Super User
Vida zamanı Qazinin üzünü son görən, 15 il sonra nəşinə toxunan alim
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Fətih dastanları, mühiş ölümləri, vida mərasimləri ilə dillərə dastan olan Sərkərdə-xaqanların sırasında Qazi Mustafa Kamal Paşa Atatürkün öz yeri, məqamı var. 1953-cü il noyabrın 9-da bir bazar gecəsi, saat 11-də Türkiyənin ünlü alimi, professor Kamilə Şeyke Mutlunun telefonu çalır. Bu qəfil zəng Ankara Valisindən idi. Vali sabah Qazi Mustafa Kamal Paşanın məzarının açılacağını bildirir və bunun üçün hər kəsin görəvləndiyi barədə məlumat verir. Deyirlər, professor bu xəbəri eşidəndə gözləri dolur...
1938-ci il noyabrın 10-da qəlbində hiss etdiyi üzüntünü yenidən yaşayan Kamilə Şeyke Mutlu səhərin açılmasını səbirsizlikdə gözləyir. Onun əlləri yenidən Qazinin müqəddəs cənazəsinə, nəşinə toxunacaqdı. Ötən günlər professorun gözləri qabağından kino lenti kimi keçir. Qəfil zəng Qazi Mustafa Kamal Paşa Atatürkün dünyaya vida nəğməsi oxumasından 15 il sonra gəlmişdi. İstanbulda Dolmabağça sarayında ruhu bədənindən qopan Atatürkü Fateh Mehmetin fətih dastanı yazdığı şəhərdə torpaq müqəddəsliyinə qovuşdursalar da, onu İstanbula əmanət etmişdilər. Ankarada Anıtkabır Atatürkə layiq şəkildə qurulduqdan sonra onun nəşi Türkiyə Böyük Millət Məclisinə aparılmış, iqamətgahda bir gün qaldıqdan sonra insan selinin müşayiəti ilə 1938-ci il noyabrın 21-də Etnoqrafiya Muzeyinə gətirilmişdi. Baş nazir Çolan Boyar Baş katib Hasan Rzasoya təhlil-analiz işlərinin yapılmasının təşkili əmrini vermişdi. Anıtkabrın qurulmasından dolayı nəşin uzun müddət qalması üçün ciddi tibbi analiz-təhlil aparılmışdı. Təhlil başlamamışdan öncə İstanbul Universitetinin İlahiyyət fakültəsinin professoru Şərafəddin Yanıtkayanın nəzarəti altında İslam dəyərlərinə uyğun halda cənazə suya çəkilərək kəfənlənmişdi...
Millətin Atasının nəşi ilə üz-üzə qalmaq səadəti yaşayacaqdı
Bu dəfə isə yenidən tabutun açılması Atatürkün cansız bədəninin bir başqa tabuta köçürülməsi tələb olunurdu. Bu xatirə professor Kamilə Şeyke Mutlunun qəlbini göynədib könlünü sızlatsa da, o dözür, göz yaşı tökürdü. Aradan nə az, nə çox 15 il ötmüşdü. Cənazə nəhayət hazırlanan yeni məzara köçürüləcəkdi. Osmanlını iflasdan, səfalətdən, səlib yürüşündən xilas edən, dövlətçilik tarixində yeni səhifə açan Qazi Mustafa Kamal Paşa Atatürkün nəşinin nə durumda, hansı halda olduğu məlum deyildi. Ruhu qopmuş, cansız bədəni ilə növbəti dəfə üz-üzə gələcəkdilər. Bu günə qədər yüzlərlə cənazə üzərində çalışan Kamilə Şeyke Mutlunun özünün belə ruhu bədənindən qopsa da o, millətin Atasının nəşi ilə üz-üzə qalmaq səadəti yaşayacaqdı. Cənazədə yatanın Atatürk olması Peyğəmbərə qovuşmaq qədər dəyərli idi, əziz idi, üstəgəl ağlagəlməz idi. Bu onun alın yazısı, Tanrıdan tale payı, özü də hər kəsə, hər alimə, həkimə nəsib olmayan müqəddəslik idi. Digər tərəfdən də o, bir həkim idi. 15 ildə nəşin nə vəziyyətə düşə biləcəyindən xəbərdar idi. 15 il öncə Qazi odun, atəşin içərisində yanarkən müayinə üçün şəxsən onu- professor Kamilə Şeyke Mutlunu istəmişdi. Valinin “bu görəvi ancaq siz yerinə yetirə bilərsiniz” deyib, onu israrla dəvət etməsi, üstəlik tələb etməsi professor Mutlunu sən demə, unuda bilməyəcəyi, hətta deyərdim ki, tarixin unuda bilməyəcəyi mutluluğa götürmüşdü. Özü də atəşdə yanan professor Kamilə Şeyke tarixi görəvini dərk edib ayağa durmuşdu. Türkiyə Cümhuriyyətinə qadın haqları ilə bağlı qanunları gətirən, onların təhsil alması üçün bütün bağlı qapıları açan, anaların haqq səsinə dönüb də, onların şəhid oğullarının sümükləri üzərində yoxdan bir Dövlət qurub Bayraq yapan, Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə fətih dastanı yazan Qazi Mustafa Kamal Paşa Atatürk naminə ayağa durmuşdu. Professor Kamilə Şeyke Mutlu Atatürkün qoyduğu yolla yürüyən, onunla birlikdə tarix yazan ilk qadınlardan, təbib kimi adını əbədiyaşarların sırasına yazanlardan idi. Tibb fakültəsini bitirən ilk qadın doktor-həkim kimi artıq öz məktəbini yaratmışdı. Quruluşun, zamanın üstünə yeriyib alim qadın kimi yetişmişdi. Türkiyənin ilk qadın patoloji professoru ünvanını almışdı. Atatürkün təkcə millətin, məmləkətin, türk xalqının deyil, məhz onun da üzərində özəl haqqı vardı.
Anıtkabırın yapılmasının uzanması səbəbi ilə Atatürkün nəşi nə az, nə çox, düz 15 il Etnoqrafiya Muzeyində “müvəqqəti məzarında özəl baxımla torpağa veriləcəyi günü gözlədi”.
Bu illər ərzində Valinin göstərişi ilə professir Kamilə Şeyke Tanrı tərəfindən ona əta edilən görəvini ləyaqətlə, sonsuz sevgi və ehtiramla yerinə yetirdi. Kamilə xanım hər gün valinin göndərdiyi xüsusi maşınla Etnoqrafiya Muzeyində olur Millətin atasının nəşinə övlad sevgisi ilə xidmət edirdi.
Kamilə xanım hər gələndə ilk günü, ilk görüşü sevgi, qürur, həm də şərəf hissi ilə xatırlayırdı. Baş nazir Adnan Menderesin, yeni Məclis Başqanı Rəfiq Koraltanın, əski Məclis Başqanı Adil Haluk Ürənlə müzakirələri ömrünün sonunadək xoş xatirə kimi qəlbində daşıyır, Qazinin nəşini sevgi ilə əhatə edirdi.
