İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Təəssüf ki, Azərbaycan baletinin hazırkı səviyyəsini onun inkişafının zirvəsi adlandırmaq olmaz. Bu, obyektiv reallıqdır. Lakin birgə səylərlə milli baletimizə əvvəlki şöhrətini qaytara bilərik. Zəngin mədəni irsimiz sayəsində biz bütün dünyada səyahət edib müxtəlif ölkələrdən olan insanları balet tamaşalarımızla tanış edə bilərik, çünki bizdə olan incəsənət sərvətinə heç yerdə rast gəlmək mümkün deyil. Bu sərvət milli xarakterdə, klassik balet və folklorun sintezində və əlbəttə ki, möhtəşəm musiqidədir”. Gülağası Mirzəyev belə qiymət verib baletimizin bu gününə.
Mirzəyev Gülağası Ağa Hüseyn oğlu 1978-ci il aprel ayının 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildən 1987-ci ilədək 6 saylı orta məktəbdə təhsil alıb. 1987-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik şöbəsinə daxil olub və 1995-ci ildə balet artisti ixtisası ilə həmin məktəbi bitirib. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında balet artisti vəzifəsində başlayıb.
1999-cu ildən indiyə kimi kimi teatrın aparıcı səhnə ustası vəzifəsində çalışır. Dəfələrlə Azərbaycan Respublikasının Opera və Balet teatrının balet truppasının tərkibində xarici ölkələrdə qastrol səfərlərində iştirak edib. Beynəlxalq festivallarında Azərbaycan Respublikasını təmsil edib. 2006–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıb.
2015-ci ildə Moskva Müasir Humanitar Akademiyasını (sənətşünaslıq bakalavr pilləsi) bitirib. 2015-ci ilin noyabr ayından 2016-cı ilin fevral ayına kimi Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbər vəzifəsində işləyib. 2019-cu ildə "Moskva maliyyə-sənaye universiteti" (idarəetmə magistr pilləsi) bitirib.
İfa etdiyi əsas rollar
Opera və Balet teatrında aşağıdakı balet tamaşalarında baş rolları ifa edib:
1. "Arlekinada" - Hakim
2. "Min bir gecə" - Aladdin
3. "Şelkunçik" - Şahzadə
4. "Qu Gölü" - Şahzadə Zigfrid
5. "Qız Qalası" - Polad
6. "Jizel" - Qraf Albert
7. "Don Kixot" - Espada
8. "Leyli və Məcnun" - Məcnun
9. "Xəzər Balladası" - Neftçi
10. "Qara və Ağ" - Duet
11. "Bolero" - Kişi
12. "Qafqaza Səyahət" - Aleksandr Düma
13. "Paxita" - Kavaler
14. "Paxita" - Pa-de-trois
15. "Tamahlar" - Kişi
2000-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Türkiyənin İstanbul və Antalya şəhərlərində çıxış edib. 16 və 17 iyunda İstanbulda "1001 gecə" baletində Ələddin, 20 iyunda Antalyada "Qız Qalası" baletində Polad rolunu ifa edib. Gülyanaq rolunu Naira Ramazanova ifa edib.
4 dekabr 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Moskva şəhərinə qastrol səfərinə gedib. Bolşoy Teatrda "Leyli və Məcnun" baletində Məcnun rolunu ifa edib. (Leyli rolunu Rimma İsgəndərova ifa edib).
11 mart 2003-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Moskvaya qastrol səfərinə gedib. Bolşoy Teatrda F. Amirovun yubileyinə xəsr olunmuş "1001 gecə" baleti göstərilib (Ələddin rolunu ifa edib).
4 mart 2008-ci ildə Mərakeşin Rabat şəhərində keçirilən Azərbaycanın Mədəniyyət günlərinə xəsr olunan konsert proqramında "Leyli və Məcnun" baletindən adajio ifa olunub. "Məhəmməd 5" milli teatrında Məcnun rolunu ifa edib. (Leyli obrazını Rimma İsgəndərova ifa edib).
2009 və 2010-cu illərdə Kanadaya "Victoria Ballet Company" tərəfindən dəvət olunub. 16–17–18 – 19 dekabr tarixlərində Toronto şəhərində "Richmond Hill Centre"-də keçirilən "Şelkunçik" baletində çıxış edib.
9 oktyabr 2012-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında Belarusun Minsk şəhərinə qastrol səfərinə gedib. Belarusun Bolşoy Teatrının səhnəsində "Yeddi Gözəl" baletində baş rol olan Bəhram Şah obrazını ifa edib. (Gözəllər gözəli obrazını Kamilla Hüseynova ifa edib).
18 noyabr 2012-ci ildə Qırğızıstanın Bişkek şəhərində opera və balet sənətinin beynalxalq festivalda iştirak edib. Nigar İbrahimova ilə "Jizel" baletindən Pa-de-de, və "Şahrizadə" baletindən adajio ifa ediblər.
16 – 17 sentyabr 2014-cü ildə Fransanın Strasburq və Paris şəhərlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının sırasında "Qobustan kölgələri" baletində Prometey rolunda çıxış edib.
23 oktyabr 2014-cü ildə Qazaxıstanın Pavlodar şəhərində "Şaximardan dostları dəvət edir" adlı klassik sənətinin beynalxalq festivalda iştirak edib. Nigar İbrahimova ilə "Jizel" və "Yeddi gözəl" baletindən adajio ifa ediblər.
24 iyun 2015-ci ildə Belarusun Minsk şəhərində "Balet yayı Bolşoyda" adlı balet ulduzlarının beynalxalq festivalında iştirak edib. Nigar İbrahimova ilə "Yeddi gözəl" baletindən adajio ifa ediblər.
21 may 2016-cı ildə Bibisara Beyşenaliyeva adına IV beynalxalq festivalında iştirak edib. Qırğızıstanın Bişkek şəhərində Nigar İbrahimova ilə "Yeddi gözəl" baletindən adajio ifa ediblər.
Gülağası Mirzəyevin əsas xidmətlərindən biri “Balet günləri” layihəsidir ki, onun da məqsədi milli incəsənətimizin populyarlaşdırılmasıdır. Özü bu barədə deyib:
“Bu layihənin məqsədi sənət növümüzü populyarlaşdırmaqdır. “Balet günləri” çərçivəsində aktiv reklam kampaniyası və müxtəlif tədbirlər vasitəsilə tamaşaçıları balet sənəti ilə daha dərindən və yaxından tanış etməyə çalışırıq. Əsas ideya ondan ibarətdir ki, balet xüsusi diqqətəlayiq olan gözəl və mürəkkəb bir sənətdir.
Gözəl bir atalar sözü var: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” və bu, sənətimizin mahiyyətini tamamilə əks etdirir. Bu layihə sayəsində teatr tamaşasına ilk dəfə gələn insanlar baletə tamamilə fərqli şəkildə göz gəzdirə bilərlər. Bir dəfə salona gəlib sonradan bizim daimi tamaşaçılarımıza çevrilən insanlara dair bir çox nümunə var. Mən hesab edirəm ki, bu, ona dəyər!”
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


