Super User

Super User

Çərşənbə axşamı, 14 Oktyabr 2025 15:33

Şahbulaq qalası- Qarabağ xanlığının tarixi irsi

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

 

Ölkəmizdəki mühüm tarixi abidələr barədə hər bir kəs, o cümlədən də gənc nəsil mütləq məlumatlı olmalıdır.

 

Şahbulaq qalası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş mühüm memarlıq abidəsidir. Ağdam şəhəri yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə tikilmişdir və Qarabağ xanlığının inzibati və hərbi mərkəzlərindən biri olmuşdur. Qalanın adı, onun yerləşdiyi ərazidəki gursulu bulaqdan – Şahbulağından götürülmüşdür. Bu qala Qarabağ xanlığının ərazisində inşa edilən ikinci mühüm müdafiə tikilisidir.

 

Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə inşa edilibdir və Bayat qalasından sonra xanlığın mərkəzi kimi fəaliyyət göstərmişdir. Memarlıq üslubu baxımından qala düzbucaqlı formadadır və onun divarları yarımsilindrik bürclərlə gücləndirilmişdir. Müdafiə funksiyasına uyğun olaraq tikilən qalanın divarları 7 metr, bürcləri isə 8,5 metr hündürlükdədir. Müdafiə məqsədi ilə divarlarda mazğal və diş sıraları əlavə edilmişdir ki, bu da müdafiə üçün səciyyəvi elementlərdən biridir.

 

Qalanın şərq tərəfində yerləşən əsas giriş qapısı ikimərtəbəli qüllə ilə qorunurdu. Üst qatında xan otağı yerləşirdi və bu otağa daş pilləkən vasitəsilə qəsr həyətindən çıxılırdı. Şahbulaq qalası yalnız müdafiə tikilisi deyil, həm də müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə edilmişdir. Lakin sonradan əsasən gözətçi məntəqəsi funksiyasını daşımışdır.

1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Ağdamın işğalı ilə birlikdə Şahbulaq qalası da erməni qüvvələrinin nəzarətinə keçmişdir. İşğal dövründə qala böyük zərər görmüş və erməniləşdirilmə cəhdlərinə məruz qalmışdır. Son dövrlərdə isə qala bərpa edilərək kilsə kimi istifadə edilməyə başlamışdır ki, bu da Azərbaycanın tarixi irsinə qarşı törədilən vandallıq aktlarından biri kimi qəbul olunur.

 

2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ağdam da daxil olmaqla işğal altında olan torpaqlarını geri almışdır. Bununla birlikdə, Şahbulaq qalasının bərpası və qorunması məqsədilə müxtəlif işlərə başlanmışdır. Bu işlər çərçivəsində qalanın tarixi əhəmiyyəti bərpa olunmağa çalışılır və abidənin turizm potensialı dəyərləndirilir.

Şahbulaq qalası Azərbaycanın Qarabağ bölgəsinin ən mühüm tarixi və mədəni irslərindən biri hesab edilir. Qalanın turizm potensialı böyükdür və bu, onun həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan olmasını təmin edir. Qalanın bərpası və qorunması istiqamətində aparılan işlər, onun turizm məkanına çevrilməsi baxımından mühüm addımların atılmasına səbəb olmuşdur. Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları qalanın turizm məhsulu kimi dəyərləndirilməsi üçün mütəmadi olaraq orada tədqiqatlar aparırlar.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 12:16

1 şair, 1 şeir

 

“Ədəbiyyat və incəsənət” portalının 1 şair, 1 şeir rubrikasında bu gün Əfrahim Hüseynlinin “Bu ömrün sirrindən xəbərimiz yox” şeiri təqdim edilir. Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, həkim və şairdir.

 

ƏFRAHİM HÜSEYNLİNİN ŞEİR

BU ÖMRÜN SİRRİNDƏN XƏBƏRİMİZ YOX

 

Bu ömrün sirrindən xəbərimiz yox,

gəlirik, ən şirin sözlə başlayır.

Olanlar adamın ağlına gəlmir,

doğruyla başlayır, düzlə başlayır.

 

Hər gün böyüməyi istəyir adam,-

bu arzunun yükü ağırdan ağır!

Böyüyə-böyüyə başımız üztə

xəbərsiz, filansız qar- yağış yağır.