15 il sonra ilk dəfə Atatürkün üzünü görəcəkdilər
Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, “Atanın Gül Ağacından olan tabutu 4 noyabr tarixində müvəqqəti məzarından çıxarılıb Muzeyin mərmər masa döşəməsinə qoyulmuşdu. Tabut açılanda nə ilə qarşılaşacağını kimsə bilmirdi. Çünki, “nəş çürüyüb pozulmuş, çıxan qazlar tabutu çatlatmış, növbətçilə qorxudan bayılmış” deyə ortada söhbətlər gəzirdi. Bütün bunların gerçək olub olmadığını öyrənəcəkdilər. 15 il aradan sonra ilk dəfə Atatürkün üzünü görəcəkdilər. Nəhayət tabutun açılma anı gəldi. Komitə üzvləri tamam olunca professor Kamilə Şeyke Mutlu başlayın təlimatını verdi. Dövlətin yüksək səviyyəli təsmilçiləri tabutun çevrəsində toplanmış, nitqləri qurumuşdu. Məzarın beton hissələri sənət məktəbi tələbələri tərəfindən söküldü. Hər kəs həyacan və hüznlə, o önəmli ana göz dikmişdi. Özəlliklə Makbule Atadan “abisini görmənin həyəcanı ilə donub qalmışdı”. Betonlar qırıldı, tabutu qaldıracaq olan taxtalar salonun tavanına yerləşdirildi. Cənazəinin üzəri tamamilə açıldı. Atatürkün 15 ildən bəri nəşi mühafizə edilən qurğuşun tabutu artıq ortada idi. Tabut salonun zəmininə yerləşdirildikdən sonra baş nazir Adnan Menderes, “xanım əfəndi, buyurunuz”, deyərək Makbule Atadanı tabutun yanına dəvət etdi. Tabutun dibi taxta-talaşla örtülmüşdü. Arasında ağzı qapalı, içi dolu bir şüşə vardı. Bu da nəşi qorumaq üçün istifadə edilən tibbi ləvazimatdan bir örnəkdi. Digər bir tərəfdə su çəkən yağlı kağız və maye dolu şüşə qablar vardı. Şüşələr alınaraq Anıtkabır görəvlilərinə təslim edildi. Sənduqədə qazın toplandığı düşünüldüyündən öncə bir burma ilə dəlik açılsa da, qaz və qoxu çıxmır. Atanın nəşi ağ kəfənə bükülmüş, sonra qəhvə rəngli kətan örtü ilə sarılmışdı. Sarıqları açdıqca hər kəs nəfəsini tutmuşdu. Salonda həyacanlı, əndişəqarışıq ürküntücü bir səssizlik vardı. 15 il sonra ilk dəfə Atatürkün üzünü görəcəkləri ana, çox, lap çox az qalmışdı. “Kəfənin sarqıları aralandıqca professor Kamilə Şeyke Mutlu orada bulananların yardımı ilə qatafalka – bütöv məzara çıxdı. Atatürkün üzünə baxdı. Atatürkün dərisi bürünç rəng almış, amma üz quruluşu olduğu kimi qalmışdı. Heç pozulmamışdı. Atatürkün üzünü görən Baş nazir Menderes sapsarı olmuşdu. Dayana bilməyib bir addım geriyə çəkilmişdi. Professor Mutlu Atanın üzünü islak pambıq kütləsini qaldırınca heykəl kimi duran üzü ilə qarşılaşdı. Uzun sarı saçlarından incə bir tutam, sol göz qapağının üzərinə düşmüşdü. Sanki Dolmabağça sarayındakı yatağındakı uyuduğu kimi idi. Professor Mutlu kənarda bəkləyən komitə üzvlərini tabutun başına çağırdı. Bir tək Abdul Haluk Rende qalmışdı. O, da tabutun yanına gəldi. Baş nazir Adnan Menderes isə tabut açıldıqda irəliləyə doğru yönəlmiş Atatürkün üzünə baxa bilməmişdi. Atanın üzündə iki günlük bir zərif sığal – tük vardı. Gur qaşları sanki heç pozulmamışdı. Başı yana doğru əyilmişdi. Gözləri xəfifcə aralı qalmışdı. Atatürkün qız qardaşı Maqbule Atadan başını tabuta dayamış, dəqiqələr boyu abisini seyr etmişdi. Bəlkə çox uzaqlarda Solonikdəki günlərini yad edir, dodaqlarından dualar tökülür, əlini tabutdan ayırmırdı...”
“Bir anda sanki özü danışacaq kimi hiss etdim...”
Professor Kamilə Şeyki Mutlu qadını özgürləşdirən, şəxsiyyətə çevirən və kişilərlə eyni sıraya qoyub topluma qazandıran, varlığına səbəb olan öndəri ilə - Atatürklə üz-üzə idi. Kamilə Mutlu qısa zaman kəsiyində böyük işlərə imza atan Liderin yanağına toxundu, oxşadı, əzizlədi. O anda nələr hiss etdiyini daha sonra “bir anda sanki özü danışacaq kimi hiss etdim” deyə, xatirələr paylaşdı...
Salondakı hər kəs Atatürkü tək-tək gördükdən sonra nəş təkrar kimyəvi maddə ilə isladıldı. Atanın başı pambıqla örtüldü və vücudu bəyaz kəfənə sarıldı. İslam dini ölünün torpağa qarışmasını şərt olaraq irəli sürdüyü üçün müvəqqəti tabutun sökülməsi şərti ilə “Bismillah” gətirilib, “Salavat” çəkildi və Atatürkün nəşi yeni tabuta yerləşdirildi. Tabut 15 il içində yatdığı Gül Ağacından yonulan böyük tabutun içinə qoyuldu. Daha sonra üzəri Bayraqla örtülərək qapadıldı. Atatürkün əziz nəşi artıq torpağa verilməyə hazırdı. 15 il sonra Qazinin qurumuş nəşinə toxunan professor-doktor Kamilə Şeyke Mutlu, son görənlər isə o törənə qatılan heyət və bacısı Makbule Atadan idi .
Anıtkabırı süsləyən Azərbaycan torpağı
“Bir gün əlbət öləcəyəm. Millətim məni hara istərsə oraya dəfn edə bilər. Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağı görmək istərəm!”-nidası ilə modern Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Paşanın bu vəsiyyətinə əməl edən Anıtkabırın memarları onun əbədiyyən uyuduğu, üzünü söykədiyi torpağın üzərində qurduqları şah əsərlə tarixlə müasirlik arasında körpüyə çevrildilər. Artıq həm də Anıtkabır Muzeyi kimi dünya insanın üzünə açıq olan Saray-Məbədi Atatürkün iqamətgahına çevirdilər. Anıtkabırın böyük, iri pəncərəsindən boylananda səmaya sərilən hilallı, ulduzlu Bayraqla üz-üzə qalanlar bu müqəddəs məkanda al şəfəqə bürünən Türkiyə Cümhuriyyətinin özgürlüyünün rəmzi olan, Ankara qalasından boy verən bayrağı seyr etdikcə Memarını şükran duyğuları ilə anırlar. Bu mutlu məqam Qazinin “Bir gün əlbət öləcəyəm. Millətim məni hara istərsə oraya dəfn edə bilər. Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağı görmək istərəm!” nidasını gerçəyə çevirir.
Mustafa Kamal Paşanın müqəddəs ruhunun dolandığı, adı, özü kimi əziz nəşinin hüzura qovuşduğu Movzoley Binasının içərisində yer alan, Lahit daşından olan Məzar Odası Osmanlı və Səlcuqlu memarlığının ənənələrinə, quruluşuna uyğun olaraq səkkiz guşəli ulduz şəklində inşa edilmişdir. Türk mifilogiyasından anlayışı olanlar bilir ki, səkkiz guşəli ulduz ilahi nizamın sonsuzluğuna, ölümsüzlüyə, əbədi həyatın varlığına inamı özündə ehtiva edir.
Qazi Mustafa Kamal Paşanın nəşi – ruhsuz bədəni İslam qaydalarına uyğun olaraq yenidən kəfənlənərək 1953-cü il noyabrın 10-da 105 fərqli yörədən və istiqamətdən gətirilərək qarışdırılan, Osman Qazinin şəhid qanı ilə yoğurub göz yaşı ilə suladığı Osmanlı torpağına əmanət edildi. Qırmızı mərmərdən yonulan sənduqəsinin ətrafında bulunan sarı bürünc güldanların içərisi Türkiyə Cümhuriyyətinin 81 vilayətindən, eyni zamanda Quzey Kıprıs Türk Cümhuriyyəti və Azərbaycandan gətirilən torpaqlar dolduruldu.
Bütün ruhu, duyğuları, sevgiləri, əzəməti, cəsarəti, məğrurluğu, əyilməz iradəsi, dəyişməz xarakteri ilə əski türk xaqanlarının xatırladan Qazi Mustafa Kamal Paşanın Anıtkabrı Azərbaycanın Fəxri Xiyabanı, Türküstanın Miri-Guru, müsəlman aləminin Kəbə, Mədinə, Məkkə müqəddəsliyi kimi hər bir türk-müsəlman üçün əzizdir, dəyərlidir.
