“Şahid qızın yuxusu...” - bəstəkar Azər Dadaşovun doğum günü Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bəstəkarlar musiqi janrına üstünlük verir, irihəcmli əsərlərə meyl etmirlər. Bu, sürət əsrinin tələbidir deyə düşünür, həm də bununla, anidən qazanmaq istəklərini reallaşdırırlar. Halbuki irihəcmli əsərlər gərgin əmək, uzunmüddətli çalışmalar tələb edir. Nə yaxşı ki, Azər Dadaşov kimi bəstəkarlarımız vardır.

 

Həqiqətən də bizim çox böyük bəstəkarlarımız var.

16 yaşında ikən simfonik orkestr üçün ilk əsərini - “Elegiya”nı bəstələyən Xalq artisti Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevdən dərs alıb. O, 10-dan çox simfoniya, bir çox janrda yazılmış musiqi əsərlərinin, o cümlədən 20-dən çox filmə bəstənin müəllifidir.

 Xüsusən solist, xor və kamera orkestri üçün “Ave, Maria” ariyası, Füzulinin sözlərinə “Aruzilər məzhəri” vokal silsiləsi, Şuşa şəhərinə həsr etdiyi simfonik orkestr üçün 11 saylı simfoniyası; B.Vahabzadənin sözlərinə solist, xor və simfonik orkestr üçün “Ulu Qorqud” odası, iki soprano və simfonik orkestr üçün “Bahar duası” ariyası məşhurdur. Bəstəkar eyni zamanda “Şahid qız” (1990), “Yuxu” (1994), “Özgə vaxt” (1996) və s. kinofilmlərə və “Yanmış evin nağılı” dram tamaşasına musiqilər bəstələyib. Əsərləri ABŞ, İngiltərə, İsveçrə, Fransa, Türkiyə, Finlandiya və s. ölkələrin nüfuzlu orkestrləri tərəfindən ifa olunub.

Azər Dadaşov zəngin yaradıcılıq axtarışları ilə musiqimizin inkişafına və təbliğinə layiqli töhfələr verib. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Əsərləri 1968-ci ildən başlayaraq Azərbaycan Bəstəkarlar İttifaqının Qurultay və Plenumlarında səslənmiş, Respublikanın görkəmli dirijorları – Niyazi, Rauf Abdullayev, Nazim Rzayev, Ramiz Məlikaslanov, Yalçin Adıgözəlov, Teymur Göyçayev, Fəxrəddin Kərimov və b., xarici dirijorlar – D. Kitaenko (Rusiya), R. Matsov (Estoniya), R. Şilakadze (Gürcüstan), V. Runçak (Ukrayna) və b. tərəfindən təfsir edilmişdir. Əsərləri bir sıra xarici ölkələrdə — o cümlədən Fransa, ABŞ, İngiltərə, Finlandiya, Türkiyə, İran, Rusiya və s. keçirilmiş nüfuzlu festivalların proqramına daxil olunub.

 

- Simfoniyaları:

1. Böyük simfonik orkestr üçün I simfoniya (3 hissəli)

2. Böyük simfonik orkestr üçün II simfoniya (3 hissəli)

3. Kamera orkestri üçün III simfoniya (3 hissəli)

 

- Simfonik əsərləri:

1. "Uzeyirsayağı"- simli orkestr üçün

2. "Pastoral süitası"

3. "Elegik musiqi" — simli orkestr üçün

4. "Uşaq süitası"

 

Filmoqrafiya

1. Altı duru, üstü quru

2. Anın quruluşu

3. Arvadım Mənim, Uşaqlarım Mənim

4. Arzunu yarat

5. Bəhri-təhvil

6. Dəcəl dovşan

 

77 yaş özündə magik rəqəmin sehrini daşıyır. 77-cindən 78-inə adlayır bəstəkarımız. Güman edirik ki, qocaman bəstəkarımız bu yaşında da yazıb yaradacaq.

Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.