Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Orta məktəbdə oxuyanda riyaziyyatla maraqlansa da, günlərin birində Lev Tolstoyun “Sergi ata” əsərini oxuyur. Və bu əsər onu özünə valeh edir. Çox düşünüb daşınandan sonra qərara gəlir ki, yazmağa başlasın. Yazır, amma hiss edir ki, onda nəsə çatmır. Anlayır ki, mütaliəsi zəifdir, çox əsər oxumalıdır, dünya yazarlarını dərindən mütaliə etməlidir...

 

Haqqında söhbət açmaq istədiyim yazıçı İlham Əziz 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd məktəbində orta təhsilə yiyələnib. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbində oxuyub. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. Bir müddət Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə isə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bir il sonra öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Eyni zamanda 2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir. Bir neçə kitabın müəllifidir...

 

Deyir ki,- “Cavan yaşından Maliyyə Nazirliyində mühüm vəzifə tuturdum, istefa verib şəxsi biznesimi qurmağa başladım. Çünki dövr, zaman dəyişmişdi, kapitalizm münasibətləri formalaşırdı. Kapitalizmin isə məlumdur ki, sərt qayda-qanunları var, sovet dövrünə öyrəşmiş insanlar üçün yeni qaydalara uyğunlaşmaq çətindir. Bəziləri hələ də düşünür ki, şair və yazıçıları dövlət dolandırmalıdır. Sovet hökuməti yazı-pozu adamlarından, ümumiyyətlə yaradıcı insanlardan təbliğat aparatının ruporu kimi istifadə edirdi və təbii ki, onların dolanışığı üçün də ciddi addımlar atırdı, diqqət göstərirdi. Kapitalizmdə münasibətlər sözsüz ki, fərqlidir, rupora ehtiyac qalmır. Təbii ki, bugünkü mövqeyimdən razıyam, hekayələrim oxunur, ədəbi aləmdə müzakirə və tənqid edilir. Bu gün ədəbiyyat aləmində seçilmək, Saday Budaqlı, Mahir N.Qarayev, Etimad Başkeçid, Salam Sarvan, Fəxri Uğurlu, Şərif Ağayar, Varis, Mübariz Örən kimi ciddi imzaların çiynindən boylanmaq, onların ədəbiyyat süfrəsində yer tutmaq asan məsələ deyil, çünki orda çox sıxlıqdır. Ədəbi prosesi yaxından izləyənlər yəqin ki, dediklərimi təsdiqləyər. Bir məsələni də deyim ki, bizim ədəbi mühit çox ədalətlidir, 45 yaşında yazmağa başlayan İlham Əzizi qəbul edibsə, deməli, istənilən istedad qəbul oluna bilər. Yetər ki, ortada gözəl mətn olsun...”

 

Çox sadə adamdır. Heç vaxt yekaxanalıq edib özünü təkəbbürlü göstərmir. Mülayim rəftarı ilə seçilir. Hansı sözü harada işlətməyi yaxşı bilir. Dəqiqliyi xoşlayır, bəlkə də bu onun riyazi vərdişlərindən irəli gəlir…

 

“Hesab edirəm ki, dövlət quruculuğunun əsas elementlərindən biri sayılan milli burjuaziya formalaşmalıdır. Gəlin açıq danışaq, bu gün Azərbaycanda necədir? Biznes mühitində ayrı-ayrı siyasi adamlar ciddi şəkildə iştirak edirlər. Adətən belə hallar yeni qurulan dövlətlərdə olur, zaman keçdikcə inanıram ki, Azərbaycan da oturuşmuş ölkələr kimi siyasi adamlar biznes mühitindən çəkiləcək, həmin yeri milli burjuaziya nümayəndələri, orta təbəqəni təmsil edən iş adamları tutacaq. Düşüncə sahiblərinin pul qazanmaq vaxtı gəlib çatacaq. Adi bir misalla fikrimi izah etməyə çalışım, bütün Qafqazda ən böyük ticarət mərkəzi sayılan “Binə” ticarət mərkəzində elə bir dövr olub ki, adını düz-əməlli yazmağı bacarmayan, vurma cədvəlini bilməyən adamlar Çindən, İrandan mal gətirərək yaxşı pullar qazanıblar, çünki o vaxt nə gətirirdinsə satılırdı. Amma indi bazarı öyrənmədən, marketinq işlərini bilmədən, gömrük, vergi ilə bağlı qanunvericiliyindən xəbərdar olmadan pul qazana bilməzsən...”- söyləyir.

 

AYB-yə üzv olmaq onun uşaqlıq istəyi olub. Oradakı simaları Azərbaycan ədəbiyyatının lokomotivləri hesab etdiyindən, AYB-ni bir qurum kimi dəyərləndirir. Düşünür ki, bu gün dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır.

 

Deyir ki,- “Mənim haqqımda bəzən deyirlər, mətnləri poetikdir, şeirə də oxşayır. Mətn üzərində bütün tənqidləri qəbul edə bilirəm, təki münasibətlər şəxsi müstəviyə keçməsin. Dostoyevskini yazıçı kimi qəbul etməyən o qədər yazıçı adı çəkə bilərəm ki... Amma düşünürəm, yazıçını peşəkar tənqidçi təhlil etməlidir. Yazıçıya “bunu belə yox, elə yaz”, -demək əxlaqsızlıqdı. Yazıçı haqqında onun həmkarı yox, peşəkar ədəbi tənqidçi irad bildirsə daha yaxşı olar. Cavanşir Yusifli, Elnarə Akimova, Maral Yaqubova kimi peşəkarlar heç bir maddi gəlir güdmədən ədəbi prosesi yaxından izləyir, fikir bildirir, gənclərin yaradıcılığını təhlil edirlər. Mən öz mətnlərimə, Azərbaycan dilinə, hər bir cümləyə qarşı çox həssas və tələbkaram. Təsəvvür edək ki, ev tikirik və biz hökmən daşdan, qumdan, sementdən istifadə etməliyik. Sudan ev tikəsi deyilik ki? Bədii mətni də tikilən binaya bənzətsək söz, cümlə, ümumiyyətlə, dil ona lazım olan vacib materiallardır...”