“Qars Bəyannaməsi”nin şərtləri üçün Moskvaya danışıqlara göndərdiyi nümayəndə heyətinin üzvlərinə üz tutaraq: “Naxçıvan Türkün qapısıdır!”. “Azərbaycan qəlbimizdə şah damardır!” nidası ilə tarix yaradan Qazi Mustafa Kamal Paşa Atatürk Çanaqqala Zəfərinə, Qurtuluş Savaşına imzanı həm də Azərbaycanla birlikdə atmışdı. Komissar Nəriman Nərimanov ölkə büdcəsinin sonuncu quruşunu 500 kq qızılı, 300 sisterni, neft və neft məhsulunu, benzini, mazutu, üstəgəl 10.000 rubl şəxsi maaşını Atatürkün bir çağırışı ilə Osmanlıya əta etmiş, “Qardaş daima qardaşın yanında olmalıdı. Qardaşın qardaşa borcu olmaz !” kəlamı ilə yüzil sonra Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” hikmətinə körpü olmuşdu.
Qazi Mustafa Kamal Paşa Atatürkün uyduğu, müqəddəs ruhunun dolandığı Anıtkabır 1953-cü il noyabrın 10-dan bir Türk, Azərbaycanlı olaraq bizim üçün müqəddəs yerlərdən biridir. Orada, Gül Ağacından tabutu yonulan Liderlərimizdən biri , həm də bir gülqabı boyda Azərbaycan torpağı, Türk dünyasının bir parçasından tutiya kmi saxlanılır, qorunub himayə olunur!
Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir
44 günlük Vətən Müharibəsində, haqq davasında Zəfər Bayrağını Şuşa qalasına qüdrətli Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan iradəsinə noyabrın 10-da sancdı. “ Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” nidası ilə Qardaş sevgisini dilə gətirən Atatürkün vida törənini, ayrılıq adlı kədərini nəzərə alan Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Zəfər günün tarixi dəyişdirilərək noyabrın 8-nə keçirildi. Bu 1918-ci il soyqrımları və Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan, arxasında dağ kimi dayanan Qardaş adına atılan ən cəsarətli addım idi. 1918-ci ildə Azərbyacan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Osmanlı İmperiyası, 1991-ci ildə Müstəqillik aktı imzalananda onu ilk tanıyan dövlət yenə də Türkiyə Cümhuriyyəti olmuşdu. “Qars Bəyannaməsi”ndən “ Şuşa Bəyannaməsi”nə uzanan”Ümid körpüsü” Zəngəzur dəhlizinin, “Türkün qapısının” üstündə, Naxçıvanda qurulmuşdu.
“Ədəbiyyat və incəsənət”
(01.12.2025)
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin 20 hekayəsindən ibarət “İnsanlığın yüksək dəyəri” adlı kitab Almaniyanın tanınmış “H.J. Maurer” nəşriyyatı tərəfindən nəşr olunub.
20 hekayədən 18-i ilk dəfə alman dilinə tərcümə edilib. Kitabda Mir Cəlalın humanizm, ictimai məsuliyyət və gündəlik həyatın mənəvi-əxlaqi çağrışları kimi fundamental mövzularda qələmə aldığı hekayələri toplanıb.
Noyabrın 27-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kitabın təqdimat mərasimi keçirilib.
Tədbirdə ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, əməkdar müəllim, professor Ədibə Paşayeva, Bundestaq üzvləri, diplomatlar, Almaniyanın bir sıra dövlət qurumlarının, elm, ədəbiyyat, mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan Azərbaycan, türk və digər dost icmaların təmsilçiləri iştirak ediblər.
İlk öncə, Mir Cəlal haqda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev təqdimat mərasimində çıxış edərək, Mir Cəlalın seçilmiş əsərlərinin yer aldığı “İnsanlığın yüksək dəyəri” kitabının alman dilində işıq üzü görməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Layihə üzərində iki ilə yaxın müddətdə iş aparıldığını vurğulayan səfir bildirib ki, bu kitab görkəmli yazıçının ədəbi irsinin, o cümlədən Azərbaycan ədəbiyyatının humanist ruhunun beynəlxalq auditoriyaya, o cümlədən alman oxucusuna çatdırılması baxımından əlamətdar mədəni hadisədir. Diplomat, Mir Cəlal yaradıcılığının insanı bütün ziddiyyətləri, daxili axtarışları və mənəvi seçimləri ilə mərkəzə qoyan nadir ədəbi məktəblərdən birini formalaşdırdığını qeyd edib.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxışında Mir Cəlalın əsərlərinin alman dilinə tərcümə olunmasının iki ölkə və xalq arasında mədəni əlaqələrə və qarşılıqlı anlaşmaya töhfə verəcəyinə inandığını bildirib. Rektor səslənən musiqi nümunələri və səhnələşdirilən ədəbi parçaların mədəniyyətin millətlər və insanlar arasında körpü salan gücünü ən gözəl şəkildə nümayiş etdirdiyini qeyd edib.
Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının keçmiş rəhbəri, professor Eva-Maria Aux çıxışında Mir Cəlal yaradıcılığının mərkəzində insanın daxili aləmi, onun mənəvi bütövlüyü və xüsusilə də insanlıq anlayışının dayandığını vurğulayıb. Qeyd edib ki, onun yaradıcılığında fərdin müxtəlif vəziyyətlərdə davranışını müəyyən edən motivlərin incə fəlsəfi müşahidələrlə araşdırılması xüsusi yer tutur. Mir Cəlal üçün ailə, birlik və yaddaş kimi dəyərlər təkcə sosial struktur deyil, insanın varoluşunu və mənəvi dayanıqlığını formalaşdıran əsas sütunlardır. Professor bildirib ki, sovet dövrünün sərt nəzarət rejimi və bütün sahələrlə yanaşı, ədəbiyyat üzərində də total nəzarətin hökm sürdüyü, repressiyanın tüğyan etdiyi bir şəraitdə onun əsərlərində fərd kollektivin içində itib-batmış bir fiqur deyil, hər zaman öz mövqeyi, duyğuları və mənəvi məsuliyyəti olan varlıq kimi təqdim olunur. Bu isə sovet dövrünün hökmran ideoloji “kollektiv insan” modelinə açıq alternativ idi və Mir Cəlalı həm ədəbi, həm də intellektual cəsarətinə görə fərqləndirirdi. Natiq Mir Cəlalın əsərlərinin Azərbaycan tarixinin mürəkkəb inkişaf mərhələlərini anlamaq üçün qiymətli mənbə olmaqla yanaşı, milli kimliyin, milli şüurun formalaşmasında humanizmin əvəzsiz rolunu nümayiş etdirdiyini qeyd edib.
Sonra “İnsanlığın yüksək dəyəri” kitabında yer alan hekayələrin bir hissəsinin səhnələşdirilmiş təqdimatı olub. Əsərlər Azərbaycan musiqisinin sədaları altında alman aktyorları Sara Maria Sander, Tamer Tahan və Elizabet Degen tərəfindən səsləndirilib. Musiqi nümunələri Almaniyada yaşayan tanınmış musiqiçi Tural İsmayılovun bədii rəhbərliyi ilə “Anima Shirvani” qrupunun ifasında təqdim olunub.
Təqdimat tamaşaçıların böyük marağı və sürəkli alqışları ilə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan Respublikasının Ədliyyə Naziri ilə bir araya gəlib
27 noyabr, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasının Ədliyyə Naziri Erlan Sərsembayevlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, tərəflər türk ölkələri arasında mədəniyyət və irs sahəsində əməkdaşlığı tənzimləyəcək normativ-hüquqi bazanın hazırlanması barədə razılığa gəlib, həmçinin 2026-cı ildə keçiriləcək mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş Beynəlxalq Konfrans çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova görüş zamanı Qazaxıstan Respublikası Ədliyyə Nazirliyinin hüquqi islahatlar sahəsində ardıcıl və peşəkar fəaliyyətini yüksək qiymətləndirərək, bu qurumun türk dövlətləri arasında hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.