 

Yerüzü behişt tək görünür bizə,

hələ yada düşmür sorğu-suallar.

Ağlımıza gəlmir günün birində

böyüyə-böyüyə kiçilmək də var.

 

Elə bilirik ki, yaz bitən deyil,

sonra payızı da uzaqda qalır.

Gümana əl yeri axtaran ömrə

qalan günlər-aylar təsəlli olur.

 

Göyləri sevirsən, göyün üzündə

ulduzlar buludla qalır üz-üzə.

Ayılıb görürsən göyüzü boşdu,-

ayı, ulduzu da görünmür gözə.

 

Dumanın içində qalan gümana

sonrasa əlini açmaq da olmur.

İstə, ya istəmə, payızdan çıxıb

qışın kəməndindən qaçmaq da olmur.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Çərşənbə axşamı, 14 Oktyabr 2025 11:01

Bu gün dahi Səttar Bəhlulzadənin anım günüdür

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan SSR xalq rəssamı Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olub. Səttarın anadan olduğu Əmircan kəndi çoxəsrlik mühafizəkar ənənləri ilə tanınan bir yer idi və burada kişilər əsasən tarla və bağlarda işləyirdilər. Burada ailələr öz uşaqlarını rəsm məktəblərinə göndərmir, rəsm çəkməyi uşaq hobbisi sayırdılar. 1920-ci illərdə Azərbaycanda peşə məktəblərinin fəaliyyətə başlaması ilə bir çox rəssamlıq məktəbləri də işıq üzü görməyə başlayır.

 

Beləliklə ailəsi onun həvəs və istedadına biganə qala bilməyərək 1927-ci ildə Azərbaycan Dövlət Peşə Rəssamlıq Məktəbinə göndərir. Buradakı tələbəlik illərində müəllimi, məşhur rəssam Əzim Əzimzadənin diqqətini çəkən Səttar onun baş rəssam olduğu "Kommunist" qəzetində müxtəlif mövzularda karikaturalar çəkmək təklifi alır. Təklifi böyük məmnuniyyətlə qəbul edən gənc rəssam bu üslub onun üçün yeni olsa da, çəkdiyi rəsmlərlə yumorun və qroteskinin uğurlu bütövlüyünü əldə edə bilib.

Karikaturadakı bacarığını görən Əzim Əzimzadə ona təhsilini qrafika sahəsində davam ettirməyi tövsiyə edir. Onun tövsiyəsi ilə Səttar Bəhlulzadə 1933-cü ildə V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitunun qrafika fakültəsinə daxil olur. Burada o dövrün məşhur qrafika sənətçiləri V. A. Favorski, P. Y. Pavlinov, K. N. İstomin və L. A. Brunidən dərs alıb. 3-cü kursda olarkən müəllimi tanınan rəssam Q. M. Şaqal ona rəsm fakültəsinə keçməyi tövsiyə edir. Səttar heç tərəddüt etmədən bu təklifi qəbul edir və 3-cü kursdan təhsilini Şeqalın atelyesində davam etdirir.

Realist sənət ənənələrini dərindən mənimsəyən rəssamın hazırladığı "Qadın Model" (1939) və "Qaraçı qadın" (1939) etüdləri bu dəyişikliyin bəhrəsidir. Moskvada yaşadığı illərdə müəllimindən aldığı təhsillə yanaşı, onun məsləhəti ilə Tretyakov qalereyasında və Puşkin muzeyində yerli və xarici rəssamların əsərlərinin surətlərini çıxarırdı. Görkəmli rəssam bu əsərlərin ona qazandırdıqlarını, xüsusən də bu araşdırmalar nəticəsində lirik rəsmlərə keçdiyini hər fürsətdə vurğulayırdı. Bu müsbət təsir onun mənzərə janrındakı ilk əsərlərində (Qudyalçay vadisi (1953), Qızılbənövşəyə gedən yol (1953)) aydın görünür. Səttar Bəhlulzadə buraxılış işi kimi Babək hərəkatı mövzusunu seçmiş və 1939-cu ildə bu mövzuda araşdırma aparmaq məqsədilə Bakıya qayıdıb.

