İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
"İsmayıl Axundov sərgilərin bədii tərtibatında respublikamızda xüsusi məktəb yaratmış bir rəssamdır. Bu isə rəssamı, yazıçıların üslub xüsusiyyətlərinin bir ədəbiyyatşünas kimi gözəl bilməsi, bədii axtarışların, müasirlik duyğusunun və ümumi biliyinin qüdrəti ilə yaranmışdır. İ.Axundov həmişə axtaran, öyrənən, narahat bir sənətkardır". Bu sözləri Akademik Həmid Araslı söyləyib.
Xalq rəssamı İsmayıl Axundov özü isə sənətə gəlmə səbəbini belə açıqlayıb: "Mənim incəsənət aləminə gəlməyimə əsas səbəbkar Mirzə Cəlil olmuşdur. Bizim ailəmiz M.Cəlilə və "Molla Nəsrəddin" jurnalına böyük rəğbət bəsləyirdi. Atam axund olmasına baxmayaraq, açıqfikirli bir şəxs idi, elmə, mədəniyyətə yüksək qiymət verirdi".
Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb.
1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib. Teatra ilk dəfə 1937-ci ildə rejissor Ədil Isgəndərovdan dəvət alıb. Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib.
Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub.
1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb. Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.
1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.
1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib. İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratması baxımından səciyyəvidir.
Filmoqrafiya
1. Səbuhi
2. Arşın mal alan
3. Hədiyyə xalçası
4. Onun böyük ürəyi
Təltif və mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
3. "Stalin" mükafatı (1-ci dərəcə) — 1950 (İ. Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalçaya görə)
4. "Qırmızı əmək bayrağı" ordeni
5. "Şərəf nişanı" ordeni
O, Azərbaycan incəsənəti tarixində adı fəxarətlə çəkilməyə layiq rəssamlardandır. Təsviri sənət tariximizdə özünəməxsus yaradıcılıq yolu olan, uğurlu bədii yaradıcılıq və ictimai fəaliyyəti ilə seçilən İsmayıl Axundovun teatr rəssamlığı ilə bağlı fəaliyyəti haqda "Ədəbiyyat və incəsənət" qəzeti 27 oktyabr 1962-ci il tarixli nömrəsində yazırdı:
"Böyük dramaturqumuz M.F.Axundovun pyeslərindəki obrazlar silsiləsi hər bir tərtibatçı rəssamın yaradıcılığı üçün tükənməz ilham mənbəyidir. Bu pyeslərdə cərəyan edən hadisələrin səhnə tərtibatı da rəssamın həyata müdaxiləsinə böyük material verir. Axundovun pyeslərinin tərtibində, sadəcə olaraq etnoqrafiyanı nəzərə almaqla kifayətlənmək olmaz. Bu obrazlar silsiləsi, bu zəngin material rəssam təhlilində dövrün ictimai ziddiyyətlərini dərk etmək üçün ən etibarlı çıxış nöqtəsidir".
Sənətşünaslıq doktoru Mürsəl Nəcəfov rəssamın yaradıcılığı ilə bağlı "Ümumiyyətlə, yaradıcılığında satira və yumor motivləri güclü olan rəssam M.F.Axundov və C.Məmmədquluzadənin satirik surətlərini olduqca real, sözün əsl mənasında milli formada təsvir etmişdir" deyə qeyd edirdi.
Rəssam "Ədəbiyyat" qəzetinin 17 sentyabr 1960-cı il nömrəsində dərc olunmuş məqaləsində Teatr Muzeyi ilə bağlı "Təşkilat işlərini gücləndirmək, eksponatlar üzərində geniş və ətraflı elmi iş aparmaq, daimi ekspozisiya yaratmaq üçün muzey kollektivini elmi kadrlarla təmin etmək vaxtı gəlib çatmışdır", İncəsənət Muzeyi haqqında isə "Muzeyin Azərbaycan şöbəsi üzrə daimi ekspozisiya yoxdur" deyə ürək yanğısı ilə əsl vətənpərvər ziyalı mövqeyini sərgiləyirdi.
Məşhur ədəbiyyatşünas alim Abbas Zamanov rəssam dostu haqqında yazırdı:
"İsmayıl müəllim Nizami muzeyinin yaradıcısı və rəhbəri idi. Ana öz sevgili balasının üzərində necə əsərsə, İsmayıl müəllim Nizami muzeyinin üzərində elə əsirdi."
Fəxri adları:
Rəssamın çoxşaxəli bədii və ictimai yaradıcılıq fəaliyyəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam Əməkdar incəsənət xadimi (1940), Xalq rəssamı (1960) kimi fəxri adlara və həmçinin, SSRİ dövlət mükafatına (1950) layiq görülüb.
İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


