Super User

Super User

Cümə, 10 Oktyabr 2025 10:14

Yubilyar təltif olunub

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Bakı Dövlət Universitetinin (BDU) professoru Almaz xanım Məmmədovanın 80 illik yubileyi münasibətilə ona səmimi təbriklər ünvanlanıb - uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyəti, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasındakı xidmətlərinə görə professor Almaz Məmmədovaya BDU Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərman təqdim edilib.

 

Qeyd etmək lazımdır ki, Almaz xanımın Azərbaycan elminin inkişafında, xüsusilə gənc tədqiqatçıların yetişdirilməsində və milli dəyərlər ruhunda formalaşmasında əvəzsiz rolu var. Onun illərlə apardığı pedaqoji fəaliyyət yüzlərlə tələbənin elmə və Vətənə sevgi ilə bağlanmasına töhfə verib.

Yubiley münasibətilə həmkarları və tələbələri professor Almaz Məmmədovanı ürəkdən təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür və elmi fəaliyyətində yeni uğurlar arzulayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.25)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Onu “Bağ mövsümü”ndən sonra tanıdım. Rollarına əsl həyat verir, can qoyurdu. Şirin nitqi vardı və bu nitqdə Şəki ləhcəsi duyulurdu. Elə rejissorların ona verdiyi rollar həyatdakı özünə bənzəyirdi çox vaxt. Şən, gülərüz, bir az da qayğılı...

Xalq artisti Nuriyyə Əhmədova 1950-ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub.M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb. 

İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. 

 

Filmoqrafiya

1. 20+1 

2. 777 №-li iş 

3. Adi əhvalat 

4. Alman klinikasına şəxsi səfər 

5. Anlamaq istəyirəm 

6. Araqarışdıran

7. Arşınmalçı 

8. Aşkarsızlıq şəraitində... 

9. Bağ mövsümü

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın qüdrətli şərqşünaslıq məktəbləri olub. Şərqşünas-tarixçi akademik Ziya Bünyadovun, akademik Vasim Məmmədəliyevin, professor Rüstəm Əliyevin məktəbləri o zamankı SSR-də  Mirzə Kazım bəyin, Mustafa bəy Topçubaşovun, İosif Braginskinin irsi ilə müqayisə olunan əsrlər yaradan bu alimlərin sırasında filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın öz yeri olub.  Elmin bəşəri dəyərlər xəzinəsinin “Qələmlər birliyi və Mixayıl Nüaymənin onun yaradıcılığında rolu”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” kimi ciddi əsərləri ilə zənginləşdirən Aida xanım 1939-cu il oktyabrın 10-da Bakıda “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Döyüşən Krım”, “Radio proqramı”, “Vətənin səsi” kimi mətbu orqanlarda imzanın hökmü ilə millətə, məmləkətə xidmətdə bulanan, “Bakı” və “Baku” qəzetlərinin qurucusu kimi tarixdə qalan, professor Nəsir İmanquliyevin ailəsində dünyaya gəldi.

