İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Bütün həyatım boyu Azərbaycan musiqisi, səhnəsi və mədəniyyəti üçün əlimdən gələni etməyə çalışmışam. Mən həmişə bu sənətin özünəməxsusluğunun və təkrarolunmazlığının qədrini bilmişəm”, - belə deyib Şövkət Məmmədova.
Dahi Üzeyir Hacıbəyli isə onun barəsində deyib: “Cəsarətlə deyərdim ki, Şövkət xanım Məmmədova vokal sənətimizin ilk pioneri olub. O, bu sənətin gələcəyi üçün bütün gəncliyini qurban verib…”
“Bu müğənni çox nadir səs tembrinə malikdir. Onun səsi royalı olduqca pis vəziyyətdə qoyur. Bu müğənni üçün xüsusi royal düzəltmək lazımdır”, “Şövkət Məmmmədovanın çıxışı bir daha sübut etdi ki, böyük musiqi mədəniyyəti və vokal məharəti ancaq avropalıların qisməti deyil” – bu seçmələr isə Fransa qəzetlərindəndir.
Şövkət Məmmədova 18 aprel 1897-ci ildə indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərib.
1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə o, İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olub. Lakin 1912-ci ildə ona olan kömək kəsilib və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olub. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirib.
Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edib. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edib. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirib.
Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkar Üzeyir Hacıbəyovu öldürmək qərarına gəliblər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizləniblər.
1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olub.
1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedib, burada məşhur müğənni D. Ambroziodan dərs alıb (ikinci dəfə Milanda 1927–1929-cu illərdə olub).
1917–1921-ci illərdə Kiyev Konservatoriyasında oxuyub. Burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923–1925-ci illərdə direktor olub) açılıb və not nəşriyyatı təsis edilib.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C. Verdi) partiyasında çıxış edib.
1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib. Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olub. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilib
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdıra bilmədiyi təhsilini 1927–1930-cu illərdə tamamilə bitirib.
Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edib. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradıb. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə peşəkar vokal dərsləri verib.
1923-cü ildə Şövkət Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılıb və o 1923–1925-ci illərdə həm onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışıb.
Əsas partiyaları:
Rozina ("Sevilya bərbəri", C. Rossini), Lakme ("Lakme", L. Delib), Cilda ("Riqoletto", C. Verdi), Olimpiya ("Hofmanın nağılları", J. Offenbax), Marqarita Valua ("Hugenotlar", C. Meyerber), Qar qız ("Qar qız", N. Rimski-Korsakov), Antonida ("İvan Susanin", M. Qlinka), və s.
Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R. Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü. Hacıbəyli) partiyaları xüsusi yer tutub. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil olub. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış edib.
Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub. 1981-ci ilədək Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C. Rossini), Lakme ("Lakme" L. Delib), Cilda ("Riqoletto" C. Verdi), Şahsənəm ("Şahsənəm" R. Qlier), Nərgiz ("Nərgiz" M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb
Xatirəsi
● 1969-cu ildə Seyfulla Bədəlov tərəfindən Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs olunan Mahnıya həsr olunan həyat adlı qısametrajlı sənədli film çəkilib.
● Bakı və Şirvan şəhərlərində mərkəzi küçələrdən biri Şövkət Məmmədovanın adını daşıyır.
Təltif və mükafatları
1. "SSRİ xalq artisti" fəxri adı
2. "Azərbaycan SSR xalq artisti" fəxri adı
3. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
4. 2 dəfə "Lenin" ordeni
5. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
6. "Şərəf nişanı" ordeni
8 iyun 1981-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