Ədliyyə Naziri Erlan Sərsembayev isə öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun türk dünyasının mədəni dəyərlərinin qorunması, eləcə də beynəlxalq səviyyədə tanıdılması istiqamətində apardığı məqsədyönlü işi xüsusi vurğulayaraq Fondla əməkdaşlığı yüksək dəyərləndirib.
Görüşün davamında gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar müzakirə olunub.
“Ədəbiyyat və incəsənət”
(28.07.2025)
"Nə qədər biz avamıq, bizi aldadacaqlar" – HƏSƏN BƏY ZƏRDABİNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün görkəmli mütəfəkkir, jurnalist, pedaqoq, alim, milli teatr və milli mətbuatımızın banisi, böyük maarifçi, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin anım günüdür.
Həsən bəy Məlikov bəzi mənbələrə görə 28 iyun 1842-ci, bəzi mənbələrə görə isə 1837-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini doğulduğu kənddə mədrəsədə alan Həsən bəy təhsilini Şamaxı və Tiflisdə məktəbdə davam etdirir. Daha sonra təqaüdlə Moskva Dövlət üniverisitetinin fizika-riyaziyyat fakultəsində təbiət elmləri üzrə təhsil alır. O, 1869-cu il noyabr ayının 18-də Bakı Realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə təyin edilir. Burada işlədiyi müddət ərzində Həsən bəy Zərdabi kasıb və kimsəsiz uşaqlara kömək etmək onları məktəbə düzəltmək, məktəbdə oxuyanların isə acınacaqlı vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə xeyriyyə cəmiyyəti təşkil edir. Təlim-tərbiyədə təhsillə yanaşı incəsənətin, mədəni mühitin də fomalaşmasının əhəmiyyətini anlayan görkəmli mütəfəkkir 1873-cü ildə öz şagirdləri ilə birlikdə, Nəcəf bəy Vəzirov və Əsgər bəy Adgözəlovun da yaxından iştirakı ilə Bakı Realnı gimnaziyasının otaqlarından birində dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasını tamaşaya qoyur və bununla da Azərbaycan milli teatrının əsası qoyulur.
"Hər bir Vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" söyləyən Həsən bəy qəzet yaratmaq üçün Bakı Qubernatoruna müraciət edir və qubernatorun məsləhəti ilə qəzetin adı əkinçi qoyulur. Adına uyğun olaraq qəzetdə əkin və ziraət xəbərlərinin yer almasına icazə verilir. Yalnız bu halda türkcə qəzetin çıxması mümkün ola bilərdi. Bununla əlaqədar Həsən bəy İstanbuldan hürufat gətizdirir və uzun zəhmətdən sonra nəhayət 1875-ci il 22 iyul tarixində Bakıda Qubernator məətbəsində Azərbaycan dilində “Əkinçi” qəzetinim nəşrinə müvəffəq olur. Və beləliklə milli mətbuatımızın əsası qoyulur.
“Əkinçi” Azərbaycan və həmçinin bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi. Maarifçilik funksiyası yerinə yetirən əkinçi qəzeti sadəcə əkindən yazmır o həmdə dövrün problemlərini işıqlandırır. Üstüörtülü şəkildə çar idarə üsulunu tənqid edir, dini xurafatı pisliyir və təhsilin önəmini anlatmağa çalışır. Lakin ХIХ əsrin ikinci yаrısındа Аzərbаycаndа cəhаlətə, аvаmlığа, nаdаnlığа qаrşı mübаrizədə, хаlqın mааrifə, mədəniyyətə çаtmаsındа, mааrifçilik idеyаlаrının yаyılmаsı və mütərəqqi ziyаlılаrın yеtişməsində mühüm rоl оynаmış “Əkinçi” qəzeti uzun müddət fəаliyyət göstərə bilməmiş, 1877-ci ilin sеntyаbrındа çаr sеnzurаsı tərəfindən bаğlаnmışdı.
“Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi nəşr olunmuşdu. Zərdаbinin fəаliyyətindən qоrхuyа düşən pоlis idаrəsi оnu Bаkıdаn uzаqlаşdırmаq məqsədilə ona dəfələrlə təzyiqlər göstərmiş və 1878-ci ildə Zərdаbi öz rаzılığı ilə məktəbdən аzаd оlunmuşdu. Bu dövrdə həm də o, mollaların “ateist, Osmanlı agenti, şapqalı urus” kimi təhqirlərinə də məruz qalmışdı.
Zərdаbi 1879-cu ilin sonlarındа аiləsi ilə birlikdə dоğmа kəndləri оlаn Zərdаbа köçmüş və 1896-cı ilə qədər оrаdа yаşаmаlı оlmuşdu. Hər zaman öz xalqının inkişafı üçun çalışan ziyalı burda da məktəb açmaq üçün çalışır və hətta öz evini məktəb kimi istifadə edir.
1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin I qurultayının təşkilatçısı və sədri olmuşdur.
Həsən bəy Zərdabi Hənifə xanım Məlikova ilə ailə həyatı qurmuş və onların bu izdivacdan iki oğlu və iki qızı dünyaya gəlmişdir. Hənifə xanım Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur.
Zərdabi 1907-ci ildə noyabr ayının 28-də iflic olur və dünyasını dəyişir.
“Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan." deyirdi böyük ziyalı. Və bu sözləri onun vəfatı zamanı öz təsdiqini tapdı. "Mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin" deyə vəsiyyət etməsinə baxmayaraq həmin gün Bakıda böyuk bir izdiham müşahidə olunur. “Tаzə həyаt” qəzеtinin Zərdаbinin ölümünə həsr еdilmiş nömrəsində оnun dəfn mərаsiminin hələ Bаkının tаriхində görünməmiş bir hüznlə, kədərlə kеçirildiyi qеyd еdilir. Həsən bəy Zərdabi köhnə Bibiheybət məscidinin yanında dəfn edilir. 1937-ci ildə həmin ərazilər dağıdılır və Zərdabinin sümükləri bir müddət qızının evində saxlanılır. Təəssüflə qeyd etmək lazımdır ki, bütün ömrünü bu yurdun insanının inkişafı üçün çalışan böyük maarifçinin sümükləri üçün tam 20 il bir qarış torpaq tapılmır. Nəhayət 1957-ci ildə vəfatının 50 illiyi qeyd edilərkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunur.
Həsən bəy Zərdabi Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının “Cəmiyyəti-Xeyriyyə” nin banisi, 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycanın milli teatrının və mətbuatının banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olmuşdur.
Onun xalqı qarşısındakı əvəzsiz xidmətləri danılmaz və unudulmazdır.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
“Xislətin nədirsə, sən osan” - HƏR GÜN KAMAL ABDULLADAN 7 QRANULA
Xalq yazıçısı, akademik Kamal Abdullanın əsərlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Mirzə Səfər təkcə Haqverdiyevin ədəbi qəhrəmanı deyil. Mirzə Səfər bir prinsipdir. Ziyalılıq prinsipi. Mərdanəlik prinsipi. Bu prinsip Mirzə Səfərin doğuluşundan əvvəl də var idi. Var olsunlar həyatları ilə prinsipə dönmüş Azərbaycan ədibləri və onların yaratdıqları qəhrəmanlar.
2.
Ayrıca, digərlərindən təcrid olunmuş cümləni tədqiq etmək cəhdi mənə pataloqoanatomun cəsədi yarıb orqanları ayrı-ayrılıqda öyrənməsini xatırladır: bu böyrəkdir, bu ciyərdir, bu ürəkdir... Cümlə isə kontekstdə yaşayır. Başqa cümlələrlə əlaqədə nəfəs alır, hərəkət edir. Ayrıca cümlə yoxdur. Ayrıca cümlə fiksiyadır, fantomdur.
3.