\

Bakının məşhur məktəblərindən birini – 132-saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinə daxil oldu. 1962-ci ildə universiteti qızıl medalla bitirdikdən sonra professorlar Rüstəm Əliyev və İosif Braginskinin rəhbərliyi ilə elmi fəaliyyətə başladı. Ərəb-məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı kimi tarixə yazılan professor Aida İmanquliyeva “Qələmlər cəmiyyəti və onun yaradıcılığında Mixail Nüaymənin rolu” mövzusundakı namizədlik desertasiyası ilə dünya şərqşünaslığında yeni səhifə açdı. Suriyadan və Livandan Latın Amerikasına mühacirət edən ədiblərin – Mixail Nüaymənin və Cübran Xəlil Cübranın irsinin araşdırılması ilə mühacirət ədəbiyyatı tarixində də mühüm nailiyyətlər əldə edib, ilklərə imza atan professor Aida İmanquliyeva ötən əsrin repressiya və mühacirət adlı burulğanını dünya ictimaiyyətinə təqdim etdi. Mixail Nüaymə və Cübran Xəlil Cübranın poetik irsi ilə Hüseyn Cavid, Almas İldırım, Əhməd Cavad, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşovun irsinin müqayisəli səciyyəsini verən, onların irsində həm də Tolstoy, Dobrolyubov, Dostoyevski, Anna Axmatova kimi vaxtın-zamanın fövqünə qalxan ədiblərin irsini görən Aida xanım təkcə bir namizədlik dissertasiyası ilə dünyaya sübut etdi ki, əslində insanlara bir-birini anlamağa və dinləməyə heç nə mane olmur. Bəşəriyyətin problemlərini ancaq sivilizasiyaların, mədəniyyətlərin dialoqu ilə çözmək, həll etmək mümkündür. Sivilizasiyaları, dinləri, mədəniyyətləri dialoqa, harmoniyaya səsləyən Aida xanım “Cübran Xəlil Cübran” əsəri ilə fırça ilə qələmin vəhdətində tarix yaradan Cübran Xəlil irsinin ümumbəşəri dəyərlə xəzinəsində yerini müəyyənləşdirir.  Cübran Xəlilin əsərlərini bir rəssam və ədib kimi məşhur rəssamların irsi ilə müqayisə edən alim Ayvazovskinin “Tufana düşən gəmi”sindəki insan taleyini Cübran Xəlilin “Səhrada boğulan quş” əsəri ilə müqayisə edərkən şərqli, yaxud qərbli olmasından asılı olmayaraq, quruluşun-zamanın qurbanı olan insanın təbiətin, cəmiyyətin ağrı və problemlərindən söz açır.

 

 

Mühacirət ədəbiyyatının tədqiqi sahəsində yeni səhifə açdı

 

Şərqin mütəfəkkir alimlərindən biri Mirzə Kazım bəy çar Nikolayın hüzurunda çıxış edərkən tarixi bir cümlə işlətmişdi: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır”. Mirzə Kazım bəyin ikinci tarixi bir cümləsi isə belə idi: “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!” Bu iki qüdrətli kəlamın sahibi türk, müsəlman və azərbaycanlı idi. Dərbənd şeyxülislamının oğlu Mirzə Kazım bəy tək və yeganə alimimiz idi ki, çar Rusiyasında əsərləri senzuradan kənar dərc olunurdu. Çox böyük səmimiyyət və qürurla qeyd edə bilərik ki, keçmiş SSR-ini çevrələyən alimlər içərisində professor Aida İmanquliyeva yeganə alim, özü də türk, müsəlman və azərbaycanlı idi ki, əsərləri dünyada senzuradan kənar dərc olunurdu. Bunun tək və yeganə səbəbi vardı. O, bir mütəfəkkir alim kimi şərqşünaslıqda, eyni zamanda mühacirət ədəbiyyatı tarixində yeni bir səhifə açmış, ərəb-məhcər ədəbiyyatının gələcəkdə tədqiqatı ilə məşğul olacaq alimlər üçün üç istinad mənbəsi qoymuşdu: “Qələmlər cəmiyyəti və Mixail Nüaymə”, “Cübran Xəlil Cübran” və “Yeni ərəb ədəbiyyatı korifeyləri”. Bu səbəbdən də dünyada məşhur olan bu əsərlərə istinad edən alimlərin hər biri tərəddüd etmədən Mirzə Kazım bəyin qeyd etdiyimiz kəlamlarını xatırlayır: “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır!”, “Şeyx Şamil qəhrəmandır, qəhrəmanlar yetirən qəhrəman!”

 

Aida xanım Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Ziya Bünyadov, İosif Braginski, Vasim Məmmədəliyev, Rüstəm Əliyev, atası və qayınatası professorlar Nəsir İmanquliyev və Mir Cəlal Paşayev kimi öz məktəbini yaratdı. Şərqşünaslığın şərqli şahzadəsi, İpək yolunun mələk donlu elçisi kimi Doğudan Batıya, Odlar Yurdu Azərbaycandan dünyaya səs saldı. Milli-mənəvi dəyərlərin və bəşəri duyğuların himayədarına çevrildi.