1940-cı ildə diplom işi kimi "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını çəksə də, İkinci Dünya müharibəsi başladığına görə diplom işini müdafiə edə bilməyib. Hər iki əsər hal-hazırda Azərbaycan Dövlət İncəsənət muzeyində sərgilənməkdədir. Müharibədən sonra dəfələrlə müdafiə üçün Moskva Dövlət Rəssamlıq İnstitutu tərəfindən çağırılsa da getməmiş, səbəbini soruşanlara isə "diplomsuz rəssam olmur?" cavabını verib. Rəssam 1941-ci ildə SSRİ Sənətkarlar Birliyinə üzv seçilib. Müharibə illərində bir müddət təhsil aldığı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində müəllim olaraq çalışsa da, müharibədən sonra buradakı işindən ayrılır.

1945-ci ildə ərsəyə gətirdiyi Qubalı Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İncəsənət Muzeyində saxlanılır. Bəhlulzadə bildirir ki, Babək üsyanı tablosu müəllimləri tərəfindən bəyənilib və ona tarixi mövzularda çalışmağı tövsiyə ediblər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməmiş və mənzərə janrında əsərlər yaratmağa başlayıb. Bu dövrdə Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənib, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayıb. "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir"

 

Təltif və mükafatları

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- Azərbaycan SSR Dövlət mükafatı ("Azərbaycan mənzərələri" işlər silsiləsinə görə)

- 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni

- "Əməkdə fərqlənməyə görə" medalı

 

Sənətçinin qrafika əsərləri 1966-cı ildə Praqada, ölümündən sonra 1977-ci ildə Moskvada, Yalta (1978), Nyu-York (1994), İstanbul (1994), London (1995), Bonn (1996), Bakı (1999 və 2000), Daşkənd, Paris (2009) şəhərlərində sərgilənib. 1966-cı ilin yazında Praqadakı "U Rjeçitski" qalereyasında Bəhlulzadənin qrafika işlərindən ibarət fərdi sərgisi açıldı. Bu, sovet azərbaycanlı rəssamının xaricdə açılan ilk fərdi sərgisi idi. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub

 

Filmoqrafiya

1. Toğrul Nərimanbəyov 

2. Bu, Səttar Bəhlulzadədir

3. Üç hekayə

4. Səttar Bəhlulzadə

5. Sonuncu dərviş

 

Səttar Bəhlulzadə haqqında maraqlı faktlara nəzər yetirək

 

1.Səttar riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağını düşünüb. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara köməklik etməkdə ad çıxardığından, onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayıb.

2.Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birgə həyatı baş tutmur və ayrılmalı olurlar. Deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə olub.

3.Səttar Bəhlulzadə dostu ilə trolleybusda söhbət edə-edə yol gedirmiş. Dayanacaqların birində trolleybusa minən bir qadının yanındakı 2-3 yaşlı uşaq Səttarın üzünü görəndə qorxudan ağlamağa başlayır və heç cür sakitləşmək bilmir. Səttar növbəti dayanacaqda, yarı yolda dostunu məcbur eləyir ki, o uşağın xətrinə trolleybusdan düşək.

4.Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində, gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedir. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılır. Süfrə arxasında əyləşən Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyranı andıran rəsm çəkir.

5.Füzulini dəhşət çox sevirmiş, ona vurğunmuş. Bir dəfə, ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib ordan xeyli şam gətirir. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayırlar. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.

6.Yetmişinci illərin ortalarında «Ulduz» jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam «Ulduz»un redaksiyasına gəlir və soruşur:

– Nə qədər qonorarım var?

Cavab verirlər:

– Min beş yüz manat.

Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:

– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu «Avrora» tapasız!

7.Səttar Bəhlulzadə sufi həyatı keçirirmiş, geyim-keçiminə qətiyyən fikir verməzmiş, həmişə nimdaş paltarda gəzərmiş. Hətta əsgər şinelini də geyinməyi özünə ar bilməzmiş. Bir sözlə o, geyimə bəzək kimi yox, isti-soyuqdan qoruyan şey kimi baxırmış. Bir dəfə rəssam elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

8.Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox adamla bölüşmədiyindən yaxınları onun xəstəliyindən çox gec xəbər tuturlar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışır ki, o, qayğıdan, diqqətdən də kənarda qalır. Onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranırlar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır. Yaxın dostlarından biri onun bu halını görüb çox pis olur və onun üz-gözündən öpüb leçkomissiyaya aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən? Səttar Bəhlulzadə sarılıq xəstəliyindən əziyyət çəkirmiş.