 

Hekayələrinin bəzilərinin qəhrəmanları Rusiyada yaşayan soydaşlarımızdır. Bir müddət Rusiyada yaşadığı üçün, görünür oradakı soydaşlarımızın üzləşdikləri problemləri yaxından izləmək imkanı olub. Və orada yaşayan azərbaycanlıların taleyi onu həddindən çox narahat edir. “Rusiyada yaşayan, vətənə gəlib ev tikən, qardaşına toy edən, bacısını gəlin köçürənlər göz qabağındadır. Lakin orda səfil həyatı yaşayan, ömrü məhv olan, faciələr içində çırpınan soydaşlarımız da var. Dolanışıq üçün, çörək qazanmaq ardınca Rusiyaya üz tutan nə qədər insanın sevgisi yarımçıq qalıb. Biz onların taleyini hələ ədəbiyyata doğru-düzgün gətirə bilməmişik.”- söyləyir.

 

Həmişəki kimi hazırda da növbəti roman üzərində işləyir, başa çatdırası bir neçə hekayəsi də var. Düşünür ki, hər gün neçə saat yazmaqla, planlı şəkildə işləməklə deyil, əsas odur ki, ortaya roman qoyursansa həmin əsər hadisəyə çevrilsin. Hekayələrdən sonra roman yazmağı da yaradıcılığın növbəti mərhələsi hesab etmir. Onun fikrincə, hekayə çox ciddi janrdır. Azərbaycan ədəbiyyatının gələcəyinə ümidlidir. Deyir ki;- “Qələbə qazanmış xalq yenə də Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahiləri yetirəcəyinə inanıram...”

 

Bəli, çağdaş Azərbaycan nəsrinin sıralarında bu gün çox sıxlıqdır. Yazıçı İlham Əziz bu sıxlıqda özü kimi görünən ən yaxşılardan biridir.

Bu gün - aprelin 16-sı İlham Əzizin növbəti ad günüdür, 54 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

Nemət Tahir,

 “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1973-cü il aprelin 3-də “Motorola” şirkətinin 45 yaşlı aparıcı mühəndisi və kommunikasiya rəhbəri Martin Kuper Nyu-York şəhərindəki Manhetten küçələrindən birində dayanmışdı. O, dünyanın ilk mobil telefonundan ilk zəngi etməyə hazırlaşırdı...

 

Martin Kuperin "DynaTAC" modeli olan telefon kərpic ölçüsündə, 1 kiloqramdan bir qədər çox ağırlığında idi və enerjini doldurmaq üçün 10 saat tələb edirdi ki, bu da 25 dəqiqə danışıq vaxtı üçün kifayət edirdi. 

Jurnalistlərin yanında Kuper rəqibi, Amerika rabitə xidmətləri və avadanlıqları bazarında dominantlıq edən çoxmillətli korporasiya olan “AT&T”-nin mobil rabitə laboratoriyasının direktoru Coel Engelə zəng edir. Bu nəhəng, inhisarçı korporasiya Kuperin və onun “Motorola”dakı mühəndislər komandasının işini çox da ciddiyə almırdı.

Kuper xatırlayır: "Bu, heyrətamizdir, amma telefonu Engelin katibisi deyil, Engelin özü götürdü. Ona açıq şəkildə dediyimi xatırlayıram: "Hə, Joel, salam! Bu, mənəm, Martin. Sənə mobil telefondan zəng edirəm. Hal-hazırda əlimdə tutduğum əsl mobil telefondan”. Cavab isə  sükutla qarşılanır. Lakin, ola bilsin  o dövrdə mobil rabitə qüllələri çox az olduğundan, əlaqənin həmin anda kəsilməsi mümkün idi. “AT&T” o dövrdə şəxsi, portativ mobil telefonlar üzərində tədqiqatlara üstünlük vermirdi və yalnız avtomobillər üçün telefonlar istehsal edirdi.

Beləliklə, Kuperin bu zəngi mobil telefondan edilmiş ilk zəng idi və o,faktiki olaraq telekommunikasiya sahəsində yeni dövrün başlanğıcı oldu.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Oxşar taleli, soldüşüncəli yazarlar Səməd, Əlirza və  Mərziyyə...

 

Onlar azacıq zaman fərqləri ilə eyni şəhərdə  doğulmuşdu, özlərini  də bir məslək, eyni əqidə   birləşdirirdi.  Səməd, Əlirza və  Mərziyyə… Üçü də inqilabi  hərəkata qoşulmuşdu və yerli partizan dəstəsinin  fəalları idi. Döyüşkən  ruhlu bu  gənclərə  Tanrı tərəfindən  bir  qabiliyyət – yazıb-yaratmaq da verilmişdi.

         O illərdə  bütün  dünyada  tələbə  hərəkatı baş  qaldırmışdı. Başında üstü ulduzlu qara beret gəzdirən  Çe Qevare – Dünya  gənclərinin azadlıq  simvoluna  çevrilmişdi. Kubalı Çe Qevarenin ”Realist  olun, mümkün  olmayanı  tələb  edin” çağırışı bütün  inqilabi  düşüncəli gənclərin şüarı olmuşdu.

         Bu cavanlar yaşadıqları ölkədə şah Pəhləvi rejiminə qarşı olan “Siyahkəl silahlı üsyanı” – Gənclər hərəkatına qoşulmuş yoldaşlarının etibarını qazanmışdılar. 1967-ci ildə İran boyu yayılan bu tətilə Təbriz Universiteti tələbələri də qatılmış, onun  genişlənib böyüməsinə   səbəb olmuşdular.

         Üçü də ana  dilinin vurgunu və qoruyucusu idi.

         Hər üçü Təbrizdə  doğulan  bu  gənclərin ən  müqəddəs arzusu pedaqoq olmaq, məktəbdə uşaqlara  ana dilini  öyrədib  sevdirmək, bu  dildə əsərlər yazıb  yaymaq idi. Onlar xalqın sevimlisi, görən  gözü, dərdlərini, ağrılarını danışan dili idilər.

         Yaşadıqları ölkədə siyasi  səbəblərdən dogma dilləri yasaq olduğundan, onu ancaq evdə-eşikdə danışa  bilirdilər. Elə  buna görə  də əsərlərini iki dildə, həm  ana  dilində, həm  də farsca yazmaq  məcburiyyətində idilər.

         Bir  araya gəlib  marksist bir qrup yaratdılar. Peşəkar bir döyüşçü oldular, qələm  və silahı birləşdirib o  zamanlar xalqa xidmət etmək üçün yeganə çıxış  yolu olan   gizli inqilabi həyatlarına başladılar. 