 

 

Aqambekyanın, Balayanın, Staravoytovanın üstünə yeriyən alim

 

 

20 Yanvar dəhşətləri, Xocalı faciəsi zamanı Aqambekyan, Balayanın, Staravoytovanın üstünə yeriyən, Moskvada, Poltavada keçirilən konfranslarda onlara tarixidəki yerlərini göstərən Aida xanım milli azadlıq hərəkatı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üç alim qadınından biri kimi mənsub olduğu millətin haqq səsinə döndü. AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, BDU-nun professoru kimi təkcə ərəb filologiyası məsələləri ilə deyil, ümumtürk və ümumşərq problemləri ilə məşğul olan professor Aida İmanquliyeva o dövrdə təşkil olunan əksər konfrans və simpoziumlarda ciddi elmi məqalələrlə çıxış etməklə yanaşı, dünya alimlərinin də bu məsələyə diqqət yönəltməsinə nail olmuşdur.

 

Ömür yolu örnək olan, mənsub olduğu millətin milli mənlik və milli kimlik uğrunda mücahidi kimi tarix yardan Aida xanım 1992-ci il sentyabrın 19-da dünyaya vida nəğməsi oxumasaydı, varlığı qədər sevdiyi, fəqət nigaran getdiyi Azərbaycanın daha xoş günlərini görəcəkdi. O, o tayla bu tayı, paralanmış Azərbaycanı taleyində birləşdirən bir ailədə doğulmuş, digərinə gəlin getmişdi. Sinəsində Təbrizin, Dərbəndin, Borçalının, İrəvanın ağrısını daşıyan alimin Qarabağ – Şuşa nisgilinin üstündə həm də doğmaların həsrəti vardı. 1985-ci ilin Qorbaçov “perestroykasından” sonra Ulu Öndər Heydər Əliyevə, onun ailə üzvlərinə və doğmalarına münasibət qohumluq bağı olan Paşayevləri, İmanquliyevləri də haqlamışdı. Bütün bunlara baxmayaraq, o bir mütəfəkkir alim, müdrik insan, əyilməz şəxsiyyət kimi zamanın sınaqlarından ləyaqətlə çıxdı.

Əfşarlara, Qacarlara, Sultanzadələrə, Mahmudbəyovlara bağlı bir soydan gəlmək, professor Nəsir İmanquliyevin, Gövhər xanım Sultanzadənin ruhunun və cisminin davamçısı olaraq ömür sürmək, “Yada satmaram” nidası ailə qələm çalan Mir Cəlal ocağının gəlini kimi səadərər qovuşmaq, fizika, texnika və kosmonavtika sahəsində dünyada məşhur bir alimin, akademik Arif Paşayevin könlündə sultan olmaq, sivilizasiyaları, mədəniyyətləri, dinləri dialoqa səsləyən, insanları birliyə, bütövlüyə, elmi-irfana çağıran, xoşməramlı səfir kimi tarix yaradan, ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın və L.M.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın vitse-ptezidenti, akademik Nərgiz Paşayevanın anası, fitri istedadı “Baku” jurnalının, Bakı Media Mərkəzinin, Yarat müasir incəsənət məkanının, “Nargis” dərgisinn təməlini qoyan Leyla Əliyevanın, Arzu Əliyevanın, Ülviyyə Mahmudovanın, Aida Mahmudovanın nənəsi kimi tarixdə qalmaq nə qədər səadətdirsə, Azərbaycanın ərazi bütövlüyünün simgəsi, bəlgəsi olan üçrəngli, hilallı-ulduzlu bayrağı Şuşa qalasında, Xudafərin körpüsündə görmək bir o qədər böyük xoşbəxtlikdir.

