Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Kəlağayı Azərbaycan qadınının zərifliyini və milli estetik duyumunu əsrlərdir yaşadan ənənəvi sənət nümunələrindən biridir. İpək üzərində formalaşan bu örpək təkcə geyim elementi deyil, həm də xalqın tarixi yaddaşını, ornament düşüncəsini və sənət zövqünü özündə birləşdirən incə bir mədəni irsdir.
Tarixçi, Kəlağayı dizayneri Nigar Həziyeva Ədəbiyyat və İncəsənət portalına açıqlamasında kalağayının tarixinə yer verib. Onun sözlərinə görə, əsrlər boyu Azərbaycandan İpək yolu keçib və Kür ətrafı rayonlar ipəkçilik və baramaçılıqla məşğul olublar. Bunun nəticəsində ipək istehsalı formalaşıb və ticarətdə istifadə olunub:
"Sonradan ipəyə rəng qatılması ideyası yaranıb. O dövrdə təbii boyalardan istifadə olunurdu: sumağ, soğan qabığı, sarı ağac, nar qabığı və digər təbii rənglər. Bəzən bir neçə rəng qarışdırılaraq müxtəlif çalarlar əldə edilirdi.
Məsələn, məndə bir kəlağayı var, “Al-yaşıl” adlanır. Üzərində heç bir naxış yoxdur. Sadəcə dörd yerə bölünüb və çox maraqlı bir örpəkdir. Bu kəlağayı mənə illərdir kökümə, soyuma, ulu nənələrimdən qalıb. Yaşı tam bəlli deyil, amma bilirəm ki, biri İncəsənət Muzeyindədir, biri də məndədir. Sonradan kəlağayı üzərində naxışlar vurulmağa başlanıb. Naxışlar təbiətdən götürülərək dağları, günəşi, quşu və bitkiləri əks etdirib. Daha sonra ipək üzərində parafin və kanifol istifadə edilərək yuma prosesləri aparılıb, nəticədə yay və qış kəlağayıları fərqlənib. Qış kəlağayısında parafin çatladığı üçün rənglərin naxışların arasına keçməsi ustalar tərəfindən qüsur sayılsa da, bu, əslində əl işinin xüsusiyyətidir. Bugünkü dövrdə heç bir kəlağayı bir-birinə bənzəmir. Hər ustanın öz rəng çaları və üslubu var. Kəlağayı tək rəngdən və ya tək naxışdan ibarət deyil, onların vəhdəti ilə milli örpək formalaşır. O dövrlərdə çeşid az idi: qırmızı, yeləni, heyratı kimi növlər vardı. Zamanla hər bölgənin özünəməxsus xalça ornamentləri və butaları kəlağayıya da köçürülüb".
N.Həziyeva bildirib ki, kəlağayını fərqləndirən əsas xüsusiyyət onun kənar haşiyəsi və mərkəz hissəsidir:
"Butaların özünəməxsus mənaları var və onlar Azərbaycan ornament sənətində mühüm yer tutur. Müasir dövrdə kəlağayıya müxtəlif dizaynlar verilsə də, onun milli xüsusiyyəti qorunmalıdır. Kəlağayı Azərbaycan xanımının zərifliyini və milli dəyərini ifadə edən örpəkdir. Onun düzgün təbliği vacibdir. Gənclər arasında kəlağayının yayılması üçün maarifləndirmə aparılmalıdır. Sovet dövründə istehsal azalsa da, son illərdə ənənə yenidən canlanıb. Kəlağayı həm şad, həm də xüsusi günlər üçün istifadə olunur. Keçmişdə rənglərin simvolik mənaları da olub.
Müasir dövrdə sənətkarlar kəlağayı üzərində Azərbaycan tarixi və ornamentlərini əks etdirən yeni nümunələr yaradırlar. Məqsəd milli irsin qorunması və düzgün təbliğidir. Mən 2 il bundan öncə kəlağayı yarışmasına üzərində işlədiyim kəlağayıları göndərdim. Düşünməzdim ki, ikinci yerin qalibi olacam. Hər kəs kəlağayı taxmışdı deyə, tədbirdə çox gözəl abu-hava var idi. Nə yaxşı ki, müsabiqəni təşkil edən Xatirə xanımı tanışam".
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