Günlərin bir günündə Səmədin Araz çayının  ən dayaz yerində “boğulub”  öldürülməsi dostlarına çox pis təsir etdi.

         Taleləri oxşar  olan  bu gənclərin qədərləri  də, təəssüf ki,  faciəli və  oxşar  oldu.  Hələ  30  yaşa və  kama  çatmamış  həyatdan ayrıldılar. Amma öz əcəlləri ilə də  ölmədilər. İkisi  edam olundu, biri isə Araz çayında boğduruldu.

         Söhbət Səməd  Behrəngidən, Əlirza Nabdil  Oxtaydan və  Mərziyyə Əhmədi Üsküyi Dalğadan  gedir.

         Səməd  Behrəngi (Behruz  Dehqani    daxil) İranda Mərziyyə Üsküyi ilə bərabər uşaq  ədəbiyyatını ilk yaradanlardan  oldu. Əlirza Nabdil Oxtay  isə  Güney Azərbaycanda çağdaş  poeziyanın əsasını qoydu.

 

 

           Səməd Behrəngi (1939-1968) –tanınmış yazıçı, folklor toplayıcısı

 

  Nasir, tərcüməçi, nümunəvi  müəllim və publisist kimi  tanınan Səməd  Behrəngi  İran    Cənubi   Azərbaycan uşaq  ədəbiyyatının qurucusu sayılır. Səməd  Behrəngi bütün  həyatını və yaradıcılığını xalqının milli mədəniyyətinin qorunması və inkişafı yolunda mücadiləyə həsr etmişdir.

Səməd Behrəngi bu yeni milli ruhlu gənclərdən biriydi. Ədəbiyyata şair kimi qədəm qoymuşdu. Lakin o, dostu Behruz Dehqani ilə birgə xalq içindən topladığı nağıllarla, yazdığı hekayələrlə yadda qaldı. Zəngin ənənəsi olmayan bir ölkədə gənc yazarın nəsrə üstünlük verməsi təsadüfi deyildi. O, böyüməkdə olan nəsli yaşlılara rəğmən daha mübariz, haqsızlığa, ədalətsizliyə barışmaz ruhda görməyi arzu edirdi. Ona görə də bütün diqqətini gənc nəslə yönəltmişdi. Azərbaycanın ucqar kənd məktəblərində müəllimlik edən S.Behrəngi həmişə Azərbaycan türkcəsində danışdığı kimi, əsərlərinində hamısını öncə ana dilində yazmışdır. Folklor nümunələri toplamaqla (Behruz Dehqani ilə birlikdə) və ədəbi əsərlərlə yanaşı, təhsilə, pedaqogikaya aid məqalələr, esselər yazmış, tərcümə ilə məşğul olmuşdur. Səməd Behrəngi ilk yazılarında təhsil sisteminin nöqsanlarını tənqid edir, getdikcə cəmiyyətin digər qatlarına baş vururdu. Uşaq ədəbiyyatına həsr olunmuş bir məqaləsində o, cəmiyyətin passiv və faydasız əxlaq qanunlarını tənqid edərək yazırdı:

Uşaq ədəbiyyatını təbliğat və nəsihətçilik ilə məhdudlaşdırmağın vaxtı keçib... Niyə gərək biz uşağı faydasız, şadlıq və xoşbəxtlik ümidilə torda saxlayaq... Firavan yaşayan insanların həyatdan bəhs etməyi, onların məhəbbətindən, əxlaqdan danışmasının bir tikə quru çörəyə möhtac insanlara qətiyyən faydası yoxdur.

         Ədib uşaqlara birbaşa xitab etmək üçün əsərlərini nağıl şəklində yazırdı. O,  ənənəvi didaktik metodun uğurlu olmayacağını bilirdi. Behrəngi yaşadığı cəmiyyətin problemlərinin gələcəkdə həllini təmin edəcək əsərləri ilə uşaqlara bir növ mesajlar çatdırmağa çalışırdı. O, əsərlərində uşaqlarda milli varlıqlarına, dillərinə məhəbbət yaradır,  eləcə də onları gələcək həyata  hazırlayırdı.

Folklora, mifologiyaya meyil  onu simvolların dili ilə yazıb-yaratmağa yönəltdi. Bu əsərlər azadlıq, kimlik, yoxsulluq, təhsilsizlikdən  tutmuş, dövrün sosial-psixoloji dərdlərini    içinə  almışdı.

Səmədin qələmə  aldığı  ilk nağıl “Ulduz    qarğalar”  olub.  O, “Ulduz    qarğalar” nağılından əvvəl Ulduzun dilindən oxucusuna izahat verir, mətni düzgün dərk eləmək, şəraiti anlamaq üçün onu hazırlayır, ona açar verib mühiti göstərirdi. Oxucuya tam aydın olur ki, hadisələr azərbaycanlı ailəsində cərəyan edir və iştirakçılar da  Azərbaycan türküdür.

    S.Behrənginin ilk çap əsəri, özü demişkən, onu “talifat sahibi” eləyən “Parə-parə” kitabı olmuşdu. O, bu kitabda nəzərə aldığı və toxunduğu Arazın hər iki sahilindən olan Azərbaycan şairlərinin gözəl və məzmunlu şeirlərini yüzdən çox xalq bayatısı ilə birlikdə yerləşdirmişdi. Bu ilk əsərin buraxılışı Səmədə baha başa gəldi, məhkəməyə çağırıldı. Kitabda “Azərbaycan” şeirinə yer verdiyi üçün töhmətləndi. Beləliklə, kitab yasaq edildi və Pəhləvi rejimində bir daha çap edilməyib aradan götürüldü.

 S.Behrəngi xalqın dilində dolaşan nağıl və mifləri toplayıb tərtib etdi, onlara bədii yön verib yenidən yazdı. O, Azərbaycan folkloru ilə yanaşı, İranın təhsil sistemi ilə bağlı məsələlər üzərindədə işləmiş, problemləri çözərək onların həlli yollarını təklif etmişdir.

O zaman Təbrizdə nəşr olunan “Mehdi Azadi” və “Adinə” və  dövrünün bir sıra tanınmış “Xoşe”, “'Bamşad”, “Negin”,  “Rahnoma-ye ketab”  kimi qəzet və jurnallarında məqalələr yazmış, ayrıca bir qəzet də çıxarmağa təşəbbüs göstərmişdi.