Aida xanım Qarabağdan, Şuşadan – Azərbaycandan  nigaran getdi. Bu gün hüzura qovuşan, özgürlüyə nail olan vətən – Azərbaycan var! Və onu uğurlarının memarları isə Aida xanımın doğmalarıdır.

 

Nüaymənin Qızılgülü

 

Ötən əsrin 70-ci illərində Mixail Nüaymə bəraət alıb Beyruta dönür. Ölkə onun 90 illiyini rəsmi şəkildə təntənə ilə qeyd edir. SSRİ-dən o tədbirə dəvət alan alimlərin sırasında Nüaymə irsinin ilk tədqiqatçısı Aida İmanquliyeva olmur. Onun qələmə aldığı “Qələmlər birliyi və onun yaradıcılığında Mixail Nüaymənin rolu” kitabını Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti Cəmil Quliyev Nüayməyə təqdim edir. Kitabı görüb heyrətlənən, müəllifə təşəkkür etmək istəyən yazıçıya Aida xanımın SSRİ-dən gələn nümayəndə heyətinin tərkibində olmadığını bildirirlər. Akademik Cəmil Quliyevi mülkünün arxasında, öz əliylə saldığı bağa aparan Nüaymə bir al Qızılgülü dərib “Beyrutun səsi” qəzetinə bükür və onu Azərbaycana – Bakıya, Aida xanıma göndərir. Bu bir alim kimi professor Aida İmanquliyevanın həyatda aldığı, qazandığı ən böyük mükafat idi.

Qəribliyin, həsrətin, mühacirətin sərt üzünü Latın Amerikasında yaşayan Mixail Nüaymə illərlə vətənə dönmək, mülkündə Peyğəmbər (s.a.s.) xatir qızılgüllərlə süslənən bir bağ salmaq arzulamışdı. Tanrı onun səsini eşitmişdi. 89 yaşında bəraət alıb vətənə dönən Nüaymənin Peyğəmbər çiçəyindən birini dərib Aida xanıma göndərməsinin özündə də bir mübhəm qəlb çırpıntısı vardı. Aida xanım mühacirlərin ailəsində doğulmuşdu, onların ocağına gəlin getmişdi. Üstəlik ömrü boyu mühacirlərin irsini araşdırmışdı.

 

Peyğəmbərlə (s.a.s.) bağlı hədislərdə bildirilir ki, o qızılgül ətrini və yağını sevərmiş. Üstündə qızılgül yağı gəzdirərmiş. Aida xanım da gül-çiçək ətrini sevərdi. Məhəbbətin, mərhəmətin, xeyirxahlığın ünvanı kimi xatırlanan alimi tanıyanlar bu gün də onu “Peyğəmbər kimi adam idi” kəlamı ilə yad edirlər.

 

Aida xanım bütün ruhu, duyğuları, sevgiləri ilə Tanrının niqabını qaldırıb, dörd səma kitabının mələklərin qanadında Yer üzünə endirdiyi, yüz iyirmi dörd min peyğəmbərlə müjdələdiyi Şərqə bağlı idi. Tanrı onun sevdiyi, könül verdiyi, yolunda qələm çaldığı Şərqi hücumlardan, təhdidlərdən, səlib yürüşlərindən xilas etsin. Bu, onun nigaran ruhunu hüzura qovuşduran ən ali məqamlardan biri olar.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.25)

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəzən düşünürəm: Zaman boşa keçir, yoxsa boşa xərclənir? Nə vaxt zamanın dəyərini anlayırıq? İtirəndəmi? Gec qalanda? Geri qayıtmaq istəyəndəmi? Yoxsa ən xoşbəxt anımızda?

 

Bu gün təqvimə baxanda anladım ki, boşa keçən zaman yoxdur, boşa xərclənən zaman vardır. Zaman sadəcə keçir, onu saxlaya bilmirik, ancaq dəyərləndirmək bizim əlimizdədir. Yanlış yerlərə xərclənən zaman peşmanlıqla dolu xatirəyə çevrilərkən, doğru xərclənən zaman xoşbəxt gələcəyə doğru işıq saçır.

