İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Azərbaycanın igid oğulları arasında elələri var ki, onların həyatı sakit bir kənddə başlasa da, taleləri Vətənlə birgə böyüyür, onunla birgə sınaqlardan keçir. Müşviq Nuruş oğlu Vəliyev də məhz belə ömür yoluna sahib insanlar arasındadır.
1970-ci ildə Qubadlının gözəl təbiəti, mehriban insanlarıyla seçilən Məlikəhmədli kəndində anadan olan Müşviq bəyin uşaqlığı kəndin saf havası, torpağın səmimiyyəti ilə yoğrulub. 1977-ci ildə doğma kənd məktəbinin qapısından içəri daxil olan balaca Müşviq, həyatda ilk addımlarını sadə, amma böyük arzularla atırdı. Orta məktəbi 1988-ci ildə bitirdikdən sonra idmana olan sevgisi onu Bakı Bədən Tərbiyəsi Texnikumuna aparır. Lakin taleyin başqa planları vardı…
Tələbəlik illərinin elə başlanğıcında, cəmi üç ay sonra o, vətən övladı kimi hərbi xidmətə yollanır. Keçmiş SSRİ ərazisində iki il müddətində hərbi xidmətdə olur və güclü, dözümlü, nizam-intizamlı bir gənc kimi yetişir. Lakin onun üçün ən ağır, ən məsuliyyətli sınaqlar hələ qarşıda idi.
1990-cı ildə xidmətini başa vurub Vətənə dönən Müşviq bəy Azərbaycan torpaqlarına göz dikmiş düşmənə qarşı gedən döyüşlərdə iştirak etmək üçün düşünmədən könüllü yazılır. Çünki o bilirdi: Vətən çağıranda susmaq olmaz, geri durmaq olmaz. O, bu yolda Milli Qəhrəman Əliyar Əliyevin batalyonunda xidmət edir, qəhrəman komandirlə çiyin-çiyinə ən çətin döyüşlərə girir. Ağır döyüş yolları, səngərlərin soyuğu, yoldaş itkisi - bütün bunlar onun ömür kitabının qürurla yazılan səhifələridir.
1992-ci ildə Prezident Sərəncamı ilə könüllülər tərxis olunduqda, Müşviq silahını şərəflə yerinə qoyur, lakin Vətən sevgisini heç vaxt. Bundan sonra təhsilini davam etdirərək bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnir. O, gənclərə yalnız idmanı deyil, həm də mərdliyi, intizamı, vətənə bağlı olmağı öyrədir. Müəllimlik onun üçün sadəcə peşə deyil, həyatın davam edən xidmət formasıdır.
Bu gün Müşviq Vəciyev Qarabağ müharibəsi veteranı kimi böyük hörmətə sahibdir. Hazırda isə TƏBİB-in mühafizə xidmətində çalışaraq yenə də xalqına, dövlətinə xidmət edir. O, həyatının hər mərhələsində eyni möhkəm duruşu, eyni təmkin və sədaqəti qoruya bilmiş nadir insanlardandır.
Onun ömrü bir daha sübut edir ki, qəhrəmanlıq yalnız səngərdə deyil, insanın gündəlik əməllərində, ömrünün hər səhifəsində özünü göstərir.
Müşviq kimi oğullar olduğu müddətcə Azərbaycan güclüdür, yenilməzdir.
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)


