Mədəniyyət nazirinin müavininin doğum günüdür Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət Nazirliyi sağdan və soldan tənqid edilməyinə rəğmən, mədəniyyətimizin təbliği və inkişafı yolunda dayanmadan çalışır, nazirlik əməkdaşları öz üzərilərinə düşən missiyanı bacardıqca yerinə yetirirlər. Bu gün kollektiv nazir müavini, görkəmli pianoçu, Xalq artisti Murad Hüseynovun doğum gününü qeyd edir.

 

Murad Hüseynov 1 dekabr 1973-cü ildə Bakıda anadan olub. O, yaradıcılıq fəaliyyətinə Bülbül adına Orta Xüsusi Musiqi Məktəbində başlayıb. 1991–1996-cı illərdə Bakı Musiqi Akademiyasında təhsil alaraq buranı fərqlənmə diplomu ilə bitirib və 1996–1999-cu illərdə bu Bakı Musiqi Akademiyası aspirantı (professor F. Bədəlbəylinin sinfi) olub.

Murad Hüseynov Fransa hökuməti tərəfindən təqaüdə layiq görülərək 2000–2002-ci illərdə A. Korto adına Paris Ali Musiqi Akademiyasının Liseyində, 2004–2006-cı illərdə isə P. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında peşəkar musiqi təhsilini davam etdirib.

Murad Hüseynov beynəlxalq piano müsabiqələri laureatı (Fransa, 1998) və mükafatçısıdır (Tbilisi, Gürcüstan, 1997). O, Limojda keçirilən 3-cü Fransis Pulenk beynəlxalq piano müsabiqəsinin qalibidir (Fransa, 2002). O həmçinin fransız bəstəkarlarının əsərlərini ən yaxşı ifa etdiyinə görə 3 xüsusi mükafat da qazanıb.

Pianoçu dünyanın müxtəlif ölkələrində (Fransa, İngiltərə, ABŞ, İtaliya, İspaniya, Türkiyə, Yaponiya, Rusiya, Almaniya, Macarıstan, Gürcüstan, Malta, Əfqanıstan və s.) Azərbaycanın ifaçılıq mədəniyyətini təmsil edib. O, bir çox klassik musiqi festivallarında iştirak edib: Bax Musiqi Festivalı (İstanbul), Piano Festivalı (İstanbul), Fortepiano Festivalı (İstanbul), Fortepiano Festivalı (Hiroşima), Musiqili Kreml (Moskva) və s.

 

Mükafatları

- Azərbaycan

1. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

2. "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

3. Azərbaycan Respublikası Prezidentinin mükafatı

- Digər dövlətlər

1. Fransa Senatının medalı

2. "İncəsənət və Ədəbiyyat" ordeni (Fransa)

3. "Ləyaqət" ordeninin cəngavərlik xaçı (Macarıstan).

 

Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinə rəhbərlik edərkən mərkəzdəki tədbirlərin keyfiyyətcə yeni, daha yüksək mərhələyə yüksəlməsinə nail olmuşdu. Nazir müavini kimi də o, öz işinin öhtəsindən layiqincə gəlməkdədir. Sizi təbrik edirik, Murad müəllim!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.