanıdıqları-tanımadıqları insanların ömrünü əlindən alan zəlzələnin ağrısını hələ bundan sonra da çox illər yaşayacaqlarını bilirdilər...

 

***

        

Xilasedicilərdən biri kişinin qarşısını kəsmişdi:

         – Qardaşım, lütfən... Beton panel çox nataraz şəkildədir.  Ehtiyatsız toxunuş belə, aşağıdakılara zərər  vura bilər.

         Kişi, məntiqi ilə duyğularının cəngə çıxdığı bir döyüş meydanına atmışdı ruhunu: bir əliylə yolunu kəsən xilasedicinin qolundan yapışmış, bir əlini də ürəyinin üstünə qoymuşdu. Xilasedici doğru deyirdi, həssas məqamlarda soyuqqanlılığını qorumalı, ehtiyatı əldən verməməliydi. Amma içindəki səs onu irəli itələyirdi: “Sən atasan! Balaların ordadı! Sən kişisən! Sevdiyin qadının qorunmağa ehtiyacı var!”

         – Uşağı çıxardırıq!

         Kişi yapışdığı qolu buraxdı, özünü irəli atdı... Saniyələr  içində yarandı o anladılmasına sözlərin gücü yetmədiyi səhnə. Dizlərini yerə atmış bir ata, boynuna sarıldığı, toz-torpaqlı üzünü öpə-öpə doymadığı oğlan uşağı və xilasedicilərin gözlərindən tökülən yaş... Bir də arxadan uşağın ayaqlarına başını sürtən balaca, sısqa bir küçük...

         – Uşağı çıxardırıq! – bayaqkı səs eşidildi.

         Kişi dərindən nəfəs aldı, gözlərini açdı... Qucağında bükülü olan bir xilasedici sol tərəfə gedirdi. Baxışlarını arxasınca gəzdirdi və onun ambulansa çatdığını gördü. Oğlunu qucağına alıb xilasedicinin arxasınca bir-iki addım atdı. Amma sonra qeyri-ixtiyari geriyə qanrıldı və iki xilasedicinin arasındakı Könülü gördü. Gözlərindən başqa hər yeri bomboz idi sevdasına qurban olduğunun. Bomboz... Təkcə gözləri  al-əlvan idi: ümid bir rəng qatmışdı bu gözlərdəki ifadəyə, sevinc bir rəng. Lakin kədər də öz mövcudluğunu bildirməkdə israrlıydı...

         ...Ailə baş-başa vermişdi, ambulansın içindəki xərəyin üstündə oturmuşdular. Ər-arvad bir-birinin yanağındakı yaşı silməyə çalışır, sonra da bu göz yaşlarını gözəlləşdirən səbəbə – sevincə şükür edirdilər. Balaca qızcığaz mışıl-mışıl yatırdı. Ömər isə  yerdə atılıb-düşən, hərdən qabaq ayaqlarını ambulansın qapısının aşağısına söykəyən, gah mırıldayan, gah şən səslə hürən Köpüyə baxır, elə indicə ona qoşduğu mahnını mızıldanırdı:

          – Köpük, qəhrəman Köpük,

           Bizim xilaskar Köpük.

        

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan Şəlalə Adilqızının şeirlərindın bir qismini bu gün sizlərin ixtiyarına verir.

  

Gedişin də möhtəşəmdi ürəyimdə; 

Gedən sənsən...

Tufan qopur gözlərimdə;

Gedən sənsən... 

İstəmirəm, söyləmə də

Gedişinin səbəbini...

Sus! 

Səmtini də demə mənə 

Gedəcəyin uzaq yerin... 

Baxmaram

Heç nəyə, heç kimə;

Mən də gedərəm səninlə.

Gedərəm...

“Sənsiz yaşamaram!” sözümə 

Sahib çıxaram! 

Dolayaram dikdabanıma dünyanı, 

Çiynim üstdən arxaya ataram...

Və...

Və harda olsan,

Gəlib səni taparam!

 

 

***

 

Gözlərimə mil çəkərəm;

Əksin görən olmasın...

Dilimdə tikan əkərəm;

Adını bilən olmasın...

...Külli-aləm nakam qalsın

Sevgimiz boyda sirdən... 

Sus! 

Sən də pıçıldama eşqimizi dənizə... 

Büküb-bürmələyib əmanət etmişəm

Eşqimizi ömür düyünçəmizə... 

Sus! 

Adını dilimdən, 

əksini gözlərimdən,

səni ürəyimdən oğurlayan

pisniyyət fələk oyanar birdən...

 

 

***

 

Adına şəhadət gətirdim,

Rəsminə tapındım sənin...

Bir ağac əkdim adına,

Bir arzu kəsdim qurbanlığına... 

Belə sevdim səni, əzizim; 

Belə aldandım sənə...

Üzgünəm...

Günahkaram, 

Bidətçiyəm, bilirəm... 

Səni gözəl sevdiyim üçün

Allah babadan üzr istəyirəm...

 

 

***

 

Cənab yeməkpaylayan,

Menyunuzda eşq varmı? 

Ədviyyatı səadətdən,

Sousu azadlıq olsun... 

Əlimi silməyə kağız gətirmə,

Göz yaşı bəsimdi; sevincdən olsun! 

Eşq bulağının suyundan dəmlə çayı,

Süz ovcuma; 

Ömrə gəlib-gedənlərə 

Yetməz fncan sayı... 

Şokolad kağızından qəhqəhə çıxsın,

Dişləyim, ruhuma cüt qanad taxsın... 

Uçum-uçum göylərə,

Ömür də Tanrı payı...

...Cənab yeməkpaylayan, 

Hesabı yaz... Oldumu?  

...Bir ömür xərcləmişəm,

Hesabın düz oldumu?

 

 

***

 

Sonunda sevdalıların 

Muradına yetdiyi nağılları söylə mənə...

Arzulardan çay dəmləyim...

Xəyalları film kimi izləyək... 

Deyək-gülək...

Ümidlərin dibçəyinə sevinc göz yaşı tökək... 

Sonra... 

Sonra da çıxaq vüsal şəhərinin 

Ən yüksək nöqtəsinə...

Ordan seyr edək həqiqəti; 

Ayrılığın ulduz –ulduz parladığı zülməti...

 

***

 

Ana

Anı yaşamağa qoymayanda

Uşaqlığı itiririk... 

Bircə anda böyüyürük... 

 

Ata

Ömrü çərçivəyə salanda

Özümüz qırırıq qanadımızı...

Arzularımızın önünə

“qırmızı xətt” çəkirik...

 

Qardaş

Önümüzdə “qara daş”dısa,

"Zəncirlənmiş Prometey" 

xəyali dostumuz olur...

 

Bacı

Olmayanda “səbir daşı”mız,

Həmdərdimiz “Kerri bacı”,

Dərdimiz qorxusuz olur...

 

 

 ***

 

Gözünün yaşı söndürər

Yaşam eşqini; ağlama!

Gülüşün gülə döndərər

Ovcundakı dərdini: ağlama! 

Bil ki, 

Ömrə gələn gedəsidir; gülümsə... 

Sev ki,

Sevgi dünyalararası 

Savaşın atəşkəsidir; gülümsə...

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

 

 

 

Inci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sizə Attila İlham barədə danışacağam, Türkiyənin tanınmış ədibi barədə.

Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır. İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirib. İzmir Atatürk Litseyinin birinci sinfində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır.

 

Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur.

Litseyin son sinfində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür. 1946-cı ildə məzun olur. Daha sonra o İstanbul Hüquq Fakültəsinə daxil olur və orada "Yığın" ve "Gün" kimi dərgilərdə ilk şerləri çap olunmağa başlayır. Beləliklə 1948-ci ildə şairin öz imkanları daxilində "Duvar" adlı ilk şer kitabı yayımlanır. O, 1949-cu il universitetin ikinci ilində oxuyarkən Nazim Hikməti qurtarmaq hərakatına qatılmaq üçün ilk dəfə Parisə gedir. Attila İlhan bu hərakatda aktiv rol oynayır. Fransız xalqı və oradakı müşahidələr onun daha sonrakı əsərlərində yer alan bir çox surətə və hadisələrə təsir edir və onların təməli olur. Türkiyəyə geri dönəndə isə onun polislə tez-tez problemləri baş verir. "Sansaryan Han" soruşturmaları onun ölüm, təhlükə mövzularında işlədiyi əsərlərdə əhəmiyyətli rol oynayır. O bir neçə dəfə də nəzarət altına alınır.

1957-ci ildə "Erzincanda" əsgərliyini, yəni vətənə xidməti borcunu yerinə yetirdikdən sonra Attila İlhan İstanbula gəlir və o, kino sənətinə yönəlik işlərinə böyük yer ayırır. On beşə yaxın kino işlərinə "Ali Kaptanoğlu" adıyla imza atır. İstəklərini kinoda tapa bilməyən Atilla İlhan 1960-cı ildə Parisə geri dönür. Sosyalizmdə gəldiyi keçidləri və televiziya işçiliyi araşdırıldığı bu zamanlar atasının vəfatı ilə birlikdə onun İzmir dövrünə təkan verir. İzmirdə keçən 8 il ərzində o, "Demokrat İzmir" qəzetində baş redaktor vəzifəsini həyata keçirir. Həmin illərdə onun "Yasak Sevişmek" ve "Aynanın İçindekiler" seriyasından "Bıçağın Ucu" kitabları işıq üzünü görür.

Atilla İlhan 1973-cü ildə "Bilgi" nəşriyyatında məsləhətçi vəzifəsi təklifini qəbul edərək Ankaraya köçüb. 1981-ci ilədək Ankarada qalan yazar "Fena Halde Leman" adlı romanını tamamladıqdan sonra İstanbula köçüb. İstanbulda jurnalistlik fəaliyyətini "Miliyyet" (2 mart 1982 – 15 noyabr 1987) qəzeti və "Gelişim" nəşriyyatında davam etdirib. Bir müddət " Güneş" qəzetində yazan Atilla İlhan, 1993 – 1996-cı illərdə "Meydan" qəzetində yazdı. 1996-dan 2005-ci ilədək isə " Cümhuriyyet " qəzetində köşələrini yazıb. 1970-ci illərdə Türkiyədə televiziya verlişləri translyasısının başlanması və geniş kütlələr tərəfindən isitfadəsi ilə əlaqədar Atilla İlhan yenidən ssenari yazmağa başlayıb

Onun " Sekkiz sütuna manşet ", " Kartallar yüksek uçar " və " Yarın artık bu gündür " filmləri ictimaiyyət tərəfindən bəyənildi və maraqla izlənilib. İlk romanı " Sokaktakı adam "ı dərc etdirdiyində artıq 10 roman yazmışdı. Bunları heç gün işığına çıxartmayıb. Atilla İlhan bunun səbəbini bir müsahibəsində belə izah edir : " … əvvəllər bir neçə roman yazdım. Amma niyə çap etdirmədim? Çox ağıllı bir səbəbi vardır. Çünki bilirəm ki, yazarlar ilk romanlarında özlərindən bəhs edərlər. Bu da romançılıq deyil. Gündəlik tutmaqdır. " (" Düşün ", iyun 1996). Roman yazmağa başladığında dövrünün digər yazarları daha çox əyalət və kənd həyatından, kənd insanından bəhs edən romanlar yazdıqları halda Atilla İlhan şəhər insanını, Türkiyənin yaxın tarixini siyasi, iqtisadi və sosial yönlərdən araşdıraraq yazıb

 

Televiziya serialları

1. "Telefləş / Kanal 6" (1991)

2. "Səkkiz sütuna manşet" (1982)

3. "Qartallar yüksəkdən uçar" (1983)

4. "Dünən artıq bu gündür" (1986)

5. "Ulduzlar gecə böyüyür" (1992)

 

Musiqi albomları

1. An Gelir / Öz səsi ilə (2006)

 

Romanları

1. "Küçədəki adam" (1953)

2. "Zəncilər bir-birinə bənzəməz" (1957)

3. "Qurdlar süfrəsi" (1963)

4. "Aynanın içindəkilər" seriyası

5. "Bıçağın ucu" (1973)

6. "Sırtlan payı" (1974) Yunus Nadi Roman Armağanı

7. "Yaraya duz basmaq" (1978)

8. "Dərsəadətdə sabah azanları" (1981)

 

Şeirləri

1. 34 FN 346

2. Adım Sonbahar.

3. Adımla Nasıl Berabersem

4. Ağır Kan Kaybı

5. Ağustos Çıkmazı

6. Ah

7. An Gelir

 

Ədib 10 oktyabr 2005-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

 

 

35.

 

BƏS DÜNYA NƏ OXUYUR?

 

Dünyada ən populyar kitablar hansılardır? Fərqli ölkələrdə insanlarnə, necə və nə qədər oxuyurlar? Hələ ki, əldə edə bildiyimiz ən son statistik məlumata diqqət yetirək.

THGMAgentliyi56 ölkədən 945 oxucu arasında 2023-cü ildə hansı janrlarda kitab oxuduqları və 2024-cü ildə oxumağı planlaşdırdıqları barədə bir sorğu keçirib.Avropa, Şimali Amerika, Asiya, Avstraliya, Afrika və Cənubi Amerikanın sakinləri oxu vərdişlərini və üstünlüklərini bölüşüblər.Tədqiqatmüəlliflərininhansı əsas nəticələrə gəldiyinə diqqət yetirməyiniziistərdik.

 

Nəticə 1. Kitab elə də çox oxunmur

Çoxuya bir neçə, ya da bir çox kitaboxudutədqiqat iştirakçılarından 2023-cü ildə neçə kitab oxuduqları soruşulub.Məlumolub ki, onların arasında həm çox fəal olmayan oxucular, həm də əsl kitabsevərlər var.Sorğugöstərib ki respondentlərin:

18%-i 6-10;

19%-i 11-20

27%-i 20-dən çox;

32%-i 1-5

- kitab oxuyub.

Demək, ən böyük faiz ən az oxuyanların olub. İkinci böyük fazi isə ən çox oxuyanların. Demək, acınacaqlı vəziyyət həm də ümidvericidir.

Ölkələrüzrə statistikadandanışırıqsa, amerikalıvə ingilis respondentlər daha çoxoxuyanlardır (onların 39% və 44%-i müvafiq olaraq bir il ərzində 20-dən çox kitab oxuyublar). Kanadalılar isə daha az oxuyurlar (yalnız 23% 20-dən çox kitab oxuyub).