 Behrəngi 1950-ci illərin sonlarında qısa hekayələr yazmağa və türkcədən fars dilinə tərcümə etməyə başladı.

Məcbur olub onları farscaya çevirməli oldu.  Səmədin “Balaca Qara Balıq” adlı hekayəsini ölümündən sonra bütün dünya uşaqları öz dillərində oxuya bildi:

Ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!

  Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.

  Səmədin əsərləri hətta  öz ölkələrinin müstəqillik və xoşbəxt günləri uğrunda mübarizə aparan mübariz  insanlarının  masaüstü kitabına  çevrilmişdi. Bu hal Türkiyədə daha qabanq cizgiləri ilə özünü göstərmişdir.  Görkəmli ədəbiyyatşünas, Səməd  haqda dəyərli tədqiqat əsərlərinin müəllifi Qulamhüseyn Fərnud yazırdı ki, 1970-ci ildə  İstanbulda onun əksər əsərlərinin naşiri olan “Arkadaş” nəşriyyatmda məşhur türk yazıçısı Erzal Öz ilə söhbət edirdik. Elə bu vaxt cavan bir oğlan və qız içəri daxil oldular. Səmədin kitablanndan 50 cild istədilər. Söhbətlərindən aydın oldu ki, toy məclislərində Səmədin kitablarını bir dəstə gül ilə orada iştirak edən cavanlara hədiyyə vermək istəyirlər.

Başqa  bir  örnək də budur ki, 1970-ci ildə Türkiyədə generallann məşhur qiyamından sonra rejimə qarşı müxalifətə qalxan cavanların əksəriyyətinin evlərindən Səmədin kitabları tapılmış və ölkədə Səmədin əsərlərinin nəşri qadağan edilmişdir.

Səməd Behrənginin adı hələ sağlığında Güney Azərbaycanın ayrı-ayrı bölgələrində dillər əzbərinə çevrilmişdi.

         Kəskin süjeti, orijinal personajları, canlılığı, emosionallığı  ilə  fərqlənən bu  nağıllar uşaqları  qətiyyətli addımlar atmaga və  tamamilə yeni, fərqli  bir  həyata  səsləyirdi.

Nakam ölümündən sonra əsərlərinin nəşri istər Cənubi Azərbaycanda və İranda, istərsə də dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. Səməd öz yaradıcılığında elə dərin insani münasibətlərdən danışmış və onları elə sadə bir dillə əks etdirmişdi ki, həm kənddə, həm şəhərdə yaşayan xalq kütlələri öz müştərək dərdlərini, səslərini onun yazılarında gördülər və eşitdilər.

Onun əsərləri ən yüksək beynəlxalq ödülə layiq görülmüş və bir çox dillərə çevrilmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

 

Kitabçılar Birliyi tərəfindən 2026-cı ilin fevral ayında “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsi elan olundu. Münsiflər heyəti Baba Vəziroğlu, İlqar Fəhmli və Samir Əfsəroğludan ibarət müsabiqəyə ümumilikdə 39 nəfər ədəbiyyatsevər qatıldı.

 

8 aprel tarixində Azərbaycan Yazıçılar Birliyinin Natavan Klubunda müsabiqənin təntənəli mükafatlandırma mərasimi keçirildi. Üç əsas qalibi seçildi, üç nəfər  fərqlənmə diplomuna layiq görüldü. Digər iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

“Ədəbiyyat və incəsənət” portalı sıra ilə öncə fərqlənmə diplomuna layiq görülənlərin, sonra isə mükafatçıların müsabiqəyə təqdim etdikləri şeirlərini geniş oxucu auditoriyası üçün əlçatan edir.

Beləliklə, tanış olun:

Kitabçılar Birliyinin “Şeirini təqdim et, imzanı tanıt” adlı şeir müsabiqəsində fərqlənmə diplomuna layiq görülübdür: Elnarə Cahan.

 

 

 

ELNARƏ CAHAN,

“EHTİYAC OLAN MALLAR”

 

“Ehtiyac olan mallar” - yazılan dükan gördüm,

Bir naməlum küçədə, qapalı bir dalanda.

Dedim, qoy girib baxım, içini də bir görüm,

Nə isə sakitlikdir, görüm, varmı alan da?

 

Marağa girdim, görüm burda nələr satılır?

Ehtiyac olan nədir? Nəyə belə yazılır?

İlahi, nə qəribə dükandır axı bura,

Ətraf sanki bürünüb çox sehirli bir nura.

 

Piştaxtada yazılıb: “ağıl”, “vicdan”, “mərhəmət”.

Növbəti cərgələrdə: “ümid”, “arzu”, “səltənət”.

Yuxu görürəm sanki, burda hər şey satılır.

Bəziləri çox ucuz, sanki çölə atılır.

 

“Təkəbbür” qurtarmışdı, cəmi bir ədəd vardı.

Elə baxırdım ki, tez, biri qapıb apardı.

“Biganəlik” də çox az qalmışdı, qurtarırdı.

Yan cərgədə kim isə “səadət” axtarırdı.

 

Birdən arxadan kimsə toxunaraq soruşdu:

“Burda ‘məşhurluq’ vardı, qutulara dolmuşdu.

Bilmirsiz haradadır, qurtardımı görəsən?”

Almaq istəyirdim bax, qaçırdımsa, çox əhsən.

 

Söylədim, görməmişəm “məşhurluq” bu sırada,

Amma gözümə dəydi, “arzu” vardı orada.

“Arzu” alın, bəlkə də arzunuza çatarsız.

Onun sayəsində siz, yəqin, məşhur olarsız.

 

Əl sallayıb çımxırdı adam mənim üzümə.

Tələsirdim, məşhurluq tez lazım idi mənə.

Deyib, tələsik getdi, baxa qaldım ardınca.

Beləsi nə edəcək, məşhurluğu tapınca?!

 

Bir azca irəlidə qutular ayaq altda.

Bəziləri tapdanıb, əzilmişdilər hətta.

Qutunu ayaq altdan toparlayıb götürdüm,

Üzərinə yazılan “mehribanlıq”-ı gördüm.

 

İlahi, gərək deyil mehribanlıq heç kimə?

Ayaqlar altda qalıb, alan da yox vecinə.

Yanda dalaşırdılar iki xanım hiddətlə:

“Gözəllik” istəyirmiş ikisi də şiddətlə.

 

“Gözəllik” sonuncuymuş . Son bir ədəd var imiş.