Ədəbiyyata həyatını verənlər və ədəbiyyatda həyatını qazananlar, əslində, hansı bucaqdan baxırsan, bax, eyni taleyin adamlarıdır.
4.
Məmməd Rahim Məhəmməd Rahim ola bilmədiyi kimi, Məhəmməd Füzuli də Məmməd Füzuli ola bilməz.
5.
“ Bürünür yağışa bu gün,
küçə də hərdən səksənir
Yaş-yaş olmuş bir ömrün
Sakit ayaq səslərinə.”
6.
Xislətin nədirsə, sən osan. Bunu bil ki, xislətin sənin kölgən deyildir, sən xislətinin köl gəsisən.
7.
Əsl mətn öz həqiqi oxucusunu özü seçir.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
Güney Azərbaycan Poeziyası Antologiyasında Həkimə Babakişizadənin “Yuxuna ölərəm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Həkimə Babakişizadədir.
Həkimə Babakişizadə
Ərdəbil
Boylananda
Boyasın boyumu
Xəyalın duvaqlı boyasına;
Mavini sevirəm
Sonra da yaşılı...
Şaxıyan işığa allergiyası var
Astiqmatizm ruhumun,
Abajurlu xəyallığımda
Dans edir pərdəli günəşə
Alışqanlığım,
İki sətir əllərini oxut
Gözlərimin şüşəsinə
Doldurum qoxunu,
Dincəlsin ətrin
Beynimin hüceyrələrində.
Şirin görüşündən ayılsam
Bu gecə bağa stansiyasından
Cet olub uçaram
Yuxuna ölərəm.
Projektorsa işığına
Yığışar
Əl-ayağı yığışmayan bör-böcək fikirlərin,
Durular zehnim
Sayaram kırıxmasam günləri;...
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
Tağıyev Təzəpirin təməlinə ilk daşı kimin istəyi ilə, nə üçün qoydu?
Təzəpir məscidinin təməlinin qoyulmasından 111 il ötür
Şərəf Cəlilli,
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Müqəddəslərin və müqəddəsliklərin diyarı Bakının incilərindən biri də mövcud olduğu bütün dönəmlərdə dini, elmi, ictimai-siyasi mərkəz rolunu oynayan Təzəpir məscididir.
Təkcə Azərbaycanın, Qafqazın deyil, bütün İslam aləminin müqəddəs ziyarətgahlarından, memarlıq abidlələrindən sayılan Təzəpirin müqəddəsliyi övliya Əbu Seyid Abdullanın adı ilə bağlıdır. Yaxın və Orta Şərqdə kəraməti, islam dəyərləri ilə bağlı düşüncələri, traktatları ilə məşhur olan, xəlvətiyyə təriqətinin banisi Seyid Yəhya Bakuvinin müridi kimi şöhrət tapan Əbu Səid Abdullanın dəfn olunduğu məkan – Xəlfədam yüzillər boyu ziyarətgah olub. Onun müqəddəsliyinə ehtiramda bulunan Bakı əsilzadələri daima Xəlfədamın, onun zinəti olan Əbu Səid Abdullanın məzarının qayğısına qalıb.
Bu müqəddəs məkan Bakı xanı Hüseynqulu xanın və ailə üzvlərinin də Tanrıya əl açdıqları ünvan olub. 1917-ci ildə Hüseynqulu xan və kürəkəni Qasım bəy tərəfindən bərpa edilən Xəlfədam məscidi 90 il sonra Şərqin, türk dünyasının, islam mədəniyyətini çevrələyən ölkələrin, Odlar Yurdu Azərbaycanın, ən əsası Bakının məşhur milyonçusu, mesantı, ata tərəfdən əfşarlar soyuna, Nadir şah Əfşara, ana tərəfdən Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı olan Nabat xanım Xoca bəy qızı Aşurbəyova tərəfindən Təzəpir adında məscid kompleksə çevrilib.
Nabat xanım milli vətənpərvər bir ailədə böyümüş, belə bir ailəyə də gəlin getmişdi. Bakı milyonçularından olan Hacı Musa Rza Rzayevin ömür-gün yoldaşı idi.
Bakının bir çox tarixi tikililəri, yaşayış binaları, ovdan və hamamları, məscidləri məhz bu iki əsilzadə soyunun, zadəganların adı ilə bağlıdır. Hacı Zeynalabdin Tağıyev, Şəsmi Əsədullayev, Murtuza Muxtarov kimi nüfuzlu Bakı mesantları ilə yanaşı, Aşurbəyovlar da onun mədəni simasının, mənəvi mühitinin formalaşmasına sərmayə yatırır, xeyriyyə cəmiyyətləri qurur, mədəni-maarif məsələlərinə töhfələr verir, millətin cəhalətdən qurtuluşu, tərəqqisi üçün əllərindən gələni əsirgəmir, digər millətlərin elmi-mədəni elitasının qarşısına əldə etdikləri nailiyyətlərlə çıxırdılar.
Nabat xanım Xəlfədan məscidinin yerində daha möhtəşəm bir abidəni tikdirmək istəyəndə Bakının hər tərəfindən əzəməti ilə görünən Aleksandr Nevski kilsəsi var idi. Bu bir türk, müsəlman olaraq onun qüruruna toxunurdu. Bu səbəbdən də Təzəpir məscidinin təməlini qoymağı qərara alır. Bu yolda bütün sərvətini sərmayə etməklə kifayətlənmir, zinət əşyalarını belə satmaqdan çəkinmir. Hacı Zeynalabdin Tağıyevin, qardaşı Əjdər bəy Aşurbəyovun yardım təklifindən imtina edir. Qardaşı Əjdər bəyə üz tutaraq: “Madam ki, belə səxavətlisən, get, sən özün bir məscid tikdir” – deyib, ona doğru, düz olan yolu göstərir. Bu gün Bakının bir başqa memarlıq incisi sayılan Əjdər bəy məscidinin təməli belə qoyulur.
Nabat xanım ilahi eşqinə, Tanrı sevgisinə, dini etiqadına, Seyid Yəhya Bakuvi müqəddəsliyinə bağlı soyuna, soy-kökünə, şəcərə dəftərinə hörmətin əlaməti olaraq dövrünün məşhur memarı Zivər bəy Əhmədbəyovu məscid komplekslərin incəliyini öyrənmək məqsədilə Şərq ölkələrinə ezam edir. Bunun üçün də kifayət qədərə sərmayə ayırır. Zivər bəy bu gün əvəzsiz memarlıq incisi, İslam dəyərlərini özündə ehtiva edən tarixi abidə kimi dünyada məşhur olan Təzəpirin layihəsi ilə dönür. Zivər bəy Nabat xanıma onun xəyal etdiyi, arzusunda olduğu “hündür, ikimərtəbəli (yaruslu) minarəsi olan məscidin layihəsini təqdim edir, lakin Bakı qubernator idarəsi provaslav ruhanilərinin fətvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verir. Əgər məscidin minarəsi iki mərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) yaxınlıqda tikilmiş Aleksandr Nevski provaslav kilsəsini kölgədə qoyardı”.
Bütün təzyiqlərə, Bakı qubernatorluğunun çıxardığı qərara baxmayaraq Nabat xanım Təzəpir məscidinin təməlini qoyur, sübut edirki, bura Bakıdı, türk, müsəlman şəhəridi. Onun tarixi sakinləri, özünəməxsus milli-mənəvi dəyərləri var.
Nabat xanım təkcə xeyriyyəçi, messant, milli burjuaziyanın qurucularından deyildi. Onda bir türk əzəməti, müsəlman mədəniyyəti, Azərbaycanlı qüruru, qeyrəti vardı. Təzəpirin təməlinə, möhrəsinə onun xüsusi istəyi ilə Bənnalıqdan Millət Atası şöhrətinə qədər müqəddəs, vüqarlı bir yol keçən, milli məfkurədən milli dövlətçiliyə körpü olanmücahidlərin Ruhunun Atasına çevrilən, mənsub olduğu millətin oyanışı, cəhalətdən qurtuluşu üçün məktəb, teatr binaları tikən, mətbuat orqanları quran, Qurani- Kərimin bəzi ayələrini ana dilinə çevirtdirən bu yolda sərvətini səxavətlə sərmayə edən Hacı Zeynalabdin Tağıyev qoyur. 9 ilə tikintisi başa çatan Təzəpirin künbəzinə də son daşı onun vəsiyyəti, oğlu Hacı Abbasqulu Rzayevin istəyi ilə Tağıyev qoyur.