Ən önəmlisi sənin hansını seçdiyindir. Ya sən onu idarə etməyi öyrənməlisən, ya da axıb getməsinə səssizcə tamaşa edəcəksən.

Bəzən bir gün, bir saat, bir an, bir cümlə belə həyatımızı dəyişə bilər. Zaman bunların hamısının şahididir.

Zamanı peşmanlığa yox, dəyərə çevirmək bizim seçimimizdir.

Unutma, zaman keçmir — biz keçirik. Və arxada sadəcə dəyərləndirdiyimiz anlar qalır.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

Gülxarə Əhmədova,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı. “Ədəbiyyat və incəsənət” üçün

 

Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirildi. Atrıq Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi bir ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüş mühüm qərarlarla yadda qalıb. Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.

 

Qəbələdəki Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürünü bildirib, təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının  məmnunluq doğurduğunu bildirib.Ortaq tarixi və etnik köklərimizin, müştərək milli-mənəvi dəyərlərimizin bizi bir ailə kimi birləşdirdiyindən danışıb.

Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir -deyən ölkə başçısı Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında yer aldığını nəzərə çatdırıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin olduqca vacibliyinə diqqət çəkən Prezident İlham Əliyev ”Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir”.

Gorüşdə 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklif olunub və  dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amil olduğu bildirilib.

Görüşdə 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğu bildirilib. İlham Əliyev “Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq”-fikirlərini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir;

 Görüş zamanı 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizinin bərpaolunan mənbələr hesabına təmin ediləcəyi, Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləməsi də vurğulanıb. Atılan addımlarsa Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

  Prezident İlham Əliyev 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinə də diqqət çəkib: “Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir. Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.”

Bəli, atılan hər bir addım Azərbaycanın beynəlxalq səviyyədə imicini daha da formalaşdırır, ölkəmizin uğurlu inkişafına böyük zəmin yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

Görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasının nümayişi Oman Opera Evinin 2025-2026-cı il mövsümünün proqramına salınıb.

 

AzərTAC Oman Opera Evinə istinadla xəbər verir ki, tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin və xorunun iştirakı ilə yanvarın 29-u və 31-də təqdim olunacaq.

 

Opera Davide Livermorun rejissorluğu və Fabio Mastrangelonun dirijorluğu ilə Məsqət Opera Evinin səhnəsində nümayiş ediləcək. Toska partiyasını Karmen Cianatazzio, sevgilisi Kavaradossi rolunu Vittorio Grigolo və Skarpia partiyasını isə Ambrogio Maestri ifa edəcəklər.

 

"Toska" operası dünyanın ən populyar on operası sırasına daxil edilib. Onun premyerası 1900-cü il yanvarın 14-də Romanın Teatro Kostansi opera teatrında olub.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

Cümə axşamı, 09 Oktyabr 2025 10:46

Milli irsimiz Fayetvil festivalında

Azərbaycan Şimali Karolina ştatının Fayetvil şəhərində keçirilən “47-ci Ənənəvi Beynəlxalq Xalqlar Festivalı”nda  təmsil olunub. Ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimat zamanı Azərbaycan mədəniyyəti və milli irsi geniş auditoriyaya tanıdılıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə ştatda yaşayan Azərbaycan icmasının üzvləri fəal iştirak ediblər. Festival çərçivəsində nümayiş olunan Azərbaycan milli geyimləri, səhnə çıxışları və ənənəvi musiqilər ziyarətçilərin  böyük marağı ilə qarşılanıb.

Festivalın ən yaddaqalan məqamlarından biri ABŞ-də fəaliyyət göstərən Cənubi Azərbaycanlı mədəniyyət xadimi Lalə Bağırzadənin rəqsi olub. Onun rəqs bacarıqları Azərbaycan mədəniyyətinin incəliyini və estetik gücünü səhnəyə daşıyıb. Bundan əlavə, təşkilat üzvlərinin ifasında təqdim olunan “Yallı” rəqsi tamaşaçılarda böyük coşğu yaradıb. Rəngarəng milli geyimlər və ritmik hərəkətlər Azərbaycan mədəniyyətinin zənginliyini və birliyini nümayiş etdirib.

