Bəlkə də o, həkim savadsızlığına qurban getdi... Featured

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dəfnində böyükizdihamolub. Eşidibgələnadamlar, avtomobilləraktyorunyaşadığı həyətə və küçəyə sığmayıblar. PolislərAzadlıqprospektindənaktyorundəfnolunacağı Fatmayikəndinə qədərolanyolubağlamağaməcburolublar...

Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlovdan danışıram. Qiymətini ala bilməyən gözəl aktyorumuz idi o...

 

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

 

Filmoqrafiya

- 1001-ci qastrol

- 777 №-li iş

- Anlamaq istəyirəm

- Arşınmalçı

- Bakı oğrusu

- Bir nömrəli…

- Çətirimiz buludlardır

- Diplomlu mütəxəssis

- Dörd bazar günü

- Evləri göydələn yar

- Evləri köndələn yar

 

Təltif və mükafatları

- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- "Qızıl Dərviş" mükafatı

- "Əmək veteranı" medalı.

 

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Sağlığında və ölümündən sonra haqqında dolaşan söz-söhbətlərdən biri də onun guya həddindən artıq içki içməsi idi. Amma ölümündən sonra oğlu Tural bunu qətiyyətlə təkzib etdi:

"İnanırsınız ki, o, heç vaxt içki içməyib. Hətta ölümündən sonra belə adamlar vardı ki, mənə yaxınlaşıb and içirdilər ki, sənin atanla qədəh toqquşdurmuşam, içki məclisində olmuşam. Amma mən bilirəm axı o, heç vaxt içki içməyib. Ola bilsin, əlində qədəh olub, lap sağlıq da deyib, amma sonradan o qədəhi masaya qoyub”.

Deyilənə görə aktyor bir dəfə diş həkimində ona iynə vurulandan sonra halı pisləşib boğulur. Bundan sonra onda diş həkiminə qarşı fobiya yaranır. Sonralar ailə üzvləri, yaxın dostları nə qədər çalışsalar da onu həkimə getməyə razı sala bilməyiblər. Aktyor həmişə arzu edirmiş ki, qızı böyüyüb diş həkimi olsun və dişlərini ona düzəltdirsin. Aktyorun qızı atasının ölümündən sonra diş həkimi olub.

Aktyorun ölümü hamı kimi ailəsi üçün də gözlənilməz olub. Gecə saatlarında ailə üzvləri onun xırıltılı səsini eşidiblər, əvvəl elə biliblər ki, boğazında nə isə qalıb. Heç kim heç nə anlaya bilməyib. İki dəfə ard-arda təcili yardım çağırılıb. Birinci gələn həkim aktyoru tanıyıb və onu elə vəziyyətdə görəndə özünü itirib.

 

Təzyiqini ölçsə də, “baş aça bilmədim”, deyib, başqa həkim çağırılmasını xahiş edib. Daha sonra ikinci təcili yardım gəlib. Ona qədər də aktyor sağ olsa da, xırıldayırmış. Növbəti dəfə gələn həkim isə deyib ki, ürəyi dayanıb. Aktyora elektroşok verilib. Bir neçə dəqiqədən sonra aktyor keçinib.

Oğlu Tural müsahibələrinin birində deyibmiş, yəqin ki atam qeyri-peşəkarlığın qurbanı oldu. Çünki sonradan başqa həkimlər bizə dedilər ki, infarkt keçirən adama elektroşok vermək olmazmış.

Hər nədisə, yaradıcılığının çiçəkləndiyi dövrdə biz onu itirdik. 56 yaş nədir axı. Sonda yadıma bir əhvalat düşdü. Telman Adıgözəlov pal-paltara çox pul xərcləməyi, çox bahalı geyimlər, xüsusilə qalstuk, kəmər və ayaqqabı almağı çox sevirmiş. Xəncər-bıçaq kolleksiyası olub. Bıçaq yığmağı çox sevib. Övladlarına hədiyyə olaraq isə fənər alarmış. Həmişə də deyirmiş ki, "Birdən elə yerə düşərsiniz ki, qaranlıq olar, onda mütləq fənər lazımınız olacaq". Bu, onun ailəsinə, övladlarına necə bağlı olduğuna əyani sübutdur. Və hətta öləndən sonra da o, ailəsinə fayda veribmiş. Belə ki, ölümündən sonra bir şəxs gəlib oğluna pul verib deyib ki, bunu işlədiyim mağazanın müdiri göndərib, atanız rəhmətə getməzdən əvvəl pulu beh kimi verib, yaz gödəkcəsi sifariş etmişdi…

Bax belə.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.