9.1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.

10.Əməliyyat olunsa da, Səttar Bəhlulzadənin vəziyyəti düzəlmir. O, 1974-cü ilin yağışlı oktyabr ayının 14-də gözlərini əbədi olaraq yumur. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 

10 oktyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Qızılorda şəhərində yerləşən “Анаға тағзым” (“Anaya ehtiram”) Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Türk xalqlarının Folklor İrsinə həsr olunmuş çoxcildli çoxdilli Antologiyanın hazırlanması məqsədilə həyata keçirilən “Türk Folklor İrsi” layihəsinin beynəlxalq ekspert qrupunun növbəti iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan görkəmli folklorşünas alimlər iştirak ediblər.

İclas çərçivəsində beynəlxalq ekspertlərə “Türk xalqlarının Qəhrəmanlıq Eposu” seriyasından olan cildlər təqdim olunub və hədiyyə edilib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova layihənin hazırlanmasında fəal iştirak etmiş Milli Elmlər Akademiyalarının prezidentlərini, Mədəniyyət nazirliklərinin nümayəndələrini, İnstitut direktorlarını, eləcə də mədəniyyət, incəsənət, folklor və ədəbiyyat sahələrinin mütəxəssislərini təşəkkürnamələrlə təltif edib.

İclasın gündəliyində “Türk romantik eposu” adlanan layihənin ikinci seriyasının hazırlanması və 2026–2027-ci illər üçün layihənin strateji istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Respublikasının Prezidenti Zati-Aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü və Türk dövlətlərinin dövlət başçılarının tapşırığı (Türk Dövlətləri Təşkilatının XI Zirvə Görüşü, 6 noyabr 2024-cü il, Qırğızıstan Respublikası, Bişkek şəhəri) əsasında, tarixdə ilk dəfə “Türk Folklor İrsi” adlanan çoxcildli və çoxdilli layihəni həyata keçirir.

Layihə türk xalqlarının epik, mərasim, nağıl və əfsanə ənənələrini bir araya gətirərək türk dünyasının zəngin şifahi ənənələrinin qorunması və qeyri-maddi mədəni irsinin geniş təbliği məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

 


 

 

 

Çərşənbə axşamı, 14 Oktyabr 2025 08:05

Ankarada Əhməd Cavadın xatirəsi anılıb

13 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi, Səfirliyin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Əhməd Cavad İnstitutu tərəfindən Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadın vəfatının 88-ci ildönümü münasibətilə Ankara Hacı Bayram Vəli Universitetində anım tədbiri təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə ədəbiyyatı sahəsində tanınmış alimlər, diplomatlar, mədəniyyət və incəsənət xadimləri, tələbələr, eləcə də KİV nümayəndələri iştirak ediblər. 

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Ankara Hacı Bayram Veli Universitetinin rektoru Mehmet Naci Bostancı və Milliyyətçi Hərəkat Partiyasının sədrinin baş müşaviri, Əhməd Cavad İnstitutunun rəhbəri Ruhi Ersoy çıxış edərək, Əhməd Cavadın həyatı, zəngin ədəbi irsi və Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi xidmətlər barədə geniş məlumat veriblər.

Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” başda olmaqla ölməz əsərlərinin təkcə Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının azadlıq və milli kimlik ruhuna xidmət edən bədii simvollar sırasında xüsusi yer tutduğu vurğulanıb.

Böyük şairin yaradıcılıq irsinin qorunması və gənc nəsillərə ötürülməsi məqsədilə təşkil olunan bu əlamətdar tədbirin Azərbaycan və Türkiyə arasında mədəni və mənəvi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi qeyd olunub.

Tədbirin sonunda Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən video material nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənə”

(14.10.2025)

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qızılorda vilayəti Akiminin birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Qarmaqşı bölgəsində yerləşən “Dədə Qorqud” Memorial Kompleksində Türk xalqlarının folklor-musiqi incəsənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün Sədaları mövzulu VII Beynəlxalq Festivalı açılıbdır.

 

“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Tıva və Altaydan olan 200-ə yaxın sənətçi iştirak edir.Festival Qızılordanın Qazaxıstanın paytaxtı (1925-1927)  elan ediməsinin 100 illiyinə həsr olunub.