Azərbaycan Dostluq Təşkilatının rəhbərliyi bildirib ki, festivalda iştirakın əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq, xalqlar arasında dostluq körpüləri qurmaqicma üzvləri arasında həmrəyliyi gücləndirməkdir. “Biz mədəniyyətimizi, ənənələrimizi və sevincimizi yerli icma ilə bölüşməkdən qürur duyuruq,” – deyə təşkilatın nümayəndələri qeyd ediblər.

Azərbaycan Dostluq Təşkilatı uzun illərdir ABŞ-də Azərbaycanı tanıtmaq və mədəni irsimizi yaşatmaq məqsədilə müxtəlif layihələr həyata keçirir.

Qeyd edək ki, “Ənənəvi Beynəlxalq Xalqlar Festivalı” hər il müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən, dostluq və mədəni müxtəlifliyi təşviq edən  tədbirlərdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.

 

 

Əli Rəştbər

Urmiya

 

GEDİRƏM

 

Getmək istəyənlər arxaya baxmaz,

Min dəfə arxama baxıb gedirəm.

Əlimi əlindən qoparır hicran,

Taleyin çayında axıb gedirəm.

 

Yaşadıq həyatın gerçəklərini,

Bəzən də unutduq gərəklərini,

O duru eşqinin çiçəklərini,

Bu vurğun qəlbimə taxıb gedirəm.

 

Ayrılıq baxtıma yaman daş vurub,

Nə desən qəm-kədər başa-baş vurub,

Qəlbimi qəlbinlə qoşalaşdırıb,

Quru cismim ilə çıxıb gedirəm.

 

Mən səni özüm tək inanıb sevdim,

Yatdım xəyalınla oyanıb sevdim,

Dünyanın qarşında dayanıb sevdim,

Dünyanı başıma yıxıb gedirəm.

 

Qayıbın qəlbində xatirələrin,

İllərdir yer salıb dərindən dərin,

İnanma, yalandır onlardan birin,

Desəm də yandırıb yaxıb gedirəm...

Min dəfə arxama baxıb gedirəm!..

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

Cümə axşamı, 09 Oktyabr 2025 17:34

ANAR, “Azadlıq eşqi”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

AZADLIQ EŞQİ

 

Başqa-başqa zamanların övladlarıyıq,

Sənin əsrin məndən yaman uzaqdı axı.

Zamanımdan, dövranımdan çıxa bilmərəm,

Öz ömrünü tərk eləmək yasaqdı axı.

 

Özgə-özgə şəhərlərin sakinləriyik,

Aramızda uçurumlar dərindi axı.

Ha çağıram – eşitməzsən mənim səsimi,

Sənsiz, səssiz yaşamaq da çətindi axı.

 

Ayrı-ayrı dənizlərin sahilindəyik,

Bu dənizdən o dənizə yol yoxdu axı.

Kəsib yolu çaylar, çöllər, fəsillər, illər,

Məni səndən ayıranlar nə çoxdu axı...

                                       4 oktyabr 2003

                                      İstanbulParis uçağı

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Bu hadisə 1977-ci il iyulun 13-dən 14-nə keçən gecə Nyu-Yorkda baş verir. Həmin gün axşam saatlarında şəhər boyu güclü tufan başlayır. İldırım elektrik xətlərinə dəyir və şəhəri təmin edən əsas elektrik yarımstansiyalarından birini sıradan çıxarır. Saat 21:30-da Nyu-York qaranlığa qərq olur. Evlərdə, küçələrdə işıqlar sönür. Minlərlə insan liftlərdə qalır. Metroda qatarlar dayanır. Su təchizatı kəsilir. Telefonlar susur. Küçə işıqları və işıqforlar sönür...

