İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Poeziyamızın kəhkəşanında bir ulduz da Məmməd Arazındır, daim parlayan bir ulduz! Bu gün Azərbaycan Respublikasının xalq şairi Məmməd Arazın anım günüdür.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib.
1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.
Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni, bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub.
Kitabları
1. Sevgi nəğməsi
2. Üç oğul atası
3. Araz axır
4. Mən səni taparam
5. Anamdan yadigar nəğmələr
6. Ömür karvanı
7. İllərdən bəri
8. Qanadlı qayalar
9. Atamın kitabı
10. Həyatın və sözün rəngləri
Tərcümələri
(ruscadan)
1. S. V. Mixalkov. Foma
2. G. Ağacanyan. Narahat ürək
3. M. Svetlov. Şeirlər
4. N. A. Nekrasov. Rus qadınları
5. Ocaq başında (dünya şairlərinin şeirləri)
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "İstiqlal" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Məmməd Araz 2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyır.
27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilən “Araz şairi” adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