Bir xanıma çatmayıb, onunçün didinirmiş.

Heyrətlə baxdım bütün boşalmış cərgələrə.

Boşaldılmış qutular dağılmışdı hər yerə.

 

“Həsəd”, “paxıllıq”, “qiybət”, “yalan”, “xəyanət”, “şəhvət”…

Başımı tutub durdum, qaçmaq istədim xəlvət.

Görən olmasın məni çıxanda bu dükandan.

İlahi, güc ver, çıxım, uzaqlaşım məkandan.

 

Nədəndir pisliklərə bu qədər saldıq meyil?

Məgər yaxşılıq daha dünyaya lazım deyil?

Nələr görür gözlərim, nəyə şahid oluram?

Mənim belə işlərlə heç yaxşı deyil aram.

 

Həyəcanla, tələsik mağazadan çıxıb mən,

Yollanıram öz sakit, rahat, təmiz evimə.

Orda sevinc, səadət, öz arzu istəklərim…

Belə süni yaşayış nə gərəkdir ki mənə?

 

Arzuladım Tanrıdan mehribanlıq, səadət,

Vicdan, namus, var-dövlət, gözəl bəxt, gözəl qismət.

Qoy hamının evinə, ailəsinə dolsun.

Pisliklər, yalan, riya dünyamızdan rədd olsun.

 

Sabah sizi 3-cü yerə layiq görülən iştirakçı - Samir Həsrət ilə tanışlıq gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

 

Cümə axşamı, 16 Aprel 2026 09:06

Bir şeirin tarixçəsi

Ramiz Göyüş, yazıçı-publisist.

“Ədəbiyyat və incəsənət”

                                                                                                                  

Səməd Vurğun yaşadığı epoxanın poetik  tərcümeyi-halıydı. Azərbaycan poeziyasının şah qoluydu. Bizim günlərin böyük şairi olaraq da qalır.

                                     Nəriman Həsənzadə, Azərbaycanın xalq şairi

 

Bu il poeziyasevərlər üçün “Səməd Vurğun ili”nin  olması hər kəsdə yüksək ovqat yaratmış və  böyük şairin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamından sonra poeziyamız və mədəniyyətimiz üçün əlamətdar olan bu tarixin,  artıq mart ayının ilk günlərindən xalqımız tərəfindən böyük coşqu ilə qeyd ediməsinə başlanmışdır.

 

Görkəmli söz ustasının ölümündən 70 il  keçməsinə baxmayaraq bu böyük şairə və böyük insana ümumxalq məhəbbəti azalmır, əksinə daha da artır,  yeni-yeni  məna və çalarlarla özünü biruzə verir.

 Şairin müasirlərinin, onunla yoldaşlıq, ovçuluq etmiş, səfərlərdə olmuş,  görüşlərində iştirak etmiş, himayəsi ilə ədəbiyyata gələrək məşhurlaşmış insanların əksəriyyətinin artıq həyatdan    köçməsinə baxmayaraq, şair haqqında yeni-yeni maraqlı faktlar üzə çıxır, xatirələri söylənir və görünür onun həyat və fəaliyyəti zaman-zaman - yüzilliklər boyu xalqımızın diqqət mərkəzində olacaqdır.

Bu günlər Qazağın( indi Ağstafanın) Həsənsu kəndindən olan, uzun illər ölkəmizin neft sənayesində işləmiş, ədəbiyyata, poeziyaya, Azərbaycanımızın görkəmli şair və yazıçılarına böyük məhəbbəti olan, yaşı 80-ni keçmiş, sinəsi söz və poeziya ilə, həm də xatirələrlə dolu olan Elman Yolçuyev bir xatirə danışdı. Elman müəllimin danışdığı xatirə diqqətimi cəlb etdiyi və maraqlı olduğu üçün həmin xatirəni yazının yaddşına köçürərək paylaşmaq qərarına gəldim.

Bu xatirəni Elman müəllimə onun əmisi (atasının əmisi oğlu) Həmid müəllim danışıb. Həmid müəllim 1945-50-ci illərdə, indi Yevlax rayonunun inzibati ərazisində qəsəbə olan, 1943-1956-cı illərdə ayrıca inzibati rayon kimi fəaliyyət göstərmiş Xaldan rayonunda raykom katibi işləyirmiş. O vaxtlar yenicə tikintisinə başlanmış Mingəçevir Su Elektrik Stansiyasında çalışan işçilər üçün salınmış Mingəçevir qəsəbəsi Xaldan rayonuna tabe imiş. Hər kəsə məlumdur ki, xalq şairi Səməd Vurğun Mingəçevir SES-in tikintisinə çalışan əməkçilərin şərəfinə məşhur ”Muğan “ poemasın üzərində işləyir və bununla əlaqədar tez-tez Mingəçevirə gedirmiş. Elə Həmid Yolçuyevlə də”GESSTROY”-da tanış olubmuş. Elə ilk görüşdən də onlar arasında mehriban ünsiyyət yaranır. Həmid Yolçuyev Tikinti İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri təyin olunduqdan və Bakıya gəldikdən sonra, Səməd Vurğunla münasibətləri daha da yaxınlaşır və dostluğa çevrilir.