1914-cü ilin noyabrında Təzəpir məscidində açılış olur – ilk Bayram namazı qılınır. Nabat xanım artıq iki il idi ki, Tanrı dərgahında idi. 117 yaşında mələklərin sırasına qoşulmuşdu. Onunvəsiyyətinə uyğun olaraq Bakı Qazılar Şurası Təzəpir məscidinə Nəcəfdə, Kufədə dini təhsil alıb Vətənə dönən sonralar Cümhuriyyətin və Sovet dövrünün Şeyxülislamı kimi şöhrət tapan Ağa Əlizadə təyin olunmuşdu. İlk xütbəni də o vermişdi
Nabat xanmın ruhundan qida verdiyi məscid qısa zaman kəsiyində dini, elmi, ictimai-siyasi mərkəzə çevrilmişdi. Bakı messenatlarının, xüsusən də Hacı Zeynalabdin Tağıyevin diqtəsi, Ağa Əlizadənin iradəsi ilə burada Səadət Ruhani Məktəbinin təsis konfransı keçirilmişdi. Qafqaz Müsəlmanları Qadınlarının qurultayı çağırılmışdı. Qadına seçmək, seçilmək hüququnun verilməsi, qadınların təhsilə cəlb olunması məsələsi qaldırılmışdı. Ən əsası 1914-cü ildə Rusiya-Türkiyə müharibəsi zamanı Bakı Quberniyasının qərarına, qubernatorun göstərişinə baxmayaraq Təzəpirin axundu Ağa Əlizadə, Bakı milyonçularının, şəxsən Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə Osmanlı əleyhinə fətva verməkdən imtina etmiş, Bakı əhlinə üz tutaraq onları Osmanlıya, Çanaqqala və Sarıqamış hadisələri zamanı dəhşətlərə məruz qalan qan qardaşlarına ianə toplamağa çağırmışdı. O ianələrin içərisində Bakılı qızların nişan üzükləri belə vardı.
Təzəpir təkcə bir ibadət yeri, ziyarətgah deyil, o həm də dini, ictimai, siyasi mərkəzdir. 1918-ci ilin Mart soyqırımı zamanı Xəzər dənizindən atılan ilk bombanın ünvanı da Təzəpir olmuşdu. Bakının düşünən beyinləri daşnaklara qarşı mübarizə planını Hacı Zeynalabdin Tağıyevin və Ağa Əlizadənin rəhbərliyi ilə burada müzakirə edirdilər. Soyqırım günü və öncəki gecə şəhər əhli Təzəpirə sığınmışdı. Erməni daşnakları, onların arxasında dayanan səlibçilər, xaçlı yürüşə çıxanlar əhalini də, Tanrı evini də güllə-baran etməkdən çəkinməmişdi.
Təzəpir Mart soyqırımı Şəhidlərinin yuyulub kəfənləndiyi, Çəmbərəkənddə Torpaq müqəddəsliyinə yola salındığı yer olsa da, 1918-ci ilin sentyabrında Müjdə məkanına çevrildi. Nuri Paşanın, XI Qafqaz İslam Ordusunun gəlişi, Bakı Qoçularının iradəsi ilə işğaldan azad olunan Bakının gözaydınlığı xəbəri Bakılılara Nabat xanım Aşurbəyovanın təməlini qoyduğu Təzəpirdən verildi. Hacı Zeynalabdin Tağıyevin istəyi ilə Təzəpir məscidinin axundu Ağa Əlizadə və XI Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa minbərə qalxıb Birliyin, Bütövlüyün, Qardaşlığın simgəsinə, bəlgəsinə döndülər. Həmin gün Təzəpirin də, Tağıyevin malikanəsinin də önünə 250 metrlik “Qırmızı xalı” sərildi. Xalıdan iki türk əzəmətlə, şəstlə keçirdi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və Təzəpir məscidinin axundu Ağa Əlizadə.
Ağa Əlizadəni Nəcəfə, sonra da Kufəyə təhsil almağa göndərən də, təməlini qoyduğu Təzəpir məscidinə vəsiyyəti ilə axund təyin etdirən də, Nabat xanım Aşurbəyova idi. 1918-ci ilin 16 sentyabrında yaşanan bu tarixi müjdə gününün eynisi Naxçıvanda yaşanmışdı. Naxçıvan Milli Şurasının, Naxçıvan Müdafiə Komitəsinin, Naxçıvan Qızlar Seminariyasının qurucusu, Araz-Türk Cümhuriyyətinin təsisçilərindən biri Mirzə Nəsrulla bəy Əmirov IX Qafqaz İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın ayaqlarının altına 250 metrlik “Qırmızı xalı”salmışdı. Onunla birlikdə İbn Küseyir Məscidindən Naxçıvan əhlinə bu torpaqların daşnaklardan təmizlədiyi müjdəsini vermişdi.
Mirzə Nəsrulla bəy Əmirov Naxçıvan xanlarının - Kəngərlilərin Yurdçu qoluna, Nabat xanım Aşurbəyova isə Əfşarlara bağlı idi. Hər ikisi qüdrətli türk, hər ikisi xeyirxah müsəlman, hər ikisi Millət Fədaisi idi. Biri Bakı qubernatorunun fətvasına baxmayaraq Təzəpir məscidini qurmuşdu. Digəri Şura hökumətinin“Dini etiqad azadlığı haqqında direktivi” ləğv etməsinə baxmayaraq, Asəf-Kəhf ziyarətgahınayolççəkdirmişdi. Millət millət olur cəsarəti, ləyaqəti, həm də tarixi şəxsiyyətləri ilə...
Təzəpir tarix, həm də tarixin canlı salnaməsidir. Bakı əsilzadələrinin, Bakı xanı Hüseynqulu xandan, Nabat xanım Aşurbəyovadan sonra Təzəpir məscidi haqqında tarixi qərarı Müzəffər Ali Baş Komadan, Prezident cənab İlham Əliyev aldı. Təzəpiri Bakının Memarlıq incisinə, Qafqaz və İslam mədəniyyətini çevrələyən ölkələrin elmi, dini, ictimai-siyasi mərkəzinə çevirdi. Bununla kifayətlənmədi. Təzəpirin ünvanında Nabat xanım Aşurbəyovanın adını əbədiləşdirdi.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin baş ofisi Təzəpirdə yerləşir. Burada mövcud olan İslam tarixi dəyərləri ilə bağlı qiymətli dini kitabların, risalələrin qorunduğu kitabxana dünyada məşhurdur. İlahi eşqdən, Tanrı sevgisindən təməli qoyulan Təzəpir məscidində Seyid Yəhya Bakuvinin müridi Əbu Səid Abdullanın, Nabat xanım Aşurbəyovanın və əsil anasının yolunu əsilzadə şərəfi ilə davam etdirən yarımçıq arzusunu gerçəyə çevirib tamamlayan Hacı Abbasqulu Rzayev uyuyur.
Təzəpir məscidi müqəddəsdi. Pirlərin, övliyaların, əməlisalehlərin, millət fədailərinin ruhunun dolandığı yerdi. Onu sevin, ziyarət edin, o zaman millətə təmmənasız Sevgidən, xidmətdən, Tanrıya ibadətdən gözəl heç nəyin olmadığını anlayacaqsınız. Təzəpirin təməlini qoyanlar, layihəsini cızanlar, fərman və sərəncamları ilə adını tarixə yazanlar o müqəddəs yolda yürüdükləri üçün üstündən 111 il ötəndən sonra belə sevgi ilə anılır, unudulmurlar.
