Meltem Demirkıran, İstanbul. “Ədəbiyyat və incəsənət” üçün.
Dilimizə uyğunlaşdırdı: Rəqsanə Babayeva,
Atam məni çox sevir...
“Xəstələnəndə ağlayaram, qardaşım döyəndə ağlayaram, anam acılayanda ağlayaram, amma atam heç nə deməz — məni çox sevir...”
Türk sənədli kinosunun əsas sütunlarından biri sayılan Süha Arın, bu sahənin müəllif (auteur) rejissorlarından biridir. O, 1979-cu ildə “Beynəlxalq Uşaq İli” münasibətilə çəkdiyi “Tahtacı Fatma” sənədli filmi ilə meşə işçilərinin həyatına işıq tutur. Əslində isə 1978-ci ildə TRT-nin sifarişi ilə çəkilməsi planlaşdırılan “Yörük Elif” layihəsi üçün məkan axtarışı zamanı Toros dağlarında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə Fatma və ailəsi ilə tanış olur. Bu qarşılaşma onu “Tahtacılar” adlanan meşə əməkçilərinin həyatını sənədli filmə çevirməyə sövq edir.
“Tahtacı Fatma” həm mövzusu, həm kinematoqrafiyası, həm də tamamilə təbii, doğaçlama dialoqları ilə sənədli kino tariximizin ən dəyərli nümunələrindən biridir. 2004-cü ildə dünyasını dəyişən Süha Arın bu filmində də sosial analiz gücünü incəliklə nümayiş etdirir.
Tahtacılar
Toros dağlarında yaşayan və “Tahtacılar” kimi tanınan meşə işçilərinin ağır və sərt həyat şəraitini əks etdirən bu sənədli film kədərli bir ab-hava ilə seçilir. Cəmi 28 dəqiqə davam edən film, uşaqlardan tutmuş yaşlılara qədər hər kəsin çiyinlərinə düşən həyat yükünü sarsıdıcı səhnələrlə göstərir. Bu qısa müddət sanki bir dərs kimi, sərt və düşündürücü dialoqlarla yadda qalır.
Film 1978-ci ildə çəkilsə də, bu gün də dünyanın hər yerində insanların bərabər şərtlərdə yaşamadığını xatırladır. On iki yaşlı Fatma — arzuları olan, müəllim olmaq istəyən, lakin uşaqlığını tam yaşaya bilməmiş bir qızdır. Onun arzusu sadədir: isti bir ev, sabit maaş və İstanbul kimi bir şəhərdə yaşamaq...
Yüküm ağırdır
Fatma kiçik yaşlarından həyatın ağır yükü ilə üz-üzə qalıb. Amma buna baxmayaraq, ümidini heç vaxt itirmir. O, əslində təkcə bir uşaq deyil — yaşadığı kəndin, həyatın ağırlığını daşıyan insanların simvoludur. Bədəni balaca, ruhu isə böyükdür.
Fatma həm də bir növ ana rolunu üzərinə götürür: yemək bişirir, səhərlər atası və qardaşı ilə birlikdə meşəyə gedib ağac kəsir, sonra evə qayıdıb körpələrə baxır. O, bütün bunları məcburiyyətdən deyil, məsuliyyət hissi ilə edir. Anasının xəstə olduğunu, qardaşının isə bu işlərin öhdəsindən gələ bilməyəcəyini deyir.
Filmdə qadınların və uşaqların belə ağır işlərdə çalışması diqqət çəkir və düşündürücü sosial reallıq kimi təqdim olunur.
“Müəllim olmaq istəyirəm”
Sənədli filmdə 70 yaşlı Elif Şen bel ağrılarından əziyyət çəksə də, oğluna maddi dəstək olmaq üçün işləməyə davam etdiyini bildirir. Başqa bir səhnədə isə otuz yaşında saçlarının töküldüyünü deyən bir kişi var.
Fatma isə oxumaq, savadlı olmaq, dünyanı tanımaq istəyir. Onun sözləri filmin ən təsirli məqamlarından biridir:
“Oxusaydım müəllim olardım. Aylıq maaş alardım. Maaşlı bir işim olardı. Dağdakı kimi rəzil yaşamazdım. Biz maaşlı deyilik. Ölə-ölə meşədə yaşayırıq.”
“Mən köç etməyi sevmirəm. Bir evim olsun istəyirəm. Orta məktəbdə oxuyub müəllim olmaq istəyirəm, maaşlı olmaq... Anam xəstədir, gedə bilmərəm ki. Getsəm, bu işləri kim görəcək?”
Bu sözlər uşaqlıqla böyüklük arasında qalmış bir nəslin acı gerçəyini ortaya qoyur.
Həyatın özü
Süha Arın bu sənədli ilə həyatın içindən, bəlkə də həyatın özündən bir parça təqdim edir. Sadə, aydın türk dili, yorğun bədənlər, bağlamanın səsi və Anadolu insanının səmimi yaşamı ekranın sərhədlərini aşaraq tamaşaçıya çatır.
Bu film bir sual doğurur:
Yoxsulluq nədir? Əmək nədir?
Bəlkə də cavab Fatmanın gözlərində gizlidir.
Rejissorun izləri
Süha Arın bir müsahibəsində Fatmanın atası Ali Şimşeklə uzun illər məktublaşdığını qeyd edir. Lakin zamanla bu əlaqə kəsilir və onların izləri itir. Onun arzusu “Tahtacı Fatma 2” filmini çəkmək idi — görəsən həyatları dəyişdimi, yoxsa eyni çətinliklər davam edirmi?
Çəkiliş prosesi də olduqca ağır keçib. Rejissor və komandası meşədə aclıqla üzləşib, bəzən ağac qabığının iç hissəsini yemək məcburiyyətində qalıb. Filmdə görünən yemək səhnəsində çörəyi batırdıqları su əslində şəkərli sudur.
Dialoqların hamısı doğaçlama olduğu üçün Süha Arın belə deyir:
“Onlar tamamilə təbii danışırdılar. Məni təəccübləndirən isə düşüncə tərzlərinin nə qədər qabaqcıl olması idi. Daim oxuyur, müzakirə edirdilər.”
Fatma haqqında isə belə deyir:
“Cəmi 12 yaşı var, amma dünyagörüşü çox irəlidədir. Sponsor tapmaq çətin olduğundan filmi öz vəsaitim hesabına çəkdim və uzun müddət borc ödədim.”
Rejissor etiraf edir ki, çəkdiyi sənədli filmlərin təsirindən uzun müddət çıxa bilmir:
“Hər hüzünlü filmdən sonra sanki xəstələnirəm.”
Mükafatlar
“Tahtacı Fatma” sənədli filmi bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür:
1979 – III Balkan Film Festivalı (Birincilik)
1979 – Şam Film Festivalı (Gümüş Qılınc)
1979 – Antalya Film Festivalı (Qızıl Portağal)
1979 – Türkiyə Mədəniyyət Nazirliyi Qısa Film Müsabiqəsi (Birincilik)
Bu film sadəcə bir sənədli deyil — bir uşağın gözündən görünən həyatın acı və həqiqi portretidir. Fatma yalnız bir obraz deyil, o, unudulan, eşidilməyən, amma yaşamağa davam edən insanların səsidir.
“Ədəbiyyat və incəsənət”
(18.04.2026)