Səməd Vurğun yaradıcılığından azacıq məlumatı olan hər kəsə məlumdur ki, şairin məşhur “Şair nə tez qocaldın sən” şeiri dərc olunduqdan sonra, həmin şeir çox məşhurlaşmışdı və bir çox şairlər, o cümlədən xalq şairləri Hüsyn Arif, Məmməd Araz və digərləri  nəzirə   yazmışdılar. O vaxtlar 23-24 yaşlarında olan, özünü Səməd Vurğun məktəbinin nümayəndələrindən biri hesab edən Nəriman Həsənzadə də bu şeirə biganə qalmayıb və “Dağ başında qar görünər” adlı bir  şeir yazıb. Nəriman Həsənzadə həm də bu xatirəni danışan Elman müəllimin atası – “Qoca Coşqun” təxəllüsü ilə şeirlər yazan Məhəmmədəli Yolçuyevlə - yaxın qohum idilər. Belə ki, Məhəmmədəli kişi ilə Nəriman müəllimin  atası Alməmməd kişi dayıoğlu-bibioğlu (mamaoğlu) idilər. Yeri gəlmişkən deyim ki, bu qohumluq hazırda onların oğlanları- Nəriman müəllimlə Elman müəllim arasında çox mehriban və səmimi formada bu gün də davam edir. Həmid müəllimin də bu qohumluqdan məlumatı var idi və həm də bu səbəbdən o, istedadlı gənc şairə - Nərimana doğma münasibət bəsləyəirdi. Şeiri yazdıqdan sonra Nəriman müəllim  Həmid müəllimin yanına gələrək şeiri ona oxuyub. Şeir Həmid müəllim çox bəyənir və bu barədə Səməd Vurğuna bildirərək Nəriman Həsənzadəni də götürüb, birlikdə Səməd Vurğunun yanına gedirlər. O zaman Səməd Vurğun Akademiyanın binasında (indiki İstiqlaliyyət küçəsindəki AMEA-nın Rəyasət Heyəti yerləşən binada) otururmuş. Səməd Vurğun onları çox səmimiyyət və mehribanlıqla qəbul edir və gənc Nərimandan şeiri oxumasını xahiş edir. Nəriman Həsənzadə özünəməxsus utancaqlıqla şeir oxuyur. Şeir Səməd Vurğunun çox xoşuna gəlir və ondan şeirin əlyazmasını alaraq yazı masasının üzərindəki şüşənin altına qoyur, üzünü Həmid Yolçuyevə tutaraq deyir:- “Görürsən, gələcəyin nə gözəl Səməd Vurğunları yetişir və mən əminəm ki, Nəriman gələcəyin Səməd Vurğunu olacaqdır”.

 Elman müəllimin bildirdiyinə görə bu şeir indiyədək heç bir yerdə dərc olunmayıb. O, bu şeiri atası –Məhəmməd Yolçuyev və qardaşı Saleh müəllim əzbərdən söyləyərkən kağıza köçürüb. Yuxarıda qeyd etdiyim kimi. Elman müəllimin də Nəriman müəllimlə yaxın qohumluğu və çox yaxşı da münasibətləri var. Lakin Nəriman müəllim  şeirin yazılma tarixini və Səməd Vurğunla görüşünü, ona şeir oxumasını xatırlasa da, əlyazması özündə qalmadığı üçün unudub. Şeir ilk dəfədir ki, dərc olunur.

 

Dağ başında qar görünər

 

“Şair nə tez qocaldın sən”?

Bu sözləri eşidərkən,

Sual verdim yerə göyə,

Ömür nə tez keçdi?- deyə

Bir səs gəldi qulağıma,

Qoy sıxmasın səni kədər,

Dağ başında qar görünər.

 

Çox dolandım gen düzləri,

Qız yanaqlı gündüzləri.

Hər bir yerə ayaq basdım,

Hey eşitdim bu sözləri,

Hər fəsildə axşam səhər,

Dağ başında qar görünər.

 

Tanış qızla görüşərkən,

Bu şeirdən söz saldım mən.

Oxuduqca bu xoş sözü,

Gördüm doldu qara gözü,

Kövrələrək dedi birdən,

Alışmayaq gəl bu qədər,

Dağ başında qar görünər .

 

Hara getdim birər- birər,

O şeiri istədilər.

Canım şair, gözüm şair,

Ona cavab yaz dedilər.

Qocalarmı böyük hünər,

Dağ başında qar görünər .

 

Anam dedi oğul şeir,

Oxu görüm nədən deyir.

Şair nə tez qocaldın sən?

Bu sözləri deyərkən mən,

Anam dedi xeyir – xeyir,

Qocalmaz o nər oğlu, nər

Dağ başında da qar görünər.

 

Və xalq şairi Hüseyn Arifin “Yolda”  poemasından bir bənd yada düşür: “Xalq şair oğlunu hey anacaqdır”...

 

“Ədəbiyyat və incəsənət”

(16.10.2026)

 

                                                                                                                        

 

Cümə axşamı, 16 Aprel 2026 14:07

Şeir və iki şair

 

Dos. Dr. Həyat Şəmi və Azərbaycan şeirlərinin şair və yazar Osman Öztürk pəncərəsindən əksi

 

Osman Öztürk - İstanbul Sənət və Kültür Dərnəyinin Fəxri Başqanı,

“Ədəbiyyat və incəsənət”

 

(Türk Ədəbiyyatı Vəqfindəki çıxışdan)

 

Bugün sizlərlə çağdaş Azərbaycan şeirinin diqqət çəkən isimlərindən biri olan şair-yazar və alim  Həyat Şəminin şeir dünyasına qısa, amma dərin bir səyahət etmək istəyirəm. Həyat Şəminin şeirlərini ilk oxuduğunuzda sizi qarşılayan nəsnə, bağıran sözlər deyil, əksinə bir səssizlikdir.

Amma bu səssizlik, boşluq deyil, anlamın çoxaldığı bir dərinlikdir.

 

Ürəkdən varlığa: Osman Öztürk və Həyat Şəmi...

Sizə bir sual vermək istəyirəm: şeir nədir?

Bir mətn, bir sənət əsəri, yoxsa sadəcə gözəl sözlərin yan-yana düzülüşü?

Mən şeiri belə təsəvvür edirəm və görürəm: Şeir insanlığın ürək səsidir... içdən gələn, azad bir ruh biçimidir... Həm də, eyni zamanda ilmə-ilmə məhrəmiyyətlə hörülən qəribə, dərin, anlaşılması çətin bir yolçuluqdur.

Şeir kağıza yazılır sanırıq. Qələmlə, mürəkkəblə... Amma yox. Şeir vicdanla yazılır. Elə bir səhifəyə yazılır ki, buluddan ağ və o yazı əsla silinməz.

Şeir tənha deyildir. Musiqi ilə yüyürür, rəsmlə danışır, heykəllə şəkil alır. Bir misra oxuyanda, bir tablo görərsiniz. Bir misra duyanda içinizdə bir nəğmə başlayar.

Amma şeir, sadəcə gözəllik deyildir. Şeir bir hadisədir, hekayədir, üsyandır, bir başqaldırmadır. Zamana, zülmə, ədalətsizliyə qarşı. Elə tam da bu nöqtədə qarşımıza çağdaş Azərbaycan şeirinin güclü səsi çıxar:  Həyat ŞƏMİ.

Həyat Şəminin şeiri yüksək səslə danışmaz, bağırmaz, çığırmaz. Amma dərin bir iz buraxar. Sizi susdurar. Və də düşündürər...