“Ədəbiyyat və incəsənət”
(28.11.2029)
Redaksiyanın poçtundan – Kənan Aydınoğlunun şeiri
“Ədəbiyyat və incəsənət” portalının Redaksiyasının poçtundakı növbəti məktub Azərbaycanın Mədəniyyət və Ədəbiyyat saytının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludandır. O, redaksiyamıza “Azərbaycanın” adlı şeirini göndəribdir.
Müstəqil müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası münasibətilə!
Ruhuma dopdoğma duyğular kimi,
Sevinir Xəzəri Azərbaycanın.
İslam dünyasında sülh tərəfdarı,
Tanınır səfəri Azərbaycanın.
Günü başlayasan Haqqın sözündən,
Aləm yaradasan, dünya, özündən.
Şükürlər olsun ki, yenə gözündən,
Dağılır kədəri Azərbaycanın.
Yenə dilə gəldi könlümün simi,
Dar günə düşəndə çağırım kimi?!
Gözümün önündə qapılar kimi,
Açılır səhəri Azərbaycanın.
Danışma sən mənə o Şah Qacardan,
Könlümü oxşayan bu ilk bahardan.
Bu doğma torpaqdan, doğma diyardan,
Duyulur zəfəri Azərbaycanın.
Bax, sevinc sevincə qarışır bu gün,
Küsülü qalanlar barışır bu gün,
Körpətək dil açıb danışır bu gün,
Kəndi və şəhəri Azərbaycanın.
Qan tökmək Vətənçün-ömrə yazılıb,
Dünya xəritəsi çoxdan cızılıb.
Unutma, dünyada dərin qazılıb,
Cəbhəsi, səngəri Azərbaycanın.
Haqqın ünvanıdı-könlü ahadı,
Xitabı, nidası vəzir, şahadı.
Hər sözü gövhərdən, ləldən bahadı,
Yoxdu ki, zəhəri Azərbaycanın.
Köksünü ötürdü həftələrlə il,
Qərib bir diyara olmaz ki, meyil,
Dünya dağılsa da, soyuyan deyil,
Qəlbinin təpəri Azərbaycanın.
Gerçəyə çevrilən diləyim kimi,
Səcdəyə qapanan mələyim kimi,
Köksümdə döyünür ürəyim kimi,
Obası, elləri Azərbaycanın.
Göz yaşım süzülüb qarışır selə,
Bu qara yellər də əsməsin belə,
Qoşqartək vüqarlı boylanır elə,
Dənizi, gölləri Azərbaycanın.
Mayası yoğrulmaz qəmdən, kədərdən,
Razıdı yazılan ömür, qədərdən,
Şükür ki, ötməyib bu gün hədərdən,
Ayları, illəri Azərbaycanın.
Mən hələ Gəncədən söhbət açmıram,
Sözümü ortada qoyub, qaçmıram.
Süleyman mülkündən hələ köçmürəm,
Gözəldi gülləri Azərbaycanın.
Dünyanın yolunu Haqqa döndərin,
Sevgidən bir pay da mənə göndərin.
Çiçəklər ölkəsi-ULU ÖNDƏRİN,-
Möhtəşəm əsəri-Azərbaycanın.
Haqqın vergisinə Haqq kimi baxan,
Dağılmış evlərdə min büsat quran.
Elə arxalanan, elə inanan,
Yaşasın RƏHBƏRİ Azərbaycanın.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Etibar Vəfanın “Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi” başlıqlı yazısını təqdim edir.
Xalq artistimiz Ağahüseyn Cavadovun maraqlı sevgi və həyat hekayəsi olubdur: Aktyor 1918-ci ildə Surət adlı xanımla ailə qurub. O, həyat yoldaşını hədsiz dərəcədə sevibdir, zamanla bu sevgi sıx bağlanmaya çevrilibdir.
Onların bu evlilikdən 7 övladı – 5 oğlu, 2 qızı dünyaya gəlib. Aktyorun 2 oğlu İkinci Dünya Müharibəsində iştirak edib. Onlardan biri əlil olub.
Ağahüseyn Cavadovun hər iki qızı müəllim olub. Hazırda onun övladlarından sağ qalanı yoxdur. Yalnız gəlini 85 yaşındadır.
1957-ci ildə xanımını iflic vurur. Aktyor bundan bərk sarsıntı keçirir, həyat yoldaşını dəfələrlə müalicə etdirsə də, faydası olmur. Surət xanım 7 il yataq xəstəsi olur və 1964-cü ildə vəfat edir.
Aktyor bəzən hər həftə xanımının məzarını ziyarət edib, qəbrin yanında oturaraq ürəyində həyat yoldaşı ilə dərdləşirmiş.
Həyat yoldaşını unuda bilməyən Ağahüseyn Cavadov xanımının vəfatından sonra 17 il yaşayıb. Aktyor sağlam həyat sürüb, fiziki cəhətdən güclü olub. Səhərlər idman edər, günün müəyyən saatlarında piyada gəzərdi. Bəzən evdən teatra piyada gedərmiş.
1978-ci ildə aktyor insult keçirib. Lakin müalicə edildikdən sonra sağalıb. Aktyor 1981-ci ildə ikinci dəfə insult keçirib. Bundan sonra cəmi 3 gün yaşayıb.
Ağahüseyn Cavadov nadir aktyorlardandır ki, filmlərdə bütün rollarını özü səsləndirib.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)
Mədəniyyət – millətin son səngəridir
“Tarix boyu xalqların taleyi yalnız orduların gücü ilə deyil, daha çox yaddaşlarının gücü ilə müəyyən olunub. Çünki bir milləti məhv etmək üçün əvvəlcə onun silahını yox, dilini, mədəniyyətini və mənəvi dayaqlarını əlindən almaq lazımdır.
Bu gün biz də məhz belə bir mərhələdən keçirik. Azərbaycan təkcə coğrafi sərhədlərini deyil, mənəvi və mədəni sərhədlərini də qorumaq və inkişaf etdirmək məcburiyyətindədir. Və bu mübarizənin ön cəbhəsində Azərbaycan Mədəniyyət Nazirliyi dayanır”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, son illər Nazirliyin başladığı islahatlar təsadüfi deyil:
“Bu islahatlar, uzun müddətdir yığılıb qalmış problemlərə, yad təsirlərə, mədəni laqeydliyə və sistemsizlik mühitinə gecikmiş, lakin qətiyyətlə verilmiş cavabdır.
Mədəniyyət sahəsində aparılan hər bir ciddi dəyişiklik müqavimət doğurur. Çünki bu sahədə təkcə sənət yox, maraq, status, mövqe və təsir dairələri də var. Uzun illər formalaşmış rahat, hesabsız, nəzarətsiz mühit dəyişəndə, əlbəttə ki, bundan narahat olanlar ortaya çıxır. Bu normaldır. Amma bu da həqiqətdir ki, bu narahatlıq çox vaxt “narazılıq”, “tənqid”, “azadlıq” adı altında gizlədilir.
Gəlin açıq danışaq:
Mədəniyyət neytral sahə deyil. Mədəniyyət hər zaman tərəf tutur. Bu gün isə Azərbaycan mədəniyyəti öz xalqının, öz dövlətinin, öz tarixinin tərəfində durmaqdadır. Bax, iş də elə məhz burasındadır:
Bu torpaqda, bu dildə, bu yaddaş üzərində qurulmuş bir dövlətdə mədəniyyət də milli ruh üzərində inşa olunmalıdır. Bu həqiqət də bəzi dairələri narahat edir. Çünki milli ruh gücləndikcə, yad mərkəzlərdən idarə olunan düşüncə zəifləyir. Kökünə bağlı insan da həmin məlum dairələrin vasitəsilə idarəolunan kütləyə çevrilmir. Azad və müstəqil vətəndaş formalaşır. Hansı ki, dövlət anlayışını özünün yarada biləcəyi ən ali dəyər hesab edir deyə qoruyur və uğrunda istənilən fədakarlığa hazır olur.