 

Şəhərin qaranlığa qərq olması (bleкаut) yoxsul məhəllələrin sakinləri bunu şans olaraq, bir siqnal kimi qəbul edirlər və mağazaları qarət etməyə başlayırar. Onlar əvvəlcə öz məhəllələrindəki mağazaları qarət edirlər. Sonra isə Nyu-Yorkun varlı və biznes rayonlarındakı mağazaları, kafeləri, restoranlar və avtosalonları qarət etməyə başlayırlar. Bundan sonra isə növbə onların qonşularının mənzillərinə çatır. Qonşular evdə olmadığı üçün onların evlərini də qarət edirlər. Oğrular əllərinə keçən hər şeyi: televizor və məişət texnikası, geyim və ayaqqabı, mebel və zinət əşyaları, yemək və spirt, hətta manekenləri də ələ keçirirdilər. Onlar hətta paltar sancaqları və su çanaq tıxacları kimi kiçik əşyaları oğurlayırdılar. Daha iddialı bir oğru Bronksdakı diler avtosalonundan 50 yeni “Pontiak” oğurlayır.

Küçələr isə tamamilə xaos içində idi. Hətta iş tragikomik bir həddə çatır - talançılar talançıları qarət etməyə başlayır.  Bu kollektiv ağılsız işdə cəmiyyətin bütün təbəqələri, xüsusən də zəncilər,  latınamerikalılar və əhalinin kasıb təbəqəsi iştirak edirdi. İşsiz, kasıb və ac insanların əşyaları və yeməkləri oğurlaması başa düşülən idi. Amma! İnsanlar sanki ciddi psixi pozuntu olan maniya xəstəliyinə tutulmuşdular. Onlar oğurlamaqla yanaşı, mağazaların vitrinlərini sındırdılar, maşınları aşırdır və binaları yandırırdılar. Həmin gecə şəhərdə 1077 yanğın hadisəsi qeydə alınır, onları söndürərkən 100-dən çox yanğınsöndürən yaralanır.

Belə vəziyyətdə Nyu-Yorkun meri fövqəladə vəziyyət elan edir və bütün polis əməkdaşlarının küçələrə çıxmasını əmr edir. Lakin onların yalnız dörddə biri asayişi qorumaq üçün çıxır. Qalan zabitlər ya çaşqınlıqdan, ya da qorxduqlarından çıxmayırlar. Bu isə daha da böyük cinayət dalğasına səbəb olur. Təsəvvür edin, həmin anlarda 100 000-dən çox insan talan və tüğyan edən vandalizmlə məşğul idi. 2000-ə yaxın mağaza, aptek, mağaza və restoran talan edilir. İğtişaşlar nəticəsində dəyən ümumi zərər təxminən 1 milyard dollar təşkil edir.

Nyu-Yorkda asayiş yalnız 24 saat sonra bərpa edilir. Elektrik işçiləri dəymiş ziyanı aradan qaldırdılar və şəhəri enerji ilə təmin edirlər. Polis 3800 nəfəri həbs edir, lakin bu, dənizdə bir damla idi. Üstəlik, həbs olunanların çoxu azad etməli olurlar. Çünki məhkəmələr işi çatdıra bilmirdi və həm də həbsxanalar həddən artıq dolu idi. 1977-ci ilin iyulunda baş verən dəhşətli qaranlıq gecəsi tarixə “Yırtıcıların  gecəsi” adı ilə düşür.

Nyu-Yorkdakı hadisə çox qısa müddət ərzində - həftələr deyil, bir neçə saat ərzində insanların necə insanlıqlarını itirərək vəhşi heyvanlara çevrildiyi haqqında ibrətamiz bir hadisədir. Bu zaman bütün ədəb sərhədləri, davranış normaları, əxlaq və qanunlara hörmət - insanları vəhşi heyvanlardan fərqləndirən hər şey birdən-birə yox olur.

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 

30 -dən səhifə 2502

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.