Qeydetməklazımdır ki, bəzi respondentlər sorğu keçirənlərin "20-dən çox kitab" maddəsini üst kateqoriyaya çevirərək cavab seçimlərini çox məhdudlaşdırdığını iddia ediblər. Məsələn, bir kanadalı oxucu “20-dən çox kitab” əvəzinə “100 -dən çox kitab" maddəsinin düzgün olduğunu bildirib.İngilislərin isə əksəriyyəti ən yüksək kateqoriya kimi 20+ kitab göstərilməsini kifayət qədər gülünc adlandırıblar.

Demək, kitabqurdu kateqoriyasına daxil olanlar ildə minimum 100 kitab oxumağı məqabul hesab edirlər.

 

Nəticə 2. Növbəti il daha məhsuldar olacaq

Rəy sorğusunun digər nəticəsi də sevindiricidir. İnsanlar2024-cü ildədaha çoxoxumağı planlaşdırırlar. Demək, kitablarınsonununyaxınolduğuna dair mövcud fərziyyələrvaxtından əvvəlortaya çıxıb və tam da yersizdir. Kitablarbir gün unudulmaq”üçün nəzərdə tutulubsa, həmin o bir gün tezliklə gəlməyəcək.

Daha dəqiq desək, sorğu nəticələri göstərir ki, insanlar 2024-cü ildə 2023-cü ilə nisbətən daha çox oxumağı planlaşdırırlar.Sorğugöstərir: respondentlərin64% - i 2024-cü ildə əvvəlkindən daha çox kitab oxumağı planlaşdırır.Və yalnız3% -i daha az kitab oxumağı planlaşdırır.Bu nəticələrdünyanınbütün bölgələrindətəxminən eynidir.

Keniyadanolan bir oxucucavabınıbelə yekunlaşdırıb: "Bu il oxuduğum hər şeyi bəyəndim.Dahaçoxoxumağı səbirsizliklə gözləyirəm." İnsanlar cari ildə real olaraq daha çox oxuyacaqlarmı və ya heç olmasa buna can atacaqlarinı iddia edirlər, əlbəttə buna nə dərəcədə əməl etdiklərini zaman göstərəcək.Buna baxmayaraq, böyük həcmdə oxumaq niyyəti kitablara olan sevginin davam edəcəyini göstərir.Beləliklə, kitaboxumaq vərdişi, mütaliə sevgisi yaşayırvə inkişaf edir.Avstraliyadanolan bir respondentinqeydetdiyi kimi,"mən sadəcə oxumağı sevirəm, bu, mənim sevimli fəaliyyətimdir."

 

Nəticə 3. Hansı janr daha çox oxunur?

Sorğu iştirakçılarından hansı janrda kitabları oxuduqları da soruşulub,bədii ədəbiyyat və ya qeyri-bədii ədəbiyyat oxuduqlarıiləmaraqlanılıb. Sorğugöstərib ki, 2023-cü ildə dünyanın ən populyar üç janrı açağıdakılardır:

-tarixi kitablar (34%),

-detektivlər (33%),

-tərcümeyi-hallar/xatirələr (31%).

Bəzi kiçik regionalfərqlər dəqeyd edilib. Məsələn, kanadalılardigər ölkələrin oxucuları ilə müqayisədə tarixlə daha az maraqlanırlar.İngilisoxucularda öz növbəsində fantaziyayaböyükmaraqgöstərirlər.

Digər populyar janrlar fantaziya, elmi fantastika və motivasiya-özünəkömək kitabları olub.

Yeri gəlmişkən, yüzlərlə oxucu sorğuya daxil edilməyən janrların adını çəkərək təşkilatçılara irad bildiriblər. Poeziya, fəlsəfi, dəhşət, komedik, kulinariya, sevgi romanları, uşaq kitabları və s. Növbəti sorğuda təşkilatçılar mütləq xeyli populyar olan digər janrları da kateqoriya seçimini genişləndirərək əlavə edəcəklərinə qərar veriblər (dəhşət, şeir, uşaq kitabları, fəlsəfə, mənəvi ədəbiyyat, sevgi romanları, komikslər, manqa və qrafik romanlar kimi).

 

Nəticə 4. Hansı janr daha çox oxunacaq?

Növbəti ildə də respondentlər daha çox tarix kitabları, detektivləri və tərcümeyi-hal ədəbiyyatını oxumaq istədiklərini bildiriblər. Demək, 2023-cü ildə seçdikləri janrlardan məmnundurlar və növbəti ildə də seçimləri dəyişməyəcək.

Daha dəqiq desək, 2024-cü ildə respondentlərin oxumağı planlaşdırdıqları 3 əsas janr bunlardır:

tarixi kitablar (%39);

detektivlər (%35);

tərcümeyi-hallar/xatirələr (%34).

Sorğunun nəticələrinə görə tələb olunan digər janrlar fantaziya, elmi fantastika və macəradır.

 

Nəticə 5. Kağız kitablar daha çox sevilir

İnsanlarhələ də kağızkitaboxumağı sevirlər.Kağızkitablarınsürətlə çökməsion ildir proqnozlaşdırılır.Ancaq insanlarhələ dəonları oxumağa davamedirlər.. Respondentlərdən 2023-cü ildə kitabları daha çox oxuduqları formatı qeyd etmək xahiş edilib.Sorğugöstərib:

-Respondentlərin57%-i əsasən kağız (çap) kitablar oxuyur;

-32% i e-kitabları seçir;

- 8%-i audiokitabları dinləyir;

-3% isə "digər" seçimini seçib (bu komikslər, Braille və ya başqa bir format ola bilər).

Kağızkitablarabütün dünyada böyük etimad göstərildiyi sübut olundu, lakin bəzi regional fərqlər də gözə soxulur. Amerikalılarkağızkitablarıdaha az seçirlərvə bütün digər formatlarla daha çox maraqlanırlar.Amerikalı oxucuların 29% -nin Kindle-a üstünlük verməsi də diqqət çəkir.Kanadalılartaməks üstünlüklərnümayiş etdirirlər: 67% -i əsasən çap olunmuş kitabları oxuyur və onların yalnız 23% -i elektron nəşrləri seçir.

 

Nəticə 6.Oxucularseçdiklərikitablarınhəcmindənrazıdırlar

Bəzən yazıçılarəlyazmalarınınhəcmindənnarahatolurlar.Yazdıqları çox uzun olmadı ki? Bəlkə daha çox təfərrüat daxiledilməlidir? Oxucular mətnimi çox qısa və ya çox uzun hiss etməyəcəklər ki?

Sorğugöstərib:

-oxucuların86% -i oxuduqları kitabların uyğun həcmdə olduğuna inanır.

-11% kitabların çox qalın olduğunu iddia edir.

- 3% - i isə hesab edir ki, bu il ərzində oxunan kitablar çox nazik olub.

 

Nəticə 7.Oxucularhər yaşdan olan insanlardır

Kitabların və xüsusən də kağız kitabların davamlı populyarlığının yetkin nəsillərin yeni texnologiyalara uyğunlaşmaqda çətinlik çəkməsi ilə əlaqəli olduğunu düşünürsünüzsə, araşdırma bunun əksini göstərib.25-34, 35-44, 45-54 və 55-64 yaş qruplarındakı oxucularınsayıtəxminən bərabərdir - 17-19%.

