İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bizim görkəmli musiqişünaslarımız az deyil. Onlar nəzəriyyə yazır, dərslik ərsəyə gətirir, musiqimizin inkişafına töhfələr verirlər. Onlardan biri də Abbasqulu Nəcəfzadədir. Əslən Xızı rayonundandır. O rayondan ki, musiqimizə Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə kimi görkəmli sənətçilər bəxş edibdir.
Abbasqulu Nəcəfzadə 1 dekabr 1957-ci ildə Şamaxıda Astraxanovka kəndində (indiki Qızmeydan) anadan olub. Qızmeydan kəndinin adı yaşayış məntəqəsi kimi "Kitabi-Dədə Qorqud" dastanında çəkilib. Bir zamanlar bu kənd Xızının inzibati ərazisinə daxil edilmiş, sonralar Şamaxı rayonuna verilib. Abbasqulu Nəcəfzadə əslən Xızının Gəmşər mahalına aid edilən Xirək kəndindəndir.
Azərbaycanın bir sıra ərazilərində - Gəncə (Bərdənin yaylağı olub), İsmayıllı (qala və eyniadlı müdafiə səddi) Xirək adlı toponimlər mövcuddur. "Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 may 2007-ci il tarixli (protokol № 19 -k) qərarı ilə sənətşünaslıq namizədi (sənətşünaslıq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi təsdiq edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2010-cu il tarixli (protokol № 36 — k) qərarı ilə "Musiqi sənəti" ixtisası üzrə dosent elmi adı verilib. "İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı" adlı elmlər doktoru dərəcəsi almaq üçün müdafiə işini tamamlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 mart 2014-cü il tarixli (protokol № 04 — R) qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi verilib.
Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2017-ci il tarixli (protokol № 14 — R) qərarı ilə "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrası üzrə professor elmi adı verilib. 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirib, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri və ifaçısıdır.
1976–1978-ci illərdə Bakı şəhəri H.Sarabski adına Mədəniyyət Evində "Xalq üçlüyü"ndə kamança ifaçısı, 1978–1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun xalq çalğı alətləri ansamblının rəhbəridir. 1979–2009-cu illərdə Sumqayıt Musiqi Texnikumunda kamança və dirijorluq ixtisasları üzrə pedaqoqdur.
Mütəxəssis olduğu fənnlər
- Musiqi təhsili və tədrisi.
- Kamança aləti üzrə təlim və tədris (ixtisas-muğam, ixtisas-not).
- Xalq çalğı alətləri üçün əsərlərin orkestrləşdirilməsi.
- Pedaqoji təcrübə.
- Azərbaycan xalq musiqisi.
- Xalq yaradıcılığı (folklorşünaslıq).
- İfaçılıq sənətinin tarixi.
- Musiqi alətşünaslığı (alətçilik).
Kitablar və tədris proqramları
1. Nizami Rəmzi "Mahnılar və qəzəllər"
2. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti (I nəşr)
3. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. (Yenidən işlənmiş II nəşr)
4. Çalğı alətlərimiz. (kitabça)
5. Balabançı Həsən dayının gülməcələri.
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