Nazirliyin həyata keçirdiyi kadr islahatları, milli dəyərlərin önə çəkilməsi, folklorun, klassik ədəbiyyatın, muğamın, milli irsin yenidən dövlət siyasətinin mərkəzinə gətirilməsi təsadüf deyil. Bu, strateji seçimdir. Bu, “modernləşmə” pərdəsi altında milli kimliyin aşınmasına son qoymaq cəhdidir.
Əlbəttə ki, kimsə bundan narahatdırsa, problem bu islahatlarda deyil.
Problem həmin narahatlığın səbəbindədir.
Biz tarixən acı təcrübələr yaşamışıq. Bilirik ki, öz dəyərlərini yüngül alan, öz kimliyinə istehza ilə yanaşan millət gec-tez başqasının dəyər sisteminə tabe olur. Bu hal isə artıq mədəni məğlubiyyətdir. Mədəni məğlubiyyət isə siyasi və mənəvi məğlubiyyətin başlanğıcıdır.
Mədəniyyət Nazirliyinə qarşı səslənən əsassız ittihamların, şişirdilmiş şübhələrin, məqsədli dezinformasiyaların kökündə də məhz bu proses dayanır:
— Milli dirçəlişdən qorxu
— Mədəni suverenlikdən qorxu
— Öz mövqeyini itirmə qorxusu
Hamımıza aydındır ki, MƏDƏNİYYƏT – MİLLƏTİN STRATEJİ YADDAŞIDIR:
Tarix bir daha sübut edir ki; bir millətin taleyi yalnız torpağa bağlı deyil — onun dili, yaddaşı, mədəni kodları və milli kimliyi onun həqiqi dayağıdır. Bir xalqın ruhu zədələndikdə, fiziki sərhədləri yerində olsa da, o, ruhən məğlub durumuna düşə bilər.
Bu gün dünyada mədəniyyət artıq yalnız incəsənət kimi qəbul edilmir. UNESCO və bir çox beynəlxalq təşkilatlar “maddi olmayan mədəni irs” – dil, musiqi, folklor, inanclar – anlayışını milli identifikliyin əsas sütunlarından biri kimi qiymətləndirir. Bizim üçün isə bu, sadəcə coğrafi varlıq məsələsi deyil — bu, varlıq məsələsidir. Ona görə ki, dil varlığın evidir. Varlığımızın qorunmasına da and içən dövlətimizin ali rəhbəri, dünya Azərbaycanlılarının lideri, Prezident İlham Əliyev çoxsaylı çıxışlarında ana dilimizə yüksək önəm verir. O, mədəniyyətimizin və dövlətimizin təməlində Azərbaycan dilinin dayandığını vurğulayır.
Prezident Əliyev narahatlığını da gizlətmir: son illərdə dilimizə daxil olan yad kəlmələrin dilimizin saflığını pozduğunu qeyd edib. O, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ilə birgə çalışmalarla dilin normativliyinin qorunmasını hər zaman tələb edir.
Bundan əlavə, Prezident 2025-ci il noyabrında AMEA-nın 80 illik yubileyi münasibətilə çıxışında bu məsələni yenidən gündəmə gətirərək bildirdi ki, dilimizin saflığının qorunması hər bir vətəndaşın məsuliyyətidir — dövlət, alimlər, siyasətçilər, jurnalistlər, yazıçılar hamı birlikdə çalışmalıdır.
Prezidentin bu yüksək dəyərlərinə cavab olaraq, Mədəniyyət Nazirliyi dilin qorunması və inkişafı sahəsində fəal siyasət yürüdür:
1. Normativ və hüquqi təşəbbüslər
Nazirlik dil siyasətində normativ rol oynayır və dilin saflığını qorumaq istiqamətində dövlət strukturlarıyla (Təhsil Nazirliyi, AMEA Dilçilik İnstitutu) əməkdaşlıq edir.
2. Maarifləndirmə layihələri
Məktəblərdə, universitetlərdə, ictimai məkânlarda “Nitq mədəniyyəti”, “Ana dilinin dəyəri” kimi maarifləndirmə kampaniyaları təşkil edilir ki, gənclər ana dilinin ruhunu dərk etsinlər.
3. Media və kommunikasiya siyasəti
Dil mədəniyyəti yalnız sinif otaqlarında deyil — mətbuatda, televiziya və onlayn mediada da aktualdır. Nazirlik mediada dilin düzgün, milli kodlara uyğun istifadəsini təşviq edən layihələr dəstəkləyir.
4. Mədəni irsin bərpası və inkişafı
İşğaldan azad olunmuş ərazilərdə mədəniyyət obyektlərinin bərpası, milli ədəbiyyatın və musiqinin yenidən canlandırılması nazirliyin prioritetlərindədir. Bu isə dildə, mədəni yaddaşda uzunmüddətli torpaq sevgisini yaratmaq deməkdir.
Milli İmmunitet və mübarizə məntiqi:
Bu gün apardığımız mübarizə təkcə mədəniyyət uğrunda deyil — bu, milli təhlükəsizlik savaşıdır. Mədəniyyət silahsız döyüş meydanı deyil, strateji səngərdir.
Uzun illər boyunca mədəni sahə yalnız estetik deyilmiş kimi görünə bilərdi, amma həmin sahə bəzi maraqlı qüvvələr tərəfindən təsir dairəsi kimi istifadə olunub: mədəniyyət platformaları şəxsi nüfuz, kommersiya və yad ideoloji təsirlər üçün vasitəyə çevrilə bilib. Bugünkü islahatlar isə bu status-kvonu pozur və milli identikliyi gücləndirir.
Nazirliyin atdığı addımlar — kadr islahatları, mədəni prioritetlərin milli dəyərlərə yönəldilməsi, dilin dövlət səviyyəsində qorunması — “avtoritarlıq” yox, tarixi məsuliyyətdir. Bu, milli müdafiə aktıdır. Bu, kökünə qaytarılma, təmizə çıxış və gələcəyə yönəlmiş bir strategiyadır
Nazir Adil Kərimli timsalında isə tək bir şəxs deyil, bütöv bir istiqamət hədəfə alınır. Çünki o, bu milli xətti təmsil edir. Azərbaycan dili ilk dəfə məhz Adil Kərimli nazir olduğu dönəmdə mədəniyyətin əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən olunub. Bunu isə yalnız təqdir etmək olar...
Bir məsələni aydın anlamalıyıq: Burada söhbət təkcə bir vəzifədən, bir qurumdan, bir rəhbərdən getmir. Burada söhbət Azərbaycanın gələcək kimliyindən gedir. Gələcək nəsil özünü kim biləcək? Hansı yaddaşın daşıyıcısı olacaq? Hansı mədəni kodla formalaşacaq?
Bu sualların cavabı bu gün verilir:
Mədəniyyət Nazirliyi tərəfindən atılan addımlar, nə qədər sərt, nə qədər narahatlıq doğuran olsa da, əslində milli özünümüdafiə mexanizmidir. Bu, aqressiya deyil. Bu, müdafiədir. Bu, özünü qoruma instinktidir. Bu, milli immunitetdir.
Biz anlamalıyıq ki, mədəniyyət sadəcə sahə deyil – bu, səngərdir. Bu səngər boş buraxıla bilməz, səngər düşmənə təslim edilə bilməz, laqeydliyə qurban verilə bilməz.
Bu gün Azərbaycan Mədəniyyət Nazirliyi bu səngəri qoruyur.
Onu qoruyanları hədəfə almaq isə – istər açıq, istər gizli, istər “tənqid” adı ilə, istər “azadlıq” bəhanəsi ilə – əslində Azərbaycanın milli gələcəyini hədəfə almaqdır.
Biz buna səssiz qala bilmərik.
Biz buna laqeyd qala bilmərik.
Biz buna biganə qala bilmərik.
Çünki mədəniyyətini qoruyan millət yaşayır.
Mədəniyyətinə sahib çıxmayan millət isə tədricən silinir.
Azərbaycan isə silinmək üçün yox, yaşamaq və yaşatmaq üçün var.
“Ədəbiyyat və incəsənət”
(28.11.2025)