 

Nəticə 8.Qadınlarkişilərdəndaha çox oxuyur

Qadınlarkişilərdəndaha çox özlərinifəal oxucuhesabedirlər.Kimdaha çox oxuyur: qadınlar, yoxsa kişilər? Sorğugöstərib ki:

-respondentlərin56% -i qadın,

-42% -i kişi olub.

Bu fərqqadınların sorğu iştirakçılarının üçdə ikisini təşkil etdiyi ABŞ-da daha da nəzərə çarpıb.Ümumiyyətlə, dünyada qadınların daha çox kitab oxuduğunu göstərən digər tədqiqatların nəticələri də əldədir.

          

Növbəti: 36.Mütaliə etməyin faydalarının xülasəsi

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

Cümə, 10 Oktyabr 2025 12:28

Özünə qarşı çox tələbkardır

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Fərid Hüseyn özünə qarşı çox tələbkardır. Ədəbiyyata heç vaxt ötəri həvəs kimi baxmaz, yazanda sanbala riayət edər. Hələ gənc şair şinelindən çıxmayıbdır, amma özündən sonra gələn gənclərə həmişə dəstək olur, yol açır. Hər yerdə faydalı olmağa çalışır, Yazıçılar Birliyində, Mədəniyyət Nazirliyində, Türk Mədəniyyəti və İrsi Fondunda. Ona görə də hər yerdə hörməti və izzəti var. Bu gün də ad günüdür. Səmimi təbriklərimizi çatdırır, oxuculara onu yaxından tanıtdırırıq.

 

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Fərid Hüseyn 10 oktyabr 1989-cu ildə Kürdəmir şəhərində dünyaya gəlib. 1995–2006-cı illərdə M.Ə. Rəsulzadə adına Kürdəmir rayon 2 saylı tam orta məktəbdə təhsil alıb. 2006-cı ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin "Nəşriyyat işi və redaktəetmə" ixtisasına, 2008-ci ildə Bakı Slavyan Universitetinin iki illik "Yaradıcılıq" fakültəsinin "Poeziya" bölümünə daxil olub. Hər iki universiteti 2010-cu ildə bitirib. 2010–2013-cü illərdə ADMİU-nun "Kulturalogiya" fakültəsinin "Mədəniyyətşünaslıq" ixtisası üzrə magistr təhsili alıb

2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olub. AYB və Mədəniyyət Nazirliyinin nəzdində faəliyyət göstərən "Gənc ədiblər məktəbi"ni bitirib. Hazırda N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantıdır və "Azərbaycan ədiblərinin ev muzeylərindəki şəxsi fondların tədqiqi və nəşri prinsipləri" mövzusunda elmi mövzu üzərində çalışır.

Serbiya Yazıçılar Birliyinin üzvüdür. Fərid Hüseyn 2019-cu ildən AYB-nin Gənclər Şurasının sədridir. 2010 və 2021-ci illərdə Prezident təqaüdünə layiq görülüb. 2021-ci ildə Serbiya Respublikasının Semska Mitrovika — İmperatorluq şəhərinin fəxri vətəndaşı seçilib və adı Çaçak şəhərinin Mırçayevçi qəsəbəsindəki şairlər məhəlləsinin girişində yerləşən bulağın yanındakı daş lövhəyə vurulub.

2021-ci ildən AYB-nin katibliyinin və Üzvlüyə Qəbul Komissiyasının, həmçinin, "Ədəbiyyat qəzeti"nin redaksiya heyətinin üzvüdür. Şeirləri türk, qazax, özbək, qırğız türkcəsinə və ingilis, rus, belarus, ukrayn, serb, gürcü, rumın dillərinə tərcümə edilərək dünyanın müxtəlif ölkələrinin mətbuat orqanlarında çap olunub.

 

İştirak etdiyi beynəlxalq sərgilər

F. Hüseyn London, Qahirə, Budapeşt, Praqa, Peterburq və İstanbul'da keçirilən beynəlxalq kitab sərgilərində iştirak edib.

O, həmçinin İstanbul Şeir Festivalı, no 99Sapanca Şeir Festivalı, Tiflis Poeziya Festivalı, Moldovada Avropa Şairlər Baharı Festivalı, Dünya Yazarlarının Belqrad Görüşləri, Tatarıstanda "Ana dili bayramı" və Abdulla Tukay Poeziya günləri, Özbəkistanda Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı günləri və IX Babil Şeir Festivalında ölkəmizi təmsil edib.

 

"Eşq" kitab seriyası

Fərid Hüseyn "Eşq" kitab seriyasını təsis edib. Onun rəhbəri olduğu kitab seriyasından Məmməd Orucun "Oyun havası" (povest, 2012), Eldar Baxışın "Sərçə balası" (şeirlər, 2012), İsi Məlikzadənin "Qırmızı yağış" (roman, 2013), Asif Atanın "İnam və şübhə" (2015), Serkanın "İtkin gül" (roman, 2011) Tuğrul Tanyolun "Sən əlimdən tutanda" (şeirlər, 2019), Adnan Özerin "Kasıbın eşq nəğməsi" (şeirlər, 2019), Gjeke Marinajın "Sevginin 24 saat" (şeirlər, 2018), Koman Şovanın "Sevginin izi ilə" (şeirlər, 2020) nəşrləri işıq üzü görüb.

 

Kitabları

1. 2009-cu ildə "Əlifba sırası" adlı şeirlər və esselərdən ibarət ilk kitabı işıq üzü görüb.

2. 2013-cü ildə "Dözmək üçün məşq" adlı şeirlər və esselərdən ibarət ikinci kitabı çap olunub.

3. 2013-cü ildə İrandakı həbsxana xatirələrindən bəhs etdiyi "Qandalı görməsin" adlı memuar kitabı oxuculara təqdim edilib.

4. 2016-cı ildə "Bir də heç vaxt" adlı şeirlər kitabı nəşr edilib. 2017-ci ildə bu kitab "Больше никогда" adıyla rus dilində çap edilib.

5. 2017-ci ildə "Əlvida ağacları" adlı şeirlər kitabı işıq üzü görüb.

6. 2017-ci ildə mərhum şair Fərhad Metenin həyat və yaradıcılığı haqqında qələmə aldığı "Ömür – doğum günü hədiyyəmiz" kitabı nəşr edilib.

 

Mükafatları

1. 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının qalibi olub.

2. 2018-ci ildə "Nəsimi Şeir Festivalı"nın laureatlarından biri olub.

3. 2019-cu ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İlin gənc şairi" mükafatının sahibi olub.

4. 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin "Vaqif Səmədoğlu" medalına layiq görülüb.

5. 2021-ci ildə "Dünya Yazarlarının Belqrad Görüşü" adlı poeziya tədbirində nüfuzlu "Povelja Morave" beynəlxalq ədəbi mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.25)

 

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi.

 

Bugünkü həmsöhbətimiz—Filologiya elmləri doktoru, professor, Turanın xalq şairi,Beynəlxalq Elmlər Akademiyasının akademiki,Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat Tarixi və Publisistika şöbəsinin müdiri, bir çox beynəlxalq mükafatların laureatı, görkəmli ədəbiyyatşünas alim, tanınmış şair və publisist,Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Vuqar Əhməddir.