Onun şeirində bir cümlə var ki, bir ömürlük sorğudur:

Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs...

Bu nə deməkdir? Bu o deməkdir ki, biz sandığımız qədər də güclü deyilik, zənn etdiyimiz qədər qalıcı deyilik. Biz iki boşluq arasında yaşayan bir an, məqam kimiyik. Mən  şeiri  “ürək səsi” olaraq görərkən,

Həyat Şəmi şeiri bir addım irəli daşıyır. Şeir varlığın sorğusudur deyir. Mənim şeirimdə vicdan vardır, insan vardır, cəmiyyət  vardır. Onun şeirində isə boşluq vardır, zaman vardır, yoxluq vardır. Amma əslində ikimiz də eyni şeyi deyirik: İnsan nədir?

Şeir bir ahəng və ritm tələb edir dedim. Amma Həyat Şəmi bizə bunu göstərir: Bəzən şeirin ən böyük ritmi səssizlikdir.

Həyat Şəminin misraları qısa, amma uçurum kimidir. Az kəlimə istifadə edir, amma çox dərin mənalar qurur.  "BAĞ" şeirində belə deyir:

"Ucu açıq fikrinin

Bağ verim bağla..."

Bu sadəcə bir çağrı deyildir. Bu yaşam dünyasında dağılmış insanı yenidən bir mənada, anlamda toplama çabasıdır.

Mən şeiri bir başqaldırma, üsyan kimi qələmə verdim. Həyat Şəmi isə üsyanı içə daşıyır. Onun üsyanı küçədə deyil, insanın içində yaşanır.

Bir başqa şeirində belə deyir:

"Hər cümlənin sonuna

Torpaq dərin nöqtədir"

Həyat - bir cümlədir, bir film lentidir və ölüm o cümlənin sonundakı dərin nöqtədir... Bəs, o nöqtəyə qədər... biz necə bir şeir yazırıq? Bax, şeirin əsil sorğusu da budur. Şeir asan iş deyil. Nə yazılması asandır, nə də başa düşülməsi.

Şeiri yazan qələm də, oxuyan göz də cavabdehdir, məsuldur. Çünki şeir hər kəsə özünü açmaz.

Mən deyirəm ki: Şeir insanlığın ortaq səsidir.

Həyat Şəmi bizə bu cümləni əlavə edir:

Amma o səsi duymaq üçün öncə içimizdəki hay-küyü susdurmalıyıq. Şeir səyyahdır deyirəm.Heç bir sərhəd onu durdura bilməz. Və həqiqətən də belədir...

Bu gün Türkiyədə yazılan bir şeir Azərbaycanda əks-səda verir, üzə çıxır. Bir Azərbaycan şairi İstanbulda nə qədər ürəyə toxuna bilir, xitab edə bilir. Çünki şeirin dili dəyişər, amma özü dəyişməz. Və o öz, özək - insandır.

Şeir cəsurdur dedim. Başı əyilməz. Həyat Şəminin şeirləri də əyilməzdir. Amma bu şeirlərin cəsarəti, gücü bağırmaz. Onların cəsarəti dərinləşər, gücü artar...

Şeir zalıma, zülmə qarşıdır dedim. Bəli...tarix boyunca öncə şairləri susdurmağa çalışıblar. Amma bacarmayıblar. Çünki şeir insanlığın yaddaşıdır. Və mən inanıram ki, bir gün şeirin daha çox oxunduğu, daha çox anlaşıldığı, daha çox hiss edildiyi, sülh və qardaşlığın hakim olduğu bir dünyada insanlar və ölkələr bir-birinə daha az zərər verəcəklər. Çünki şeir insanı insana yaxınlaşdırır. Ölkədən ölkəyə yıxılmaz könül körpüləri qurur.

Şeir nədir? Şeir bir ürəyin səsi, hayqırtısı ola bilir. Bir ölkənin səsi ola bilir. Amma ən çox da insanın özünə verdiyi sualdır şeir. Və bəlkə də ən önəmli sual budur: Biz gerçəkdən də  insan kimi yaşayırıqmı?

Yoxsa bir şeirin içində həsrət yüklü bir misra kimi keçib gedirik?

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

 

Cümə axşamı, 16 Aprel 2026 10:32

Səssizliyin içində - ESSE

Aynur İsmayılova,

Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Bəzən danışmadan yalnızca baxarsan. O baxışlar çox şey görər, çox şey söyləyər. Amma kimsə eşitməz, çünki insan dildə olana meyillidir...

 

Səssizliyin içində gizlənən həqiqətləri isə çox az insan görər. Bəzi sözlərin ruhu qulağa deyil, qəlbə toxunar və orada titrəyər.

Bəzən isə qarşındakı insanlara baxanda elə hiss edirsən ki, sanki onların düşüncələrini səssizcə anlayırsan. Aradakı bu görünməz əlaqə sanki telepatiya kimidir. Danışmadan fikirlərini hiss edə bilirsən. Səssiz anlaşmaq hər kəsə nəsib olmur. Bəziləri yalnız sözlərlə anlayar, bəziləri isə ən aydın baxışları belə görməz.

Və onda insan anlayar ki, ən dərin hisslər belə səssiz qalanda itir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

Cümə axşamı, 16 Aprel 2026 09:31

Kamança ifaçılığından bəstəkarlığa

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

“O vaxtlar Türkiyəyə getmək çox çətin idi. Orda Ajda Pekan “Ay qəlbi kövrək”, Nəşə Qaraböcək “Bir könül sındırmışam” mahnılarımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam”.

AzərbaycanSSRxalqartisti, bəstəkarRamizMirişlininsözləridir.

 

Hamı bilir ki, Ramizə populyarlığı qazandıran mahnı janrı olub. Bu da əbəs yerə deyil. Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var.Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb. Bu kamançanın yanğısı da, milliliyi də həmişə onun ürəyində yaşayıb.

Kamança onun bütün musiqilərində iştirak edir, Ramizi kənara qaçmağa qoymur. Bu yaşdan sonra da Ramizin ayrı yolu yoxdur. O, bu gün də bizim milli bəstəkarımızdır. Onu başqa yollar azdırmayacaq. Onun hansı səpkidə yazmasından asılı olmayaraq, ilk xallardan bilinir ki, bu, Ramizin musiqisidir” – bu kəlmələri isə Xalq şairi Fikrət Qoca Ramiz Mirişli barədə söyləyibdir.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb.

Həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub. Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr verib.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib. O, ən müxtəlif janrlara müraciət edib, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.

Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapıb. Onu məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı olub. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanıb.

Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, Azərbaycanda və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

 

Əsərləri

- N. Gəncəvinin qəzəlinə solist, xor və simfonik orkestr üçün "Peyğəmbərin tə'rifi" vokal Poeması

- "Qəzəlxan" bədii filminə musiqi /həmmüəllif — N. Mirişli/ (1990)

- M. Araz, F. Qoca, M. Aslan, D. Mustafayev, H. Razi, Y. Həsənbəy və b. şairlərin söz. mahnı və romanslar

 

Bəstələdiyi mahnılar

- Bir könül sındırmışam (sözləri İslam Səfərlinindir)

- Doğma diyarım

- İlk görüş

- Mavi dünyam

- Güləndam

- Əlvida

- Bir xumar baxışla (sözləri Fikrət Qocanındır)

- Sevdalandım yaz gəlincə

- Günay

- Dedi gələcəyəm

- Ya rəbbim

- Məzəli mahnı

- Yaraşıqsan

- Hardasan

- Yandım, elə yandım (sözləri Süleyman Rüstəmindir)

- Gəlmədi

- Yeddi qızdan biri gözəl

- Nənəm kəndi istəyir

- Süfrə mahnısı (sözləri Rüfət Əhmədzadənindir)

 

Filmoqrafiya

1. Akt və fakt

2. Alma almaya bənzər

3. Monoloq

4. Qəzəlxan

5. Nekroloq

6. Analar və laylalar

7. Azərbaycan xəritəsi

8. Payız melodiyaları

9. Bəylik dərsi

10. Bakı bağları. Şüvəlan

11. Ömür urası

12. Oxuyur Şövkət Ələkbərova

13. Perspektivsiz tikinti

14. Dəvətnamə

15. Köhnə bərə

 

Mükafatları

1. "Naxçıvan MSSR əməkdar incəsənət xadimi" fəxri adı

2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

3. "Azərbaycan SSR xalq artisti" fəxri adı

4. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

5. "Şöhrət" ordeni

6. "Şərəf" ordeni

 

Ramiz Mirişli 17 aprel 2015-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Teatr tariximizə yazılan bir ad da var: Rafiq Əliyev. O, Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın əməkdar artisti, 2007-ci ildə Respublikanın xalq artisti fəxri adlarına layiq görüldü. Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatını aldı, "Humay" ictimai milli mükafatını qazandı. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə də layiq görüldü.

 

2019-cu ildə 70 illiyi təntənə ilə qeyd edildi. Amma 71-i yaşamaq ona qismət olmadı. 16 aprel 2020-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etdi. Bu gün onun anım günüdür...

Rafiq Əliyev 14 noyabr 1949-cu ildə Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 saylı orta məktəbin birinci sinfinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub.

 1971-ci ildə Qırmızı bayraqlı Qara dəniz Donanmasında hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət edib. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olunub, 1970-ci ildə oranı bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub.

Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları qeyd etmək olar.

Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib. Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilib.

Onlardan "Babamızın babasının babası"nda reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə general-qubernator, "Ələqə" filmində astrofizik və psixiator, "Lətifə" filmində komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da ortancıl qardaş, "Ailə dairəsi"ndə Qarif, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı" filmində ingilis professoru Luis obrazları xüsusi ilə fərqlənir.

Rafiq Əliyev televiziyada da gözəl obrazlar yaradıb. M. Ə. Rəsulzadə haqqında filmdə Stalin, "Cəza"da Kərim, "İlğım"da Kişi kimi obrazlar buna parlaq misaldır. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissorkimi fəaliyyət göstərib.

Həmin teatrın səhnəsində "Blez", "Qar qız və yeddi cırtdan", "Bir dəfə Braziliyada", Donaldın qeyri-adi sərgüzəştləri", "Nəsrəddin", Sarıköynək günəşi necə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Krokodil Genanın məzuniyyəti", "Arzuları gerçəkləşdirən", "Sirr", "Çimnaz xanım yuxudadır" əsərlərinə maraqlı quruluşlar verib və bu tamaşalar tamaşıçılar tərəfindən rəğbətə qarşılanıb.

Rafiq Əliyevin rejissor fəaliyyəti təkcə Gənc Tamaşıçalar Teatrı ilə bitmir. "İbrus" teatrında "Şirə bənzər", Akademik Milli Dram Teatrında "Hamlet", İstanbul Bələdiyyə Teatrında "Arslana bənzər", Qazax Dövlət Dram Teatrında "Alov" onun bir rejissor, kimi uğurla tamaşaya qoyduğu əsərlərindəndir.

Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışıb. Rejissor R. Fətəliyevin çəkdiyi "Həqiqət anı" filmində Əli Ömərov, "Qraf Krestovski" filmində həbsxana rəisi, "Hökmdarın taleyi"ndə Vanya yüzbaşı, Orxan Fikrətoğlunun çəkdiyi "Papaq" filmində Başçı, Mehriban Ələkbərzadənin "Ölümünə məhkum olmuşlar" filmində müstəniq görkəmli aktyorun son illərdə yaratdığı gözəl ekran obrazlarındandır.

 

Filmoqrafiya

1. Afroditanın qolları

2. Ailə

3. Araqarışdıran

4. Avqust gələndə

5. Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film

6. Babamızın babasının babası

7. Bəyaz həyat.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Başlığa boşuna “Cabbar, Xan, Bülbül... – Bəs Məmmədtağı necə olsun?” kəlmələrini çıxarmamışam ki. Klassik musiqimizdən danışanda əsla Məmmədtağı Bağırov yada düşmür. Bəlkə də o səbəbdən ki, o, opera müğənnisi olub.

Halbuki düşməlidir. Ən azı, bugünkü anım günündə onu xatırlamalıyıq.

 

Məmmədtağı Bağırov 5 avqust 1890-cı ildə Bakıda anadan olub. İki il mollaxana təhsili alıb, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxuyub. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxıb, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynayıb

Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış edib.

Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürüb.

Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.  1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılıb.

Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa edib, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaradıb, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış edib.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış edib, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa edib.

 

Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- "Qırmızı əmək bayrağı" ordeni

- "Qafqazın müdafiəsinə görə" medalı

- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

 

Müğınni 16 aprel 1961-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

27 -dən səhifə 2850

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.