Ağsaqqallıq missiyası Featured

 

Nizami Cəfərov, akademik

“Ədəbiyyat və incəsənət”

 

“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, əməkdar müəllim, professor İlham Pirməmmədovun bu gün yetmiş bir yaşı tamam olur. Ilham qağa ağsaqqallıq yaşına özündən əvvəlki Teymur Bünyadov, Nəriman Həsənzadə, Vidadi Babanlı, Misir Mərdanov kimi ağsaqqallara hörmət- ehtiram göstərə- göstərə çatmış, əgər belə demək olarsa, ağsaqqalların yolunu gözləyə- gözləyə, ağsaqqallığın heç də hamiya  nəsib olmayan dərslərini ala- ala ağsaqqal olmuşdur.

 

Azərbaycan xalqının təsəvvüründə, yəqin ki, ağsaqqallıqdan böyük vəzifə, ağsaqqal missiyasından müqəddəs missiya yoxdur.

Professor İlham Pirməmmədovu tanıyandan bu günə qədər, otuz- qırx il olar, onun təbiətində elə dəyişməz keyfiyyətlər görmüşəm ki, hər biri ayrı- ayrılıqda istənilən insan üçün böyük bir mənəvi məziyyət sayıla bilər. Həmin keyfiyyətlərdən birincisi, heç şübhəsiz, İlhamın dünyaya gəldiyi yurda, el- obaya son dərəcə zərif hisslər, duyğular, xəyallarla bağlılığıdır. Mən Qazax Xeyriyyə Cəmiyyətini yaradanların, onu mütəşəkkil ictimai təşkilata çevirmək üçün çalışanların  (xüsusilə rəhmətlik Aslan Kəmərlinin, Vidadi Bayramovun) heç birinin zəhmətini azaltmaq istəmirəm, ancaq hər kəs görür ki, İlham Pirməmmədov Cəmiyyətin layihə gücündə işləməsi naminə nə qədər ürəkdən, nə qədər inamla, nə qədər miqyaslı bir şəkildə fəaliyyət göstərir. Əlbəttə, bu, sadəcə,  peşəkarlıq, ictimai idarəçiliyə maraq, yaxud liderlik iddiası (və imitasiyası)ndan irəli gəlmir. İlhamın “Qazax” Xeyriyyə İctimai Birliyini bu qədər  məsuliyyət, məharət və yaradıcı idarə etməsinin əsas səbəbi doğma mahal qarşısında çox- çox dərindən duyduğu etnoqrafik borcluluq, cavabdehlik, ruh bağlılığıdır. Və hər sözündə, hər hərəkətində həmin xüsusiyyətləri elə enerjili, elə həmahəng, elə təsirli bir şəkildə nümayiş etdirir ki, gözlərimiz önündə Qazax  mahalının təbii (və təkzibolunmaz) obrazlarından birinə çevrilir.

Professor İlham Pirməmmədovun şəxsiyyətini səciyyələndirən ikinci keyfiyyət həm xarakterindən gələn, həm də uzun illərin təcrübəsilə qazanılan yüksək dövlətçilik təfəkkürüdür. Onu tanıyan hər kəs bilir ki, İlhamın milli- ictimai təəssübkeşliyi öz doğma mahalından başlayıb bütöv Azərbaycana, oradan da Türk dünyasına qədər geniş bir  coğrafiyanı özündə ehtiva edir. Və heç də təsadüfi deyil ki, “Qazax” Xeyriyyə İctimai Birliyinə rəhbərlik elədiyi ilk günlərdən etibarən ölkəmizin müxtəlif rayonlarından, mahallarından olan tanınmış ziyalılar Birliyə üzv olmuş və olmaqdadırlar. Əgər bizim İctimai birlik yerli dövlət, hökumət qurumları ilə bu qədər sıx əlaqədə çalışır, mahalın sosial, mədəni, mənəvi inkişafı məqsədilə bu qədər yaxından əməkdaşlıq edirsə, bu, ilk növbədə, sədrimizin xidmətləridir.

Nəhayət, professor İlham Pirməmmədovun üçüncü bir keyfiyyəti barədə də cəsarətlə danışmaq olar: onun ürəyinin genişliyi, səmimiliyi, ünsiyyətcilliyi, qayğıkeşliyi, fədakarlığı... Bu xüsusiyyətlərin sayını artırdıqca, elə bilirəm ki, İlhamın həmin üçüncü keyfiyyəti barədəki təsəvvürümüz daha da aydınlaşır.

Onlarla, yüzlərlə insanlar tanıyıram ki, vaxtilə onlara göstərdiyi təmənnasız köməkdən ağız dolusu söhbət açırlar.  Onu da bilirəm ki, bu köməklərin çoxunu nə vaxt elədiyini İlham xatırlamır. Bəlkə də heç xatırlamaq istəmir.

Əziz dostumuz, qardaşımız heç vaxt “mən İctimai Birliyin sədriyəm, rəhbəriyəm” demir... Öz ağsaqqallıq missiyasını o qədər təmkinlə, təvazökarlıqla (və mərdliklə!) yerinə yetirir ki, əslində, belə şeylərə ehtiyac da qalmır...

 

“Ədəbiyyat və incəsənət”

(18.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.