 

— Uşaqlıq ömrümüzün ən xoşbəxt, ən saf fəsilidir. Gələcək arzular da hamısı uşaqlıqdan başlayır. Ona görə də söhbəti uşaqlığınızdan başlasaq… 

 

Mən uşaqlıq xatirələrimi həmişə xüsusi ehtiramla xatırlayıram. Uşaqlıq – insanın duyğu dünyasının və təxəyyülünün ilkin mərhələsi, ruhun formalaşdığı ilk mərhələsi, ruhun formalaşdığı ilk məktəbdir. Orada yaranan arzular, qorxular, sadə sevinclər sonrakı yaradıcılığın, dünyanı qavrayışın baza daşlarıdır. Ona görə müsahibəmizi uşaqlığımdan başlamaq doğrudur – oradan həm şeir, həm də elmi maraqlarımın başlanğıcı görünür.

 

Yada düşdü uşaqlıq xəyalları,

Dəcəlliyim, cocuqluq ədaları.

Yada düşdü ağlamağım, gülməyim,

Hər şey üstə böyüklərdən küsməyim.

                     ***

Şirnilərlə dolu idi məcməyi,

Qar yağanda geyinərdim əlcəyi.

Uşaqlığın son gecəsi gözəldi,

Mənim üçün o muğamdı, qəzəldi.

                     ***

Yada düşdü uşaqlıq xəyalları,

Qış gününün qorxulu nağılları,

Novruzdakı xonçanın noğulları,

O illərin qızları, oğulları.

                     ***

Qaçdı-tutdu mənim ilk azadlığım.

Gizlənpaçda bol olardı şadlığım,

Şirinçayla şorqoğalı daddığım,

İlk iştahdı ləzzətini andığım.

                  

                     ***

Çox xoşbəxtdik, bəxtəvərdik biz onda,

Nə əvvəldə düşünərdim, nə sonda.

Uşaqlığın xəyalları yadımda.

Bir uşaq da vardı Vüqar adında.

 

— Şeirlərinizdə də, mahnılarınızda da çox zərif duyğular var. Sizin üçün ilhamın ən böyük mənbəyi – xalq, təbiət, məhəbbət, yoxsa tarixdirmi?

 

İlham mənbələri çoxşaxəlidir. Mənim üçün ən güclü – insanın özü, onun daxili aləmi və məhəbbətidir; amma xalqın yaddaşı, milli ruhu və tarix də şeirə zəngin kontekst verir. Təbiət isə bəzən sadə metafora, bəzən isə ruh üçün dərin səssizlikdir. Yəni ilhamı təkcə bir mənbəyə bağlamaq olmaz – onlar bir-birini tamamlayır və şeirdə sintezləşir.

 

— İnsan həyatının həqiqi dəyəri onun yaşadığı illərdə deyil, həmin illər ərzində nələr yaratdığı, kimlərin qəlbində iz buraxdığı ilə təzahür edir.Həyat qısadır, amma     mənalı yaşamaq onu əbədiləşdirir. Heç düşündünüzmü, bu günə qədər həyatı necə yaşadım deyə özünüzə sual verdinizmi?

 

Mən belə sualları daim özümlə saxlayıram. Həyatın dəyərini illərin  sayı yox, qoyulan izlərin dəyəri ilə ölçürəm. Elm, müəllimlik, ədəbiyyat və ailə - bunlar mənim üçün tarix olan fəaliyyətlərdir. 

 

— İnsanlar var ki, hər şeyə sahib olmaq istəyirlər, sanki ömürləri hər şeyə sahib çıxmaq üçün yetərlidir. Sizə verilmiş nemətlərə, imkanlara nə dərəcədə sahib çıxa bildiniz?

 

İmkanlar hər zaman tam olmayıb, amma mən verilən fürsətləri işlətməyə çalışmışam: elmi tədqiqatlar, nəşrlər, publisistik fəaliyyət və şeir. Xüsusilə uşaq ədəbiyyatı, mətbuat tarixi, Cənubi Azərbaycan və Qarabağ mövzusu istiqamətində çalışıb müəyyən nəticələr əldə etmişəm; bu işi mən bir öhdəlik, milli ruhu qorumaq işi saymışam.

 

     — Elm və elmlə yaşamaq üçün bizə səbri lazımdır, çünki o, dağıtdığı illüziyaları heç nə bərpa edə bilməz. Xüsusən də elmə əməl edib yaşamaq çox çətin bir işdir. Sizin fikrinizcə, elmin yükünü daşıyıb yaşamaq hansı məsuliyyətləri tələb edir?

 

Elm – obyektivlik, dəqiqlik və etik məsuliyyət tələb edir.

 Elm həmçinin ictimai məsuliyyət daşıyır: əldə olunan biliklər cəmiyyətə, gənc nəslə ötürülməlidir. Bu yolda səbr, təvazökarlıq və davamlı peşəkarlıq labüddür.

 

— “Uşaq ədəbiyyatı” üzrə apardığınız elmi işlərdə hansı nəticəyə gəldiniz: uşaq ədəbiyyatı milli ruhun gələcəyini formalaşdırmaqda hansı rolu oynayır?

 

Uşaq ədəbiyyatı milli ruhun erkən inkişafına təsir edən əsas amildir. Uşaqlara verilən ilk obrazlar, dəyərlər, dil və hekayələr onların milli şüurunun təməlini qoyur. Mənim tədqiqatlarımda da göstərilmişdir ki, uşaq ədəbiyyatı – dil, mədəni dəyərlər və tarixi yaddaşın ötürülməsi üçün strateji sahədir; bu səbəbdən də uşaq ədəbiyyatına xüsusi diqqət lazımdır.

 

— Publisistika və mətbuat tarixi üzrə də elmi iş aparırsınız. Sizcə, indiki dövr jurnalistikası klassik publisistikaya nisbətən nə qədər məsuliyyətli və ya təhlükəlidir?

 

Klassik publisistika ideal olaraq məsuliyyət və obyektivliyin əsas olduğu bir sahədir.  Müasir jurnalistika isə sürətli informasiya axını, kommersiya və qısamüddətli sensasiya təzyiqləri ilə üz-üzədir.

Bu dəyişiklik bəzən məsuliyyəti zəiflədə və məzmunun səviyyəsini aşağı sala bilər. Lakin peşəkar və etik mediada hələ də klassik publisistikanın prinsiplərini qoruyanlar var.

 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdiri olduğum Mətbuat tarixi və publisistika şöbəsi milli mətbuatımızın araşdırılması, yeni elmi nailiyyətlərin əldə olunması istiqamətində uğurlara imza atıb. Şöbəmizin uğurlarından biri akademik İsa Həbibbəylinin rəhbərliyi ilə çapa hazırladığımız “Molla Nəsrəddin” ensiklopediyası (Ədəbiyyat institutunun ilk ensiklopediyası) ilk dəfə nəşr olunub. Şöbə əməkdaşı filologiya elmləri doktoru, dosent Gülbəniz Babayevanın 2020-ci ildə çapdan çıxan "Molla Nəsrəddin və milli ədəbi dəyərlər" adlı monoqrafiyası böyük realist sənətkarın - Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmişdir. Həmçinin Vüqar Əhmədin "Azərbaycan uşaq mətbuatında (1906-1920) rus ədəbiyyatı məsələləri", Rauf Sadıxovun "Sənətin izi ilə", Elçin Mehrəliyevin "Multikultural mühit və ədəbiyyat", Dilbər Rzayeva ilə Vüqar Əhmədin birgə hazırladıqları "Arı", "Mirat", "Məşəl", "Kəlniyyət" jurnallarının transfoneliterasiyası, zəngin məlumat bazası olan biblioqrafiyası tərtib edilərək ilk dəfə nəşr olunmuşdur. Elmi işçi Leyla Məmmədovanın "Müasir Azərbaycanda nəşriyyat işi" adlı monoqrafiyası işıq üzü görüb. 