Beynəlxalq tədbirin məqsədi türk xalqlarının zəngin mədəniyyətini, milli musiqisini və mənəvi dəyərlərini təbliğ etmək, beynəlxalq mədəni əlaqələri möhkəmləndirməkdir.

Təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova və Qızılorda vilayətinin Mədəniyyət, arxiv və sənədləşmə idarəsinin rəhbəri Janmurat Seilov çıxış edərək festival iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıblar.

Bayram axşamında türk ölkələrindən olan ənənəvi musiqi sənətinin tanınmış ifaçıları tamaşaçıları bənzərsiz çıxışları ilə sevindiriblər.

Növbəti gündəisətürk ölkələrinin folklor-musiqi sənətinə həsr olunmuş “Qorqud və Böyük Çölün sədaları” adlı beynəlxalq festival çərçivəsində “Dədə Qorqud irsi: Türk dünyası üçün ümumi epik dəyərlər” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova,Qızılorda vilayətinin Akimi cənab Nurlıbek Nalıbayev, eləcə də mədəniyyət, tarix və ədəbiyyat sahəsində türk ölkələrinin aparıcı alim və ekspertləri iştirak ediblər.

Tədbirin əsas məqsədi Dədə Qorqud irsinin və onun epik ənənələrinin türk xalqlarının mənəvi və mədəni həyatındakı əhəmiyyətinin hərtərəfli müzakirəsi, elmi tədqiqatların inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi olub.

Konfrans zamanı Dədə Qorqud dastanının tarixi kökləri, onun türk dünyasındakı rolu, həmçinin müasir mədəniyyət və ədəbiyyatda əksi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Alimlər yeni elmi tədqiqatlarının nəticələrini təqdim edib və Dədə Qorqud irsinin öyrənilməsində müasir nəzəri yanaşmaları bölüşüblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında konfrans iştirakçılarını salamlayaraq Dədə Qorqudun böyük irsinin qorunması və dünya miqyasında tanıdılmasının əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində elmi məruzələr dinlənilib, panel müzakirələr aparılıb, həmçinin “Türk FolklorİrsiAntologiya layihəsi çərçivəsində “Türk qəhrəmanlıq eposu” silsiləsinin ilk cildi təqdim olunub.

Tədbirin sonunda Qazaxıstanın Əməkdar incəsənət xadimi, T. Jurgenov adına Qazax Milli İncəsənət Akademiyasının dosenti Uljan Baybosınova “Koroğlu” poeması və Sır diyarının dastançılarına məxsus bir sıra parçaları ifa edib.

Beynəlxalq konfrans türk dünyasında epik yaradıcılıq ənənələrinin birliyinin və qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm platforma olmaqla yanaşı, türk xalqlarının mənəvi irsinin qorunması və təbliği istiqamətində əlamətdar addım kimi dəyərləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)


 

 

 

Azərbaycan Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafanın yeni kitabı – “Cəhalət gülləsi, aydınlıq çiləsi” çıxıb.

“Ədəbiyyat və incəaənət” portalı xəbər verir ki, düşüncənin dirənişi və mənəvi qələbənin manifesti kimi dəyərləndirilən kitab “AVE Print”də, Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə nəşr olunub. Əsər bir şəxsin yaşam öyküsü olmaqla yanaşı, bütöv bir millətin yaddaşında qalan mübarizənin, dirənişin və düşüncə savaşının sənədidir.

Müəllif bu kitabda şəxsinə 28 mart 2023-cü ildə törədilən terror hadisəsini yalnız özünə qarşı akt kimi deyil, topluma, dövlətçiliyinə və dünyəvi dəyərlərə qarşı yönəlmiş təxribatın ideoloji kökləri ilə birlikdə incələnir. Əsərdə hadisənin istintaq və məhkəmə mərhələləri, terrorun ideoloji-siyasi, ictimai-mədəni motivləri, cəhalətin psixologiyası, din-siyasət münasibətləri və İran təsirinə qarşı mübarizə fəlsəfi-publisistik şəkildə dəyərləndirilir.

