Nicat Hunalp “Yaradıcılıq emalatxanasında” Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam əziz izləyicilərimiz, bu dəfə  "Yaradıcılıq emalatxansı"- nın qonağı şair Nicat Hunalp oldu. “Alp Aruz taleyi” şeiri Dədəmiz Qorquda bir müraciətdir, Oğuz ellərinin faciələrinə bir aynatutmadır.

Gəlin birlikdə şairin yeni şeirini oxuyaq.

 

Nicat Hunalp

Alp Aruz taleyi

 

         "Bu qara çadır mənə borc olsun" - dedi, Alp Aruz                                             

                                                                   Dədə Qorqud

 

Gəlmişəm sözümü dinlə ay dədə,

Min ildir ruhumda gör nələr yatır.

Oğuzun başına bəla gətirdi,

O qara qovurma, o qara çadır.

 

 

Küsəndə obadan, eldən Alp Aruz,

Dış Oğuz, İç Oğuz oldular düşman.

Ağac tək içindən oyuldu Oğuz,

Axırda Oğuzu tutdu həmin qan.

 

Həmin qan Oğuzu yuxuya verdi,

Həmin qan Oğuzu daşa çevirdi.

Tanrı qara yazdı bəxtin Oğuzun,

Tanrı baharını qışa çevirdi

 

 

İndi haqqı deyim, mən haqqı Dədə,

Nə olsun kökümüz Bozqurddan gəlir.

Bizim başımıza gələn bəlalar,

Elə sən Dədəmiz Qorquddan gəlir.

 

Tanrı yazmayırmı taleyi, bəxti?

Tanrı vermir məgər oğulu-qızı?

Bəs niyə sındırdı bəy qürurunu,

Ulu xan babamız o Alp Aruzun.

 

Tutdu gözümüzü o qarğış, o ah,

Babamız etdiyi səhv tutdu bizi.

Neçə il ulu xalq, bəy xalq, sultan xalq,

Deyə-deyə babam ovutdun bizi.

 

Züryətsiz olmağı günahı deyil,

Tanrının Aruza yazan yazıydı.

O vaxtdan bu yurdda bütün sonsuzlar,

Talecə, qismətcə Alp Aruzuydu.

 

Olarda qınandı eldə, obada,

Oğulsuz dedilər, qızsız dedilər.

Toya çağırmayın uğursuzluqdu,

Sən Allah yan elə, sonsuz dedilər.

 

İçində göynədi yarası, Dədəm,

Kimsə nə çəkirdi Aruz, bilmədi.

Uçmağa vardıda, qəbri itdi də,

Qara çadırdakı Aruz ölmədi.

 

Daşıdı içində sonsuzluq dərdin,

Min ildir yerində daşlaşıb qalır.

Baybican, Bəybura, Qılbaş, Alp Aruz,

O qara qovurma, o qara çadır.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.