 

— Bu gün poeziya cəmiyyətin hansı ehtiyacına daha çox cavab verir  mənəvi təsəlli, ictimai mübarizə, fəlsəfi axtarış, yoxsa şəxsi izhar?

 

Poeziya müxtəlif ehtiyacları ödəyir: mənəvi təsəlli verə, ictimai-siyasi arqumentdə səs ola, fəlsəfi suallar qaldıra və şəxsi duyğuları ifadə edə bilər.

Hər dövr poeziyası öz kontekstinə görə bu funksiyalardan birini və ya bir neçəsini daha çox üzə çıxarır. Ən əlverişli şeir o şeirdir ki, oxucuda həm daxili rezonans yaradır, həm də düşünməyə sövq edir.

 

— Azərbaycan poeziyası tarixində Nizami, Xaqani, Füzuli kimi dahilar var ki, onların irsindən müasir şairlər necə istifadə edirlər, onları yetərincə öyrənirlərmi?

 

Böyük klassiklərdən öyrənmək vacibdir – onların estetik, fəlsəfi və dil imkanları müasir poetikaya zəngin resurs verir. Azərbaycanda bir çox müasir şair klassik irsdən faydalanır, lakin buna həm dərin öyrənmə, həm də yaradıcı transformasiya lazımdır.

Mənim müşahidəmə görə, klassiklərin dərindən təhlili hələ də aktualdır və çoxları bu irsi yeni məna qatları ilə işləyir.

 

AZƏRBAYCAN

 

Yağmurludur qışım, yazım,

Qəmli çalır telli sazım,

Bayrağımdı canamazım.

Həm gülərdi, həm ağlayan,

Azərbaycan, Azərbaycan.

 

Biz Məcnunuq,osa Leyli,

Ona saldıq mehri-meyli,

Həm Qüzeyli, həm Güneyli

Qarabağçın saç ağardan,

Azərbaycan, Azərbaycan.

 

Havalana-havalana,

Yol gedirəm Savalana,

Dua edib Yaradana.

Təbrizimə deyirəm:- Can!

Azərbaycan, Azərbaycan.

 

Savaşlarda yaralandı,

Torpaqları paraladı,

Iki yerə aralandı.

Bir olacaq görən haçan?

Azərbaycan, Azərbaycan.

 

Altmış milyon soydaşımız,

 Azər türkü qardaşımız,

 Ayrı düşüb göz yaşımız.

 Göydə Allah, yerdə “Quran”,

 Zəfər çaldın Azərbaycan.

 

— Şeirlərinizdə mənəvi axtarış, ruhi ucalıq hiss olunur. Sizin dünyagörüşünüzdə Rumi, Şəms Təbrizi, Nəsimi və yaxud Yəsəvi kimi sufilərin təsiri necədir?

 

Sufilərdən gələn mənəvi axtarış, daxili saflaşma və insana mərhəmət ideyaları mənim dünyagörüşümə təsir edib.

 Onların mətnlərindəki rəmzi dil və ruhi axtarışlar şeirimdə bəzən metaforik qatlar kimi görünür. Mənim üçün sufizmin ən qiymətli tərəfi insanın daxili    məsulliyyətinə və mənəviyyatın yüksəldilməsinə verdiyi önəmdir.

 

— Siz beynəlxalq elmi jurnallarda, konqreslərdə iştirak etmisiniz. Dünya ədəbiyyatının müxtəlif axınları içində Azərbaycan poeziyasının səsi necə eşidilir?

 

Azərbaycan poeziyası getdikcə daha çox beynəlxalq tədbirlərdə tanınır – xüsusən müasir mövzulara, milli motivlərə və tərcüməyə diqqət artır.

Mənim konqres və jurnallarda iştirakımdan göründüyü kimi, Azərbaycan poeziyası özünəməxsus səsi ilə tanınır və xaricdə maraq doğurur.

Bu gün elə əsərlər azdır ki, oxucuya zövq bəxş etsin, mənəvi  qida versin, həyatın mənası və insanın sirli dünyası haqqında düşünməyə dəvət etsin.

 

--XX–XXI əsr Azərbaycan poeziyası və nəsri nə ilə fərqlənir?

 

XX-XXI əsr milli-azadlıq, sosial və ideoloji çalxantılar dövrü olaraq ədəbi formaların çevikliyini tələb etdi; XXI əsr isə qloballaşma, yeni media və fərdi azadlıq kontekstində daha sehrli və çoxşaxəli ifadələr verir. Nəsrdə isə realist və modernist ənənələrdən postmodern, eksperimental texnikalara keçid müşahidə olunur. Hər iki dövrdə məzmun və forma dialoqu ədəbi dilin zənginləşməsinə gətirib çıxarır.

 

--Bu gün də əbədiyyətdə qala biləcək əsərlər yaradılırmı?

 

Bəli. Hər dövrdə dərin insanlıq problemini, zamanın ruhunu və orijinal

estetik axtarışı əks etdirən əsərlər yaranır.

Ədəbiyyata düşmək üçün əsərdə həm forma, həm də məzmunun birgə dəyəri vacibdir.

 

  — Ustadlar haqqında yazmaq həm asandır, həm çətin. Asanlığı odur ki, onların yaradıcılıq yolu, dostları sizə yaxşı tanışdır. Ustazlarınız haqqında, onların sizin yaradıcılıq və həyat yolunuzda tutduğu yer barədə fikirlərinizi bölüşərdinizmi?

 

Mənim ustadlarım arasında həm klassiklər, həm də çağdaş alim və şairlər var. Onların dərsləri, tənqidləri və şəxsi münasibətləri mənə elmi metod və poetik zövq öyrədib. Hər bir ustad mənim həm yaradıcılıq, həm də pedaqoji fəaliyyətimdə iz qoyub – onlar mənim dünyagörüşümü zənginləşdiriblər.

A.Krılovun obrazlı ifadəsi ilə desək: “Tənqidçi bir əli ilə qüsuru göstərib, digəri ilə gözəlliyin başına tac qoyaraq zövqü cilalayır.” Professor və şair kimi hər hansı bir əsəri təhlil və tənqid edərkən hansı meyarlara əsaslanırsınız?