Fazil Mustafa kitabın “Sözönü”ndə yazır: “Mənim yaşadığım olay bir insanın həyatına yönəlmiş sui-qəsd kimi görünsə də, əslində, bütöv bir toplumun gələcəyinə tuşlanmış güllələrin qara simfoniyası idi… Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək, diriltmək anlamlarını daşıyır.”

Əsər həm publisistik ruhu, həm də elmi incələmə dərinliyi ilə seçilir və oxucunu bir həqiqətə inandırır: “Cəhalətin gülləsi insana tuşlansa da, aydınlığın çiləsi xalqın düşüncəsini qoruyur.”

Kitab, müəllifin bu il nəşr olunmuş “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” və “Anladım. Tanıdım. Yaşadım” əsərləri ilə birlikdə bir trilogiyanın son həlqəsini təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2025)

 

Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Vüsalə Babayeva konsertdə xarici bəstəkarların klassik əsərləri ilə yanaşı, Üzeyir Hacıbəylinin “Sevgili Canan”, Tofiq Quliyevin “Qaytağı”, Vaqif Mustafazadənin “Mart” kompozisiyalarını da məharətlə ifa edib.

İfaçı, həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyindən bəhs edərək, onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr barədə tamaşaçılara məlumat verib. O, tamaşaçıların diqqətinə çatdırıb ki, Üzeyir Hacıbəyli Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixində xüsusi yer tutur.

Virtuoz ifası ilə fərqlənən pianoçu müxtəlif musiqi obrazlarını dinləyicilərə təqdim edərək gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, Vüsalə Babayeva London Transport Muzeyinin xüsusi seçilmiş 10 gənc musiqiçisindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

 

Oktyabrın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi üzv dövlətlərin səfirlikləri ilə birgə üçüncü “Avropa təamları” kulinariya festivalını keçirib.

Açıq havada keçirilən tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə nümayiş etdirmək olub.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən  xəbər verir ki, xaricdən Azərbaycana gələnlərin ölkəmizin kulinariya ənənələrinə və qonaqpərvərliyinə heyran olduqlarını bildirən Aİ-nin müvəqqəti işlər vəkili Gediminas Varanaviçius deyib: “Biz Bakıda üçüncü dəfə “Avropa təamları” kulinariya festivalını keçirməyə məmnunuq. Hər kəsi Avropa ölkələrinin kulinariya aləminə təşkil etdiyimiz bu nadir səyahətdə bizə qoşulmağa və təamların unudulmaz ləzzətindən, canlı musiqi proqramından, kulinariya viktorinalarından və daha çox şeylərdən zövq almağa dəvət edirik. Əminəm ki, bu yeni mədəni təcrübə sizi Avropa İttifaqı və ona üzv dövlətlər haqqında daha çox öyrənməyə sövq edəcək”.

Tədbir zamanı Belçika, Fransa, Yunanıstan, Litva, Polşa, Slovakiya, İspaniya, İsveç və Ukrayna səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış ediblər.

Aİ Nümayəndəliyinin stendində tanınmış qida blogerləri Elmira Qədirova və Nəzakət Cəfərovanın iştirakı ilə ustad dərsləri nümayiş etdirilib. Yerli fermerlər Aİ layihəsinin dəstəyi ilə ərsəyə gətirdikləri orqanik ərzaq məhsullarını satışa çıxarıblar.

Həmçinin viktorinalar keçirilib, qaliblər digər mükafatlarla yanaşı, Aİ Nümayəndəliyi tərəfindən nəşr edilmiş və ittifaqa 27 üzv ölkədən Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusundan ibarət “Avropa təamları” kitabını da əldə edə ediblər. Kitabı, həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin veb-səhifəsindən elektron formada əldə etmək mümkündür.

“Azeri Home Chef” “Facebook” səhifəsi tərəfindən tədbirdən əvvəl təşkil olunmuş Avropa yeməklərinin kulinariya müsabiqəsinin və rəsm müsabiqəsinin mükafatlandırma mərasimləri də tədbir zamanı baş tutub. Müsabiqə iştirakçılarının hazırladıqları yeməklər də burada təqdim olunub. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə müşayiət olunub.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Bazar ertəsi, 13 Oktyabr 2025 11:13

“İşığa doğru” filminin təqdimatı olub

 

Xocalı soyqırımı şahidinin danışılmamış hekayəsi ekranlaşdırılıb

 

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə həyata keçirdiyi “Eşidilməyən səslər” layihəsi çərçivəsində “İşığa doğru” adlı filmin və Tədqiqat Hesabatının təqdimatı olub.