Əvvələcə mətnin estetik keyfiyyəti, dilin dəqiqliyi və ideya tutarlığına baxıram. Sonra kontekst: müəllifin niyyəti, tarixi-mədəni zəmin və janr qanunları nəzərə alınır. Tənqid həm konstruktiv, həm obyektiv olmalıdır – məqsəd əsəri məhv etmək deyil, onun potensialını ortaya çıxarmaqdır. Həmçinin akademik tələblər, mənbə və fakt yoxlaması mənim üçün vacibdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

10 oktyabr. Ümumdünya psixiki sağlamlıq günü

1992-ci ildən qeyd edilən bu gün diqqəti psixiki xəstəlikdən əziyyət çəkən insanlara yönəltmək məqsədi güdür. Hazırda dünyada 450 milyon insan bu cür xəstəliklərdən əziyyət çəkir. Qərb ölkələrində hər yeddinci adam ya paranoiddir, ya şizofrenikdir, ya da depressiya, yaxud alkoqolizmdən müalicə alır. Psixiki xəstəliklərin əsas səbəbkarı isə stress adlı düşməndir, o düşmən ki, günümüzün əsas mənfi qəhrəmanıdır.

 

10 oktyabr. “Barabançını qucaqla günü”

Bu gün musiqi ansambllarının barabançılarına ehtiram əlaməti olaraq onları qucaqlamaq lazımdır. Barabançı – bizim təbirimizcə nağaraçalanlar. İndi durub həqiqətən gedəsən, “Natiq” ritm qrupunun nağaraçılarından birini, lap elə Natiqin özünü qucaqlayasan ki, qardaş, təqvim belə deyir. Düşünərlər, yəqin bunun ağlı gedib.

 

10 oktyabr. Ermənilərin bugünkü bayramı

İndi sizə bir şey deyim, ancaq gülməyin. Bu gün Ermənistanda kimyəvi qoşunlar günüdür. Bunlar yəni belə dərinə gediblər ki, hətta ABŞ, Rusiya kimi hərbi derjavalar belə ayrıca qeyd etmədiyi kimyəvi qoşunlar gününü qeyd edirlər? Hanı bunların kimyəvi silahları, poliqonları, hanı xüsusi hazırlıq məktəbləri? Neçə mütəxəssisləri var bu sahədə? Gülünc və absurddur, gözə kül üfürmək buna deməzlərmi?

Sizdən kim lətifə söyləməyi xahiş etsə ona bax bu lakonik lətifəni söyləyin: 10 oktyabr - Ermənistanda kimyəvi qoşunlar günüdür.

 

10 oktyabr. Digər əlamətdar hadisələr

Bu gün Ümumdünya evsizlər günüdür. Bomj adlandırdığımız belələrinə bu gün mərhəmət göstərməyiniz yetər. Ölüm hökmü ilə ümumdünya mübarizə günüdür. Ümumdünya sıyıq günüdür. (Mannı sıyığını kim sevməyib ki, uşaqlığında?) Finlyandiyada milli ədəbiyyat günüdür. Ukraynada rəssamlar günüdür. Pakistanda, Honkonqda və Almaniyada babalar və nənələr günüdür. Polşada ağacəkmə, Kubada müstəqillik günüdür. Və ən nəhayət, bu gün Amerikada tortun bəzədilməsi günüdür. Üstəlik, mələk-biskvit günüdür həm də. Ay maşallah!

1963-cü ilin bu günündə məşhur türk aktrisası Hülya Avşar dünyaya gəlib. 1943-cü ilin bu günündə ingilis yazışısı Corc Oruel ilk dəfə “soyuq müharibə” terminindən istifadə edib. 1933-cü ilin bu günüdə ABŞ universamlarında ilk dəfə yuyucu vasitə - “poroşok” gözə görünüb. Dreft adlı bu vasitənin üzərinə də belə yazılıbmış: “Möcüzə molekulun sayəsində parçadan çirki sovurub çıxarır”. 1919-cu ildə Antanta RSFSR-ə qarşı iqtisadi sanksiyalar elan edib. 1875-ci ildə rus yazıçısı Aleksey Tolstoy (Lev yox a) dünyasını dəyişib. 1813-cü ildə dünyaşöhrətli italyan bəstəkarı Cüzeppe Verdi dünyaya gəlib. 680-ci ildə Məhəmməd peyğəmbərin nəvəsi - Əli ibn Abu Talibin oğlu, 3-cü şiyə imamı Hüseyn ibn Əli işıqlı dünyadan köçüb.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün orta əsr türk şairlərində “hikmət” anlayışının fəlsəfi aspektləri barədə danışacağıq. Yetərinə maraqlı mövzudur.

 

Orta əsr türk ədəbiyyatı, yalnız poetik yaradıcılığın deyil, həm də dərin mənəvi və fəlsəfi təfəkkürün ifadə meydanıdır. Bu dövrdə yazan şairlərin əsərlərində “hikmət” anlayışı sadəcə bilik və ya təcrübə mənasında deyil, Tanrı ilə insan arasındakı mənəvi bağın, kainatın mahiyyətinə nüfuz etmə yolunun rəmzi kimi təqdim olunur. Xüsusilə Əhməd Yəsəvi, Yunus Əmrə, Nəsimi və Füzuli kimi böyük şəxsiyyətlərin yaradıcılığında “hikmət” anlayışı ilahi təfəkkürün mərkəzinə çevrilmişdir.

 “Hikmət” anlayışı Qurani-Kərimdə və İslam fəlsəfi düşüncəsində dərin köklərə malikdir. Ərəb dilində “hikmət” kəlməsi müdriklik, düzgünlük və varlığın mahiyyətini dərk etmə mənalarını daşıyır. Orta əsr türk mütəfəkkirləri bu anlayışı yalnız dini kontekstdə deyil, həm də insanın daxili kamilliyə çatma yolunun əsas mərhələsi kimi qəbul etmişlər. Bu baxımdan hikmət, həm bilik, həm əxlaq, həm də ilahi eşq üçlüyünü birləşdirən konseptual anlayış kimi çıxış edir.

 Əhməd Yəsəvinin “Divani-Hikmət” əsəri “hikmət” anlayışının ən klassik nümunəsidir. Yəsəvi üçün hikmət, zahiri elmlərin deyil, batini idrakın məhsuludur. O, insanı mənəvi təmizliyə və Allah sevgisinə aparan yol kimi hikməti təqdim edir. Yəsəvi düşüncəsində hikmət, nəfsin tərbiyəsi, dünyəvi istəklərdən uzaqlaşma və Tanrıya yaxınlaşma prosesidir. Onun “hikmət”ləri həm təlim, həm də ibrət xarakteri daşıyır.

 Yunus Əmrə poeziyasında hikmət anlayışı insan sevgisi ilə birləşir. O, Tanrını insanda, insanı isə Tanrıda görən bir təfəkkür sisteminə əsaslanır. Yunus üçün hikmət insanın öz içindəki ilahi nuru dərk etməsidir. Bu, fəlsəfi baxımdan vahdətül-vücud (varlığın birliyi) ideyasının poetik ifadəsi kimi çıxış edir. Onun misralarında hikmət, sadə xalq dilində, lakin dərin fəlsəfi məzmunla təqdim olunur.

 Nəsimi üçün hikmət, Tanrı ilə birləşmənin ağrılı və eyni zamanda ucaldıcı bir prosesidir. Onun əsərlərində hikmət, həm idrak, həm eşq, həm də müqavimət rəmzidir. Füzuli isə hikməti məhəbbət fəlsəfəsi ilə əlaqələndirir. O, eşqi Tanrının hikmətinin təcəllası kimi görür və beləliklə, ilahi biliyin insan qəlbində təzahür etdiyini vurğulayır.

 Orta əsr türk şairlərinin əsərlərində “hikmət” anlayışı yalnız dini və ya əxlaqi bir dəyər deyil, insanın varlıqla əlaqəsini müəyyən edən fəlsəfi prinsipdir. Yəsəvidə bu anlayış mənəvi təlim, Yunusda insan sevgisi, Nəsimidə ilahi idrak, Füzulidə isə eşq fəlsəfəsi ilə tamamlanır. Beləliklə, “hikmət” türk-islam düşüncəsində insanın həm özünü, həm də Tanrını tanıma yolunun rəmzinə çevrilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun Bakı Expo Mərkəzində düzənlənən XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakı barədə artıq sizləri bilgiləndirmişik. Bir neçə kitabın təqdimatı, fondun guşəsinə gələn qonaqlarla işguzar görüşlər sərgi boyu davam etdi. Bu günsə təqdimatlardan ən maraqlı saydığım daha biri barədə spz açmaq istəyirəm.

 

 

Sərgi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşri olan “Bizim Mağcan” kitabının təqdimat mərasiminə ziyalılar, diplomatik korpusların nümayəndələri qatılmışdılar.

Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Bizim Mağcan” nəşrini Türk dünyasının ədəbi və mənəvi birliyini əks etdirən dəyərli mədəni layihə kimi səciyyələndirdi. Xanım A. Raimkulova vurğuladı ki, Fond tərəfindən hazırlanmış bu kitab Mağcanın azadlıq, Vətən sevgisi və milli oyanış ideyalarını müasir oxucuya çatdırmaqla yanaşı, ortaq ədəbi yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Tədbirdə həmçinin Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Qazax ədəbiyyatı üzrə mütəxəssis, professor Nizami Tağısoy, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti, şair Əkbər Qoşalı çıxışlar edərək əsərin elmi və ədəbi əhəmiyyətindən bəhs etdilər. Çıxışçılar bildirdilər ki, “Bizim Mağcan” kitabı təkcə Mağcan Cumabayevin poetik irsinin öyrənilməsi baxımından deyil, həm də onun ideyalarının Türk dünyasının müasir düşüncəsinə təsiri yönündən dəyərli mənbədir.

Onlar Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə həyata keçirdiyi nəşr fəaliyyətini Türk xalqları arasında mənəvi bağların möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirdilər.

Xüsusilə qeyd etmək lazımdır ki, nəşr 7 dilin toplusu şəklində hazırlanmışdır və Mağcan Cumabayevin həyatı, yaradıcılığı və Türk dünyasının mənəvi birliyindəki rolu barədə məqalə, şeir və tədqiqat materiallarını özündə ehtiva edir.

Layihənin məqsədi Türk xalqlarını ədəbiyyatın və incəsənətin yolu ilə bir-birinə daha da yaxınlaşdırmaqdır.

Sonda tədbir iştirakçılarına “Bizim Mağcan” kitabının nüsxələri hədiyyə olundu, bir nüsxə də mənə çatdı və deyim ki, böyük maraqla bu kitabı oxudum.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

Cümə, 10 Oktyabr 2025 13:03

Sükutun içində insan - ESSE

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Bəzən insan danışmaqdan çox susanda özünü daha yaxşı eşidir. Çünki sözlər çox vaxt bizi kənara aparır, diqqəti başqa üfüqlərə yönəldir, amma sükut bizi içimizə qaytarır, varlığımızın ən gizli qatlarına endirir. İnsan susanda kiminlə üz-üzə qalır? Öz vicdanı ilə. Ən çətin dialoq da məhz odur – insanın öz vicdanı ilə apardığı söhbət. O sükut anlarında kimsənin eşitmədiyi, amma insanın ürəyinin dərinliyində davam edən bir mübahisə, bir sorğu-sual, bir gizli məhkəmə baş verir.

 

Hər birimiz gündəlik həyatın axınında bir növ “maskalar” taxırıq. Bu maskalar bəzən bizi qoruyur, bəzən isə bizə yük olur. Cəmiyyətin istəklərinə uyğunlaşmaq, başqalarının gözündə “düzgün”, “hörmətli” görünmək üçün maskalar taxırıq. Amma gecənin bir aləmi, otaqda tək qaldıqda o maskalar bir-bir üzümüzdən düşür və insan özünü görür – həqiqi, bəzəksiz, susqun. O an insan anlayır ki, həqiqi üz yalnız kənardakılara deyil, özümüzə də bəzən gizlədilir. Və elə o an yaranır böyük sual: “Mən kiməm? Mənim əsl varlığım harada gizlənib?”

Fəlsəfə əsrlər boyu bu sualın ətrafında dolanır: insan kimdir, insan nə üçün var, insan özünü necə dərk edə bilər? Psixologiya isə bu sualın insan ruhuna, şüuruna, şüuraltına necə təsir etdiyini öyrənməyə çalışır. Amma paradoks ondadır ki, cavabı heç kəs tam tapa bilmir. Hər cavab yeni bir sualı doğurur. Bəlkə də, cavabın özü yox, cavabı axtarmaq, soruşmaq, dayanmaq bilmədən araşdırmaq insanı canlı saxlayır. İnsanı insan edən elə həmin axtarışın özüdür.

İnsanın ən böyük mübarizəsi xarici dünyayla deyil, daxili dünyası ilədir. Xaricdəki düşməni məğlub etmək olar, amma içimizdəki düşmənlər – qorxular, komplekslər, şübhələr, qırılmış ümidlər, yarımçıq qalan arzular – daim bizimlədir. Onlar səssiz müharibə aparır, bəzən gecənin qaranlığında, bəzən gündüzün izdihamında qəfil baş qaldırır. Amma bu müharibədən qaçmaq olmaz. Çünki insan özü ilə hara getsə də birlikdədir. Öz kölgəsindən qaçmaq mümkün olmadığı kimi, içindəki həqiqətlərdən də qaçmaq mümkün deyil. Əsl azadlıq isə, insanın öz içindəki səsə qulaq asması, qorxularına “bəli, varsan” deməsi, amma onlara əsir düşməməsidir.

Bəlkə də xoşbəxtlik dediyimiz şey, sadəcə sakitcə yaşamağı bacarmaqdır. Sadə bir çörəyin qoxusunda, səhərin təmiz havasında, bir uşağın təbəssümündə, payız yarpağının ayaq altında çıxardığı xışıltıda gizlənir. Çünki həyat fəlsəfəsi çox vaxt böyük ideyalarda, möhtəşəm nəzəriyyələrdə deyil, sadə anların içində üzə çıxır. Biz həmin anları görməyəndə həyatın mahiyyətini də itiririk.

Və insan tədricən başa düşür ki, həyat bir imtahan deyil, sərt sualları olan bir sınaq da deyil, o sadəcə bir yolçuluqdur. Yol boyu qaranlıq tunellər də olacaq, işıqlı vadilər də. Yolçuluq insanı həm sınayır, həm yetişdirir. Hər addımda bir təcrübə, hər dayancağında bir dərs var. Və bu yolçuluğun ən böyük dərsi – insanın özünü tanıması, öz varlığını qəbul etməsi, öz gerçək üzünə boylanmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

 

29 -dən səhifə 2502

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.