Agentlikdən AzərTAC-a verilən məlumata görə, layihə rəhbəri Anar Yusifzadə bildirib ki, film Xocalı soyqırımının canlı şahidlərindən biri, ermənilər tərəfindən girov götürülərək ailəsi ilə birgə amansız işgəncələrə məruz qalan azərbaycanlı qadın – Nərgiz Mahmudovanın həyat hekayəsi əsasında ekranlaşdırılıb.

Layihənin əsas məqsədi müharibə qurbanı olmuş azərbaycanlı qadınların üzləşdiyi zorakılıq, məhrumiyyət və ləyaqətli həyat uğrunda mübarizə təcrübələrinə əsaslanaraq onların səsini dünyaya çatdırmaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qadınlara vurduğu dərin mənəvi və fiziki izləri beynəlxalq ictimaiyyətə nümayiş etdirməkdir.

Layihə çərçivəsində çəkilmiş film azərbaycanlı qadınların pozulmuş hüquqlarına, yaşadıqları travmalara və insanlığa qarşı törədilən cinayətlərə həsr olunub. Film ingilis dilinə tərcümə olunub və beynəlxalq auditoriyaya təqdim ediləcək.

Filmin ssenari müəllifi Esmira Qasımova bildirib ki, yaddaşını itirən xalq məhvə məhkumdur və buna görə də xalqımızın yaşadığı dəhşətləri sənədləşdirmək vacibdir: “Film 9 yaşlı qızın timsalında həmin insanların hayqırtısından bəhs edir. Biz burada təkcə dəhşətləri göstərməmişik, eyni zamanda dünyaya çağırış etmişik. Müharibə təkcə statistika deyil, eyni zamanda məhv olan həyatlar deməkdir. İstərdik ki, bu filmlə həm də sülhə çağırış edək”.

İştirakçılar film barədə düşüncələrini bölüşüb və ekran işinin olduqca uğurlu olduğunu bildirib. Qeyd olunub ki, bu kimi filmlər və kitablar Azərbaycan xalqının acılarını dünyaya çatdırmaq baxımından mühüm rol oynayır. Çıxışçılar filmin bir neçə dilə tərcümə olunmasını təklif ediblər. Bildirilib ki, film həm də ədalətə çağırışdır. Qeyri-hökumət təşkilatlarının bu tip hadisələri filmlərə, kitablara köçürərək xalqın tarixinə həkk etməsi olduqca təqdirəlayiqdir. “Prezident İlham Əliyev bir neçə gün əvvəl Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında qeyd etdi ki, biz gələcəyə doğru addımlayırıq, amma keçmişi də unutmamalıyıq. Bəli, biz 44 günlük Vətən müharibəsindəki qələbəmizlə işığa doğru addımlayırıq”, - deyə çıxışçılar vurğulayıb.

Daha sonra “Alternativ” Kommunikasiya Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva Ermənistan işğalının qurbanı olmuş azərbaycanlı qadınların hüquqlarının pozulması, üzləşdiyi zorakılıq, məhrumiyyət və iztirabların onların sağlamlığı və sosial statusu üçün uzunmüddətli nəticələrini təhlil edən Tədqiqat Hesabatını təqdim edib. O, müharibə qurbanı olmuş 50 qadın arasında sorğu keçirildiyini bildirib. Vurğulanıb ki, respondentlər arasında girov götürülərək fiziki, psixoloji və cinsi zorakılığa, müxtəlif ağır işgəncələrə məruz qalan qadınlar olub. Qadınlar məcburi köçkünlük, ailə üzvlərinin itirilməsi, əmlaklarının talan olunması və digər insanlıq əleyhinə əməllərlə üzləşiblər.

Həmçinin bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 984 nəfəri ötən əsrin 90-cı illərində, yəni, birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük ikinci Qarabağ müharibəsində itkin düşüblər: "3 990 nəfərdən 3 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın (25 azyaşlı qız), 316 nəfəri qocadır”.

Tədbir Tədqiqat Hesabatı ətrafında müzakirələrlə davam etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

22 -dən səhifə 2500

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.